Gülər
(hekayə)
Gülər zəng vurub keçən dərsin yerini soruşanda onun nə qədər kədərli olduğunu səsindən hiss etmişdim.
Səhər dərsə gələndə isə sanki ağlamaqdan gözləri şişmiş, yanaqları qızarmışdı.
Hər zaman gülərüz, şən görünən bir məktəbli qızın bu qəmgin siması çoxlarını təəccübləndirmiş, hətta bunu dil və ədəbiyyat müəllimimiz Anar müəllim də asanlıqla hiss etmişdi.
Tənəffüs zəngi çalınanda Anar müəllimi dəhlizin bir küncündə Gülərlə söhbət etdiyi səhnəni hələ də xatırlayıram.
Gülərin yanağına süzülmüş göz yaşları, Anar müəllimin onu bir ata nəvazişi ilə bağrına basaraq “Narahat olma qızım, bu iş tezliklə sənin xeyrinə bitəcək” deməsi bu gün hələ də xəyalımdan çıxmamışdır.
* * *
Növbəti dərs zamanı artıq Gülərin çöhrəsinə qonmuş kədərli ifadələrin artıq yavaş-yavaş yox olaraq, o gözlərə azacıq da olsa təbəssüm qonmasının şahidi oldum.
Sanki o Anar müəllimlə söhbətdən sonra kədərini unutmuş, ona ümid bağlayaraq hər şeyin gözəl olacağına inanıb, arxayınlaşmışdı.
Gülər mənim parta yoldaşım olduğundan və aramızda olan yoldaşlıq bağlarımızın möhkəmliyindən heç nəyi bir-birimizdən gizlətməzdik.
Bəlkə elə buna görə də o bütün olanları mənə açıq danışmışdı.
O deyirdi ki “Axşamdan bəri ağlayıb, göz yaşı tökmüşəm. Dadıma yetən bir kimsə olmayıb. Bəkə də atam sağ olsaydı belə olmazdı. Kimsə məni sahibsiz zənn etməzdi.
Onun sonrakı danışıqları isə sözün həqiqi mənasında mənə lap şok yaşatmışdı.
Deyir – Axşam bizə elçilər gəlmişdi. Nişan üzüyünü zorla barmağıma taxdılar. Nə qədər ağlasam da göz yaşlarımı silən olmadı. Hamı yalandan “xoşbəxt ol” deyib getdi.
Heç belə xoşbəxtlikmi olar?
Oğlanın otuz iki yaşı var, mənimsə on beş yaşım hələ tamam olmayıb…
Növbəti gün Gülərin nişan üzüyünü qaytardığını eşitdik. Düzü bu xəbəri eşidəndə sevincimin həddi – hüdudu yox idi.
O qədər sevinmişdim ki hətta Güləri təbrik edib, Anar müəllimə təşəkkür də etmişdim. Anar müəllimə elə ürəkdən təşəkkür etmişdim ki, Güləri bəlkə mən istiyirəm deyə şübhələnmişdi də…
Sonra Anar müəllimlə bir xeyli söhbət etdikdən sonra isə o hər şeyi anladı və başa düşdü ki mən Gülərin yox, haqqın tərəfindəyəm, ədalətin tərəfində, kimsəsiz, əlacsız olanların, düz olanların, haqqlı olub, haqqı tapdananların tərəfində…
Anar müəllim özü də çox gözəl bilirdi ki, Rasimdən Gülərə ər olmaz. Nə olsun pulu var.
O günləri pulnan ala bilməz. Atasız, kimsəsiz, kasıb bir ailənin qızı olanda nə olar ki..
Yox, bu sevgi deyil.Gülər təhsil almalıdır. Onun da arzuları var axı.
Bu hadisənin üstündən illər keçdi. Orta məktəbi bitirdik. Gülər Ali məktəb imtahanlarından uğurla keçib tələbə adını qazandı.
* * *
Həkimlik ixtisasına yiyələnən Gülər Ali məktəbi bitirdikdən sonra bir müddət Mərkəzi Xəstəxanada işlədi. Artıq gənc bir həkim kimi fəaliyyətə başlayan Gülər həkim yaxın bir zamanda böyük nüfuz qazandı.
Xasiyyətcə mülayim təbiətli, açıq ürəkli həkim qızın yanına gələn xəstələrin sayı günbəgün durmadan artırdı.
Kasıbları, sahibsizləri pulsuz müalicə edən Gülər həkimi hamı çox sevirdi. O hətta imkansız xəstələri pulsuz müalicə etməklə bərabər hətta onların bir çoxunun dərmanlarını da özü alırdı.
Düzdür onun varı – dövləti yox idi, lakin milyonlardan üstün olan təmiz qəlbi, gözəl xasiyyəti vardı.
* * *
27 sentyabr 2020- ci il İkinci Qarabağ savaşı başlananda bu xəbəri eşidən Gülər həkim bütün işlərini yarıda qoyaraq, dərhal Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Xəstəxanasına qaçdı. O yaxşı bilirdi ki, Qəhrəman qardaşlarını müalicə etmək üçün onun kimi mərd ürəkli bir bacıya ehtiyacları var.
Gülər həmdə çox vətənpərvər bir gənc idi. Onun Vətənə olan bağlılığı isə lap uşaqlıqdan yaranmışdı.
O zaman hələ beşinci sinifdə oxuyurduq. “İyirmi Yanvar ” mövzusunda inşa yazısını müəllimə təqdim edəcəkdik.
Gülər də hamı kimi bu mövzunu böyük vətənpərvərliklə hazırlamışdı. Sadəcə onun inşasını oxumağı hamımızdan fərqlənirdi.
O cümlələri ürəkdən oxuyur, hər Şəhid kəlməsinə göz yaşı töküb ağlayırdı.
Müqəddəs Şəhid adı gələndə onun göz yaşları dayanmırdı. Torpağına, millətinə, dövlətçiliyinə bağlı vətənpərvər biri idi.
O vətənpər qız ki, indi vətənin müdafiəsinə, torpaqlarımızın azadlığına qalxan Qəhrəman qardaşları ilə eyni cərgədə vətənə xidmət edirdi.
Şanlı qələbəmizlə başa çatan bu qırx dörd gün ərzində o bir dəfə də olsun evinə getməmişdi.
Gülər həkim deyirdi ki, vətənin ağır günlərində mənim evim elə buradır. Mən qeyrətli qardaşlarımı yaralı halda qoyub heç yerə gedə bilmərəm…
(ardı var)
Müəllif:Əsgər ORDUBADLI
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Əbdürrəhim bəy Haqverdiyev – 150
“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru