Bir dövrün səsi necə susdu?

Bir dövrün səsi necə susdu?

Bir vaxtlar evin divarında asılan, bir küncdə öz yerini tapmış, zəngi ilə bütün ailəni ayağa qaldıran o möhkəm dəstəkli telefonlar… Hər zəngdə evin içində dolaşan o həyəcan, “Görəsən, kimdir?” sualının yaratdığı maraq… Dəstəyi qaldıran kimi xətdən gələn cüzi cırıltı elə bil, bütün evin nəfəsini duyuran bir səs idi. Elə həmin telefonlar idi evin ruhundan, ailənin birlik anlarından qalan xatirələri yaşadan. Artıq çoxlarının evində səssiz-səmirsiz qalan bu köhnə aparat indi bir dövrün nəfəsini yaddaşlarda yaşadır. Bir zamanlar bir zəng səsi evdə kiçik qarışıqlığa səbəb olardı. Evin balacaları ayağa qalxar, bir-birinə baxıb “Kim açacaq?”, – deyə susqun razılaşma yaşanardı. Dəstəyi götürən adamın “Alo, eşidirəm!” sözləri sanki səhnənin pərdəsini açardı. O hər gün gələn zənglər heç zaman belə böyük bir dövrün səssizcə başa çatacağını düşündürməzdi.
Bu gün həmin telefonların çoxu olduğu yerdə qalıb. Tozlanmış, illərin izi düşmüş, artıq çalmayan, amma keçmişin səsini içində daşıyan bu aparatı təkcə rabitə vasitəsi kimi görmək olmaz. Onların susması ilə ailə içi münasibətlərdən tutmuş, sosial ünsiyyət vərdişlərinə qədər bir çox şey dəyişdi. Ev telefonlarının dəbdən düşməsi görünüşdə sadə olsa da, sosial, texnoloji proseslərin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan resursları və sənədlərlə iş şöbəsinin Sənədlərlə iş sektorunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Rauf Əliyev bu prosesin səbəblərini illər üzrə izah edir. Onun sözlərinə görə, Azərbaycanda ev telefonlarına tələbat 2010-cu illərə qədər sabit qalsa da, mobil cihazların geniş əlçatanlığı bu münasibəti tədricən dəyişib. Səbəblərdən biri mobil operatorların sərfəli paketlər təklif etməsi və ölkə üzrə mobil əhatə dairəsinin maksimum genişləndirilməsi idi.
Rauf Əliyev əlavə edir ki, internet artıq əsas ünsiyyət vasitəsidir: “Whatsapp”, “Messenger”, “Telegram” kimi tətbiqlər həm yazılı, həm səsli, həm də görüntülü ünsiyyət təklif edir. İnsanlar bu imkanların qarşısında ev telefonuna ehtiyac görmür. Vaxtilə mobil rabitənin zəif olduğu rayon və kəndlərdə sabit telefon həyati vacib idi. İndi isə həm internet, həm də mobil şəbəkə o qədər güclənib ki, həmin bölgələrdə də ev telefonuna maraq, demək olar ki, qalmayıb. Hər kəs internet üzərindən danışır, yazır, görüntülü əlaqə yaradır”.
Bununla belə, o bildirir ki, sabit telefonların tamamilə sıradan çıxması hələ mümkün deyil: “Abunəçilər şəhər və kənd daxilində çox aşağı məbləğ qarşılığında limitsiz danışa bilir. Digər tərəfdən, elektrik kəsiləndə internet də dayanır, mobil telefonun şarjı bitdikdə əlaqə imkanı itir. Belə hallarda ev telefonu işlək qalır və ən güvənli rabitə vasitəsinə çevrilir”.
Mütəxəssis qeyd edir ki, əvvəllər ev telefonu bir evin ünvanı idi, dostlar, qohumlar, iş yoldaşları həmin nömrə vasitəsilə evlə əlaqə saxlayardı. Mobil rabitənin inkişafı bu “ortaq nömrə” anlayışını tamamən aradan qaldırdı. Artıq hər kəsin öz şəxsi nömrəsi var və insanlar bir-biri ilə oradan əlaqə saxlayırlar. Bu həm də zamanın psixoloji tələbi idi: sürət, fərdilik və 7/24 əlçatanlıq.
Eyni zamanda bəzi regionlarda ev telefonlarının texniki təmiri və xətlərin yenilənməsi də çətinləşib. Telekom şirkətləri daha çox mobil rabitəyə sərmayə yatırdığına görə ev telefonlarına diqqət azalıb. Bu isə insanlarda belə bir təəssürat yaradıb ki, ev telefonu artıq “lazımsız əlavə”dir.
Ev telefonları haqqında danışanda ilk olaraq yaşlı nəslin reaksiyası diqqət çəkir. 76 yaşlı Elbəyi dayı üçün ev telefonu həyatının yarısından çoxunu müşayiət edən bir səsdir: “Bizim vaxtımızda ev telefonu olanda adam özünü varlı hesab edirdi. Zəng gələndə bütün ev ayağa qalxırdı. Gələn hər zəngdə bir xəbər idi. Ya toy, ya yas, ya da uzaqdan qohumun hal-əhvalı… İndi heç kim heç kimi evdən axtarmır. Hər şey telefonların içindədir, amma o telefonların səsi evin içini doldurmur”, – deyə Elbəyi dayı təəssüflə xatırlayır.

O həmçinin ev telefonunun ailə münasibətlərinə təsirindən də danışır. Onun fikrincə, ev telefonu ailə üzvlərini bir-birinə daha yaxın saxlayırdı. “Telefon çalanda hamımız eyni anda ayağa qalxardıq, bu belə bizi bir-birimizə bağlayırdı. İndi hər kəs öz telefonuna qapanıb, istədiyini edir”, – deyə o əlavə edir.
Elbəyi Tağıyevin sözləri, əslində, nəsillərarası fərq haqqında da bir işarədir. Yaşlı nəsil üçün ev telefonu kollektiv ünsiyyət və evin bir parçası idi. Bu gün isə gənc nəsil üçün o, sadəcə köhnəlmiş bir əşyadır.
Gənc nəsil üçün ev telefonu artıq aktiv funksiyaya malik deyil. 17 yaşlı gənc Nərmin Novruzlu evlərində hələ də ev telefonu olduğunu, amma heç kimin ondan istifadə etmədiyini deyir. Onun üçün ev telefonu daha çox köhnə dövrün izidir: “Ev telefonunu açıb axırıncı dəfə kiminləsə danışmağım yadıma gəlmir. Biz artıq hər şeyi mobil telefondan edirik, zəng, videozəng, mesaj. Ev telefonunun bizə nə əlavə üstünlüyü var ki?” – deyə Nərmin bildirir.

Telefon dəftəri, nömrələrin bir-bir yazıldığı kağız parçası. Bir ənənə idi bunların hamısı. Amma təəssüf ki, bu ənənə də yox oldu.
Ev telefonu ailə münasibətlərinə müəyyən bir şəffaflıq gətirirdi. Məsələn, uşaq kimlə danışır, nəyə görə axtarılıb, hamı bilirdi. Bu gün isə hər şey fərdiləşib, hər kəs öz özəl dünyasında danışır, yazır, ünsiyyət qurur.
Texnologiya dəyişib, dünya sürətlənib, insanlar fərdiləşib və ev telefonları bu tempə uyğunlaşa bilmədi. Elə bu da onların sonunu gətirdi. Ev telefonlarının dəbdən düşməsi bir dövrün, bir rabitə mədəniyyətinin, bir ailə ənənəsinin səssiz şəkildə bitməsidir. Divarın küncündə toz basmış o telefonlar, əslində, bir çox ailənin xatirələrini daşıyır. Elə bir xatirə ki hələ uzun illər insanların yaddaşından silinməyəcək.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir