AVTOPORTRET (təcnis) Elə söz yazaq ki, Qələm sevinsin, Oxuyan desin ki, ayə bu nədir! Örkəni salmayaq sözün başına, Doğanaq dillənər, ayə bu nədir? *** Ehtiyac qalmasın çəkə, çevirə, Sözün ünvanını çək, ə, çevir, ə! Fəhmin başqa yerə çəkə-çevirə, Söz üzə qayıdar, ayə bu nədir? *** Hər sözün başına açma oyunu, Hər sapma oyunu, saçma oyunu. Hər yetən çubuqla açma o yunu, Bitraqdır, güzəmdir, ayə bu nədir? *** Düşüb bolluğuna qələm, kağızın, Əgər bacarırsan gəl əm, kağızın! Gəlsən öhdəsindən qələm-kağızın, Bir kimsə deyərmi, ayə bu nədir? *** Gəl, sözün boynuna salmayaq ipi, Sürüşkən eləyər, salma, yağ ipi. Sözün ilgəyinə sal mayaq* ipi, Sərraflar deməsin, ayə bu nədir? *** Sısqa ilhamlılar qalar geridə, Sənə bir ünvandır, bax bu geri də! Çoxalıb dəstədən qalan geridə, Əbülfəz, ta demə, ayə bu nədir?! * mayaq( mayak), istiqamət bildirən işıq, divarın hamarlığı üçün qoyulan işarə.
ADİL CƏFAKEŞƏ Göndər bu məktubu ustad Adilə, Sənətə gəlibdir ustad, ad ilə. Tanrının verdiyi yaşam payından, Sağlıqlı bir ömür ustada dilə!
RÜBAİLƏR Narından, heyvandan, ay alma yanaq, Qonağa bəxşişin varmı, dayanaq? Nazını çıxarma dağın başına Ətrini, dadını bəlkə sınayaq? *** Nə qədər çəksən də məni sınağa, Olmaz bir əlyeri vallah, qınağa. Danışma əlimin uzunluğundan, Arabir çəkəndə sığal yanağa. *** Məni bərkə salma, dönən deyiləm, Alışan bir adam, sönən deyiləm. Sən də arxayın ol sabahkı gündən, Mən bir qələndərəm, ötən deyiləm. *** Qınama ləngidim mən gülüstanda, Gördüm gözəlliyin hər büsatın da. Gəl məni danlama, gülü çox aldım, Xoşuma gəlirdi, gülü satan da! *** Aza da qaneyəm, çoxa da, gözəl, Vara da qaneyəm, yoxa da, gözəl. Qarğış eləmirəm, Allah işidir, Axırda bir zayın çıxa da, gözəl!
DƏRGAH ƏSİNTİLƏRİ Yerli-yersiz işlətməyin “mən-məni”, İnsana lənəti gətirər yəni, Yerində söylənsə bir bax, gör nədir, Mənsurun “mən”iylə, Fironun “mən”i. *** Dünyada yığdığın hər şeyin hədər, Ən yaxın olanın məzara qədər Yalnız əməllərin buraxmaz səni, Səninlə darısqal məzara gedər. *** Dünyanın malına salıb tamahı, Belə unuduruq qadir Allahı. Bir cibsiz kəfəndən savayı, söylə, Nədir sənə qalan dünya mətahı?! *** Hər şey o ucanın əmirlərində, Tikan gülə dönər dilədiyində. Bizə yaraşmayır əndişə etmək, Dərdin özü belə dərman yerində. *** Yay ilə oxdakı nədir bu hallar, Məntiqin yanlışı burda tapılar. Doğrunü, düzgünü ox tək atanda, Əyrini yay kimi əldə tutarlar. *** Əbülfəz adında aciz kimsənəm, Haramı, yalanı bilməz kimsənəm. Sən ki, himayədə saxladın məni, Görməz gözlərimdə görməz kimsə nəm! *** Başımın üstü də uyğundur sənə, Daima açıqdır müsaidənə. Ayağım altı da sənə yaraşar, Sən özün qərar ver bəyəndiyinə. *** Min il oxusaq da bir gün sual var, “Nələri bilirsən”? deyə sorular. Sadəcə “həddimi bilirəm” desən, Bütün suallara bu cavab olar.
GÜLŞƏNƏ Gözündə yaş gördüm, qoynunda uşaq, Ağlama, gözünün yaşına qurban. Sənin ayağının tozu olacaq, Sizləri sevməyən gör neçə nadan! *** Sevinc yaşlarıdır gözündən axan, Gözlərin sevincdən ağlasın, qızım. Sizi pənahında vardır saxlayan, Kədər yollarını bağlasın, qızım. *** Bir oğlun, bir qızın, bir sevən ərin, Çəkəcək nazını yüz eləsən də. Ay qızım, onların sən də bil qədrin, Qayğı, nəvazişi yüz elə sən də! *** Bütün arzularım cəm olub burda, Oğlumu mən sənə verdim əmanət Hələ xoş sədanız gələcək yurda, Olun bir-birinə qızım, muğayət! *** Gerisi asandır sevgi var isə, Hər şeyi yerinə mümkündür qoymaq . O uca yaradan bizə yar isə, Nəvədən, gəlindən olarmı doymaq! *** …Gözündə yaş gördüm, qoynunda uşaq, Ağlama, gözünün yaşına qurban. Evimdə gəlinlər qızım olacaq Onlar da muğayət olar oğuldan!
Əbülfəz Əhməd “Gəldim” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən hər müəllifə yalnız bir dəfə verilən “Ziyadar” Mükafatına layiq görülüb. Müəllifi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!!!
Əbülfəz Əhməd kimdir? Ədəbi aləmdə o qədər də tanınmayan, nə Yazıçılar birliyinin, nə Jurnalistlər birliyinin üzvü olmayan, nə “Qızıl qələm” mükafatı, nə Məmməd Araz mükafatı, nə Rəsul Rza beynəlxalq mükafatı, nə Media mükafatı, nə beynəlxalq Andersen mükafatı, nə Nobel mükafatı almayan, lakin şeirləri olan bir şairdir. Özü də elə şairdir ki, ədəbiyyatımızın, poeziyamızın cəfasını və təəssübünü çəkməkdən yorulmur, usanmır. O mətbuatda, sosial şəbəkələrdə bar-bar bağıran, klassiklərə ləkə yaxan, palçıq atan cavan “şairciklərə” “yazar”lara ədəbi yaradıcılığın nə olduğunu sübut eləməyi bacaran şairdir. Əbülfəz kimi şairlər cavan yaşlarında mətbuata yol tapa bilmədilər. Bu yolda necə getməyin “yollarını” bilirdilər. Amma bu “relsə” düşə bilmədilər. Ona görə də tanınmaq, məşhurlaşmaq imkanları olmadı. Ədəbi orqanlarda lövbər salmış istedadsız qələm sahibləri “ştamplanmış, bədii cəhətdən zəifdir” cavabları ilə yüzlərlə istedadlı gənclərin yolunda istehkam oldular. Əbülfəz Əhməd də belələrindən idi. O, abırlı-həyalı, yerini tanıyan, özünə, sözünə qiymət qoyan adamdır. Heç vaxt redaksiyalarda qapıdan qovulub, bacadan girmədi. Özü üçün yazdı, yaratdı – himayədar axtarmaq ağlına belə gəlmirdi. Bu günə qədər də yazılarının çap olunması, kitablarının nəşr edilməsi üçün heç kimə ağız açmayıb. Əbülfəz Əhməd necə şairdir? Bu suala cavab verməzdən əvvəl deyim ki, Əbülfəz Əhməd bu günə qədər bir dəfə də olsun “mən şairəm” deməyib. O sadəcə olaraq qəlbinin səsinə qulaq asıb, arzu və istəklərinin, qanından, canından qopan duyğuları şeir dili ilə bəyan eləməyə çalışıb. Həm də bunu dizini yerə qoyub, qələmini və könlünü zorlayıb ağ vərəqlərə köçürməyib. Poeziya süfrəsinə təbii və halal məhsulunu qoyub. Ədəbi aləmdə o, sısqa həm də saf bulaqdır (elə başa düşürəm ki, bu bənzətmə onun xətrinə dəyməyəcək). Gah dumduru, göz yaşı kimi gələ bilər, gah bulanıq şəkildə. Dediklərimizi təsdiq üçün bir neçə şeirinə diqqət yetirək: İlk əlimə keçən bir şeiri “Kərəmə” adlanır.
“Bu Əsli qızların əsil xisləti, Döndü xəyanətə, a Kərəm indi. Hardasa babalar çəkən ləzzətin, Oturub altını çəkirəm indi.
…Bir tərsa qızının oduna düşüb Gəzdin obaları, gəzdin birbəbir. Indi obalara pıçha-pıç düşüb – Ellər süd puludur, dalbadal gedir.
Hansı məşhur şairin şeirindən zəifdir.
…Düymə açılmadı… cəhənnəmə ki, Yüz gözəl önündə baş əyməzdimi?
Bundan artıq Əbülfəz Əhməd nə deməliydi.
Əslilərin, Haykanuşların qucağından başladı torpaqlarımızın haylara “axını”.
Bu, Əbülfəzin dili ilə desək – tərsa gözəllərin bizə yaşatdıqları! Bəs öz gözəllərimiz şairi necə “incidir”
“Söz ki, verdin, olasan həmdərd gözəlim, Həm fərəh verdin bizə, həm dərd gözəlim. Naz eylə dedik, anla ki, məna məcazi, Sən də qoysana nazına sərhəd gözəlim!
Bu rübainin nəyi çatmır?
Əbülfəz Əhmədin şeirlərinin birinə yazdığı epiqraf bir çox şairlərinin qalaq-qalaq kitabına dəyər. Atasına həsr elədiyi şeirlərinin birində Əbülfəz belə yazır:
“Anamız yanına köç edəndən bəri başdaşı şəklində atamın üzünə təbəssüm qonub”. Budur, şair duyğusu, budur şeirin bədii, fəlsəfi yükü, budur tapıntı. Şeir deyil, amma şeir qədər bədii yükü var.
Əbülfəzin şeirlərində mövzu müxtəlifliyi, rəngarəngliyi diqqəti cəlb edir. Sevgi-məhəbbət, vətənə həsr olunmuş, təbiət mənzərələrindən bəhs edən onlarla şeiri var Əbülfəzin. Dünya haqqında hansı qələm sahibi şeir yazmayıb? Əbülfəz də yazıb:
Nizamına iradım yox, Çox sirrini aradım, çox, Fələk qarı- Əbülfəz qorx Tutar sənə toy dünyada!
“Fələyin adama toy tutmağını” şair belə təsvir edir.
Dediyim kimi Əbülfəzin şeirləri gah “durulur”, gah “bulanır”. Bəzən az sözlə çox incə mətləbləri çatdıra bilir. Məsələn:
Yetim uşaqlar kimidir
Ahıl yaşlarında Tənha yaşayan kişilər… Qulluğunda xanımı, qızı, Gəlini dayanan tay tuşlarını görəndə “kiçilər”
Daha bir konkret misal:
Heyifim gəlir Iki qadın tanışımın Birinə, O birinin də – ərinə.
Başqa bir yazısında sərrast ifadəyə fikir verin:
Sənə kar eləmir mənsizliyin. Mən də dadını yaxşı bilirəm Səninlə sənsizliyin.
Bu qısa və yığcam şeirlər mənalı və düşündürücüdür həm də kifayət qədərdir. Amma Əbülfəzin elə şeirləri var ki, uzun və darıxdırıcıdır. Bir fikri çatdırmaq üçün “dolama yollarla” getmək oxucudan çox bəlkə müəllifin özünü yorur.
Əbülfəzin şeirləri haqqında mən uzun-uzadı yazmaq istəmirəm, nə də təhlil edib, tənqidi fikirlər söyləyib “Amerika açmaq” fikrim yoxdur. Çox güman ki, heç ədəbi tənqid də ola bilsin Əbülfəzin bu kitabını görmədi. Görsə də “öz şairlərini” tərifləməkdən vaxtları olmayacaq ki, Əbülfəz Əhməd adlı şairə qiymət versinlər. Heç Əbülfəzin buna ehtiyacı da yoxdur. Tənqidçilərdən də ummur, küsmür, incimir. Heç annotasiyada “geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur” da yazılmayacaq. Çünki adlı-sanlı xalq şairlərinin, xalq yazıçılarının kitabları cəmi-cümlətanı beş yüz nüsxə çap olunursa hansı “geniş oxucu kütləsindən” danışmaq olar.
Əbülfəz Əhməd bu kitabında çap olunan şeirlərində də öz sadə, zəhmətkeş, səmimi bir insan olduğunu yaxın dostlarına, qohum-əqrəbasına, tanışlarına izhar eləmək üçün qələmə pənah gətirmişdir. Şair hər bir oxucusuna dərin minnətdarlıq hissi ilə “hələlik” deyir. Mən də Əbülfəzi yaxından tanıyan bir adam kimi ona yeni kitabının həzzini dadmağı arzulayıram və yeni-yeni kitablarını gözləyirəm.