
18.12.2025 (“Gündəlik”dən sətirlər)
Bu gün Respublikanın Əməkdar artistı mərhum Yadigar Muradovun ad gününə həsr olunmuş tədbirdə iştirak etdim. O, düz bir ay əvvəl- noyabrın 18-də 67 yaşında rəhmətə gedib. Yadigar bəy 1958-ci ildə dekabr ayının 18-də Ağdam rayonunun Novruzlu kəndində dünyaya göz açıb. O, xalq arasında həm də özünün yaratdığı obrazla- Aşıq Yedigar kimi tanınırdı.
Yadigar Muradov Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan onun direktoru olub.Teatrın bu günəcən fəaliyyət göstərməsində onun rolu danılmazdır.
Şuşa Teatrı vaxtilə mənim yaradıcılığıma da müraciət edib, “Ağıllı adam” pyesimi tamaşaya hazırlayıb, DGT (ТЮЗ)-in səhnəsində nümayış etdirib. Teatr sonralar da mənim pyeslərimi tamaşaya qoymaq istəyində olub, amma şətaitsizlik, binasızlıq və digər səbəbindən bu istək baş tutmayıb. Şükürlər olsun, indi Teatrın Bakıda öz binası var. Əminik ki, tezliklə azad Şuşada gözəl ənənələrlə zəngin olan Şuşa Dövlət Musiqili Dram Teatrı öz fəaliyyətini davam etdirəcək.
Teatrın yaradıcısı Yadigar Muradovu ehtiramla andıq, onun quruluş verdiyi “Dağılan tifaq” (Ə.Haqverdiyev) tamaşasına baxdıq.
Yerin cənnət olsun, sənətkar.
Mənbə: Firuz Mustafa
Müəllif: Firuz MUSTAFA