Kateqoriya arxivləri: Ad Günü Təbriki

XANIM İSMAYILQIZINI TƏBRİK EDİRİK!

Xanım İsmayılqızı – şair, bəstəkar, tərcüməçi.

Bu gün milyonların sevimlisi, şair, bəstəkar, tərcüməçi, gözəl insan, dəyərli ziyalımız, əsl bir Azərbaycan xanımı kimi onu sevənlərin qəlbində taxt qurmağı bacarmış Xanım İsmayılqızının doğum gündür! Həm də onun “Adı olmayan fəsil” adlı yeni kitabı işıq üzü görüb. “Yazarlar” olaraq, ənənəyə sadiq qalır və müəllifi “Ziyadar” Mükafatı (XANIM İSMAYILQIZI N: 069 10.04.2021 – BAKI.) ilə təltif edirik.

“Ziyadar” Mükafatı – (diplom ) XANIM İSMAYILQIZI N: 069 10.04.2021 – BAKI.

Ad gününüz mübarək, ödülünüz düşərli olsun, gözəl insan! Uca yaradandan uzun və saağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ÇİNGİZ ABDULLAYEVİN AD GÜNÜDÜR!

Çingiz Abdullayev – Azərbaycanın xalq yazıçısı.

Bu gün dünya şöhrətli detektiv yazıçı, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür! Ad günü münasibəti ilə Çingiz müəllimi təbrik edir, uca Yardandan uzun və sağlıqlı bir ömür, yeni – yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Çingiz müəllim!

QISA ARAYIŞ

 Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində anadan olub. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib. 1976-cı ildə ADU-nun hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb.

1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının katibidir.

Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi, alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan PEN klubunun vitse-prezidentidir.

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazan Ç. Abdullayev ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar, müasir yazıçılardan biri kimi tanıtdırıb.

Çingiz Abdullayev 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

2014-cü ilin noyabrından İnterpolun fəxri səfiridir. 2015-ci il martın 30-dan “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.

Çingiz Abdullayev bütün bunlardan əlavə istənilən sahədə fəaliyyət göztərən Azərbaycan gənci üçün əsl örnək ola biləcək şəxsiyyətdir. Əxz edək, tətbiq edək, öyrədək! Bir daha təbriklər, Çingiz müəllim!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTUNUN AD GÜNÜDÜR!

Mayıl Dostu – Pedaqogika üzrə fəlsəfə doktoru, şair.

Bu gün pedaqogika üzrə fəlsəfə doktoru, şair Mayıl Dostunun doğum günüdür! Ad günü münasibəti ilə Mayıl müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CƏSARƏT VALEHOVUN AD GÜNÜDÜR!

Cəsarət Valehov – Əməkdar jurnalist.

Bu gün böyüməkdə olan gənc nəslə bütün parametrlərdə örnək ola biləcək bir şəxsin, çoxumuzun artıq uzun illərdir mavi ekranlardan, mətbuat səhifələrindən yaxşı tanıdığı, Azərbaycanın dəyərli ziyalısı Cəsarət Valehovun doğum günüdür! Ad günü münasibətilə Cəsarət müəllimi təbrik edir, bütün fəaliyyətində uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Cəsarət müəllim!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İŞIQ ADAM – XƏYALƏ ZƏRRABQIZI YAZIR

Qulu Ağsəs – Əməkdar jurnalist.

İşıq ADAM…

Qulu Ağsəs məndən ötrü yeriyən Qarabağdır… Ağdamdır… Başından nə tufanlar keçsə də,  bir qarış da əyilməyən, bircə daşı da yerindən tərpənməyən Cümə məscidinin minarəsi kimi üzü Haqqa sarı yol alan Adamdı…

Çıraq kimi adamdı Qulu Ağsəs… Saxta çilçıraqların göz qamaşdırdığı dünyanın tən ortasında o Çıraq həqiqətdən nurlanan büllur kimi dumduru işığını qorumağı bacarıb. Çıraq özünə işıq salmır axı… Ona görə də özündən, ətrafındakıların həyatında varlığının – işığının nə demək olmasından xəbərsizdi…

Sözüylə ruhumun aydınlandığı, qələmiylə düşüncələrimə işıq salan Adamdı Qulu Ağsəs… İşığından pay aldığım Çıraq Adamdı… Körpə gözü tək saf Adamdı… Sadə Adamdı… Sadəliyin böyüklüyünü yaradan Adamdı… Halallığı və dürüstlüyü öz şəxsində birləşdirən Adamdı… Düz Adamdı… Təmiz Adamdı… Nida kimi dümdüz Adamdı!!! Heç zaman dəyişməyən, heç nəyin qarşısında əyilməyən, Sözünün üz ağlığını qorumağı bacaran Ağsəs elə Sözü boyda Böyük, səsi boyda Doğma Adamdı…  Ərk edə biləcəyim doğma ünvandı…

Gözlərindən ürəyinin içi görünən, misralarından ruhu duyulan Adamdı… Sözünü sevdiyim Adamdı. Sözünün ləyaqətini öz ləyaqəti kimi qoruyan Adamdı… Haqdan ruhuna hopan səsi Sözə çevirən adamdı Qulu Ağsəs…

20 aprel 1969-cu il Qulu Ağsəs oğlu Zeynalovun anadan olduğu gündür.

20 noyabr 2020-ci il isə Qulu Ağsəsin yenidən dünyaya gəldiyi – Azadlığın bətnindən doğulduğu gündür…

Adam Azadlığın bağrından qopub dünyaya gələndə daha böyük olur, daha da bütövləşir, tam olur, tamamlanır…

27 ildir ki, Qulu Ağsəs yarım qalmışdı, yaşadıqlarını ömürdən saymırdı, illəri təqvimdən qopara-qopara ümidlə bütövləşəcəyi günü gözləyirdi…

Dəfələrlə hər hansısa beynəlxalq qurumun dəstəyi ilə ata yurduna gedə bilmək fürsəti əlinə düşsə də, getməmişdi, imtina eləmişdi. Kiminsə böyrünə qısılıb getməyi qəbul etməmişdi. Kimisə böyrüncə Yurduna qonaq aparacağı, süfrəsindən pay verəcəyi günü gözləmişdi… Şükür bu günə…

 Bu dünyada imtina etməyi bacarmaq ali bir dəyərdir, çox adamın boyunun çatmadığı bir məqamdır. (iştah boydan yuxarıdır axı)

Qulu Ağsəs bugünə qədər çox şeylərdən imtina edib, etməyi bacarıb. Əgər belə olmasaydı, o da olardı, hamı kimi sıradan adam. Amma Qulu xor oxuyan deyil axı… Qulunun öz Yolu var… Qulu bu dünyada bircə Yaradanın Qulu olmağı seçib, bir də əlahəzrət Sözün qabağında diz çöküb. Sözə səcdə eləyib, elə buna görə də Söz Qulunun əlindən tutub Dərgahına ucaldıb… Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir Quludan ötrü…

Bu dünyada təmiz Sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu… Allah bu ucalığı Qulu Ağsəsin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Əziz Adam!

27 ildir, ruhu külə dönən Adam… Şəhərinin sütunlarıyla bərabər dünyası yıxılan Adam… Anadan ayrılan bala təkin yaşadığını ömürdən saymayan Adam… Sözü Özündən qabaq Vətənə yol alan, Ağdamın pərişan halına misralarıyla sığal çəkən Adam… Nə müddətdir, görüşünə gedən övladları Ağdamı Qulunun şeiriylə əzizləyirlər, hər gedən bir kərə “Ağam şəhərim!” deyincə Ağdam qəddini düzəldib ağayana görkəm alır, külünü tutiya kimi gözlərinə sürtən balalarını çalın-çarpaz dağlanmış köksünə sıxır… Balaların nəfəsi məlhəm olur Ağdamın yaralarına…

Deyirlər, Ağdama yazdığı şeir Qulunun yaradıcılığının zirvəsidir…

Bu hələ harasıdır, camaaat?! Qulu yenicə dil açır… Qulu hələ innən belə danışacaq… Əli qələm tutacaq… Qulu hələ innən belə yazmağa başlayacaq… Ayağı Ağdama dəyən gün Qulu “Ağdamın novellası”nı yazacaq…

 27 ildir, darıxan Şair… 27 ildir, ağrıyan Şair… Ağdamsız dünyanı məhbəs sanan Şair. Azadlığın mübarək!

25 yaşın mübarək! Doğuluşun mübarək! Varlığın mübarək! Ömrünə doğan Günəşin – yurduna gələn baharın mübarək!

Xəyalə Zərrabqızı – alim, yazar.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEYRAN SƏXAVƏTİN AD GÜNÜDÜR!!!

SEYRAN SƏXAVƏT HAQQINDA

Bu gün Seyran Səxavət (Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü) in ad günüdür!!! Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Ad günü münasibəti ilə hörmətli yazarımızı təbrik edir, yeni – yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, SEYRAN müəllim!!!

SEYRAN SƏXAVƏT HAQQINDA DAHA ÇOX MƏLUMAT


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – VURĞUN VƏTƏNDİ – VURĞUNA

Səməd VURĞUN

Baharla birgə qədəm qoydu Azərbaycan torpağına, baharı gətirdi Azərbaycana… Səməd kimi doğuldu, Vurğun kimi böyüdü, Vəkillik etdi Azərbaycana… Yeni gündə gəldi dünyaya, yenilik gətirdi Azərbaycana, Azərbaycan ədəbiyyatına… Bu gün dahi söz adamının, böyük el sənətkarı Azərbaycan durduqca yaşayacaq, hər Azərbaycan kəlməsi deyiləndə, eşidiləndə, yazılanda yenidən doğulacaq, Azərbaycanın özü kimi qədim, dağları qədər vüqarlı, həmişəcavan, həmişəyaşar Səməd Vurğunnun anadan olduğu gündür. Doğum günündə böyük ustadı rəhmətlə anırıq. Ruhu şad olsun. Amin.

VURĞUN VƏTƏNDİ…
(Vurğuna)

Vurğunam, Vurğunun vurğunluğuna,
Vətən varlığıydı, Vətən varıydı…
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı….
* * *
Varam, Vurğunumun vurğunluğuna,
Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən varıydı….
* * *
“Vurğunam”, Vətənin varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən verirdi,
Vətən Vurğunuydu, Vurğun Vətəndi….

24.04.2016 . Bakı.

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMƏD VURĞUN HAQQINDA

Səməd Vurğun – Səməd Yusif oğlu Vəkilov.

SƏMƏD VURĞUN HAQQINDA

Səməd VURĞUN Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın qohumu idi.Səməd Vəkilov gəncliyində o hər şeylə maraqlanan, həssas, şıltaq, bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə başlamışdı. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, A.S.Puşkinin, Y.M.Lermontovun və türk yazıçılarından Tofiq Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı Xanqızı Vəkilova qayğı göstərir.Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925-ci ildə Tiflisdə çıxan «Yeni fikir» qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün «Vürğün» təxəllüsünü götürür. O, özü sonralar belə yazırdı:

Aşiqəm insana və təbiətə,
Əlim qələm tutub yazandan bəri…

1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fəkültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur.Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır.1930-1940-cı illər-Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin «Könül dəftəri» və 1935-ci ildə «Şeirlər» adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, poeziyamızın dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı, dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış «Azərbaycan» şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə doğma Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır:Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir. O, Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurmuşdur.O, çox qayğıkeş və mehriban ata idi. Həyat yoldaşı Xavər xanım uşaqların şıltaqlığından şikayətlənəndə, Səməd Vurğun demişdi ki, mən özüm ana, ata qayğısından məhrum olmuşam, qoy uşaqlarım sərbəst böyüsünlər. Şairin Xavər xanıma və uşaqlarına həsr etdiyi şeirlər bu münasibətin gözəl ifadəsidir:

Yusifin, Vaqifin görüm var olsun,
Aybəniz hamıdan bəxtiyar olsun.
Yüz il də Vurğuna Xavər yar olsun,
Ən əziz sirdaşım, köməyim sənsən .

Səməd Vurğun 1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, A. S. Puşkinin «Yevgeni Onegin» mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir:

Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini
Çevirdim ilk dəfə türkün dilinə.

Bu mənzum romanın tərcüməsinə görə şairə Puşkin komitəsinin «A. S. Puşkin medalı» təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin «Pələng dərisi geymiş pəhvəlan» əsərinin bir hissəsisini böyük ustalıqla tərcümə etmiş, bunun üçün Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin, Cambulun bir çox şeirlərini dilimizə tərcümə etmişdir.1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – «Vaqif»i yazır. «Vaqif» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etmişdir. «Vaqif» dramına görə Səməd Vurğun 1941-ci ildə «Stalin mükafatı laureatı» adına layiq görülmüşdü.1937-1938-ci illərin məlum hadisələri – qanlı represiyalar Səməd Vurğunu da «unutmamışdı». Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə «onun məsələsinə» baxılmış, böyük şair «olum və ya ölüm» dilemması qarşısında qalmalı olmuşdur. Şairi «lazımi idarələrə» tez-tez çağırırdılar. Lakin Səməd Vurğun mənəvi iztirab keçirsə də, əyilməz iradəsi, cürəti, məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozmuşdu.Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun «Leyli və Məcnun» poemasını məharətlə dilimizə çevirmişdir.1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan «Xanlar»ı yazmışdır. Həmin il onun «Azad ilham» kitabı nəşr edilir.1941-ci ildə Səməd Vurğun Nizaminin «Xosrov və Şirin» poemasının motivləri əsasında «Fərhad və Şirin» mənzum dramını yazır. Muharibə dövründə yazılmış bu dramda böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür.Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibənin başlandığı gün Səməd Vurğunun yazdığı:

Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.

– misraları şairin Xalq və Vətən qarşısında andı idi. Bu misralar təkcə şairin deyil, bütün Azərbaycan poeziyasının müharibə dövründəki yaradıcılıq proqramına, yaradıcılıq devizinə çevrilmişdi.Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən «Bakının dastanı»nı yazmışdı.Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı «Ukrayna partizanlarına» şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdır.1943-cü ildə Amerikada keçirdiyi müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı «Ananın öyüdü» şeiri çox yüksək qiymətləndirilmiş və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbiçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşin səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Fizuli adına Ziyalılar evi yaranmışdır.1945-ci ildə yazdığı fəlsəfi dram olan «İnsan»da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı: «Mən «İnsan» adlı beş pərdəli mənzum dram üzərində işləyirəm. «İnsan» mənim dördüncü mənzum dramımdır. Əsər üzərində böyük bir zövqlə işləyirəm, çünki tarixi mövzuda yazılmış əvvəlki üç pyesimdən fərqli olaraq mən birinci dəfə öz müasirlərimin surətinə müraciət etmişəm, onların gələcək nəslini təsvir etmək əzmindəyəm.»Şairin «İnsan» əsərində yaratdığı «Qardaşlıq şəhəri»ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə qoyduğu «Qalib gələcəkmi cahanda kamal?» dərin bəşəri, fəlsəfi, ritorik sual bu gün də və gələcək zamanlar üçün də aktual olaraq qalır.Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin başçısı Səməd Vurğun təyin edilir. İlk günnən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR-i arasında mədəni körpü yaradılması işində fəal iştirak edir.Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun «Vaqif» dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər vermişdir.1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap etdirmişdir.1951-ci ildə şair «Bolqar-sovet dostluğu cəmiyyəti»nin xəttilə Bolqarıstanda olmuşdur.O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş, yaradıcılığından nümunələr çap edilmişdir. Böyük rus yazıçısı və şairi Konstantin Simonovun yazdığı «Dostum Səməd Vurğunun Londonda ziyafətdə nitqi» şeiri çox yayılmış, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdi.Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca «Muğan» (1948), «Aygün» (1950-51) və «Zamanın bayraqdarı» (1952) poemalarını qələmə almışdır.Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, yenə 1953-cü illərdə haqsız hücumlara, təziqlərə məruz qalır. «Aygün» poeması tənqid edilir şairin Moskvada çap edilmiş «Şairin hüquqları» məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Söz yayılır ki, Vurğun tutulub. Bu düz olmasa da, 1953-cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət idi. Lakin 1953-cü ilin yayında SSRİ və Respublika rəhbərliyində edilən dəyişikliklər nəticəsində bu tədbir baş tutmur… (1956-cı ilin yanvar ayında o zamanki, respublika rəhbəri M.C.Bağırovun və dəstəsinin məhkəməsində, onların «Azərbaycanın sevıimli şairi görkəmli sovet yazıçılarından biri Səməd Vurğunu aradan götürmək cəhdləri» ifşa edilmiş, bu məqsədlə topladıqları böhtan dolu iki qovluq material, o cümlədən həbsi üçün order əşyayi-dəlil gətirilmişdir.)1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. Səməd Vurğunu Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edirlər. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmdov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu. 1954-cü ildə Sovet yazıçıların ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona tapşırılmışdı. Bu, o dövrdə xalqımız üçün olduqca iftixaredici bir hadisə idi.1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanasında müayinə edirlər. Şair xəstəxanada olduğu müddətdə tezliklə sağalmaq və fəal həyata qayıdmaq arzusu ilə yaşayır. Yataqda yazdığı kiçik şeir onun böyük iradəsini və mətanətini göstərir:

Vaxtsız əcəl, məndən uzaq dolan, dur
Qürbət eldə can vermərəm ölümə!
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə.

Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir…1956-cı ilin mart ayında Səməd Vurğunun 50 yaşı tamam olur. Xalqımız şairin yubileyinin keçirilməsinə hazırlaşır. Azərbaycanın rəhbərliyi tərəfindən «Azərbaycanın xalq şairi» adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq 

görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. Amansız ölüm şairin həyat eşqilə çırpınan ürəyini, yaradıcılıq atəşi ilə odlanan qəlbini əbədi susdurur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. O günlər bütün Azərbaycan matəm içərisində idi. Üç gün xalqımız şairlə vidalaşmağa gəlir, izdihamlı insan axının arda-arası kəsilmirdi. Şair may ayının 30-da Bakıda Fəxri xiyabanda dəfn edilir.Matəm günlərində şairin ailəsinin adına ölkəmizin bütün guşələrindən baş sağlığı teleqramları gəlirdi. Ürək ağrısı ilə yazılmış belə teleqramların birində: «Təsəlliniz o olmalıdır ki, Səməd Vurğunun öldüyü gündən onun yeni həyatı – şair ölümsüzlüyü başlanır» – sözləri yazılmışdı. Bu həqiqət idi…Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa Azərbaycan Rus Dram Teatrı, Dənizkənarı parkdakı yay kino-teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva küçələrindən biri, Kiyev şəhərində kitabxana, Düşənbə şəhərində 57 saylı məktəb və Bolqarıstanda texnikum şairin adını daşıyır.Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə, park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur. Müxtəlif yerlərdə şairə həsr olunmuş güşələr və kiçik muzeylər yaranmışdır. Bunların içərisində Qax şəhərində müəllim Məmməd Aşurovun öz həyətində inşa etdiyi evdə yaratdığı «Səməd Vurğun muzeyi» xüsusi yer tutur.1975-ci ildə Bakıda «Sovet ədəbiyyatı günləri»ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə «Səməd Vurğunun ev-muzeyi»nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – «Səməd Vurğunun poeziya evi» yaradılmışdır.

DAĞLAR

Binələri çadır- çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!

Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?

Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı:
Bir doyunca gəzim, dağlar!

Qayaları baş – başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!

Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar

1943

ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

1953

Allah rəhmət eləsin… Ruhu şad olsun…

Təqdim etdi: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİN İLİN DOĞMASI – SEYRAN SƏXAVƏT

Seyran Səxavət – 75

Min İlin Doğması…

Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün  halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

On il öncə doktoranturaya qəbul olanda Seyran Səxavətin yaradıcılığı mövzusunda araşdırma aparacağımı qarşıma məqsəd qoyub uzun bir yola çıxmışdım. Seyran müəllimin yaşadığı ünvanı, işlədiyi yeri bilsəm də, böyük yazıçı ilə qarşılaşmağa özümdə cəsarət tapa  bilmirdim, hər dəfə öz – özümə düşünürdüm ki, daha çox oxumalıyam və daha hazırlıqlı olmalıyam. Özümü bu görüş üçün bilik və düşüncə anlamında hazır hiss edə bilmirdim.

Söz vaxtına çəkər… 2012-ci ilin bu günkü günü –  çərşənbə axşamı idi. Həyat yoldaşım dedi ki, bizim Elşad – Elşad Ərşadoğlu zəng edib Seyran Səxavətlə bu axşam bizə gələcəklər. Sevincimin hüdudu yox idi. Bu günəcən əsərlərini, ruhunu oxuduğum sevimli yazıçımla ilk dəfə əyani görüşəcəkdik. Həmin axşam Seyran müəllim bizə pay gətirdiyi bayram sovqatının içində bir təndir çörəyi və duz vardı. İlk dəfə idi ki, kimsə qonaq gələndə bizə duz – çörək alıb gətirdiyini görürdüm. Biz həmin axşam bir süfrə başında duz – çörək kəsdik…Uzun və müqəddəs bir yola çıxdıq…

Bu illər ərzində hər addımımda mənəvi atam kimi sığalını başımda hiss elədim, Seyran müəllimi sadəcə böyük yazıçı kimi yox, Sözü boyda Adam olduğunu gördüm, bu on ildə mənim dünyamda Min ilin Doğmasına çevrildi Seyran Səxavət…

Gecəmi gündüzümə qatıb oxudum, araşdırdım, yazdım, çap olundum və müdafiə etdim… Bu yazdığım mənim üçün adicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentim professor Asif Rüstəmlinin dediyi kimi, tədqiqat obyekti deyildi. Çünki sadəcə kitabxanalarda kar – kağızla əlləşib bu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. İndi ürəklə deyə bilirəm ki, Seyran Səxavət mənim ilk övladımdı… Yuxusuz gecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı – halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət…

Yenə həmin gecəyə – ilk görüşdüyümüz çərşənbə axşamına qayıdıram… “Yüz ilin kişisi”, “Bir stəkan hava”, “Ocaq daşı”, “Gözü işığa düşən adam”, “Qapıların o üzündə qalan dünya”, “Hamı elə bilirdi”, “Çayçı Rəşid”, “Alça çiçəyi”, “Toy havası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ağrı”, Boynu əyri kişi”, “İt intervüsü”, “Cəhənnəm”, “Gün ağladılar”,  “Qatil”, “Haram pul”,  “Daş evlər”, “Dar köynək”, “Palıd toxumu”, “Nekroloq”, “Yəhudi əlifbası”, “Bəhanə”, “Qaçhaqaç” kimi əsərləri oxuyanda düşünmüşdüm ki, bu adam ürəyində deyiləsi olan nəyi varsa, deyib, deyə bilib, deməyi bacarıb… Həmin gecə bizim evimizdəki bayram süfrəsinin başında səhər sübhəcən elədiyimiz söhbətlərdən anladım ki, Seyran Səxavətin sözlə ruhundan qopara bilmədiyi ağrıları da var – varlığını didib-parçalan ruhani ağrıları… “Mirzə Hüseyn” segahı oxuya-oxuya o ruhani ağrılarını gözlərindən axıtdı Seyran Səxavət…

Tonqal yandırdığımız bir bahar axşamı üşüdüm – ilikləriməcən üşüdüm… Deyəndə ki, nə qədər ki, Qarabağ torpağı erməni işğalı altındadı, kim özünü kişi hesab edir, etsin – mən özümü kişi hesab eləmirəm, kişilikdən istefa vermişəm.

Ruhun əzabını heç bir romana köçürmək olmur, Ustad! – dedim ürəyimdə. Amma özünə heç nə deyə bilmədim. Qıymadım…

Elə o günü ilk görüşün sevinci qarışıq Vətənsizlik ağrısıyla illərdi, ürəyimdə daşıdım…

Şükür bu günə… Vətənin daşı-daş üstdə qalmasa da, xarabalığına şükür… Qulu Ağsəs demiş, Şükür külünə… Şükür qayıdış gününə…

Dədəm, Gözün aydın olsun!  Bir gün nisgillə deyirdin ki, Şuşanın  ucalığından baxanda Təbriz, Dəmirqapı Dərbənd, Borçalı çökəyi və İrəvan görünürdü – bu gün isə, Şuşanın özünü görə bilmirik.

Şükür bu günə… Bu gün 75 mərtəbəli ömrün ucalığından baxanda Şuşan, Cəbrayılın, Kəlbəcərin, Xankəndin, Laçının, Qubadlın, Füzulin, – Vətənin görünür… Yurd yerin görünür… Xatirələrinə bələndiyin uşaqlığın görünür… Ata ocağın görünür, Ustad!

Və üfüqdə Günəş görünür… Bir gün yurdunda – doğma ocağında – ata evinin həyətində o Günəşin istisinə qızınacağın ümidi və diləyiylə… Sənə can sağlığı arzulayıram! Doğum günün mübarək, Ustad! 

Xəyalə Zərrabqızı – alim, yazar.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİL CƏFAKEŞİN AD GÜNÜDÜR!

Adil Cəfakeş – aşıq, sazbənd, müəllim, şair.

Bu gün dəyərli ziyalımız, ustad aşıq , şair, müəllim, sazbənd bir sözlə əsl el sənətkarı, gözəl insan Adil Cefakes in doğum günüdür! Ad günü münasibətilə Adil müəllimi təbrik edir, Uca Yaradandan uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Adil müəllim !!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru