
Yasaq düşüncələr
Fərqli olmaq dar ağacına belə əyləncə kimi baxmaq deməkdir.
Sənin bədənin dünyadan köç edir, amma sən bunun fərqində ola-ola bunu qəbul edirsən.
Tarix boyunca istənilən yaş dövründə ən dərin hiss və arzularını dilə gətirməyə çəkinən adamlarla zəngin olub Yer kürəsi. Bu, neçə illər sonra da belə davam edəcək. Çünki insan beyni öz həyatını bəzən öz əleyhinə kodlaşdırır.
Yasaq istəklər insanları həyata daha sıx bağlayır, etiraz ediləcək dərəcədə baş verən hadisələr daha çox diqqət cəlb edir.
Günah hər zaman ağrılı və qorxulu görünsə də, heç bir bəşər övladı onu etməkdən çəkinmir. Etdikdən sonra isə vicdanını rahatlatmaq üçün müxtəlif üsullara əl atmağa çalışır.
Kimisi məscidin qapılarına üz tutur, kimisi evində səcdəyə qapılır, kimisi kilsəyə gedir, başqa biri gizli-gizli xeyir işlərlə məşğul olur ki, etdiyi hər hansı yanlış bir işi ört-basdır etsin. Maraqlıdır, bu vicdanın səsidirmi, yoxsa qorxunun yaratdığı saxtakarlıqdımı?
Həyatda ən qiymətli varlıq nədir, görəsən? Tanrı, valideyn, övlad, sərvət, yoxsa mücərrəd bildiyimiz şeylər – dostluq, sevgi, zaman, ədalət, ağıl, təfəkkür, idrak?.. Bu siyahını o qədər əlavələrlə davam etdirmək olar ki, sayı-hesabı bitməz.
Amma yenə də yasaqlar, “olmazlar” həyatımızdan əsla çıxmayacaq. Çünki yasaq düşüncələrin mənbəyi elə öz beynimizin məhsuludur. Zehnimiz bizi həmişə qorumaqla yanaşı, ağılsızlıqlara da sürükləyir.
Etdiyimiz hər hansı bir səhvə istənilən şəkildə bəraət qazandırmaqla ömrümüzün çox hissəsi keçir.
Keçmiş dövrün qalığı olan qadın yasaqları və qadağaları bir çox ölkələrdə hələ də qanuni şəkildə və ya birtərəfli olaraq qanunsuz formada ölkədaxili qaydaların, qərarların hegemonluğunu təsdiqləyir.
Yasaqlar olmadan yaşamaq necə olardı, görəsən? Cəmiyyətə xaos kimi təqdim olunan hal-hazırkı mühit, ictimai-sosial vəziyyət, insanlar arasındakı münasibətlərdə yasaqların aradan qalxması şəxsi fikirlərin, şəxsi azadlıqların daha çox qabardılaraq gündəmə gətirilməsinə, bir çox şeylərin haqlı olmaya-olmaya haqq qazandırılıb normal səviyyədə təqdim edilməsinə səbəb olur.
İnsan düşünən, idrak edən varlıq olduğu üçün öhdəsinə yaratmaq və öyrətmək kimi missiyalar qoyulur. Hər kəs yaratmağa və ya öyrətməyə sahib bacarıqla dünyaya gəlirmi? Xeyr, mümkün deyil.
Bəzən indiki dövr üçün aktual olan problemlərdən danışanda kitab sektorundakı ciddi narahatlıqlar yada düşür. İnsanları vicdanları ilə sınağa çəkərək hədələmək, qorxutmaq həmişə asan olub. Ona görə də istədikləri sözləri, arzuları, hətta xəyalları belə ya utana-utana deyiblər, ya da elə sadəcə xülya kimi təsəvvür ediblər, yaxud da kitablarla ovudublar özlərini.
“Doğru sözü deyəni daş-qalaq edərlər” deyə söz yayılan cəmiyyətdə insan çətin ki, öz arzu-istəklərini asanlıqla gerçəkləşdirə bilsin. Hətta arzu-istək bir yana, haqqı olanı tələb etmək hüququndan belə məhrum edilir. Söz azadlığının ancaq kağız üzərində, formal şəkildə mövcud olduğu bir toplumda yaşamaq və bu toplumun bir üzvü olmaq həddindən artıq böyük iradə tələb edir.
Mən bu yazımda Şərq qadınlarının duyğularının kor, kar, lal, əlil qaldığı bir dövrü təsvir etmək istərdim.
İstənilən ailələrdə “cəmiyyət nə deyər, qohum-əqrəba nə deyər” düşüncəsi ilə doğulan, tərbiyə edilən qız övladları yaşayır. Onların beyninə təlqin olunan, “günah keçisi” adlanan bu düşüncələr və qadağalar vaxtından əvvəl ruhlarının qocalmasına, özlərini yalnız ana, bacı, qız övladı kimi görmələrinə səbəb olur.
Amma qadın yaradıcıdır, doğaraq artandır, öyrədəndir, sağaldandır, yaraları sarandır və s. Cəmiyyətdə və ailədə müxtəlif rollarda çıxış edən qadının ana təbiətdən tək istəyi var: gənc qalmaq, sevgi ilə bəslənmək, çəkdiyi ağrı-acıları gördüyü hörmət və qayğı ilə unutmaq, unudulmamaq.
Bəli, unudulmamaq… Yasaqlar qadınların mövcudluğunu unudur. Onların bəzən “zərif cins” olmaları ön plana çıxarılır və cəmiyyətə sərf edilən tərəfdən baxılaraq ictimaiyyətə təqdim olunur. Qadınların əksəriyyətinin qorunmağa, ailədə saxlanılmağa, müəyyən qadağa çərçivəsində qalmağa məcbur edildiyi bir toplumla eyni torpağı, havanı bölüşdüyümüz üçün təəssüf hissi keçirirəm.
Bu cəmiyyətdə qadın sevə bilməz, əl-ələ tutub hardasa oturub söhbət edə bilməz. Rəfiqələri ilə dostluq bağı qurduğu zaman mütləq rəfiqələri ədəb-ərkan, mənəviyyat, tərbiyə testindən keçmiş olmalıdır; əks halda həmin adamlar qadını uçuruma aparacaq. Yaddan çıxan bir şey var: heç kim heç kimə öz iradəsindən artıq təsir edə bilməz.
Qadınlara qarşı qoyulmuş şəxsi qərəzli, dolu, hesablı, çıxarlı — səhv olsa belə — bu yasaqlar istənilən kişinin zəifliyini göstərir.
İndiki dövrdə əksər kişilər həm psixoloji, həm də maddi cəhətdən zəif olduqlarını məhz ailədə qoyduqları fərqli tərz qadağalara sığınaraq sübut edirlər.
Sevgi, hörmət, anlayış olmayan istənilən mühitdə yasaq düşüncələr çıxış yoluna çevrilir.
Bu “çıxış yolu”nun qapısını bağlamaq isə özünə hörmət edən, özünü sevən, dəyərini ayaq altına atmayan qadınlara düşər.
Qorxma… Sən qadınsan, kölə deyilsən. Haqqını kiminsə tapdalamasına izin vermə. Sən həyat yoldaşısan, həyat isə müştərəkdir. Bölüşüncə azalar dərd, ağrı. Sən dostsan, rəfiqəsən – istər kişi ilə, istərsə də qadınla dostluq bağı qura bilərsən. Sən övladsan – istədiyin peşəni, istədiyin insanı sərbəst və özgüvənli şəkildə seçmək haqqın var.
Unutma… Sən səni sevənlər üçün baş tacısan. İzin vermə ayaq altına sərsinlər səni. Öz yerini özün müəyyən etmədikcə, üstünə uzadılan dilin ölçüsünü bilməyən sahiblər daha da çoxalacaq.
Seçimlərini düzgün etdiyin təqdirdə bütün yasaq düşüncələrin qara tilsimi qırılacaq, üzərindəki hökmünü itirəcək və qadınlar xoşbəxt dünya sakinlərinə çevriləcək.
Müəllif: Xatirə SƏFƏR