Kateqoriya arxivləri: ƏYYUB MƏMMƏDOV

ƏYYUB MƏMMƏDOV – ŞEİRLƏR

ƏYYUB MƏMMƏDOV

DƏRD İÇİNDƏ GÜLƏN QADIN
Saçlarına düşübdür dən,
Dərd içində gülən qadın.
Qəm süzülür gözlərindən,
Dərd içində gülən qadın.
* * *
Qəlbindəkin biləydim kaş,
İç dünyana gələydim kaş,
Azarını böləydim kaş,
Dərd içində gülən qadın.
* * *
Necə keçmisən sədləri,
De, çoxmu gördün bədləri?..
Boş gördün hər cür vədləri,
Dərd içində gülən qadın.
* * *
Daxilində tufan oldu
Qüssə səndə yaman boldu,
Eşq badən də qəmlə doldu
Dərd içində gülən qadın.
* * *
Bir gül idin öz bağında,
Nə tez soldun budağında,
Ümid öldü sol-sağında
Dərd içində gülən qadın.
* * *
Sevgi oldu sənə yalan,
Həyat oldu sənə dalan.
Xoşbəxtliyə yoxdur güman
Dərd içində gülən qadın.

SEVGİMİZ BİTDİ
Gəl sevmədiyinə inandır məni
Qulağım eşidib, qəlbim inanmır
Necə rahat dedin, çətin kəlməni,
Eh… beynimdə sevgin, bitib usanmır.
* * *
İllərə dayanan məhəbbətimiz,
Səni məndən alan ərbab idimi?
Eşq adlı malımız, tək sərvətimiz
Səni çəkən mizan xarab idimi?
* * *
Yaman öyrəşdirdin məni özünə
İndi qismətimi, özüm seçəcəm
Bilmirəm alınar, yoxsa alınmaz
Növbəti yaşıma sənsiz keçəcəm.
* * *
Daha saçıma da, fikir vermirəm
Sən çıxıb gedəni, bəzənmirəm mən
Kimsəsiz kimiyəm nəyə lazım ki,
Geyinib, keçinib düzənmirəm mən.
* * *
Bir vaxtlar deməyə söz tapammırdım,
İndi sənsizliyə şeir yazıram
Şeir bəhanədir, deyim biləsən
Özümə qələmlə qəbir qazıram.

“QOCALIRIQ BİZ”
Günlərimiz aya, illərə dönür
Ömür karvanımız yolundan çönür
Tale də, qismət də beləcə sönür
Çox heyif, çox heyif qocalırıq biz
* * *
Gənclikdə sevgiylə gəzdiyin yollar
Qarşına çıxarar tikanlı kollar
Yadına düşəcək o isti qollar
Çox heyif, çox heyif qocalırıq biz
* * *
Vaxtilə qol-qola gəzəndə yarlar
Üşütməz onları boranda qarlar
İndi yeri deyil, kafelər, barlar
Çox heyif, çox heyif qocalırıq biz
* * *
Qamət cavan ikən oxşardı milə
Həyat yaşlananda olacaq çilə
Nəfəs kəsiləndə gələrlər dilə
Çox heyif, çox heyif qocalırıq biz
* * *
Baxırsan onları əsa bağlayır
Şux gözəl vaxtları sinə dağlayır
Sakitcə gileyli qoca ağlayır
Çox heyif, çox heyif qocalırıq biz
* * *
Artıq danışmağa vaxt da daralır
Yaş işin görübdür, gözlər qaralır
Həyat söz deməkçün mikrofon alır
Çox heyif, çox heyif qocalırıq biz

SƏNSİZLİK
Sənsizlik elə bir zərbə oldu ki,
Çətin ki, özümə gələ bilərəm
Arzular, diləklər elə soldu ki,
Sanmıram bir daha gülə bilərəm.
* * *
Sən elə getdin ki, izin qalmadı
Bircə təsəlliyçün rəsmin qalmadı
Özünlə birlikdə alıb apardın,
Məhəbbət adında cismin qalmadı.
* * *
Parkda, küçələrdə, geniş meydanda,
Dolaşıb hər yerə nəzər salıram.
Fərz et ki, qalıram iri zindanda,
Mən hər gün qəm satıb, kədər alıram.
* * *
İlahi, nə edim, necə ovunum?
Belə yaşamaqdan nə ilham alım?
Mümkün deyil onsuz, tənha yaşayım
Axan göz yaşımda, boğulub qalım.
* * *
Sənsizlik əbədi qismətim mənim
Saçımda yamanca çoxalıb dənim
Vaxtsız yaşlanıram, bükülür belim
Görürəm sevgin də olubdur qənim.

Müəllif: Əyyub MƏMMƏDOV

ƏYYUB MƏMMƏDOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru