www.bitik.az tərəfindən yazılmış bütün yazılar

“TƏXƏYYÜLÜN SƏNƏT DÜNYASI” – RƏNG, MUSİQİ VƏ YARADICILIĞIN VƏHDƏTİ

“TƏXƏYYÜLÜN SƏNƏT DÜNYASI” – RƏNG, MUSİQİ VƏ YARADICILIĞIN VƏHDƏTİ
30.08.2026-cı il tarixində Türk Dünyası Rəsm Qalereyasında “Təxəyyül Art Group”un təşkilatçılığı və Azərbaycan Xalçaçıları İctimai Birliyinin dəstəyi ilə sənətin müxtəlif istiqamətlərini bir araya gətirən möhtəşəm genişmiqyaslı yaradıcılıq tədbiri keçirilib.
Sənətsevərləri, rəssamları, mədəniyyət və incəsənət xadimlərini bir araya gətirən tədbir özündə rəngkarlıq, musiqi, rəqs və milli geyim sənətini birləşdirərək fərqli sənət istiqamətləri arasında yaradıcı dialoq yaradıb.
Tədbir “Təxəyyül Art Group”un yaradıcılıq fəaliyyətinin, həyata keçirdiyi layihələrin və sənətə verdiyi töhfələrin təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyıb.
Sənət dünyasına açılan
tədbirin açılışında Türk Dünyası Rəsm Qalereyasının direktoru Məzahir Rüstəmov, “Təxəyyül Art Group”un rəhbəri, xalçaçı-rəssam Natiq Nəcəfzadə, “Təxəyyül Art Group”un rəhbər müavini, rəssam-qrafik dizayner Vüsalə Yunusova çıxış edib, sənətin cəmiyyətdə birləşdirici rolu, yaradıcı insanların qarşılıqlı əməkdaşlığının əhəmiyyəti və Azərbaycan incəsənətinin təbliği istiqamətində həyata keçirilən layihələrin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində “Təxəyyül Art Group”un keçdiyi yaradıcılıq yolu, təşkil etdiyi sərgilər və həyata keçirdiyi layihələri əks etdirən xüsusi videoçarx nümayiş olunub.
Tədbirin fəxri qonaqları sırasında Azərbaycan incəsənətinin tanınmış nümayəndələri yer alıb.
Xalq rəssamı, professor Arif Əziz, Alaş mükafatı laureatı Əkbər Qoşalı, Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri professor Tarek M. Aboul Fotouh, AZMİU-nun dosenti Gülağa Ələsgərov, miniatür rəssamı Pəri Miniatür, İncəsənət Gimnaziyasının müəllimləri, rəssamlar İlqar Əkbərov, Qənirə Əsgərova, Günay Əsgərova tədbirdə çıxış edərək sənətin inkişafı, yaradıcılıq təşəbbüsləri və mədəni əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
“Təxəyyülün izi” – hər fırçada bir imza kollektiv rəsmin ərsəyə gələrək
tədbirin ən yaddaqalan məqamlarından biri olub.
Böyük kətan üzərində keçirilən performansda fəxri qonaqlar, rəssamlar və tədbir iştirakçıları birlikdə rəsm çəkərək öz yaradıcılıq izlərini qoyublar.
Performansın başlanğıcını Xalq rəssamı, professor Arif Əziz verib. Onun kətan üzərinə vurduğu ilk fırça toxunuşu sonradan digər iştirakçıların yaradıcılıq izləri ilə tamamlanaraq kollektiv sənət əsərinə çevrilib.
“Təxəyyülün izi” performansı fərqli sənət düşüncələrinin bir kətan üzərində birləşməsini və sənətin insanları vahid yaradıcılıq ideyası ətrafında bir araya gətirmək gücünü nümayiş etdirib.
Musiqi, rəqs və rənglərin harmoniyası tədbirin bədii proqramının rəngarəngliyi ilə də seçilib.
Beynəlxalq mükafat laureatı, Xalq artisti Fidan Hacıyevanın tələbəsi, vokal ifaçısı Aynur Yunusova və Vüsalə Yunusovanın piano ifasında Azərbaycan bəstəkarı Niyazinin “Arzu” romansı səsləndirilib.
Zəhra Alıyeva “Şuşanın dağları” rəqs nömrəsini təqdim edib.
İncəsənət Gimnaziyasının müəllimi, rəssam Günay Əsgərova isə “Məhəbbət çırağı” musiqi nömrəsi ilə çıxış edib.
Tədbirdə müasir təqdimatda milli geyim sənətinə də xüsusi yer ayrılıb.
Modelyer rəssam Vüsalə Əsədovanın “Azərbaycan bayrağı” adlı geyimi milli və müasir üslubun sintezini, Azərbaycan bayrağının rənglərinin estetik ifadəsini və sənətlə modanın vəhdətini Cəmilə Əsgərova model olaraq nümayiş etdirib. Eləcə də modelyer İlahə Sadıqovanın “Bakı” və “Şuşa” adlı milli geyim nümunələri də təqdim olunub.
Daha sonra qrup müavini rəssam-dizayner Vüsalə Yunusova özünün “Meksika rəqsi” adlı əsərini Məzahir Rüstəmova hədiyyə edib.
Tədbirin sonunda qonaqlar sərgidə nümayiş olunan sənət əsərləri ilə tanış olub, rəssamlarla ünsiyyət qurub, əsərlər haqqında fikir mübadiləsi aparıblar.
Sənətsevərlər üçün bu hissə rəssamlarla birbaşa ünsiyyət qurmaq, onların yaradıcılıq dünyası ilə yaxından tanış olmaq baxımından xüsusi maraq doğurub.
Tədbir fotoqraf Nofəl Ümid və videooperator Sərvər Kamranlının xatirə olaraq yaddaqalan çəkilişkəri ilə yekunlaşıb.
“Təxəyyül Art Group” yaradıcılığın yeni ünvanı “Təxəyyülün Sənət Dünyası” yalnız sərgi deyil, sərhədləri aşa bilən müxtəlif sənət sahələrinin bir platformada görüşdüyü yaradıcı bir mədəniyyət layihəsi kimi yadda qalıb.
Tədbir bir daha göstərib ki, sənət yalnız kətan üzərində deyil, musiqidə, rəqsdə, geyimdə, söz və insan münasibətlərində də öz ifadəsini tapır.
“Təxəyyül Art Group”un əsas məqsədi də məhz bu yaradıcılıq müxtəlifliyini bir araya gətirmək, rəssamların və digər sənət sahələrinin nümayəndələrinin əməkdaşlığı üçün yeni imkanlar yaratmaq və Azərbaycan incəsənətini daha geniş auditoriyaya təqdim etməkdir.

“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!

Məqaləni hazırladı: Vüsalə Yunusov

Foto: Nofəl Ümid

Video: Sərvər Kamranlı

Saytlarda yerləşdirdi: Cəmilə Əsgərov Zaur Ustac

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir uğurlu layihənin hesabatı

Bir uğurlu layihənin hesabatı
Bu gün doğma Cəlilabad rayonu və onun ədəbi mühitindən əlavə, respublika səviyyəsində və bəzən ölkə hüdudlarından kənarda öz parlaq imzası ilə tanınan bir sıra qələm sahibləri var. Onlardan bəzisi təkcə bir sahədə deyil, eyni zamanda bir neçə sahədə öz peşəkarlığı ilə xidmət göstərir və bir-birindən dəyərli əsərlər yaradaraq, gözəl layihələrə imza atırlar. Heç şübhəsiz, onlardan biri də ədəbiyyat, ilahiyyat, tərcümə, tarix və jurnalistika kimi sahələrdə söz və əsər sahibi olan dəyərlimiz İlqar müəllim İsmayılzadədir.
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, tanınmış yazıçı-publisist, teoloq, araşdırmaçı və tərcüməçidir. O, yerli ədəbi mühiti canlandıran və Cəlilabadın tarixi adını daşıyan “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktorudur.
İlqar İsmayılzadə elmi-fəlsəfi araşdırmaları, publisistik yazıları və təmənnasız ictimai fəaliyyəti ilə Azərbaycan və Türk dünyası ədəbi mühitində özünəməxsus yer tutan dəyərli ziyalılardan biridir. O, həm də cəmiyyətdə milli-mənəvi və xeyirxahlıq dəyərlərini təbliğ edən aktiv bir mətbuat nümayəndəsidir.
Doğma elimizin yazıçı-publisisti öz elmi araşdırmaları, tərcümələri və publisistik yazıları ilə ölkənin ictimai-mədəni həyatında və ədəbi mühitində fəal iştirak edir, gənc nəsillərin maariflənməsinə öz töhfəsini verir. Onun əsərləri və məqalələri oxucular tərəfindən rəğbətlə qarşılanır.
Cəlilabad ədəbi mühitinin formalaşmasında, o cümlədən xanım yazarların, gənc və yaşlı istedadların aranıb üzə çıxmasında və cəmiyyətə tanıtdırılmasında İlqar İsmayılzadənin danılmaz xidmətləri var. Əslində mənim də mənsub olduğum doğma Cəlilabadda və Cəlilabad ədəbi mühitində tanınmağıma səbəbkar İlqar İsmayılzadə olmuşdur…
Təbii ki, bir yaradıcı qələm sahibi olaraq bu mövzuya biganə yanaşa bilmədim və beləliklə də ədəbi mühitimizin və doğma elimizin bu dəyərli simasını dəyərləndirmək, eyni halda ziyalılar və qələm sahibləri arasında səfa-səmimiyyətin genişlənməsinə dəstək olmaq məqsədi ilə bir ədəbi-ictimai layihəyə başladım. Bu il 22.07.2026 tarixindən etibarən Cəlilabad ədəbi mühitinin nümayəndələri ilə başladığım “Səmimi sətirlər çələngi” adlı layihənin əsas məqsədi fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları və “Əsrin yazarı” medalı laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadənin bir ziyalı kimi Cəlilabad rayonu, eləcə də Cəlilabad ədəbi mühitinə və Azərbaycan xalqına göstərdiyi təmənnasız yaxşılıqlarını dəyərləndirərək, ona olan təşəkkür borcumuzu və səmimi sevgimizi bildirmək idi.
Bu lahiyədə ilk olaraq Cəlilabad ədəbi mühitinin nümayəndələri və ziyalılarının öz ziyalı aliminə olan ürək sözləri yer alıb. Layihənin davamında isə ölkənin digər rayon və bölgələrindən olan, eyni halda İlqar İsmayılzadə yaradıcılığı ilə yaxından tanış olan, həmçinin, “Həməşəra” mətbu orqanın rəsmi Facebook səhifəsini izləyən digər bölgə ziyalılarımızın da ürək sözləri və düşüncələri təqdim edilmişdir.
Ümumiyyətlə, 46 nəfərin yer aldığı layihədə dəyərli İlqar müəllim haqqında ən yüksək fikirlər yer alıb. Bu layihə əsasında İlqar müəllimi bir daha yenidən tanıyıb sevdik.
Dəyərlimiz İlqar müəllim, bütün yaxşı nə varsa, gözəl nə varsa, hamısına layiq olan bir şəxsiyyətdir. Şəxsən mən ilk öncə belə bir şəxsiyyətin varlığına görə Ulu Tanrıya şükür edir, sonra isə hər zaman yanımda olub bu layihəyə qoşulan hər kəsə səmimi qəlbdən minnətdarlığımı bildirirəm!
Layihənin icra edildiyi müddət ərzində müraciət etdiyim insanların ilk cümləsi: “İlqar müəllim haqqında böyük məmnuniyyətlə ürək sözlərimi deyərəm”, “İlqar müəllim haqqında canla-başla yazaram” və “Gözüm üstə, yazaram” sözləri oldu. Mən də layihə müəllifi olaraq ona olan bu sevgini gördükcə, bir daha sevindim və qürur hissi keçirdim. Əslində insanların ürəyində yer qazanmaq asan məsələ deyil. Mən həmin layihə çərçivəsində anladım ki, İlqar müəllim böyükdən kiçiyə qədər hər kəsin qəlbində bu zirvəni qazanmış bir ziyalıdır.
Layihə icra olunarkən eyni halda 2 həftə boyu ardıcıllıqla “Həməşəra” mətbu orqanının rəsmi Facebook səhifəsində yüksək səviyyədə və xüsusi bacarıqla yayımlandı, minlərlə insanın dəstəyi və rəğbətini qazana bildi.
Sonda fürsətdən istifadə ediib, hər birimizin əzizi olan İlqar müəllimə hər zaman insan ürəyinin və yaradıcılığın ən ali zirvəsində olmağı arzulayıram! Ulu Tanrı sizə hər zaman zirvədə olan gözəl və sağlam ömür nəsib etsin!

31.08.2026

MüəllifAtlaz RZAYİ
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair

ATLAZ RZAYİNİN YAZILARI

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Robert Louis Stevenson – Xəzinələr adası

Robert Louis Stevenson
XƏZİNƏLƏR ADASI

Əvvəli: Robert Louis Stevenson – Xəzinələr adası

III FƏSİL

… məlumat yazılır

Ardı:

Müəllif: Robert Louis Stevenson

İngilis dilindən tərcüməZaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sədulla Şirinovun yaradıcılığı haqqında – birinci yazı

QƏM MƏŞƏLİNİN İŞIĞINDA
(“Sönməyən qisas” haqqında)
Salam olsun, çox dəyərli oxucum! Ədəbiyyat yalnız söz sənəti deyil. Ədəbiyyat həm də yaddaşdır, vicdandır, zamanın şahididir. Yazıçı bəzən bir hadisəni nəql etməklə kifayətlənmir, həmin hadisənin insan yaddaşında yaratdığı izləri, mənəvi nəticələri, cəmiyyətə verdiyi sualları da gələcəyə daşıyır. Bu mənada Sədulla Şirinovun yaradıcılığına nəzər saldıqda qarşımıza ilk növbədə insanı düşündürmək, keçmişlə bu gün arasında mənəvi bağ yaratmaq, milli yaddaşı qorumaq və cəmiyyətin ağrılı problemlərinə sözün gücü ilə münasibət bildirmək istəyən bir qələm sahibi çıxır.
Bu baxımdan yazıçının 2024-cü ildə işıq üzü görmüş “Sönməyən qisas” kitabı xüsusi diqqət çəkir. 176 səhifəlik nəşrə bir povest və səkkiz hekayə daxil edilib. Kitab müəllifin dördüncü kitabıdır. Nəşrin redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi və publisist Vaqif Osmanlıdır. Kitab haqqında redaktor təqdimatında da vurğulandığı kimi, Sədulla Şirinov zamanın burulğanlarında cərəyan edən ictimai-siyasi hadisələrə və xalqımızın mənəvi dünyasının müxtəlif tərəflərinə öz baxışı ilə yanaşan, keçmişimizlə bu günümüz arasında mənəvi körpü yarada bilən qələm sahiblərindəndir.
“Sönməyən qisas”ı oxuduqca aydın görünür ki, burada söhbət yalnız qisasdan getmir. Əsərin adı oxucunu ilk baxışdan intiqam, qarşıdurma və düşmənçilik anlayışlarına yönəltsə də, kitabın ümumi fəlsəfəsi daha genişdir. Buradakı “qisas” həm də yaddaşın qisasıdır, ədalət duyğusunun qisasıdır, tarix qarşısında unutmamaq borcunun ifadəsidir. Yazıçının mövqeyində əsas məsələ nifrəti böyütmək deyil, insanı mənəvi məsuliyyətə çağırmaqdır.
Kitabın “Keçmişdən gələcəyə mənəvi körpü” adlı ön sözündə Sədulla Şirinov yaradıcılığının əsas istiqaməti çox dəqiq müəyyənləşdirilir. Vaqif Osmanlı yazır ki, müəllif uzun illər yazıb-yaratmasa da, sonralar qələmə sarılaraq ardıcıl şəkildə maraqlı nəsr nümunələri ortaya qoyub. Bu qayıdışın arxasında insanı, dünyanı və gözəllikləri qorumaq istəyinin dayandığı vurğulanır.
Bu, Sədulla Şirinov yaradıcılığının ən mühüm xüsusiyyətlərindən biridir: o, sözü sadəcə bədii ifadə vasitəsi kimi deyil, insanın mənəvi tərbiyəsinə xidmət edən vasitə kimi qəbul edir. Onun qəhrəmanları arasında yaxşı və pis, mərhəmətli və amansız, müdrik və nadan insanlar qarşılaşdırılır. Bu qarşılaşdırma təsadüfi deyil. Yazıçı oxucunu seçim qarşısında qoyur: insan hansı yolu seçməlidir?
Ön sözdə müəllifin əsərlərinin ana xəttinin mənəviyyat olduğu xüsusi vurğulanır. Hətta bəzi fikirlərinin aforizm səviyyəsinə yüksəldiyi qeyd edilir. Məsələn, “Dost seçəndə özündən ağıllısını seç”, “Allah böyüklərimizin bizə verdikləri öyüd-nəsihəti dua kimi qəbul edir” kimi fikirlər yazıçının nəsrində adi dialoq çərçivəsindən çıxaraq həyat fəlsəfəsinə çevrilir.
Bu baxımdan Sədulla Şirinovun nəsrində böyüklərin sözü xüsusi əhəmiyyət daşıyır. Ana nəsihəti, ata tövsiyəsi, ağsaqqal məsləhəti, həyat təcrübəsi gənc qəhrəmanların davranışlarını müəyyən edən mənəvi kompas rolunu oynayır.
Kitabın əsas əsəri olan “Sönməyən qisas” povesti ilk növbədə insan xarakterlərinin toqquşması üzərində qurulub. İslam, Qabil, Şəlalə, Qönçə kimi gənclərlə Şamil və onun kimiləri arasında fərq yalnız davranış fərqi deyil. Bu fərq, əslində, tərbiyə, ailə, mənəvi dəyərlər və insanın öz üzərində qurduğu nəzarət məsələsidir.
Povestin başlanğıcındakı fəlsəfi yanaşma da təsadüfi deyil. Yazıçı maddi dünyanın faniliyinə qarşı sözün ölməzliyini qoyur. Ağacın yarpağı tökülür, insanın bədəni torpağa qarışır, qurulanlar dağılır, lakin dəyərli söz nəsildən-nəslə keçərək yaşaya bilir.
Bu düşüncə Sədulla Şirinovun yaradıcılıq kredosunu ifadə edir. Yazıçı üçün əsərin əsas missiyası oxucunu əyləndirməkdən daha böyükdür. O, oxucunu düşündürmək, ona həyat dərsi vermək, insan davranışının nəticələrini göstərmək istəyir.
İslam obrazı bu baxımdan xüsusilə maraqlıdır. O, ideal qəhrəman kimi təqdim edilmir. Səhv edir, hirslənir, yanlış addım atır, lakin səhvindən nəticə çıxarmağı bacarır. Atasının “gecikmiş qapazı” da onun həyatında cəza olmaqdan daha çox, mənəvi dönüş nöqtəsinə çevrilir.
Burada yazıçının mühüm bir həqiqəti önə çəkməsi diqqətəlayiqdir: insanın böyüməsi yalnız yaşla bağlı deyil. İnsan səhvini dərk etdiyi, məsuliyyətini qəbul etdiyi, öz davranışına kənardan baxa bildiyi zaman mənəvi baxımdan böyüyür.
Sədulla Şirinovun nəsrində ailə sadəcə hadisələrin baş verdiyi məkan deyil. Ailə insan xarakterinin formalaşdığı məktəbdir.
İslamın, Qabilin, Şəlalənin və Qönçənin davranışlarında ata-ana nəsihətinin izlərini görmək mümkündür. “Rastlaşdığın yad qızları öz bacın, oğlanları qardaşın, ahılları ata-anan zənn elə!” şəklində ifadə olunan nəsihət əslində bütün kitabın mənəvi mahiyyətini açan açarlardan biridir.
Bu düşüncə bu gün xüsusilə aktualdır. Çünki müasir cəmiyyətdə informasiya çoxalıb, lakin mənəvi istiqamət bəzən zəifləyib. Sədulla Şirinovun əsərləri məhz bu məqamda oxucuya sual verir: insanın texniki imkanları artdıqca onun mənəvi məsuliyyəti də artırmı?
Yazıçının cavabı birmənalıdır: insanın əsl böyüklüyü onun malik olduğu sərvətlə, vəzifə ilə, fiziki güclə deyil, insanlara münasibəti ilə ölçülür.
“Sönməyən qisas” kitabının ən mühüm istiqamətlərindən biri də Qarabağ mövzusudur. Kitabdakı hekayələrdə Qarabağ hadisələri, Xocalı faciəsi, məcburi köçkünlük ağrısı, doğma yurd həsrəti və Zəfər ümidi mühüm yer tutur.
“Xocalı yarası” hekayəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yazıçı Xocalı faciəsini yalnız tarixi hadisə kimi təqdim etmir, onun insan ruhunda açdığı yaranı göstərməyə çalışır. Azər kişi obrazı timsalında uzun illər davam edən Qarabağ həsrəti, itki, gözlənti və nəhayət Zəfərə qovuşmaq arzusu ifadə edilir.
Burada diqqət çəkən mühüm məqam odur ki, müəllif faciəni təsvir etməklə kifayətlənmir. O, faciənin insan psixologiyasına təsirini araşdırır. Xocalı yaddaşı onun qəhrəmanlarında yalnız ağrı deyil, həm də ədalət arzusu yaradır.
Kitabın qəhrəmanlarından biri üçün ən böyük arzu “məğlub vətəndaş damğası ilə bu dünyadan köçməməkdir”. Bu ifadə bütöv bir nəslin psixologiyasını əks etdirən güclü publisistik məna daşıyır.
Sədulla Şirinovun yaradıcılığında Qarabağ mövzusu yalnız keçmişin ağrısı kimi qalmır. Yazıçı onu gələcəyə aparır. Xocalının azadlığı, Qarabağda yeni həyatın başlanması, insanların doğma yurda qayıtmaq arzusu əsərlərdə ümid xəttini formalaşdırır.
Bu mənada “Sönməyən qisas” adının içində həm ağrı, həm də yaddaş var. Qisas burada yalnız keçmişə yönəlmiş hiss deyil; həm də gələcək nəsillərə “unutma” çağırışıdır.
Ədəbiyyatın milli yaddaşdakı missiyası da məhz budur. Tarixi hadisələri yalnız salnamələrdə deyil, insan talelərində yaşatmaq.
Kitabdakı digər mühüm xətt doğma yurd anlayışıdır. Şəhərdə yaşayan, lakin kənd və ata-baba ocağı üçün darıxan qəhrəmanlar vasitəsilə müəllif müasir insanın köklərindən uzaqlaşması probleminə toxunur.
“Doğma yurdun cazibəsi” hekayəsinin özündə belə bu mövzu artıq başlıqdan görünür. Kitabın ön sözündə də vurğulanır ki, müəllifin müsbət qəhrəmanlarının əsas məramlarından biri milli ruha, kökə və düşüncəyə bağlılıq, ocaqdan qopmamaqdır.
Bu, Sədulla Şirinovun nəsrini sırf məişət hekayəçiliyindən fərqləndirən cəhətlərdəndir. O, kəndi sadəcə coğrafi məkan kimi deyil, yaddaş və mənəviyyat məkanı kimi təqdim edir.
Sədulla Şirinovun yaratdığı obrazların maraqlı tərəflərindən biri onların həyatdan götürülmüş təsiri bağışlamasıdır. Vaqif Osmanlının kitabın ön sözündə qeyd etdiyi kimi, müəllifin obrazları bir-birinə oxşamır; hər birinin özünəməxsus xarakteri var.
Bu obrazlar arasında müsbət qəhrəmanlar qədər mənfi xarakterlər də yadda qalır. Hədis, Kamal, Malik, Pərixanım kimi obrazlar cəmiyyətin müxtəlif mənəvi qüsurlarının bədii ifadəsinə çevrilirlər. Onların davranışları yalnız özlərinə deyil, ailələrinə və ətraflarına da zərər vurur. Belə insanların arxasında sərvət yox, çox vaxt “xəcalət yükü” qalır.
Yazıçı bununla oxucunu ətrafındakı insanlara başqa gözlə baxmağa vadar edir. Ədəbiyyatın gücü də bir qədər buradadır: oxucu bəzən özünü əsərdə deyil, qonşusunda, tanışında, hətta öz davranışında görür.
Sədulla Şirinovun yaradıcılıq fəaliyyətinin son beş ili, xüsusilə 2024–2026-cı illər aralığı, məhsuldarlığı və ictimai-ədəbi fəallığı ilə ayrıca qeyd edilməyə layiqdir.
“Sönməyən qisas” 2024-cü ildə onun dördüncü kitabı kimi nəşr olundu. Ardınca yazıçının digər əsərləri də ardıcıl şəkildə oxucuya təqdim edildi. Sədulla Şirinovun “Şəhid atası” kitabı artıq müəllifin sayca yeddinci kitabı kimi təqdim olunur. Həmin mənbədə onun əvvəlki altı kitabının da adı sadalanır.
Bu fakt özü son illərdəki yaradıcılıq tempinin nə qədər yüksəldiyini göstərir. Bir vaxtlar uzun müddət yazıdan uzaq qalan müəllifin sonrakı mərhələdə ardıcıl kitablarla çıxış etməsi Azərbaycan nəsri üçün maraqlı yaradıcılıq hadisəsidir.
Daha mühümü isə odur ki, bu fəallıq yalnız kitab çapı ilə məhdudlaşmayıb. Sədulla Şirinovun yaradıcılığı ədəbi ictimaiyyət tərəfindən də diqqətdə saxlanılıb.
Sədulla Şirinovun son illərdəki fəaliyyətinin qiymətləndirilməsi baxımından “Yazarlar” jurnalı tərəfindən verilən təltiflər xüsusi qeyd olunmalıdır.
2024-cü ildə yazıçı nəsr sahəsində uğurlu fəaliyyətinə görə “Yazarlar” jurnalı tərəfindən təqdim olunan “İsa Muğanna” diplomu ilə təltif edilib. Təltif mərasimi Balakən rayonunun Qaravəlli kəndində keçirilib və diplomu “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac təqdim edib.
Həmin il, “Sönməyən qisas” kitabının işıq üzü görməsindən sonra Sədulla Şirinov “Ziyadar” mükafatına da layiq görülüb. Mükafatın məhz yeni kitabına görə təqdim edilməsi “Sönməyən qisas”ın müəllif yaradıcılığında mühüm mərhələ kimi qəbul edildiyini göstərir.
2026-cı ildə isə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında Sədulla Şirinovun yaradıcılığına həsr olunmuş görüş keçirilib. Tədbirdə yazıçının son illərdə çap olunmuş kitabları təqdim olunub, onun yaradıcılığı haqqında söz adamları və ziyalılar fikirlərini bölüşüblər. Həmin tədbirdə Sədulla Şirinov son illər ərzində qazandığı uğurlara görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Mükafatı yenə “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac təqdim edib.
Beləliklə, son illərdə Sədulla Şirinovun “Yazarlar” tərəfindən bir neçə dəfə təltif edilməsi onun yaradıcılıq fəaliyyətinin ədəbi mühitdə diqqətlə izlənildiyini göstərən mühüm faktlardan biridir.
Sədulla Şirinovun son beş ildəki fəaliyyətini yalnız nəşr olunan kitabların sayı ilə ölçmək düzgün olmazdı. Burada daha mühüm bir məsələ var: müəllifin yaradıcılıq enerjisini cəmiyyətin mənəvi ehtiyaclarına istiqamətləndirməsi.
Onun əsərlərində ailə, dostluq, qonşuluq, ağsaqqallıq, vətən, Qarabağ, Xocalı, yurd həsrəti, insanlıq, mərhəmət, vicdan, tərbiyə və milli yaddaş kimi mövzular bir-birindən ayrı deyil. Bunların hamısı vahid mənəvi sistemin hissələridir.
Sədulla Şirinov oxucuya sanki belə deyir: insan əvvəlcə insan olmalıdır. Qalan bütün dəyərlər bundan sonra gəlir.
Bu baxımdan onun yaradıcılığında mənəviyyat təsadüfi mövzu deyil, başlıca istiqamətdir. Kitabın redaktoru da bunu açıq şəkildə vurğulayır: Sədulla Şirinovun əsərlərinin ana xətti mənəviyyatdır.
Bu kitabı yalnız 2024-cü ilin nəşri kimi qiymətləndirmək azdır. “Sönməyən qisas”ın ayrı-ayrı problemləri bu gün də öz aktuallığını qoruyur.
Dost seçimi, ailə tərbiyəsi, gənclərin davranışı, valideyn məsuliyyəti, yaşlı nəslin gənclərə münasibəti, cəmiyyətdə mənəvi aşınma, doğma yurda bağlılıq və milli yaddaş kimi məsələlər zaman keçdikcə əhəmiyyətini itirmir.
Əksinə, informasiya əsrində bu suallar daha da kəskinləşir. İnsan çox şey bilir, lakin bildiklərinin nə qədərini mənəvi davranışa çevirə bilir? Sədulla Şirinovun əsərləri məhz bu sual ətrafında düşünməyə sövq edir.
Onun nəsrində həyat dərsi hazır formul kimi verilmir. Hadisə baş verir, qəhrəman səhv edir, nəticə ilə üzləşir, sonra düşünür. Oxucu da onunla birlikdə düşünür. Əsl ədəbiyyatın gücü də budur.
Sədulla Şirinovun yaradıcılığına ümumi nəzər salanda onun əsas missiyasını bir cümlə ilə ifadə etmək mümkündür: keçmişin dərslərini bu günün insanına çatdırmaq və bu günün insanını gələcək qarşısında məsuliyyətli olmağa çağırmaq.
“Sönməyən qisas” bu missiyanın parlaq nümunələrindən biridir.
Kitabın bir tərəfində Xocalı ağrısı, Qarabağ həsrəti, itkilər, keçmişin yaraları dayanırsa, digər tərəfində ailə, sevgi, mərhəmət, tərbiyə, dostluq, doğma yurd və gələcəyə inam dayanır. Bu iki tərəfi birləşdirən isə sözdür.
Sədulla Şirinov sözə inanır. Onun üçün dəyərli söz insan ömründən daha uzun yaşaya bilər. Məhz buna görə də onun əsərlərində söz həm yaddaş, həm xəbərdarlıq, həm də ümid funksiyası daşıyır.
Bu gün Azərbaycan ədəbiyyatında müxtəlif istiqamətlərdə yazan müəlliflər çoxdur. Lakin hər yazıçının öz söz yükü, öz müşahidə bucağı, öz mənəvi qayəsi var. Sədulla Şirinovun fərqləndirici cəhəti isə sadə, həyatın içindən gələn hadisələr vasitəsilə böyük mənəvi suallar qoymasıdır.
Onun qəhrəmanları uzaq və əlçatmaz insanlar deyil. Onlar bizim kəndlərimizdə, şəhərlərimizdə, ailələrimizdə, qonşuluqlarımızda qarşılaşa biləcəyimiz insanlardır. Ona görə də Sədulla Şirinovun nəsrində oxucu öz həyatından izlər tapır.
“Sönməyən qisas”ın ən mühüm məziyyətlərindən biri də yaddaş məsələsini gündəmdə saxlamasıdır. Xocalı unudulmamalıdır. Qarabağ ağrısı unudulmamalıdır. Ata-ana nəsihəti, ağsaqqal sözü, doğma yurdun xatirəsi, insanlıq borcu da unudulmamalıdır.
Çünki unutmaq yalnız keçmişi itirmək deyil. Unutmaq gələcəyin istiqamətini də itirməkdir.
Sədulla Şirinov öz əsərləri ilə yaddaşa qarşı unutqanlığın, mənəviyyata qarşı biganəliyin, insanlığa qarşı laqeydliyin qarşısında dayanır. Bu baxımdan onun son illərdə ardıcıl kitablarla çıxış etməsi, ədəbi tədbirlərdə iştirak etməsi və müxtəlif mükafatlarla təltif olunması təsadüfi hadisələr kimi görünmür. Bu, uzun illərin müşahidəsinin və yığılmış həyat təcrübəsinin sözə çevrilməsinin nəticəsidir.
Sədulla Şirinovun “Sönməyən qisas” kitabı haqqında danışarkən yalnız bir povestdən və səkkiz hekayədən bəhs etmiş olmuruq. Biz bir yazıçının dünyaya, insana, tarixə və cəmiyyətə münasibəti ilə qarşılaşırıq.
Bu kitabda qisas var, amma qisasın fövqündə ədalət dayanır.
Bu kitabda ağrı var, amma ağrının içindən ümid boylanır.
Bu kitabda keçmiş var, amma keçmiş gələcəyi işıqlandırmaq üçün xatırlanır.
Bu kitabda Xocalı var, amma Xocalı yaddaşının yanında Zəfər və yenidənqurma arzusu da var.
Bu kitabda səhv edən insanlar var, amma onların qarşısında həmişə doğru yolu göstərən bir ata, ana, ağsaqqal, dost və vicdan dayanır.
Məhz buna görə Sədulla Şirinovun yaradıcılığını yalnız hadisələri təsvir edən nəsr kimi qiymətləndirmək doğru olmaz. Onun nəsrinin əsas qayəsi insanı öz vicdanı ilə üz-üzə qoymaqdır.
Son beş ildə, xüsusən 2024–2026-cı illərdə onun yaradıcılıq fəaliyyətinin nəzərəçarpacaq dərəcədə intensivləşməsi, yeni kitablarının ardıcıl nəşri, ədəbi mühitdə haqqında keçirilən tədbirlər və “Yazarlar” jurnalı tərəfindən müxtəlif illərdə “İsa Muğanna” diplomu, “Ziyadar” və “Alqışnamə” kimi təltiflərlə qiymətləndirilməsi bu yaradıcılıq yolunun diqqətəlayiq mərhələyə yüksəldiyini göstərir.
Sədulla Şirinovun “Sönməyən qisas”ı isə bu yolun mühüm dayanacaqlarından biridir. Çünki bəzi kitablar oxunub bitir, bəziləri isə oxucunun içində davam edir. “Sönməyən qisas” məhz ikinci kateqoriyaya aid əsərlərdən biri kimi yadda qalır.
Sözün ömrü müəllifin ömründən uzun olur. Sədulla Şirinovun öz yaradıcılıq dünyasında inandığı kimi, dəyərli söz zamandan-zamana adlayır, nəsildən-nəslə keçir.
Və bu mənada “Sönməyən qisas” yalnız keçmişin qisasını deyil, yaddaşın, vicdanın, ədalətin və mənəviyyatın sönməyən işığını yaşadır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
23.08.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ceyhun Məmmədov yazır

QARPIZ QABIQLARI HANSI CANLININ İZİDİR?

Ərəb dilində çox maraqlı bir söz var: أَثَر — əsər. Bu söz “iz”, “nişanə”, “geridə qalan” mənalarını daşıyır. أ ث ر kökü insanın keçdiyi yerdə iz saxlaması anlayışı ilə bağlıdır.

Amma insanın iz qoyması öz adını hər yerdə yazmaq demək deyil.

Avtobusdan düşürsən, arxanda saqqız, kağız və ya tullantı qalıb. Meşədən çıxırsan, manqalın külü, plastik qablar, şüşələr yerdədir. Tarixi abidəyə gedirsən, divarına adını yazırsan. Ağacın gövdəsinə öz adını həkk edirsən.

Sahilə gedirsən — qumun üzərində boş şüşələr, plastik qablar, paketlər, qırılmış qablar və qarpız qabıqları qalıb.

Bir anlıq dayanıb düşünmək lazımdır: bu qarpız qabıqları hansı canlının izidir?

Əlbəttə, onu oraya heyvan gətirməyib. Bu, insanın izidir. Amma necə bir iz?

Sahildə qalan qarpız qabığı, boş şüşə və sınıq qab insanın orada olduğunu göstərir. Lakin bu iz onun mədəniyyətini deyil, məsuliyyətsizliyini göstərir. İnsan bəzən özündən sonra qoyduğu tullantını “heç nə deyil” hesab edir. Halbuki həmin kiçik tullantıların hər biri təbiətdə böyük problemin bir hissəsinə çevrilə bilər.

Bəlkə də insanın keçdiyi yerdə özündən sonra nə qoyub getdiyinə baxmaq onun kim olduğunu anlamağın ən sadə yollarından biridir.

Bunların hamısı bir növ “iz”dir. Amma hər iz zəruridir?

Tarixi abidənin üzərinə adını yazmaq tarixə düşmək deyil. Bu, tarixi yaddaşa hörmət yox, vandalizmdir. Təbiətdə özündən sonra tullantı qoymaq da “mən burada olmuşam” demək deyil. Əksinə, insanın keçdiyi yerə necə münasibət göstərdiyini nümayiş etdirir.

Əsl iz isə dağıtmaqla deyil, qorumaqla və yaratmaqla yaranır.

İnsanın özündən sonra qoyduğu iz yalnız bir ağac, bina və ya daş üzərində olmur. Bəzən onun ən böyük izi yetişdirdiyi insandır. Orta əsrlərdən bizə gəlib çatan böyük sənət və elm nümunələrinin arxasında yalnız onları yaradan ustalar deyil, həm də özlərindən sonra sənəti davam etdirən şagirdlər dayanırdı. Usta yaxşı şagird yetişdirir, şagird isə yeni bir əsər yaradırdı. Beləcə, bir insanın izi başqa bir insanın əlində davam edirdi.

Bəlkə də şah əsər yalnız daşdan, kağızdan və ya rəngdən yaranmır.

Bəzən bir insanın şah əsəri yetişdirdiyi yaxşı insan, bəzən yaratdığı faydalı fikir, bəzən qoruduğu təbiət, bəzən cəmiyyətə verdiyi töhfə, bəzən də özündən sonra gələn nəsil üçün qoyduğu daha yaxşı gələcəkdir.

Təbiət də bizə bunun başqa bir nümunəsini göstərir. Bir ağacın böyüməsi zaman istəyir. O, səssizcə kök salır, gövdəsini möhkəmləndirir, budaqlarını genişləndirir. Bəzən illər, hətta onilliklər keçir ki, ağac öz əzəmətinə çatsın.

Sarmaşıq isə daha sürətlə yayılır. Qısa zamanda ağacı bürüyür, hər tərəfdən görünür və sanki bütün mənzərəni özünə çəkir.

Amma bir soyuq qış gəlir…

Sarmaşığın yarpaqları solur, quruyur, onun yaratdığı görüntü yox olmağa başlayır. Səs-küy çəkilir, parıltı itir. Amma illərlə səssizcə böyüyən, kökü torpağın dərinliyinə işləyən əzəmətli ağac yenə öz yerində dayanır.

Həyatda da bəzən belədir. Bəzi şeylər çox tez böyüyür, tez görünür, çox səs salır və bir anda hamının diqqətini çəkir. Parlaq görünür, “ən yaxşısı budur” deyilir. Amma sürətlə görünmək həmişə möhkəm olmaq demək deyil.

Zaman isə hər şeyi sınaqdan keçirir.

Bir anlıq parıltı yox olur, amma kökü dərin olan qalır. Ona görə insan yalnız görünən bir iz yox, zamanın sınağından keçə biləcək bir əsər qoymağa çalışmalıdır.

Bu gün, XXI əsrdə də hər bir insan özündən sonra bir “şah əsər” qoymağa çalışa bilər.

Burada söhbət bər-bəzəkdən, şöhrətdən və adını hər yerdə görünən etməkdən getmir.

Söhbət tükətmək yox, yaratmaqdan gedir.

Hazır olanı dağıtmaq asandır. Təbiətdən istifadə etmək asandır. Tarixi abidəyə adını yazmaq asandır. Amma yeni bir şey yaratmaq, bir insan yetişdirmək, bir ağacı qorumaq, bir elm öyrətmək, cəmiyyətə fayda vermək və gələcək nəsillərə daha yaxşı dünya buraxmaq — əsl əsər budur.

İnsan bir gün gedəcək.

Amma onun yaratdığı şeylər qala bilər.
Öyrətdiyi insan davam edə bilər.
Əkdiyi ağac böyüyə bilər.
Yazdığı fikir başqa bir insanın düşüncəsini dəyişə bilər.
Etdiyi yaxşılıq başqa bir yaxşılığın başlanğıcı ola bilər.

Toxum da belədir. Torpağa düşəndə kiçik görünür. Amma içində gələcəkdə böyüyəcək bir ağacın imkanını daşıyır. Bu gün əkilən bir toxum illər sonra kölgə verən, bəhrə gətirən böyük bir ağaca çevrilə bilər.

İnsanın yaxşı əməli də toxum kimidir. Bu gün kiçik görünə bilər, amma sabah başqa bir insanın həyatında böyüyə, başqa yaxşılıqlara səbəb ola bilər.

O zaman insanın həyatı sadəcə yaşanmış ömür olmur — özündən sonra davam edən bir əsərə çevrilir.

Bəlkə də hər birimiz həyatımızın sonunda özümüzə bu sualı verməliyik:

“Mən bu dünyadan nə götürdüm?” yox,
“Mən bu dünyaya nə verdim?”

Çünki həyat yalnız sahib olduqlarımızın siyahısı deyil.

Həyat bizdən sonra nələrin qalacağının hekayəsidir.

Və ən gözəl iz — özündən sonra daha yaxşı bir şey qoyub getməkdir.

Tükətmək yox. Yaratmaq.
Dağıtmaq yox. Qorumaq.
Adını yazmaq yox. Əsər yaratmaq.
Bir anlıq görünmək yox. Zamanla böyümək.

İnsan dünyadan gedir, əsəri qalır.

Əsəri — İzi.

Ceyhun MƏMMƏDOV

Milli Məclisin deputatı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Zaur İlhamoğlunun şeirləri

Gedəcəm dünyanın o bir başına

Gedəcəm dünyanın o bir başına
Dünyanın bu başı məni açmadı.
Bu başın günləri qaranlıq imiş,
Burda gün çıxmadı, işıq saçmadı.

Gedəcəm dünyanın o bir başına
Burda yaşananlar dərddən seçilmir.
Bu yerdə min sifət, min dənə üz var,
Buranın qoyunu qurddan seçilmir.

Gedəcəm dünyanın o bir başına
Bu yerdə gözləri pərdələyiblər.
Burda yaxşılığın izi-tozu yox,
Burda insanlığı dəfn eləyiblər.

Gedəcəm dünyanın o bir başına
Burda müharibə, dava-dalaşdır.
Bu yerdə analar sinəsi dağlı,
Burda bacıların gözləri yaşdır.

Dünya da fırlanır, yerində durmur
Gün keçir…Oyandın yatana kimi.
Qorxuram o başı bu başı olar
Mən gedib o başa çatana kimi.

Könlüm

Fələyin köksümə vurduqlarından,
Bir gündə min dəfə yarılan könlüm.
Yenə də sən mənə dönük çıxmadın,
Yenidən köksümə sarılan könlüm.

Saf oldun, hər kəsə inandın belə,
Həm alışdın belə, həm yandın belə.
De, sən nədən həssas yarandın belə,
Adicə bir sözdən qırılan könlüm?

Nə olar dayanma gəl pərişantək,
Sən ki çırpınardın dəli tufantək,
İndi inləyirsən qəmli kamantək,
Nisgilli kök üstə qurulan könlum.

Dünənim qəm oldu, bu günüm kədər,
Sabah yaxşı olar, ya bundan betər.
Dincəlmək istərəm, yoruldum…Yetər!
Sən də dincəl biraz, yorulan könlüm.

Çoxdandır…

Çoxdandır bir şeir yazmıram sənə,
Aymıdır, ilmidir, neçə zamandır?
Sənə bircə şeir yazmıram deyə,
Ruhum məndən küsdü, ürək utandı.

Çoxdandır bir şeir yazmıram sənə,
Şeirmi günahkar, mənmi günahkar?
Bəhanə edirəm vaxtım, günüm yox,
Bəhanə etdiyim günmü günahkar?

Çoxdandır bir şeir yazmıram sənə,
Mən necə şairəm əlimdə qələm.
Aləmə-xatəmə şeir yazıram,
Sənə bircə şeir yaza bilmirəm.

Çoxdandır bir şeir yazmıram sənə,
Bax indicə sənə bir şeir yazdım.
Nə olsun ki, yazdım,amma ki sənin
Yerində olsaydım, bağışlamazdım.

Mənim ümidlərim

Hələ davam edir bu ömür yolu,
Dayanır qarşımda demək neçə gün.
Qəlbimdə tükənməz ümidlər dolu,
Addımlar atıram sabahım üçün.

Bu ömür yolumda ümidlərimi,
Özümə əvəzsiz həmdəm sanmışam.
Mən arxa bilmədim hələ heç kimi,
Yalnız ümidimə arxalanmışam.

Çünki bilmişəm ki, dara düşəndə
Təkcə ümidindən güc alır insan.
Çarəsiz sandığın xəstəlikdən də
Ümidin gücüylə sağalır insan.

Mənə yaşamaqçün veribdir ilham,
Ötən neçə saat, neçə saniyə.
Gecə zülmətindən işıq almışam,
Səhərim qaranlıq açılar deyə.

Ümidlə yaşadım, ümidlə hər an,
Məni qorxutmayıb nə kədər, nə qəm.
İçimi acılar sardığı zaman,
Onda da ümidlə gülümsəmişəm.

Mənim ümidlərim ruhuma pərçim
Aldığım, verdiyim nəfəsim mənim.
Mənim ümidlərim yaşamaq eşqim,
Yaşama səbəbim, həvəsim mənim.

Ümidim üst qatda, varlığım altda,
Bir ömür yaşaram ümidlərlə tən.
Çox şeydən vaz keçdim mən bu həyatda
Amma ümidimdən vaz keçmədim mən.

Sən, əziz oxucum, nəyisə erkən,
“Artıq bitdi” deyib hələ bitirmə.
Nələri həyatda itirsən də sən,
Çalış ümidini əsla itirmə.

Sən güc gələcəksən min dərdə, qəmə,
Qəlbində bir ümid yarada bilsən.
Kimsəsiz olsan da “tənhayam” demə.
Ümidin vardırsa, tənha deyilsən.

Şəhid atası

Sən oğul böyütdün, elə oğul ki,
Vətənçün ömrünü bitirən oğul.
Bu torpaq yolunda öz ölümüylə,
Adına ucalıq gətirən oğul.

Şəhidlik zirvəsi… Həmin zirvəyə,
Ey şəhid atası, oğlun ucaldı.
O elə zirvə ki, fədailərçün
Bir şirin arzudur, şirin xəyaldır.

O zirvə zirvələr içində başdır,
Onu fəth eləmək çətındən çətin.
Oğlun fəth elədi, daha rahat ol,
Bil, hədər getmədi sənin zəhmətin.

Əlinin qabarı, alnının təri,
Onu yetişdirdi igidtək, ərtək.
Verdiyin öyüdü oğlun, ay ata,
Çəkdi sinəsinə, çəkdi sipərtək.

Vətən kəlməsini, vətən sözünü,
Hər sözdən yüksəkdə o tuta bildi.
O sözü bir kimsə unutmamaqçün,
Oğlun öz-özünü unuda bildi.

Bilirəm ağırdır çəkdiyin acı,
Bu da bir yazıdır, sənə yazıldı.
Oğlunun adicə torpaqda deyil,
Vətənin köksündə qəbri qazıldı.

Vətənin köksünə gömülən ərlər,
Ölməzlik adını daşıyır bil ki,
Bu ölüm xoş duyğu, bu ölüm həzdir,
Bu ölüm sadəcə ölüm deyil ki.

Başını dik saxla, belini şax tut,
Şəhid atasısan adın müqəddəs.
Doğrudur, çəkdiyin dərd elə dərddir,
Dağ üstə yükləsən, dağ çəkə bilməz.

İtirmə əzmini, qətiyyətini,
Çalış ki ürəyin səbirlə dolsun.
Kim ki verən zaman başsağlığını,
Dedin “Baş nədir ki, Vətən sağ olsun”

Səndəki bu eşqə, mən bu sevgiyə,
Bilmirəm nə deyim, şəhid atası.
O böyük qəlbinin önündə durub,
İzn ver baş əyim, şəhid atası.

Müəllif: Zaur İLHAMOĞLU

ZAUR İLHAMOĞLUNUN YAZILARI

NARINGÜL NADİRİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Gülnar Rafiqqızının şeirləri

Könül gözün ilə baxmağı bilsən

Dünyada nə qədər gözəlliklər var,
Gərək görə bilə,duya biləsən.
Bu sirli aləmdə yerin olmaz dar,
Könül gözün ilə baxmağı bilsən.

Mən də öz qəlbimi alıram ələ,
Baxıram səmaya bu axşamçağı.
Ay tutub ulduzu,söhbətə,dilə,
Nuru bəzəyibdir çəməni,dağı.

Görən hansı sirri açır bu gecə,
Sanki qovuşmağa bir addım qalıb.
Bu həm möcüzədir,həm də bilməcə,
Mənim könül gözüm xəyala dalıb.

Yer,göy gözəlliklə doludur,vallah,
Sən bu gözəllikdə nəçisən,kimsən?
Gözəl yaradıbdır dünyanı Allah,
Könül gözün ilə baxmağı bilsən.

Vaxtsız açan bənövşə

Qar altından boylanan
Bənövşəyəm indi mən.
Yaxınlaşıb əl vurma,
Tərpətmə öz kökümdən.

Nə olsun gözəxoşam,
Hər xoş olan dərilməz.
Vaxtsız qonaq kimiyəm
Ömrüm,vədəm bilinməz.

Nə qışdanam,nə yazdan,
Aralıqda qalmışam.
Təbiətin oyunu,
Qar altında solmuşam.

Yaz olsaydı ətrimdən
Sənə də pay düşərdi.
Ətirli ləçəklərim
Eşqini bölüşərdi.

Baxma mənə sevdalı,
Nə olsun gözəxoşam.
Aldanma varlığıma,
Bir də baxdın ki,yoxam.

Daha mən də özümə
Soyuqlaşdım qış kimi.
Yaz gələr bəlkə bir gün,
Qaytarar sevincimi.

İndi əl vurma mənə,
Tərpətmə öz kökümdən.
Amma gileylənmə heç
Təbiətin hökmündən.

Dünyanın qanunu

Dünyanın qəribə qanunları var,
Xeyrin də,şərin də sırası olur.
Gecənin mavisi,gündüzün ağı,
Düşün ki,bəxtin də qarası olur.

Cəmi bir nəfəslə düşüb dünyaya,
Sən də qatılırsan cərgəyə,saya.
Arzular yetişmir bəzən səmaya,
Qəlbinin ən böyük yarası olur.

Düşüb taleyinin sonbaharına,
Dolan gəncliyinin boş vüqarına.
Baxırsan saçının bəyaz qarına,
Dünyada bir matəm havası olur.

Nəyimə gərək

Hərdən yarıkönül hal-əhval tutub,
İtirsən,istisiz qış günəşi tək.
Elə ulduz kimi gəlsən bəsimdir,
Yalançı işığın nəyimə gərək?

Qışda donan ürək bahara qalmır,
Nə qədər od alsan,isinməyəcək.
Sönüb ocağımız,qaralıb yeri,
Arabir üfürmən nəyimə gərək?

Mavi xatirələr izinə düşmə,
Dözənməz,sıxılar sinəndə ürək.
Duyğular soyuyub,həvəslər keçib,
Ötəri həvəsin nəyimə gərək?

Ən sonda yazılan üç nöqtəyik biz,
Yollar ayrıcında qalmışıq tək-tək.
Biz ki,bir cümləni tamamlamadıq,
Sualın,vergülün nəyimə gərək?

Mən də yarıkönül ötürüm səni,
Di sağ ol,hələlik,görüşənədək.
Cəmi bir qanadlıq quş uçuşuyla,
Candərdi gəlməyin nəyimə gərək?

Sən də mənim kimi eh…

Uzaqlardan meh əsir,
Yadıma sən düşürsən.
Görən sən də gecələr
Mənimtək üşüyürsən?

Qəlbini sızladırmı
Bir əsimlik həzin meh?
Qəmə tez bürünürsən,
Sən də mənim kimi eh.

Deyirəm darıxmaqdan
Üşüyərmiş adam da,
Öz odundan od alar
Gecələr tək donanda.

Qorxutmasın gözünü
Bir əsimlik həzin meh,
Darıxırsan bilirəm,
Sən də mənim kimi eh.

Müəllif: Gülnar Rafiqqızı

Gülnar Rafiqqızının digər yazıları

NARINGÜL NADİRİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ÖZBƏKİSTAN VƏ AZƏRBAYCAN: MÜŞTƏRƏK TARİXDƏN GƏLƏCƏYƏ DOĞRU

ÖZBƏKİSTAN VƏ AZƏRBAYCAN: MÜŞTƏRƏK TARİXDƏN GƏLƏCƏYƏ DOĞRU
 
Qardaşlıq, qarşılıqlı hörmət və strateji tərəfdaşlığa əsaslanan Özbəkistan–Azərbaycan münasibətləri bu gün yeni tarixi mərhələyə yüksəlib. İki xalqı əsrlər boyu bir-birinə bağlayan müştərək tarix, mənəvi dəyərlər və yaxın mədəniyyət bu gün dövlətlərarası əlaqələrin möhkəm təməlinə çevrilir.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm və səmimi dialoqları nəticəsində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. 2026-cı il 23–24 avqust tarixlərində Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri isə bu münasibətlərin tarixi əhəmiyyətini daha da gücləndirdi.
Sırdərya vilayəti Özbəkistan və Azərbaycan regionları arasında dostluq və əməkdaşlığın praktiki nümunələrindən birinə çevrilib.
Xüsusilə, Gülüstan və Füzuli şəhərləri arasında ticarət-iqtisadi, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın qurulması xüsusi diqqətə layiqdir. 2024-cü ildə Özbəkistan–Azərbaycan Regionlararası Forumunda iki şəhər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu razılaşma sadəcə bir sənəd deyil, iki regionun sakinləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, sahibkarlıq və ticarət münasibətlərinin inkişaf etdirilməsi, mədəni-humanitar mübadilələrin genişləndirilməsi üçün yaradılmış mühüm imkandır. Gülüstan və Füzuli coğrafi baxımdan bir-birindən uzaq olsalar da, məqsəd və amalları eyni olan iki şəhərdir.
Bu gün onlar arasındakı əməkdaşlıq Özbəkistan və Azərbaycan arasında genişmiqyaslı dostluğun regionlardakı parlaq ifadəsi kimi xidmət edir. Sırdəryada Azərbaycanla əməkdaşlığın digər istiqamətləri də formalaşmaqdadır. Xüsusilə, azərbaycanlı mütəxəssislərin Sırdərya vilayətindəki tibb müəssisələrinə səfər edərək dövlət tibbi sığortası və səhiyyənin rəqəmsallaşdırılması sahəsində təcrübə ilə tanış olmaları iki ölkə arasında təcrübə mübadiləsinin praktiki məzmun qazandığını göstərir.
Bu proseslərin hamısı göstərir ki, Özbəkistan və Azərbaycan dostluğu yalnız paytaxtlar səviyyəsində olan münasibətlər deyil. Bu dostluq regionlara, şəhərlərə, müəssisələrə, təhsil və mədəniyyət ocaqlarına, ən əsası isə insanların qəlbinə daxil olur. İki ölkə liderlərinin təşəbbüsləri də məhz bu məqsədə — xalqlarımızı daha da yaxınlaşdırmağa xidmət edir.
Daşkənddəki “Azərbaycan” parkının və Bakıda “Özbəkistan” parkının salınması da iki xalq arasındakı dostluğun rəmzi ifadəsinə çevrilir. Bu məkanlar gələcək nəsillərə Özbəkistan və Azərbaycan xalqları arasındakı qardaşlıq bağlarının nə qədər dərin olduğunu xatırladacaq.
Xüsusilə, Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıq irsinin iki xalqı birləşdirən mənəvi körpü kimi əhəmiyyəti əvəzsizdir. Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin yeni kampusunda böyük Azərbaycan şairinin heykəlinin ucaldılması, onun irsinə həsr olunmuş muzey ekspozisiyasının yaradılması da bu mənəvi yaxınlığın parlaq nümunəsidir.
2027-ci ildə Özbəkistan və Azərbaycanın futbol üzrə gənclər arasında dünya çempionatına birgə ev sahibliyi etməsi də iki xalqı daha da yaxınlaşdıracaq mühüm hadisə olacaq. “İki ölkə — bir çempionat” proqramı çərçivəsində keçiriləcək idman, mədəniyyət və gənclər tədbirləri xalqlarımız arasında dostluğun yeni nəsil nümayəndələri arasında daha da möhkəmlənməsinə xidmət edəcək.
Özbəkistan və Azərbaycan xalqlarını birləşdirən qardaşlıq bağlarının bundan sonra da yeni məzmunla zənginləşəcəyi şübhəsizdir. Çünki əsl dostluq zamanın sınağından keçir. Özbəkistan və Azərbaycan dostluğu isə tarix sınağından keçmiş, bu gün yeni mərhələyə yüksələn və gələcəyə doğru inamla addımlayan dostluqdur.
Sırdəryanın Gülüstanından Azərbaycanın Füzulisədək, Daşkənddən Bakıyadək uzanan bu dostluq yolu – ümumi tarix, bugünkü əməkdaşlıq və müştərək gələcəyə aparan yoldur.

Müəllif: Mərcanə Mirzabekova
“Yeni Sırdərya”, “Novaya Sırdərya” qəzetlərinin şöbə redaktoru
 

Çevirdi və təqdim etdi: Khaitov Khusniddin (Hüsniddin Hayıt)
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğretmeni,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Filologiya üzrə fəlsəfə doktoru (PhD)

Bir qadın var hardasa

Bir qadın var hardasa

Bir qadın var hardasa,
Sənin əsirin qadın.
Onsuz bütöv olmazsan,
Sənin kəsirin qadın…

Əlin saçlarında gəzər,
Barmaqların yuxu kimi.
Onu dəli tək sevərsən,
Aldadarsan, çoxu kimi.

Evinə işıq gətirər,
Güzgüdən boylanan qadın.
Güzgülərdə gözəlləşib,
Güzgülərdə solan qadın.

Sevməyi və unutmağı,
Sənə o qadın öyrədər.
Sonra qapını bağlayıb
Səssizcə çəkilib gedər.

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ruslan Bəhmənoğlu – Sevmək…

Sevmək necə olur ki?,
Mən də belə sevirəm!

Qısqanıram hər kəsə, qohuma da, yada da
Əllərin bir kimsənin, əllərinə dəyməsin
Gözlərinin qadasın mən alaram birdənəm
Harda olsam eləcə, hey səni düşünürəm
Sevmək necə olur ki?,
Mən də belə sevirəm!,

Unuduram hər şeyi, səni düşündüyüm an
Bütün olub keçənlər xatırlanır an – ba- an
Səni mənə bəxş edib, uca Tanrı, YARADAN
Sən mənə əmanətsən, belə qəbul edirəm
Sevmək necə olur ki?,
Mən də belə, sevirəm!,

Ayrılığı, həsrəti qəlbimdə ovutmuşam
Yazdığım hər şeirdə, eşqi, ali tutmuşam
Səni düşünüm deyə, özümü unutmuşam
Sənlə qovuşmaq üçün, *min bəhanə gəzirəm
Sevmək necə olur ki?,
Mən də, belə sevirəm!,

Qərar tuta bilməyir, çağlayıram eləcə
Bircə himə bəndəm e, ağlayıram eləcə
Qürurumu danlayıb, dağlayıram eləcə
Daha necə söyləyim?, bax, etiraf edirəm
Sevmək necə olur ki?,
Mən də belə sevirəm!,

Bəhmənoğlu, düşünmə, çox eləmə əndişə
Həyatdı da, nə deyim?, belə bəxtə, gərdişə
Əvvəlcə bağlanırsan, sonra dönür vərdişə
Bu sevdanın acısın anlayıram, sezirəm
Sevmək necə olur ki?,
Mən də belə sevirəm!!

26.08.2026. Beyləqan

Müəllif: Ruslan Bəhmənoğlu

Ruslan Bəhmənoğlunun digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I