Gənc nəsli mədəni irsə bağlayan dərnəklər

Gənc nəsli mədəni irsə bağlayan dərnəklər

Milli mədəniyyət yalnız muzeylər, kitabxanalar və arxivlərlə məhdudlaşmır. Hər bölgədə fəaliyyət göstərən mədəniyyət evləri və klublar milli irsin canlı daşıyıcılarıdır. Bu ocaqların nəzdində fəaliyyət göstərən dərnəklər gənc nəsli milli-mədəni dəyərlərə bağlayır, onların yaradıcılıq potensialını inkişaf etdirir və gələcək nəsillərə zəngin mədəni irs ötürür. Bu dərnəklər yalnız bacarıqları inkişaf etdirmir, eyni zamanda qədim ənənələri yaşadır, xalq sənətkarlığını qoruyur, musiqi və rəqs mədəniyyətini canlandırır. Onlar həm də gənclərin sosiallaşması, kollektivdə işləməsi, məsuliyyət və intizam anlayışlarını formalaşdırır. Məhz bu səbəbdən ölkəmizdə mədəniyyət evləri və klublar nəzdində yaradılan dərnəklər uzun illərdir, milli-mədəni dəyərlərin qorunmasında əvəzsiz rol oynayır.
Müsahibə zamanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin əməkdaşı Şəfəq Əhmədova bildirdi ki, dərnəklər mədəniyyət saraylarının tabeliyində fəaliyyət göstərən klub müəssisələrində yaradılır: “Dərnəklərin əsas məqsədi fəaliyyət göstərdikləri bölgənin mədəni irsinin qorunması, yaşadılması və təbliğidir. Dərnəklər məhz bu məqsədlə təşkil olunur və müxtəlif istiqamətləri əhatə edir. Onların fəaliyyəti gənc nəsilin milli-mədəni dəyərlərlə tanış olması və bu dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda rayonlar və şəhərdə 193 klub müəssisəsi fəaliyyət göstərir və onların nəzdində 300-dən çox müxtəlif yaradıcı dərnəklər mövcuddur. Bu dərnəklər müxtəlif sahələr üzrə fəaliyyət göstərir: folklor, yallı və rəqs, dram, qiraət, əl işləri və digər yaradıcı istiqamətlər. Hər bir dərnək öz sahəsinə uyğun olaraq milli-mədəni dəyərlərin qorunmasına xidmət edir”.
Folklor dərnəklərində bölgəyə məxsus adət-ənənələr, şifahi xalq ədəbiyyatı nümunələri toplanır, qorunur və gələcək nəsillərə ötürülür. Burada gənclər yalnız bilik öyrənmir, həm də milli dəyərlərin daşıyıcısı kimi formalaşır: “Yallı və rəqs dərnəklərində isə unudulmaqda olan qədim yallılar və xalq rəqsləri öyrədilir, həm təbliğ olunur, həm də praktiki şəkildə yaşadılır. Bu dərnəklər vasitəsilə xalq oyunları və rəqs mədəniyyəti yenidən canlandırılır: “Yallı və rəqs dərnəkləri gənc nəsli həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etdirir. Burada öyrənilən hər bir hərəkət, hər bir ritm milli-mədəni yaddaşın bir parçasıdır və gələcək nəsillərə ötürülür”.
Dram dərnəkləri teatr sənətinə marağı olan uşaqlar və gənclər üçün fəaliyyət göstərir. Burada iştirakçıların səhnə bacarıqları formalaşdırılır, aktyorluq qabiliyyətləri inkişaf etdirilir. Şəfəq xanım qeyd edir ki, müəyyən mərhələdən sonra istedadlı iştirakçılar rayon mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrlarına yönləndirilir və səhnə fəaliyyətlərini daha peşəkar müstəvidə davam etdirirlər. Bədii qiraət dərnəklərində uşaqlara düzgün nitq, ifadəli oxu və səhnə mədəniyyəti öyrədilir. Bu dərnəklər gənclərin özünüifadəsini inkişaf etdirir, nitq mədəniyyətini və səhnə mədəniyyətini daha da gücləndirir.
Əl işləri dərnəkləri toxuculuq, tikmə, oyma, yandırma və digər xalq sənətkarlığı nümunələrinin öyrədildiyi mərkəzlərdir. Şəfəq Əhmədova bildirir ki, bu dərnəklər milli sənətkarlığın yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Əl işləri dərnəkləri gəncləri yaradıcılığa cəlb edir, milli sənətkarlıq ənənələrinin qorunmasına və inkişafına şərait yaradır. Bu dərnəklər həm də gənclərin estetik zövqünü formalaşdırır, onların incəsənət dünyasına marağını artırır”.
Bundan başqa, müxtəlif yaradıcı dərnəklər də fəaliyyət göstərir və hər biri milli irsin qorunması, yaşadılması və gənc nəsilə ötürülməsi baxımından əvəzsiz rol oynayır: “Bütün dərnəklərin fəaliyyəti həm gənclərin yaradıcılığını inkişaf etdirir, həm asudə vaxtlarının səmərəli təşkilində rol oynayır, həm də milli-mədəni dəyərlərin davamlılığını təmin edir. Dərnəklərin fəaliyyəti mədəni irsin qorunmasında əvəzsizdir. Hər bir dərnək gənclərin yaradıcılığını inkişaf etdirir, milli ənənələrin yaşadılmasına şərait yaradır. Bu ocaqlar xalq mədəniyyətinin səssiz, amma ən davamlı daşıyıcılarıdır”.
Mədəniyyət evləri və klublar nəzdində fəaliyyət göstərən dərnəklər gənc nəsli milli-mədəni dəyərlərə bağlayır, onların yaradıcılıq potensialını ortaya çıxarır və gələcək nəsillərin mədəni irsi qorumaq missiyalarını da yerinə yetirir. Bu dərnəklər həm bölgələrdə mədəni həyatın canlanmasına, həm də ölkə miqyasında milli kimliyin möhkəmlənməsinə kömək edir.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir