
Cəlilabadda kitab təqdimatı
Bu gün (18.12.2025) Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sistemi və “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, şair Sevinc xanım Şirvanlının “Həsrətimi çəkəcəksən” adlı yeni nəşr edilmiş şeirlər kitabının təqdimat mərasimi keçirildi.
Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun tanınmış ziyalı simaları, Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələri və Cəlilabad MKS-nin əməkdaşlarının iştirakı, eyni halda fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin aparıcılığı ilə olduqca səmimi və mənəvi aurada keçdi.
Tədbiri öz nitqi ilə açan yazıçı-publisist İlqar İsmayılzadə ilk öncə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov və eləcə də Cəlilabad MKS-nin direktoru Qənimət xanım İsrafilovaya yaratdıqları şəraitə və ədəbi tədbirlərə verdikləri səmimi və təmənnasız dəstəyə görə təşəkkürünü bildirdi və rayonun ədəbi mühitinin müxtəlif ədəbi tədbirləri keçirmək üçün xüsusi bir otağa zəruri ehtiyacı olduğunu vurğuladı. O, sözünün davamında Sevinc Şirvanlını Cəlilabad ədəbi mühitinin 30 illik əməyi olan və öz imzası ilə şairlik bacarığını təsbit etmiş bir xanım nümayəndəsi olaraq təqdim edərək onun qələmə aldığı şeirlərin səlis, aydın və rəvan olduğu, eyni halda səmimiyyəti tərənnüm etdiyini bildirdi və yenicə nəşr olunmuş kitabı münasibəti ilə onu ürəkdən təbrik etdi…
Ardınca tədbirdə iştirak edən rayon ziyalıları və tanınmış simaları: “Əmək zərbəçisi” və “Əmək veteranı” Hacı Paşa Rüstəmov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçısı, kitabxanaşünas Cahangir Muradov, tanınmış pedaqoq Dadaş Bayramov və tanınmış bədii qiraətçi və pedaqoq Adıgözəl Nuriyev, şair Sevinc Şirvanlının anası Xanımgül ana, Cəlilabad rayonunda Təsviri incəsənət sahəsinin kraliçası kimi tanınan “Həməşəra” Fəxri Diplomu laureatı Laləzar Sadıqova, Cəlilabad MKS-nin əməkdaşı Zaur Hüseynli, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, veteran pedaqoq, ədəbiyyatşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, ziyalı şair Zülfi Vellidağ, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, AYB və AJB-nin üzvü, “Sözün işığı” mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman, “Həməşəra” Fəxri Diplomu laureatları: bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, yazıçı-jurnalist Sakir Orduxanlı, şəhid qardaşı və yazıçı-şair Sakit Üçtəpəli və hərbi jurnalist, “Haqq.az” portalının əməkdaşı Zaur Talıblı, həmçinin, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən “Həməşəra” Fəxri Diplomu laureatları: “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən Şahmuradlı, bədii qiraətçi və şair Müşahidə Nərimanova, şair Gülcahan Xürrəm, şair Seylan Abbas, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, AYB və AJB-nin üzvü, şair-publisist Arzu Əyyarqızı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Atlaz Rzayi öz çıxışlarında Sevinc Şirvanlı poeziyasından söz açaraq onun poeziya aləmindəki dəsti-xətti və səmimiliyindən, eləcə də əxlaqi keyfiyyətlərə malik olmasından söz açaraq yenicə nəşr edilmiş şeirlər kitabı münasibəti ilə onu təbrik etdilər.
Tədbirin sonunda çıxış edən “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureat, şair Sevinc Şirvanlı təşkil edilmiş təqdimat mərasiminə görə təşkilatçılara və tədbir iştirakçılarına öz səmimi minnətdarlığını bildirdi. Çay süfrəsi ətrafında keçirilən səmimi tədbirdə Sevinc xanımın Zeynəb, Zəhra və Aydan adlı üç əziz qız övladı onun şeirlərindən qiraət edərək tədbir iştirakçılarının alqışı ilə qarşılaşdılar. Tədbirin yekun mərhələsində “Yazarlar” Jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist Zaur Ustac tərəfindən Cəlilabad ədəbi mühitinin bir neçə xanım nümayəndəsinə təqdim etdiyi “Ziyadar” Mükafatı (Fəxri Fərman və döş nişanı) Sevinc Şirvanlı, Arzu Əyyarqızı və Atlaz Rzayiyə təqdim edildi. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə tamamlandı.

