Kateqoriya arxivləri: Əli bəy Azəri

ƏLİ BƏY AZƏRİ – ÇAY MƏCRASINI DƏYİŞMƏDİ

ÇAY MƏCRASINI DƏYİŞMƏDİ

(povest)

Zastava Əzgilli kəndindən çox da uzaqda deyildi. Sər­hədçilər kiçik yaşayış məntəqəsinin poçtundan, ma­ğa­zasından rahatlıqla istifadə edə bilirdilər. Kənd əhli ilə isti münasibətdə olmasalar da yaxşı əlaqə yaratmışdılar. Camaat öz doğmaları qismində qəbul etdikləri əsgərləri kəndin simvoluna çevrilmiş ağartı məhsullarından korluq çəkməyə qoymurdu.

Ölkənin şimal bölgəsində yerləşən kiçik sərhəd zastavası adi gün­lərindən birini yaşayırdı. Nahar yeməyindən sonra əsgər kazar­ma­sında ölü bir sükut hökm sürürdü. Giriş qapısı ilə üzbəüz sənədlər löv­həsinin yanında qoyulmuş əsgər tumboçkasının böyründə daya­nan kazarma gün növbətçisindən başqa oyaq heç kim gözə dəymirdi, heç səsləri də eşidilmirdi. Növbəyə hazırlaşanlar nizamnaməyə uy­ğun olaraq yatıb dincəlirdilər ki, axşam bölgüsünə qədər gözlərinin acısını çıxardıb tam gümrah vəziyyətdə olsunlar.

Zastava rəisinin otağında növbəti naryad bölgüsünün ciddi müzakirəsi gedirdi. Rəis kapitan Məcidov tərbiyə işlər üzrə müavini baş leytenant Əlixanovla bəzi məsələləri öz aralarında aydınlaş­dırmaq istəyirdi. Ona elə gəlirdi ki, Milli Ordudan dəyişdirilərək Sərhəd Qoşunlarında xidmətə gətirilən bu zabit hələ də sərhəd xidmətinin bəzi incəliklərini ya qəbul edə bilmir, ya da qəbul etmək istəmir. 

-Əlixanov, “Qurd qapısı” ilə “Tənha” postlarının naryadına bu dəfə özün başçılıq edəcəksən.

-Xeyir ola? Nə münasibətlə? – Baş leytenant rəisin tapşırığını təəccüblə qarşıladı.

-O münasibətlə ki, mən burada qalıb həm zastavadakı xidmətə nəzarət edəcəyəm, qərargahla əlaqə saxlayacağam, həm də Rusiya sərhəddinin müdafiəsi ilə maraqlanmaq şansım qalacaq.

-Elə mən də buradan həmin postların xidmətinə nəzarət edə bilə­rəm.

-Sözümü kəsmə, axıradək dinlə. Orada siz bu dəfə beş gün deyil, on beş gün qalacaqsınız. Özünüzlə quru ərzaq ehtiyatı götürə­cək­siniz. Düzdür, mən iki-üç gündən bir sizə çörək, ət, tərəvəz, müm­kün qədər digər ərzaq məhsulları göndərtdirəcəyəm. Siz də nə çatış­ma­zsa menyu üzrə “toxunulmaz ehtiyat” ərzaqdan normaya uyğun işlə­dərsiniz. Sonra nə işlətsəniz raportla məruzə edərsən.

-Aydındır.

-Bilirsən ki, ölkədə çox mühüm beynəlxalq tədbir keçirilir. Bu tədbiri pozmaq üçün düşmənlərimiz hər bir alçaq niyyətə əl ata bilərlər. Odur ki, hər yerdə sərvaxt olmalıyıq.

-Deyirsiniz, yəni…

-Hər şey ola bilər. Təkcə təmas xəttində son gün ərzində ermənilər atəşkəsi yüz dəfə pozublar. Ağdam rayonunda dörd-beş min hektar buğda zəmisini yandırıblar. İki kombaynı vurub sıradan çıxarıblar. Yaralananlar arasında mülki əhalidən də iki nəfər var

-Ora döyüş bölgəsidir. Döyüş bölgəsində isə hər şey ola bilər. – Əlixanov sifətinə xüsusi ciddi mimika alıb söhbətinə davam etdi. – Bir də, xətrinə dəysə də deyəcəyəm. Elə şeylər var ki, bizimkilər lap ağını çıxardıblar.

-Əsgərləri deyirsən..?

-Yox, diktorları deyirəm. Cəbhə xəbərlərini elə verirlər ki, vallah, adamın yox, lap elə bişmiş toyuğun da gülməyi gəlir. Deyirlər ki, guya ermənilər atəşkəsi gün ərzində yüz dəfə pozublar. Belə çıxır ki, iyirmi dörd saat atışma gedib?

-Niyə guya deyirsən ki? 

-Bu əsla ola bilməz.

-Niyə olmur. Demirlər ki, bir postda atışma olub. Atəşkəs müxtəlif istiqamətlərdə pozulub.

-Düzünə qalsa, bəlkə bizim ermənilərlə üzbəüz heç yüz postumuz yoxdur. Bir də diktorlar elə danışırlar ki, sanki onlara camaatı qorxutmaq, vahiməyə salmaq tapşırığı verilib.

-Bəlkə də sən haqlısan. Mübahisə etmək istəmirəm, ancaq onların dediklərində də həqiqət var.

-Köhnə lentlərə qulaq asmamısan? Böyük Vətən müharibəsi zamanı diktorlar cəbhə xəbərlərini elə səsləndirirdilər ki, insanlar cuşa gəlirdi. Hər kəs səfərbər olub düşmənə qarşı savaşa yollanmağa can atırdı. Bizdə isə belə məlumatlardan sonra insanlar gizlənməyə, övladlarını hərbi xidmətdən yayındırmağa çalışırlar. Düzdür, diktorlar tam həqiqəti deməlidirlər. Ancaq deməyin də bir təhri var.

-Hər bir həqiqəti də açıb xalqa demək yaramaz. Baxır hansı həqiqəti demək olar. Bir də o həqiqət kimə və nəyə görə lazımdır.

-Elə buna görə də beynəlxalq aləm bizim dediklərimizi deyil, ermənilərin uydurmalarını həqiqət olaraq qəbul edirlər.

-Beynəlxalq aləm onsuzda bizi başa düşməz. Çünki ermənilərlə aramızda olan konflikdə onların da öz maraqları var.

-Bu, hələ harasıdır?! Deyirlər ki, düşmən cavab atəşi ilə susdurulub. Sən hələ dəqiq bilmirsən ki, düşmən haradan atır, onu cavab atəşi ilə məhv etmədən necə susdura bilərsən? Öldürülməyən düşmən hansı məntiqə görə güllə atmağa başlayıb, sonra da susmalıdır?

-Səncə nə deməlidirlər? – Diqqətlə həmkarının gözlərinin içinə baxdı. “Bu cavan oğlanın işi diktorlarla deyil, sözgəlişi onları dilə gətirir, əsas işi hərbçilərlədir. Dünən Milli Ordudan aralanıb, bu gün axı, deyəsən onları bəyənmir?” – Nə isə deməlidirlər, ya yox?! Həm də bu məlumatları diktorlar özləri uydurmurlar ki. Onlar Müdafiə Nazirliyindən verilən məlumatları sadəcə efirdən səsləndirirlər.

-Elə Müdafiə Nazirliyində də kiminsə balqabaq qohumlarını oturdublar kresloda. O da kiminsə nə vaxtsa düşünüb formalaşdırdığı şablon məlumatı, təkcə rəqəmləri dəyişməklə efirə ötürür.

-Elə məni də düşündürən odur. Ermənilər fəndgir millətdir. Onlar məsul vəzifələrdə bəzi bizimkilər kimi balqabaq qohumlarını əyləşdirmirlər. İndiki vəziyyətdə ola bilər ki, təmas xəttində canfəşanlıq göstərib bütün diqqəti oraya cəlb etmək istəyirlər. Sonra da ağlagəlməyən bir ərazidə təxribat törədib aranı qarışdırarlar. 

-Bu, sizin ehtimalınızdır, yoxsa fantaziyanızdır..?

-Elə bütün reallıqlar da adama əvvəlcə fantaziya kimi görünür.

-Onda niyə məhz Gürcüstan sərhəddini düşünürsünüz?

-Hər iki sərhəddə onlar təxribat törədə bilərlər. Amma böyük ehtimal Gürcüstan sərhəddinədir. Çünki Rusiya daha böyük dövlətdir. Böyük dövlətlərlə münasibəti beş-üç nəfər sərhəd pozucusuna görə korlamaq olmaz. Gürcüstan isə bizim kimi balaca dövlətdir. Gürcüstanın özündə qarışıqlıq yaratmaq üçün bu variantdan istifadə edə bilərlər.

-Yaxşı, aydındır.

-Yox, hələ hər şey aydın deyil. Onsuzda səhər tezdən yola çıxa­caqsınız. Gecə bəzi detalları incəliyinə qədər aydınlaşdırmaq la­zımdır. Bizim hələ də mübahisəli ərazimiz var. “Tənha post”un yaxınlığındakı kənd camaatı əsasən inqloylardır. Onlar Azərbaycan vətəndaşı sayılırlar, bizim etnik qruplara daxildirlər. Bəzi mənbələrdən aldığımız məlumata görə, onlar Gürcüstan ərazisində xristian olduqlarını, Gürcü xalqının etnik qrupuna mənsubiyyətlərini ortaya qoyurlar.

***

Bu zaman qırmızı guşədə də bir canlanma müşahidə olunurdu. Əsgərlər dil-qəfəsə qoymurdular. Asudə vaxtlarını səmərəli keçirmək üçün buraya toplaşanlar arasında iki nəfər də naryada hazırlaşanlardan vardı. Onların hər ikisi küncdə divara bərkidilmiş ütü masasının üstündə paltarlarını ütüləyirdilər.

-Sərxan, sən niyə gedib yatmırsan? – Sanki indi görürmüş kimi Həmid paltarını ütüləyən əsgər yoldaşından soruşdu və atmacasından qalmadı. – Eşitməmisən, deyiblər, əsgər yatar, xidmət keçər.

-Sənin deməyindən belə çıxır ki, əsgər yatmasa xidmət keçməz? – Öz baməzəliyi ilə seçilən Səlim Sərxanı qabaqlayıb Həmidin atmacasını cavabsız buraxmadı, özü də yanpörtü sualı ilə.

-Əsgər yatmasa da xidmət keçəcək. Ancaq əsgər daha çox yatanda xidmət həm tez, həm də asan gəlib keçir. Bunu elə-belə söyləməyiblər, illərlə sınaqdan keçirib deyiblər. Odur ki, yaxşı əsgər yatmaq şansını heç vaxt əldən buraxmamalıdır. – Həmid aram-aram Səlimin atmacasını cavablandırdı. – Görmürsən, nizamnamədə də var ki, xidmət qabağı əsgər az da olsa yatıb yorğunluğunu çıxartmalıdır. Sən axı bunları hardan biləsən, xidmətə kal gəlib, kal da gedəcəksən.

-Bilirsən, Həmid, nə qədər yorğun olsam belə gündüzlər yata bilmirəm. – Sərxan handan-hana əlini ütüdən çəkmədən cavab verdi. – Yatanda elə bil gic kimi oluram. Ancaq gecə ikicə saat da yatmış olsam mənə bəs edir, bütün yorğunluğum çıxır, dərhal gumrah oluram.

-Hər şeyi başa düşürəm, bircə bu naryad qabağı əsgərlərin öz paltarlarını ütüləmələrini anlaya bilmirəm. – Söhbətin dəyişdiyini görən Mərdan da öz sözünü dedi. 

-Nədir, sən naryada gedəndə paltarını ütüləmirsən ki? – Sərxan soruşdu.

-Şalvarımın qabağına darağımla bircə dəfə çəkirəm ki, təki xətt düşsün. – Mərdan cavab verdi. – Məndə hövsələ hardadır, iki gündən bir şalvar ütüləyəm.

-Elə mən də başa düşə bilmirəm. – Səlim də Mərdana haqq qazandırdı. – Naryada çıxanda toya gedirsiniz, şəhərə patrul çıxırsınız, yoxsa qərargahda döyüş bayrağının önündə xidmət çəkəcəksiniz deyə paltarınıza belə canı-dildən qulluq edirsiniz? Ütünü elə çəkirsiniz ki, elə bil  sevgilinizlə görüşə hazırlaşırsınız. Zastavada fotoqraf da yoxdur ki, deyək şəkil çəkdirib evə göndərəcəksiniz.

-Fotoaparat yoxdur, telefon var. İndi telefonla elə şəkillər çəkirlər ki, deyirsən bəs, canlı insandır, durub qabağında sənə baxır. Vatsapın da canı sağ olsun, bir dəqiqəyə sənin şəklini bütün dünyaya yaya bi­lər. Bir də ki, sən belə şeyləri hardan başa düşəsən? Səninki du­xov­ka­dır, drojdur, bir də bir kisə un, götür, get çörəyini bişir. Sən har­dan biləsən ki, döyüş xidməti nədir? Rəhmətlik babam danışırdı ki…

-Allah rəhmət eləsin! – Əsgər yoldaşları yerbəyerdən dilləndilər.

-Sizinkilərə də… Hə… babam deyirdi ki, Üzeyir Hacıbəyov evdə də ən təmiz, ən təzə paltarını geyinib oturarmış. Günlərin birində babamın atası hansısa bir işlə bağlı onun evinə gedəsi olur. Gedib görür ki, Üzeyir bəy də, arvadı da təzə paltarda oturub söhbət edirlər. Üzrxahlıq edib, deyir ki, Üzeyir bəy, bilsəydim qonaqlığa gedirsiniz, heç gəlib narahat etməzdim. Üzeyir bəy də heç bir qonaqlığa getməyəcəklərini söyləyir. “Bəs bu nədir, təzə paltarınızı geyinib oturmusunuz?” Babamın atası təəccübünü gizlətmir. “Bu bizim həyat tərzimizdir. İnsan təmiz və təzə paltarda özünü daha rahat və gümrah hiss edir. Həm də işlər rəvan getsin deyə belə qiyafələrdə olmalıyıq. Təzə paltarda bədən sevinir, ruh təzələnir. Bu­rada qəribə nə var ki?” Üzeyir bəy gülümsənərək babamın ata­sına, bax, belə cavab verir.

-Allah Üzeyir bəyə də rəhmət eləsin. Onu ulu yaradan bizə bir pay göndəribmiş, dahi sənətkar olub.

-Biz də təmiz, ütülənmiş paltarda özümüzü güclü, döyüş qabiliy­yətinin yüksək olduğunu zənn edirik. Əzinik paltarda əzgin hiss olu­nuruq, əlimizi qaldırmaq, avtomatı çiynimizə salmaq belə istəmirik.

-Biriniz televizoru yandırın görək, indi təzə xəbərləri oxu­yacaqlar. Görək Avropa oyunları nə oldu, başladımı? – Həmid qabaq cərgədə oturanlardan birinə səsləndi.

-Avropa oyunlarına nə olacaq? Neçə vaxtdır hazırlıq gedir. Kim nə deyir, desin, çox möhtəşəm başlayacaq, təmtəraqla da keçiriləcək. O şortikli Avropa siyasilərinin bizi istəmədiklərinə baxma, idmançılarını göndərəcəklər. Onlar da gələcəklər, yaxşıca oynayacaqlar, sonra da şellənə-şellənə çıxıb gedəcəklər. Yemək müftə, yatmaq müftə, belə yarışa kim gəlməz? – Cavad adlı ortaboy əsgər sual dolu baxışlarını Həmidə zillədi.

-Birincisi, düz deyirsən, gəlib oynayıb gedəcəklər. Amma xatirəsi bütün tarix boyu qalacaq. O bir gözəl mahnıda olduğu kimi… (dodaqaltı zümzümə edir) “Məndən sizə bir ömürlük xatirə, sizdən mənə nə qalacaq, bilmirəm!”

-Ondan bizə nə? Bizdən Avropaya, lap elə dünyanın özünə bir tarixlik xatirə qalsa belə onlardan bizə nə?

-Ay bədbəxt! Sən hardan biləsən ki, tarix nədir. Ömründə bir dənə bədii kitab oxumamısan. Səninki ancaq marçamarç yemək olub, bir də fıshafıs yatmaq.

-Guya ömrü boyu yeməyib, içməyib, kitab oxuyanlar, kitab yazanlar nə qazanıblar ki? O günü televizorda göstərirdilər. Hansısa universitetin qabağında sorğu keçiriblər. Camaat artisti tanıyıb, o boyda Cəfər Cabbarlını tanımayıb.

-Nə boyda, Cavad? Heç olmasa sən özün bilirsənmi ki, Cəfər Cabbarlı kimdir?

-Ə, niyə bilmirəm. Cəfər Qafar oğlu Cabbarlı, deyirlər böyük dramaturq olub.

-Dramaturq, yəni kim?

-Ə, o “Hacı Qara”nı yazan.

-Bəs deyirlər, Cəfər Cabbarlı şeir yazırmış? – Həmid istədi ki, Cavadı çaşdırsın. – Nədi o, toylarda oxuyurlar e, “ana” şeirini?

-Hə də, hərdənbir könlünə düşəndə o da sənin kimi şeir yazırmış. Dediyin o “Ana və poçtalyon” şeirini yazıb.

-Yaxşı, bəs “Ana və poçtalyon”u o, yazıbsa, bəs onda Süleyman Rüstəm nə yazıb?

-Siz məni çaşdırmaq istəyirsiniz, ancaq çaşdıra bilməzsiniz. – Cavad əlini yelləyib üzünü televizora tərəf çevirdi. – Neyləyirsən kitab oxumağı? Nə lazımdırsa, hamısını televizorda deyirlər.

-Əvvəllər əsgərləri qoşun növləri üzrə adamlar bölürdü. Sonra adamlara etibar azaldı deyə bu işi kompyuterə verdilər. Kompyuter gözünə döndüyüm də ağına, bozuna baxmadan əlinə keçəni götürüb atdı bir yerə. Bir də baxırsan ki, eyni adlı, eyni familiyalı, hətta atalarının da adı eyni olan dörd nəfər bir tağıma düşüb. Indi oğulsan, gəl onları ayırd elə görüm kim kimdir. Çoxunun anasının da adı eynidir, hələ desən təvəllüdü də. – Gileyləndi. – Hamısı kompyu­terin hoqqasıdır. Yoxsa kəmsavad, ağıldan dayaz Cavadkimilərin nə işi vardı Sərhəd Qoşunlarında?

-Axı hamı Vətənə xidmət etməyə borcludur. Bəs onda Cavadkimi ağıldandayaz bığıburmalar harda qulluq eləməlidirlər? – Səbuhi dodaqlarını büzüb replika atdı.

-Sən narahat olma. Axır onlara da bir yer tapılardı vətən yolunda hambalçılıq eləməyə. Sərhədçi vətənpərvər olmalıdır. Onun ağlı, savadı, düşüncəsi başqa qoşunlarda xidmət keçən əsgərlərdən üstün olmalıdır. Cavadkimilər isə dünyada baş verənlərdən anlayışı olmayan, ölkəsinin vətən qarşısında misilsiz xidmətləri olan görkəmli simalarını tanımayan bir qrup kütlədir. Sən onlardan hansı vətənpərvərliyi gözləyirsən? Kortəbii də vətənpərvərlik olar?   

Elə bu vaxt televizorda xəbərlər verilişi başladı. Aparıcı Birinci Avropa Yay Oyunlarının başlandığını elan etdi. 

-Amma açılış mərasimi axşam saatlarında baş tutacaq.

-Çünki Rusiya prezidenti Vladimir Putin hələ gəlib çıxmayıb. Onun gəlişi gözlənilir. Axı bu gün həm də Rusiyanın Müstəqillik bayramıdır. O, Moskvada keçirilən bayram şənliyinə rəhbərlik edir.

-Üzgüçülük üzrə yarış artıq başa çatmaq üzrədir. Komissiya üzvləri milli üzgüçülərimizi yetmiş bir balla qiymətləndirib. – Aparıcının bu sözlərindən sonra ekranda üzgüçülərimizin görüntüləri yayımlandı və təəccüb içində çaşqın halda məşqçi qadın danışmağa başladı:

-Doğrusu, biz təəssüflənirik. Amma final hələ qabaqdadır. Biz finalda görüşəcəyik və nəyə qadir olduğumuzü göstərəcəyik.

Bu vaxt gün növbətçisi əsgər Mirzəliyev qapıda göründü.

-Naryad bölgüyə hazırlaşsın. Düzülüş on beş dəqiqədən sonra kazarmanın qarşısında olacaqdır. Dəstə qərargahından təlimat üçün gəlmiş zabit artıq burdadır. Zastava rəisi Orxanı yanına çağırır.

Orxan kabinetə daxil olanda zastava rəisi masanın üstündəki iş dəftərinə nə isə yazırdı. Heç başını da qaldırmadan:

-Əsgər Səmədov, bu günkü naryadla siz də xidmətə çıxırsınız, – dedi.

“Heç olmasa əvvəlcədən deyərdilər, mən də hazırlaşardım” – fikrindən ilk keçən bu oldu Orxanın.

“Əvvəlcədən deyilmiş, ya indi deyilmiş, sənin üçün nə fərqi var? Bir də hazırlaşıb nə edəcəksən? Əsgər xidmətə həmişə hazır olmalı deyilmi?”

“Bəs onda nizamnamədə niyə yazılıb ki, naryad bir gün əvvəldən təyin olunmalıdır?”

“Nizamnamədə o da yazılıb ki, sərhədçi əsgər hər zaman, hər bir ekstremal situasiyada vətən sərhədlərinin müdafiəsinə hazır olmalıdır!”

-Baş üstə, cənab kapitan. Hansı posta? – Orxan bütün fikirlərini beynində nizamlayıb, suallarına zastava rəisinin cavabının necə ola biləcəyini təxminləşdirəndən sonra “farağat” vəziyyətini alıb kapitan Məcidova təzim etdi. 

-“Tənha” posta, “Qurd qapısı”na.

-Kimin yerinə?

-Heç kimin, öz yerinə.

-“Qurd qapısı”na axı beş nəfər naryad təyin olunub?

-Bu gün “Qurd qapısı” postuna gücləndirilmiş naryad göndərilir. Sən də öz yerinə çıxırsan.

-Oldu. İcazə verin gedim.

-Gedin!

***

Zastavanın nəzarət etdiyi ərazi iki hissədən ibarətdi – rayonun şərq və qərb hissələrindən. Şərq hissədə ölkə Rusiya ilə, qərb his­sədə isə Gürcüstanla həmsərhəddi. On kilometrlərlə uzanan Rusiya sərhəddindəki postu şərti olaraq “Qartal yuvası” adlandırırdılar. Böyük Qafqaz sıra dağları boyunca uzanan sərhəd zolağında tikanlı məftillər yox idi. Burada canlı dirəklərdən istifadə olunurdu. Bir-birindən müəyyən məsafədə yerləşən sərhədçilər, yəni canlı dirəklər əraziyə durbin müşahidəsi vasitəsilə nəzarət edirdilər.

Gürcüstanla keçən sərhəd zolağı isə tamam başqa bir aləm idi. Ha­çaqayadan keçəndən sonra sıldırım qayalıq başlayırdı. Qayalıq çox az bir ərazidə olsa da insana vahiməli görünür, bədheybət təsir ba­ğış­layırdı. Qayalıqda insan keçidi üçün asma körpü quraş­dırıl­mışdı. Aşağıdan dərə keçirdi, amma çay axmırdı. Yerli əhali də buradan çay axdığını görmədiyini söyləyirdi. Eyni zamanda ulularından eşitdiklərinə görə Kəhərçay yüz ildə bir dəfə daşıb məcrasını dəyişər, bax, bu körpünün altındakı dərə ilə axarmış.

Körpünü keçəndən sonra böyük bir düzənliyə çıxırdın. Həmin düzənlikdə kiçik bir kənd salınmışdı. Kəhərçay düzənliyin, həm də kəndin qərb tərəfi boyunca ilan kimi şütüyüb axırdı. Çayın üzərində normal, yəni maşın keçidi üçün dördtağlı körpü salınmışdı. Körpünün üstündə hər iki ölkənin sərhəd-keçid məntəqəsi fəaliyyət göstərirdi. Həmin məntəqə yalnız bu kəndin camaatına xidmət göstərirdi. Çünki çətin keçiləsi dağlardan keçib kimsənin qonşu ölkəyə getməsi inandırıcı görünə bilməzdi.

Qonşu Gürcüstanla sərhəd bu yerlərdə Kəhərçay boyunca müəyyənləşdirilmişdi. Əsasən arıçılıq və heyvandarlıqla məşğul olan kənd camaatının əlaqəsi Gürcüstanla daha münasib idi, dükan-bazara yaxınlıqdakı gürcü qəsəbəsinə gedirdilər. 

Sərhəd Dəstəsindən gəlmiş mayor Ehsanov zastava rəisi kapitan Məcidovun müşaiyəti ilə kazarmadan çıxanda naryad tam tərkibdə düzülmüşdü. Qaydaya görə zastava növbətçisi komanda verib məruzə etməli idi, amma naryadın tərkibində rütbəcə ondan böyük olduğundan baş leytenant Əlixanov qabağa çıxıb komanda verdi.

-Naryad, düzlən! Farağat! Diqqət mərkəzə!

Sağ əlini yuxarı qaldırıb gicgahına dirədi, hərbi salam vermək vəziyyətində nizami addımlarla mayora tərəf addımladı. Komanda veriləndən sonra kapitan Məcidovla mayor Ehsanov da “farağat” vəziyyətində hərbi salam verdilər. Baş leytenant Əlixanov addım atan kimi mayor Ehsanov da eyni qayda ilə ona sarı irəlilədi. Bir-birlərinin iki-üç addımlığına çatıb dayandılar.

-Cənab mayor! Sərhəd zastavasının naryadı tam tərkibdə bölgü üçün düzülmüşdür. “Tənha” postu üzrə başçı baş leytenant Əlixanov.

Baş leytenant məruzəni qurtarandan sonra bir sola və iki addım qabağa atıb mayor Ehsanovla bərabər vəziyyətdə dayandı. Geriyə dönüb onunla eyni cərgədə üzü naryada tərəf durdu. Bundan sonra mayor Ehsanov naryadı salamladı.

-Salam, naryad!

-Salam, cənab mayor!

-Azad!

-Azad! – Baş leytenant mayorun komandasını təkrarladıqdan sonra cərgələrdə şux dayanan sərhədçilər sol ayaqlarını boşaldaraq “sərbəst duruş” vəziyyətinə keçdilər və Əlixanov cərgədəki yerinə qayıtdı.

Bundan sonra mayor Ehsanov cərgələrdə kimlərin olduğunu yoxlamağa başladı. Cərgənin baş tərəfində çavuş Mehdiyev durmuşdu, o, zastava üzrə növbətçi olacaqdı. Onun sol tərəfində isə iki cərgə olmaqla altı əsgər dayanmışdı. Əsgərlərdən birinci üç nəfər kazarma gün növbətçiləri idi. Onlar daxili xidməti qəbul edəcəkdilər, yəni gün ərzində kazarmanın içində təhlükəsizliyi, asayişi və təmizliyi qoruyub saxlayacaqdılar, eyni zamanda günün rejiminə sərhədçilər tərəfindən əməl olunmasına nəzarət edəcəkdilər. Ikinci üç nəfər isə ərazidə, yəni kazarmanın yan-yörəsində, arxasında, ümumiyyətlə zastavanın ərazisində xidmət çəkəcəkdilər.

Növbəti düzülüş Nəzarət – Buraxılış Məntəqəsinin idi. Növbətçi çavuş Əliyev sağ tərəfdə, üç nəfər əsgər isə ondan sol tərəfdə bir cərgə olaraq düzülmüşdü.

Gürcüstanla sərhəddə nəzarət edəcək “Tənha” postunun naryadı baş leytenant Əlixanovun rəhbərliyi altında idi. Çavuş Nağıyev və altı əsgər olmaqla iki cərgə üç-üç dayanmışdılar. Sol tərəflərində iki rabitəçi əsgər də vardı.

Onlardan sonra Rusiya sərhəddində keşik çəkənlər – naryadın başçısı çavuş Əhmədov və altı əsgər düzülmüşdü. Cərgənin lap sonunda əsgər Həmzəyev – zastavanın mirzəsi dayanmışdı. Mirzə demək olar ki, hər gün yeni naryadla bərabər cərgəyə durur, naryadın tərkibində hər hansı bir dəyişiklik olarsa müvafiq sənədlərdə düzəlişlər edir və hər hansı bir göstərişlər olarsa onları qeydə alırdı.

-Düzlən! Farağat! – Mayor Ehsanov ciddi görkəm alıb cərgələri gözü ilə nəzərdən keçirdikdən sonra komanda verdi. – Birinci cərgə dörd addım, ikinci cərgə iki addım, irəli, addımla, marş! – Cərgələr nizami addımlarla verilən komandanı yerinə yetirib “farağat” vəziyyətində donub qaldılar. –Azad! – Mayor Ehsanov onları bir də müşahidə etdikdən, komandanı dəqiq və qüsursuz yerinə yetirdiklərinə əmin olduqdan sonra növbəti komandasını səsləndirdi.

O, cərgələri bir-birindən iki addım məsafədə ayırırdı ki, aralarından sərbəst şəkildə keçərək onların hazırlığını yoxlaya bilsin. Sonra hər bir çavuşa və əsgərə yaxınlaşaraq onların geyimini, silahını, bir sözlə, hazırlığını, eyni zamanda vəzifə borclarını necə öyrəndiklərini yoxladı. Yoxlanışı başa çatdırıb cərgənin ortasına qayıdaraq cərgələri əvvəlki vəziyyətinə qaytardı.

-Komandanın əmri ilə “yüksək səviyyəli hazırlıq” elan olunub. Bu gündən Bakıda keçirilən Birinci Avropa Yay Oyunları öz işinə başlayıb. Biz indi dünyanın diqqət mərkəzindəyik. On dostumuz olduğu kimi beş düşmənimiz də əskik deyil. Belə böyük bir beynəlxalq tədbirin keçirildiyi dövrdə kefimizə soğan doğramağa çalışanlar tapıla bilər. Odur ki, bütün sahələrdə ayıq-sayıq olmalıyıq. Sizdən də komandanın, həm də Ali Baş Komandanın tələbi sərvaxt olmağınızdır. Azərbaycan xalqı sərhədlərinin müdafiəsini bizə etibar edib. Biz bu etibarı heç vaxt, heç bir çətin şəraitdə, ölümlə üzbəüz qalsaq belə əldən verməməliyik.

Mayor Ehsanov dayanıb cərgələri bir də diqqətdən keçirdi. Hamı maraqla, göz qırpmadan və tərpənmədən onu dinləyirdi. Özünü cəmləşdirib lap uca səslə komanda verdi.

-Düzlən! Farağat! Azərbaycan Respublikasının dövlət sərhədlərinin müdafiəsini öz mühafizə və müdafiəniz altına almağı əmr edirəm! – Ani sükut cərgələri bürüdü. – Sağa dön! Xidmət yerlərinə addımla.a… marş! 

Bundan sonra naryadın yerbəyeri başa çatdı. Əsgərlər düzülüş­dükləri naryada görə nizami addımlarla mayor Ehsanovun qar­şısından keçərək müvafiq xidmət yerlərinə yollandılar. Dövlət sərhəd­lərinin müdafiəsinə yollanmaq üçün hazırlanan qruplar isə səhər alatoranlıqdan yola çıxacaqdılar – onların xidmət yeri zasta­vadan xeyli uzaqdaydı.

***

Axşamdan hazırlığını tutan qruplar səhər obaşdan yola çıxıb Buzluq dərəsinədək birgə getdilər. Burada onların yolları ayrılırdı, dəstənin biri şərqə, digəri isə qərbə yollanmalı idi. Əsgərlər bir-birlərinə uğur diləyib dağın yamacına yön aldılar. Çavuş Əliyev əsgərlərini yamacın şərq tərəfi ilə, baş leytenant Əlixanov isə qərb tərəfi ilə aparmağa başladı. Elə dərənin qurtaracağında sərt yamac başlayır, düz dağın zirvəsinədək davam edirdi.

-Bircə kənd camaatının dediyi at cığırını tapa bilsəydik, heç olmasa yolun yarısını atla gedərdik. – Bir az aralanmışdılar ki, çavuş Əliyev həmkarına səsləndi.

-Özünə, ayaqlarına inamın olsun. Ata çox da bel bağlama. – Öz dəstəsinin önündə addımlayan çavuş Nağıyev aralanmaqda olan həmkarına cavab verib əlini yellədi.

Yollarına davam etdilər. Ən azından iki kilometr dik yamacla qalxmalı idilər ki, Tufan dağın döşünə çatsınlar. Zirvəyə qalxmağa ehtiyac qalmırdı, dağın döşündən yol istiqamətini dəyişirdi.

Sərhədçilərin gedişinə kürəklərinə geydikləri quru ərzaq payı ilə doldurulmuş əşya çantaları maneçilik törədirdi. Onlar ağır-ağır dolayısı yollarla yamacı qalxmağa çalışırdılar.

Səhər çoxdan açılmış, günəş şəfəqlərini hər yerə yaymışdı. Ancaq havada bir durğunluq vardı, meh də əsmirdi. Baş leytenant Əlixanov daxili bir narahatçılıq keçirirdi. O, belə havalara çoxdan – hələ Murovdağ bölgəsində Milli Orduda hərbi xidmətdə olarkən bələd idi. Şimaldan peyda olmuş bir balaca ağ buluda da etibar etmək olmazdı, bir də gördün quyruğunu oynadıb, üzünü bozartdı. Beş dəqiqənin içində havanı elə qarışdırdı ki, açıq səmadan əsər-əlamət qalmadı. Heç yarım saat keçməmiş bir tufan qopardı, bir leysan yağdırdı ki, gəl görəsən.

Odur ki, çavuş Nağıyevi qabağa buraxıb özü dəstəni arxadan nəzarətə götürdü ki, heç kim geridə qalıb hərəkəti ləngitməsin. Kimsə yerişini zəiflədəndə dərhal onu tələsdirirdi.

Yamac çox sərt idi, dik yuxarı qalxmaq mümkünsüzdü. Dolaylana-dolaylana birtəhər çıxırdılar. Bu da özlüyündə çox vaxt aparırdı. Ancaq nə etməli? Başqa çıxış yolu da qalmamışdı. Bir xeyli getmişdilər ki, baş leytenant Əlixanov əsgər Cavadın dəstədən geri qaldığını müşahidə etməyə başladı. O, özü də ayağını bir az sürüdü ki, dəstədən beş-on addım geriləyib səbəbini öyrənsin.

-Nəsə sözlü adama oxşayırsan, Cavad?   

-Nə bilim, komandir, elə-belə.

-Yenə də.

-Cənab baş leytenant! Bilirsinizmi kapitan Məcidovun sizdən niyə xoşu gəlmir?

-Sən bunu haradan bildin ki, onun məndən zəhləsi gedir?

-Bir neçə dəfə Mirzəliyevi çağırıb danışdıranda söhbətlərini eşitmişəm.

-Sən bilirsənmi ki, başqasının söhbətinə qulaq asmaq ədəbsizlik sayılır?

-Mən qəsdən qulaq asmırdım ki, cənab baş leytenant, sırf təsadüfdən gəlib eşitdim.

-İstənilən halda, yaxşı iş deyil. Eşitmisənsə də qoy, qalsın orda.

-Siz necə insansınız? Haqqınızda danışılanlar sizinçün maraqlı deyil?

-Əgər kapitan Məcidov mənim haqqımda özümdən yox, əsgər Mirzəliyevdən soruşubsa, nə onun soruşduğu, nə də əsgərin dedikləri mənim üçün maraqlı deyil.

-Daha mənim sizə sözüm yoxdur. Ancaq özünüzü Mirzəliyevdən gözləyin. O, hər addımınızı izləyir.

-Bəs nə yaxşı bu günkü naryada düşməyib?

-Mən özüm də bu işə mat qalmışam.

“Görünür, üzdə olan Mirzəliyevdir. Əsgərlərin arasında ondan da təhlükəli xəbər aparanlar var. Mən axı neyləmişəm ki, onlar mənə etibar etmək istəmirlər?”

Haçaqayaya gəlib çatanda günəş üfüqdən xeyli yuxarı qalxmışdı. Baş leytenant Əlixanov əməlli-başlı yorulduqlarını hiss edib on beş dəqiqəlik istirahət elan etdi. Amma onun daxili narahatçılığı keçib getmək bilmirdi. Çünki havanı qarışdıra biləcək həmin o bir topa ağ bulud şimal tərəfdən görünməyə başlamışdı.

Haçaqayada köhnədən, lap qədim zamanlardan qalma bir mağara vardı – yerli camaat onu kuful adlandırırdı. Kuful posta gedən sərhədçilərin yolunun üstündəydi. Odur ki, çox da dərin olmayan mağaranın içini sərhədçilər özlərinə sığınacaq düzəltmişdilər. Bu yerlərin yağışını, qarını bilmək olmurdu, bir də görürdün, iki-üç günlə aramsız yağış yağırdı. Sığınacaqda təkcə daldalanmaq üçün deyil, həm də müvəqqəti yaşamaq üçün özlərinə şərait yaratmışdılar. İki tapçan gətirmişdilər. Kerosin lampası və bir qutu şam, suxari, xarab olmayan digər ərzaq məhsulları ehtiyatı görmüşdülər ki, onu da mütəmadi təzələyirdilər.

On beş-iyirmi dəqiqə tapçanın üzərində uzanıb dincini aldıqdan sonra ayağa qalxan baş leytenant Əlixanov çavuş Nağıyevi səslədi:

-Yolçu yolda gərək, çavuş. Qalxın, getməliyik.

Sığınacaqdan çıxıb yollarına təzəcə başlamışdılar ki, baş leytenant Əlixanov alnına bir damcı yağış düşdüyünü hiss etdi. “Bircə bu qalmışdı, kaş posta gedib çıxana kimi hava imkan verərdi. Heç olmasa körpünü sağ-salamat keçərdik”. Gözlədi, gözlədi, amma damcının ardı gəlmədi.

-Çavuş Nağıyev, sürəti artırın!

“Onsuzda qayalıqların arası ilə, kəpirliklərlə getmək çətindir. Hələ bir sürəti artırmaq da lazımdır. Artır, görüm necə artırırsan?” Çavuş Nağıyev heç bir cavab vermədən yoluna davam etdi. Bir az getmiş onun da alnına bir damcı düşdü. Dərhal anladı ki, baş leytenant yağışa düşəcəklərindən ehtiyatlanır.

-Cənab baş leytenant, bəlkə qayıdıb sığınacaqda gözləyək? Yağış yağıb kəsər, sonra yolumuza davam edərik. – Çavuş Nağıyev yumşaq tərzdə təklif etdi.

-Qətiyyən!

Baş leytenant Əlixanov baxdı ki, özü qabağa keçməsə işlər tarazlaşmayacaq. Burada şəxsi nümunə göstərmək lazımdır. Odur ki, addımlarını yeyinlədib dəstənin qabağına keçərək iti addımlarla yoluna davam etdi. Körpüyə hələ xeyli məsafə vardı, dağlıq ərazidə beş-altı yüz metr məsafəni keçmək də müəyyən vaxt aparırdı. Nəyin bahasına olursa olsun, onlar yağış yağana qədər körpünü keçməli idilər. Bu baş leytenantın şəxsi qətiyyətiydi. Yağışın isə nə vaxt başlayacağını heç kim deyə bilməzdi.

Onlar gedir, baş leytenant Əlixanov ikinci, üçüncü damcıların düşəcəyini gözləyir, ancaq damcılar düşmürdü. Baş leytenant gözəl bilirdi ki, ikinci, üçüncü damcılar düşəcək və onun ardından göyün ağzı açılacaq, yağış gurlayacaq. Onlar da qaçıb yağışın cəngindən qurtara bilməyəcəklər. Amma nədənsə yağış yağmağa başlamırdı. Elə bircə damcının gəlməsi Əlixanovu çaşdırmışdı – o, bunu xəbərdarlıq kimi qəbul etmişdi. Təbiətin isə möcüzələri çoxdur. Havanın qaranlıqlaşdığına, buludların dolduğuna baxma, hava möhlət verə, yağış yağmaya da bilərdi.

Artıq körpü görünməkdəydi, adama elə gəlirdi ki, beş-on addımdan sonra körpüdəsən. Ancaq yol çox aldadıcı idi, onlar yalnız əlli-altmış addımdan sonra körpüyə yaxınlaşa bildilər. Ağac budaqlarından hazırlanmış asma körpü troslarla hər iki tərəfə bağlanmışdı. Körpüdən eyni vaxtda iki, uzaqbaşı üç nəfər keçə bilərdi. O da qabaqda gedən körpünün ortasına çatanda ikinci adam hərəkətə keçməliydi ki, çox yırğalanma baş verməsin. Körpünün başlanğıcına birinci çatıb dayanan baş leytenant əli ilə işarə verib çavuş Nağıyevi tələsdirdi.

-Zirək ol, – dedi, – dayanma, yoluna davam et.

Çavuş Nağıyev tövşüyə-tövşüyə körpüyə çatıb yan troslardan tutaraq ehmal addımlarla birinci olaraq yoluna davam etdi. Elə bu an gözlənilmədən hava açılmağa başladı. Asimanda hökmranlıq edən külək səmanı bağlamış yağışla dolu olan qara buludları hara isə qovub aparırdı. Sonuncu buludlar qərbə tərəf uzaqlaşandan sonra yenidən səmanın üzü açıldı və hər yer işıqlaşdı. Günəş şəfəqlərini hər yana yaydı.  

-Şükür sənə, ilahi! – Baş leytenant Əlixanov sonuncu olaraq körpünü sağ-salamat keçib dua etdi.

“Tənha” postun təhvil-təslimi çox da uzanmadı, harda isə bir saatadək davam etdi. Köhnə naryadın başçısı çavuş Ələkbərov hazırlıq barədə məruzə etdikdən sonra çavuş Nağıyevlə ilk öncə postlardakı əsgərləri dəyişməyə getdilər. Bir saatdan sonra köhnə naryad postu bütün dəm-dəstgahı ilə təhvil verib zastava istiqamətində yol aldı.

-Burada xidmət çəkmək həm asandır, həm də maraqlı. – Ayrılanda çavuş Ələkbərov bildirdi. – Kəhərçayın suyu çoxalıb deyə indi heç kim çaya girməyə risq etməz. Sərhəd də ancaq çay boyuncadır. Çayın üstündəki körpünü də o tərəfdən gürcülər qoruyurlar deyə təhlükəsi yoxdur. Kənd camaatı da öz işləri ilə məşğuldur, aralarında həlləm-qəlləminə indiyədək rast gəlməmişik.

Köhnə naryadı yola salan kimi təzə naryadın xidmətdə olmayanlarını başına toplayıb bir daha təlimatlandıran baş leytenant Əlixanov nahar yeməyinə icazə verdi. Elə nahar yeməyi zamanı balaca radionu işə saldı ki, günorta xəbərlərini dinləsinlər.

-Yağan leysan yağışı Bela çayının daşmasına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, son əlli ildə Tiflisdə belə böyük daşqın olmayıb. Sel suları ilə qarışan çay sahilini basaraq evləri, həyətlərdə dayanan maşınları yuyub apararaq ciddi ziyan verib. İlkin araşdırmalara görə ondan çox adam sel sularının qurbanı olub. Meyidlərin axtarışı və uçan bəndin bərpası istiqamətində işlər aparılır.

Elə bu zaman qəflətən göy guruldadı, özü də elə guruldadı ki, hər tərəf silkələndi, baş leytenanta elə gəldi ki, bu dəqiqə göy uçub yerə töküləcək. Tez radionu söndürüb çölə çıxdı.

-Bayaqkı fəlakətdir, baxın, bizdən ötüb Tiflisə keçdi, yenidən üstümüzə gəlir. – Baş leytenant çöldəki leysanı görüb geriyə qayıtdı və üzünü çavuş Nağıyevə tutub dedi. – Nə qədər ki, ildırım əsgərlərdən kimisə vurmayıb təcili xəbər ver ratsiyalarını söndürsünlər.

-Bu barədə təlimatlandırılıblar.

-Hər ehtimala qarşı bir də yoxla.

-Oldu. – Çavuş Nağıyev bunu deyib rabitə qovşağına getdi.

-Cənab baş leytenant! – Əsgər Qəhrəmanov müraciət etdi. – Siz hardan bildiniz ki, tufan bayaq bizdən sovuşub Tiflisə keçib?

-Tufanın olacağını havadan bildim. Mən Milli Orduda Murov bölgəsində xidmət keçmişəm. Odur ki, dağlıq bölgələrdə havanın necə olacağını əvvəlcədən müəyyənləşdirməyi öyrənmişəm. Birdən-birə hardansa peyda olan küləyin buludları qovmasından bildim ki, tufan sovuşmadı, sadəcə başqa bölgəyə aparıldı. Amma Tiflisdə baş verən faciəni indicə radioda eşitdim.

-Məlumatı yəni belə tez ötürüblər?

-Tez niyə olur? Üç saatdan artıq vaxt keçib. İndi internet əsridir. Dünyanın o başında baş verən hadisəni internetə yerləşdirirlər. Sən də on beş dəqiqədən sonra burda camaatı məlumatlandırırsan. Burda təəccüblü heç nə yoxdur.

***

“Zastavanın kazarmasında gərginlik artırdı. Rusiya sərhəddin­dəki köhnə naryad nahar yeməyinə qədər dəyişilib gəlsə də Gürcüstan sərhəddindən bir xəbər yox idi. Səhərdən bircə dəfə əlaqəyə çıxmışdılar, onda da köhnə naryadın rabitəçisi xəbər vermişdi ki, təhvil-təslim gedir. Həmin vaxtdan altı saat keçib. Yaxşı ki, qərargahdan zəng edib maraqlanmayıblar. İşdir, maraqlansalar, mən nə məlumat verə bilərəm?” İynə üstündə otururmuş kimi özünə yer tapa bilməyən kapitan Məcidov kabinetindən çıxıb kazarmanın içi ilə o biri başdakı otağa – rabitə qovşağına yollandı. Orada öyrəndi ki, hər iki postla rabitə əlaqəsi dayandırılıb. Dağlarda ildırım, şimşək və göy gurultuları ilə müşaiyət olunan leysan yağışı yağır. Aramsız yağan yağış səngimək bilmir.

Kapitan Məcidov həyətə çıxdı. Soyuq bir gizilti keçdi kürəyindən – üşütdü onu bu gizilti. “İyun ayının on beşində hələ də pencəyi əynimdən çıxarda bilmirəm. Eyni zamanda da üşüyürəm. Bura axı Sibir, Uzaq Şərq deyil, bura günəşli Azərbaycandır. Burda niyə belə soyuqdur? Bəs nə vaxt yay gələcək?” Bir əsgərin arxadan gəldiyini, ona yaxınlaşmaq istədiyini gördü.

-Sözün vardı, Mirzəliyev?

Mirzəliyev bir söz demədən yaxınlaşdı.

-Bəlkə bir söz eşitmisən?

-Bilirəm, Milli Ordudan gələn təzə zabitdən narahatsınız. Məni də göndərsəydiniz indi rahat oturmuşdunuz yerinizdə. – Mirzəliyev bir az da incik danışdı.

-Mən özüm bilirəm, səni hara və nə vaxt göndərəcəyəm.

-Cənab kapitan, siz mənim adımı bilirsiniz?

-Mən hamınızın adını bilirəm.

-Onda nə olar, bir dəfə də məni adımla çağırın.    

 -Hər adamı adı ilə çağırmazlar.

-Zastavada hər bir əsgəri adı ilə çağırırlar, əsgərliyə gəldiyim gündən bu günədək hələ ki, mənim adımı tutan olmayıb. Elə hamı familiyamla çağırır. Mirzəliyev, Mirzəliyev, bezmişəm artıq…

-Adınla müraciət etmək üçün gərək o etibarı qazanasan. Sən isə o etibarı hələ də qazanmamısan. Ancaq narahat olma, hərbi xidmətdə familiya ilə çağrılsan yaxşıdır. Mirzəliyev! – Kapitan Məcidov yuxarıya, dağlara baxıb elə qışqırdı ki, sanki baş verənlərin hamısının günahkarı Mirzəliyev idi. – Bir yuxarıya bax. Yağış bizə yaxınlaşmaqdadır. Gör necə yağır. Elə bil yağış deyil, dumandır. İndi orda göz-gözü görməz.

***

Axşam şəvinik düşəndə gündüz postları çayın qırağından yığışdırılırdı. Bu gün yağış ara vermədən yağdığından postaçılar tez qayıtmışdılar. Corablarına, alt paltarlarına qədər islanmış əsgərlər əşya çantalarındakı ehtiyat paltarla işlanmış paltarlarını əvəz edib nahar yeməyini yeyəndən sonra özlərinə gəldilər. Qaranlıq düşmədən baş leytenant Əlixanov kəndin gerisindəki körpüyə post qoymağı tapşırdı. Gecə sərhədçilər yalnız burada keşik çəkirdilər.

Yağış kiçik fasilələrlə hələ də yağırdı. Çavuş Nağıyevin getdiyindən heç yarım saat keçməmiş geri qayıtmağı bir oldu.

-Nə baş verib, çavuş? De, görüm niyə qayıtdınız? – Deyə zəhmlə soruşdu.

-Cənab baş leytenant! Fəlakət!

-Nə fəlakət? Bir açıq danış, görüm nə olub?

-İldırım körpünü vurub. Çay isə məcrasını dəyişib. Kəhərçay uçan körpünün altı ilə axır, adama boy vermir.

-Köhnə naryaddan xəbər tuta bilmədin?

-Ramazan kişini gördüm, tayqol Ramazanı. O, dedi ki, köhnə naryad körpünü keçəndə hər şey yerindəydi.

-Yaxşı, zastava ilə əlaqəyə girin. Görün uşaqlar gedib çatıblarmı?

Çavuş Nağıyev rabitə otağında ikən əsgər Orxan Dibirov gəldi.

-Səndən xeyir xəbər gəlməz. – Kimsə astadan atmaca atdı. – Sənin familiyan Debilov olmalıymış, Dibirov yazıblar.

-Cənab baş leytenant! – Alt dodağının ortası həmişə gülümsəməkdən çat verən əsgər Dibirov müraciət etdi. – Maşın körpüsündə gürcülər yaman hay-küy qaldırıblar. Sizi görmək istəyirlər.

-Ratsiya ilə danışmaq mümkündür?

-Yox! Şəxsən görüşmək istəyirlər.

-Yaxşı, Qəhrəmanova da de, silahını götürsün. Gedək, görək, nə deyirlər.

Baş leytenant Əlixanov radistin otağına keçdi. Radist Qurbanov nə qədər çalışsa da zastava ilə əlaqə yarada bilmirdi.

-Deyəsən radiostansiya yanıb. Heç xışıltısı da gəlmir.

-Bəlkə qoruyucusu yanıb. Heç olmasa daxili rabitə sistemini yoxlaya bilirsənmi?

-Ancaq ki, maşın körpüsündəki postla xətti telefon əlaqəmiz var. 

-Aparatı, antenasını, qoruyucusunu, ehtiyat batareyalarını, nəyi varsa hər şeyini dönə-dönə yoxla. Ola bilər ki, cüzi bir şeydən işləməz. İşləsə, çalış, zastava ilə əlaqə yarat. Hadisə barədə məlumat ver. Köhnə naryadı soruş. Mən gedirəm, görüm gürcülər nə istəyirlər.

Həyətə çıxdı, yağış hələ də yağırdı, elə bil göyün qapısı açılmışdı. “Gecənin xeyrindən səhərin şəri yaxşıdır. Gecə vaxtı gedib gürcülərlə nə danışacağam?” fikirləşib geri qayıtdı. Qapının girəcəyində əsgər Qəhrəmanovla rastlaşdı.

-Radistə de, soruşmasalar heç nə deməsin. Soruşsalar, desin ki, gəlir, yoldadır. Qoy, gözləsinlər.

Gecəni iynə, tikan üstündə keçirtdi. Hər dəfə elə oturduğu, kitab oxuduğu yerdə mürgüləmək istəyirdi ki, qəflətən yuxusu qaçırdı. Bu nə çıxılmaz vəziyyət idi düşmüşdü? Bundan sonra onu nə gözləyirdi? Qarışıq suallar baş leytenanta bir an belə rahatlıq vermirdilər.

Səhəri dirigözlü açan Əlixanov özü və əsgərləri üçün düyü sıyığı hazırlatdı. Alayarımçıq yuxudan qalxan sərhədçilər post başçıları ilə birlikdə teztələsik düyü sıyığını yeməyə toplaşdılar ki, hər bir tapşırığı yerinə yetirməyə hazır olsunlar.

-Mənə diqqətlə qulaq asın. – Dalbadal bir neçə qaşıq çox da çey­nə­mədən mədəsinə ötürən baş leytenant Əlixanov üzünü silah­daş­larına tutdu. – Təbii fəlakətlə üzləşmişik. Kəhərçay tam olmasa da faktiki məcrasını dəyişib. Biz hazırda çayın mühasirəsində qalmışıq. Haçaqayaya yeganə çıxış yolumuz olan asma körpünü ildırım vuraraq parçalayıb, rabitə sistemimizi bütövlükdə sıradan çıxardıb. Zastava ilə istənilən əlaqəmiz kəsilib. Bunları deyirəm ki, biləsiniz və təşvişə düşməyəsiniz. Hər kəs ayıq-sayıq olmalıdır. Getdiyi yerdə itib-batmamalıdır. Posta çıxan hər bir əsgər qonşu postdakı əsgərlə müşahidə məsafəsində olmalıdır. Yəni, bir-birinizi görməlisiniz, gözdən itməyə qoymamalısınız. İnanmıram ki, belə daşqında kimsə çayı keçməyə cəhd göstərsin. Bununla belə biz müşahidə postlarımızı boşuna buraxa bilmərik. Aydındırmı?

-Elədir ki, var. – Kortəbii də olsa yerlərdən cavablar gəldi.

-Nağıyev! – Çavuşu səslədi. Onun cavabını gözləmədən sözünə davam etdi. – Mən indi gürcülərin postuna gedirəm. Görüm, nə istəyirlər. Sən hər bir əsgəri yenə də dönə-dönə təlimatlandır. Çay yuxarı postlara – müşahidə məntəqələrinə göndər. Kənd camaatı ilə əlaqə saxla. Bir şey baş verəcəksə, onlar bilməmiş olmazlar. Məcrasın dəyişmiş çayın qolunun dayaz yerlərini öyrən. Gör, özümüzünkülərə çıxmaq üçün haradan keçə bilərik. Mən inanmıram ki, bir belə vaxtda kapitan Məcidov rahat oturub gözləyə. Əlaqə itdiyinə görə, yəqin ki, o, da çox narahatdır. Arxamızca mütləq adam göndərmiş olar. Göndərilmiş adamı biz çalışıb Haçaqayanın yanındakı mağarada qarşılamalıyıq.

Çavuş Nağıyev diqqətlə dinləsə də son sözlərə dodaqlarını büzüb çiyinlərini çəkdi. Amma bunu baş leytenant görmədi, sözlərini bitirər-bitirməz nimçəsindəki artıq soyumuş düyü sıyığını yeyib qurtarmağa çalışdı. Tələsik nimçəsini boşaldıb ayağa qalxdı, daha heç kimə bir söz demədən silahını götürüb çölə çıxdı və maşın körpüsünün üstündəki posta yollandı. Cəmisi min-min beş yüz metr ara məsafəsi olan, ya olmayan posta birnəfəsə gəlib çıxdı. Postaçı əsgər Qədirov onu  aralıdan görcək qarşılamaq üçün taxta köşkdən çıxdı. Beş-on addım qalmış qabağına yeridi.

-Cənab baş leytenant! – Məruzə etmək istədi.

-De, görüm nə olub? – Baş leytenant salamlaşmadan belə gələ-gələ soruşdu.

-Bilmirəm nə olub. Ancaq nə olubsa gürcülər çox hirsləniblər. Heç əvvəllər onları belə görməmişdim. Gecə üç dəfə gəliblər.

-Nə istəyirlər? Sənin yanınamı gəliblər? Onları niyə yaxına buraxmısan? Qorxmamısanmı gəlib səni öldürərlər, silahını da götürüb çıxıb gedərlər?

-Xeyr, mən onları yaxınıma buraxmamışam. Gəlib həmin zolağın yanından çağırıblar. – Əsgər Qədirov yolun ortasında olan iyirmi beş metr məsafədəki zolağı göstərdi.

-Rusca bilirsənmi?

-Xeyr!

-Bəs gürcü dilində?

-Xeyr!

-Bunun harası xeyir oldu? Gecə gürcülərlə bəs necə anlaşırdın?

-Onlardan biri azərbaycanca danışırdı.

-Nə deyirdi?

-Nə bilim. Deyirdi ki, kəndi təhvil verib çıxıb getməlisiniz.

-Niyə, nə səbəbə?

-Bilmirəm, səbəbini demirdilər. Sizi istəyirdilər. Deyirdilər, böyüyünüz gəlsin, onu başa salaq.

-Bəs sən nə deyirdin?

-Mən heç nə demirdim. Elə patronu ötürürdüm avtomatın lüləsinə, tuşlayırdım onların üstünə. Onlar da qayıdıb gedirdilər.

-Yaxşı, gir köşkünə, zəng elə, gəlsinlər.

Əsgər Qədirov köşkünə keçdi. Əlixanov köşkün pəncərəsindən içəri baxıb gördü ki, gözətçi telefonun tutacağını fırladıb kiminləsə danışır. Ancaq nə danışıldığını baş leytenant eşidə bilmədi. Söhbətini yekunlaşdıran əsgər Qədirov köşkdən çıxan kimi bildirdi.

-Cənab baş leytenant! Gürcülər deyir ki, Barnausidən onların böyükləri gəlib, sizi görmək istəyir. Dedilər ki, gələn kimi onların yanına gedəsiniz.

Baş leytenant Əlixanov əsgər Qəhrəmanovu silahlandırıb götürmədiyinə görə özünü çox danladı. O, heç vaxt belə ehtiyatsızlıq etməzdi. Bu dəfə niyə belə alındı? “Ayıl, Əlixanov, ayıl! Bura sənə Milli Ordu deyil, Sərhəd Qoşunlarıdır. Özü də xarici ölkə ilə dövlət sərhədlərinin keşiyindəsən. Erməni ilə üzbəüz deyilsən ki, başını qoruyasan. Sən burda nəzakətlə ölkə maraqlarını müdafiə etməlisən, diplomat olmağı da bacarmalısan, qorumalısan. Hər hansı bir səhv hərəkətinlə aləm bir-birinə qarışa bilər. Ayıl, Əlixanov, ayıl!”

Dönüb əsgər Qədirova nə isə tapşırmaq istədi, tez də fikrindən daşındı, nəyi isə tapşırmağı, artıq gec, əhəmiyyətsiz sandı. Axı nə tapşırsın? Guya əsgər Qədirov nə edə bilər ki?

Əlini yelləyib gürcülərin postuna tərəf addımladı. Ara məsafə çox yaxın olardı, heç yüz əlli metrə də çatmazdı. Gürcülərin postunda bərk çaxnaşma düşdüyü hiss olunurdu. Onsuzda ucadan danışmağı xoşlayan gürcülər bir-birinə elə qışqırırdılar ki, sanki bu dəqiqə ya əlbəyaxa olacaqdılar, ya da hara isə hücuma keçəcəkdilər. Baş leytenant Əlixanov gürcülərin postuna yaxınlaşıb zolaqlı xəttin üstündə dayanaraq ona baxan gürcü əsgərini səslədi.

-Ara, bücö, yeksteq! – Ermənilərlə müharibədə beş-altı söz öyrənmişdi, yeri gəldi-gəlmədi işlədirdi. Ha fikirləşdi ki, gürcü dilində bir söz tapsın, “bücö”dən başqa heç nə yadına düşmədi.   

Şlaqbaumda dayanan əsgərlərdən biri ona yaxınlaşdı – bədheybət yekəpərin biriydi. “Nə Murovda əlimə düşərdi, DŞK-nı yükləyib Cabir postuna çıxardardım”. Əlixanov belə düşündü bir anlıq. Yekəpər gürcü yaxınlaşıb öz dillərində uzun-uzadı nə isə dedi. Deyəsən, əvvəlcə salamlaşdı, sonra nə isə dedi, soruşdu, amma bunların heç biri Əlixanova aydın olmadı. Bunu görən yekəpər gürcü bir az əvvəl şlaqbaumun yanında onunla bərabər dayanan ikinci əsgəri səslədi.

-Artur, Artur… – Yenə də uzun-uzadı nə isə dedi və arxasınca da nələr, nələr…

Əlixanova elə gəldi ki, bu yekəpər gürcü Arturu çağırmır e… onunla birlikdə gəlmədiyinə görə onun yeddi qatını yağlayır. İstədi qayıdıb çıxıb getsin. Sonra yenə də “lənət şeytana” deyib gözləməyə qərar verdi. “Bu dığalar Murovda qarşıma çıxardılar, qaşqalarını süzgəcə çevirərdim, heç uf da deməzdim. Heyf!”

Bir az keçmiş yekəpər gürcünün “Artur” deyə çağırdığı əsgər də gəlib çıxdı.

-Ara, zyoma, salam. – deyərək yaxınlaşmaq istəsə də baş leytenant əli ilə dayanmaq işarəsi verdi.

-Buyurun, sözünüzü deyin! – Onun sözləri komanda kimi səsləndi.

-Zyoma, bunların böyüyü gəlib, yuxarıdan təlimat gətirib. Sizə bir sutka vaxt veriblər. Postu təhvil verib getməlisiniz. Əks halda sizin hamınızı girov götürüb səfirliyə təhvil verəcəklər.

-Bəs sən özün bunlarla birlikdə xidmət etmirsən? Onların böyüyü sənin böyüyün deyil?

-Bilirsən, zyoma, nə olsun ki, mən bunlarla bir yerdə qulluq edirəm. Ancaq mənim bir vətənim var, o da “Velikaya Armeniya”dır. Mənim böyüklərim də ordadır. Bunlar elə-belə böyüklərdir.

-Get, böyüyünüzə də de, elə özün də, onunla birlikdə, gedin, ağlınıza dua yazdırın. Dediyini bir də dilinizə gətirməyin. Siz tərəfdən kimsə bizim üstümüzə gəlmək istərsə bağırsaqlarını ayaqlarına dolayarıq. – Baş leytenant bunu deyib geri qayıtdı. – “Axı mənə deyən gərək. Mənim nə işim var gürcülərin postunda, onlar da sərsəm düşüncələrini desinlər?”

“Yaxşı, zyoma, bax ki, sənin bağırsaqların öz ayaqlarına dolaşmasın!” Artur da bunu aralaşmaqda olan baş leytenantın arxasınca dedi. Amma Əlixanov artıq aralaşmışdı və Arturun onun arxasınca nə dediyini eşidə bilməzdi. Öz tərəflərinə qayıdanda əsgər Qədirov avtomatını əlində döyüşə hazır vəziyyətdə tutub onun nə komanda verəcəyini gözləyirdi.

-Qədirov! – Yenə də bayaqkı kimi elə aralıdan gələ-gələ səsləndi.

-Bəli, cənab baş leytenant! – Əsgər Qədirov baş leytenant Əlixanovun hələ aralıdan gəlişindən onun nə qımırda olduğunu sezmişdi. Odur ki, səsinə səs verib, ruhuna ruh qatmaq üçün lap yuxarı tonla cavab verdi.

-Mən gürcüləri xəbərdar etdim, sən də hər şeyə hazır ol. Gürcülərdən kim gəlsə, qorxma, atəş aç.

-Nədən qorxmalıyam? Biri yox, lap onu gəlsin üstümə.

“Yaxşı, sən də bu qədər qürrələnmə. Cəbhədə çox görmüşəm sənin kimi dil pəhləvanlarını. Güllə səsi eşidənə kimi özlərini pələng kimi göstərirlər. Elə ki, güllələr başının üstündən vıyıldamağa başladı, dönüb olurlar pişik. Hələlik möhkəm dayan görək, başımıza nə iş gəlir?”

***

Əzgilli kəndində iki gün öncə başlanan yağış səhərə yaxın səngidi. Kapitan Məcidov az qala lap cilov gəmirirdi. Bir yandan “Tənha” postu ilə rabitə əlaqəsinin kəsilməsi, digər tərəfdən köhnə naryadın gəlib çıxmaması onu lap dilxor etmişdi.

“Yuxarıya məlumat verimmi? Bəlkə Əlixanov posta çatanda yağış başlayıb? O, da köhnə naryadı gəlməyə qoymayıb. Təki belə olsun! Bəlkə də başqa hadisə baş verib deyə köhnə naryad gəlib çıxmayıb. Məruzə edərəm, sonra mənə nə deyərlər? Məruzə etmərəm, işin içindən iş çıxar. Yaxşısı budur, deyim, qoy bilsinlər!” Kapitan Məcidov bu fikirlər içində götür-qoy edə-edə rabitə qovşağına keçdi. Növbətçi rabitəçi əsgər Əzizov onun gəlişinə tez ayağa qalxdı və başından qulaqcığını çıxartdı.

-Əzizov, təcili qərargahı yığ. De, mayor Ehsanovla calaşdırsınlar.

-Baş üstə! – Rabitəçi bunu deyib telefona əl atdı.

Kapitan Məcidov cibindən bir siqaret çıxarıb yandırdı. Tüstüsünü ciyərlərinə çəkdi, ağız və burnundan parovoz kimi tüstü buraxdı. Balaca rabitə qovşağının havası dərhal dəyişdi. Elə ikicə qüllab vurmuşdu ki, rabitəçinin səsi onun diqqətini cəlb etdi.

-Cənab kapitan. Mayor Ehsanov Bakıda ezamiyyətdədir.

-O ki srağagün bizdəydi.

-Dedilər, dünən göndəriblər. Bakıda keçirilən böyük tədbirlə bağlı baş idarədə yüksək rütbəli zabitlərdən ibarət əməliyyat növbətçi qrupu yaradılıb.

-Yaxşı, onda de, Sərhəd Dəstəsinin komandiri ilə məni calaşdırsınlar.

-Oldu! – Rabitəçi tez qulaqcığını geyərək əməliyyata başladı. Heç ikicə dəqiqə keçməmiş qulaqcığı başından çıxardıb kapitan Məcidova uzatdı. – Cənab kapitan, buyurun, danışın!

-Alo! – Zastava rəisi qulaqcığı başına keçirən kimi səsləndi. Bir az gözlədikdən sonra xəttin o başında polkovnik-leytenant Rəcəbovun səsini eşitcək məruzə etdi. – Cənab polkovnik-leytenant! Srağagün “Tənha” postunu dəyişmək üçün baş leytenant Əlixanovun başçılığı altında qrup göndərmişik. Ancaq köhnə naryad hələ də gəlib çıxmayıb. Məruzə edirəm ki, xəbəriniz olsun.

-Hər şeyi dəqiq aydınlaşdırmısan?

-Aydınlaşdırmağa imkanımız olmayıb. İldırım rabitə xəttini sıradan çıxarıb.

-Çapar göndərərdin, kapitan! Yoxsa qorxdun ki, onu da ildırım vurar?

-Yağış yalnız bu gün səhərə yaxın səngiyib. Yuxarılarda bəlkə hələ də yağır. Hər yer dumandır, göz-gözü görmür. İndi çalışaram gön­də­rəm.

-Çalışaram yox, dərhal göndər. Günortaya kimi mənə məlumat ver. Bir şey tapmasanız, deyərsiniz vertolyot çağırarıq.

-Cənab polkovnik-leytenant! Burda hər yan qatı dumanlıqdır. Vertolyot qaldırmağın heç bir əhəmiyyəti yoxdur.

-Di durma, çaparlarını yola sal, getsinlər.

-Baş üstə!

-Mənə qulaq as. Kənd camaatından ərazini yaxşı tanıyan bir-iki nəfər də cəlb elə. Nəticəni gözləyirəm.

-Oldu.

***

Dan yeri sökülən kimi yağışın səngidiyini görən çavuş Əliyev dəstəyə komanda verdi.

-Qalxın! Bəsdir yatdığınız! Yola düşürük!

Haçaqayanın həndəvəri qatı dumanla örtülü olsa da dəstə sığına­caqdan çıxıb yola düşdü. Onlar yamac aşağı asta-asta irəliləyərək sərhəd zastavasına doğru istiqamət götürmək istəyirdilər.

-Biz istənilən halda yamacda istiqamət götürə bilmərik. – Çavuş Əliyev ora-bura vurnuxub istiqamət axtarmağa çalışan əsgərlərə üzünü tutub dedi. – Maksimim gücümüz çatdıqca çalışıb yamacın döşü ilə aşağı enməliyik. Yəqin ki, aşağılarda həm duman seyrələr, həm də Buzluq dərəsini asanlıqla tapa bilərik. Dərəni tapsaq elə bilin ki, zastavadayıq.

Onlar beləcə bir xeyli yol gedib təzəcə dumandan çıxmışdılar ki, zastavadan gələn əsgər yoldaşları ilə rastlaşdılar.

-Siz hara gedirsiniz? – Çavuş Əliyev soruşdu.

-Sizin dalınızca göndəriblər. – Əsgər Qurbanov cavab verdi.

Sevincindən çavuş Əliyev özünü saxlaya bilməyib onları axtarmağa gələn hər iki əsgərlə qucaqlaşaraq mehriban-mehriban görüşdü. Sanki yaxın qohumu ilə rastlaşmışdı, uzun müddətdi bir-birlərini görmürdülər. Gələnlərin yanında mülki geyimli, orta yaşlı bir kişi də vardı, çavuş Əliyev onu dərhal tanıdı – nalbənd Süleyman kişiydi, hərdənbir gəlib sərhədçilərin atlarını nallayardı.

-Zarafatsız, hara gedirsiniz? – Çavuş Əliyev təkrar soruşdu.

-Ciddi sözümdür, sizi axtarırıq. Rəis hamını qaldırıb ayağa. Dünən əsgərlər kənd camaatı ilə birlikdə bütün günü güman gələn hər yeri axtarıblar. Yuxarılara da məlumat vermişik. Duman çəkilsəydi, vertolyot qaldıracaqdılar. Bəs siz iki gündür haralardasınız?

-Yaxşı görək. – Çavuş Əliyev baxdı ki, gələnlər fikirlərində ciddidirlər. – Deyək ki, siz bizi axtarmağa gedirsiniz, bəs Süleyman dayını hara aparırdınız?

-Rəis onu bələdçi kimi bizə qoşub, bu yerləri beş barmağı kimi tanıyır. Dedik, dumanlıqdır, aza bilərik.

-Çox sağ olun ki, bizi axtarmısınız. Yolda güclü yağışa düşdük. Özümüzü birtəhər sığınacağa çatdıra bildik. Orda gözlədik ki, yağış kəssin, heç olmasa bir az səngisin, sonra gələrik. O da bu qədər uzun çəkdi.

-Buralarda, dağlıq bölgələrdə belədir. – Süleyman kişi müdaxilə etdi. – Buraların yağışını bilmək olmaz, bir gün də yağa bilər, beş gün də. Yenə şükürlər olsun, yaxşı qurtarmısınız, gəlin, gedək.

Dəstə yoluna davam edib Buzluq dərəsi istiqamətdə yol aldı. Bir az da getmişdilər ki, əsgər Qurbanov dayanıb soruşdu:

-Cənab çavuş! Heç demədiniz axı, “Tənha” postda nə var, nə yox?

-Biz srağagün günortadan azca keçmiş postu təhvil verib çıxmışıq. Gerisindən xəbərimiz yoxdur. Orda nə baş verib ki? – Çavuş Əliyev təəccüblə gözlərini əsgər Qurbanova zillədi.

-Deməli, siz bütün bu vaxtı sığınacaqda olmusunuz və ətrafda baş verənlərdən xəbərsizsiniz?

-Mən bayaq dedim axı. Haçaqayanı keçəndən sonra yağışa düşdük. Sonra sığınacağa gəldik – orada sığınacağımız var. Sığınacaq­da oturub yağışın kəsməsini gözlədik.

-Yaxşı, onda siz zastavaya qayıdın, biz isə yolumuza davam edək.

-Bəs demirdin ki, bizi axtarmağa gəlmisiniz?

-Həm də “Tənha” postundan bir məlumat öyrənməliyik. Postla srağagündən əlaqə kəsilib. Biz də elə düşünürdük ki, yağış başladığından siz də postda qalmısınız.

***

Üçüncü gün idi ki, “Tənha” postunda gərginlik davam edirdi. Baş leytenant Əlixanov yalnız radioya qulaq asır, bununla da bəzi məlumatları öyrənib təskinlik tapırdı. Növbəti dəfə radionu işə salıb dinləməyə başladı.

“Gürcüstan hökuməti 15 iyun tarixini ölkədə matəm günü elan edib. Bela çayına qarışan sel-sularının dağıntıları nəticəsində dəyən ziyan dövlət komissiyası tərəfindən hesablanır. Ölənlərin sayı on doqquza çatdı. Sel-sularının zooparkı basması nəticəsində orada olan 600 vəhşi heyvanın yarıdan çoxunun öldüyü ehtimal olunur. Şir şə­hər­də qarşılaşdığı adamı parçalayaraq öldürüb. Onun artıq zərərsizləşdiyi bildirilir. Vəhşi heyvanlardan birinin Azərbaycan sərhəddində saxlanıldığı xəbəri verilib. Pinqvinin bu az müddətdə sərhəddə necə gəlib çıxması araşdırılır”. Diktor xəbərlərin ardınca hava proqnozuna keçid edərək yağıntıların davamlı olacağı ehtimalını bildirdi. Əlixanov dilxorçuluq keçirərək radionu söndürüb post rəhbərinin təlimatlarını oxumağa başladı. Bir az oxuyub dəhşətə gəldi. Sən demə post üzdə olan bir postdan ibarət deyilmiş, daha bir post da öz avadanlığı, silah-sursat arsenalı ilə, hətta geniş tutma qabiliyyətinə malik radiostansiyası ilə  zirzəmidə yerləşdirilmişdir. Dərhal çavuş Nağıyevi yanına çağırdı.

-Siz burda hər şeyi yerli-yataqlı təhvil-təslim etdiniz?

-Bəli!

-Təhvil aldığınız əşyalar içində məxfi nə vardı?

-Bir balaca seyfdir, silah otağında saxlanılır, içində bağlı, surqutlanmış zərflər var. Bir də zirzəmiyə aparan pilləkənin girişində möhürlə bağlanmış qapıdır.

-Bəs bu barədə mənə niyə məlumat verməmisiniz?

-Mən elə düşündüm ki, siz hər şeyi bilirsiniz.

-Yaxşı, bu barədə sonra danışarıq. İndi isə tez elə, seyfi aç, sənədləri təcili bura gətir. – Baş leytenant xəzinə tapanlar kimi sevincək əmr etdi.

Çavuş Nağıyev tələsik getdi və heç beş dəqiqə keçmədən üç məktubla geri qayıtdı. Zərfləri baş leytenantın masasının üstünə qoydu – onlar doğrudan da surqutla möhürlənmişdi.

-Mən indi bu məktubları aça bilərəmmi?

Baş leytenant sual dolu baxışlarla çavuşu süzdü. Zərfin birini əlinə götürüb xeyli o tərəf-bu tərəfinə baxdı. Cəld hərəkətlə zərfin üzərinə vurulmuş surqutlu möhürləri sığalladı.

-Bilmirəm! – Çavuş sanki yuxuda idi, indi ayıldı. – Siz komandirsiniz, yaxşısını siz bilərsiniz. Bir şey olsa özünüz də cavab verəcəksiniz.

-Əlbəttə ki, mən özüm cavab verəcəyəm.

Əlixanov yenidən təlimatı gözdən keçirdi. “Ölkə üzrə bir nömrəli hazırlıq elan olunarsa… təbii fəlakət nəticəsində postu, zastavanı və digər mühüm ərazini təhlükə bürüyərsə… vətən sərhədlərinin taleyi düşmən təhlükəsi ilə üz-üzə qalarsa…” Ona elə gəldi ki, hər şey gün kimi aydındır, amma əslində heç nə başa düşmədi.

“Rabitə əlaqəmiz itib, tez-tez radionu açıram ki, bəlkə bizimlə radio vasitəsilə əlaqəyə çıxalar, ancaq çıxmırlar. Ölkə üzrə bir nömrəli hazırlıq elan olunsa belə xəbər tutmayacağıq. Amma bir həqiqət də var ki, ölkənin paytaxtında beynəlxalq tədbir keçirilir. Hamının başı bu tədbirə qarışıb. Bunun özü bir nömrəli hazırlıq deyilmi? İkincisi, daşqın nəticəsində Kəhərçay məcrasını dəyişib. Postun taleyi təhlükə altındadır, çay bizi mühasirəyə salıb. Gərəkdir ki, postun özünü su bassın? Üçüncüsü, gürcülər qan-qan deyirlər, nə istədiklərini başa düşə bilmirik. Deməli, vətən sərhədləri təhlükə ilə üzləşib. Bütün bunlar bir nömrəli hazırlıq deyilmi?”

-Nağıyev, mən bu məsuliyyəti öz üzərimə götürürəm və zərfi açıram. Nə olar, olar. – Baş leytenant Əlixanov zərfin yan tərəfini cıraraq içindəki kağızı çıxartdı.

“Ölkə üzrə bir nömrəli hazırlıq elan edildikdə dərhal…

Ölkə üzrə tam hazırlıq elan edildikdə…

Ölkə üzrə yüksək dərəcəli döyüş hazırlığı elan edildikdə…”

Zərfin içindən çıxan kağızı oxuyan kimi başını buladı.

-Yox! – dedi. – Nağıyev, bu zərf bizim işimizə yarımadı. Odur ki, ikinci zərfi açmaq məcburiyyətindəyəm.

-Cənab baş leytenant! – Çavuş Nağıyev müraciət etdi. – Çavuş kursunda olanda bizə belə məxfi zərflər barədə təlimatlar verilirdi. Əvvəlcə yuxarıdan komanda elan olunur, növbətçi tərəfindən zərflər açılır, həmin zərflərdə zastavanın köçürülməsi, ehtiyat postların yaradılması və başqa nəzərdə tutulan məsələlər, yəni nəyi necə etmək barədə məlumatlar verilir.

-Bəlkə zirzəmiyə gedən qapını açaq?

-Bu bizə nə verə bilər? – Çavuş Nağıyev təəccübünü gizlətmədi. – Orada yalnız ehtiyatdan köməyə gələn şəxsi heyət üçün silah-sursat olmalıdır.

-Bəs təlimatda yazılıb ki, yüksək keyfiyyətli rabitə əlaqəsini yarada biləcək radiostansiya olmalıdır?

-Onu bilmirəm. Bir də orada yeni radiostansiya olsa belə biz onu necə işə salacağıq?

-Bəs postu təhvil alanda əşyaların siyahısına baxmadınmı? Orada çox güman ki, təlimat kitabçası olmalıdır.

-Həmin siyahı da elə əmlakla bərabər zirzəmidə saxlanılmalıdır. Gərək ki, surqutla möhürlənmiş qapının arxasında. Silah otağındakı seyfdə bu məxfi zərflərlə bərabər yalnız zirzəminin qapısının açarı saxlanılır.

-Yaxşı, onda ikinci paketi açıram.

-Mənə qalsa, ikincini deyil, üçüncünü açın. Bizim onsuzda hər yerlə rabitə əlaqəmiz kəsilib. Üçüncü məktub sonuncudur. Bizə də son olaraq nə etmək lazımdırsa orada yazıla bilər.

Əlixanov üçüncü zərfin qırağını ehtiyatla qopararaq içindəki iki qatlanmış kağızı çıxartdı.

“Çay məcrasını dəyişərsə…”

-Deməli, gürcülərdə də belə bir sənəd olmalıdır və bəlkə də var. Onlar bu işdən xəbərdardırlar. Odur ki, qabaqdangələnlik edirlər.

-Hansı işdən?

-Nağıyev, burada yazılıb ki, ölkələrarası sərhəd Kəhərçay boyunca müəyyənləşdirilib. Əgər çay məcrasını dəyişərsə dərhal yuxarılara məlumat vermək lazımdır. Amma sonra yazmır ki, nə etmək gərəkdir.

Bu vaxt rabitəçi onların yanına gəldi.

-Cənab baş leytenant! Yenə də postdan zəng ediblər. Üç nəfər gürcü gəlib, ordadır, sizi istəyirlər.

-Nağıyev, Qəhrəmanovu da götür, təcili posta gedin. De ki, baş leytenant Bakı ilə danışır, vəziyyətlə bağlı məruzə edir. İndilərdə, duman bir az çəkilən kimi vertolyotla yuxarıdan nümayəndələr gələcək. Qoy, gözləsinlər. Gürcüləri sakitləşdirib öz postlarına qaytarana kimi orda qalın.

-Aydındır!

-Mən isə kəndə gedirəm, görüm ağsaqqallar nə danışır.

***

Mayor Ehsanov təzəcə danışıb dəstəyi yerinə qoymuşdu ki, telefon bir də zəng çaldı.

-Əməliyyat növbətçisi mayor Ehsanov eşidir.

-Georgiya səfirliyindən narahat edirlər. Sizin şimal bölgənizdə yerləşən “Tampo” postunda problem yaşanıb. Təcili adam göndərin, gedib bir əncam çəksin.

-Yaxşı, məşğul olarıq. Diqqətinizə görə çox sağ olun!

Mayor Ehsanov dəstəyi yerinə qoyub o biri əlindəki qələmlə başını qaşıdı. “Tampo” postunda. Yadına düşmədi belə bir postun olduğu. “Hə, “Tənha” postu, gürcülər öz dillərində “Tampo” deyirlər”, yadına düşdü. Sonra selektorun düyməsini basıb operator qıza göstəriş verdi:

-Məni şimal sərhəd dəstəsinin komandiri polkovnik-leytenant Rəcəbovla birləşdirin.

Heç üç-beş dəqiqə keçmədi ki, operator qız Rəcəbovun xətdə gözlədiyini bildirdi.

-Cənab polkovnik-leytenant, necəsiniz?

-Hə, Ehsanov, paytaxtda nə var, nə yox?

-Bizdə salamatçılıqdır, ancaq burada dəhşət istidir.

-Burda isə soyuqdan az qalırıq gecə yatanda da pencəyimizi çıxartmayaq.

-Cənab polkovnik-leytenant! Elə indicə Gürcüstan səfirliyindən zəng vurmuşdular. Yaxşı ki, telefona mən cavab verdim. Başqası olsaydı, komandana, ya qərargah rəisinə məlumat verərdi.

-Nə deyirdilər?

-Deyirdilər ki, “Tampo” postunda nə isə bərk qarmaqarışıqlıqdır.

-Bilmədin, Xarici İşlər Nazirliyinə məlumat veriblər, yoxsa birbaşa sizə zəng vurublar?

-Dedilər ki, birbaşa bizə zəng vurublar.

-Yaxşı, məşğul olarıq. Amma, Ehsanov, mən bu barədə hələ ki, bir şey deyə bilmərəm. Sözün düzü, bu işə özüm də çaş-baş qalmışam. Üç gün əvvəl baş leytenant Əlixanovun rəhbərliyi altında təzə naryad posta yola düşüb. Elə sən özün onları təlimatlandırıb yola salmısan.

-Bəli, bəli, onları mən özüm təlimatlandırmışdım, hər şey qaydasında idi. Baş leytenant Əlixanov hazırlıqlı zabitdir, döyüşlər­də bərkiyib. Nə olsun ki, Sərhəd Qoşunlarında yenidir?!

-Bax, onlar gedib postu dəyişiblər, sonra güclü yağış yağmağa başlayıb. Köhnə naryad hələ bu səhər gəlib çıxıb. Kapitan Məcidov hamını ayağa qaldırıb. Kənd camaatından bələdçilər seçərək əsgərlərlə bərabər axtarışa yollayıbdır. İki gün idi ki, bərk yağış yağırdı, qatı duman yuxarılardan hələ də çəkilməyib. Bakıdakılar yayda belə bir hava şəraitini təsəvvür edə bilməzlər.

-Əlbəttə, əlbəttə. – Mayor Ehsanov sözünə azacıq ara verib geri­sini gətirdi. – Səfirlikdən onu da dedilər ki, çay daşıb, məcrasından çıxıb. Postunuz təhlükə altındadır. Mən indi nə edim? Yuxarıya məlumat verim, verməyim?

-Özün bax da, Ehsanov. – Polkovnik-leytenant Rəcəbov ikibaşlı danışdı. – Kapitan Məcidov adamlarını göndərib. Axşama kimi “Tənha” postundan mənə bir xəbər gətirməlidirlər. Onda özüm zəng vurub komandanla, ya da qərargah rəisi ilə danışaram.

-Çox güman ki, birinci olmayacaq, o, səfərə hazırlaşır.

-Hara gedir?

-Xəbəriniz yoxdur? Sabah Moskvada Müstəqil Dövlətlər Birliyi Sərhəd Qoşunları Komandanlarının görüşü keçiriləcək.

-Qorxusu yoxdur. Komandan orda gürcü həmkarı ilə qarşılaşa bilməz, çünki Georgiya MDB-dən kənar gəzir. Xudafiz!

***

Baş leytenant Əlixanov soraqlaya-soraqlaya gəlib kəndin ortasına çıxdı. Kəndin ağsaqqalı sayılan Ukalay kişinin evi düz mərkəzdə yerləşirdi. O, yaşca hamıdan böyük olmasa da kənd camaatı tərəfdən böyük, ağsaqqal olaraq qəbul edilmişdi. Kəndin həm baytarı, həm qəssabı, həm sınıxçı və çıxıxçısı, həm də montyoruydu. Bir iş olan kimi onun üstünə yüyürürdülər. Ukalay kişini evində tapan baş leytenant çox sevindi.

-Ukalay kişi, Allah qonağı istərsinizmi? – Elə taxta hasarın qapalağının başından özünü göstərib müraciət etdi.

-Eşidirəm! – Ukalay kişi əvvəl-əvvəl gözlərini qıyıb baş leytenantın gözlərinə dikdi. Adı ilə çağrıldığından onu tanıyan adam olduğunu yəqin etdi. Fikirləşdi ki, nə iş üçünsə xahişə gəlib. Amma görəndə ki, tanımır, onunla birinci dəfədir rastlaşır, ehmal-ehmal qapıya yaxınlaşdı. Baxdı ki, üç ulduzlu sərhədçi görkəmcə ciddidir, həm də sözlü adama oxşayır, sualının cavabını almadan ondan əl çəkən deyil, dilləndi.

-Madam ki, gəlmisən, keç içəri.

Baş leytenant qapalağı açıb içəri keçdi, əl tutub görüşdülər. Köhnə tanışlar kimi yüngülcə hal-əhval tuta-tuta getməyə başladılar. Ancaq özünü o yerə qoymayan Ukalay kişi onu evə yox, evin arxasına apardı. Orada üzüm tənəklərinin altında oturmaq üçün ləzzətli yer düzəltmişdi. Dəyirmi masa və ətrafında yeddi ədəd dəmirağacından hazırlanmış kötük bağa xüsusi yaraşıq verirdi, amma heyf ki, hava soyuqdu.

Baş leytenant Əlixanov insanları tanıyan adamdı, hiss etdi ki, kənd camaatı baş verən işlərdən xəbərdardır, heç Ukalay kişi də onun gəlişindən şad olmadı, əksinə narahatçılıq keçirməyə başladı. Odur ki, birbaşa mətləbə keçməyə qərar verdi. “Mus, mus edincə, birdəfəlik Mustafa de!”

-Mən buralara nəzarət edən sərhəd zastavası rəisinin müaviniyəm. Bura gəlməkdə məqsədim ərazini öyrənməkdir. Sizdən çox xahiş edirəm, nə bilirsinizsə, açıq danışın.

-Heç nə bilmirəm. Mən nə danışmalıyam ki?

-Elə-belə. Kənd camaatınızdan, dolanışıqdan, rayona çıxışınızdan, yollardan, ümumiyyətlə nə bilirsinizsə deyin, mənə lazım olanını özüm dəqiqləşdirəcəyəm.

-Madam ki, maraqlanırsan, deyim. Kəndin adı Tampodur, gürcü dilində “tənha” deməkdir. Yəqin özün də bunu başa düşmüsən. Yerləşdiyi yerə görə mənası belədir. Aşağı rayonun kəndidir, ora bağlıdır, ancaq rayon mərkəzinə getmək üçün heç at cığırımız da yoxdur. Əvvəllər köhnə kolxoz maşınları ilə çay boyunca gedib qırx üç kilometrdən sonra yuxarı rayonun qəsəbəsinə çıxırdıq. Ordan da hara istəsəydik, avtobusla, ya qatarla gedə bilərdik. Indi həm yol dağılıb, həm də kolxoz maşınları yoxdur. Kəndin əhalisi inqloylardır. Cəmi ikicə caxor ailəsi var – Ziloyla Təhmirazın külfəti, onlar da bu kəndə gəlmədirlər, kolxoz təsərrüfatı vaxtı işləməyə gəlib qalıblar. Xəbərin var ki, onların başına nə iş gəlib?

-Xeyr.

-Səhər obaşdan dörd nəfər masqalı əsgər onları ailəlikcə silahın qabağına qatıb aparıblar meşəyə.

-Bəlkə əsgər paltarında olublar, heç əsgər deyillər?

-Onların kimliyini biz bilmirik. Görən qonşu arvadları dedi ki, əsgərlərdi.

-Bəs niyə indiyə kimi bizə xəbər verməmisiniz?

-Biz elə əvvəlcə sizdən şübhələnmişdik. Dedik bəs sizin əsgərlər aparıblar. Sonra altdan-altdan öyrənib gördük ki, bu iş sizlik deyil.

-Deməli, bizim əsgərlərlə əlaqəniz var?

Ukalay kişi cavab vermədi, başını aşağı salıb cibindən təmbəki çıxartdı. Kağızın arasına doldurub barmaqları ilə ovuşdurdu. Sonra kağızın qırağını dili ilə azca yaş eləyib bükdü, siqaret halına salaraq dodaqları arasında tutub kibrit ilə yandırdı. Dərindən bir qullab vurub tüstüsünü havaya boşaltdı və yalnız indi sanki ağır bir yükün altından boşaldı.

-Deməli, əsgərlər kənd camaatı ilə əlaqə saxlayırlar?

-Sən əsgərləri qınama, onlar da bizim balalarımızdır. Süd-qatıq veririk, hərdənbir də əmi-bala oturub dərdləşirik.

“Bunu öyrənmək asandır. Süd-qatıq dalınca kim gəlibsə o da ağzından nə isə qaçırdıb”.

-Yaxşı, Ukalay dayı, heç olmasa silahlıların onları meşədə hara apardıqlarını öyrənə bildinizmi?

-Səhərdən iki nəfər ovçu göndərmişik, axtarırlar. Amma hələ ki, bir xəbər yoxdur.

-Görəsən, onlar çayın məcrasını dəyişmiş qolunu o tərəfə keçiblər, ya yox?

-Fikirləşirik ki, keçməyiblər. Qol ayrılan yerdən bəri taylarda meşədə gizləniblər.

-Fikriniz nədir?

-İlk növbədə yerini öyrənmək lazımdır. Fikrimiz nə ola bilər? Topumuz yox, tüfəngimiz yox, polisimiz yox. Gürcülərdən kömək istəyə bilmərik, sizin də kömək etməyə ixtiyarınız çatmır.

-Ukalay dayı, Allah özü kömək olsun! Bizim ixtiyarımız çatmasa belə Azərbaycan vətəndaşına qarşı baş verən zorakılığa göz də yuma bilmərik. – Ukalay kişinin son sözləri baş leytenant Əlixanovun cıbırığını çıxartdı, yandı, yandı, lap cızdağı göyə buxarlandı. Dərindən bir “uff” eləyib sözünün ardını gətirdi. – Siz mənə deyin, görüm, bu kəndin gürcülərlə nə əlaqəsi var?

-Görürsən ki, çıxış yolumuz ancaq çayın üstündəki körpü vasitəsilə yalnız Gürcüstan ərazisinədir. Bizim inqloyların hamısı gedib orda təhsil alıblar.

-Gürcü məktəblərindəmi? Yoxsa Gürcüstanda inqloyların dilində məktəb var?

-Bəziləri Gürcü, bəziləri Azərbaycan məktəblərində. O vaxtlar fərq qoymamışıq, bu gürcüdür, yoxsa azərbaycanlıdır. Ancaq indi görürük ki, əslində belə deyil. Babalarımız burada kənd salanda səhvə yol veriblər, bizim də ağlımız kəsməyib vaxtında köçüb gedək. İndi isə getməyə imkanımız yoxdur. Bura nə Azərbaycan kəndi kimi, nə də gürcü kəndi kimi bir kənddir.

-Ukalay dayı, ruhdan düşmə, özün görəcəksən, tezliklə yaxşı olacaq. Azərbaycan günü-gündən inkişaf edir, qüdrətli bir dövlətə çevrilir. Onun imkanları çatacaq ki, bax o dağları yarıb bu kəndə də enli, şüşə kimi bir asfalt yol çəkdirsin. Bu kənddə təzə məktəb binası da tikiləcək, mağaza da, hələ deyirsən, canınıza sağlıq tibb məntəqəsi də.

-Ay oğul, bu gün-sabah yetmişi haqlayıram. Bəs o sən dediklərini nə vaxt görəcəyik?

-Çox tez, Ukalay dayı, çox tez. Mən indi posta qayıdıram. Sən evdəkilərə heç nə demə. Eləcə masqalıların girovları harada saxladığını öyrənən kimi tez mənə xəbər elə. Azərbaycan hökuməti o qədər aciz deyil ki, günün günorta çağı vətəndaşını girov götürsünlər. Bu kişiyə yaraşan iş deyil, tülkü əməlidir. Hökumətin başı dünya səviyyəli beynəlxalq tədbirə qarışıb, ona arxadan zərbə vurmaq istəyən tülkülər isə xəlvət dərə axtarırlar.

-Allah köməyiniz olsun, oğlum. Bəs kimdən xəbər göndərə­cəyəm?

-Elə o süd-qatıq göndərdiyin əsgərdən.

Baş leytenant Əlixanov Ukalay kişi ilə sağollaşıb dərhal geriyə – posta qayıtdı. “Kaş ki, zastava ilə əlaqəmiz olardı. Bircə kapitan Məcidovla danışa bilsəydim…”

***

Kapitan Məcidov köhnə naryadın gəlişinə nə qədər sevinsə də tam rahatlıq tapa bilmirdi. Çünki “Tənha” postu ilə hələ də əlaqə yarada, onlardan bir xəbər öyrənə bilməmişdi. Odur ki, səbrini basıb axşama qədər gözləməyi qərara aldı.

Axşam şəvinik düşəndə bələdçi Süleyman kişi ilə gedən qrup da qayıdıb gəldi. Əsgər Qurbanov öz gözləri ilə gördükləri barədə ətraflı məlumat verdi.

-Çay məcrasını dəyişib, qayalıqdan kəndə tərəf keçmək mümkünsüz olub. Asma körpünü ildırım vurub darmadağın edib. Duman seyrəldiyindən kənd və postun ərazisi yaxşı görünürdü. Heyf ki, durbin götürməmişdik, yoxsa postdakıları da aydınca müşahidə edə bilərdik.

“İndi hər şey aydındır, Məcidov. Telefona əl atıb məruzə etməzdən əvvəl yaxşı-yaxşı düşün. Körpünü bərpa etmək uzun məsələdir, o da qaldı, kim bərpa edəcək. Postla təcili əlaqə yaratmaq lazımdır. Əlaqə yaratmaq üçün isə vertolyot gəlməlidir. Ayrı çıxış yolu qalıbmı? Bəlkə də qalıb. Bəlkə, “Tənha” postunda ağla gəlməyən bir situasiya yaranıb? Belə bir vəziyyətdə baş leytenant Əlixanov nə edə bilər? Bəs sən onun yerində olsaydın necə edərdin? Düşün, Məcidov, düşün. Kapitan rütbəsini çiyinlərində havayıdan daşımırsan. Kapitan böyük, başçı deməkdir, düşün!”

Bir saatdan sonra kapitan Məcidov ağır, ancaq inamlı addımlarla rabitə qovşağına yollandı. Sən demə polkovnik-leytenant Rəcəbov da onu xəttə çağırırmış. Çünki onu çağırmaq üçün rabitəçi otaqdan çıxanda kapitan Məcidov artıq rabitə qovşağının girəcəyində idi. Normal məruzədən sonra kapitan Məcidov rahatlıqla nəfəs aldı və tapşırdı ki, ona kəklikotu və qantəpərlə yarpızın qarışığından çay dəmləsinlər, bəlkə başının ağrısı keçib gedə. Çiynindən ağır bir yükün götürüldüyünü hiss etsə də hələ ki, qaməti düzəlmirdi.

Polkovnik-leytenant Rəcəbov müəyyən qədər əhatəli məlumat aldıqdan sonra mayor Ehsanovla telefon əlaqəsinə girdi.

-Sən yuxarıya bir şey məruzə eləmisən?

-Hələ ki, yox.

-Nə fikirləşirsən?

-Siz necə deyirsiniz, eləcə də olsun.

-Bilirsən, Ehsanov, biz komandandan indiyə kimi heç nəyi gizlətməmişik. Ona görə də istəyirəm, özüm əhatəli məruzə edəm, qoy xəbərdar olsun. O, ölkə boyu hər yeri tanıyır, sərhədlərdəki vəziyyəti, bəlkə bizdən də yaxşı bilir. 

Polkovnik-leytenant Rəcəbov elə bilirdi ki, “Tənha” postu haqqında hər şeyi öyrənib. Ancaq komandan soruşanda ki, kənddə vəziyyət necədir, o, çaşıb qaldı. Çünki onun xəbəri yox idi ki, dörd nəfər masqalı kənddən iki ailəni girov götürüb, meşədə saxlayır. Eyni zamanda bilirdi ki, komandan elə-belə heç nə soruşmaz, deməli, kənddə nə isə bir hadisə baş verib.

***

Masqalılar beş nəfər Ziloyun ailəsi, üç nəfər də Təhmirazın ailəsi olmaqla, cəmisi səkkiz nəfəri qabaqlarına qatıb meşəyə gətirdilər. Bir xeyli ətrafı fırlanandan sonra Ziloyun arvadı Luiza dilləndi:

-Bizi ora-bura nə dartışdırırsınız? Öldürəcəksinizsə, öldürün, canımız qurtarsın. Onsuzda bu ucqarda həyatımızın bir mənası olmayıb. Öldürməyəcəksinizsə burada, yaxınlıqda meşəbəyinin evi var, aparın ora, üst-başımızı qurudaq. Yoxsa səhərdən nəm meşə ilə o qədər sürütləmisiniz ki, corablarımıza, alt paltarlarımıza qədər islanmışıq.

Masqalılardan biri səsini çıxartmadan işarə verdi ki, Luizanı qabağa buraxın. Luiza qabağa düşüb onları meşəbəyinin evinə gətirdi. Bura iki otaqdan ibarətdi, dörd tapçan, qab-qacaq və bəzi digər məişət avadanlıqları vardı. İçəridə bir müddət özlərini qaydaya saldılar. Axşama kimi gözlədilər, nə onların arxasınca gələn oldu, nə də maraqlanan birisi tapıldı. Təhmirazın arvadı Sonya dişini-dişinə qıcayıb dözsə də o da fəallaşdı.

-Ay bədbaxlar! – dedi. –Siz bizi oğurlamaqda səhv etmisiniz. Bizim bu kənddə heç bir dostumuz, qohumumuz yoxdur ki, arxamızca gələ, siz də onlardan nə isə istəyəsiniz. Bizi on gün burda saxlasanız da bir kimsənin xəbəri olmayacaq.

Masqalılar Ziloyla Təhmirazın əl-qolunu bağlayıb o biri otaqda saxlayırdılar ki, arvadları görüb səs-küy salmasın. Həm də nə qədər olmasa kişilər aradan çıxmaq üçün bir fənd işlədərlər. Axşama qədər onları ac da olsa birtəhər saxladılar. Adamlar artıq dayana bilmirdilər, yemək istəyirdilər, ayaqyoluna getməyi tələb edirdilər. Masqalılar istəmirdi ki, vay-şivən qopsun. Onlar, deyəsən heç özləri də bilmirdilər ki, işin axırı necə olacaq, bu işi hansı məqsədlə törədiblər.

Meşəbəyinin otağında yarım kisə kartof vardı. Ondan götürüb kerosin maşınkasında qaynadaraq yedilər və hərə özünə birtəhər yer düzəldib yatdı. Elə masqalılar özləri də deyəsən bərk yorğun idilər, uzaqdan gələnə oxşayırdılar. Biri əli avtomatlı növbədə qaldı, üçü isə tapçanların üstündə uzandı, uzanan kimi də xorultu-mısıltı bir-birinə qarışıb otağı başına götürdü. Gecə bir-birini əvəz edən masqalılar baxdılar ki, girovlar heç narahatlıq keçirmirlər. Onda başa düşdülər ki, səhv ediblər. Amma başqa çıxış yolları da qalmamışdı. Onlar heç olmasa buradan yaxşı pulla, qızıl-zinət əşyaları ilə çıxıb getmək istəyirdilər.

Ertəsi günü də yarı edəndən sonra masqalılardan biri dedi:

-Görürəm ki, sizin qadınlar kişilərdən fərasətlidirlər.

-Sən sözünü de! – Sonya sinəsini qabağa verdi.

-Biz sizi bu gün də saxlayırıq, əgər axşama kimi sizin arxanızca gəlməsələr…

-Birincisi, kənd camaatının bizdən xəbəri yoxdur. Olsa da bilmirlər ki, siz bizi burada saxlayırsınız. Üçüncüsü, onlar nəyə görə bizim arxamızca gəlməlidirlər?

-Yaxşı, qoy gəlməsinlər. Biz də axşam sizin hamınızı güllələyib çıxıb gedərik.

-Biz nə etməliyik ki, siz bizi öldürməyəsiniz? – Luizanın bacısı, ərə getmədiyinə görə onlarla birlikdə yaşayan Liza gülümsəyərək dilləndi.

-Bizə pul lazımdır.

-Eh, səfehlər, siz səhv salmısınız. – Yenə də Sonya dilləndi və əlini yellədi. – Kəndçidə pul hardandır?

-Pul bir kəndçidədir, bir də ingilisin bankında. Bahalı geyinmirsiniz, toya xərcləmirsiniz, pulu ütüləyib balıncın içinə yığırsınız.

-Doğru sözümüzdür, bizim pulumuz yoxdur, olsa verib canımızı qurtararıq.

-Heç yoxunuzdur?

-Olsa-olsa, qara gün üçün qənaət edib saxladığımız iki yüz, üç yüz manat.

-Bəs qızılınız?

-Qarnımızdan və əynimizdən artıra bilirik ki, özümüzə qızıl, gümüş alaq. – Arvadlar bir ağızdan gülüşdülər. – Köhnədən hərəmizdə bir üzük, sırğa olmalıdır.

Masqalılar öz aralarında qırıldaşdılar. Luiza gürcü dilini yaxşı bilirdi, Sonyaya işarə verdi ki, bunlar gürcü deyil.

-Yaxşı, nə qərara gəldiniz? Bizi buraxırsınız, ya yox?

Masqalı əli ilə “yox” işarəsi verdi.

-Onda birimizi buraxın, gedib yemək gətirək, üstümüzə salmağa adeyal gətirək.

-Siz özünüzü, deyəsən yaylaqda hiss edirsiniz ha. Xoş danışdıqca çiynimizə çıxmaq istəyirsiniz.

Masqalılardan biri avtomatın qundağı ilə Sonya arvadın sinəsindən necə itələdisə Sonya arxası üstə düşərək bir xeyli ufuldadı. Qızı özünü anasına yetirdi. Onun boynunu qucaqlayaraq hönkür-hönkür ağladı.

***

Hava qaralanda baş leytenant Əlixanovu qara fikirlər yenə də öz ağuşuna almışdı. “Milli Orduda heş belə çıxılmaz vəziyyətlərə düşməmişdim. İndi olardı Dağlıq Qarabağın istənilən bölgəsi, təbiət tərəfindən deyil, lap düşmən tərəfindən mühasirəyə düşərdim, çıxmasaydım, kişi deyildim. Lap canım bahasına olsaydı belə sakit oturmamalıydım, mühasirəni yarmalıydım. Burada isə qaydalar tamam başqa cürdür. Zabit də əsgər kimi vətən sərhədlərinin canlı dirəkləridir. Hara qoyulublarsa orda da durmalıdırlar. Ölsən belə, ölümünlə belə sərhəd dirəyinə çevrilib elə oradaca da ölüb qalmalısan. Vəssalam!”

Radionu açıb axşam xəbərlərini dinlədi. Bakıda Avropa oyunları üzrə yarışlar öz axarı ilə davam edirdi, hələ ki, salamatçılıqdı, hələ ki, toy-bayramdı. İdmançılarımız artıq yeddi qızıl medala sahibdilər, bu Əlixanovun sevincini artırdı. O, gümüş və bürünc medalların sayını yadında saxlamadı, onlar bir o qədər də əhəmiyyətli deyildilər, tam qələbənin əsas müjdəçisi qızıl medallardı. “Sağ olsun idmançılarımız, birincilik bizdədir. Azərbaycan bir idman ölkəsi olaraq özünü dünyaya tanıtdırır. Bir azdan hamımız bununla fəxr edəcəyik!”

Baş leytenant Əlixanovun sinəsi qürurla doldu və gözləri sevincdən yaşardı. Ürəyincə olmasa da əlini uzadıb radionu söndürdü. Yenidən postun düşdüyü vəziyyətdən çıxış yolları haqda fikirləşdi. Başını silkələdi.

“Aha, tapdım. Deməli, bu işlərin yarısı, bəlkə də mənə görədir. Mən Milli Ordudan Sərhəd Qoşunlarına dəyişilmişəm. Görünür, hələlik etibar qazana bilməmişəm. Mənə hələ də əsl sərhədçi kimi baxmırlar. Odur ki, zastavada ikimizdən başqa zabit olmasa da kapitan Məcidov mənimlə münasibətdə tam səmimi deyil. Əsgər Mirzəliyevi, mənə güdükçü qoyublar. Bəlkə bilmədiyim başqaları da var? Kəndə icazəsiz süd-qatıq dalınca gedirlər, ağızlarından söz qaçırırlar. Bəlkə Ukalay kişinin danışdıqları da uydurmadır? Bəlkə rabitə əlaqəsini də özləri qəsdən sıradan çıxarıblar?”

Əlixanov səbrini cilovlaya bilmədi, bir anlıq yenə də özündən çıxdı. Ayağa durub o tərəf-bu tərəfə gəzindi. Əlləri ilə divarı döyəclədi.

“Yox, Əlixanov, sən coşmamalısan, səbrini basıb təmkinlə hər şeyi yerli-yataqlı öyrənməlisən. Sən axı erməni ilə üzbəüz postda duran Milli Ordunun çılğın komandiri deyilsən. Sən indi Sərhəd Qoşunlarının məsul bir zabitisən. Vətən sərhədlərinin müdafiəsini təşkil etmək ən vacib bir zolaqda sənə həvalə olunub. Səni təxribata da çəkə bilərlər, amma sən ayıq olmalısan, hər deyilənlərə inanıb özündən çıxmamalısan, əsgərlərini düzgün olmayan istiqamətə məcbur etməməlisən!”

Baş leytenant ətrafında baş verənləri saf-çürük etdikcə, doğrudan da labirintə düşdüyünü anlayırdı. Bir tərəfdən baş verənlər ona bir qurama iş kimi görünürdüsə, digər tərəfdən həqiqətlə üz-üzə qalmış olurdu. Bəs bu hallarda nə etməli, necə davranmalıydı ki, düzgün hərəkət etmiş olsun? Qalmışdı fikirləşə-fikirləşə.

“Yaxşı, deyək ki, bunlardan bəziləri mənim üçün qurama işlərdir. Bəs gürcülərin məsələsi nədir? O ki qurama ola bilməz. Bunun ki şahidi özüm oldum. Çayın qolunu kim açıb mühasirə vəziyyəti yarada bilər? Məcrasını dəyişmiş çay kimə xidmət göstərmiş olur? Bu, ümumiyyətlə hamımızın əlehinədir. Yox, yox, bunlar qurama deyil, reallıqdır. Reallıqdan da real addımlarla, düzgün hərəkətlə çıxmaq gərəkdir”.

Fikirli-fikirli otaqdan çıxdı. Dar dəhlizlə addımlayaraq rabitə otağına gəldi. Çavuş Nağıyevlə rabitəçi əsgər Əzizov nə barədə isə xısın-xısın danışırdılar. “Gərək qapının arxasında durub dinləyərdim, görüm nə danışırlar. Eybi yox, əgər aralarında hər hansı bir sirləri varsa da, mütləq tezliklə üzə çıxacaq”.

Baş leytenant içəri daxil olan kimi əsgərlər ayağa qalxdılar.

-Əzizov.

-Bəli.

-Sən rabitəçi kursu keçmisən, yoxsa rabitəni zastavada öyrənmisən?

-Kurs keçmişəm.

-Onda işlətdiyin aparatı bilirsən.

-Elədir ki, var.

-İşlətdiyin aparatın qoruyucusunu çıxart, göstər.

Əsgər Əzizovun matı-qutu qurudu. O, baş leytenantdan belə bir tapşırıq alacağını ağlına belə gətirmirdi.

-Demirsiniz ki, ildırım çaxandan sonra əlaqə kəsildi…

-Elə düşünürük.

-İldırım bütöv aparatı yandırıb sıradan çıxartmayıb ki?

-Elədir.

-Yəqin qoruyucusunu yandırıb. Çünki qoruyucusu olmasaydı ildırım aparatı bütövlükdə yandırıb məhv etməliydi. Madam ki, nasazlıq qoruyucudandır, gəlin qoruyucunu bərpa edək, aparat işləsin. Neçə gündür nə yuxarının bizimlə əlaqəsi var, nə bizim yuxarılardan xəbərimiz.

Çavuş Nağıyevlə əsgər Əzizov radiostansiyanın və iki kilometrlik məsafədə işləyən radioqəbuledicilərin ora-burasını qurdalayıb nə qədər axtarsalar da nə yanmış qoruyucuları tapa bildilər, nə də aparatları işə salmağı bacardılar.

-Cənab baş leytenant! Bunlar NATO texnikasıdır. Bizə kurslarda yalnız onları işlətməyi öyrədirdilər, sazlamağı, hər hansı bir detalını dəyişməyi yox.

-Bu da bizim tərifli NATO texnikası! – Baş leytenant Əlixanov əllərini yelləyib yenidən öz otağına qayıtdı.

“Belə qala bilməz. Yuxarı ilə mütləq əlaqə yaratmalıyam. Indi nə zamandır ki, oturub gözləyək. Min il bundan qabaq göyərçinlər vasitəsilə şahlar bu ölkədən o ölkəyə məktub göndərmirdimi? XXI əsrdə biz nə üzlə oturub gözləyirik? Mən bir çıxış yolu tapmasam, bağrım partlayar. Tapdım…”

Öz-özünə elə qışqırdı ki, səsə çavuş Nağıyev qaçaraq gəldi.

-Nəyi tapdınız, cənab baş leytenant? – deyə təngənəfəs halda soruşdu.

-Uşaqlardan birini göndər kəndə, qatıq alıb gətirsinlər. Neçə gecədir yata bilmirəm. Gərginlikdən başım partlayır. Bir də taxtadan çox balaca bir qutu düzəltdir poçt qutusu kimi bir şey. Elə olsun ki, ağzını bağlayıb suya atsaq içinə su dolmasın. – Əlixanov sanki nə isə kəşf etmişdi, lap uşaq kimi sevinirdi. 

-O nəyə lazımdır?

-Sual vermə, çavuş. Get, deyilənləri elə. İndi kapitan Məcidov lap tikan üstündə oturub, bizdən xəbər gözləyir.

***

Kapitan Məcidov lap tikan üstündə oturmuş kimi idi, normal yuxu da yata bilmirdi. Bir az mürgüləyən kimi tez-tez səksənir, oyanırdı. Həmişə səhəri gümrah əhval-ruhiyə ilə açdığı halda neçənci gün idi ki, qəmgin notların təsiri altındaydı, düşdüyü vəziyyətdən çıxmağa gücü çatmırdı.

Tezdən televizoru yandırdı ki, xəbərləri dinləsin, bəlkə bir şad xəbər eşidər, dilxorçuluğu bir az yumşalar. Aparıcı ilk cümləsi ilə onu lap pis hala saldı.

-Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmrəl doxsan bir yaşında vəfat edib.

Qəmlənən kapitan tez də özünə toxtaqlıq verdi. “Qəmlənmək nəyə lazım? İnsan böyük bir ömrü şərəflə yaşadı, bir neçə dəfə hökumət qurdu, Türkiyə kimi azman dövlətə rəhbərlik etdi. İmkan düşdükcə Kiprin, Naxçıvanın, Azərbaycanın, başqa türk dövlətlərinin arxasında durdu. Allah rəhmət eləsin. Təki hər kəsə belə bir ömür qismət olsun!”

Növbətçiyə tapşırdı ki, səhər yeməyindən sonra əsgər Həmdul­layevi yanına çağırsın. Əsgər Həmdullayev dərhal onun yanına gəldi.

-Səhər yeməyi yemisən?

-Xeyr, cənab kapitan.

-Mən axı dedim, səhər yeməyindən sonra. – Kapitan nə fikirləş­disə sözünə davam etdi. – Sən, gərək ki, çayqırağı rayonlardansan?

-Elədir ki, var.

-Üzə bilirsənmi?

-Bəli.

-Səndən başqa daha kim üzə bilir?

-Kərimov da yaxşı üzür, bizim qonşu rayondandır.

-Kərimovu da götür, tez səhər yeməyini yeyib çayın qırağına gedərsiniz. Özünüzlə çubuq və məftil götürün. Qarmaq düzəldin. Çay yuxarıdan maraqlı nə axıdarsa qarmaqla sahilə çıxardıb mənə gətirin.

-Oldu! – Əsgər Həmdullayev bunu deyib geriyə döndü, qaçaraq çıxmaq istədi.

-Başa düşdünmü nə deyirəm? – Kapitan Məcidov tam ciddiliyi ilə soruşdu.

-Elədir ki, var, cənab kapitan! – Əsgər Həmdullayev bir az da ucadan cavab verdi.

-Qışqırma, burda kar yoxdur. Sən də meydançada deyilsən. De görüm, çay yuxarılardan nə gətirə bilər?

-Cənab kapitan, leysan yağışlarından sonra çayın suyu xeyli artıb. Yuxarılardan nə desən axıdıb gətirə bilər. Yəni qabağına nə keçsə…

-Ay balbez, heç vaxt dəqiqləşdirmədiyin tapşırığın arxasınca yüyürmə. Öyrəşmisiniz “oldu”, “baş üstə” deyib getməyə. Qulaqlarını yaxşı aç, mənə diqqətlə qulaq as. Gör nə deyirəm.

***

  Ovçu Mikayıl səhər tezdən malları açıb buraxmışdı ki, gördü Təhmirazın arvadı evlərindən çıxıb iti addımlarla meşəyə tərəf gedir. Sonyanın çiynində böyük bir torba da vardı.

-Sonya, Sonya! – deyə ikicə ağız çağırsa da arvad onu eşitmədi, bəlkə də eşitdi, özü cavab vermədi.

Arvad meşənin girəcəyində gözdən itəndən sonra Süleyman kişinin fikri haçalandı. “Mən Sonyanı gördüm, yoxsa məni qara basırdı? Bəlkə gözüm alacalanıb, qadın cildində gözümə cin-şeytan görünüb? O Sonya arvad idisə, çağırdım, niyə cavab vermədi? Bəs onları masqalılar iki-üç gündür ki, aparıb. Belə də girov aparmaq olar? Bəlkə özləri gizlənib qəsdən belə bir şayiə yayıblar? Burda nə isə bir sirr var!”

Evə dönmədən Ukalay kişinin həyətinə gəldi. Ukalay kişi həyat yoldaşı Zina ilə malları rahatlayırdı, arvad inəkləri sağır, kişi isə qaşovlayırdı. Ovçu Mikayılı uzaqdan görcək Ukalay kişi qaşovu taxçaya qoyub çəpərin qırağına gəldi.

-Xeyirdimi, ay Mikayıl? – deyə soruşdu.

-Şərə lənət. Başıma bir iş gəlib, bilmədim gördüyüm vaqeədi, yoxsa gözüm alacalanıb. Gəldim görüm bu işə sən nə deyirsən?

Mikayıl başına gələnləri nağıl elədikdən sonra Ukalay kişi heyfsləndi.

-Sən gərək Sonyanın arxasınca düşərdin. Onun hara getdiyini öyrənərdin. Ondan sonra biz işimizi tutardıq.

-Sərhədçilər nə deyir?

-Sərhədçilərin komandiri qoçaq oğlana oxşayır. Özü də söz verib. Ancaq tələsmək lazım deyil. Sən ora bir də qayıt, ovçu adamsan, izin hara getdiyini təxmin edə bilərsən. Mən də bir aşağı düşüb gəlirəm. Bax, ha, avı hürkütmə, eləcə yerini öyrən, qoy yatdıqları yerdə yatsınlar.

Ovçu Mikayıl bayaq Sonya arvadı gördüyü yerə qayıdıb onun izinə düşməyə çalışdı. Ukalay kişi isə sərhədçilərin yanına getdi. Baş leytenant qutunu çay aşağı axıtdıqdan sonra cavabını gözləyirdi. “Mən də qəribə adamam. Deyək ki, çay aşağı məktubu yolladım, bəs kapitan Məcidov çay yuxarı necə cavab qaytarsın? Bəlkə o, gözləyə, görə, üzü biz tərəflərə nə vaxt külək əsəcək, küləyin cənginə verə məktubumuzun cavabını. Qəribə xülyaların var”.

Ukalay kişinin qapıda gözlədiyi xəbərini alan kimi baş leytenant Əlixanov onun qabağına getdi.

-Sözlü adama oxşayırsan?

Ukalay kişi bildiklərini nağılladı.

-Onlar uzağa getməyiblər, hardasa buralardadırlar. Bizim də laqeydliyimiz onları lap təbdən çıxardıb. Görünür, qadınlara yazığı gəlib, icazə veriblər ki, gəlib əyin-baş dəyişəkliyi, bir də yemək aparsınlar. Acından ölməyəcəklər ki? Sonya arvad da ya acıqlı olub çağırışa dönməyib, ya da güdükçüdən qorxub. Siz təki onların yerini öyrənin, gerisi mənlikdir. Özünüz başa düşün, mən dövlətin sərhəddini boş qoyub əsgərləri meşəyə tökə bilmərəm ki, axtarış aparsınlar. Özü də belə bir vaxtda, belə bir vəziyyətdə.

-Biz səndən nə umuruq ki? – Ukalay kişi dil-ağız elədi. – Ancaq hökumət adamısan, tabeçiliyində əsgərin, silahın var. Gəldim məsləhət eliyək. Görək nə tədbir görə bilərik.

-Mən tərəfdən arxayın olun. Masqalıların yerin öyrənən kimi hərəkətə keçirik. Vəziyyət barədə yuxarıya məktub göndərmişəm, sorağı bu gün çıxmasa da sabah mütləq çıxacaq.

***

-Ə, buna bir bax! Heç Kürün yarısı boyda deyil, ancaq vahiməsi uzaqdan adamı basır. – Əsgər Kərimov çayın qarasınca danışdı.

-Dağ çayı dəli-dolu olur. Elə ki, arana gəlib çatdı, dönüb olur quzu balası. Dədə-babamız nahaqdan belə ad qoymayıblar ki. Baxıb görüblər, özünü ayqır at kimi aparır, yəqin ona görə adını “Kəhərçay”qoyublar.

Əsgərlər gəlib çatdıqdan sonra çayın qırağında çox hərləndilər, yuxarı-aşağı dəfələrlə var-gəl etdilər, ancaq diqqətlərini çəkən bir şey olmadı.

-Həmdullayev, çayda bir şey olsa suya girəcəksən?

-Mən kapitan Məcidova söz vermişəm. Bəs sən?

-Mən bu soyuqda suya girmərəm.

-Çox vacib bir tapşırıqdır.

-Mən heç kimə söz verməmişəm.

-Lap çay məni aparsa da suya girib kömək eləməyəcəksən?

-Sən hələ bir çaya gir, qoy su səni aparsın, sonrasına baxarıq. – Əsgər Kərimov zarafatından qalmadı.

-Bax elə buna görə səni çox istəyirəm. Üzünə demək olmasın, mərd oğlansan. Səni kapitan Məcidovun yanında da tərifləmişəm. Demişəm ki, dostu heç vaxt darda qoymaz.

Günortaya yaxın istəyirdilər ki, çıxıb getsinlər, bir də gördülər çay aşağı bir qutu gəlir. Qutu balaca və yüngül olduğundan sürətlə və çayın ortası ilə üzürdü. Əsgərlər ha qarmaq atdılarsa da tuta bilmədilər. Həmdullayev baxdı ki, suya girməsə olmayacaq, eləcə toqqasını, kitelini çıxardıb kənara tulladı ki, əl-qol atmasına maneçilik törətməsinlər. Bir göz qırpımında şığıyıb yeşiyi tutdu və sahilə tərəf üzdü.

-Necədir? – deyə əsgər yoldaşı Kərimov sudan çıxan Həmdullayevdən soruşdu.

-Kəhərçay sənə Kür çayı deyil. Su həm çox soyuqdur, həm də sürətli axır.

Paltarını sıxmalayıb elə yaş-yaş əyninə taxdı və zastavaya tərəf götürüldülər.

Poçt qutusunu açıb içindəki məlumatı oxuyandan sonra kapitan Məcidovun sevincinin həddi-hüdudu yox idi. Amma bu masqalıların məsələsi bir yandan, çayın məcrasını dəyişməsi ilə gürcülərin iddia qaldırması digər yandan onu əməlli-başlı dilxor etdi. İndi, doğrudan da məruzə etmək lazımdı. Özü də vertolyot istəmək olardı, çünki baş leytenant Əlixanov cavab gözləyirdi.

***

Ertəsi gün vertolyot gələndə bütün kənd camaatı meşənin ağzındakı talaya toplaşmışdı. Polkovnik-leytenant Rəcəbov güman etdi ki, adamlar vertolyotu qarşılamağa toplaşıblar, amma ortada dörd nəfər yekəpər hərbçinin camaatın qarşısında diz çökdürül­düyünü görüb başa düşdü ki, nə varımışsa da artıq xata sovuşub, əməliyyat sona çatıb.

Vertolyotu saxlayıb yerə enəndə onların qarşısına ilk gələn baş leytenant Əlixanov oldu. Hərbi qaydada salamlayıb vəziyyətlə bağlı məlumat verdikdən sonra birinci polkovnik-leytenant Rəcəbov, sonra kapitan Məcidov əl tutub onunla görüşdülər. Vertolyotda iki nəfər mülki şəxs də vardı, özlərini torpaq komitəsinin işçiləri kimi təqdim etdilər.

-Düzdür, indi komitə fəaliyyət göstərmir, ölkə başçısının fərmanı ilə ləğv olunub. Əmlak Komitəsinin tərkibində isə yeni yaradılan Torpaq Agentliyi müəyyən ştat-struktur məsələləri ucbatından hələ fəaliyyətə başlamayıb. Ancaq biz komitənin köhnə işçiləri kimi burdakı məsələni bilirik. Dövlət sərhədləri çay boyunca müəyyənləşdirilib. Əgər çay məcrasını dəyişərsə Tampo kəndi iki yüz hektarlıq sahəsi ilə birlikdə Gürcüstan Respublikasının ərazisində qalır. Bu barədə dövlətlərarası razılıq da var.

-İndi sizin deməyinizdən belə çıxır ki, bir çayın dəliliyi ucbatından biz bir kəndimizdən, iki yüz hektarlıq ərazimizdən vaz keçməliyik? – Baş leytenant Əlixanov heç nəyə məhəl qoymadan keçmiş Torpaq Komitəsinin işçilərindən soruşdu.

-Biz istərdik məcrasını dəyişmiş çayın keçdiyi yerlərə baxaq. – Onlar baş leytenantın sualını cavablandırmadılar. 

-Narahat olmayın, artıq xata sovuşub. Çay məcrasını dəyişmədi. Daşqın vaxtı bu qol ilə də su axırdı, amma əsas axın çayın öz yolu ilə gedirdi. Yağıntılar davam etmədiyindən indi yeni qolla çox az sızma su axır. Yəqin ki, axşam-səhərə o da kəsilər. – Baş leytenant bir az da əda ilə bunu Torpaq Komitəsinin keçmiş işçilərinə söylədi. – Firudin müəllim, olmazdımı ki, çayın daşqın vaxtı cuşa gəlib şərqə meyl edən əlavə qolunun başlanğıcında bənd düzəldilərdi. Bilinərdi ki, çay bundan sonra bir daha öz məcrasını dəyişməyəcək.

-Olardı. – Firudin müəllim eyhamla cavab verdi. – Amma elə şeylər var ki, onları insanlar həll eləmir, təbiətin ixtiyarına buraxır. Qocaman təbiət nə qədər azman olsa da ona güc eləməsən, o sənə qarşı heç vaxt ədalətsizlik etməz.

Kapitan Məcidov baş leytenant Əlixanova gözünü ağartmaq istədi. Qorxdu ki, rəislərin qabağında onun belə diri-diri danışması birdən polkovnik-leytenant Rəcəbovun xoşuna gəlməz. 

-Sən danış görüm bu qoçular kimdir? – Elə bu vaxt polkovnik-leytenant Rəcəbov masqalıları göstərdi. – Onları necə tutdunuz?

-Bu qoçuları, sözün düzü, elə onların girovluğunda olan qadınların köməkliyi ilə tutduq. Gecə yarısı biz əməliyyata başlayanda Liza – Luiza bacıları növbətçi qoçunun kişi olduğunu onun yadına salmış, həvəsləndirərək zirzəmiyə düşürmüş, ağzına dəsmal soxaraq əl-qolunu bağlayıb yerə yıxmışlar ki, səs salıb o birilərini oyatmasın. Sonra yuxarı qalxıb o biri qoçuların da əl-qolunu bağlamaq istərkən biz içəri daxil olduq.

-Ax, qadınlar, qadınlar. Sizə elə-belədən şeytan deməyiblər… – Kapitan Məcidov gülümsündü.

-Şeytan demə. – Polkovnik-leytenant Rəcəbov onun sözünü kəsdi. – Qadınlar gücü bilinməyən mələklərdir. Onlar bilsə ki, nəyə qadirdilər, Yer kürəsini yerindən oynatmağa güc verərlər.

-Mən nə deyirəm ki? – Kapitan Məcidov sözünə aydınlıq gətirdi. – Şeytan özü də bir mələkdir, özü də ən güclü mələk.

-Çox düz buyurursan, Məcidov. Qadınlar yaxşı bilir, harda şeytan olmaq lazımdır, harda mələk. Onlara qarşı zor işlədərsən, dönüb olarlar şeytan. Xoş davranarsan, mehribanlıq göstərərsən, onlar da mələk cildinə girərlər.

-İstənilən halda çox sağ olsunlar. – Baş leytenant təşəkkürünü bildirdi. – Mən onları belə təsəvvür etməzdim. Qadınlar əməliyyatda kömək etməsəydilər bu işi biz belə asanlıqla başa gətirə bilməzdik, bəlkə də qan tökülərdi…

-Afərin onlara, mən elə belə də bilirdim. Buraların qadınları bizə ulu nənələrimiz – amazonkaların yadigarlarıdırlar. Onlar tarix boyu düşmənə boyun əyib dəri diddirməyiblər. Biz gərək onların qədrini bilək.

-Hə, cənab polkovnik. Masqalıların başçısı Karen Karapet­yandır, özü boynuna alır ki, beynəlxalq dərəcəli canidir, interpolun xətti ilə axtarışdadır. – Baş leytenant Əlixanov ciddi duruş alıb məlumatlarını yekunlaşdırmağa çalışdı.

-Gürcüstan vətəndaşıdır?

-Xeyr. Bunlar deyir ki, biz hamımız… ordanıq.

-Aydındır. Bəs nəyə gəliblər, buralarda nə axtarırlar?

-Hələ ki, topladıqları qız-gəlinin zinət əşyaları olmuşdu.

-Yaxşı, onları biz araşdırarıq. Əl-qolunu möhkəm bağlatdır, vertolyota mindirsinlər. Qadınların da adlarını yaz ver, mü­kafatlan­dırarıq. Bir də de, sizə radiostansiya gətirmişik, qəbul etsinlər.

-Oldu! – Əlixanov onu kənarda gözləyən çavuş Nağıyevə yaxınlaşdı, tez tapşırıq verib geri qayıtdı.

-Mən bilirdim ki, sən ən çətin sınaqlardan belə alnıaçıq çıxacaqsan, heç bir mürəkkəb şəraitdə özünü itirməyəcəksən. Səbrli olub əsl çekist kimi hərəkət edəcəksən. – Polkovnik-leytenant Rəcəbov üzünü kapitan Məcidova tutdu. – Hə, kapitan, nə deyirsən, Əlixanovu sərhədçi ailəsinə qəbul edirikmi?

-Əlbəttə edirik, cənab polkovnik-leytenant.

-Əlixanov, sənə təşəkkürümü bildirir və bir daha təbrik edirəm. Sən sınaqdan qalib çıxdın.

Gələnlər sağollaşıb vertolyota doluşdular. Vertolyot havaya qalxıb sürət götürərək uçub getdi. Baş leytenant Əlixanov isə onun arxasınca baxa-baxa xəyallar aləmindən ayrıla bilmirdi. “Bu qurama bir sınaq deyildi, üzbəüz qaldığımız həqiqət idi. Yaxşı ki, çay məcrasını dəyişmədi… Əgər Kəhərçay məcrasını dəyişsəydi, kim bilir… nələr olardı?” 

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏYİN “HƏRBİ ZƏNGİLAN”INA SƏYAHƏT VƏ YA AZƏRBAYCANIN “HƏRB VƏ SÜLH”Ü

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ƏLİ BƏYİN “HƏRBİ ZƏNGİLAN”INA SƏYAHƏT VƏ YA AZƏRBAYCANIN “HƏRB VƏ SÜLH”Ü

OTUZ  İKİNCİ YAZI

Dəyərli oxucunu salamlayaraq, yenidən görüşmək imkanını bizə nəsib etdiyinə görə Ulu Tanrıya şükürlər edirəm.

Bugünkü söhbətimizin mövzusu müasir Azərbaycan ədəbiyyatıdır. İmzası son iyirmi ildə ciddi yazılara maraq göstərən geniş oxucu auditoriyasına yaxşı bəlli olan Əli bəy Azərinin “Hərbi Zəngilan” əsəri barədə təəssüratlarımı sizinlə bölüşməyə çalışacağam.

Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, bu sətirlərin müəllifinin qələmindən çıxmış məqalələrdən biri “Hərb mövzulu yazılar…” – on yeddinci yazı adlanır.

İndi isə keçək mətləbə. Əsəri ilə tanışlıqdan əvvəl Əli bəy Azərinin özü barəsində məlumatlara nəzər salaq.

QISA ARAYIŞ.  . Əli bəy AZƏRİ  (Əli Qurban oğlu Rzaquliyev) 15 iyul 1966-cı ildə Azərbaycanın füsunkar bölgələrindən olan Zəngilan rayonunun Vejnəli kəndində dünyaya göz açıb. Məhəmməd Füzuli adına fizika-riyaziyyat təmayüllü Ordubad şəhər internat məktəbi bitirib. Ali təhsilini Ukraynanın Xarkov şəhərində alıb.

O, 1984–2002-ci illərdə hərbi xidmətdə olub. Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, hərbi əməliyyatların təşkilatçısı və rəhbəri olub. Tank və motoatıcı taborlara komandirlik edib, motoatıcı briqada komandirinin müavini  vəzifəsinədək yüksəlib. Təqaüdə “mayor” rütbəsində çıxıb. Müharibə veteranıdır.

Yaradıcılığa çox erkən yaşlarından başlayıb. Hərbi xidmətdən sonra həyatını bütünlüklə yaradıcılığa həsr edib. Dövri mətbuatda 300-dən çox məqaləsi dərc olunub. 11 kitabı çapdan çıxıb. Əsərləri almanaxlara daxil edilib. “Hərbi Zəngilan” roman-xronikası, “Arazgersdən keçən köç”, “Qəmlibel müsibəti” adlı povestləri, onadək hekayəsi var.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktorudur. 2020-ci ildə yazıçılar üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb.

Biz müəllifdən tarixi mövzularda yeni-yeni dəyərli əsərlər gözləyirik.

HAŞİYƏ. Burada yazını elektron variantda, yəni saytlardan oxuyanlar üçün müəllifin ƏLİ BƏY AZƏRİ – HEKAYƏƏLİ BƏY AZƏRİ – QURD AĞZI olmaqla iki hekayəsi ilə tanış olmaq imkanı ərmağan edirəm.

PARALELLƏR

Əli bəy Azərinin həyat və fəaliyyəti ilə tanış olduqda gördüm ki, biz çox az fərqlə eyni həyatı yaşamışıq. Belə ki, ikimiz də Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibənin iştirakçısı olmuşuq. Sovet ordusunun peşəkar, nümunəvi, tam hazırlıqlı zabiti Əli bəy savaş meydanına taborun qərargah rəisinin müavini  vəzifəsində, baş leytenant rütbəsində atılmışdı. Mən isə döyüşlərə 18 yaşı yenicə tamam olmuş, universitet auditoriyasından çıxmış gənc əsgər kimi qatıldım…

O, özünün indi-indi nizama düşmüş həyatını, uzun illərdən sonra nəhayət ki, gerçəkləşdirməyə başladığı arzularını, qürbət eldə çətinliklə qazandıqlarını tərəddüd belə etmədən Vətən yolunda qurban verdi. Mən isə bir azərbaycanlı kimi özümdən soruşdum: “rayonu (Ağdam) müharibə meydanına çevrilmiş gənc Bakıda gün keçirə bilərmi?”

Əli bəy Azəri Füzuli–Zəngilan–Qubadlı cəbhəsində, Zaur Ustac isə Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşürdü.

Bunları “qismət”, “alın yazısı”, tale oxşarlığı adlandırmaq olar.

MƏZMUN

Beləliklə, “Hərbi Zəngilan”ın qısa məzmunu ilə tanış olaq. Bu əsər müəllifin “Könüllülər” və “Alay dövrü” adlı digər iki romanının da daxil olduğu trilogiyanın birinci hissəsidir. “Hərbi Zəngilan”da təsvir olunmuş hadisələr 1992-ci il iyun ayının birindən noyabr ayının 30-na qədərki qısa, ancaq hadisələrlə çox zəngin və ziddiyətli bir dövrü əhatə edir. Proseslər o qədər sürətlə cərəyan edir ki, zaman sanki bir çay kimi axıb gedir. Roman öz oxucusuna həmin günləri təkrar yaşadır. Bu əsər həm də gələcək nəsillərin real tarixlə tanış olmaları üçün gözəl bir imkandır.

Keçmişi bilməyənlər üçün gələcək həmişə qaranlıq olacaqdır. Kitabın 3-cü səhifəsinin 5-ci abzasında belə bir cümlə var : “…Roman-xronika, nəsrin, bəlkə də ən çətin formasıdır.” Onu da qeyd etmək istəyirəm ki, bu sətir müəllifin Müqəddimə əvəzi adlandırdığı hissədəndir. Əli bəy Azəri sözünə bədii əsər üçün müqəddimənin vacibliyi barədə qeydlərlə başlayır. İndi tanış olduğunuz bu yazı isə, əslində, əsərin kitabdan kənar müqəddiməsidir.

ƏSƏRİN DİLİ – MİLLİ BƏDİİLİK

Uzun müqəddimədən sonra əsərin dili barədə bir neçə kəlmə yazaq və bəhsimizi davam etdirək. Müəllif haqqında qısa arayışdan gördük ki, uşaqlıq vaxtından yazmaq həvəsi olsa da, taleyin hökmü onu tamam başqa bir səmtə yönəltmişdir. O, ədəbiyyat və tarix yaradan, lakin bunlarla heç bir əlaqəsi olmayan sənətə yiyələnmişdir. Filoloq deyil. Heç humanitar sahənin mütəxəssisi də deyil. Tam əksinə, dəqiq elmlərin, texniki sahənin adamı olan Əli bəy ixtisasca komandan-mühəndisdir. Görünür, məhz hərbçi olduğuna görə, Əli bəyin yazılarında ciddi sistemlilik və dəqiqlik vardır. Bir məsələni də qeyd edək – o, ədəbiyyatçı olmasa da, dilimizin incəliklərindən, xüsusi ilə hadisələrin cərəyan etdiyi bölgələrə məxsus spesfik söz və ifadələrdən böyük ustalıqla istifadə etmişdir. Əsərin dilindəki bu xüsusiyyət həm də ona görə təqdirəlayiq və əhəmiyyətlidir ki, sözügedən bölgələrin insanları uzun müddətdir şəhərdə yaşadıqlarından spesifik söz və ifadələrin itirilməsi təhlükəsi yaranmışdır. Sadə xalq dilini yazılı ədəbiyyata gətirib belə söz və ifadələrə yeni həyat bəxş etdiyinə görə Əli bəyə təşəkkür düşür.

VƏTƏNPƏRVƏRLİK, TƏƏSSÜBKEŞLİK VƏ TARİX

Əsər gənc, enerjili, ən əsası isə düşmənə nifrət, Vətənə sonsuz bir məhəbbətlə alışıb-yanan baş leytenant Əli Rzaquliyevin Uzaq Şərqdən bir vaxtlar quzu otardığı, seyrindən doymadığı, 1988-ci ildən döyüş bölgəsinə çevrilmiş doğma yurduna qayıtması ilə başlanır. İlk hadisələr zəif və xaotikdir. İkinci fəsildə dinamiklik artır. “Hərbi Zəngilan”, yəni trilogiyanın birinci hissəsinin sonunda Zəngilan böyük dəyişikliklərin astanasındadır.

Hadisələr hərbi hissədə, hərbçilər arasında cərəyan edir. Əli bəy elə incəlikləri ustalıqla qələmə alıb ki, bunu hərbçi olmayan heç bir yazar edə bilməzdi. Təkcə müxtəlif situasiyaları, subardinasiya məsələlərini, qərargah mədəniyyətinə aid spesfik elementləri deyil, həm də qondarmaları böyük peşəkarlıqla təqdim etməyi bacarmışdır. Müəllif peşəkar hərbçi olduğuna, uşaqlığı kənddə keçdiyinə, zəngin söz ehtiyatına yiyələndiyinə görə belə faydalı, əhəmiyyətli, vacib bir əsəri ərsəyə gətirə bilmişdir.

Əsərdə yerli əhalinin hərbçilərə absurd münasibəti ilə rastlaşırıq. Məsələn, ikinci fəslin “Ölüm günü” bölməsində yenicə erməni atəşinə tuş gəlmiş kəndin sakinləri – arvadlar köməyə – haraya gələn hərbçilərə  qarğış edirlər: “Sizi görüm qırılasınız. Vayınıza oturaq. Siz gələnədək …”. Müəllif burada həm maraqlı ifadə vasitələri şeçmiş, həm də bir eyhamla ara qarışanadək normal qonşuluq münasibətlərinin olduğunu ortaya qoymuşdur. Yoxsa, arvadlar öz əsgərlərini niyə qarğısın ki?

“Nüvədi bölüyünün döyüş təyinatı” bölümündə təyinatla bağlı: “Lələnin öz əmridir…”.

“Qisas alınmalıydı” bölümündə idarəçilik barədə: “Salacaq şapalağın altına…”.

“Altı nömrəli ehtiyat möhür” bölümündə yerlibazlıqla bağlı: “Gürcüstanlı gəlib, Zəngilanda…” və s. maraqlı misallar var.

Satqınçılıq məsələsindən söhbət açılanda məlum olur ki, hamının bir nömrəli şübhəli şəxs hesab etdiyi Sona arvadın gəlini qərargahda makinaçı işləyir… Hər zaman olduğu kimi…

Bir maraqlı misala da nəzər salaq. Bu dəfə obyekt polisdir. Yeri gəlmişkən, bir nüansı diqqətinizə çatdırım. Makulunun “Səttarxan” əsərində göstərilir ki, jandarma işə düzəlmək üçün mütləq rüşvət vermək lazımdır. Bu yüz il əvvəl Güney Azərbaycanda baş vermiş hadisədir. Qeyd etmək lazımdır ki, SSRİ-də rüşvət və korrupsiya adi bir hal idi. “Hərbi Zəngilan” əsəri cəmiyyəti içindən məhv edən bu bəlaya da toxunur: “Cəbrayıldan gələn polis” bölməsində Azərbaycanın müstəqilliyinin ilk illərində Ukraynadakı düzənini pozub Vətənə xidmətə gəlmiş polis zabitinə Cəbrayıl rayon polis bölməsində açıq-aşkar deyilir ki, iyirmi beş min verməsən xeyri yoxdur…

Yerlibazlıq, yerliçilik adlandırdığımız murdar təzahürün əksi olan bir hiss də vardır. Onun adı yurdsevərlik, vətənpərvərlikdir.

Baş leytenant Əli Rzaquliyev Sovet Ordusu sıralarında qalsaydı, bəlkə də yüksələcək və daha firavan yaşayacaqdı. Ola bilsin ki, orada onun xidmətinə, işinə qiymət veriləcəkdi. Amma tarix “elə olmasaydı, belə olardı” fikrini qəbul etmir. Beləliklə, qəhrəmanımız Zəngilanı – doğulub boya-başa çatdığı yurdun döyüşçüsü olmağı seçdi.

HAŞİYƏ. Baş leytenant Əli Rzaquliyev vətəninin, yurdunun fədakarıdır. O, əsl vətən oğullarının ümumiləşdirilmiş obrazıdır. Hər bir azərbaycanlı belə igidlərə dəyər verməyə borclu olduğunu dərk etməlidir. Çox heyiflər olsun ki, indinin özündə də  bunu anlamayanlar, qiymətləndirməyənlər çoxdur.

Baş leytenant Rzaquliyev Silahlı Qüvvələrin Baş Qərargah rəisi general – leytenanat Bərşadlının qəbulunda olarkən ona başqa bölgələrdə, hətta  Bakıda daha yüksək vəzifələr təklif edilir. Lakin o, Zəngilan deyib durur. Ağdamda yeni qurulacaq tank taboruna komandir vəzifəsi təklif olunur. Yenə də razılaşmır. Halbuki bu onun üçün daha perspektivli bir təyinat olardı. Yurdsevərlik onu çəkib Zəngilana gətirir.

1994-cü ilin fevralınadək “Tərtər batalyonu”, “Bərdə batalyonu”, bir neçə “Mingəçevir batalyonu”, filan saylı tabor, “Qurtuluş batalyonu”, “20 Yanvar batalyonu”, adını unutduğum başqa bölgə batalyonlarının çox vaxt koordinasiya olunmayan fəaliyyəti böyük çətinliklər yaradırdı. Amma bu hərb sahəsindəki yeganə müşkülümüz deyildi. Təəssüf ki, bugünün özündə də problemlərimiz kifayət qədərdir. Yenicə müstəqilliyini elan etmiş kiçik bir respublika üçün belə hallar bəlkə də təbii idi. Ancaq indiki dövrdə, müasir təhdidlərin fonunda onlar yolverilməzdir.

Sözsüz ki, təhsildə, səhiyyədə, orduda, idarəetmədə mövcud olan problemlərin əksəriyyətinin kökündə cılızlıq, heyvani nəfs, cəhalət və özgə maraqlar dayanır.

ƏSƏRİN ƏHƏMİYYƏTİ

Əli bəy Azəri “Hərbi Zəngilan” adını verdiyi bu romanı sanki o dövr Zəngilanını tarixdə yaşatmaq istəyi ilə qələmə almışdır. Uşaqlıqdan yadında qalan sözləri, unudulmuş ifadələri, az qala hər kolu, hər daşı xatırlatmaqla Zəngilanın bədii portretini böyük ustalıqla yaratmışdır: Zəngilan təbii sərvətləri və spesifik resursları ilə fərqlənən qəribə coğrafi məkanda yerləşir. Naxçıvan yolunun üstündəki körpünün bir sütunu Ordubaddırsa, digəri Zəngilandır. Ölkədə iki qızıl yatağından biri Zəngilandadır. Dünyadakı iki Çinar meşəsindən biri – təbii artımına görə birincisi  Zəngilandadır.  Bu meşənin bazasında Bəsitçay Qoruğu yaradılıb. İran İslam Respublikası ilə sonuncu sərhəd zastavaları Zəngilandadır və həmin vaxt hələ də rus sərhədçilərinin bölgədə mövcudluğu əhalidə qəribə ikrah hissi oyadırdı. Ermənistanının iki – Naxçıvanla aramıza süngü kimi sancılan Megri və böyük sənaye rayonu sayılan Qafan rayonu ilə sərhəd zolağı 157 km idi ki, bu da o vaxt ən böyük təmas xətti sayılırdı. Zəngilan üzərində cəmlənmiş maraqlar ucbatından ölkənin ictimai-siyasi-hərbi mənzərəsi buradan daha aydın müşahidə olunurdu ki, bütün bu vacib məlumatları siyasətdən uzaq, Vətəninin sonsuz məhəbətlə sevən, yurduna bağlı, adət-ənənəsinə sadiq, zəngin söz ehtiyatına malik  hərbçi-yazar sözün əsl mənasında xüsusi bir məharətlə bugünkü oxucusuna çatdıra, gələcək nəsillərə ötürə bilmişdir.

Əli bəy Azəri qarşısına qoyduğu məqsədə nail olmuşdur. Onun “Hərbi Zəngilan”, “Könüllülər” və “Alay dövrü” adlı romanlardan ibarət trilogiyası Azərbaycanın “Hərb və Sülh”üdür!

Biz bu gün Makulunun “Səttarxan”ından, Məhəmməd Əsəd bəyin “Əli və Nino”sundan, Bayram Bayramovun “Karvan yolu”ndan necə faydalanırıqsa, gələcək nəsillər də Aqil Abbasın “Dolu”sundan, Fazil Güneyin “Qara qan”ından, Əli bəy Azərinin “Hərbi Zəngilan”ından, Qələndər Xaçınçaylının “Güllə işığında”n belə faydalanacaqlar. Gəlin bu siyahını zənginləşdirək. Gəlin Babək olaq, Azərbaycanımızı sevək… Nəsimi olaq, sözümüz yaşasın… Gəlin Şəhriyar olaq, səsimiz Arazın şırıltısında itib batmasın… Gəlin Vurğun olaq, gəlin Bəxtiyar olaq… Hacıbəylini, Zərdabini, Haqverdiyevi yaşadaq… Şah İsmayıldan, Nadir şahdan güc alaq… İlham kimi qətiyyətli olaq… Ziyaların, Ülvilərin əməyi boşa çıxmasın…

And olsun, Qələmə ki, ondan güclü silah yoxdur!

04.04.2021 – Bakı.

QEYD: Sonda bir ricanı nəzərinizə çatdırım. Xahiş edirəm, yeni yazılmış hərb mövzulu əsərlər barədə məlumatları Votsap: (+994) 70-390-39-93 və ya E-mail: zauryazar@mail.ru vasitəsi ilə mənə bildirin. “Hərb mövzulu yazılar və ya dünyanın bir rəngi var” yazısından xəbərdar olan qələm adamlarına bildirmək istəyirəm ki, xeyli vaxtdır “Xaki üzərindəki qırmızı və ya qara qar” adlı hərb mövzulu yazılardan bəhs edən ikinci yazı üzərində işləyirəm. Əvvəllər az-çox təqdimatlarda yeni kitablardan xəbər tutmaq olurdu. Son illərdəki məlum məhdudiyyətlər səbəbindən bu imkan da aradan qalxıb. Bunu nəzərə almağınızı xahiş edirəm. Məhdud sayda nəşr olunub rəflərdə yatan hər kitabdan vaxtında xəbər tutmaq olmur. Bəlkə də o həqiqətən də çox dəyərli bir kitabdır.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ  İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Məqalə eyni zamanda Əli bəy Azəri haqqında olan “Mən və Siz” adlı kitaba daxil edilib.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sözün düz adamı – Əli Bəy AZƏRİ – Mahir CAVADLI yazır

Əli Bəy Azəri

Sözün düz adamı – Əli Bəy Azəri

Mətbuatda naşı deyiləm. Çap olunmağa orta məktəb illərindən başlamışam. Paytaxta baş alıb varmamın məğzində mütaliə edib bəyəndiklərimin həmkarı -jurnalist olmaq, ondan da əsas – yazıçı, şair kimi tanınmaq həvəsi dayanıb. Bu arzunun ucundan tutub çox çətinlikləri dəf etmişəm. İlk cəhdlərim uğursuz alınsa da, sonradan dövrü mətbuatda məqalələrim, şeir və hekayələrim, publisistik yazılarım dərc olunub. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüyəm. Qələm əhli kimi ölkə daxilinə və xaricə səfərlərim də az olmayb. Bu gün çap olunmaq problemi yaşamasam da, mətbuatı “külliyyatımla” zəbt eləmək fikrindən uzağam. Hər dəfə düşüncələrimi ictimailəşdirmək istəyəndə yüz yol götür-qoy edirəm, ağır məsuliyyətin altına girməkdə ehtiyatlı davranıram. Həm də yazımın qəhrəmanı, bu günlərdə 55 yaşını qeyd edəcəyimiz Əli bəy Azərinin rəhbərlik etdiyi “Xəzan” jurnalına hekayə və şeirlərimi çapa göndərəndə!..

Vətəndaş kimliyində sadəcə Əli Rzaquliyev adı və soyadı qeyd olunmuş, çağdaş Azərbaycan yaradıcı mühitində həm yazar, həm də naşir kimi tanınan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının təsisçisi və baş redaktoru, dostumuz Əli bəy Azərinin ədəbi KİMliyinə işıq salmaq haqqıma özümütanıdımla ayaq verməyim oxucuya qəribə gəlməsin. Xalqımızın “dostunu tanıt, deyim sən kimsən!” misalını bilərəkdən belə baş-ayaq nizama çəkməyim də yaradıcı dostumun orijinallığa meyilliliyinin qarşılığı səbəbindəndir. Sözün doğrusu, Əli bəy Azəri ilə dost da olmaq mənim üçün həm bir qədər çətin, həm bir o qədərdən çox asandır. Məsələ mənim bir neçə bahar böyük olmağımda deyil, sadəcə onun sadəliyində və səmimiyyətindədir. İstənilən və istənilməyən yerdə və məqamda haqsızlığı şax, çəkinmədən üzə çırpa bilər. Tezliklə də günahını başa düşənin könlünü almağı bacarır. Yaxud haqqında deyilən fikirlə (mənfi, ya müsbət) anındaca razılaşmaq meylindən uzaqdır, düşüncə süzgəcindən keçirər, sakit, yaxud çılğın şəkildə münasibətini bildirər. Cəmiyyətdəki hər hansı problemə, yaxud uğurlu perspektivə biganə qala bilmədiyindən, bu və ya digər məsələ barədə çox götür-qoy etdiyindəndir ki, ən optimist qərar vermək bacarığı ilə dostlarının rəğbətini qazanıb. Kini, küdurəti tez soyuyan hirs və qəzəbindən o yana keçmir.

Haşiyə: Azərbaycan Yazıçılar Birliyi nəzdində sayı heç də az olmayan zəngilanlı yazarların təşkilatlanması fikri çoxdandır ki, hər ikimizin diskussiyasına çevrilmişdi. Hər dəfə söz salır, sosial şəbəkələrdə ağzına gələni yazan və deyənlərə qarşı müəyyən tədbirlərin görülməsi haqqında arzularımızı bəyan edirdik. Ancaq konkret iş görməyə vaxt və məqam tapa bilmirdik. Nəhayət, yeni yaradılmış AYB Qubadlı Regional Birliyi tərkibində təşkilatlanmağa razılaşdıq. Yadımdadır ki, təsis yığıncağına getməzdən əvvəl aramızda tam başqa bir məsələ ilə bağlı ciddi fikir ayrılığı yarandı, mən sözümü deyib, necə deyərlər, otağı tərk elədim. Sabahısı gün 20 nəfərədək Zəngilan qələm əhlinin iştirakı ilə keçirilən tədbirdə kimin təşkilatlanmamıza rəhbərlik edəcəyi təklifinə hamı bir-birinin üzünə baxdı. Bu vaxt Əli bəy Azəri əlini qaldırıb tribunaya çıxdı və mənim namizədliyimi irəli sürərək fikrini əsaslandırmağa çalışdı. Sözsüz ki, dünənki mübahisəmizi xatırladıb bir xarakter kimi təqdir etməklə!

Əli bəy Azəri oxuya-oxuya güclü qələmi olan yazara, yaza-yaza mükəmməl oxucuya, redaktə edə-edə təcrübəli naşirə doğru peşəkar yaradıcı insan ömrünü yaşayır. O, Azərbaycan tarixini dərindən öyrənib, hər bir dövrə dair, xüsusən torpaqlarımızın yadellilər tərəfindən zəbti ilə bağlı zəngin mənbə və tutarlı qaynaqlara söykənən faktlardan geniş və izahlı məlumat vermək, yazmaq bacarığına malikdir. Müasir Azərbaycan hərb tarixmizin həm iştirakçısı, həm də salnaməçisidir. Bir neçə kitabın müəllifi, almanaxın tərtibçisidir. Həyatı haqqında dövrü mətbuatda, sosial şəbəkələrdə məlumat bol olduğundan aşkar faktlara yer verməyərək, bu insanın güclü vətəndaş mövqeyinə malik ziyalı, eyni zamanda, çağdaş ədəbi mühitdə özünü və sözünü təsdiqləmiş qələm sahibi kimi dəyərli olduğunu vurğulamaq xüsusilə yerinə düşərdi. Əli bəy Azərinin həyatı onun nəsrində, hekayə, povest və romanlarında öz əksini tapıb. Publisistik düşüncələri təsisçisi və naşiri olduğu, oxucularının və müəlliflərinin coğrafiyası respublikamızın hüdudlarını aşan gözəl tərtibli və dərin mövzulu “Xəzan” jurnalının “Baş redaktordan” səhifəsində real hadisələr, aktual məsələlər barədə obyektiv mövqeyində oxucuya çatdırılır. Sosial şəbəkələrdəki paylaşımlarında hər hansı mənfi meyllər və ünsürlər barədə yumoru, sarkazmı öldürücü xarakter daşıyır.

Əli bəy Azəri müasir Azərbaycan mətbu və ədəbi mühitinin fəal simalarındandır. Əminəm ki, onun gördüyü işlər, həyata keçirdiyi layihələr ədəbiyyat tariximizdə əbədiyyət qazanacaq və gələcək müzakirələrin aktual mövzuları sırasında yer alacaq – müəllifi olduğu və redaktor kimi xeyir-dua verdiyi kitablar, çoxlu sayda aktual mövzulu, məzmunlu publisistikası, təsisçisi və naşiri olduğu nəfis tərtibli “Xəzan” jurnalı… və bir də bu yığcam səmimi dost yazısı!

Müəllif: Mahir CAVADLI

MAHİR CAVADLININ YAILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİ – ŞƏHƏRLİ QIZIN DƏLİ SEVGİSİ

ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI

ŞƏHƏRLİ QIZIN DƏLİ SEVGİSİ

(povest)

Yazın gəlişi ilə təbiətin qoynuna sanki güllü-çiçəkli xalı salınmışdı, kənd özü də elə bil çiçəkləmişdi…

Qaşqa kolavatın bomboz simasından əsər-əlamət qalmamışdı. Köhnə kənd yerindən üzü Abuseyid dərəsi yuxarı Sarı Güney boyunca yeni məhəllələr salınmış, bir-birinə boy verməyən villalar tikilmişdi – hamısının da dam örtüyü rəngbərəng olduğundan kənardan baxana güllü-çiçəkli laləzarı xatırladırdı. Yeni məhəllələrin fonunda iyirmi beş evlik kənd yaylaqda obadan aralıda alaçıq quran yetimlərin çavıstanına oxşayırdı.

On beş ildən çoxdu ki, bu kənddə qulaq quqquldayırdı. Kəndin əsas olmasa da vacib dolanışıq yeri sayılan geoloji ekspedisiya idarəsi bağlandıqdan sonra kişilər çörəkpulu qazanmaq adıyla kimin gümanı hara gəldisə baş götürüb getdilər. Kimisi yaxın şəhərlərdə qərar tutdu, kimisi də rusetə gedib çıxdı. Bir müddət keçəndən sonra şəhərdə qərar tutanların iki təsərrüfatı saxlamağa gücləri çatmadı. Kənddə qalan ailə-uşaqlarını da yığıb birdəfəlik şəhərdə kirayələdikləri mənzilə köçdülər. Kənddə yalnız qocalar qaldı – onlar da gücləri çatan təsərrüfat saxlamaqla başlarını qatırdılar. Bir də hər evdə bir uşaq saxladılar ki, heç olmasa ibtidai siniflərdə oxuyan olsun, məktəb tamamilə bağlanmasın.

Beləcə, səsli-küylü kənd sanki bir anın içində boşaldı. 

Üç-dörd il bundan əvvəl necə oldusa “şəhərli” olanların yadına düşdü ki, füsunkar cənnətməkan təbiətin qoynunda gözəl bir kəndləri qalıb. Kəndə qayıdıb yeni-yeni malikanələr, villalar, bağ evləri tikməyə başladılar. Sanki bir-birinin qarşısında fors göstərir­miş­lər kimi onlarla bərabər şəhərli qonşularından, iş yoldaşlarından da gəlib kənddə tikili salanlar oldu. Qulaq quqquldayan dərələri traktorların səsi lərzəyə gətirdi, betonvuran maşınlar az qala dağları silkələyəcəkdi.

Qatırçı Hüsünün nəvəsi Fərrux da şəhərdə ali məktəbi bitirib əsgərliyini çəkəndən sonra kəndə qayıtdı. “Mən şəhərdə yaşaya bilmərəm. Kənddə də qazanc gətirəsi iş yerləri bağlanıb. Fərdi təsərrüfat yaratmaqdan başqa çıxış yolum yoxdur” dedi. Atası Dadaş Muradbəylinin tanınan, sayılıb seçilən insanlarından biriydi. Şəhərdə tikinti firması vardı, yaxşı da pul qazanırdı. Anası Nargilə xanım mühasibatlığı bitirmişdi, indi də firmanın hesabatlarını hazırlayırdı. Fərruğa nə qədər təklif verdilər ki, gəl, sənə də şəhərdə bir iş verək, razılaşmadı. Elə “kəndə qayıdıram” deyib dirəndi.

-Bəxtəvər xalxın başına. Cavan uşaqlarını kənddə zorla saxlamaq istəyirlər, ancaq qalmırlar. Mən bədbəxt, yalvarıram ki, kəndə qayıtma, şəhərdə ürəyin istəyən yüngül iş verim, başını girlə, eşitmir. – Atasının heyfslənərək belə deməsindən başqa çarəsi qalmadı. Gördü ki, oğlu dediyindən dönmür, razılaşdı, özü-özünə təskinlik verdi. – Yaxşı, oğlum, sən qayıt kəndə, Hüsü babanla, Laləzər nənənin yanına, onlara həyan ol. Hələlik təsərrüfat işlərində kömək elə. Kənddə təsərrüfatı babandan yaxşı bilən yoxdur, nə öyrənə bilsən, ondan öyrən. Mən də ananla birlikdə bacılarının cehizləri ilə məşğul olaram. Elə ki, onları gəlin köçürtdük, bir az yüküm azaldı, onda nə desən sənə kömək edəcəyəm. İstiyərsən kənddə fermer təsərrüfatı yaradarsan, istiyərsən şirkətin filialını açarıq, bölgədə tikinti ilə məşğul olarsan.

Beləcə, çox mübahisədən, götür-qoydan sonra axır ki, razılaşdılar. Ertəsi gün Fərrux kəndə, babası ilə nənəsinin yanına qayıtdı. O, istəsə də təkbaşına, atasının dəstəyi olmadan təsərrüfat yarada bilməzdi. Təsərrüfat yaratmaq üçün təkcə atasının verdiyi pul və babasından aldığı məsləhət bəs etmirdi. Qoyunları otarmağa, yununu qırxmağa çoban tutmalıydı, südünü sağıb pendir hazırlamağa adam tapmalıydı. Kənddə qalan qoca və qarılar bu işə yaramazdılar. Bu işə həm təcrübəli, həm də yaş etibarı ilə məhsuldar adamlar lazımdı. O adamlar isə yaxınlıqda yerləşən qonşu kənddə yox idi və olub-olmadıqlarını, bu işə gəlməyə razılıq verib-verməyəcəklərini nə Fərrux bilirdi, nə də babası. Odur ki, Fərrux günləri boş keçməsin deyə ulu babası Üçpapaq Nağıdan miras qalmış köhnə evi sökdürüb, yerində yeni məhəllələrdə tikilən evlərə oxşar ev tikdirmək istəyirdi. Bu da alınmazsa, heç olmasa mamır basmış dam örtüyünü dəyişdirmək ürəyindən keçirdi ki, kəndə gəlib-gedənlərin, ələlxüsus da onları tanıyanların gözündə evləri çox da pis görünməsin. Ona elə gəlirdi ki, kənardan baxanda təzə tikilən villaların yanında onların da evi tövləyə oxşayır. Di gəl ki, babası bir söz deməsə də, nənəsi Laləzar arvad dinə-imana gəlmirdi, elə iki ayağını bir başmağa dirəyib durmuşdu.

-Nə evi sökməyə, nə də şiferini dəyişməyə icazə vermərəm. Burada sənin ulu baban Üçpapaq Nağı doxsan il ömür sürüb, bir yeri də ağrımayıb. Mən də babanla neçə illərdir ki, bu evdə yaşayırıq. Şükür Allaha, çox ruzili-bərəkətli evdir. Leysan yağıb, alaçarpaz çovğunlar olub, başımıza bircə damcı yağış düşməyib. Xeyir ola onun damını, divarını sökməkdə? Olmaya qızıl axtarışına çıxmısan? Qızılımız olsaydı indiyədək biz özümüz götürmüşdük.

-Ay rəhmətliyin nəvəsi, qızıl nədir, gümüş nədir, mən sənə ağzımda söz deyirəm, sən də başqa yerə yozursan.

-Nə qədər ki, babanla mən bu evdə yaşayırıq, evlə işin olmasın. Adam gorgah dağıtmaz. Biz qalan ömrümüzü sakit yaşamaq istəyirik. Ev söküb tikməyin nə olduğunu da yaxşı bilirik. Ev çadır deyil ki, beş dəqiqəyə burda sökdükdən sonra qatıra yükləyib aparıb lap dağın başında qurasan. Ancaq biz öləndən sonra nə istəsəniz, necə istəsəniz eləcə də edərsiniz.

Ertəsi gün atası zəng edib hal-əhval tutanda Fərrux arzusunu ona da bildirdi. Amma ondan da istədiyi cavabı ala bilmədi.

-Laləzər nənən necə deyirsə eləcə də olmalıdır. Bu dəqiqə işimiz başımızdan aşıb-daşır. Ev söküb, ev tikməyə nə vaxtımız, nə də həvəsimiz var. Yaxşı olar ki, sən babandan hələlik təsərrüfatın qaydalarını, sirlərini öyrən. Ona kömək elə. 

-Danışmaqla öyrənmək mümkün deyil. Atan düz deyir, təsərrüfatı öyrənmək üçün gərək səhər-axşam onun içində olasan. – Hüsü babası da sevimli nəvəsinə belə öyüd verdi.

Odur ki, kəndçiləri ilə danışıb razılığa gəldilər, Fərrux kəndin heyvanını otarmağa başladı. Səhər obaşdan yuxudan durur, yavanlıq-çörək, termosda çay qoyulmuş heybəsini götürür, kəndin aralığına çıxaraq səslənir və ağıllardan açılıb buraxılmış heyvanları qabağına qatıb örüşə otarmağa aparırdı.  

***

Tibb Universitetində təhsil alan Yelena yay semestr imtahan­larını uğurla başa vurub beşinci kursa keçdi. Yayı şəhərdə qalıb dincələ bilərdi, atası Aftandilin tanıdığı vəzifəli şəxslərdən birinin özəl klinikasında təcrübə də keçmək olardı. İngilis dilini yaxşı bilirdi, xarici şirkətlərdən birində tərcüməçilik də etmək mümkündü. Ancaq nəyə görə? Tətil məgər işləmək üçündür?

Dolanışıqları çox yaxşıydı, atasının qazancı bəs edirdi, heç nəyə ehtiyacları qalmırdı. Həm də nişanlıydı, bu payız toyları olacaqdı. Düzdür, nişanlısı Fehruz bir o qədər də ürəyincə deyildi, özü də Yelenadan düz on yaş böyükdü, ailə planlanması böyüklərin razılığı üzrəydi. Amma nə etməli? Bəzən belə də olur. Həyatın qisməti ilə razılaşmışdı artıq. Çünki tibbdə oxuyan qızlarla evlənməyə hər oğlan can atmır – özü də metis qız ola.

Aftandil Marina ilə Qazanda əsgərlikdə tanış olmuşdu. Marina özü də metis idi – atası milliyyətcə tatar, anası isə sadə rus qadınıydı. Aftandillə Marinanın tanışlığı sonralar dərinləşmiş və aralarındakı münasibət sevgiyə çevrilmişdi. Qara kişi belə bir evliliyə qarşı çıxsa da arvadı Fatma onu yola gətirə bilmişdi.

-Qoy gəlsinlər. Tatar olanda nə olar? Lap urus olsun! Təki bir-birlərinə həyan olsunlar. İndi kimdir kənddə qalan – cavanların hamısı çıxıb şəhərə gedir. Yollaşarlar, yaşayarlar, yollaşmazlar da Qazan balası qayıdıb vətəninə gedər. Elə bilərik ki, oğlun evə qonaq gətirmişdi, qayıtdı, çıxdı getdi urusetə.  

Yayı şəhərdə qalıb vaxtını boşuna keçirməkdənsə, kəndə gedib, heç olmasa təbiətin qoynunda, təmiz havada bir-iki ay dincəlmək istəyirdi. Şəhərin zəhlətökən küləyindən, tozundan, torpağından bezmişdi. Həm də dost-tanışla, qohum-əqrəba ilə, rəfiqələrlə telefonda nə qədər laqqırtı vurmaq olardı? Elə bil şəhər camaatının işi-gücü yoxdu, asılıb qalmışdılar telefonun dəstəyindən, biri ilə danışıb qurtarmamış o birisindən zəng gəlirdi. “Ay qız, telefonla nə çox danışırsan? Səhərdən sizin xəttə düşə bilmirik. Avtomat elə hey “məşğuldur” deyir!” Hələ bir qabaqdangələnlik də edirdilər. Ya da evə gəlib-gedən qohumlarla boş-boşuna otur, onlara çay ver, yemək hazırla. Hə, nə olsun?!

Mağazaları gəzib-dolaşmaq da ürəyindən keçmirdi. Dünyanın hər tərəfindən o qədər baraxlo gətirib tökmüşdülər ticarət mərkəzlərinə ki, adam ora gedəndə nə axtardığını unudurdu. Ziyafətlər, məclislər də təşkil olunmurdu, hər kəsin başı işə necə qarışmışdısa, pul qazanmağa necə aludə olmuşdularsa, özləri yadlarından çıxmışdı. Anası Marina dillənməsə də, yaxşı ki, atası bunu boynuna alırdı.

Atasının rəhbərlik etdiyi turizm firmasından ayırdığı maşın Yelenanı isti iyul günlərindən birində kəndə gətirdi. Fatma nənəsi onun gəlişinə çox sevindi. Sürücünü yola salmadan öncə beçələrdən birini tutub kəsdirdi.

-Ay nənə, beçəni kəsdirib neynirsən? – Yelena istədi etiraz etsin. – Şəhərdə ət yeməkdən bezmişik.

-Bişirəcəm, yeyəcəyik, ağrın alım, buraların ətinin dadı şəhərdə yediklərinizlə bir deyil. – Fatma nənə asta-asta cavab verdi. – Baban rəhmətə gedəndən sonra çox əziyyət çəkirəm. Həm də kənddə, ümumiyyətlə, kişi cəhətdən çox kasadçılıqdır. Odur ki, quş kəsdirmək istəyəndə gərək əvvəlcə onu kəsəcək kişini axtarıb tapasan.

Kənddə birinci həftə çox maraqlı keçdi. Yelena qocaların əhatəsində sanki nağıllar aləminə düşmüşdü. Fatma nənəsi evdə elə bir şərait yaratmışdı ki, Yelenanın gəlişi az qala bayram kimi qeyd olunurdu. Bir o qədər də iş-gücə başı qarışmayan Zöhrə qarı, Ziyad qoca, Mirvari arvad, Qumru xala, bir sözlə, aşağı məhəllədəki qonşuların hamısı Fatma nənənin başına yığışır, nəvəylə nənənin söhbətlərinə qulaq asır, həm də yeri düşdükcə özləri şirin-şirin əhvalatlar danışırdılar. Yelena ən çox şəhər həyatından bəhs edər, hərdən də heç vaxt ağrımayan, nadir hallarda xəstələnən, o da ancaq zökəmə tutulan qocalara tibdən öyrəndiklərindən məsləhətlər verərdi. Onlar da ilk dəfə eşidirlərmiş kimi gələcəyin “doxtur qız”ına diqqətlə qulaq asırdılar. Qocaların söhbətləri Yelenaya maraqlı göründüyü kimi, bəzən onun danışdıqlarından da qocaların ağzı açıq qalırdı.

Növbəti günlərdə evdə darıxmasın deyə nənəsinin məsləhətilə Yelena kəndin ətrafını gəzməyə çıxdı. Gəzə-gəzə kənddən aralanıb gölün kənarına gəldi. Ona nənəsi göl barədə demişdi, ancaq Yelena görünüşün belə heyrətamiz olacağını təsəvvür etmirdi. Bura əsl möcüzəli bir guşə idi. Gölün kənarında dayanıb bir xeyli seyrangahı tamaşa etdi, əvvəl-əvvəl gölə, onun gömgöy, dumduru suyuna, içində üzən kiçik balıqlara, sonra ətrafa, gölü əhatələyən ağaclara, çox da sıx olmayan kolluqlara, yamyaşıl yamaclara diqqətlə baxdı. Abu Seyid dərəsi yuxarı, göldən çox da uzaqda olmayan, quzey boyunca salınan yeni məhəllədəki bərri-bəzəkli evlər ona böyük dibçəklərdəki allı-xallı gülləri xatırlatdı. Hava çox istiydi, çimmək könlündən keçdi. Əlini suya salıb yoxladı, yaxşıydı, ilıqdı, çimmək olardı. Ha boylandısa da ətrafda heç kim görünmürdü. Nazik üst paltarını çıxardıb bir yana qoydu. Dərinliyi öyrənmək üçün ehmalca suya girdi. Dərinə getməyib elə dayaz yerində bir xeyli çimdi. Göl ona o qədər xoş təsir bağışladı ki, vaxtın necə keçdiyindən xəbəri olmadı. Bir də baxdı ki, inəklər ağızlarını marçıldada-marçıldada örüşdən kəndə qayıdırlar. Yuxarıdan bir bölük qoyun-keçi də otlaya-otlaya gölə yaxınlaşmaqdaydı. Qız tez sudan çıxdı, sahildə bir daşın üstündə dayanıb mümkün qədər qurulandı. Sonra koftasını geyinmədən əynində yalnız ağ mayka, kəndə tərəf getdi. Kəndin girəcəyində iki ortayaşlı qadın bulaqdan səhənglərinə su doldururdular. Yelena onları kənddə olduğu bu on-on beş gündə bir dəfə də olsun görməmişdi, görünür yuxarı məhəllədən idilər. Salam verib keçmək istəsə də qadınlar üzlərini o tərəfə çevirdilər. Onlar Yelenanı maykada, çiyinləri açıq vəziyyətdə görüb astadan mızıldanmağa, deyinməyə başladılar.

-Şəhərdən gələn qızdır – Fatma qarının nəvəsi.

-Bunun geyiminə bir bax – özü də, deyirlər nişanlıdır.

-Nə utanmağı var, nə ar eləməyi. Adam da kənd yerində belə açıq-saçıq gəzər? Kişilər görsə nə deyər?

-Elə bizim kişilər şəhərdə belələrini görüb ki, ağızları əyilib qalıblar orda, qayıdıb gəlmək bilmirlər.

-Zamana yansın ki, bunları bu günə salıb.

-Zamana buna neyləsin? Biz də bu zamanada yaşayırıq. Bəs biz niyə əndəzadan çıxmırıq? – İkinci qadın bunu lap ucadan, özü də çox hirsli dedi.

Yelena nə qədər özünü eşitməməzliyə vurub ötüb keçmək istəsə də alınmadı. Eşitdiklərindən təngə gəldi, bir anın içində göldə çimərkən, təbiəti seyr edərkən aldığı xoş təəssürat əriyib yox oldu. “Bəlkə səhv etmişəm kəndə gəlməkdə?” – ilk öncə düşündüyü bu oldu. “Yox, qoy nə donquldanırlar, donquldansınlar. Kimdir onların sözünə fikir verən. Heç vecimə də deyil. Mən bura istirahətə gəlmişəm. Kefim necə istəyəcək, eləcə də dincələcəm. Bədbəxt insanlardır. Onlar bir ömür yaşadıqları həyatlarında nə görüblər? Bəlkə heç ərləri onların çılpaq bədənlərini bircə dəfə də olsun görməyiblər! Bircə tez ərə getməyi bilirlər. Sonra uşaq doğmaq, ev, məişət işləri, vəssalam. Qayğı o qədər çoxalıb ki, ərləri öhdəsindən gələmmir. Ərləri nə etməlidir, şəhərdə pul qazanıb göndərməsin, görüm siz burda nə tapıb yeyirsiniz? Qoy nə danışırlar, danışsınlar. Buranın gözəl havası, suyu, təbiəti var. Qalıb ürəyim istəyən kimi dincələcəyəm”. Başını aşağı salıb, daha heç kimlə üzləşməmək üçün evə qayıtdı. Fatma nənəsi evdə yox idi, yəqin tövləyə inəyi bağlamağa getmişdi. Tez evə keçib paltarını dəyişdi və yenidən həyətə çıxdı. Nənəsi ilə görüşüb rastlaşdığı mənzərə və qadınlar barədə söhbət etmək istəyirdi ki, gördü Fatma nənə tövlənin qabağında ucaboylu, enlikürək, yaraşıqlı bir oğlanla yır-yığış edirlər. Qonşu Zöhrə qarı da təndirin qabağındakı tut ağacının dibində çəliyinə sökənərək çöməlib oturub, müştüyə doldurduğu demisini çəkir.

-Zöhrə qoca o kimdir elə – Fatma nənəmin yanındakı? – Yaxınlaşıb astadan soruşdu.

-Dəli İsmayıldır – Mələy arvadın oğlu. Necə bəyəm?

-Qəribə görünüşü var. Mən onu heç vaxt görməmişəm. – Yelena nədənsə onu gördüyünə təəccübləndiyini bildirib dodaqlarını büzdü.

-Hərdən gəlib bizə kömək edir. Tövləni süpürür, mallara ot doğrayır, nə bilim, təsərrüfat işlərimizə əl atır. Mən də oturub onu gözləyirəm. Cöngə yenə qızıb, məni yaxınına buraxmır, tutub bağlaya bilmirəm. Gözləyirəm, Fatma nənənin işlərini görüb qurtarsın, aparım. Cöngənin dilini ancaq o bilir.

Yelena başa düşməsə də ki, cöngə niyə qızıb, soruşmağa da utandı. “Münasib bir vaxt Fatma nənəmdən soruşaram” deyə düşündü. “Cöngə niyə qızsın? Məgər cöngə də dəvə kimidir?”

Zöhrə qarının dediyinə görə Dəli İsmayıl Qaçaq Yedgarın nəticəsiydi – oğlu Pəhlivanın qızı Mələkdən olan üç uşaqdan biriydi. O biri uşaqlar çıxıb şəhərə getmişdilər, İsmayıl isə dəli olduğundan, kənddə anasının yanında qalıb babasının gorgahında çıraq yandırırdı. Deyirdilər ki, Qaçaq Yedgar çox mərd kişi olub. Onun qorxusundan nə İranın lotu-potuları, nə də bu tayın qaçaq-quldurları ətrafdakı kəndlərə toxuna bilmirmiş. Evi daima qonaqlı-qaralı olarmış. Kimin nə diləyi, istəyi varımış, gəlib bildirərmiş. Amma arvadı Şahlıx qarı cırtqozun biriymiş. Günlərin birində qapıya gələn qonaqlardan biri Yedgar evdə olmadığından onu gözləməli olur. Çaydanı götürüb ocağın üstünə qoyur ki, isinsin. Bunu görən Şahlıx arvad gəlib isti çaydanı ocağın üstündən götürüb qolu gəldikcə selbələyir. Həmin vaxt cinin balası ordan keçirmiş, isti çaydan onun ayağını yandırır və cinin balası şikəst olur. Cin də qəzəblənib dil açır və deyir ki, yaxşı, Şahlıx, sən qaynar suyu töküb mənim balamın qıçını yandırdın, ömürlük şikəst etdin. Vaxt gələr, mən də sənin nəslindən olan şahveçə bir iyidi yandırıb sizə göz dağı verərəm. Görənlər deyir ki, İsmayıl, elə bil Yedgarın özüdü.

Əlbəttə ki, Yelena belə xurafatlara inanmırdı, o, başqa ruhda tərbiyə olunmuşdu, dünyagörüşü genişdi. Ancaq qocaların heç birinin sözünü kəsməz, onlara diqqətlə qulaq asardı.

***

Zöhrə qarının bir qız nəvəsi onunla qalırdı – adı Yasəmən idi. Bu il on beş yaşı tamam olacaqdı. Anası Zərnigar qonşu kəndə gəlin köçmüşdü. Muradbəylidə uşaq çatışmadığından Yasəməni gətirmişdilər ki, həm nənəsinə həyan olsun, həm də burada oxusun. Öz kəndlərində də işsizlik yarandığından atası Fəxrəddin çıxıb Rusiyaya getmişdi. Fəxrəddin gedəndən sonra Zərnigar qalmışdı iki kənd arasında. İbtidaini bitirən kimi Yasəməni məktəbdən ayırdılar. “Qoy kənddə qalıb nənəsinə kömək etsin. Şəhərə gedib kimdə qalacaq, necə oxuyacaq? Oxuyanların hamısının ağzı bala batıb, qalıb Yasəmən!”

Yasəmən kənddə qaldığına baxmayaraq çoxbilmiş bir qızdı, bütün günü televizorun önündəydi, Türk seriallarından birini də buraxmazdı. Odur ki, ilk tanışlıqdan Yelenanın quşu qondu bu qıza, qocalardan gizlin nə sirləri vardı, bölüşürdülər.

Yelena Dəli İsmayılı görən kimi ondan xoşu gəldi, sanki çiçəyi çırtladı. Elə bil illərlə axtardığı adamı tapmışdı. Lap pəhləvana oxşayırdı, peyinlə dolu kisəni bir əli ilə götürüb çölə aparırdı. Hər əlində bir böyük ot bağlaması tayadan düşürdü və tövləyə aparırdı ki, axurlara dağıtsın. Yelena şəhərdə belə birini görməmişdi, heç vaxt təsəvvürünə də gətirə bilməzdi. Kinoda gördüklərinə isə nağıl, əfsanə kimi baxırdı. 

Gördüklərini yerli-yataqlı Yasəmənə danışan Yelena soruşdu:

-Yasəmən, həmin oğlan kimdir?

-Ay qız, sənin onunla nə işin var?

-Heç, elə-belə soruşuram.

-Dəli İsmayıldır. – Yasəmən bir az da qımışan təhər oldu. Yelenanın Dəli İsmayıla maraq göstərməsi Yasəmənə gülməli görünürdü. – Doqquz yaşında qoz ağacına çıxıbmış, cinlər itələyib yıxıblar. Doqquz gün huşda qalıb, ayılmayıb. Kəndin bütün soyuducuları ona buz hazırlayırmış. Başını ancaq buzla əhatələyirmişlər ki, ölməsin. Sonra qocalar birtəhər ayıldıblar.

-İndi nə işlə məşğuldur? Neçə yaşı var? – Yasəmənin danışdıqları Yelenanın heç vecinə də deyildi. O, öz istədiklərini öyrənmək üçün soruşurdu.

-Heç nə. Elə ona-buna kömək edir. Bir də beş-altı quzusu var, salıb yanına aparıb gölün qırağında otarır. Bir də gölün yuxarı başında vələs ağacının dibində özünə yer düzəldib. Hər gün gedib orda balıq tutur. Quzuları da elə öyrədib ki, yanından uzağa getmirlər. Bir az otlayan kimi qayıdıb yanına gəlirlər.

-Nişanlısı, istədiyi qız varmı?

-Sən nə danışırsan? – Yasəmən təəccüblə soruşdu. – Onun elə yekə olmağına baxma. Ağlı uşaq ağlı kimidir. Nə deyirsən, gülür. Hara buyurursan, qaça-qaça gedir, ağzında deyirsən dəli.

-Qızlara heç maraq göstərmir?

-Bir-iki dəfə söz-söhbət olub. Sənin kimi şəhərdən gələn qızlar özləri ona maraq göstəriblər. Görəndə ki ağlı yerində deyil, tez də uzaqlaşıblar.

Ertəsi gün Yelena həmin vaxtda gölün qırağına gəldi, bu dəfə hazırlıqlı idi, çimərlik paltarı əynindəydi. Özü ilə dəyişməyə alt paltarı və məhrəba da götürmüşdü. Günəş şüaları altında gölün suyu adamın üzünə bərq vururdu. Xəfif meh suyu asta-asta ləpələndirirdi, bəzən də su günün şüasını güzgü kimi əks etdirib adamın gözünü qamaşdırırdı.

“Kim nə deyir, desin, burada günlərim niyə xoş keçməsin ki? Gərək milyonlarla adamın içində dənizdə çiməm? Şəhərin səsli-küylü küçələrində qulağım tutulsun, bir yandan da ara vermədən çalınan maşın siqnalları başımı ağrıtsın? Təbiətin sakit bir guşəsində özüm üçün dincəlirəm də”. Üst paltarlarını soyunub çimərlik paltarında suya girdi. Bir az üşüyəntəhər oldu, tez də öyrəşdi. Bir xeyli çiməndən sonra baxdı ki, Dəli İsmayıl gölün yuxarı tərəfindəki ağacın dibində oturub. Amma ona tərəf baxmır. Bir neçə dəfə şappıltı ilə suya baş vurub çıxdı ki, görsün Dəli İsmayıl ona baxacaq, ya yox. Gördü ki, yox, İsmayıl öz işindədi, heç ona tərəf gözünün ucu ilə də baxmır. Bəlkə də oğrun-oğrun baxırdı, məsafə uzaq olduğundan bunu müəyyən etmək çətindi. Elə Yelenaya da belə gəldi. Yoxsa indi nə balıq tutacaqdı? Günəş şüalarında balıqlar suyun dibinə yatır, daşların arasında gizlənirlər. Bir də İsmayıl bunu hardan biləcəkdi. Ağzında deyirsən dəli.

Yelena gölün sahilinə çıxıb yavaş-yavaş yuxarıya doğru addımladı. Bəzi yerlərdə otlaq sahəsi ilə gedəsi olurdu. Qurumuş otların çubuqları nərmənəzik ayaqlarını ağrıtsa da vecinə deyildi – bir maraq, bir istək onu çəkib aparırdı. Gölün yuxarı hissəsində, çayın gölə tökülən yerində balaca körpü düzəltmişdilər ki, o tay-bu taya keçmək mümkün olsun. Xüsusən də yaz aylarında, çay daşır və üstündən keçmək mümkün olmur.

Körpünün tağına balaca bir qayıq bağlanmışdı. Bu qayıqla iki nəfər göldə rahatca gəzə bilərdi. Yelena bir anlıq xəyalına gətirdi ki, İsmayılla ikisi göldə gəzişir, necə də xoş anlar yaşayırlar. Tez də özünü qınadı. Niyə nişanlısı ilə deyil, Dəli İsmayılla, bu hardan onun ağlına gəldi, heç özü də bilmədi. Bir də Dəli İsmayılla gəzişsə nə olasıdır ki?

Körpünü keçib Dəli İsmayıl kölgəsində oturan iri gövdəli vələs ağacına tərəf addımladı. Qurşaqdan yuxarı çılpaq olan İsmayıl gölün içində üzü o tərəfə dik durmuşdu. Balaqları dizlərindən də yuxarı çımranmış kisə kimi enli şalvarı onu olduğundan bir az da qəribə, daha doğrusu gülməli göstərirdi.

Dəli İsmayıl arxasında eşidilən şıqqıltıya dönüb baxdı və tez də başını əvvəl baxdığı istiqamətə çevirdi. Sonra əlində bərk-bərk tutduğu tilovu çəkib arxa-arxaya bayaq oturduğu yerə yaxınlaşdı və üzü gölə tərəf oturdu. Yelena asta addımlarla ona yaxınlaşıb arxasında dizi üstə çökdü. Günəş şüaları İsmayılın kürəyini yandırıb əməlli başlı qaraltmışdı. Hətta elə yandırmışdı ki, çiyinlərinin qabığı soyulurdu.

İsmayılın arxasında dizi üstə çömələn Yelena əvvəlcə əlini onun kürəyinə toxundurdu. İsmayıl heç bir söz deməsə də, sanki onun əti Yelenanın soyuq əlinin toxunuşundan çimçəşdi. Tez çiyinlərini çəkdi və sakitləşdi. Sanki bir anlıq qıdığı gəlmişdi, yaxud kürəyinə ağacdan qarışqa düşmüşdü. Qız onun çiyinlərindəki soyulmaqda olan qabıqdan bir-iki dəfə götürüb yerə atdı. Sonra əli ilə incə, yumşaq tərzdə kürəyini, çiyinlərini sığalladı.

-Salam, İsmayıl. – Handan-hana dilləndi. – Gəl, tanış olaq. Mənim adım Yelenadır. Üzünü mənə tərəf çevir, mənə bax.

-Sən… niyə… nəyə… gəlldin? – İsmayıl başını çevirmədən çox həyəcanlı halda qırıq-qırıq soruşdu.

-Mən səni dünən axşam gördüm, Fatma nənəmə kömək edirdin. Gözlərinə baxdım və başa düşdüm ki, səndən xoşum gəlir. Sənin necə də gözəl gözlərin, məftunedici məsum baxışların var. Heç vaxt fikirləşməmişdim ki, belə ola bilər. Bircə, cəmisi bircə dəfə gördüyüm oğlan belə xoşuma gələr. Mənə bax, nə olar. – Yelena baxdı ki, sözləri İsmayıla təsir etmir. Bayaqdan necə oturubsa eləcə vəziyyətdə də qalır. Heç nə demədən qabağa, gölün içinə, bəlkə də məchul bir nöqtəyə baxır. Onun hərəkətlərindən belə görünürdü, çünki başını heç tərpətmirdi. Odur ki, tez suya tullanıb İsmayılın qabağına keçdi. – Mən sənə əlimi toxundurduğum kimi sən də mənə toxundur, qorxma. Mənim saçlarımı qoxula.

İsmayıl gözlərini yerə, suyun dibinə dikib qalmışdı. Özündən asılı olmayaraq tir-tir titrəyirdi. Başını yuxarı qaldırmağa qorxurdu. Fikirləşirdi ki, bu birdən yuxu ola bilər. O, da Yelenanı dünən görmüşdü. Şən, qıvraq, gözəl Yelena çox qəşəngdi, lap mələk kimi bir qızdı. İsmayıl heç vaxt belə qız görməmişdi. Kəndlərindəki qızlar çox balaca idilər və İsmayılın qorxusundan həmişə kənar gəzərdilər. Şəhərdən dincəlməyə gələnlər hərdənbir atmacalar atsalar da Yelena kimi gözəl deyildilər və mehriban davranmırdılar. O, inana bilmirdi ki, belə gözəl bir qız onun yanındadır, bütün ehtiraslı vücudu ilə qarşısında dayanıb.

Ax, axmaq kəndçilər! Onu heç adam yerinə də qoymurdular. Ancaq dəli deyib, danışdırıb gülüşürdülər. Bəs bu şəhərdən gələn qız? Dəli İsmayıl da bu qıza qarşı içində şirin bir nə isə hiss etməyə başlamışdı, özü də indi yox, lap elə dünəndən, Yelenanı gördüyü andan. Özünün də baş açmadığı, indiyədək onda olmayan bir istək baş qaldırmışdı onda…

-Əllərinlə… mənə toxun.., qorxma.

Yelena bir də təkrarladı. Dəli İsmayıl, sanki qurğuşun kimi ağır əlinin handan-hana yuxarı qaldırıb göydə saxladı. Ehmal-ehmal başını da yuxarı qaldırıb sevgi dolu məsum baxışlarla qızı süzdü. Qorxdu ki, toxunan kimi qarşısında dayanan bu məleykə yoxa çıxa bilər. Bir xeyli gözləyəndən sonra yavaş-yavaş hərəkətə gəldi, əlini qızın ona tərəf uzanmış əlinə toxundurdu. Sudan yenicə çıxmış əlində bir istilik əmələ gəldi, buxarlanma başladı. İsti bir cərəyan onun bütün bədənini bürüdü. Dodaqları səyridi, əsdi, çənəsi taqqıldamağa başladı, özünü güclə ələ ala bildi.

-Bu… bu… düzgündürmü..? – Dəli İsmayıl dodaqları əsə-əsə soruşdu.

-Nəəə..? – Hiss etdiyi qeyri-adilikdən Yelenanın da dodaqları səyridi.

-O… düzdür ki, sən… mənə vurulmusan? Sən… məni sevirsən? Mən sənin… xoşuna gəlmişəm?

-Əlbəttə! – Yelena sevincindən yüksək tonla dedi və onun əlindən tutub kürəyinə apardı. Sonra o biri əli ilə onun boynunu, boğazını sığalladı, diqqətlə qəhvəyi gözlərinə baxdı. Bu an onun gözlərində bir uşaq sevinci parlayırdı.

Yelena sevincdən özünü saxlaya bilmirdi. Əli ilə onun boynunun dalından sıxmaqla dodaq-dodağa toxunmaqları bir oldu. Dodaqlarını bərk-bərk onun dodaqlarına sıxdı. Elə sıxdı ki, aradan bir udumluq hava da keçə bilməsin.

***

Beləcə, günlər öz axarı ilə davam edirdi. Dəli İsmayıl Yelenaya elə öyrəşmişdi ki, istəyirdi səhər açılan kimi qaçıb gölün qırağına gəl­sin. Onun dili də açılmışdı – qaradinməz oğlan lap fitil-fitil ötür­dü.

-Sənin dodaqların bal kimidir.

-Bal kimidir, yoxsa baldır.

-Həm baldır, həm də bal kimidir. Adam istəyir dişləyib yesin.

Növbəti günlərin birində Aftandil kişi qızına zəng vurdu ki, hal-əhval tutsun. Təxminən Yelena da göldən yenicə qayıtmışdı. Dodaqları od tutub yanırdı. Paltarını dəyişib güzgüyə baxırdı ki, zəng gəldi.

-Hə, eşidirəm!

-Qızım, nə var, nə yox. Necəsən?

-Lap yaxşıyam, ata. Təmiz havada doyunca dincəlirəm.

-Darıxmırsan ki?

-İndi-indi başım şəhərin hay-küyündən rahatlıq tapıb.

-Qocalarla necə, dil tapırsanmı?

-Çox yaxşıdırlar. Mənimlə mehriban davranırlar. Söhbətlərindən doymaq olmur.

-Fehruz da istəyir gəlsin kəndə, bir həftəlik icazə istəyir. Həm toy barədə bəzi şeyləri müzakirə edərsiniz, həm də o, bir az dincələr.

-Yox, yox, heç kim gəlməsin. Mən Fehruzsuz da nənəmlə burada yaxşıca dincəlirəm. Artıq adam gəlsə əlavə iş-güc yaradacaq. Bir də toy barədə nə müzakirə edəcəyik? Sən özün necə müəyyənləşdirəcəksən, eləcə də olacaq. Fehruz, qoy yavaş-yavaş şəhərdəki işləri sahmana salsın. Məndən salam söylə, anama, bibimgilə, qohumlara. Nə vaxt ki, hazırlaşacam gəlməyə, özüm zəng vuracam, maşın göndərərsiniz. Hələlik, atacan, xudafiz!

-Hələlik!

Kənd yeri də kənd yeridir. Xəncəri xurcunda gizlətmək olmur. Onun Dəli İsmayılla görüşməyini kimsə uzaqdan görüb və kəndə hay salıb. İsmayılın özünü danışdırıblar, dəli hər şeyi açıb deyib. Ağzında deyirsən dəli. Dəliyə də etibar etmək olar?          

Odur ki, Yelena telefonla danışıb qurtaran kimi qapının arxasında gözləyən Fatma nənə ilə Zöhrə qarı qapını açıb içəri keçdilər.

-Yelena, mən axı sənə demişdim, Dəli İsmayılla işin olmasın, onu rahat burax. Sən axı nişanlı qızsan, bu gün-sabah ərə gedəcəksən.

-Mən axı neyləmişəm? – Yelena təəccübdən yerində donub qalmışdı.

-Bundan artıq neyləyəcəksən? Dəli İsmayılın başını yeyib, beyninə qurd salmısan.

-Niyə taleyi qırılmışın taleyini bir də sındırmısan? – Zöhrə qarı da Yelenanın üstünə yeridi. – O yazığın nədir günahı ki, o kökə salmısan?

Yelena belə dönüş gözləmirdi. Sakitcə, heç nə olmayıbmış kimi çiyinlərini çəkdi.

-Mən heç nə başa düşə bilmirəm. Taleyi qırılmış İsmayılın həyatını bir də mən necə sındıra bilərəm?

-Məgər görmürsən ki, İsmayıl dəlidir? O, hər üzünə gülənə sevinir. Elə yekə olmağına baxma, lap körpə uşaq kimidir. Sən də onun üzünə gülmüsən, başını sığallamısan. Demisən ki, ona ərə gedəcəksən. Özünlə şəhərə aparacaqsan. Tramvaya, troleybusa mindirib şəhəri gəzdirəcəksən. Aparıb zooparkdakı heyvanları göstərəcəksən.

-Bunları kim deyib sizə?

-İsmayıl özü danışıb. Bir bizə yox e.., bütün kəndə danışıb.

-Nə düşmüsünüz qızın üstünə? – Bu vaxt içəri girən Təranə xala qocalara çəmkirdi. – Sizin də işiniz-gücünüz qurtarıb. Kimdir İsmayılın sözünü ciddiliyə alan? Dəli İsmayıldır da.., ağlına gələni danışır.

-Yelena, qızım, odla oynamaq olmaz. Mən bunu sənə demişdim. – Fatma nənə çox mülayimliklə məsləhət verdi. – Dəlinin sevgisi, məhəbbəti də vəhşi olar. Özün oxumuş qızsan. Məcnun Leylinin dərdindən dəli olub çöllərə üz tutur. Sonra da Leyli İbn Səlamın əlindən qurtarıb qaçır Məcnunun yanına. Məcnun isə az qalır ki, qızı tutub boğsun. Get deyir, sən o Leyli deyilsən.

Qocalar qəhqəhə çəkib gülüşdülər. Təranə xala ilə Yelena da onlara qoşuldu.

Qısa yay gecələri quştək uçub getdi. Gündüzləri də Yelena Dəli İsmayılla xoş günlər keçirtdi, heç kimin dediyinə fikir vermədi. “Özləri deyir, dəlidir, uşaq kimidir, özləri də bunu mənə qısqanırlar. Kaş ki, İsmayılın bədəni Fehruzda, Ya da Fehruzun başı İsmayılda olardı! Mən də öz xoşbəxt həyatımı sürərdim. Bir gör necə öyrəşmişəm ona?!”

***

Axşam Fərrux sürünü örüşdən gətirəndə babası qatırçı Hüsü həyətdə qoyulmuş taxtın üstündə bardaş quraraq oturub armudu stəkanda kəklikotu çayı içirdi. Qapıdan içəri girən nəvəsini görcək qarısına səsləndi.

-Uşağa çay gətir.

Fərrux yaxınlaşıb babası ilə görüşdü.

-Axşamın xeyir, baba.

-Gəl, yanını yerə ver. – deyə babası ona taxtın küncünü göstərdi. – Yəqin çox yorulmusan? Bir kəklikotu çayı iç, bütün yorğunluğun keçib getsin.

Laləzər arvad böyük stəkanda bulanıq bir çay gətirdi, nəvəsinin böyründə taxtın üstünə qoydu.

-Çayınızı için, yemək də bir azdan hazır olar, – deyib getdi.

Hüsü kişi çayından bir qurtum içib stəkanı yenidən nəlbəkinin içinə qoydu.

-Hə, oğlum, necə deyərlər, çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu.

-Başa düşmədim, baba. Dəyirmanın bura nə dəxli var?

-Dəxli çoxdur, Fərrux. Deyirəm, görən Dadaşınan Nargilə nə fikirləşirlər?

-Nə barədə, baba?

-Sənin barəndə, Fərrux, sənin barəndə.

-Onlar mənim barəmdə nə fikirləşəsidirlər ki?

-Çox şey fikirləşməlidirlər. Sən artıq ərgən oğlansan. Təsərrüfatda da, maşallah, babana oxşamısan. Nənən də çox razıdır. Elə kəndçilər də razılıq eləyirlər. Deyirlər ki, Fərrux harda yaxşı yer var, heyvanı orda otarır. Axşam, səhər quzuları əmizdirəndən sonra yaxşıca süd sağırlar. Bu azmıdır? Heç mənəm-mənəm deyən çobanlar sənin yerişini yeriyə bilmirdi.

-Qoy bir az da öyrənim, baba. Həm də bir az öz pulum olsun. Mütləq fərdi təsərrüfat yaradacağam.

-Sənə halaldır, oğlum. Əsl babanın nəvəsisən. Böyüyüb, boya-başa çatmısan. Boş-boşuna nə qədər subay-sərgərdan gəzmək olar?

-Baba, qoy bir işlərimizi qaydasına qoyaq, sonra o barədə fikirləşərik.

-Elə mən də onu deyirəm, sən işlərini qaydasına sal, qoy, anan bu barədə fikirləşsin. Kənddə bir yaxşı qız olsaydı, Laləzər elə bu axşam başının üstünü almışdı, heç səhərə də saxlamamışdı.

-Qıza nə gəlib, indiki vaxtda qızdan çox qız. – Laləzər arvad, deyəsən baba ilə nəvənin şirin-şirin danışığına qulaq asırmış. – Fatmanın nəvəsi elə bil ay parçasıdır, özü də öz ayağı ilə gəlib çıxıb. Ancaq…

-Nə ancaq, Laləzər? Sən kişi işinə qarışma, get, yeməyini hazırla.

-Mən nə dedim ki? Gəldim, görəm, çayınızı içmisiniz, yenisini gətirəm. – Laləzər arvad boş stəkanları götürüb getdi, heç ikicə dəqiqə keçmədi ki, yenilərini gətirib baba ilə nəvənin qabağına qoyub işinə qayıtdı.

-Hə, Fərrux, sənin fikrin nədir?

-Pis qız deyil. Ancaq Yelena, gərək ki, medinstitutda oxuyur. Şəhər mühitində böyüyüb. Biz bir-birimizlə uyğunlaşa bilmərik.

-Sən onun şəhər mühitində böyüməsinə baxma, qanında, iliyində axan kəndli genidir. Onu elə bu yerlərə dartıb gətirən də odur.

-Bir də nə bilim, uşaqlar deyir ki, Dəli İsmayılın…

-Uşaqlar deyir, qələt eliyir. Dəli İsmayıl adamdır ki, sən gül kimi qızı ona qısqanasan? Qız gölə çimməyə gedir, yəqin İsmayıl da oralarda veyillənir. Qız da hamı kimi hərdənbir atmaca-zad atır, deyirlər bəs torbada pişik var. – Hüsü popirosundan bir qullab vurub sözünə davam etdi. – Şəhərdə sən onları görüb eləmisən?

-Yox, baba, şəhərdə mənim heç onların varlığından xəbərim yox idi.

-Yaxşı, sən işində ol. Laləzər nənən sabah o işlə maraqlanar.

Bu vaxt Laləzər arvad yeməyi qablara çəkib gətirdi.

-Nəyi deyirsən, ay kişi?

-Sənin qulağın yenə bizdədir?

-Mənim qulağım da, gözüm də, canım da, nəyim varsa hər şeyim sizdədir.

-Sabah onda o şəhərli qız var e.., Fatma arvadın nəvəsi, onnan bir maraqlan, gör adamı var, ya yox?

-A kişi, siz nə danışırsınız, Allah ona gözəllikdən verib, ağlını alıb. Ondan Dadaşa gəlin çıxmaz.

-Niyə, ay arvad? Maral kimi qızdır.

-Onun qız başına daş düşsün. Birincisi nişanlıdır. İkincisi də şəhərdə nə hoqqalardan çıxıbsa, atası, anası göndərib kəndə ki, toya qədər gəlib burda səsini batırsın. O da gedib meylini salıb dəliyə.

-Boş-boş danışma, arvad. Sənə yüz kərə demişəm, heç kimə şər demə, axırda özün şərə düşərsən, övladların, nəvələrin şərə düşər.

-A kişi, bir mən demirəm ki, bütün kənd danışır.

-Odur ki, köhnə kişilər yaxşı deyib… – Hüsü kişi sözünün gerisini gətirmədi.

***

Yay tətilinin son günləri yaxınlaşdıqca Yelena başa düşürdü ki, o, məhz burda, sakit, bir-birləri ilə pıçıltı ilə danışan, səssiz ağacların arasında, daşlı, çınqıllı gölün qırağında, ayaqlarını deşik-deşik etmiş quru ot çöplərinin üstündə xoşbəxt günlərini yaşaya bilir. Dəli İsmayılın hər bir hərəkəti, nəfəsi belə ona ən doğmalarının da nəfəsindən xoş gəlirdi. Ona həyatda çatmayan nə vardısa, bax, bu təbiətin qoynunda tapa bilirdi. O, İsmayılın yanında özünü ən xoşbəxt bir varlıq kimi hiss edirdi. Əvəzsiz, ürəkdən təbii gələn hiss və duyğularla əhatə olunmuşdu burada.

Bəs Dəli İsmayıl? O da özünü xoşbəxt sanırdımı? İndiyə qədər heç kim onu belə əzizləməmişdi. Başını sığallayıb dodaqlarından öpməmişdi. Əllərini onun kürəyinə, sinəsinə, heç əllərinə sürtməmişdi. Kəndçiləri onu heç vaxt, elə indinin özündə də adam yerinə qoymurlar.

-“İsmayıl, tövləni süpür!”

-“İsmayıl, peyini apar, tök çaya!”

-“İsmayıl, otu bağla!”

-“İsmayıl…”

-“İsmayıl…”

Kəndçilərindən eşitdikləri ancaq bunlar olmuşdu Dəli İsmayılın.

***

Avqustun son günlərindən biriydi. Yelena bilirdi ki, sabah onun arxasınca şəhərdən maşın gələcək. Odur ki, tətilin belə tez başa çatmasına heyfslənsə də kefini pozmamaq üçün son dəfə Dəli İsmayılla görüşə getdi. O, sevdiyi, öyrəşdiyi kənddən heç çıxıb getmək istəmirdi. Ancaq nə etməli, necə etməli? Hər şey insandan deyil, həyatdan asılıdır. Həyat insanı elə bir sistemə salır ki, onun qoyduğu şərtlərdən çox da qırağa çıxa bilmirsən. Yelenaya qalsaydı, İsmayılla baş-başa verib bu kənddən heç yerə çıxıb getməzdi. Həkimlik etməsə də təsərrüfat yaradardılar. Lap inək sağmağı da öyrənərdi.

Göldə bir neçə saat çimib sahilə çıxandan sonra Yelena baxdı ki, əvvəlki kefi yoxdur. Heç İsmayıl da əvvəlki şənliyində deyildi, qəmgin görünürdü. Əvvəl-axır aralarında bu söhbət olmalıydı. Odur ki, özünü cəmləşdirib dedi:

-İsmayıl, mən sabah şəhərə qayıdıram. Yay tətili qurtarır.

-Bəs mən? – İsmayıl hikkə ilə soruşdu.

-Sən isə burada, kənddə qalırsan.

-Bəs sən mənə söz verməmişdin? Demirdin ki, məni sevirsən? Özünlə məni də şəhərə aparacaqsan?

-Ürəyinə salma, İsmayıl. Mən, doğrudan da, səni sevirəm. – Yelena yaxınlaşıb İsmayılı qucaqladı. Başını onun sinəsinə sıxdı. – Ancaq şəhərə apara bilmərəm. Həm Mələk xala icazə verməz, həm də atamdan qorxuram.

-Bəs niyə məni aldadırdın? – İsmayıl isə onu heç qucaqlamadı da, hirslə özündən itələdi.

-İsmayıl, niyə inciyirsən? Məgər səninçün mənimlə pis olub ki? Elə bil şəhərə aparmaq məsələsini mən zarafat edirdim. Başa düşmürsən ki, mən hələ tələbəyəm, beşinci kursda oxuyuram? Hələ üç il oxumalıyam. Arxayın ol, bundan sonra hər yay kəndə gələcəyəm. Onda da görüşərik.

-Bəs Fatma nənə deyir ki, şəhərdə sənin nişanlın var? Payızda toyunuz olacaq.

-Yox, elə bir şey yoxdur.

-Zöhrə qoca da, Təranə xala da, hamısı belə deyirlər.

-Sən mənə inanmırsan?

-Hə…

-Onda bil ki, mənim heç bir nişanlım yoxdur. Mən hələ oxumaq istəyirəm, ərə getməyə də hazırlaşmıram.

-Onda… sabah gedirsən də..?

-Hə…

-Sabah bura gəlməyəcəksən?

-Yox. Tezdən atam məni aparmaq üçün arxamca maşın göndərəcək.

-Bir az da çimmək istəyirsən?

-Yox, daha bəsdir.

-Hələ axşama bir xeyli var. Gəl, bir az da çimək, kəndə sonra gedərik.

-Yox, mən artıq yorulmuşam, daha çimmək istəmirəm.

-Yorulmusan, onda gəl, qayığa minək. Mən bir az da səni qayıqda gəzdirim.

-İsmayıl, sən tək gəz, mən burda oturub səni gözləyərəm.

-Yox, yox. Gəl, birlikdə gəzək, nə olar, mənim xətrimə. – İsmayıl yalvarıcı tərzdə Yelenanı süzdü. Sonra qolundan tutub onu qayığa tərəf dartdı. – Gəl, gəl. Sən qayıqda otur dincəl, mən avarları çəkərəm.

Yelena dartınmaq istədisə də İsmayılın güclü biləkləri onu buraxmadı. O, həm də İsmayılın hirslənə biləcəyindən ehtiyat edib yarızarafat, yarıkönüllü qayığa tərəf getdi. Hər ikisi tullanıb qayığa mindilər və İsmayıl avarları çəkdi.

-Bax, sənin xətrinə gəldim ha… – Yelena gülümsədi ki, İsmayılın könlü xoş olsun, ancaq dəlinin sifətində sevinc nişanəsi görünmürdü.

İsmayıl var gücü ilə avarları çəkdiyindən qayıq bir göz qırpımında sürət götürüb gölün ortasına tərəf şütüdü. Yelena sadəcə müşahidə edirdi, fikirləşirdi ki, bəlkə İsmayılın hirsi soyuyar, incikliyi keçib gedər. Qayıq gölün ortasına çatanda İsmayıl avarın birini buraxdı. O birisini isə o qədər güclü təkanlarla çəkməyə başladı ki, qayıt yerində dövrələdi. Bu hadisə elə sürətlə baş verdi ki, Yelenanın başı gicəlləndi.

-Dur, İsmayıl, dur. Sən nə edirsən? – Yelena qayığın kənarlarından bərk-bərk yapışdı ki, suya yıxılmasın. Gördü ki, İsmayıl onu eşitmir, qışqırmağa başladı. – Kömək edin, biz yıxıla bilərik.

Ətrafda heç kim yox idi, olsa da Yelena onları görmürdü. İsmayıl isə sanki Yelenanın dediklərini eşitmirdi. Onun dəliliyi tutmuşdu.

-İsmayıl, dur, dəlilik eləmə. – Yelena qışqıra-qışqıra bu sözləri dedi. – Kimsə gəlib bizi görər, sonra nişanlıma xəbər çatdırar, ayıbdır.

-Nişanlına? – İsmayıl avarı buraxdı, amma qayıq öz xoduna fırlanırdı. – Bəs deyirdin yalandır, sənin heç bir nişanlın-zadın yoxdur. Ərə getmək barədə də düşünmürsən. Oxumaq istəyirsən.

-Yalan deyirdim. Mən səni aldadırdım. – Yelena belə dedi ki, bəlkə İsmayıl indi sakitləşə, ondan əl çəkə.

-Deməli, məni aldadırdın? Barmağına sarımışdın məni, qancıq? Mənim hisslərimlə oynayırdın? Mənə xoş sözlər deyib uşaq kimi başımı aldadırdın, hə..? Mənimlə vaxtını xoş keçirirdin, hə..? – İsmayıl bayaqdan qəhərlənib doluxsunmuşdu. İndi də hirslə bu sözləri deyə-deyə özünü saxlaya bilməyib zülüm-zülüm hönkürdü, Yelena hələ beləsini görməmişdi.

-İsmayıl, özünü ələ al. Sən axı kişisən, kişi ağlamaz. Avarları hərlə, tez elə, qayığı sahilə çıxart.

-Sən mənə kişi deyirsən, ləçər? Məni kişi hesab etsəydin, belə hərəkətlərə yol verməzdin.

Dəli İsmayıl bayaqdan bəri avarı çəkməmişdi. Odur ki, qayıq yavaşıdı və dayandı. İndi o, yavaş-yavaş başını yuxarı qaldırıb Yelenanın gözlərinə baxdı, necə ki, birinci görüşdə eləmişdi. Amma bu dəfə İsmayılın gözləri uşaq gözlərinə oxşamırdı, həminki sevinc işartılarından da əsər-əlamət yox idi. Gözlər qan çanağına dönmüşdü. O gözlərdən indi zəhrimar yağırdı dünyaya, ilan fışqırırdı adamın sifətinə, əjdaha zəhər püskürürdü.

-Daha mən sənə inanmıram, sən yalan danışırsan. Mən indi başa düşdüm ki, sənin aldığın nəfəs də yalandır. Ancaq sən belə deyildin. Gül kimi qız idin, adam səndən ayrılmaq istəmirdi. Birinci dəfə mənim yanıma gələndə sən çox səmimi idin. Mən axı səndən soruşdum ki, niyə… və nəyə… gəlmisən? Sən onda düzünü dedin, yalan danışa bilməzdin. Qoymadın oturum oturduğum yerdə. Məni dingildətdin yerimdən, hisslərimi oyatdın. Heysiyyatımla oynayıb əsəblərimə toxundun. Dedin ki, məni sevirsən və həmişəlik mənimlə olacaqsan…

-Bəs sən nə fikirləşdin? Səni necə sevmək olar? Axı sən dəlisən! Onda mən zarafat edirdim. Bəli, səninlə xoş vaxtlar keçirmişəm. Öpüşürdük, qucaqlaşırdıq, bu həm də səninçün xoş idi. – İsmayıl ayağa qalxıb Yelenaya tərəf əyildi. – Otur! Sənə deyirəm otur! – Yelena universitet dərsliklərində oxumuşdu ki, bu kateqoriya insanlarla necə rəftar etmək lazımdır. – Yoxsa bu dəqiqə suya tullanacağam.

İsmayıl heç nə eşitmirdi. Gözləri qıpqırmızı qızarmışdı. Aslan şikarının üstünə tullanan kimi Yelenanın üstünə atıldı. Əlləri ilə onun boynundan yapışıb özünə tərəf çəkdi. Yelena başa düşə bilmirdi ki, İsmayıl onu qucaqlayıb bağrına basır, yoxsa boğmağa çalışır. Müqavimət göstərmək istədi, ancaq qollarını İsmayılın güclü biləklərinin cəngindən xilas edə bilmədi. İsmayıl Yelenanı qucaqlayıb sıxdı.., sıxdı… və bir də baxdı ki, qız özündə deyil. Huşsuz bədən böyük bir şaqqa ət parçası kimi onun qucağından sallanır. İsmayıl müvazinətini itirdi, əlləri boşaldı və ikisi də birlikdə suya yıxıldılar. Qayıq çevrildi və arxası üstə suyun üzündə qaldı.

-Kömək edin! – İsmayıl son dəfə bağırdı və suyun altına batdı. Onun əlləri kilidlənmişdi. Meyid qucağında onu da aşağı çəkirdi. İsmayıl nə qədər çalışırdı ki, meyidi buraxıb özü suyun üzünə çıxsın, bacarmırdı. Hər dəfə ağzını açıb çığırmaq istəyəndə ağzına dolan su qışqırmağa imkan vermirdi.

***

Qoyun-keçini örüşdən kəndə qaytaran Fərrux qışqırtını eşidib gölə tərəf qaçdı. Arxası üstə suyun üzündə qalan qayıqdan başqa ətrafda heç kim gözə dəymirdi.

-İsmayıl! – deyə var gücü ilə qışqırdı. Ancaq hay verən olmadı.

Gölün aşağı hissəsində quzu otaran uşaqlar da Dəli İsmayılla şəhərli qızın suya necə qərq olduqlarını görmüşdülər. Əvvəl elə bilmişdilər ki, çimirlər. Çünki son bir ayda uşaqlar hər gün gölün qırağına gəlir, oğrun-oğrun Dəli İsmayılla şəhərli qızın göldəki macəralarını seyr edirdilər. Onlar səs-səmir çıxmadığını görüb qorxuya düşdülər və qaçaraq kəndə haray saldılar.

-Fatma nənəyə deyin ki, şəhərli nəvəsini… – Kəndin girəcəyin­dən qışqırmağa başladılar.

-Kim apardı?

-Hara apardı?

Qabaqlarına çıxan hər kəs uşaqları saxlayıb xəbəri dəqiqləşdirməyə can atırdı. Onlar ilk eşidəndə elə başa düşürdülər ki, şəhərdən gəlib villalarda dincələn oğlanlar Fatma qarının şəhərli nəvəsini oğurlayıblar, ya da qaçırdıblar.

-Yox e.., heç kim oğurlamayıb, heç kim qaçırtmayıb. – Uşaqlar tövşüyyə-tövşüyyə sözlərinin gerisini hıqqıldadılar. – Dəli… boğub… suya basdı.

Meyidləri göldən çıxardanda artıq qaş qaralmış, şəvinik düşmüşdü. Hamı gölün qırağına yığışmışdı, kənddə pəpə yeyəndən məmə deyənədək hər kəs burdaydı.

-Dedim axı, qızım, odla oynama! Sən nə etdin?! Sən mənim dünyamı dağıtdın. Mənə bala dərdi, nəvə dərdi yüklədin. Qoca vaxtı mən bu dərdi çəkə bilərəmmi? Dağlar he…eee…yyy…

Fatma qarı bircə bunu deyə bildi. Ağı çəkmək istədi, bacarmadı. Meyidləri görən kimi huşunu itirib tirtap yerə yıxıldı. Handan-hana üzünə su vurub birtəhər ayıltdılar.

Meyidləri Fərruxla villalarda dincələn iki cavan oğlan çıxartmışdı. Onlar Fərruxun qışqırtısına gəlib dərhal suya baş vurmuşdular. Xoşbəxtlikdən hər ikisi yaxşı üzə bilirdi. Meyidləri gölün qırağına çıxardıb üzüaşağı uzatdılar. Nə qədər masaj eləyib qarınlarına yığılan suyu boşaltsalar da onları ayılda bilmədilər. Artıq gec idi.

-Allah rəhmət eləsin! – Fərrux əlini Yelenanın sifətinə sürtüb göz qapaqlarını aşağı çəkdi. – Ay parçası kimi qız idi. Bircə, gör gəlib kimə uydu?

-Boş yerə deməyiblər, armudun yaxşısını həmişə ayı yeyər. – Şəhərli oğlanlardan biri dilləndi.

-Ayının boyun yerə soxum ki, özü getdi qara torpağın altına. – Şəhərli oğlanlardan ikincisi əlini Dəli İsmayılın meyidinə uzatdı. – Bu cür gözəl, ay parçası kimi qıza da adam qıyar?

Nə qədər qollarından tutsalar da Mələk xalanı ayaq üstə saxlaya bilmədilər.

-Vay, evim yıxıldı, – deyib yerə çökdü. Əl atdı üzünə. Yanağını al qana boyadı. – Qoymadılar tifilim başını aşağı salıb dəliliyini eləsin. Kiminlə nə işi vardı onun?

Fərəc kişi Zöhrə qarı ilə bir az aralıda, daşın üstündə oturub demilərini tüstülədirdilər. Hər ikisi baş vermiş faciədən üzülüb başlarını o qədər aşağı əymişdilər ki, kənardan baxsaydın, deyərdin bəs başsız bədənlərdir. Sanki heç nə görmür, heç nə eşitmirdilər.

Sahildə bayaqkı hay-küy öləzimiş, lal sükutla əvəzlənmişdi. Baş vermiş faciə haqqıhda hər kəs öz düşüncələrində idi.

Handan-hana özlərinə gəlib meyidləri kəndə götürdülər. Dərhal xəbər çatmışdı deyə Yelenanın doğmaları; atası Aftandil, anası Marina və nişanlısı Fehuz gecə yarısı özlərini kəndə yetirdilər.

-Kaş mənim qıçım sınaydı, qoymazdım gəlsin kəndə. – Qapıdan içəri girən kimi Marina haray-həşir saldı. – Vay, mamaaa…

Ertəsi gün qonşu kənddən molla Əsgəri çağırıb onları el adəti üzrə kənd qəbiristanlığında dəfn elədilər. Yelenanın atası Aftandil kişi qızının meyidini şəhər qəbiristanlığında dəfn etmək üçün aparmaq istəsə də Fatma qarı razılaşmadı.

-Mənim sevimli nəvəmi buraya torpaq çəkib gətirdi. Hamımızın son mənzilimiz buradır. – deyib kənd qəbiristanlığını göstərdi. – İşləməyə, yaşamağa hara gedirsiniz, gedin, öləndə kəndə qayıdacaqsınız. Burada hamınızın yeri var.

Rəhmətlikləri yanaşı basdırdılar.

-İnsanlar gənc yaşında çox hərdəmxəyal olurlar. Qəti qərar verməkdə çətinlik çəkirlər. Çünki nəyin düz, nəyin səhv olduğunu müəyyənləşdirə bilmirlər. Öyüd-nəsihət versək də çox vaxt biz böyüklər də köməklik göstərə bilmirik. Məsləhət verməkdən savayı əlimizdən nə gəlir ki? – Bu faciədə hər kəs özünü qınadı, özünü günahlandırdı. Axı bütün kənd əhlinin bundan xəbəri vardı.

-Allah hər ikisinə rəhmət eləsin! Günahlarını cavanlıqlarına bağışlasın. Siz onları qınamayın! Səhvmi iş tutublar, düzmü iş tutublar, bunu mühakimə etmək bizim işimiz deyil. Yaxşısını Allah özü bilər. – Bunu da molla Əsgər dedi.

Yasa toplaşanların yaxınlığına gələ bilməyən, onların nə danışdıqlarından xəbərsiz qalan Yasəmən kənardan baxıb zar-zar ağlayırdı. Yazıq qızcığaz bu az vaxtda Yelenaya necə də isinişmişdi. Hələ həyatın ağuşunda nə qazanmışdı ki, ona ən yaxın olan ürək sirdaşını itirməklə cəzalandırılırdı. 

-Sənin gözün kor imiş, gör necə də gedib dəliyə bənd olmusan! Bu da dəli sevginin aqibəti!

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİNİN “QƏMLİBEL ƏFSANƏSİ” ADLI KİTABI İRANDA ƏSKİ ƏLİFBA İLƏ ÇAP OLUNUB

Əli bəy Azərinin kitabı.
Əli Bəy Azərinin “Qəmlibel əfsanəsi” (غملی بئل افسانعسی) adlı povestlər kitabı İran İslam Respublikasında əski əlifba ilə çap olunub. Kitaba “Qəmlibel əfsanəsi”, “Şəhərli qızın dəli sevgisi” və “Çay məcrasını dəyişmədi” povestləri daxil edilib.
Xatırladaq ki, “Çay məcrasını dəyişmədi” povesti dövlət mükafatına layiq görülüb.
Kitab az tirajla çap olunub, Cənubi Azərbaycan kitabxanalarına və kitab sərgilərinə paylanacaq. Az qismi də Azərbaycan Respublikasının mərkəzi kitabxanalarına veriləcək. Əli bəy Azəri kitabın xarici ölkədə nəşr olunması ilə bağlı öz təşəkkürlərini bildirib:
– “Arada vasitəçi olanlara, kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, xüsusən də təbrizli qardaşımız şair Xosrov Barışana təşəkkürümü bildirirəm.”

Biz də YAZARLAR olaraq, bu xeyirli əmələ vəsilə olan şəxslərə öz adımızdan minnətdarlığımızı bildirir, müəllifi təbrik edirik. Uğurlarınız bol olsun, Əli bəy AZƏRİ !!!

ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şair Nəcibə İlkinin “Gədəbəy Qartalı” və “Yarımçıq toy” adlı kitablarının təqdimatı keçirildi

“Azərkitab” kitab təbliğatı mərkəzində tanınmış yazıçı-şair, AYB-nin üzvü, “Azad Qələm” qəzetinin və jurnalının təsisçisi Nəcibə İlkinin sayca 12-ci – “Gədəbəy Qartalı”, “Yarımçıq toy” adlı kitablarının təqdimatı və 60 illik yubileyi keçirilib .

YAZARLAR.AZ  xəbər verir ki, tədbirdə şairin qələm dostları, müxtəlif sənət və peşə sahibləri, o cümlədən çox sayda ədəbiyyatsevər qonaqlar iştirak edib .
Tədbiri tanınmış şair Yusif Nəğməkar açaraq gələn qonaqları salamladı və müasir ədəbi yaradıcılıqda xüsusi rolu olan Nəcibə İlkini təbrik etdi. Öncə monitorda Nəcibə İlkin yaradıcılığından bəhs edən rolik nümayiş olundu. Daha sonra tədbir iştirakçılarına söz verildi. Tanınmış şair Musa Ələkbərli Nəcibə İlkinin yaradıcılığından geniş bəhs etdi. Sonra Rəfiqə Qasımqızı, Əli bəy Azəri, Məlahət Hümmətqızı, Zaur Ustac və başqaları  Nəcibə İlkinin özünə məxsus yaradıcılıq dəsti-xəttindən geniş bəhs edərək şairə yaradıcılığında uğurlar arzuladılar. Tədbirin gedişində tanınmış şair-publisist  “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Nəcibə İlkinə “Ziyadar” Mükafatını təqdim etdi. Sonda Nəcibə İlkin hər kəsə öz təşəkkürünü bildirərək, qonaqlara öz imzası ilə kitablarını təqdim etdi. Xatirə fotoları çəkildi.


Müəllif: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru