Zərdabi yadigarı – Səfvət bəy Məlikov

Zərdabi yadigarı – Səfvət bəy Məlikov

Məzarının yeri soydaşlarına, hətta ailəsinə belə bəlli olmayan, naməlum taleyin burulğanlarında sovrulan Zərdabi yadigarı – Səfvət bəy Məlikov.
Həsən bəy Zərdabinin oğlu Səfvət Məlikov haqqında Azərbaycan xalqı – alimlərimiz, ziyalılarımız, tədqiqatçılarımız uzun illər məlumatsız idi. Bir çoxları elə bu gün də məlumatsızdır…
O, böyük maarifçi Həsən bəyin dörd övladının üçüncüsü idi. 1898-ci ildə doğulan Səfvət Zərdabi 1917-ci ildə Latviyada Riqa Politexnik Universitetinə daxil olub, daha sonra təhsilini Almaniyada davam etdirərək mühəndis ixtisasına yiyələnib. Onun adı Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində olsa da, naməlum səbəblərdən konfransa qatıla bilməyib. Səfvət Zərdabi 1921-ci ildə ölkəmizi tərk edib və bir daha geri qayıtmayıb. Türkiyədə yaşayan Səfvət Zərdabi mühacirət mətbuatının formalaşmasında yaxından iştirak edib, “Türk izi” və “Mücahid” dərgilərində siyasi-publisistik yazıları dərc edilib. 1952-ci ildə Ankarada yaradılmış Azərbaycan Milliyyətçilər Dərnəyinin qurucularından olub. Ankaranın memarlıq-quruculuq işlərində böyük rolu olan Səfvət Zərdabinin şəkli Türkiyə memarlıq muzeyində qorunur.
1976-cı ildə vəfat edən Səfvət Zərdabinin məzarı uzun illər, təxminən, 50 il naməlum qalmışdır. 2016-cı ildə görkəmli tədqiqatçı Akif Aşırlının zəhməti ilə məzarın yeri müəyyən edilmiş və Səfvət bəy haqqında bir çox faktlar ictimaiyyətə təqdim edilmişdir. Belə ki, onun məzarı Ankaranın Karşıyaka məzarlığında həyat yoldaşı Nəzihə xanımın məzarının yanında tapılmışdır.
Bəzi dərgilərdə Səfvət Zərdabinin ömrünün sonlarına yaxın yazdığı tərcümeyi-hal, fotoları və məqalələri dərc olunub. Onun mühacirətdə yazdığı məqalələrin bir qismi Akif Aşırlının “Həsən bəy Zərdabinin varisi” kitabında yer alıb. Bütün bunlara rəğmən Səfvət Zərdabinin vəfatı və dəfni ilə bağlı təfsilatlı məlumatlar əldə etmək mümkün olmayıb. Lakin Akif Aşırlı ümidlərini itirməyərək araşdırmalarını davam etdirib. Mücahid soydaşımızın məzarını tapmaq üçün hər dəfə Türkiyəyə gedəndə məzarlıq müdirlikləri ilə maraqlanıb. Məzarı əvvəl İstanbulda axtarsa da, sonra buna Ankarada qərar verib. Onun sözlərinə görə, Ankarada Əsri məzarlığında aldığı məlumatdan sonra məzarı tapa bilib: “Ankaraya səfərlərimin birində Əsri məzarlığına – Məmməd Əmin Rəsulzadənin də məzarı olan yerə getdim. Maraqlandım, arxivi araşdırdılar, 1976-cı ildə həmin məzarlıqda Səfvət Məlik Zərdabi adlı şəxsin dəfn olunmadığını bildirdilər. Lakin mənə məlumat verdilər ki, elə Ankarada yerləşən Karşıyaka məzarlığında Nəzihə Məlik Zərdabi adlı bir nəfərin qəbri var. Elə bunu eşidər-eşitməz, ora yola düzəldim…”
Beləliklə, bir neçə illik araşdırmadan sonra Səfvət Zərdabinin Ankaranın Karşıyaka məzarlığında dəfn edildiyi aşkarlandı. Onun məzar daşının üzərində “Azerbaycan eşrafından Hasan beyin ve Hanife hanımın oğulları Safvet Melik Zerdabi. Ruhuna fatiha. 1898 – 1976” sözləri yazılıb.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir