
BAYRAQ DƏRSİ
Mən altı yaşımda elə bir ehtizazlı, ehtişamlı, ehtiraslı mənaçılıq mühitinə düşmüşəm ki, türklüyüm, türk ruhaniyyəti öz keyfiyyət halı ilə o gündən içimdə tam oturuş tapıb. Özümsüz olmaqdan çıxıb özümlü olmuşam. Bizim ailəmizdə milli mənsubiyyətimizin kimliyi ancaq və ancaq türk olmağımızan keçib. Mən Türk deyəndə gözlərim önündə üfiq ötəsindən boy verən, məni heyrətə gətirən ərənli, ərdəmli, insanlığa örnək olan peyğəmbər timsallı bəşər övladının ərlik davası ilə yaşayan abidə insan obrazı canlanıb. Göyə inanc edən türk ruhum qəlbimə köçüb, ağlımın dərk etmədiyi mütləq həqiqəti dərk edib. O gündən Türk olduğumu haqq bilmişəm. 6 yaşımda Xatun nənəmin “Türk ölər, yalan danışman” sözlərini sırğa edib qulaqlarımdan asmışam. Bütün həyatım boyu müntəzəm-müdam və bu gün də haqqın yanında durmağımdan, həqiqətçi olmağımdan, əlimdə Tanrı qələmi tutmağımdan, türk ruhaniyyətli türk oğlu türk olmağımdan fərəh hissi keçirmişəm və keçirirəm…
Torpaqsız Vətən, Bayraqsız dövlət olmaz. Vətənə Ana Vətən, onu bizə Vətən edən torpağa da Ana Torpaq, torpaqsız da Göy olmaz deyirik. Ana Vətənin Ana Torpağın Göyündə dalğalanan Bayrağa isə müstəqilliyimizin, dövlətçiliyimizin, milli varlığımızın, milli kimliyimizin, vətəndaşlıq haqqımızın, namusumuzun simgəsi kimi baxırıq. Əfsuslar olsun ki, I Qarabağ müharibəsində Cənnət Qarabağ dediyimiz Ana Vətən erməni-daşnak faşistləri tərəfindən işğal edildi. Cənnət Qarabağımızda Üçrəngli bayrağımızı yüksəldə, dalğalandıra, Vətən namusunu hifz edə bilmədik. Uzun illər Vətəndə Vətənsiz yaşadıq, öksüz qaldıq. Ancaq 44 günlük II Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlara qayıdış başladı. Axı, torpağın da özünün danışan dili, hal dili var. Görəsən, namusu taptanmış o, torpaqlar bizi bağışlayacaqmı?!..
Mənə elə gəlir ki, sualın tək bir cavabı var: Torpaq bizi o zaman, o vaxt bağışlayacaq ki, biz içəridən dikələk, o torpağa türk kişisi, türk qadını kimi, bir sözlə, Allah adamı kimi ayaq basaq, türk ruhunda, türk ruhaniyyətində qayıtmış olaq. Türkləşmədən o torpağa qayıtmağa haqqımız yoxdur. Bizim o torpaqları birinci Qarabağ müharibəsində 5 il sərasər müdafiə edib 5 gün müddətində erməni-daşnak faşistlərinə təslim etməyimizin sonlu-sonsuz sayda, çoxlu səbəbləri, adbaad adı çəkiləcək günah sahibləri var. Ən böyük günah sahibi isə biz özümüzük. Çünki o günlərdə biz ruhu ölü, nəfsi diri məxluqat durumuna düşmüşdük. Qarı qızını, it yiyəsini tanımırdı. Nəinki türk kimliyimizi, insanlıq şüurunu, hətta instinkt özünü müdafiə halını belə ruhən itirmişdik. İstər Qərbi Asərbaycanımızı, istərsə də AR-da Xocalıdan tutmuş Zəngilanadək 12 rayonumuzu növbəsi çatdıqca eyni ssenari üzrə ardarda bir həftə ərzində boşaltmağımız və ya döyüşlərdə uduzmağımızın başlıca səbəbini mən türk ruhaniyyətimizin sıfır həddən aşağı səviyyədə olmasında görürəm və gördüm…
Bəri başdan deyim ki, yazılı ədəbiyyatda, bizim tarixçilər yazsa da, yazmasa da bizim türk ruhaniyyətimiz mahiyyət etibarı ilə özünün ilkin kökünü, Öz oğulqız-Oğuz ilkinliyini Asər və Sümər türkçülüyündən alır. Ona görə də türkçülük mahiyyəti Göy Tanrıçılıq və sümərçilik mahiyyəti deməkdir. Yetər ki, Asər və Sümər türklərindən üzü bəri əcdadlarımızdan bizə miras qalan, dövlətçiliyimizin mənası, simgəsi olan bugünkü Üçrəngli bayrağımızın varlığını, oxunuşunu necə var, öz dəst-xəttində, öz mahiyyətində başa düşək, doğmalığını dərk edək və onun müqədəsliyinə inancımızı daha da artıraq:
(I) Bayrağın birinci, baş-ilk zolağı mavi rəngdədir. Mavi rəng türkün göy irqli olmasından, onun ari irqliyindən, bütün irqlərin Adam Ata, Hava Ana doğuşundan xəbər verir Mavi zolaq həm birbaşa türklüyümüz, həm də türklüyümüzə işarətimiz deməkdir. Türk ruhu və mənəviyyatının, türk ruhaniyyətinin daşıyıcıları olmağımız deməkdir. Türkün qəlbi onun göyevidir. Müasirləşmək elə göyləşmənin özüdür. Mavi rəng həm göylüyümüz, bu günümüz, həm keçmişimiz, həm də gələcəyimizdir. Nəinki türkləşmənin, insanlaşma yolunun özü belə göyləşmədən, hər kəsin iç dünyasını, davranışını, əxlaqını, ruhaniyyətini türk mənəviyyatı ilə donat¬ma¬sından keçir. Dünyamızın nizam-tərəzisinin hansı dərəcədə, hansı səviyyədə, hansı durumda olması Türk ədalətinin nə yerdə ol¬ma¬sından, əhatə dairəsindən, onun coğrafi miqyasından, “Qızıl alma” adlanan məkan çərçivəsindən asılıdır;
(II) Bayraqdakı qövsvari ay nişanı, səkkiz guşəli ulduzu olan al qırmızı rəngli zolağa diqqət yetirək. Al qırmızı rəngin şə¬hid qanı olması Göy Tanrının-Uca Allahın hökmüdür. Torpaq şəhid qanı ilə suvarılanda, yuyulanda Vətən olur. Əcdadlarımız torpaq uğrunda ölən varsa, Vətəndir, deyiblər. Qırmızı rəngə başqa bir məna, ad verməyə haç bir hacət yoxdur. Ay da, səkkiz guşəli ulduz da isə Tanrı haqqı var. Aşağıdakı izahlar da öz yerlərini alacaqlar;
(III) Üçrəngli bayrağımızın üçüncü-alt zolağı yaşıl rəngdədir. Yaşıl rəng İslamın simgəsisir. Həm də İslam dininin həyat, yaşam dini olmasından xəbər verir. Yaşıl boyadan qaçmaq, uçunmaq lazım deyil. Bu rəng Türk tanrıçılığı ilə İslam tanrıçılığının sintezi kimi dərk edilməlidir. Dinləri araşdıran bilim adamları yekdul fikirdədilər ki, bütün səmavi dinlər qaynağını Göy Tanrıdan alıb. Göy Tanrı elə Uca Allah deməkdir. Göy Tanrı da, Uca Allah da öz təcəllisini işıqda, nurda, təbiətdə, ən çoxda həyat, yaşam tərzi olan yaşıl rəngdə təcəssüm etdirir. İslam gözəl əxlaq dinidir. Unutmaq olmaz ki, İslam ruhunun kökündə türk ruhu, türk ruhaniyyəti durur. Türk ruhu Göy Tanrını-Uca Allahı yerdə axtarmayıb. Heç vaxt xaqanlarını, hökmdarlarını Allahlaşdırmayıb, səndən böyük Göy Tanrı-Uca Allah var, deyib. Kamil olanlarını yüksək səviyyədə qəbul edib, korşalanlarından, kora zehnlilərindən qaçıblar. Heç zaman süni birliyi-eklektikanı qəbul etməyiblər. Bayraqdakı Ay da Türkün İslama töhfəsidir. Türk islamın qoruyucusudur. Çünki bu ulu və uca vəzifəni ona Göy Tanrının-Uca Allahın Özü ismarlamışdır;
(IV) Üçrəngli bayraqdakı səkkiz guşəli ulduz bizə Sümər türklərindən ötürülən Tanrı rəmzidir. Onun hər guşəsi özündə Türk ruhaniyyətinin, Türk mənəviyyatının, Türk əxlaqının, Türk davranışının, Türk insanının əsas xarakterik-xüsusiyyətlərinin, xislətinin ana xətlərindən birini ehtiva edir:
- Türk birüzlüdür. Aldatmağı, yalan danışmağı ləyaqətinə sığışdırmır, anadangəlmə inanclı, inamçıdır. Türkün sadəlövhlüyü əslində sadəlövhçülük deyil, onun xislətidəki ləyaqət hissidir. Dəllallıq, dələduzluq, möhtəkirlik, hərcayilik, vasvasalı olmaq, bədbinlik, ümidsizlik, soyuqluq, özgəlik, Batılı qansızlığı, köləlik, yaltaqlıq, pulçuluq, milyarder olmaq həvəsinə düşmək türk ruhuna yaddır;
- Türk sözü bütövdür. Əhdinə vəfalıdı, vədinə xilaf çıxmaz. Əmanətə xəyanət etməz, mədəsinə haram tikə atmaz. Türk buğda dillidir. Dili nə qədər sadədirsə, qəlbə bağ-lıdırsa, özü də davranışında, əxlaqında bir o qədər saf, sadə və səmimidir, açıq ürəklidir. Təkəbbürün, kibrin, hiylənin, həsədin, kin və ədavətin nə olduğunu bilməz, bəsitlikdən, sünilikdən uzaqdır. Təvazökardır, onda özünü öymə, özünü bəyənmə, tərif etmə, şana-şıhrətə uyma hissi yoxdur;
- Türk insana qıymağı sevməz. İnsan onun üçün böyükdür. İnsan öldürməyi sevməsə də döyüşməyi, öldürməyi bacarır. Ancaq insanı öldürməkdən həzz almır, qorxmazlıqdan həzz alır. Qələbəni sevir, ancaq düşməni alçaltmağı sevmir. Aman diləyənə aman verir. İnsan insanın düşməni, cəhənnəmi yox, insan insanın dostu, cənnəti olmalıdır, deyir;
- Türk ailəçidir. Könül sevdalısıdır, kökə bağlıdır. Qadına-qadınlığa qutsal münasibət bəsləyir. Eşqində, sevgisində xalisdir. Eşqi göyləşdirir, ilahiləşdirir. Sevgisi Göy Tanrıdan-Uca Allahdan gəlir. Aşiqliyi nəşələnməkdən üstün tutur. “Bir qadın bir kişini, bir kişi ancaq bir qadını xoşbəxt edə bilər”,-deyir;
- Türk böyüyə sayğı, kiçiyə qayğı göstərir. Çünki Türkün böyüklüyü onun var olan mərhəmətində, həqiqətində və ədalətindədir. Özünü cismani deyil, ruhani varlıq kimi dərk edir. İnsanlığın xilasını daim nəfsi ilə döyüşərək cismani varlığına ruhi varlığının hakim kəsilməsində, onun mənən yenidən doğulmasında, içdən dikəlməsində görür;
- Türk zalıma qalxan, məzluma çətirdir. Türk olan yerdə antiinsani hərəkətlərə son qoyulur, qanun hakim olur. Türkün böyüklüyü onun əsilliyə, insaniliyə, müqəddəsliyə, ruhani zənginliyə sonsuz ehtirasından, alovlu pərəstişindən doğur;
- Türk boz qurd timsalında əqidəsindən, haqq bildiyi yoldan dönməzdir. Qurd ölməz, atəş sönməz, deyir. Haqq yolunda şəhadət şərbəti içmək, ölümüylə ölməzlik qazanmaq Göy Tanrıdan-Uca Allahdan ətadır ona;
- Türk dünya insanlarının ən comərdi, ən səxavət sahibi olanıdır. Həqiqi Türk adamı alicənab, iradəsi qətiyyətli, idrakı əzmli, könlü zərif və zəngin, dürüstlüyü, doğruluğu, düzgünlüyü evən, vətənpərvər, qəlbən Vətənə, torpağa, yurda bağlı, Vərəni canından əziz tutan, mərd və qonaqpərvər, yuxarıdakı bölümlərdə deyilən bütün xarakterik xüsusiyyətləri özündə birləşdirən, özünü mütləq vücuda çevirən kamil insan olmaq deməkdir. Amerikalı zəka sahibi Gene De Matlok Göy Tanrının-Uca Allahın yerə göndərdiyi ən saf millətin türklər olduğunu, onlara verdiyi İlahi güc və işıq vasitəsi ilə dünyanı saflaşdırdığını təqdim və təqdir edir. İnsanların ağ günə çıxması yolunu, insanlığın qurtuluşunun çarəsini tapsa, ancaq türklərin tapa biləcəyini, daha mükəmməl dünya üçün gərəkli hərəkətləri ancaq türklərin inşa edə biləcəyini iddia edir;
Qeyd: Biz latın qafikasına və ya kril əlifbasına keçdiyimiz gündən və ya ildən üzü bəri yüz ildirki sətirləri soldan sağa oxuduğumuzdan mən belə hesab edirəm ki, şəhər, qəsəbə və kəndlərimizdə binaların divar və pəncərələrindən sallanan Üçrəngli bayrağımız rəng sıralamasına görə tərsinə asılır. Mən bunun səbəbini soruşanda hamı bir ağızdan deyir ki, Nazirlər Kabinetinin göstərişi belədir. Guya bayraq divar və ya pəncərədən asılarkən birinci sırada yaşıl rəng durmalıdır. Mənə belə gəlir ki, bu işdə bir tərslik var…

Müəllif: ƏLİ SAHİB ƏROĞUL
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru