
“Türk Dillərində Söz Yaradıcılığına Yeni Yanaşma”
Qətibə Mahmudova. “Söz yaradıcılığı (türk dillərinin materialları əsasında)” – Müasir türk dillərində söz yaradıcılığının elmi-nəzəri və koqnitiv əsasları
Qətibə Mahmudovanın 2025-ci ildə “Elm və Təhsil” nəşriyyatında çap olunan “Söz yaradıcılığı (türk dillərinin materialları əsasında)” əsəri müasir türk dillərində söz yaradıcılığını sistemli və çoxsahəli şəkildə araşdıran fundamental elmi mənbədir. 284 səhifədən ibarət olan bu monoqrafiya həm nəzəri, həm tipoloji, həm də koqnitiv aspektlərdən söz yaradıcılığını tədqiq edir və türkoloji araşdırmalar üçün zəngin material təqdim edir. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dos. Elnarə Əliyeva, baş redaktoru filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, rəyçiləri isə professor Şükrü Haluk Akalın, professor Rüfət Rüstəmov, professor Yadigar Əliyev və dosent Aygül Hacıyeva olmuşdur ki, bu da əsərin yüksək elmi səviyyəsini təsdiqləyir.
Əsərin birinci bölməsində müəllif söz yaradıcılığının dilçilikdə mövqeyini, türk dillərində söz yaradıcılığının elmi-nəzəri əsaslarını və koqnitiv yanaşmalarını təqdim edir. Burada həmçinin müasir türk dillərində funksionallaşan şəkilçi morfemlərin təsnif prinsipləri elmi əsaslarla izah olunur. İkinci bölmə müasir türk dillərində söz yaradıcılığı üsullarına həsr olunub. Fonetik, leksik-semantik, sintaktik, kalka və reduplikasiya üsulları, həmçinin məhsuldar olmayan söz yaradıcılığı metodları geniş şəkildə təhlil edilir. Bu bölmə türk dillərinin söz quruluşundakı formal dəyişikliklərin, yeni sözlərin yaranma mexanizmlərinin və leksik innovasiyaların öyrənilməsi üçün zəmin yaradır. Kitabın üçüncü bölməsində morfoloji yol ilə söz yaradıcılığı və şəkilçi morfemlərin funksionallaşması məsələlərini əhatə edir. Burada omonimlik, sinonimlik, semantik diferensiallaşma və ad bildirən düzəltmə sözlər kimi problemlər sistemli şəkildə təhlil olunur. Müəllif morfemlərin türk dillərindəki rolu və söz yaradıcılığında funksional əhəmiyyətini nümunələrlə nümayiş etdirir.
Əsərin ən əsas yeniliyi odur ki, Qətibə Mahmudova söz yaradıcılığını yalnız morfoloji və leksik yanaşma ilə məhdudlaşdırmayaraq, fonetik, sintaktik və leksik-semantik üsulları birləşdirir, həmçinin koqnitiv yanaşma tətbiq edərək sözlərin yaranma mexanizmlərini zehni və konseptual səviyyədə analiz edir. Bu, əvvəlki tədqiqatlarda yetərincə əhatə olunmamış sahələri əhatə edir və söz yaradıcılığının müasir türk dillərində sistemli şəkildə öyrənilməsinə imkan verir.
Əsərin türkologiya üçün önəmi isə çoxşaxəlidir: əsər türk dilləri arasında müqayisəli tədqiqatlar üçün zəngin material təqdim edir, yeni sözlərin formalaşması və morfemlərin funksionallaşmasını izah edir, həm də tədris və praktik dilçilikdə tətbiq oluna biləcək əlverişli elmi baza yaradır. Bu baxımdan Qətibə Mahmudovanın əsəri müasir türk dillərində söz yaradıcılığı sahəsində fundamental tədqiqat, türkoloji araşdırmalar üçün etibarlı mənbə və tədris prosesləri üçün əyani vasitə kimi dəyərləndirilir.
Dilbər Vətən qızı Camali,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Türk dilləri şöbəsinin böyük elmi işçisi fil.ü.f.d.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında