Kateqoriya arxivləri: Əli Kərim

Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir.

ƏLİ KƏRİM

Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı,

Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.

Yaradıcılığı,

Əli Kərimin ömrü,öz şair sözü kimi,poeziyada atributa çevrildi. Bu gün onun üslubunu,deyim tərzini,söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxmış «Təzə müəllim» şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «İki sevgili» kitabı olmuşdur.

«İki sevgi» (1960), «Həmişə səfərdə» (1963), «Qızıl qanad» (1965), «Qaytar ana borcunu» (1970), «Uşaqlar və ulduzlar» (1971) «Səfərdən sonra» (1972), «Pillələr» (1978), «Gül və çörək» (1978), «Seçilmiş əçərləri» (I cild, 1974, II cild 1975), «Qayıt» (1983), «Pillələr» (1987), Seçilmiş əsərləri» (2 cilddə, 1991), «Mavi nəğmənin sahilində» (1991), «Neyləyim, şeirlə dərd söyləyirəm, (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin «Dinmə, ey kədər» (1986), Elza Kərimin «Nə xoşbəxt imişəm», Altay Məmmədovun «Tanıdığım Əli Kərim» xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin «Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» (2005), «Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış» (2010), Sona Xəyalın «Əli Kərim» (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: «Ə.Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: «Babəkin qolları»nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; «Heykəl və heykəlin qardaşı» poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. «Gül və çörək», «Sevirəm», «Bomba üstündə ev», «Çiçəklər iclasda» kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.

Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı «Bir santimetr haqqında ballada» poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: «İlk simfoniya» poemasını oxuyarkn əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. «Heykəl və heykəlin qardaşı» poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…»

,Şeirlərinə yazılmış mahnılar, 

·         Aybəniz Haşımova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi

·         Flora Kərimova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi

·         Səbinə Ərəbli, Yar gəldi, musiqi: Adil Gəray

·         Yaqub Zurufçu, Yar gəldi, musiqi: Adil Gəray

·         Vaqif Şıxəliyev, Azərbaycanım mənim, musiqi: Hacı Zirəddin Tağıyev

Haqqında yazılmış kitablar,

·         Feyzi Mustafayev – “Dinmə, ey kədər”

·         Cavanşir Yusifli – “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış”

·         Cavanşir Yusifli – “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”

·         Altay Məmmədov – “Tanıdığım Əli Kərim”

·         Sona Xəyal – “Əli Kərim”

·         Elza Kərimova – “Nə xoşbəxt imişəm”

Əsərləri,

Əli Kərimin Təbrizdə nəşr olunan Qaytar Ana Borcunu kitabı

1.   İki sevgili. Bakı: Azərnəşr, 1960, 60 səh.

2.   Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh.

3.   Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh.

4.   Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh.

5.   Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh.

6.   Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh.

7.   Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh.

8.   Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh.

9.   Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh.

10.Pillələr (roman). Bakı: Gənclik, 1978, 160 səh.

11.Qız və kəpənək. Bakı: Gənclik, 1979, 56 səh.

12.Qayıt. Bakı: Yazıçı, 1983, 288 səh.

13.Pillələr (roman). Bakı: Yazıçı, 1987, 262 səh.

14.Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1991, 272 səh.

15.Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1991, 251 səh.

16.Mavi nəğmənin sahilində. Bakı: Yazıçı, 1991, 197 səh.

17.Seçilmiş əsərləri. Bakı, Lider, 2004

18.Qaytar ana borcunu. Təbriz, Əxtər, 2008

19.Seçilmiş əsərləri. (I cild). Bakı, Şərq və Qərb, 2013

20.Seçilmiş əsərləri. (II cild). Bakı, Şərq və Qərb, 2014

21.“Nə xoşbəxt imişəm bir zaman, Allah!”. Bakı, Bakı Kitab Klubu, 2015

                        Mənbə: >>>> www.eli-kerim.net

ƏLİ KƏRİMİN YAZILARI

Qayıt

Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi,-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı

İki sevgi

Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Sususzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
– Kabab üstdən sərin su pis olmaz – deyən kimi
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi
O isə səni sevir
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə.
1953

O qıza

Axtarıram mən səni,
Arayıram mən səni.
Soruşuram gözümlə ötüb keçəndən səni,
Axtarıram kitabda, arayıram həyatda.
Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda,
Sənin təhsilin nədir, sənin yaşın neçədir?
Aladırmı gözlərin, qaradırmı, necədir?
Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,
Qoy qara xalın olsun həsrətimin nöqtəsi!
Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən;
Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən.
Kamal ol ki ömür bir şən nümayiş deyil,
Mənalı yaşamaqsa çox da asan iş deyil.
Ağıl da öz yerində. kamal da öz yerində.
Bir gözəllik də görüm mənalı gözlərində.
Kimə, niyə baxıram təkcə səni andırır.
Ürəyimdə sözüm var, ürəyimi yandırır.
O elə bir sözdür ki, dosta. yada deyilməz.
Anadan əziz nə var, anaya da deyilməz.
Əllərimi göynədir saçlarının həsrəti.
Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti.
İşdir üz-üzə gəldik… Onda məndən utanma,
Ürəyindən keçəni nə gizləmə, nə danma
Gizləmə ki, danma ki, gedər hərə bir yana;
Qoyma canım od tutub yana, ömürlük yana.
Səni harda axtarım? De nəçisən? De kimsən?
Tez ol, görün, tez ol gəl, axtarıram səni mən!
Gözümdə, könlümdə qəm,
Yollarına bitmişəm.
İlk baharı gözləyən cavan bir ağac kimi.
Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.

MÜƏLLİF: ƏLİ KƏRİM

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru