Fəridə Ləman – 17 dekabr şair Osman Sarıvəllinin doğum günüdür!

17 dekabr şair Osman Sarıvəllinin doğum günüdür!

“AĞACIN GÖYÜ DƏRDİN ALEM”…

Bu məqaləni 1995 -ci il dekabrın 9-da yazmışdım.
Allah rəhmət eləsin, böyük şair-Osman Sarıvəlli!

Bəzən böyük qardaşım Qurban düşünür, söylənirdi: – mən çoban, qardaşlarım çoban, quzuçu, babamız, hətta babamızın babası – hamısı çoban, quzuçu, muzdur…
İnsafdırmı, bu nəsildən heç olmasa bircə oxumuş adam çıxmasın? Ancaq o zaman ailəmizdə məndən başqa yaxşı oxumağa münasib oan elə bir uşaq da yox idi. Düzünü deyim, məni Molla Əhməd babanın evinin yanına toplaşıb müxtəlif kənd oyunları oynayan uşaqların yığnağı maraqlandırmırdı.
Bir neçə il qeyri-müntəzəm Quran dərsi aldıq. Sonralar kəndimizin uşaqlarına qoşulub II Şıxlı – Dəllər kənd məktəbinə gəldik. Süleyman əfəndi Qayıbov, Osman əfəndi Qayıbov və bu sayaq layiqli müəllimlər bizə dərs deyirdi. Dərsə qarşı imkansızlığım – ev işləri, mal-qoyun azarı olsa da əlifbanı, yazı-pozmağı ilk dəfə II Şıxlı kənd məktəbində öyrəndim.

Osman Sarıvəlli (tərcümeyi-halından).
Azərbaycan poeziyasının özül daşlarından biri olan, bəşəri şair Osman Sarıvəllinin mənzilinə redaksiyadan bir neçə nəfərlə getdik. Yolumuzu şairin böyük oğlu Afər müəllimin evindən saldıq.
Ay el uşaqları, xoş gəldiniz, həmişə siz gələsiniz. Sonra isti xatirələrə sığındıq, xatirələrlə ovunduq. Afər müəllim hər şeyi o qədər gözəl ,ardıcıllıqla danışırdı ki, sual verməyə ehtiyac duyulmurdu.

I Xatirə
Şeir, sənət yolunun çətinliklərinə görə atam bizi ədəbiyyatdan uzaqlaşdırdı. Amma ikinci qardaşım, fəlsəfə elmləri doktoru Rafiqdə şer yazmaq təbi var.
Mən ədəbiyyatçı olmasam da, onun bəzi işlərinə köməklik göstərirdim, son vaxtlar ona daha çox köməklik göstərən xalam oğlu şair Eldar Nəsibli idi. Günlərin bir günü atam mənə dedi ki, nə yaman arıqlamısan, gəl sənə putyovka düzəldim get Krımda dincəl. Anan dedi ki, atan özü də çox arıq idi, bir dəfə sanatoriyaya gedib gəlməklə, yaxşıca kökəlmişdi. Anamın bu sözündən sonra gedib-gəlib soruşdum ki, nə oldu atamın dediyi putyovka? Daha səbrim tükənmişdi. Qələmi götürüb onun yazı stolunun üstünə kağızda yazdığım bu sözləri qoydum:

Əzizim saman atı,
Gəl yorma yaman atı.
Bir gör neyləyirsən? – Putyovka amanatı.

Anam soruşur ki, a kişi, bəs o uşağın putyovkası nə oldu? Atam da deyib ki, stolun üstünə yazıb qoymuşam, oxuyar. Gəldim gördüm ki, mən yazdığım kağızın aşağı hissəsindən atam belə yazıb – “Saman atımn“ müəllifinə:

Əzizim saman atı,
Kökəldir saman atı.
Ata arpanı versən,
Şıllağı yaman atı.

II Xatirə

Əvvəllər kənd toylarında igidlər “dirə-döymə oynayır, güləşərdilər. Bu məhəllənin igidləri o məhəllənin igidlərinə doy gələndə camaatı onunla fəxr edərdi. Atam da yaxşı güləşən olub. Kənddə yaşıdları içində onun kürəyini yerə vuran yox idi. Bakıya gələndən sonra da deyirdi ki, yazıçı, şairlərdən çoxunu güləşdə yıxmışam, ən çox da Süleyman Rəhimovu, Səməd Vurğunun isə qolundan tutan kimi çıxırdı. Bircə Dəmirçioğlu Süleyman Rüstəmə gücüm çatmırdı…

III Xatirə

Atam olduqca torpağa bağlı adam idi. Çox təəssüf ki, o cür ola bilmədik. Boş vaxtlarını Mərdəkandakı bağımızda əkib-becərməklə məşğul idi. Bir dəfə Qubadan 30-a qədər şitil gətirtmişdi. Onların hamısını zəhmətlə torpağa basdırdı, bir də gedib gördük ki, hamısını oğurlayıb aparıblar. Amma nədənsə bağlar da bizi çəkmədi…

IV Xatirə

Bir dəfə Səməd əmi bizə gəlmişdi. Nahar vaxtı idi. İki ov itini də gətirib həyətə bağlayıbmış. Anam xoş-beşdən sonra gətirib süfrə açdı. Pəncərənin qabağında oturan Səməd əmi əti yedikcə sümüklərini ıtlərə atırdı. Bu mənzərəni gözaltı seyr edən atam dedi: – a Səməd, sən deyəsən elə itləri yedirtməyə gəlibsənmiş.

Ocağın nəfəsi

“Şeir yazmağa nə zamandan başladığım tarix yadıma düşmür. Aşıq məclislərinin, eləcə də,şair ürəkli Tükəzban xanımın şirin bayatılarının təsiri ilə heç bir savadım olmadığı zaman da kiçik mahnılar, qoşmalar, bayatılar söyləyirdim. Seminariyada oxuduğum illərdə də (1920-26) tez-tez aşiqanə şeirlər yazırdım.

Mənim ilk şeir məktəbim, şeir müəllimim əsasən xalq yaradıcılığı, aşiqanə dastanlar, Vaqif, Vidadi kimi el ruhunda yazmış şairlər olmuşdu.
OSMAN SARIVƏLLİ (tərcümeyi-halından).

Beləcə Vaqif, Vidadi ruhlu el şairinin ocağını isindirən, işığını yandıran övladları – Solmaz xanım və Seyranla (oğlu Babək Türkiyədə, Rafiq isə Moskvada yaşayır) görüşmək, yaddaşlarında qorunan atalı-analı günlərinin şirinliyini bir daha yada salmaq üçün onun öz mənzilinə gəldik. Mənzilin bayır tərəfində – küçədə bir qovaq ağacı var. O acacın budaqları küçədəki işıq dirəyindən asılmış gecə lampasına sarılıb. Qovağın dibi ilə hər dəfə böyük şairimiz Osman Sarıvəlli indiki İslam Səfərli küçəsi 21-də yerləşən mənzilinə üz tutub. Görəsən ucalığa yönəlmiş bu pilləkənlərin doğma nəfəsə, doğma üzlərə açılan qapısında hansı şeirin misrasını fikirləşib, hansı bir əsərin adını qoyub şair. Elə biz bu ocağa ona görə tələsirdik ki, o hissləri keçirən şairin xatirələri övladlarının dili ilə söz açsın.
Osman Sarıvəllinin oturduğu stol. Stolun üstündə hər şey öz qoyduğu kimi xəyala dalıb. Qeyd kağızları, kitablar, təqvim, təsbeh, o kağızlara hopmuş şair ürəyinin misraları, kəlmələri, nələri və nələri…
Bu evə kimlər gəlməyib, kimlər gecələməyib. Stolun üstündə Osman Sarıvəllinin Aşıq Şəmşirə həsr etdiyi “Aşıq ürəkli şair, şair ürəkli aşıq kitablarını görürəm. Seyran müəllim kitaba baxışlarımı tutub deyir: “Səməd əmi Aşıq Şəmşirə qayğı göstərməyi, onun yaradıcılığının çap olunub işıq üzü görməsinə köməklik göstərməyi atamdan xahiş etmişdi. Ümumiyyətlə, atam aşıq ədəbiyyatını, xalq yaradıcılığını çox sevirdi. Aşıq Şəmşir də bu evin əziz adamlarından biri idi. O hər dəfə Bakıya gələndə bizdə gecələyirdi.
Atam Aşıq Ələsgərin həyatı haqqında da yazıb. Onun iki sazı vardı,birini İraq-Kərkük şairi Əbdüllətif Bəndəroğluna bağışladı.Özü də gözəl saz çalırdı.
Sonra Seyran müəllim əlavə edir – Atam çox sadə insan idi. Bilmədiyi sözü çox vaxt məndən soruşardı. Biz tez-tez onunla dənizkənarına gəzintiyə çıxırdıq. Bir də görürdün ki, sözümüz çəpləşdi. Atamın ağsaqqal təcrübəsi ilə məni gənclik ehtirasım aramızda qızğın bir mübarizə yaradırdı. Və sonra anama deyəndə eşitdiyim sözlər məni qane edirdi – A Sayalı, bu Seyrandan mən çox şey öyrənirəm…
Otaqda qoyulmuş qara rəngli pianino da diqqətimdən qaçmır. Seyran müəllim onunla da bağlı maraqlı xatirə danışır. – Bu pianino atamın vaxtında hara qoyulubsa, orada da durur. Pianinonu təzə almışdıq. Fəhlələr gətirib onu evə qoyandan sonra, atam qapağı qaldırıb, “Sudan gələn sürməli qız xalq mahnısını ifa etdi. Onda qardaşım Babək də konservatoriyada oxuyurdu. Və çala-çala dedi – “Niyə görəsən, bizim milli xalq mahnılarımız notlara köçürülüb konservatoriyada tədris olunmur? Çox şükür ki, sonralar bu arzu reallaşdı.
Osman Sarıvəllinin kitab rəfində çox kitablar vardı, amma onun stolunun üstündə ona çox doğma olan adamların kitabları qoyulmuşdu. Onlardan biri də hörmətli nasirimiz, xalq yazıçısı İsmayıl Şıxlının “Dəli “Kür“ romanı idi. Kitabın içinə bu sözlər yazılmışdı: “Qocaman Gəmi qayanın əzəmətini, Dəri Kürün coşğunluq və təmkinini qəlbində, şerində, həyatında yaşadan əziz Osman qağaya müəllifdən kiçik hədiyyə. İsmayıl Şıxlı.
10.9.68.

Mənzildən çıxmaq üçün ayağa durduq, bir daha evin döşəməsindən tavanına qədər göz gəzdirdik. Tavandan qalaq-qalaq qopub düşən suvaq qatlarında itən xatirələrin izini görürəm. Və Səbail rayon 42 saylı mənzil-istismar idarəsinə demək istəyirəm ki, bu günlərdə xatirə lövhəsi asılacaq Osman Sarıvəlli mənzilinə axışan adamlar şairin mənzilindəki uçuq-sökük yerlərə baxıb nə deyəcəklər?..

Bu evdə xalq şairi ədəbiyyatımıza incilər bəxş etmiş, dünyanın, dahiləri ilə üzbəüz oturmuş, Sofokldan, Puşkindən, Nekrasovdan, gürcü, tatar və digər xalqların ədəbiyyatlarından tərcümələr etmişdi. Bəs biz onun üçün nələr edirik?..
Pilləkənləri düşürük. Axşam saat 9-dur. Dönüb geri boylanıram. Qapının ağzında boy-boya dayanmış Seyranla, Solmazla bir daha baxışlarında sağollaşıram. Birdən Osman Sarıvəllinin öz əlləri ilə yazdığı tərcümeyi-haldan anası Tükəzban xanımın dediyi bayatı yadıma düşür:

Ağacın göyü dərdin alım,
Dibinin şöyü dərdin alım, Gözümü sənə dikmişəm, Tezcə böyü, dərdin alım…

Bəli, Osman Abdulla oğlu Qurbanov – Osman Sarıvəlli göy oldu, şöy oldu, böyüdü qol-budaq atdı, elinə-obasma şöhrət gətirdi. Və bir gün babaların, ataların keçdiyi köç yolundan müqəddəsliyə yol aldı.

«Dəli Kür» 21 dekabr, 1995-ci il

Müəllif: FƏRİDƏ LƏMAN

FƏRİDƏ LƏMANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir