Firuzə Bisavad İslamqızı Ələsgərli – Bacı

BACI

(Bacım Pakizər xanımın əziz xatirəsinə ithaf edirəm)

Geri qayıdaydı – dönəydi zaman,
Kaş görəydim səni bircə an, bacı.
Qız-gəlinə toy paltarı biçəydin,
Açılaydı nur üzünə dan, bacı…

Vəsfini söyləsəm, heç gəlməz saya…
Pak idin, halaldan tutardın maya.
Bütün el ağlayır, deyir: – dünyaya
Gəlməz, Pakizərtək bir insan, bacı.

Xatırladım fələyin kəc oynunu:
Təkbaşına təkan verib çiynini;
Faciədən xilas etdin qaynını…
Sayıldın mahalda qəhrəman, bacı.

Bir yetimə yazılmışdı qismətin;
Qoşalaşıb, çəkərdin hər zəhmətin.
Yerindəydi abır-həya, ismətin,
Həlim xasiyyətli, mehriban bacı.

Yanar idin kimsəsizlər oduna;
Fərq qoymazdın qohumuna, yadına.
Pay tutardın uşaq, böyük adına;
Getdi bir də gəlməz o dövran, bacı…

Hatəm süfrəliydin, əlisəxalı,
İlqarına düzgün, əhdə vəfalı.
Bəyzadə geyimli, atlas yaxalı,
Min bir rəng çalardı zər-xaran, bacı…

Ata-ana bəxşişiydi bu cüt zər;
Pəhləvan Ələsgər, xanım Pakizər.
Sizsiz keçməz idi heç bir xeyir-şər;
Türfə tutuldunuz hər zaman, bacı.

Gəncliyindən qazanmışdın hörməti,
Bir kimsədən götürməzdin minnəti.
Sirr saxlayar, ünə salmaz zilləti;
Görünməzdin halı pərişan, bacı.

Səhər alaqaranlıqdan durardın,
İşlərini səhmanlayıb, qurardın.
Ev-eşiyə bəzək-düzək vurardın,
Adlanardın “Alıcı tərlan”, bacı.

Bircə çeşid yayınmazdı gözündən;
Yenisini kəşf edərdin özündən.
Ürək qırmaz, heç çıxmazdın sözündən,
Üz döndərib qohum, nə yaddan, bacı.

Nə çətin iş olsa, sinə gərərdin;
Yolçuluqda yoldaşını yorardın.
Dəstgah açıb, açıq süfrə sərərdin;
Usanmazdın belə bir addan, bacı.

Yarına həm yoldaş, həm qardaşıydın,
Mərəkələr, məclislərin başıydın.
Bahalıydın, üzüyünün qaşıydın,
Səni gəzdirərdi bir sultan, bacı…

Yuva qurmuşdunuz dişlə-dırnaqla;
Fərhad biləklərlə, külüng barmaqla.
Ruziniz qaynardı çeşmə-irmaqla;
Mayan yoğrulmuşdu halaldan, bacı.

Ac yola salmazdın heç bir qonağı,
Üzünə çıxmışdı qəlbinin ağı…
Aran-Turan gəzən səsi-sorağı
Yayılmış, dillərdə bir dastan bacı.

Örnəkdi, yuduğun paltarın ağı;
Nizamla yığdığın tütün yarpağı…
Müqəddəs yurdumuz Göyçə torpağı,
Cəm olmuşdu səndə hər nişan, bacı.

On iki övladın altıdan biri,
Cənnəti-əlada tutarsan yeri.
Sən tək yaranmışdın, mələk, ya pəri,
Gəl, salma özündən bizi gen, bacı.

Elə bilirdim ki, arxamda dağdın,
Sənə söykənirdim, neçə ki, sağdın,
Nə tələm-tələsik köçünü yığdın..,
Niyə etibarsız çıxdın sən, bacı?!

Ürəkli böyütdün balalarını,
Tutdun xoş diləkli arzularını…
Aslan nəvən düşkün etdi yarını,
Bulmadı dərdinə bir dərman, bacı…

Könlündən keçirmiş, gələsən bizə,
Bəlkə qışdan ötüb, çıxasan yaza.
Yar ola bilmədim sən əlacsıza,
Bağışla, etmədim heç mehman, bacı.

Bilmirdinmi, mənim günüm necədi?!
Gecəm zülmət, gündüzüm də gecədi.
Arzum çoxdu, istədiyim bircədi;
Çəkiləydi başım üstdən çən, bacı.

Türfə nəvən qırmasaydı dizini,
Hərlənərdin, girələrdin özünü…
Xoş yaşardın qalan ömrün azını;
Gündə keçirməsən həyacan, bacı.

…Təzə görən elə bildi beləydin:
Köçü gedən, yurdu ağlar Lələydin.
Ta demirlər, sərraf gözdə giləydin,
Əzəlin olmuşdu bir meydan, bacı.

Ayrılığın bizə çətindən-çətin,
Söylənir hər yerdə xətir-hörmətin.
Vardı boynumuzda haqqın, zəhmətin,
Əziz tutulacaq xatirən bacı…

Cənnət məkanlı ol, üzün ağ olsun!
Oğlun, qızın, əzizlərin sağ olsun!
Rəhmət diləsinlər, gözəl çağ olsun,
Özün köçdün, yurdun olsun şen, bacı!

Astan dözmür, deyir: – mən də köçəydim;
Ölüm şərbətini birgə içəydim;
Öz əlimlə kəfənimi biçəydim…
Hey ağlayır, belə keçir gün, bacı…

Kim istərdi, bu dünyadan doyasan…
Yalvarıram, istəyimi duyasan,
Firuzəni bircə dəfə öyəsən,
Can deyəndə, bir deyəsən: – can, bacı!
04.02.2026

Müəllif: Firuzə Bisavad İslamqızı Ələsgərli

ARAZ YAQUBOĞLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir