
Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının Milli Kitabxanaya ekskursiyası təşkil olunub
Gənc nəslin mütaliəyə, kitaba və kitabxanalara olan marağının artırılması məqsədilə dekabrın 16-da Heydər Əliyev adına Hərbi İnstitutun aviasiya bölüyünün II kurs tələbələrinin Milli Kitabxanaya ekskursiyası təşkil olunub. Kursantlar kitabxanaya qeydiyyat qaydaları ilə tanışlıqdan sonra Dahi Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədlərin nümayiş olunduğu “Heydər Əliyev” guşəsini ziyarət edib.
Daha sonra gənclərə Milli Kitabxananın yaranma tarixi, fəaliyyəti, iş rejimi, kitab fondu, xidmət sahələri haqqında ətraflı məlumat verilib. Onlara əyani şəkildə kataloqda kitab axtarışı və sifarişi prosesi izah edilib. Elektron resurslardan və lokal şəbəkədən istifadənin təşkili bölməsində kursantlar elektron resurslar və onlardan istifadə qaydaları ilə tanış olub.
Kitabxananın Sərgi zalı, Tələbə gənclər zalı, Nadir kitablar və kitabxana muzeyi ilə tanışlıq zamanı kursantlara burada mühafizə olunan kitablar, qədim və nadir kitablar, miniatür kitab kolleksiyası, eksponatlar haqqında məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Not nəşrləri və səsyazmaları şöbəsində qorunan səsyazmaları, not əsərləri və digər musiqi ədəbiyyatı gənclərin marağına səbəb olub.


Kursantlara rəhbərlik edən Heydər Əliyev adına Hərbi İnstitutun muzey müdiri Məzahir Tahirov təşkilatçılığa görə Milli Kitabxananın rəhbərliyinə dərin minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkilib.
İlkin mənbə: Azərbaycan Milli Kitabxanası