
VİDADİ BABANLI -99
(məqalə 2017-ci ildə yazılıb)
VİCDANLAR SUSANDA O SUSMADI…
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Vidadi Babanlının ədəbiyyatımıza verdiyi bir-birindən dəyərli roman bə povestlərlə,eyni zamanda şeirlərlə oxucular yaxından tanışdı.Vidadi Babanlının 9 dəfə ayrı-ayrı vaxtlarda yüksək tirajla çap olunan “Vicdan susanda”əsəri bu yazarın mövqeyini,cəmiyyətə baxışını və dünyagörüşünü təsdiqləyən zaman həqiqətləridi.Vidadi Babanlı sözün əsl mənasında tam şəxsiyyətdir, onun hədəf istiqamətində-həyatda və yaradıcılıqda heç bir büdrəmə yoxdur.
Yazımı “Vicdanlar susanda o susmadı” adlandırdım. Amma görəsən ömrün zirvəsində lövbər salmış yazıçının öz halal haqqını almasında bəzi vicdanlar niyə susur?!
-“Görünür,mənim xarakterim,ya xasiyyətim xoşlarına gəlmir.Ona görə də mənə heç bir ad verilməyib.Mən yaltaq və riyakar deyiləm,mədhiyyəçi deyiləm.Sözü üzə deyirəm və arxadan danışmıram.Mənim 6 romanım var-“Vicdan susanda”,”Müqəddəs ocaq”,” Gizlinlər”,” Ömürlük cəfa”,”Gecikmiş məhəbbət”və sonuncu”Zəmanə adamı”.5 povestim var,mənə nə üçün fəxri ad verilmədiyini deyə bilmərəm “.
- Axı ,”Bilmədim” şeirinizdə bu sualı
gözəl cavablandırmısınız:
Bağladı dilimi zamanın zəhmi,
Yüzdə bir sözümü deyə bilmədim.
“Əyil,keç”,dedilər “saqqal altından”,
Qürurlu qəddimi əyə bilmədim.
Bəli,məsələ aydındır.Amma,aydın olmayan məqamlar da var.Bunları kim çözməlidi,yoluna qoymalıdır?!Bilənlər bilir,bilməyənlər də bilsin.Bundan o yana nə qaldı ki?!.
AĞRI YUVASIDIR ANASIZ ÜRƏK..
Yazıçının bizə görünən və görünməyən tərəfləri var.Bəlkə də kimlər tərəfindənsə bəxtəvərlik alanda,onun ürəyi ahla köks ötürüb.Doğrudan da heç kimin iç dünyasını bir başqası onun özü kimi görə bilməz.Onun içindəki həsrət yuvasında sevgi də var,sevinc də var.Ağrı da var,acı da var.Bu ağrı,acılar bir ömür boyu qanadlarını tam açmağa qoymur,sıxır, ağrıdır ,incidir. Taleyin sərtliyinə,amansızlığına qarşı gələ bilməyib yumaq kimi bükülürsən.İçindən gələn suallar gözündə sellənə bilməyib,boğazında yumruqlanan qəhər səni göynədir.Nədir günahım,nədir suçum,nə?!
O,anasını itirəndə 2 aylıq idi…Bir baxın, zalım fələyin amansız oyunlarına.Ana sevgisi,ana nəvazişi,ana qayğısı,ana qucağının hərarəti, istisi,ana qollarının beşiyini görmədi,ana laylasını eşitmədi balaca Vidadi. Anan boyuna qurban,ananın gözəl balası,bal balası,arxası,dayağı ,gözlərinin nuru kəlmələrini eşidib gündə bir ilmə boyu böyümədi.Şirin-şəkər sözlərlə əzizlənmədi.Nənə-baba himayəsində,oğey ana məngənəsində böyüdü.Özü ilə bərabər içində anasının xiffəti ilə böyüdü.Açıb bükməsə də hər zaman gözü o müqəddəs varlığı axtardı,aradı.Şəklini belə göstərmədilər ki,uşaq ürəyinə salar.Amma bu mümkündürmü?!Qanında o varlığın qanı axır.Özü anasının fəryadını belə ifadə edir:-20 yaşım vardı,üçüncü kursda oxuyurdum.Rayona tətilə getmişdim.Qohumlardan birinin evinə getdim.Onlar mənim gəlməyimdən xəbərsiz idilər.Gördüm ki,ana oğlunun qarşısına xörək qoyub,onu sığallayır,əzizləyir.Analıq sevgisi ilə qayğı və nəvaziş göstərir.Bir anlıq o oğlanın yerinə olmaq istədim.İçimdə analı duyğular baş qaldırdı.Özümü evin arxasına güclə çatdırdım və hönkür-hönkür ağladım.
YARALI ÜRƏYƏ SEVGİ MƏLHƏMDİR
…Günlər ayları,aylar illəri əvəz etdi.Nənə-baba gənc Vidadının əlini başına yığmaq üçün elçiliyə getdilər.Mahalın iki gözəl qızı üçün ağız açıldı.Amma o yetim olduğu üçün qızı ona vermədilər…
Bəli,görəsən insanın yetim qalmağı onun özündən asılıdır?!Gözəl bir gündə Vidadi müəllim dostu,Zaqatala rayon partiya komitəsinin ikinci katibindən rayona qonaq gəlməsi üçün dəvət aldı.O,dostunun dəvətini yerə salmayıb Zaqatalaya yollandı.Onlar atlara minib dağlara qalxmalıydılar,birdən yadına düşdü ki,şeir dəftərini götürməyib.Yaxınlıqdakı evin eyvanından baxan qızları görüb soruşdu ki,mənə qələm,dəftər verə bilərsiniz?!Qızlardan biri dərhal qaçıb qələm,dəftər gətirdi.Qızın kim olduğunu, nə işlə məşğul olduğunu soruşdum.Dedi ki,Bakıda Tibb Universitetində oxuyur.Evləri “Muğan”mehmanxanasının arxasındadır.Atamın adı Məmməd Tahirdi.
Taleyin elə qəribə işləri var ki!Deyəsən bu xoşbəxt gələcəyə bir işarət idi.Vidadi müəllimin könlündə bir fərəh yarandı.
…”Zaqatala səfərindən bir neçə gün sonra Bakıya qayıtdım. Yenə bir dostumla görüşməli idim “Muğan”mehmanxanasının yanında.Birdən Zaqataladakı qızın verdiyi ünvan yadıma düşdü.Sanki kimsə əlimdən tutub həmin ünvana apardı.Bəli,özüdür ki,var,qapının üstündəki lövhədə Məmməd Tahir yazılmışdı.Zəngin düyməsini basdım və həmin qız qapını açdı.Heyrətdən ürəyim döyünsə də, özümü ələ aldım.O açılan qapılar xoşbəxt,İsti bir yuvaya açılan uğur qapısı oldu.Toqquşan baxışlar,döyünən ürəklərlə əl-ələ verib ömür yollarını qoşa addımlaya bildik!”
XALQ ŞAİRİ SƏMƏD VURĞUNLA GÖRÜŞ VƏ YA ASPİRANTURA ƏVƏZİNƏ SABİRABADA GETDİ
Xalq şairi Səməd Vurğun hər kəsə qarşı diqqətli idi.Mənim də iki şeirimi oxuyub bəyəndikdən sonra “Gəncliyin səsi” almanaxına verib çap etdirdi.
Universitetin son kursunu əla qiymətlərlə başa vurdum.Rayonlara təyinat məsələsinə baxılacaqdır. Qərara aldım ki, məsləhət üçün Səməd Vurğunun yanına gedim.Daha doğrusu şəhərdə qalmaq istəyirdim.Katibə mənim gözlədiyimi ona xəbər verdi.Məni yanına çağırdı,nə istəməyimi soruşdu.Təyinatla bağlı söhbəti açıqladım.Fikrimi açıqlayandan sonra mənə dedi ki, həyatı bilmirsən. Yazıçı üçün həyat biliyi lazımdı.Yaxşı olar ki,gedib rayonda işləyəsən. Bu sözləri eşidəndə sanki ürəyimdə bütün ümidlərim qırıldı.Davamınca dedi ki,get Sabirabada,indi orada böyük quruculuq işləri gedir. Onu da qeyd edim ki,özü həmin vaxt “Muğan”poemasını yazırdı.Dedi ki,səni maarif şöbə müdirinə tapşıraram.Deyinə-deyinə universitetə qayıtdım.Bir neçə gün sonra bizi rektorun otağına çağırdılar, təyinatla gedəcək tələbələrin siyahısını oxudular.Rektora yaxınlaşdım ki,bəs siyahıda mənim adım çıxmadı.Rektor dedi ki,səni aspiranturada saxlayırıq,ona görə adın çıxmadı.Dedim ki,Səməd Vurğunun yanında olmuşam,Sabirabada getməyimi məsləhət görür.Çoxları buna güldü ki, Sabirabada getməyi aspiranturadan üstün tutur…
SABİRABAD SƏRGÜZƏŞTLƏRİ
Beləliklə gənc kadr Sabirabada yollandı.Şəraitsizlik,çətinliklər tezliklə onu yordu.Bu yerdə içini tökməyə qələmi və duyğuları kara gəldi.İçinin hirsini, hikkəsini vərəqlərə tökdü.Şeir tezliklə dillər əzbəri oldu və xəbər məktəb müdirinə çatdı.Şikayətlər bununla da bitmədi,Maarif şöbəsinə də çatdırıldı.
Mənə dedilər ki,yerli əhali səndən şikayət edir.Artıq bu işlərdən sonra təbii ki,həmin kollektivə qayıtmaq istəmirdim.Bakıya qayıtmağım üçün Maarif müdirinə ərizəmə qol çəkməsini xahiş etdim.Səməd Vurğunun tapşırığı bu yerdə köməyimə çatdı və mən şəhərə qayıtdım.Məni oxumaq üçün M.Qorki adına Ədəbiyyat İnstituna oxumağa göndərdilər.
BİR QUCAQ KÖNÜL İNCİLƏRİ
2017-ci il,fevral ayının 12-də görkəmli yazıçının ziyarət edənlər bizlər idik- Fəridə Ləman, Məhəbbət Dəmirçiyeva,Sultanxanım Nəsibova,Solmaz Kosayeva və Venera Əsgərova.Bu,bir ürək görüşüydü,səmimiyyət görüşüydü,böyüyünə,ağsaqqalına ehtiram görüşüydü.Onun da könlünü şad etdik, bizə də xoş oldu.
Əziz dostlar, bu məqalədə Vidadi Babanlının yaradıcılığından söhbət açmadım,bir qədər fərqli bir yazı oldu.Sonda bu ŞƏHANƏ KİŞİNİN öz şeirindən bir bəndlə həmin günün unudulmaz xatirəsini yekunlaşdırıram.
Gəl öpüm ləkəsiz açıq alnından,
Ey mənim ərköyün,şəhanə könlüm.
Sən düzə düz dedin,əyriyə əyri,
Gətirmədin dilə bəhanə,könlüm!
13.02.2017
Müəllif: FƏRİDƏ LƏMAN
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında