ÇİNGİZ XAN HANSI DİLDƏ DANIŞIRDI?
Araz Şəhrilinin təhlili
XX əsrin əvvəllərinədək Çingiz xanın türk olduğu, türk dilində danışdığı heç kimdə şübhə doğurmurdu. Lakin monqolşünaslıq bir elm sahəsi kimi yarandıqdan sonra belə bir fikir səslənməyə başladı ki, tarixin ən böyük fatehlərindən biri əslində monqol olmuş və monqol dilində danışmışdır.
Tarixçilərin bəziləri bu iddianı dəstəkləməyə başladılar. Amma onlarla razılaşmayanlar da var idi. Bunların əsas arqumentlərindən biri o idi ki, Çingiz xanın (1162–1227) nəvəsi Hülakü xanın (1217–1265) nəticəsi Qazan xanın (1271–1304) vəziri Fəzlullah Rəşidəddin (1247–1318) özünün “Cami ət-təvarix” əsərində həm Borciginlər nəslinin, həm də bütün tatar tayfalarının təmiz türk olduqlarını vurğulamışdır.
Sözsüz ki, bu əsər üzərində adlı-sanlı tatar dövlət xadimi və türk tarixinin ən mahir bilicilərindən biri sayılan Polad ağa (1240–1313) ilə birgə çalışmış Rəşidəddin öz hökmdarı Qazan xanla razılaşdırmadan həmin fikri qələmə ala bilməzdi. Ümumiyyətlə isə dövrümüzə gəlib çatmış salnamələrdən görünür ki, XIII əsrdə Çingiz xanın və tatarların türklüyü məsələsi mübahisə mövzusu deyildi. Düşmənləri də, dostları da onları türk hesab edirdilər. Amma fərqli fikirdə olanlar da vardı. Məsələn, Mahmud Kaşğari (1029–1101) “Divanu lüğət-it-türk” əsərində yazırdı: “Tatar və kay (qayı?) köçəri qəbilələrdir. Tatarlar və kayılar türk dilini yaxşı bilirlər. Lakin öz aralarında başqa bir dildə danışırlar”.
Qeyd etmək lazımdır ki, Çingiz xanın ətrafında birləşmiş tayfaların əksəriyyəti məhz tatar mənşəli idi. Beləliklə, tatarlar hansı dildə danışırdılar? Çingiz xanın birbaşa nəslindən olan İlxani hökmdarı Qazan xanın Roma papası VIII Bonifasiyə uyğur əlifbası ilə yazdığı 12 aprel 1302-ci il tarixli məktubun transkripsiyasına nəzər salaq, onu təhlilin analiz, müqayisə və statistik üsullarının köməyilə tədqiq edək.
İddiaya əsasən, bu məktub Roma papasının gizli arxivində aşkarlanmışdır.
Mətnin transkripsiyası
Qasan üge manu Baba.
Urida ber Bisqarun iyar çinu ilegsen duradqal, sayin üges, biçig. Bid andur kürbe qariğu inu ber Kőkedei küregen, Bisqarun, Tümen ğurban iyar jrlğ ilelegei. Edüge ber bögesü mőn kü yosuğar turbiĵu amui. Ta ber čerigüdiyen ĵasaĵu irgen, irgenü sultadtür ileĵü bolĵal ülü qoĵidan. Tngriyi ĵalbariĵu yeke üileyi uğuğata nigen ĵug bolğaya kemen. Ede Sadadin, Sinanadin, Samsadini ilebei. Ta Tngriyi ĵalbariĵu čerigüdiyen jaĵasadqun.
Bičig manu doluğan ĵağud nigenudtur bars ĵil qaburun ečüs sarayin arban dőrbene Qos Qabuqa büküidür bičibei.
Mətnin Azərbaycan dilinə tərcüməsi.
Qazan sözüm Babaya.
Əvvəlcə çatdı Biskarun ilə sənin göndərdiyin təkliflər, yaxşı sözlər, məktub. Biz buna görə, qarşılığında onun Kökedey kürəkən, Bisqarun, Tümən – üçü ilə əmri göndərdik. İndiki vəziyyətə gəlincə, hazırlıq görürük. Siz hazır edin əsgərlərinizi, əmri xalqlara, xalqların sultanlarına göndərin və işi gecikdirməyin. Tanrıya yalvarıb (dua edib) böyük iş haqqında, (məmlüklərə qarşı müharibəni) yeganə məqsəd edəcəyik. (Bunu bildirmək üçün) Sadəddini, Sinanaddini və Səmsəddini göndərdik. Siz də Tanrıya yalvarıb (dua edib) əsgərlərinizi toplayın.
Məktubumu 701-ci pələng ili, baharın sonuncu ayının 14-də Qos Qabuğda yazdıq.
Mətndəki sözlərin müqayisəli təhlili
- Qasan – türk dillərində şəxs adı (Qazan);
- Üge – “söz”. Müasir monqol dilində “üq” formasındadır. Bu sözlə Azərbaycan dilindəki “öyüd” (“ögüd”) sözünün mənşəyi eynidir. Əslində, “öyüd” sözü iki hissədən ibarətdir: sözün kökü olan “öy” və cəm şəkilçisi “üd”. “Öyüd” sözünün birbaşa mənası “sözlər”dir. Yeri gəlmişkən, tərifləmək mənasını verən “öymək” sözününi “öy” hissəsi də “söz”dür. Belə ki, “filankəsi tərifləmək”, əslində “onun barəsində söz demək” anlamını ifadə edir.Həmçinin əski türkcədə «uge» hökmdar olmadığı zamanlarda qurultaya başçılıq edən dövlət adamını bildirir. Sonralar baş vəzir anlamında işlədilib.
- Manu – “mənim”. Müasir monqol dilində “miniy” formasındadır.
- Baba – göründüyü kimi, XIII əsr moğolları Roma papasına “Baba” deyə müraciət etmişlər. Belə bir ehtimal var ki, V əsrdə hunlar da Roma yepiskopuna “baba” (“ata”) demişlər. Qeyd etmək lazımdır ki, ingilis dilindəki “pope”, rus dilindəki “papa”, türk dilindəki “baba”, yenə də türk və monqol dillərindəki “aba” sözləri arasında həm forma, həm də məna eyniliyi vardır.
- Urida – “əvvəl”. Müasir monqol dilində “urd”, “ert” formalarındadır. Ola bilsin ki, bu sözlər Azərbaycan dilindəki “ertə”, rus dilindəki «утро» (“səhər”) və ingilis dilindəki “early” (“ertə”) sözləri ilə eyni mənşəlidir.
- Ber (və ya “bar”) – güman ki, “gəldi”, “yetişdi”, “çatdı” mənalarını ifadə edir. Əgər bu ehtimal doğrudursa, XIII əsrin moğol dilindəki “ber” (və ya “bar”) sözü ilə müasir monqol dilindəki “irsen” (“çatdı”, “gəldi”) sözünün “ir” (“var”) hissəsinin, Azərbaycan dilindəki “vardı” (“çatdı”, “gəldi”), qədim türk dilindəki “bardı” (“çatdı”, “gəldi”) sözlərinin “var”–“bar” hissəsinin mənşəyi eynidir.
- Bisqarun – XIII–XIV əsrlərin Genuya taciri və diplomatı Buskarello de Gizelfi.
- İyar – müasir monqol və mancur dillərində bu sözün bənzərini müəyyən edə bilmədik. Amma saxa dilindəki “kıtarı” (“ilə”) sözü ilə onun arasında tam olmayan oxşarlıq vardır. Belə ki, mütəxəssislərin əksəriyyəti “iyar” sözünü “ilə” kimi tərcümə etmişlər. Çağdaş özbək türkcəsində «iyer-moq» (ияр-моқ) dial. ‘эргамоқ’ (s.346b) (arxasından getmək, izindən yürümək, təqib etmək) anlamında işlənir. Eyni feilin – t- artırılmasıyla genişlədilmiş forması da «iyart-moq» (иярт-моқ) iyermoq fl. ort. n. (s. 346b) olaraq verilmiş, ikisinin də eynı anlamda olduğu bildirilmişdir («Türk Dilinin Tarihi Söz Varlığından Örnekler II»)
- Çinu – “sənin”. Müasir monqol dilində “çiniy” formasındadır. Monqol dilindəki “çi” şəxs əvəzliyi Azərbaycan dilindəki “sən” şəxs əvəzliyi ilə ehtimal ki, eyni mənşəyə malikdir;
- İlegsen – “göndərdiyin”. Müasir monqol dilində “ilgeesen” şəklindədir. Forma və müəyyən dərəcədə məna baxımından türk dilindəki “ilgi” (“maraq”) sözünə bənzəyir. Müasir türk dilində “iletmek” (“ötürmək”, “çatdırmaq”) sözü də vardır. Həmçinin türk dillərindəki “ilçi”, “elçi” sözünü də göstərə bilərik.
- Duradqal – bu söz XIII əsrin moğol dilindən “təkliflər” kimi tərcümə edilmişdir. Müasir monqol dilində “durdsan” (“xatırlatdıqların”), “durdax” (“xatırlamaq”) formalarındadır. Bu söz türk dillərindəki «durud» sözünə uyğundur. O dua etmək, mədh edilən və s. anlamlarda işlənir.
- Sayin – “sayılan”, “ehtiramlı”, “yaxşı” kimi mənaları ifadə edən bu söz müasir monqol dilində “sayn” formasındadır. “Sayın” sözünün etimologiyası və müxtəlif dillərdəki paralelləri haqqında “Babil qülləsi: Çingiz xan və seyidlər” adlı məqaləmizdə geniş məlumat verilmişdir.
- Biçig – bu söz həm qədim türk (“bitik”), həm də monqol dillərində vardır, “namə”, “məktub”, “kitab” mənalarını verir. Türk dilində «biçug» «sözünü tutmaq» anlamında işlənir. Məsələn: “Erning biligi biçug” — “verdiyi sözü tutmaz”.
- Bid – “biz”. Müasir monqol dilində “bi” – “mən”, “bid” – “biz”, “bidend” – “bizə”dir. Əslində, həm monqol dilindəki “bid”, həm də türk dillərindəki “biz” şəxs əvəzliyi iki hissədən ibarətdir: sözün kökü olan “bi” şəxs əvəzliyi və cəm şəkilçisi “id”, “iz”. Türk dillərində ilk rəqəmin “bir” adlanması da təsadüfi deyildir. Qədim insan saymağa özündən başlaya bilərdi. Güman ki, “biz” şəxs əvəzliyinin ən qədim forması çuvaş dilindədir: “eper” – “ber” (tatar, başqırd) – “bir”.
- Andur – zənnimizcə, bu söz Azərbaycan dilinə “buna” kimi tərcümə edilməlidir. Müasir monqol dilində “ene talaar” formasındadır. “Bu” sözü monqol dilində “ene” şəklindədir. Əslində isə, türk dillərindəki “ol” (“o”) sözü ilə monqol dilindəki “an”–“ene” (“bu”) sözünün mənşəyi ehtimal ki, eynidir. Azərbacan dilindəki -“na”, -“nə” şəkilçisinin funksiyasını müasir monqol dilində “deer” şəkilçisi yerinə yetirir.
- Kürbe – müasir monqol dilində “əgər” mənasını ifadə edən “xervee” sözü vardır. “Əgər” və “xervee” sözləri məna baxımından eyni, formaca bənzərdirlər. Lakin mətnin məzmunundan görünür ki, “kürbe” sözü “əgər” deyil, “görə” kimi tərcümə edilməlidir. Qeyd etmək lazımdır ki, “kürbe” və “görə” sözləri arasında da zahiri oxşarlıq vardır. Yeri gəlmişkən, Azərbaycan dilindəki “gərəkdir” sözü müasir monqol dilində “xereqtey” şəklindədir.
- Qariğu – böyük ehtimalla “cavabında”, “cavab olaraq”, “qarşılığında” kimi tərcümə edilməlidir. Müasir monqol dilində “xariudn” formasındadır. Ola bilsin ki, “qariğu” sözü ilə Azərbaycan dilindəki “qarşı” sözü arasında əlaqə vardır. Amma bunu birmənalı şəkildə iddia edə bilmərik.
- İnu – güman ki, “onun”. Müasir monqol dilində “tüüniy” (“onun”, “onu”) şəklindədir. XIII əsrin moğol dilindəki “inu” sözü ilə Azərbaycan dilindəki “onun” sözü mənaca eyni, formaca bənzərdir.
- Kőkedei – şəxs adı.
- Küregen – müasir monqol dilində “xürgen”, Azərbaycan dilində “kürəkən” formasındadır.
- Tümen – mətndə şəxs adıdır. Qədim türk dilində “tümən”, monqol dilində isə “tümen” formasındadır. Türk ordularında on min süvaridən ibarət təşkilati taktiki vahid “tümən” adlanırdı. Ehtimal edə bilərik ki, rus dilindəki «тьма», «темный», «туман», Azərbaycan dilindəki “duman”, digər türk dillərindəki “tuman”, isveç dilindəki “dimma”, fin dilindəki “sumu” sözləri də “tümen” sözü ilə əlaqəlidir. Ola bilsin ki, “tümən” sözü hind-Avropa dillərindəki “deh” (“on”) və türk dilindəki “min” sözlərinin birləşməsindən yaranmışdır. Yeri gəlmişkən, rus dilindəki «тыcяча» (“min”), ingilis dilindəki “thousand” (“min”) sözləri də eyni yolla əmələ gəlmişdir. Belə ki, “yüz”ə rus dilində «сто», ingilis dilində isə “hundred” deyilsə də, fikrimizi əsaslandıra bilərik. Rus dilindəki «кто», «что» sual əvəzliklərinin ilkin forması «кем» (“kim”), «чем» (“nə”) əvəzlikləridir. Güman ki, rus dilindəki «кем» sual əvəzliyi Azərbaycan dilindəki “kim” sual əvəzliyi ilə eyni mənşəyə malikdir. Ehtimal edirik ki, slavyan dillərindəki «сто» sözü də əvvəllər “sat” formasında olmuş, sonradan dəyişib indiki şəklinə düşmüşdür. “Yüz” sözü fars dilində “sad”, eston dilində “sada”, fin dilində “sata”, malaqasi (malay dillərinə aiddir) dilində “zato”, macar dilində “szaz”, qazax dilində “jüz”, müasir monqol dilində “zuu” formasındadır. Beləliklə, iddia edə bilərik ki, rus dilindəki «тысяча» sözünün «сяча» hissəsi və ingilis dilindəki “thousand” sözünün “sand” hissəsi ilkin dildəki “yüz” sözünün zaman və məkan kimi amillərin təsiri altında dəyişikliyə uğramış variantlarıdır.
- Ğurban – “üç”. Müasir monqol dilində “qurav”, “qurban”, “qurvan” formalarındadır. Maraqlıdır ki, monqol dilindəki “qurav” sözü elə monqol dilindəki “quç” (“otuz”) sözünün vasitəsilə türk dilindəki “üç” sözünə yaxınlaşır: “qurav” – “quç” – “uç”, “üç”.
- Jrlğ – “əmr”, “göstəriş”. Müasir monqol dilində “zarliq”, türk dillərində “yarlıq” formasındadır. Türk–monqol–mancur mənşəli “jar” (“xəbər”, “qışqırıq” – Azərbaycan dilində “zar”) sözündən yarandığı ehtimal edilir.
- İlelegei – “göndərdik”. Müasir monqol dilində “ilgeesen” şəklindədir. Doqquzuncu sözə bax.
- Edüge – “mövcud”, “hazırkı”, “indiki”, “bugünkü”. Müasir monqol dilində “odogiin”, “odoo” formalarındadır. Zənnimizcə, Azərbaycan dilindəki “indi”, “indiki”, Koreya dilindəki “hyundai” (“müasir”) sözləri ilə eyni mənşəyə malikdir.
- Bögesü – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.
- Mőn kü – türk dillərində paralelini müəyyənləşdirə bilmədik. Ola bilsin ki, qədim türk və moğol dillərindəki “monke” (əbədi) sözü ilə əlaqəlidir.
- Yosuğar – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.
- Turbiĵu – ehtimala görə, qədim monqol dilində “başlamaq”, “həyata keçirmək” kimi anlamları ifadə edən “toğurbi” feilindən yaranmışdır. Şübhəsiz ki, bu elə türk dillərindəki “doğurmaq” sözüdür.
- Amui – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.
- Ta – “siz”. Müasir monqol dilində də “ta” formasındadır.
- Çerigüd – “çeriklər”, “əsgərlər”. Bu söz də iki hissədən ibarətdir: kök – “çerig” və cəm şəkilçisi – “üd”. Müasir monqol dilində “tsereq” (“əsgər”) formasındadır.
- Jasaĵu – “yazını”, “göstərişi”. Türk dilində “yasaq” (“vergi”), monqol dilində isə “zasaq” (“hakimiyyət”) formasındadır.
- İrgen – “irqlər”, “xalqlar”. Bu sözün müasir monqol dilində olub-olmadığını müəyyənləşdirə bilmədik. Ola bilsin ki, vaxtı ilə uyğur dili vasitəsilə ərəb dilindən moğol dilinə keçmişdir.
- Sultad – “sultanlara”, “hökmdarlara”. Bu da ərəb dilindən alınma sözdür.
- İleĵü – “göndərin”. Müasir monqol dilində “ilgeex” formasındadır. Doqquzuncu sözə bax.
- Boljal – “və”. Müasir monqol dilində “ba” və “bolon”, çuvaş dilində “pa”, Tıva dilində “bolqaş” və “bile”, türk dilində “ile”, xakas dilində “le” formasındadır. Zənnimizcə, bu sözlərin hamısı bir-birindən törəmişdir.
- Ülü – böyük ehtimalla, “hərəkət”, “əməl”, “iş”. Müasir monqol dilində “üyl” formasındadır. Ola bilsin ki, Azərbaycan dilindəki “elə” (et), “əl” (bədən üzvü) sözləri ilə eyni mənşəlidir.
- Qoĵidan – ola bilsin ki, “gecikdirməyin”, “yubatmayın”, “ləngiməyin”. Amma bu sözün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.
- Tngriyi – “Tanrıya”. Müasir monqol dilində “Tengeri” formasındadır. Azərbaycan dilində isə “Tanrı” sözü ilə yanaşı “dan yeri” ifadəsi də vardır. “Dan yeri” əslində elə “Tanrıdır”.
- Jalbariĵu – “dua edib”. Müasir monqol dilində “zalbir”, “zalbiral” formasındadır. Fikrimizcə, Azərbaycan dilindəki “yalvarış” sözü ilə mətndəki “jalbariju” sözünün və müasir monqol dilindəki “zalbir” sözünün mənşəyi eynidir.
- Yeke – “yekə”, “böyük”. Müasir monqol dilində “ix” şəklindədir. Bu söz özünün mətndəki formasını olduğu kimi Azərbaycan dilində saxlamışdır.
- Üileyi – “hərəkət”, “əməl”, “iş”. Otuz səkkizinci sözə bax.
- Uğuğata – “haqqında”, barəsində”, “üçün”, “naminə” kimi tərcümə edənlər vardır. Müasir monqol dilində həmin mənanı ifadə edən və “uğuğata” sözünə bənzəyən “tuxay” sözü vardır. Amma bu sözün eynisini, yaxud oxşarını müasir türk dillərində müəyyənləşdirə bilmədik.
- Jug – müasir monqol dilindəki “tsuqluulax” sözü “yığışmaq” mənasını ifadə edir. Azərbaycan dilindəki “yığışmaq” sözünün “yığ” hissəsini də mətndəki “juq” sözü ilə müqayisə edə bilərik. Amma “juq” sözü “məqsəd”, “hədəf”, əslində isə “istiqamət” kimi də tərcümə edilir. Monqol dilində “çiqlel” (istiqamət) və “tseq” (nöqtə) sözləri vardır.
- Bolğay – ehtimala əsasən, bu söz XIII əsrin moğol dilində “ol”, “olaq”, “olmaq” anlamını ifadə etmişdir. Deməli, moğol dilindəki “bolğay” sözü türk dilindəki “bol” (ol) sözünün eynidir. Yeri gəlmişkən, müasir monqol dilində “bolno” (ol) sözü mövcuddur.
- Kemen – bu sözün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.
- Ede – bir varianta görə, “öz”, “özümüzün”, “bizim”. Müasir monqol dilində “tedniy” formasındadır. Digər varianta əsasən, “deyərək” anlamını ifadə edir.
- Sadadin – şəxs adıdır.
- Sinanadin – şəxs adıdır.
- Samsadin-i – şəxs adıdır.
- İlebei – “göndərdim”. Müasir monqol dilində “ilgeesen” formasındadır. Ola bilsin ki, “ilebei” sözü “ile” (göndər) və “bi” (mən) sözlərinin birləşməsindən yaranmışdır. Həmçinin doqquzuncu sözə bax.
- Jaĵasadqun (və ya “jasadqun”) – bəzi variantlarda bu söz “toplayın”, “toplaşın”, “yığın”, “yığışın” kimi, digərlərində isə “hazırlaşın”, “hazırlayın” kimi tərcümə edilmişdir. Zənnimizcə, ikinci variant doğrudur. Onun eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.
- Doluğan – “yeddi”. Müasir monqol dilində “doloo” formasındadır. Bu sözün türk dillərində bənzəri yoxdur.
- Jağud – “yüz”. Müasir monqol dilində “zuu” formasındadır. Monqol dilindəki “zuu” sözü ilə türk dillərindəki “jüz”, macar dilindəki “szaz”, fars dilindəki “sad”, eston dilindəki “sada” sözlərinin mənşəyi eynidir.
- Nigen – “bir”. Müasir monqol dilində “neq” şəklindədir. Hay dilindəki “meq”, macar dilindəki “egy”, fin dilindəki “yksi”, eston dilindəki “üks”, tacik dilindəki “yak”, fars dilindəki “yek”, Azərbaycan dilindəki “tək” sözü ilə eyni mənşəlidir.
- Od – “da”, -“də” (şəkilçi). Müasir monqol dilində “ond” şəklindədir.
- Bars – “bars”, “bəbir”, “pələng”. Müasir monqol dilində “bar”, türk dillərində isə “bars” formasındadır. Qeyd etmək lazımdır ki, monqol dilindəki “bar”, türk dillərindəki “bars”, latın dilindəki “pard”, “pardus” (bəbir) sözləri arasında yaxınlıq vardır.
- Jil – “il”. Müasir monqol dilində də “jil” şəklindədir. Zənnimizcə, monqol dilindəki “jil”, qazax dilindəki “jıl”, saxa dilindəki “sıl”, tacik dilindəki “sol”, kürd və fars dillərindəki “sal” sözlərinin mənşəyi eynidir.
- Qaburun – “baharın”. Müasir monqol dilində “xavar” formasındadır. Monqol dilindəki “xavar” sözü ilə Azərbaycan dilindəki “bahar” və fars dilindəki “bəhar” sözləri mənaca eyni, formaca bənzərdirlər.
- Ečüs – böyük ehtimalla, “sonuncu”, “axırıncı”. Monqol və türk dillərində bənzərini müəyyənləşdirə bilmədik.
- Sarayin – “ay”, “ayın”. Müasir monqol dilində həm təqvim ayına, həm də səma cismi aya “sar” deyilir. Zənnimizcə, o türk dillərindəki “ay” sözü ilə eyni mənşəyə malikdir.
- Arban – “on”. Müasir monqol dilində “arvan”, “arban” şəklindədir. Bəlkə də bu sözün “ban”, “van” hissəsi çuvaş dilindəki “vunna” (on) sözünün vasitəsilə digər türk dillərindəki “on”, “un” sözü ilə əlaqəlidir.
- Dőrben – “dörd”. Müasir monqol dilində “döröv”, “dörvön”, “durben” formasındadır. Şübhəsiz ki, türk dillərindəki “dörd” və mancur dillərindəki “dıgin” (dörd) sözləri ilə eyni mənşəlidir.
- Qos Qabuğ – yer adıdır.
- Büküidür – mətndən göründüyü kimi, bu söz Azərbaycan dilinə “yerdə”, yaxud “yaxınlığında”, “ətrafında” kimi tərcümə edilə bilər. Amma “büküidür” sözünün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.
- Bičibei – “biçdim”, “yazdım”. Müasir monqol dilində “biçsen” formasındadır.
Nəticə. Mətndə işlənmiş 82 sözdən yeddisi şəxs adı, biri titul, biri toponim, on üçü təkrarlanan sözlərdir. Yerdə 60 söz qalır. Onlardan təxminən qırx beşinin eynisi, yaxud bənzəri müasir Azərbaycan dilində vardır. Xatırladaq ki, müqayisə XIII əsrin moğol dili ilə XXI əsrin Azərbaycan dili arasında aparılmış və belə bir nəticə (75%) alınmışdır. Görəsən, XIII əsrin moğol dili ilə VI əsrin türk dili arasında müqayisə aparılsaydı, nəticə necə olardı?
Beləliklə, bu qənaətə gələ bilərik ki, Çingiz xan indiki monqol dilinə yaxın olan bir dildə danışırdı. Lakin təhlilimiz göstərdi ki, həmin dil türk dilinə də yaxın idi. Çingiz xanın XIII–XIV əsrlərdə yaşamış və bu dildə danışmağı hələ yadırğamamış törəmələri də onu məhz türk dili adlandırırdılar.
Mənbə: Milli Kimlik
Müəllif: Araz ŞƏHRİLİ
MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru