
MƏN ƏSGƏR ATASIYAM!
Şeirim süngü, sözüm güllə,
Uzaq gördüm bu mənzillə,
Ey dostum, tanışım dinlə
Mən əsgər atasıyam!
Yağış, külək yel mənimdir,
Bu torpaq, bu el mənimdir,
Araz boyda sel mənimdir,
Mən əsgər atasıyam!
Damağı çağ gedib-gəlsin,
Aran, ya dağ gedib- gəlsin,
İnşallah sağ gedib-gəlsin,
Mən əsgər atasıyam!
Qaynaram, coşan adamam,
Nəğmələr qoşan adamam,
Sözlə vuruşan adamam,
Mən əsgər atasıyam!
Yaşamışam yetən üçün,
Yol olmuşam itən üçün,
Böyütmüşəm Vətən üçün,
Mən əsgər atasıyam!
Nəhmətim gözümün odu,
Sevincim dünya boydadı,
Elcanım verdi bu adı,
Mən əsgər atasıyam!
Müəllif: İqbal Nəhmət
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında