
ÇÖZÜM
Qədrin bil hər zaman suyun, çörəyin,
Əlində möhkəm tut səb(i)r dirəyin,
Həm Tanrı vurmursa yerə kürəyin,
Dərdə də, qəmə də zamandı çözüm.
Güvən düşüncəyə, güvən ağıla,
Bu həyat bənzəmir işdə nağıla,
Tarlada saralan, dəyən taxıla,
Dərilcək küləşdi, samandı çözüm.
Düşün ki, bu dünya belə də qalmaz,
Nə ona, nə buna meylini salmaz,
Biri çin olarsa, biri də olmaz,
Arzuya, diləyə gümandı çözüm.
Min deyil, milyondu, milyarddı bəşər,
Sevincdi, şadlıqdı, həm dərddi bəşər,
Kiminə rəzalət, … qüdrətdi bəşər,
Elə insana da insandı çözüm.
21. 12. 2025
Müəllif: Təvəkkül GORUSLU