
KÜLƏK YAZIR YARPAQLARA ADIMI
Gecə keçir, yaddaşıma ay doğur,
Xatirələr kölgə-kölgə danışır.
Ürək susur, sükut dinir, söz sağır,
Qəlbimdəki sirri bəkə danışır?
Külək yazır yarpaqlara adımı,
Budaqlarda yelləndirir yel kimi.
Öz bəxtinə calaq edib adamı,
Sonra səpir küçələrə sel kimi.
Dünya sükut içindədir elə bil,
Ay da susur, ulduzlar da, külək də.
Yarpaqlar da küçələrlə dərdləşir,-
İşıqlar da mürgüləyir dirəkdə.
Bir gecəni qərq eləyib sükuta,
Tanrı özü dincəlməkmi istəyir?
Söz verilib insanlara bir buta,
Sükut sözə güc gəlməkmi istəyir?.
Müəllif: Müzəffər MƏZAHİM
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI