Xalid Əlimirzəyev (1932)

Xalid Əlimirzəyev

“Müəllimlər və dostlar sarıdan mən bəxtigətirmiş adamlardanam. Amma yaşımın elə vaxtıdı ki, haçansa mənə dərs demiş o gözəl müəllimlərin əksəriyyəti indi həyatda yoxdur.
Sözün düzü, o vaxt, altmışıncı illərin ikinci yarısında,mən universitetin (o vaxt bircə universitet vardı) filologiya fakültəsində oxuyanda bizə dərs deyən müəllimlərin adlarını çəksəm, uzun və şərəfli bir siyahı alınar. O siyahıdan üç nəfərin adı o vaxt tez-tez bir yerdə çəkilərdi: Xalid Əlimirzəyev, Təhsin Mütəllimov və Cəlal Abdullayev. Üçü də cavan və təxminən həmyaşıd idi.
Xalid müəllim bu “üçlüyün” görkəmcə ən boylu-buxunlusu,Təhsin müəllim ən dəblə geyinəni, Cəlal müəllim ən sadəsi və əlçatanı idi. İnsanın zahiri görkəmi ilə onun daxili aləmi, xarakteri çox vaxt bir-birinə uyğun gəlməyə bilər. Bədii ədəbiyyatda “məzmun və forma” anlayışı var. Yəni, bədii əsər məzmunca nə qədər zəngin olur-olsun, formaca sönük və maraqsızdırsa,ona bütöv, kamil əsər demək olmaz. Əgər bunu insanlara da aid eləsək, onda demək olar ki, Xalid müəllim “məzmun və formaca” ən bütöv, kamil insanlardan biri idi. Doğrudan da,zahiriylə daxili bu qədər bir-birini tamamlayan, həmahəng olan adamlar azdı.
Deyirlər ki, balacaboy adamlar həddən artıq iddialı, ambisiyalı olurlar. Və bunu deyəndə,ilk növbədə Napaleonu nəzərdə tuturlar. Ədəbiyyat aləminin də öz “Napaleonları” var.
Xalid müəllim iddialı yox, qürurlu insan idi və Allah ona qüruruna uyğun uca boy-buxun vermişdi. Onun xarakterindəki təmkin, ağayanalıq adicə yerişində, danışığında da vardı.
Xalid müəllimlə mənim münasibətimi, yəqin, iki mərhələyə ayırmaq olar;altmışıncı illərdə müəllim -tələbə, doxsanıncı, xüsusən də ikimininci illərdə dost münasibəti.
Bir cüt ədəbiyyat adamı kimi bizi doğmalaşdıran ən çox Mirzə Cəlilin yaradıcılığına və şəxsiyyətinə olan sonsuz sevgimiz idi. Xalid müəllim Mirzə Cəlil haqqında “Dahi sənətkar, böyük vətəndaş” adlı kitab da yazmışdı. Bu əvəzsiz yazıçının, demək olar ki, bütün həyatını və ədəbi-ictimai fəaliyyətini əhatə edən bu sanballı monoqrafiyanın bir qədər rəsmi görünən adı, əslində, Xalid müəllimin öz şəxsiyyəti ilə də səsləşirdi. Çünki Xalid müəllim özü də, təkcə görkəmli alim, ədəbiyyatşünas yox, həm də vicdanlı vətəndaş idi.
Şekspir deyirdi ki, dünya teatr, insanlarsa, aktyordu. Aktyor olmaqsa, roldan-rola girmək, sifətdən-sifətə düşmək deməkdi.Təəssüf ki, ən azı bu yeni tariximizdə müxtəlif insanların səhnədə yox, həyatda roldan-rola girib sifətdən-sifətə düşməyinin bir çox eybəcər mənzərələrini gördük.
Xalid müəllimin teatr haqqında kitabı da vardı, hətta özü pyes də yazmışdı. Amma roldan-rola girmək, sifətdən-sifətə düşmək ona yad idi. O, dünyaya bir sifətlə gəldi, yaşadı və getdi. Onun bir şəxsiyyət kimi bütövlüyü də bundaydı”. (Xalq şairi Ramiz Rövşən. 2017-ci il).
30 yanvar (2016-cı il) Xalid Əlimirzəyevin haqq dünyasına qovuşduğu gündür. Qarlı bir qış günündə (16 dekabr1932-ci il) dünyaya gəlmişdi. Elə qarlı-şaxtalı bir qış günündə də gözlərini əbədi olaraq yumdu. Bu fani dünyanı tərk etməmişdən üç gün öncə övladlarına yuxusunu danışmışdı: “Yuxuda görürəm ki,gözəl,uzun yallı,ağ atın belində başı qarlı dağlara tərəf çapıram. At elə bir yerdə dayandı ki, oradan yurdumun hər yeri apaydın görünürdü”.
Xalid Əlimirzəyev öz vəsiyyətinə görə Qəbələdə İsmayıl bəy Qutqaşınlının əbədi uyuduğu Soltanbaba şəhər qəbiristanlığında torpağa tapşılıb. Buradan ilin bütün fəsillərində doğma yurdunun başı dumanlı, qarlı dağları görünür…
Ruhun şad olsun, əziz Atam.

Müəllif və mənbə: Əlimirzəyeva Rəfayət

Əlimirzəyeva Rəfayətin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir