Kateqoriya arxivləri: Əhməd bəy Ağaoğlu

Atakişiyeva Həcər – Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi

Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi

       Əhməd bəy Ağaoğlu mədəniyyətşünas, sosioloq, ictimaiyyətçi, alim olmaqla yanaşı, həm də güclü tənqidçi, böyük ədib olmuşdur. Ədəbiyyat bir sənət sahəsi kimi Ə.Ağaoğlu yaradıcılığında öz layiqli qiymətini almışdır. Əhməd bəyin ədəbiyyatın nəzəri problemlərinə həsr olunmuş məqalələri, ədəbiyyat tarixinə həsr olunmuş iri həcmli əsərləri onlarladır. Əhməd bəy Ağaoğlu əksər əsərlərində ədəbiyyatın həyata təsirini ön plana çəkir, ədəbi əsərlərə də məhz bu mövqedən yanaşaraq təsirin doğru və tərbiyəli olmasını tələb edirdi. Ədəbiyyatın reallığı əks etdirmə probleminə Əhməd bəy Ağaoğlu Şərq ədəbiyyatını tənqid edərkən dəfələrlə müraciət etmişdir. Lakin Əhməd bəy Qərb ədəbiyyatından danışarkən tənqid mövqeyində olmur, əksinə Qərb ədəbiyyatını müsbət plandan tətbiq edir: “Əgər bütün Paris və Parisin tarixi yer üzündən qalxıb yalnız Viktor Hüqonun “Notre Dame de Paris”i ilə Zolyanın “Vente de Paris” adlı əsərləri qalmış olsaydı, biz yenə Parisin istər orta əsrlər və istər daha sonra gələn zamanlardakı həyatı haqqında tam bir fikir əldə edə bilərdik. Küçələrindən, memarisindən, geyiniş tərzindən, evlərin döşənməsindən başlayaraq kilsələrindəki ayinlərinə, kənd satıcılarına qədər xəyalımızda canlandıra bilərdik. Bu xüsusda rus və ingilis ədəbiyyatı o qədər irəli gəlmişdir ki, Rusiyada və İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək bir çay, tək bir orman, tək bir step, tək bir insan və yaşayış tərzi buraxılmamışdır” [3,14].                                                                             

Əhməd bəy Ağaoğlunun ədəbiyyat qavrayışında daha qabarıq cəhət onun şəxsiyyətinə və həyatına uyğun olaraq, ədəbiyyatda ictimailik problemidir. Əhməd bəy Tolstoyu misal gətirərək bildirir ki, əsl ədəbiyyat yüksək düşüncə və duyğuları ilə xalqın rəğbət və sevgisini qazanmağı bacarmalıdır. Əhməd bəyin sırf Azərbaycan ədəbiyyatına həsr olunmuş irihəcmli əsəri yoxdur. Müəllif bəzi məqalələrində bu mövzuya toxunmuşdur. Ədib klassik ədəbiyyatımızı təhlil edərkən belə qənaətə gəlir ki, ədəbiyyatımızın şəkli xüsusiyyətləri əsasən ərəb və farslardan götürülmüşdür. Qətran Təbrizidən XIX əsrin ortalarına qədər ədəbiyyatımızın qida mənbəyi əsasən islam kontekstində Şərq fikri, Şərq cərəyanları olmuşdur. Azərbaycan ədəbiyyatı öz korifeylərini məhz bu qida əsasında – məsələn təsəvvüf fəlsəfəsi əsasında formalaşdırmışdır. Şərq klassik ədəbiyyatına qida verən mənbələr tükənmişdi, artıq deyiləsi sözlər deyilmişdi və Füzulidən bu yana təkrarçılıq başlamışdı. Əhməd bəyin fikrincə, ədəbiyyatda tarixi şəxsiyyətlərin əsərlərinin formalaşması hələ tam formalaşmış ədəbiyyatın olması demək deyildi. Bu baxımdan Xaqani, Nizami, Xətai, Füzuli belə ədəbiyyatın nümayəndələridir. “Nizaminin “Leyli və Məcnun”u ilə Füzulinin “Leyli və Məcnun”u arasında nə fərq vardır?” [3,108]                           

    Əhməd bəy Ağaoğlu klassik ədəbiyyatı mövzu təkrarçılığında ittiham edirdi. O, bu dühalarla yanaşı Dəhləvi, Rumi, Yunis Əmrə, Sədi Şirazi, Nəvai, Hafiz və başqalarını da eyni halqanın zəncirləri hesab edirdi. Əhməd bəy onları ümumşərq poeziyasının çərçivəsindən çıxmamaqda günahlandırırdı. Əhməd bəy Ağaoğlunun Şərq ədəbiyyatına, tarixinə münasibəti birmənalı olaraq mənfidir. Əski ədəbiyyatımızda həyat yoxdur. Əhməd bəy Ağaoğlu yaşadığı dövrdə təhsilin bütövlükdə klassik ədəbiyyat üzərində qurulmasına qarşı çıxmaqda tamamilə haqlı idi. Lakin o, klassik ədəbiyyatın bütövlükdə lazımsız olduğunu deməklə məsələyə tamamilə subyektiv yanaşırdı. Məsələn o, Nizami Gəncəvini nəzərdə tutaraq “Gərçi ən əski fars ədiblərindən birinin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” kimi bəzi əsərləri varsa da, bunların adlarının və məzmunlarının həyatdan çox uzaq olduqlarını qeyd edirdi” [3,108].                                                                             

Ə.Ağaoğlu klassik ədibləri yaltaqlıq etməkdə və aşırı mədhiyyəçilikdə günahlandırırdı.  Klassik ədəbiyyatda qəsidə, həcv, qəzəl şəkillərinin aparıcı olmasını tənqid edirdi. Ə.Ağaoğlunun ifrat Avropa meyilliliyi, bəzi hallarda onun klassik ədəbiyyatımızı sərt tənqid etməsinə səbəb olurdu. O, klassik ədəbiyyat nümayəndələri olan Şeyx Sədilərin, Molla Camilərin XX əsr ədəbiyyatına belə hakim olmaları ilə barışa bilmirdi. Ona görə də, onları kəskin tənqid etməkdən çəkinmirdi. Klassik ədəbiyyatın hakim mövqeyini irəliləyişin olmamasının başlıca səbəbi görürdü. Ə.Ağaoğlu Ezop, Lafonten və Krılovu misal göstərərək Şərq ədəbiyyatını təkrarçılığa yönəlik əsərlər yazmaqda günahlandırırdı. O, klassik Şərq ədəbiyyatının məhz Robespyer, Monteskyö, Russo kimi insanlar yetişdirə bilmədiyinə görə geri qaldığını söyləyirdi. Məktəblərin belə yeniliklərə açıq olmamasını, klassik ədəbiyyat nümunələri olan Hafizin, Sədinin, Füzulinin qəzəllərinin məcbur şəkildə əzbərlədilməsinin böyük bir geri qalmanın səbəbi olduğunu dönə-dönə qeyd edirdi. Ə.Ağaoğlunun elmi və publisistik əsərlərində Prudonun fikirlərini təsdiq etdiyini və onun davamçısı olduğunu görürük. Platon və Furyenin cəmiyyətlə fərd arasındakı əlaqə fikirlərinə rəğbət bəsləmişdi. Əhməd bəy öz “Üç mədəniyyət” əsərində yazır ki, “Mənə ilk əvvəl Qafqazı sevdirən, Qafqazın gözəlliklərini anladan Lermontovla Puşkinin təsvirləri olmuşdur” [3,111].      

     Ədəbiyyatın cəmiyyətin həyatına təsirini Əhməd bəyin yaradıcılığında açıq şəkildə görürük. Təsadüfi deyil ki, Ə.Ağaoğlunun nümunə göstərdiyi ədiblər tarixdə həm də cərəyan yaratmış, ictimai fikrə güclü təsir göstərmiş Volter, Russo, Monteskyo, Puşkin, Tolstoy kimi dühalar idilər. Tolstoyun çar, əyanlar, dini idarə tərəfindən təzyiqlərə məruz qalmasına rəğmən öz fikirlərindəki və fəaliyyətindəki güzəştsizliyini təqdir edərək yazırdı: “Hökmdarlar bircə şeydə səhv etmişdilər. Hər şey zor gücünə dəyişə bilsə də, xəyala və hissiyata güc gəlmək olmur” [6,50].               Gözümüzün önündən keçən əmsalsız rus fırtınasının qasırğalarını, heç şübhə yox ki, Tolstoylar, Qorkilər hazırlamışdılar. İslam klassik ədəbiyyatında buna bənzər bir şey aramaq boşunadır” [3,108].                                                                         

  Əhməd bəy klassik ədəbiyyat problemlərini məhz dühaların yaradıcılığında dəyərləndirmişdi. Lakin maraqlı olan faktlardan biri də odur ki, Əhməd bəy ədəbiyyatın problemlərinə dair çoxlu sayda məqalələr yazmasına baxmayaraq, bir dəfə də olsun rus ədəbiyyatının dahisi olan Dostoyevskinin yaradıcılığına nə mənfi, nə də ki, müsbət cəhətdən toxunmamışdı. Dostoyevskinin əsərlərinə dair Əhməd bəyin heç bir yerdə fikirlərinə rast gəlmirik. Lakin buna baxmayaraq, onun Puşkinin, Lermontovun, Qoqolun, Qorkinin, Andreyevin, Çexovun əsərlərini oxuyub öz tənqidi məqalələrində qiymətləndirdiyini görürük. Əhməd bəy Ağaoğlu əksər fikirlərində qərbliləri Şərqdən üstün tutsa da, hekayələrindən birində Qərb filosofu Nitsşe ilə Şərqin əxlaqçı filosofu Konfutsini qarşılaşdırıb, onların dialoqu ilə öz fikirlərini verə bilmişdir. Əhməd bəy burada əxlaqi dəyərləri üstün tutub, Nitsşenin “güclü haqlıdır” prinsipini tənqid edib. Əhməd bəy Nitsşeni mənfi qəhrəman kimi seçmişdir, sonralar Nitsşenin ideyalarını özünə rəhbər seçən Adolf Hitler yalnız fiziki cəhətdən sağlam insan xeyir verə bilər prinsipinə əsaslanaraq, milyonlarla insanın ölümünə bais olması Əhməd bəyin nə qədər haqlı olmasının sübutu idi. Ə.Ağaoğlunun elmi və publisistik əsərləri onun klassik ədəbiyyat problemləri ilə bağlı fikirlərini tamamilə əks etdirə bilmişdir.

ƏDƏBİYYAT:

  1. Ağaoğlu Ə. “Rus ədəbiyyatının ümumi səciyyələri”. Kamal Talıbzadə. “Azərbaycan” jurnalı, 1989,№1
  2. Ağaoğlu Ə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007, 392 səh.
  3. Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı:Mütərcim, 2006, 154 səh.
  4. Belinski V.Q. “Məqalələr”. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1961.168 səh.
  5. Hacıyeva L. “Əhməd bəy Ağaoğlunun publisistikası”. Bakı, BDU, 2006.
  6. Hüseynova Ü. Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri. Bakı: Nurlan, 2006, 156 səh.  

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əhməd bəy Ağaoğlu – üç dövlətin vəkili

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabrında Azərbaycanın qədim torpağı olan Qarabağ xanlığının mərkəzi Şuşa şəhərində zadəgan ailəsində dünyaya göz açıb. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub. Əhməd bəyin babası Mirzə İbrahim Şuşanın məşhur alimlərindən sayılırdı. Əmisi Mirzə Məhəmməd də o dövrün tanınmış ziyalılarından idi.

Əvvəlcə Şuşada, ardınca Tiflisdə liseyi bitirən Əhməd bəy Ağaoğlu 1887-ci ilin avqustunda ali təhsil üçün Sankt-Peterburqa yollanıb. Orada bütün imtahanları uğurla versə də, cəbr müəllimi onu yəhudi hesab etdiyi üçün qiymətini kəsir və haqsızlıq nəticəsində Texnologiya İnstitutuna qəbul oluna bilməyib. Bu hadisədən sonra təhsilini Rusiyada deyil, Parisdə davam etdirmək qərarına gəlib və çox keçmədən Sorbonna Universiteti yanında Paris Hüquq Məktəbinin tələbəsi olub. Eyni zamanda, Ali Təcrübi Tədqiqatlar Məktəbində dövrün tanınmış alimlərinin mühazirələrinə qatılıb.

Parisdə təhsilini başa vuran Əhməd bəy 1894-cü ildə İstanbula yollanıb və orada “İttihad və Tərəqqi”nin orqanı olan “Şurayi-Ümmət” qəzetində məqalələri dərc edilib. Burada 6 ay yaşadıqdan sonra atasının Şuşada vəfat etməsi xəbərinı alan Əhməd bəy Qafqaza qayıdıb. Bir müddət Tbilisidə yaşayıb və gimnaziyada fransız dilini tədris edib, eyni zamanda, “Kafkaz” qəzetində məqalələri dərc olunub. 1896-cı ildə doğma Şuşa Real məktəbinə fransız dili müəllimi təyin olunub.

Paris və İstanbuldan sonra o, ömrünün üç ilini doğma Şuşada keçirib, həmyerlilərini birləşdirməyə, onların milli şüurunu oyatmağa çalışıb. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışmaqla yanaşı, dini mövhumata qarşı da ciddi mübarizə aparıb. Buna görə də öz doğma şəhərində onu əvvəlki kimi Əhməd bəy deyil, “Firəng Əhməd” deyə tanıyıblar.

1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Əhməd bəy Bakıya köçüb və “Kaspi” qəzetinin əsas müəlliflərindən biri və redaktoru olaraq fəaliyyət göstərib. Bu dövrdə Əlimərdan bəy Topçubaşovla sıx əməkdaşlıq edib. Jurnalistika ilə yanaşı, müəllimlik fəaliyyətini də davam etdirən Əhməd bəy, Bakı məktəblərindən birində fransız dilinin tədrisi ilə də məşğul olub.

Aktiv ictimai-siyasi fəaliyyətinə görə, Bakı Şəhər İdarəsinə üzv seçilib. İlk əsəri olan “Axund və İslam”ı da elə həmin vaxtlarda qələmə alıb. İlk kitabı olan “Jenşina po islamu i v islame” (“İslama görə və islamda qadın”) rus dilində Tbilisidə 1901-ci ildə işıq üzü görüb. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi “Həyat” qəzetini Əli bəy Hüseynzadə ilə birgə buraxmağa başlayan Əhməd bəy 1906-cı ildə “İrşad” qəzetini, bir il sonra isə rus dilində “Tərəqqi” (“Proqress”) qəzetini nəşr etdirib.

1905-ci ildə ermənilərin “Daşnaksutyun” terror təşkilatının Azərbaycan xalqına qarşı amansız divan tutmasından və Rusiya imperiyasının buna biganəliyindən hiddətlənən Əhməd bəy Sankt-Peterburqa gedərək müsəlmanların müdafiəsi üçün çıxış edib. Lakin imperiya məmurlarının ermənipərəst mövqeyindən daha da hiddətlənərək Bakıya qayıdıb. “Fədai” cəmiyyətinin yaradılması təşəbbüsü ilə çıxış edən Əhməd bəy 1906-cı ilin fevral-mart aylarında Tbilisidə Qafqaz canişini İ.İ.Voronstov-Daşkovun sədrliyi ilə keçirilən erməni-müsəlman barışdırıcı qurultayında Azərbaycanı fəal şəkildə təmsil edib. Məmməd Səid Ordubadi “Qanlı illər” əsərində qeyd edib ki, Əhməd bəy həmin görüşdə tutarlı faktlar və ittihamlarla erməniləri susdurur. Günlərlə xalqının müdafiəsi uğrunda mübarizə aparan Əhməd bəyin başı keçirdiyi əsəb və stresdən gicəllənir və onu sarayın başqa otağına aparırlar. Özünə gəldikdən sonra yenidən toplantıya qayıdıb çıxışına davam edir.

Danışıqların fayda vermədiyini görən Əhməd bəy, ermənilərə elə onların öz üsulları ilə cavab verməyi qərara alır. Bu məqsədlə də 1906-cı ilin oktyabrında gizli “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi” – “Difai”ni yaradır. “Difai”nin qurulmasında əsas məqsəd azərbaycanlıları ermənilərin hücumundan, eləcə də çar məmurlarının zülmündən qorumaq idi. Azərbaycanlılara qarşı terror həyata keçirən erməni silahlıları və onlara şərait yaradan rus məmurlarını susdurmaq yolunda kifayət qədər uğurla fəaliyyət göstərən “Difai” tezliklə ermənilərin və Rusiya imperiyasının əsas hədəfinə çevrilir. Bu fəaliyyətinə görə çar hakimiyyətinin ciddi təqib etdiyi Əhməd bəy İkinci Məşrutiyyət elan edildikdən sonra Türkiyəyə gedib.

Əhməd bəyin Azərbaycan xalqı üçün ermənilərə qarşı apardığı mübarizə onun İstanbula gedişindən sonra da davam edir. “Tərəqqi” qəzeti Üzeyir Hacıbəylinin rəhbərliyi ilə nəşrini davam etdirirdi. Ermənilər isə özümüzdən olan havadarlarının köməyi ilə Əhməd bəydən qisas almaq üçün onun əleyhinə təbliğat aparmaqda idilər.

Əhməd bəy Ağaoğlunun kölgəsini qılınclayanlara cavab olaraq, Üzeyir Hacıbəyli “Tərəqqi” qəzetinin 1908-ci il 24 avqust tarixli nömrəsində yazırdı: “Əcəba, Əhməd bəy nə iş görübdür ki, ondan camaata zərər gəlsin? Əhməd bəy o adamlardan deyilmi ki, camaatın ən müşkül və qorxulu bir halında, yəni erməni-müsəlman cafieyi-mənhusəsində mərdü-mərdanə döşünü gərib qılıncdan kəskin bir müəssir qələmlə üzərimizə olan hücumları dəf edirdi. Bu yolda onun bir nəfər də olsun köməkçisi yox idi…”

Parisdə oxuyarkən dostlaşdığı Əhməd Rza bəy və doktor Nazim vasitəsilə Istanbulda “İttihad və Tərəqqi” cəmiyyətinə qoşulub. Elə həmin il Osmanlı imperiyasının Maarif Nazirliyində ibtidai təhsil müfəttişi təyin edilib. Süleymaniyyə “İttihad və Tərəqqi” klubunun rəisi olub, 2-3 il ərzində İstanbulda fransızca “Jeune Turc” (Gənc Türk) və türkcə “Tərcümani-həqiqət” qəzetlərinin baş redaktoru işləyib. Həmin dövrdə Ziya Gökalp, Yusif Akçura, Məhəmmədəmin Yurdaqulla bərabər “Türk Ocağı”nı qurub. 1910-1914-cü illərdə “Xalqa doğru”, “Siratül-müstəqim”, “Türk Yurdu” kimi mətbuat orqanlarında çıxış edib. 1911-1912-ci illərdə İstanbul Universitetində “Türk mədəniyyəti tarixi” kafedrasının müdiri olub. 1915-ci ildə Afyonkarahisardan millət vəkili seçilib. Həmin il “İttihad və Tərəqqi”nin Ümumi Mərkəzinin üzvü olub və İstanbulda yaradılan “Rusiya Türk-Tatar Müsəlmanlarının Hüquqlarının Müdafiəsi üzrə Komitə”yə daxil olub.

Əhməd bəy Ağaoğlu Türkiyədə yaşasa da, doğma Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib. 1915-ci ildə o, Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış edib. 1917-ci ildə Əlibəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif Akçura ilə birlikdə ABŞ prezidenti V.Vilsona təqdim edilən və Rusiya imperiyasında türk xalqlarının dözülməz vəziyyətindən söz açan müraciəti imzalayıb.

1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması nə qədər qürürverici olsa da, həmin illərdə bolşeviklərin dəstəyi ilə erməni daşnakları respublikamızın bir çox bölgəsini, eləcə də Bakını işğal edib azərbaycanlıları qəddarcasına qırmaqda idilər. Gənc müstəqil respublikanın öz ordusunun olmaması xalqımızı çətin hala salmışdı. Belə taleyüklü məsələdə Osmanlı qardaşlarımız yeni hökumətimizin səsinə səs verərək, Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana köməyə göndərdi. Həmin orduda siyasi müşavir olaraq, Əhməd bəy Ağaoğlu da Vətənin harayına gələnlər arasında idi. Azərbaycan hökumətində yaranan fikir ayrılığını aradan qaldırmaq üçün səylər göstərən Əhməd bəy Ağaoğlu 1918-ci ildə Gəncədə “Türk sözü” qəzetini təsis etməyə və qəzetin 2 nömrəsini çap etdirməyə müvəffəq olub. Sonra isə Qafqaz İslam Ordusu ilə birgə Bakının xilası üçün yollanıb. Bakı işğaldan azad edildikdən sonra Vətəndə qalan Əhməd bəy Ağaoğlu 1918-ci ilin dekabrında yaradılan Azərbaycan parlamentinə Qarabağdan millət vəkili seçilib.

Türkiyənin Birinci Dünya müharibəsindəki məğlubiyyətini təsdiq edən Mündros sazişindən sonra Əhməd bəy Ağaoğlu Azərbaycanın mövcudluğunu qorumaq üçün Ənzəlidəki ingilis komandanlığı ilə danışıqlar aparan nümayəndə heyətinə başçılıq edib. Azərbaycanda vəziyyət nisbətən sabitləşdikdən sonra İstanbuldakı evinin yanması, ailəsinin küçədə qalması xəbərini alan və Türkiyəyə dönən Əhməd Ağaoğlu tezliklə Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində Fransa paytaxtına yollanmalı idi…

1919-cu ildə Azərbaycanın müstəqilliyinin tanıdılmasına nail olmaq üçün Paris sülh heyətinə daxil edilib. Lakin hələ 1905-ci ildən başlayaraq, Ağaoğluna kin bəsləyən ermənilər İstanbulda onun yolunu ingilislərin əli ilə kəsirlər. Burada həbs edilən Əhməd bəy qısa müddət İstanbul həbsxanasında saxlandıqdan sonra, Osmanlı imperiyasının bir çox vətənpərvər paşaları ilə birlikdə Maltaya sürgün edilir. Maltada əsir həyatı yaşadığı iki il müddətində “Üç mədəniyyət” və “Könülsüz olmaz” əsərlərini qələmə alır.

Osmanlı imperiyasının süqutundan sonra yaranan Türkiyə Respublikası Maltadakı vətəndaşlarını ingilis əsirlərlə dəyişir. Həmin əsirlər arasında Əhməd bəy Ağaoğlu da var idi. Maltadan İtaliyaya yollanan Əhməd bəy, o vaxt Azərbaycana rəhbərlik edən Nəriman Nərimanova Romadan məktub yazaraq Azərbaycana qayıtmaq, xalqa xidmət etmək istəyini bildirir. Məktubun cavabında Nərimanov onu yüksək vəzifəyə dəvət edir. Lakin Nərimanovdan cavab məktubu alan zaman Əhməd bəy artıq Türkiyədə idi. Sürgün illərində az məlumatı olduğu sovet rejiminin tam mahiyyətini anladığı üçün Nərimanova bu dəfə fərqli məktub göndərir. Nəriman Nərimanova yazdığı cavab məktubunda Azərbaycana yox, Türkiyəyə dönməsi zərurətini aşağıdakı səbəblərlə əsaslandrır:

1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.

2. Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.

3. Məni əsarətdən qurtararaq, mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim, mənim üçün bir namus borcu olması fikri.

Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana gəlməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır.

Məktubunun sonunda isə yazırdı: “Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mübarəkdir!”

Yeni qurulan Türkiyə hökumətində Mustafa Kamal Atatürk Əhməd bəyə böyük etimad göstərir. İlk dəfə görüşdükləri halda həmyerlimiz haqda Atatürkdə yüksək təəssürat yaranır. Əhməd bəy Ağaoğlu 1921-ci ildə Mətbuat üzrə ümumi müdir vəzifəsinə təyin edilir və qurtuluş savaşının təbliğatçılarından birinə çevrilir.

1923-cü ildə Türkiyənin əsas nəşri olan “Hakimiyyəti-milliyyə” qəzetinə rəhbərlik edir. 1925-ci ildə Ankara Hüquq Məktəbinin professoru olaraq, orada dərs deməyə başlayır.

Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunu tarixin ən böyük türk ideoloqlarından biri hesab edirlər. Türkçülüyün ən böyük ideoloqlarından olan Əhməd bəy bu sahədə çox ciddi fəaliyyəti ilə tanınıb.

Türkiyə siyasi həyatında fəallığı ilə seçilən Əhməd bəyin əsas amallarından biri demokratik dövlət quruculuğu olub. Hətta bu xüsusda dəfələrlə ölkə rəhbərliyinə təklif və iradlarını bildirib, Atatürkün özü ilə bu barədə müzakirələr aparıb.

Elə bunun nəticəsidir ki, Atatürk Türkiyədə təkpartiyalı sistemdən ikipartiyalı sistemə keçməyi qərara alır və 1930-cu il avqustun 7-də müxalif “Sərbəst Firqə” qurulub. Onun rəhbərləri arasında Fəthi bəy və Nuri (Conker) bəylə yanaşı, Əhməd bəy də olub. Atatürkün göstərişi əsasında qurulan bu partiyadakı fəaliyyəti ilə bağlı Əhməd bəy “Sərbəst firqə xatirələri”ni yazıb.

“Sərbəst firqə”nin ləğvindən sonra Əhməd bəy dövlət vəzifələrində çalışmaqdan imtina edərək, universitetdə dərs deməklə yanaşı, jurnalist fəaliyyətini davam etdirməyə başlayıb. 1933-cü ildə gündəlik “Akın” qəzetini buraxıb. Bu qəzet mayın 29-dan sentyabrın 24-dək işıq üzü görüb. Mövcud hökumətə qarşı müxalif olan “Akın” qəzeti demokratik prinsipləri rəhbər tuturdu. Çap etdiyi qəzet barədə Ağaoğlu yazırdı: “Demokratiyanı, azadlığı, vəzifə məsuliyyətini xatırlatmaq istəyən “Akın” yaxşıya yaxşı, pisə pis deməkdən çəkinməyən arslanca bir vətənsevərliklə irəliləyir”.

Həmin illərdə aparılan universitet islahatında Əhməd bəy ixtisar edilərək təqaüdə göndərilib. Həyatının qalan dövrünü qəzet çıxarmağa həsr edən Əhməd bəyin səhhəti get-gedə pisləşməkdə idi. 1938-ci ildə Mustafa Kamal Atatürkün vəfatı xəbərini Əhməd bəy Ağaoğlu ürəkağrısı ilə qarşılayır.

1939-cu il mayın 19-da türk dünyasının böyük oğlu Əhməd bəy Ağaoğlu anadan olduğu doğma Şuşadan minlərlə kilometr uzaqda, türk dünyasının qüruru və ən böyük şəhəri olan İstanbulda vəfat edib.

Ondan geriyə isə minlərlə məqalə “Mən kiməm”, “İran və inqilabı”, “Könülsüz olmaz”, “İxtilalmı, inqilabmı?”, “Sərbəst insanlar ölkəsində”, “Tanrı dağında”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd”, “Üç mədəniyyət” kimi dəyərli əsərlər qalıb.

İlkin mənbə: azertag.az

Müəllif: Qabil MEHDİYEV

Əməkdar jurnalist.

QABİL MEHDİYEVİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru