Kateqoriya arxivləri: Əlizadə Qorxmaz

Aytac İbrahim – Qorxmazın Şəbnəmi

AYTAC İBRAHİMİN YAZILARI

Eşq- ömrünün sonuna qədər qəlbinin dərinliyində tüğyan edib çırpınan duyğu…
Aşiqlər qovuşsa da, qovuşmasa da bu duyğu öz adını dəyişmir, sadəcə zaman keçdikcə həsrətə, nisgilə qarışır və hiddətlənir. Vaxt gəlir, beynində əzbərlənən ad, keçmiş xatirələr, bütün vücudunu sızıldadacaq ağrı olur. Yenə onunla söhbət etmək, birdən duruxub gözlərinin düz içinə qədər baxmaq, əllərinə, saçına, səsinin titrəyişinə toxunmaq istəyərsən. Hətta bu hissləri yenidən yaşamaq üçün o qədər darıxarsan ki, gözündə yaşlar donar. Gözünü bir nöqtəyə dikib, uzun müddət səssiz qalarsan. Bu, bəlkə də yaşananları qəbullanmaqla, “Kaş ki” kəlməsinin ortasında qalan hissdi. Çarəsizsən, amma sən bu yola tək davam etməlisən, yaşamağa çalışmalısan. Hə, hərdən özündən ixtiyarsız yaranan gülüşlərindən, yediyin gözəl yeməklərdən, onsuz gəzdiyin yerlərdən utanarsan. Yaxınlarının şad gününə qonaq gedəndə dodağına qonmuş kiçik busəni tez yığışdırarsan. Nə ani olaraq yaşadığın sevincini, nə də xoş günlərini doyunca yaşaya bilməzsən. Həmişə o duyğuların yarısına çatmadan yarımçıqlıq hiss edərsən. Qolun, qanadın sınar, amma yenə də davam edərsən…
Gecənin bir yarısında, bütün dərdlərin, itirdiklərin gözünün önündə canlanar, oturduğun yerində qıvranıb möhkəm bağırmaq istəyərsən, amma olmaz. Əmanət körpələrin yatır. Gözlərini qıyıb, dizlərini qucaqlayıb özünə layla çalarsan…
Bütün bunlar yarını itirmiş qadından -Şəhid Əlizadə Qorxmazın Şəbnəmindən müşahidə etdiklərimdir. Hələ hiss edə bilmədiyim çox şeylər var…

Əlizadə Qorxmazın həyatı, döyüş yolu, nakam qalan sevgi hekayəsi haqqında o qədər danışılıb ki, artıq bütün el-obanın dillər əzbəridir.Bu əzbər yaddan çıxmamalıdır, həkk olunanı silinməyə qoymamalıyıq…
Şəbnəmin timsalında bütün mərd şəhid qadınları məğrur dayanmağa, övladlarına gözəl həyat bəxş etmək üçün çalışır…
Bizim Şəbnəmin heç 30 yaşı belə yoxdu. Ömrünün yarısına belə çatmayıb, amma çiyinləri yaşından çox ağır yük daşıyır. Bir şəkli var, həyat yoldaşının məzarı qarşısında boynunu büküb dayanıb. Bu foto nəhəng bir ağrını təsvir edir. Həqiqi aşiq üçün o ağrıdan o tərəfi yoxdur…


Qəhrəman şəhidimiz, 1995-ci il yanvar ayının 27-də Qax rayonunun Cəlayır kəndində dünyaya göz açmışdır. Oxuduğu orta məktəbdə, hərbi təhsili aldığı liseydə, xidmət göstərdiyi hərbi hissədə böyük rəğbət qazanmışdır…
O, hər uğurunu çətinliklə əldə etmişdir. Sevdiyinə qovuşmaq üçün hər şeyi gözünün önünə alıb ailəsini tam hala gətirmişdi. Bir gün müharibə başlanır və Qorxmaz yenə də hər şeyə rəğmən həyatında olduğu kimi, döyüşdə də qəhrəmanlıqlar göstərir. Düşmənlə əlbəyaxa döyüşür, zədə alsa da döyüşə davam edir…


Şəbnəm doğulacaq körpəsinin, hələ çox kiçik olan qızı Ömürün atasını qarşılyacağını xəyal edir. Ömürün atasının önünə qaçıb, onu bərk-bərk qucaqlamağını təsvir edir. Amma təəssüf ki, onun xəyalları başqa yönə istiqamət alır. O, sevdiyini üstündə üçrəngli bayrağımız olan tabutda görür. Həmin anda nələr yaşadığını, düşündüyünü yazmaq çətindir, bunu yaşayan daha yaxşı bilər…
İkinci övladı doğulur, adını QorxmazFateh qoyur. Deyir, o mənim kiçik yarımdır. Övladlarının qoxusunu duya-duya həyat yollarında bərkiməyə çalışır, ayağına dolaşan əngəlləri aşmağa çalışır…
İllər keçəcək, şəhid övladları böyüyəcək, bizim Şəbnəm də onlarla bərabər böyüyəcək. Amma danılmaz və üzücü bir faktdır ki, o nisgil heç vaxt səngiməyəcək. Vaxt-vaxt özünü biruzə verəcək…

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru