
Xırthaxırt
Haqq-ədalət mişarlanıb doğranır,
Xırthaxırtdı, xırthaxırtdı, xırthaxırt.
Arsız-arsız gülüşürük biz isə,
Hırthahırtdı, hırthahırtdı, hırthahırt.
Sərvətimiz bir hazırca kiftədi,
Bu neməti kim yeməz ki, müftədi.
Kimsə kimin hesabına kefdədi,
Mırthamırtdı, mırthamırtdı, mırthamırt.
Tanımadım, qara düşüb bu şəkil,
Faydası yox çəkilməyin, yüz çəkil.
Nə danışdı anlamadım o vəkil,
Vırthavırtdı, vırthavırtdı, vırthavırt.
Dəvə qızıb ayaqlayır köşəyin,
Üçqat edin altındakı döşəyin,
Qarnına da sancı düşüb eşşəyin,
Tırthatırtdı, tırthatırtdı, tırthatırt.
Soyuqlayıb, guruldayır qarnımız,
Əlimizi şaxta kəsir, burnu buz.
Virus düşüb, qripləyib burnumuz,
Fırthafırtdı, fırthafırtdı, fırthafırt.
Tərpətməyin yatanları, ayıqlar,
Yuxusunda xoxu görüb, sayıqlar.
Kürt yatacaq, yumurtlayıb toyuqlar,
Qırthaqırtdı, qırthaqırtdı, qırthaqırt.
Müəllif: Adil CƏFAKEŞ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında