
Məhəbbət
Sual verdin, nə söyləyim, nə deyim,
Bəxtəvərin müjdəsidir məhəbbət.
Hayanıdır qəm haqlamış ömürün,
Kimsəsizin kimsəsidir məhəbbət.
Ovundurar tənhalığı, möhnəti,
Ömr olanın haqdan gələn möhləti,
Var olanın varidatı, sərvəti,
Ürəyinin aynasıdır məhəbbət.
Yeni günün, yeni yolun binası,
Seçilmişə Tanrı xeyir- duası,
Sevənlərin həyatının mənası,
Yaşamağın sevdasıdır məhəbbət.
Sınıq qəlbin seyrangahı, ormanı,
Ömür adlı bağça-bağın qurmanı,
Küskün olan ürəklərin dərmanı,
Dünya ilə qovğasıdır məhəbbət.
Qoymaz qala qəlbindəki qubarı,
Qulağna pıçıldayar havarı.
Öz qapısı, pəncərəsi, divarı,
Mahirənin dünyasıdır məhəbbət.
Müəllif: Mahirə NAĞIQIZI