
POEZİYADA FƏLSƏFİ DÜŞÜNCƏ VƏ ONUN BƏDİİ TƏCƏSSÜMÜ
(Tural Cəfərlinin “Elə ki darıxdın” şeirlər kitabı haqqında qeydlər)
Hər bir ədəbi təhlil öncə obyektivliyini qoruyub saxlamalıdır. Bu mənada ədəbi tənqidin üzərinə böyük iş düşür. Çağdaş poeziyamızın gənc və istedadlı nümayəndəsi, şair, publisist Tural Cəfərlinin yeni çap olunmuş “Elə ki darıxdın” adlı şeirlər kitabını oxuyandan sonra ilk qeydlərimi elə müəllifin özünə bildirdim. Demədiklərimi isə oxuculara yazı ilə çatdırmaq istədim.
Ədəbiyyat, həmçinin poeziya həyatın özüdür, yaşamın duyğularla təsviridir, hisslərin sözlə ümumiləşdirilməsidir. Tural Cəfərlinin “Elə ki darıxdın” adlı kitabında yer alan şeirləri oxuyanda təkcə poetik əhval-ruhiyyədə qalmaq olmur. Müəllifin həyata, insanlara, təbiətə olan “baxış bucağı” yenidir, fərqlidir və daha çox fəlsəfidir. Tural Cəfərlinin şeirlərində hisslərin ifadəsi sadə dillə çatdırılır, konkretlik ön plana keçir, oxucu dərin məna axtarışlarına cəlb olunur, müəllifin şeirlərində həyatı araşdırmağa, öyrənməyə imkan tapır.
Şair yazdıqlarından öncə yazmadıqları haqqında düşünməlidir. Bu zaman onun nə istədiyi və nə istəmədiyi daha aydın olur. Bu baxımdan müəllif nə istədiyini yaxşı bilir, oxucunun da nə istəmədiyini dəqiq anlayır. Çünki şairin yazdığı şeirlərdə oxucunun yeri və rolu çox önəmlidir. Tural Cəfərli oxucuları reallıqla qarşılaşdırmaqdan çəkinmir. Həmçinin xəyalən getdiyi yerləri oxucular üçün daha təbii və canlı təsvir etməyə çalışır:
Elə ki darıxdın, heç kimə demə,
Bir az xəyal götür, özünlə danış.
Yığıb bir araya xatirələri,
Sahildə oturub dənizlə danış.
Tural Cəfərli çağdaş poeziyamızda “darıxmaq” anlayışına fərqli yanaşır. O, darıxmağın fəlsəfəsinə diqqət çəkmək istəyir. Şair müasir insanın darıxdığı zaman təbiətlə qarşılaşmağa, özünə üz tutmağa və beləliklə nə üçün darıxdığını anlamağına kömək edir. Özünlə danışan adam əslində həqiqətlə tanış olur. Həqiqət isə hər kəsin öz içindədir. Sadəcə olaraq içindəki dünyanı tanımaq və onu kəşf etmək lazımdır:
Danış, ürəyini boşalt beləcə,
Ləpələr dərdini yuyub-aparsın.
İçində sızlayan yaralarını
Külək yarpaq kimi bir-bir qoparsın.
Külək və dəniz, xatirələr və yaralar, keçmiş və gələcək, inam və ümid… Tural Cəfərli küləyin, dənizin və ümidin fonunda insanı mərkəzə gətirir. Bütün baş verənlərin mərkəzində insan dayanır. Ümidin insan həyatına təsiri də şeirdə aydın görünür:
Uzaqdan əl edib özün-özünə,
Hamını bir axşam bağışla getsin.
Gözündən asılan yorğun baxışlar,
Son dəfə islanıb yağışla getsin.
Tural Cəfərli yaradıcılığında “bağışlamaq” və “bağışlanmaq” ifadələrinə tez-tez rast gəlinir. Bu da onun həyata və dünyaya baxışını, yanaşmasını anlamaq üçün ipucu verir. Hamını bağışlamaq-bəlkə də hamıdan uzaqlaşmaqdır, yaxud hamını anlamaqdır. Uzaqlarda özünü görmək, özünə kənardan baxmaq, özünlə vidalaşa bilmək, nələrisə dəyişmək və yeni görüşlərə sahib olmaq… Və yağış… Yağışın yorğun baxışları yuyub aparması… Şair sonuncu bənddə dünyanın faniliyini, zamanın su kimi axıb getdiyini və yaşananların bir daha olduğu kimi yaşanmayacağına işarə edir…
Həyata bir az fəlsəfi yöndən baxsaq, ölümün nə qədər vacib və zəruri olduğunu dərk edərik. Ölüm nədir?-sualı insanı hər zaman düşündürüb. Şairləri də həmçinin Tural Cəfərli “Mən də” şeirində ölümün fəlsəfəsini belə izah edir:
Gördüm ki, ağlayan yoxdur halıma,
Başladım halıma gülməyə mən də.
Əbədi deyiləm, arxayın olun,
Dünyaya gəlmişəm ölməyə mən də.
Bəzən halımıza ağlayanımız olmur, bu vaxt anlayırık ki, bəlkə də halımıza ağlamaq yox, elə şükr etməli, sevinməli, gülməliyik. Tural Cəfərli halına ağlayanın olmadığını görüb, halına şükr etməli olduğunu, sevinməli olduğunu bildirir. Daha sonra isə ədəbi olmadığını və bununla da həyatın faniliyini yada salmış olur. Şeirin növbəti bəndlərində həyat təcrübəsindən doğan prinsiplərə, hərəkətlərə və addımlara diqqət çəkir. Duyğunu obyektiv gerçəkliklə qarşılaşdırır, həqiqətin inikasını təsvir edir:
Dünənki qəmimi sabah bildilər,
Susdum, sükutumu bir ah bildilər.
Savab işimi də günah bildilər,
Başladım onları silməyə mən də.
Sükütun mahiyyətinə varan şairin sonuncu bənddə oxucuya çatdırmaq istədiyi bir mesaj var: Bəzən yanlış anlaşılmaq təhlükəli deyil, ümüumiyyətlə anlaşılmamaq da olar, ancaq özünü anlamaq və özünü dinləmək daha çox önəmlidir.
Şair burada sükutu sadəcə susmaq kimi deyil, daxili dialoq, ruhunu dinləmək, özünə dönüş və mənəvi aydınlanma vasitəsi kimi təqdim edir. Sonuncu bənddə verilən əsas fikir budur ki, insan daim başqalarının onu anlamasını gözlədikcə öz daxilindən uzaqlaşa bilər. Cəmiyyət tərəfindən qəbul olunmaq, təsdiq edilmək və anlaşılmaq istəyi təbiidir, lakin bunlardan daha vacibi insanın özünü tanıması, hisslərini dərk etməsi və iç səsinə qulaq asmasıdır.
Bəzən insanı hamı başa düşməyə bilər, hətta heç kim anlamaya da bilər. Amma insan özünü anlayırsa, daxili rahatlığını qoruyursa, bu daha zəruridir, daha mənalıdır.Tural Cəfərli oxucuya demək istəyir ki, həqiqi səssizlik kənardakı səs-küyün dayanması deyil, insanın öz içində dinclik tapmasıdır. Özünü dinləyən insan həm həyatı, həm də öz varlığını daha dərindən dərk edir…
“Elə ki darıxdın” kitabında müəllifin dünyagörüşü oxucuya müəyyən istiqamətlər verir. Bu istiqamətlər həyatın müxtəlif sahələri ilə bağlıdır. Həmçinin müəllif oxucuya qarşılaşa biləcəyi çətinliklərə necə fərqli münasibət göstərə biləcəyini maraqlı tərzdə təqdim edir:
Ay mənim yoluma daş düzən adam,
Nə gözəl etmisən, daşına şükür.
Ayağım bərkidi sənin sayəndə,
Düşünən beyninə, başına şükür.
Bu şeirdə müəllif həyatdakı maneələrə adi insanlardan fərqli rakursdan baxır. Adətən insanın yoluna daş düzən, ona əngəl törədən şəxs mənfi obraz kimi qəbul olunur. Lakin şair burada həmin maneəni nifrətlə deyil, təşəkkürlə qarşılayır. Bu yanaşma müəllifin həyat fəlsəfəsində hadisələrə müsbət yanaşmağın zəruruliyindən xəbər verir. “Düşünən beyninə, başına şükür” deyən müəllif həm qarşı tərəfin davranışını düşündürücü hesab edir, həm də yaşananlardan nəticə çıxarmağın vacibliyini vurğulayır. Şair demək istəyir ki, hər çətinlik insanı müxtəlif formada böyüdür. Necə böyümək, yaxud da inkişaf etmək isə insanın baxış bucağından asılıdır…
Sənin sağlığına, həmin daşları,
Yığıb mən özümə ev düzəltmişəm.
Sonra nağıllarda olduğu kimi,
Səninçün qorxulu div düzəltmişəm.
Bəzən qarşılaşdığımız çətinliklər bizi irəli aparır, daha da uğurlu edir, bəlkə də hansısa məqamda bunun fərqinə varmırıq, yaxud da hadisənin mahiyyətini varmaqda gecikirik. Müəllif oxucuya çətinliklərdən özünə rahatlıq tapmağın yolunu göstərir.
Ay mənim yoluma daş düzən adam,
Daş saxla, nə vaxtsa satarsan mənə.
Bir gün əlindəki qalan daşları
Günahsız olanda atarsan mənə.
Şeirin sonuncu bəndində müəllif məşhur bir deyimə göndərmə edir: “İlk daşı günahsız olan atsın.” Bu göndərmə vasitəsilə şair insanın başqalarını mühakimə etməzdən əvvəl öz vicdanına və davranışlarına nəzər salmalı olduğunu xatırladır.
Burada əsas mesaj budur ki, insanlar çox zaman öz qüsurlarını görmədən başqalarının yanlışlarını böyüdürlər. Müəllif oxucuya ədalətli, mərhəmətli və vicdanlı olmağı tövsiyə edir. Başqasını qınamaq asandır, lakin özünü dəyərləndirmək daha çətindir.
“Elə ki darıxdın” şeirlər kitabı müəllifin on beş ildən sonra nəşr olunan ikinci şeirlər kitabıdır. Aradan ötən on beş ildə Tural Cəfərli oxucuların qarşısına özünəməxsus ədəbi düçüncəsi ilə, fərqli poetik yanaşması ilə çıxıb. İnanıram ki, müəllifin yeni kitabı ona uğur gətirəcək, oxucuların inamını və sevgisini qazanacaqdır.

Vahid Əlioğlu
AYB-nin üzvü, şair, Prezident təqaüdçüsü