
Ot kökü üzərində bitərmi?
(esse)
El arasında daha çox işlənən atalar sözlərindən biri də “ot kökü üstə bitər!” atalar sözüdür. Bu atalar sözü adətən zahiri görünüşlə yanaşı, daha çox tərzi-təfəkkür, dünyagörüş, bacarıq və davranışda öz ata-babasına bənzəyən övlad və övladlar barədə işlənir.
Əslində xalqın atalar sözlərinə həddindən artıq qapılması, bəzi hallarda bu sözlər və məsəllərin haqqında fikirləşmədən onları dilə gətirməsi və onlara dəyişməz, həm də istisnasız “QANUN” olaraq yanaşması doğru yanaşma deyil.
Heç şübhəsiz, atalar sözü barədə dərin elmi araşdırmalar aparılmalı, onların yaranma tarixi, kimlərə mənsub olduğu və hansı mahiyyət kəsb etdiyi, xüsusilə də gündəlik həyatımıza hansı şərtlər və çərçivə əsasında aid olub-olmadığı aydınlaşdırılmalıdır. Əks təqdirdə bir millət hansısa bir atalar sözü vasitəsilə həyatda yanlış yola düşə, hansısa mövzuya yanlış münasibət bəsləyə bilər. Əslində “ot kökü üstə bitər!” atalar sözü də bu qəbil həssas mövzulara aid olan sözlərdən sayılır.
Məncə xalq arasında məşhur olan belə bir atalar sözünə dəyişməz və istisnasız bir “QANUN” kimi yanaşmaq, ona qüsursuz bir fikir kimi baxmaq yanlışlıqdır. Ağıl və düşüncə sahibləri daha yaxşı bilirlər ki, bu gün xalq arasında atalar sözü kimi məşhur olan bəzi sözlər məna baxımından məqbul sayılmır. Çünki onların bəzisi sağlam ağıl, düşüncə və vicdanla, hətta, bəzən bir çoxlarının mənsub olduğu dini təlimlərlə uyğun gəlmir.. Atalar sözü kimi məşhur olan bəzi sözlər isə namuslu və doğru-dürüst olmuş ata-babalarımızın məramına uyğun gəlmir.
“Ot kökü üstə bitər!” atalar sözü mütləq mənada tərzi-təfəkkür və davranışda öz ata-babasına bənzəyən övlad mənasında olarsa, qeyri-məqbul sözlər sırasında yer tutacaqdır.
Etiraf edirik ki, dünyaya qədəm qoyan hər bir övlad genetik və bir sıra digər xüsusiyyətlər baxımından öz ata-anası və hətta, dayısına çəkir. Məsələn qanı 1+ olan atanın övladının qanı da adətən 1+ olur. Övladlar adətən zahiri görünüş, boy-buxun, saç rəngi və s. bu kimi xüsusiyyətlər baxımından öz ata-babalarına bənzəyirlər. Həmin atalar sözünü də bu mənada məqbul saymaq olar.
Onun məqbul sayılan digər mənalarından biri də öz ata-babasına kor-koranə tərzdə itaət edən və ata-babasının tutduğu yolu araşdırmadan, həm də gözüyumulu tərzdə davam etdirən iradəsiz və səviyyəsiz insanlardır.
Bir insanın qəti şəkildə öz ata-babasının malik olduğu tərzi-təfəkkürə, davranış, dünyagörüş və baxışa malik olması əsla qəbul edilə bilməz. Çünki “faili-muxtar” (ixtiyar sahibi olan şəxs), eləcə də ağıl, düşüncə və ixtiyar sahibi olan insan heç də ağılsız və iradəsiz ot-ələf sayılmır. İnsan insandır.
İnsan ot, ələf və bitki deyil. Yalnız ot-ələf kimi insani dəyərlərə və iradəyə malik olmayanlar özlərindən asılı olmayaraq öz kökü üstə bitər…
Sağlam ağıl hökmünə əsasən, düşüncəli insan ata-babasının onun üçün təyin etdiyi yolu deyil, öz seçimi, iradəsi, ağıl və düşüncəsi ilə özünə yol seçir. Tarix boyu və yaşadığımız əsrdə bunun üçün çoxsaylı misallar və nümunələr göstərmək olar. Məsələn buna misal olaraq bir çox ateist valideynlərdən deist, dindar və dinçi övladların, bir çox dindar valideynlərdən isə ateist və azğın övladların ərsəyə gəlməsini göstərmək olar.
Həmin atalar sözünün daha çox dindarlar tərəfindən qeydsiz-şərtsiz şəkildə dilə gətirilməsi isə sözün həqiqi mənasında daha təəccüblüdür. Çünki bu atalar sözü mütləq mənası ilə bir çox dini təlimlərlə və dini baxışlara ziddir.
Əgər həqiqətən də insan öz ata-babasının tərzi-təfəkkürü və əqidəsi əsasında dünyaya qədəm qoyacaqsa və ya dünyaya qədəm qoyduqdan sonra hökmən ata-babasının tutduğu yol ilə gedəcəksə, o zaman dini inanclara əsasən, peyğəmbərlər və elçilərin göndərilməsi, səmavi kitabların nazil edilməsinin nə kimi faydası ola bilər? Yoxsa bütün bunlar yalnız cəmiyyətdə yaşayan yalnız 5-6 nəfər elit və nəcabətli ailələr üçün göndərilib?
Görən, bu atalar sözünü hər hansı bir yerdə və necə gəldi işlədən dindarlar onu Qurana görə insan tarixində ilk dəfə olaraq qan tökən və əlləri günahsız qardaşının qanına batan Qabilə, həmçinin, öz atasına qarşı çıxan və küfrü nəticəsində tufanda həlak olan həzrət Nuhun (ə) doğmaca oğluna da aid edirlərmi? Onların fikirincə bu cinayətkar və azğın övladlar da öz kökü üstə bitmişdirmi?
Görən, İslam dini zühur etdikdən sonra həzrət Məhəmmədə iman gətirib, müsəlman olanların bir ömür boyu bütpərəstlik və azğınlıqda qərq olmuş ata-babaları da onlar kimi müsəlman idimi? Görən həmin müsəlmanlar da ot kimi öz kökləri üstə bitmişdirmi?
Əzəldən azğın və bədbəxt olaraq yaradılan insanın Cəhənnəmə atılması, həmçinin, əzəldən xoşbəxt və əməlisaleh olaraq yaradılan insanın Cənnətə aparılması ilahi ədalətlə hansı dərəcədə uyğun gələ bilər? Bu, ilahi ədalətin ziddi və zülmə dəstək sayılmırmı?
Bütün bunlara görə, xalqın və xüsusilə də cəmiyyətdə söz və qələm sahibi olanların atalar sözlərinə həddindən artıq qapılmaması, istinad etdikləri atalar sözü barədə dərindən düşünməsi bir zərurətdir.
Deməli, bu fani həyatda yalnız ot-ələf kimi ağılsız, iradəsiz və səviyyəsiz insanlar öz kökləri üstə bitirlər. Çünki belələri həyatda özləri üçün doğru və düzgün yol seçməyə qadir deyillər. Belələri həyatda cəhalət və səfillik içində yaşayır və öz insani dəyərlərini başqalarının fikir və baxışına qurban verirlər. Düşüncəli və səviyyəli insanlar isə öz ata-babalarının getdiyi yolu və tutduğu mövqei təhlil edərək yalnız onların dəyərli və düzgün işlərinə tabe olur, bununla da özlərinə daha doğru və bəzən fərqli həyat yolu seçirlər…
Müəllif: İlqar İsmayılzadə
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında