
Eskizdən məkana uzanan yol
Bəzən bir insanın gələcək peşəsi seçdiyi ixtisasdan yox, uşaqlıq xatirələrindən başlayır. Kağız üzərində çəkilən ilk cizgilər, palçıqdan düzəldilən kiçik evlər, diqqətlə izlənilən bir iş prosesi illər sonra peşəkar düşüncəyə çevrilə bilir. Memarlıq da məhz belə səssiz, amma dərin bir yolçuluq tələb edir. Bu yol bəzən ailə mühitindən, bəzən isə yaratmaq ehtiyacından doğur.
NDU-nun Memarlıq fakültəsinin Memarlıq ixtisası üzrə təhsil alan gənc tələbəsi Zəhra Xudiyeva ilə söhbətimiz zamanı aydın oldu ki, onun üçün bu sahə layihə çəkməklə kifayətlənmir. Zəhra memarlığa sənət və texnikanın qovuşduğu bir düşüncə məkanı kimi yanaşır: “Mənim baxışımda estetika funksionallığa mane olmur, əksinə, onu tamamlayır. Uşaqlıqdan formalaşan bu yanaşmamı bu gün eskizlərimdə, maketlərimdə və layihələrimdə əks etdirirəm. Memarlıq həyatıma sonradan daxil olmayıb, bu sahə ailəmdən formalaşıb. Atam mühəndis olduğundan hazırladığı layihələr, çəkdiyi cizgilər, qurduğu planlar mənim üçün, eyni zamanda öyrənmək və yaratmaq istəyi aşıladı. Hətta uşaq yaşlarımda həyətdə ağacdan, palçıqdan kiçik evlər düzəldirdim. Artıq istəmədən formaya yanaşmanı və yaradıcı baxışı həmin sadə materiallarla qurmağa başlamışdım. Məhz bunlar məni memarlıq yoluma gətirib çıxardı”.
Onun üçün memarlıq nə tək sənətdir, nə də sırf texniki sahə. Bu, iki anlayışın bir-birini tamamladığı xüsusi bir sintezdir. Gənc memar tələbənin fikrincə, estetika olmadan məkan ruhsuz qalır, texniki bilik olmadan isə həmin məkanda yaşamaq mümkün olmur: “Bu səbəbdən memar xəyal qurmaqla kifayətlənməməlidir, eyni zamanda hesablayan, düşünən və məsuliyyət daşıyan şəxs olmalıdır. Memarlıq mənə görə həm duyğuların, həm də məntiqin eyni anda işlədiyi nadir sahələrdəndir”.
Layihəyə başlayarkən isə ilham mənbəyi olduqca fəlsəfidir. O, yaradılışın özündən, ali şüurdan və böyük təfəkkürdən ilham aldığını bildirir: “Mənim üçün memarlıq mövcud nizamı, harmoniyanı və yaradılışın qanunlarını məkanda hiss etməyi bacarmaqdır. Əslində hər layihə bu böyük sistemin kiçik bir hissəsi kimidir. İdeya baxımından heç vaxt çətinlik çəkməsəm də, reallaşdırma mərhələsi daha mürəkkəbdir. İdeyalar çoxdur, amma resursların məhdudluğu və mövcud mühit şəraiti işləri tam həyata keçirməyə mane olur. Maddi və texniki baza olmadan ən güclü ideya belə kağız üzərində qalır. Buna baxmayaraq, bu məhdudiyyətlər yaradıcılığım üçün maneə yaratmır”.
Layihə prosesində onu ən çox düşündürən mərhələ konsepsiyanın düzgün qurulmasıdır: “Başlanğıcda qoyulan ideya və funksional həll düzgün olmazsa, sonradan əlavə edilən texniki detallar layihəni xilas etmir. Mənə görə, güclü memarlıq işi məhz düzgün təməldən başlayır”.
Zəhra kağız üzərində çəkilən layihə ilə maket arasında ciddi fərqlər olduğunu da vurğulayır: “Çertyojda bəzi həcmlər, yüksəkliklər və formalar tam aydın görünməyə bilər. Maket isə ideyanı daha real, daha oxunaqlı şəkildə ortaya qoyur. Relyef, kütlə və məkan münasibətləri məhz maketdə özünü daha aydın göstərir. Eskiz və maket mənim üçün bir-birini tamamlayan mərhələlərdir. Eskizdə düşüncələr sərbəst şəkildə kağıza tökülür, ideyalar məhdudiyyətsiz ifadə olunur. Maketdə isə həmin fikirlər konkret forma alır, görünən və hiss olunan məkana çevrilir”.
Layihə hazırlayarkən funksionallığın estetikadan öncə gəldiyini desə də, əsas məqsədin bu iki anlayışı qarşı-qarşıya qoymaq olmadığını xüsusi vurğulayır: “Əsl memarlıq funksionallıqla estetikanın harmoniyasından doğur. Məkan həm istifadə edilə bilən, həm də vizual olaraq təsirli olmalıdır. Material seçimi isə mənim üçün texniki detalla yanaşı, layihənin taleyini müəyyən edən əsas amillərdən biridir. Doğru material funksionallığı artırır, estetik dəyər yaradır və layihənin uzunömürlü olmasını təmin edir. Bu baxımdan material seçiminə məsuliyyətlə yanaşmaq memarın əsas vəzifələrindən biridir”.
Zəhranın düşüncələrində memarlıq hələ davam edən axtarışdır. O, bu sahəyə daim suallar doğuran, məsuliyyət tələb edən bir yaradıcılıq prosesi kimi yanaşır. Eskizdən maketə, ideyadan məkana gedən bu yol onun üçün eyni zamanda düşüncə tərzinin formalaşması deməkdir.
Müəllif: Elnurə Cəfərova
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında