
Bu fotoda (20 dekabr 2009 – Bakı, Qız Qalasının yanında) Namiq Hacıheydərli İçərişəhərdən Karvansarayın yanındakı dar keçiddən çıxanda uzun illər mövcud olmuş, Qız Qalasının yanında yerləşən əvvəllər “BAKI KİTAB EVİ” sonra isə “İÇƏRİ ŞƏHƏR KİTAB EVİ” adlanan məşhur kitabçı Elman dayının (Bakı şəhərinin məşhur kitabçısı Elman Mustafayev – Allah rəhmət eləsin, ruhu şad olsun…) kitab mağazasının qarşısında dayanıb. Məqamı ucadır! Anadan olduğu gündə şairi rəhmətlə anırıq. Ruhu şad olsun! Əlbəttə ruhumuz ucadır:
RUHUMUZ UCADIR
Ürək döyüntünü dinlədim bu gün,
Baş qoyub ətirli sinənin üstə.
Söz ilə, and ilə qurmuşuq düyün
Eşq ilə süslənmiş dünənin üstə…
Arada yüz dərə, yüz dəniz olsun,
Bir gün yollarımız yovuşmalıdır.
Əyər yer üzündə birləşəmməsək,
Göylərdə ruhumuz qovuşmalıdır.
Gəlsin üstümüzə kədər sel kimi,
Dünyalar yığılsın lap bizə qarşı.
Qaranlıq işığı söndürə bilməz,
Gecələr ha çıxsın gündüzə qarşı…
Bizi qorxutmayır tufan, qasırğa,
Əzablı yolları azmı getmişik?
Bəzən başımıza balta vurublar,
Yenə var olmuşuq, yenə bitmişik.
Dərəyə dartsınlar, düzə çəksinlər,
Ruhumuz ucadır, yerlərə sinməz.
Nadanlar nə bilsin Ulu Tanrının
Uca yaratdığı göylərdən enməz…
Müəllif: Namiq Hacıheydərli
Oxu: >>> Namiq Hacıheydərlinin digər yazıları
Oxu: >>>Zaur Ustac – Yolun sonunda Günəş var
İlkin mənbə: Namiq Hacıheydərli (ovqat.com)
Məlumatı hazırladı: Günnur Ağayeva
ədəbiyyatşünas-tənqidçi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI