Kateqoriya arxivləri: Ata haqqında şeirlər

SEYMUR SÖNMƏZİN ŞEİRLƏRİ

SEYMUR SÖNMƏZİN YAZILARI

SAATIN ƏQRƏBLƏRİ…
Saatın əqrəbləri firlandıqca səs edir,
Günlər elə bir şeydi ömürdən ildən gedir,
Boş sözlər nadan kimi, küləyə bənzər əsir,
Yaşa doldum, hiss edib ümidlə geri baxdım-
Fevralın otuzuna vədə verib vaxt aldım!
* * *
Yollar qırov bağlamış ümüdlərə qor düşmüş,
Xəyallar pərən pərən arzular talan çökmüş,
Doğurdanda adam tək yaşamaq böyük yükmüş,
Gah gerəyə gahda ki, irəlliyə yön aldım-
Fevralın otuzuna vədə verib vaxt aldım!
* * *
Enişidə dolandım, yoxuşuda keçmişəm,
Zaman zaman dünyanın hər üzünü görmüşəm,
Qəlbi nadan birinə verərkən səhv etmişəm,
Çox təəssüf ki, bunu, sonunda gec anladım-
Fevralın otuzuna vədə verib vaxt aldım-
* * *
Nə biləydim sonu yox dərk etmədim vaxtında,
Dildə aciz qalibdı, danışarkən haqqında,
Yuxuya dalmış idim, gördüm deyir son anda,
Gözləyəcəm gələrsən, yubanmazsan həyatım-
Fevralın otuzuna vədə verib vaxt aldım!

ÖZ CƏZANDIR ÇƏK, QADIN…
Bu gun şəklinə baxıb
Gördüm siyah tellərin
Ağarıbdı qar kimi.
Sən ki, belə deyildin,
Bir vaxt göz oxşayırdın
Hər addımda dil açan
Çiçəkli bahar kimi.
Bəs, niyə saçlarına
Erkən dən düşdü sənin?
Bəlkə bulanıq sular
Bircə anda üstündən
Adlayıb keçdi sənin?
Bir nişanə qalmadı
Əzəlki yerişindən.
Bir vaxtlar məst olurdu
Çoxları gülüşündən…
Sən heç belə deyildin
Əhdini tapdalayıb
Baş götürüb gedəndə.
Yəqin günahın kimi
Qəlbini çəkib dara
Saçlarındakı dən də…
Söylə, niyə axı sən
Eşqimi ağlar qoyub,
Əsiri oldun yadın?
Heç özüm də bilmirəm
Necə əff edim səni,
Öz cəzandır, çək, qadın!

SEVƏNLƏRİ VAR OLSUN…
(“Sevgililər günü”nə)
Gör necə də gözəlmiş
Ömrün vüsal çağları.
Sevgidir insanlığın
Nur timsallı baharı.
Tükənməyən arzular
Məhəbbətdən güc alsın –
Sevənləri var olsun!
* * *
İsinsin saf duyğular
Körpə nəfəsi ilə.
Vəcdə gəlsin ürəklər
Gənclik həvəsi ilə.
Saf eşqin təravəti
Nə saralsın, nə solsun –
Sevənləri var olsun!
* * *
Şən nəğmələr dolaşsın
Hər yanı qarış-qarış.
Qorxutmasın heç kimi
Çovğun, şaxta, qarlı qış.
Təkcə eşqin havası
Həmişə qəlbə dolsun –
Sevənləri var olsun!
* * *
Seymur mübarək deyir,
Sevgililər gününə.
Qoy, yamanlıq çıxmasın
Qəlbən sevib-sevilən
İnsanların önünə!
Bu şeirim cavanlara
Məndən nişanə qalsın –
Sevənləri var olsun!

BU GÜN MƏNƏ TOXUNMAYIN
İçimdə vulkan püskürür,
Titrəyir sütünum-tağım.
Üstümdən qarayel keçib,
Üşüyür əlim-ayağım.
Baxışlarım sanki donub –
Quzeydəki qar kimiyəm!
Bu gün mənə toxunmayın
Simi qırıq tar kimiyəm!
* * *
İşığa həsrət qalmışam,
Zülmət çökübdür üstümə.
Bir namərdin gizli əli
Yaman durubdu qəsdimə…
Əlçatmayan, ünyetməyən –
Bir uçuq divar kimiyəm.
Bu gün mənə toxunmayın
Simi qırıq tar kimiyəm!
* * *
Yollar üzümə bağlıdı,
Yoxuşum yox, enişim yox.
Məhbusam tənha adada,
Doğma yurda dönüşüm yox!
Əhədimi kəsib külək –
Alışmayan qor kimiyəm.
Bu gün mənə toxunmayın
Simi qırıq tar kimiyəm!
* * *
Nə gücüm var, nə taqətim,
Bozqurd kimi ac gəzirəm.
Elə bil havalanmışam,
Dərdimə əlac gəzirəm.
Bu gün mənə toxunmayın –
Simi qırıq tar kimiyəm.
Bu gün mənə toxunmayın
Simi qırıq tar kimiyəm!

ATA HƏSRƏTİ
Ata, yoxluğuna necə tablaşım,
Sənsiz qurumayıb hələ göz yaşım.
Keçir dərd içində baharım-qışım,
Heç vaxt qınamasın qoy, nadan mən –
Ata həsrətidir, sızladan məni!
* * *
Elə bil fırlanır başıma dünya,
Dönüb qar-sazaqlı qışıma dünya.
Ta gəlmir nədənsə xoşuma dünya,
Sıxır için-için ürək-can məni –
Ata həsrətidir, sızladan məni!
* * *
Kaş, atam dirilib geriyə dönə,
Sığınam Tanrının böyüklüyünə…
Dikmişəm gözümü hər gələn günə,
Nə eşq ovundurur, nə ad-san məni –
Ata həsrətidir, sızladan məni!
* * *
Sanki suya həsrət bomboş səhrayam,
İşığı qeyb olan ulduzam, ayam.
Heyim qalmayıb ki, günləri sayam,
Qoparıb kökümdən bir tufan məni –
Ata həsrətidir, sızladan məni!
* * *
Dikəldə bilməyir Seymur qəddimi,
Tapdamaq çətinmiş dərdin rəddini…
Dinmədim, qəm-kədər aşdı həddini,
Tutub elə bil ki, nahaqq qan məni –
Ata həsrətidir sızladan məni!

MƏNİM ÖMÜR YOLUM
(Öz doğum günümə yazdığım şeir)
Boylanıb geriyə baxdım bir anlıq,
Elə bil üstümü duman-çən aldı.
Gözümün önündən keçdi cavanlıq,
Ömrün bir ili də arxada qaldı.
* * *
Nə yaman tez ötdü aylar-fəsillər,
Anlar tufan kimi, yel kimi keçdi.
Durub arxasınca baxdığım illər,
Qarşımdan bulanıq sel kimi keçdi.
* * *
Söykədim üzümü xatirələrə,
Sevdalı çağlarım geriyə döndü.
Zülmətdə qərq olan neçə bənd-bərə,
Mənimlə birlikdə dil açdı, dindi.
* * *
Közərdim təzədən sönmüş ocaqtək,
Nurlu sabahların seyrinə çıxdım.
Yaratmaq eşqiylə çırpındı ürək,
Keçilməz sədləri bir anda yıxdım…
* * *
Duruldum su kimi avazda-səsdə,
Sanmayın ağlımı nəsə çaşdıdı.
Bir il gəldisə də yaşımın üstə,
Məni şeirlərim cavanlaşdıdı.
04.02.2022.

MƏNİ QƏRİBSƏSƏN ÜRƏYİNDƏ GƏZ
Nə əlIərm çatır, nə səsim sənə,
Tanışdır istəyim-həvəsim sənə.
Bilirəm doğmadır nəfəsim sənə.
Demirəm bir acı külək kimi əs –
Qəriblik eşqimi sarsıda bilməz!
* * *
Keşkə xoş sorağın çataydı mənə,
Çıxaydıq xəyalən çölə-çəmənə.
Adını çəkirəm mən dönə-dönə,
Hicranın yolunu saf eşqinlə kəs –
Qəriblik eşqimi sarsıda bilməz!
* * *
Dönsəydin əzəlki görüş yerinə,
Gül-çiçək səpərdim qədəmlərinə.
Bəlkə getməyək bir də dərinə…
Nisgili, kədəri gəl tapdala-əz –
Qəriblik eşqimi sarsıda bilməz!
* * *
Seymur heç vaxt səni unudan deyil,
Yalançı məhəbbət şərəf-şan deyil.
Eşqimin möhləti bircə an deyil,
Məni qəribsəsən ürəyində gəz –
Qəriblik eşqimi sarsıda bilməz!

SƏNİ NECƏ TAPIM…
(Dialoq)
Oğlan
Yatmışdım, telefonun zəngi oyatdı,
Məst etdi, ay gözəl, xoş səsin məni.
Avazın könlümə şirinlik qatdı,
Yerimdən oynatdı həvəsin məni.
Qız
Səni soraqlayıb, aramasam da,
Bənd oldum bir anda kəlmələrinə.
Düşdüm elə bil ki qaynar bir oda,
Danmıram, ürəkdən vuruldum sənə.
Oğlan
Dedim, bəs bəxtimdir üzümə gülən,
Ürəyim köksümə sığmadı mənim.
Sandım ki, səsindən nurdu süzülən,
Dil açdı al-əlvan şehli çəmənim…
Qız
Sanki məhəbbətin düşdüm sehrinə,
Adını soruşmaq çıxdı yadımdan.
Şükr etdim Allahın böyüklüyünə,
Qəlbimdə dağ kimi böyüdün hər an…
Oğlan
Dalğamı dəyişdi, telefonmu söndü,
Elə bir andaca itirdim səni.
Nömrən gizli imiş, neyləyim indi,
Xəyalən könlümdə bitirdim səni…

XOCALIMIZ QƏM SELİNDƏ İSLANIR
(Xocalı şəhidlərinin xatirəsinə)
Göy üzünü qara bulud alıbdır,
Dört tərəfi mənfur düşmən sarıbdır,
Necə insan canlarından olubdur,
Bu gün nisgil dolu qəlblər talanır-
Xocalımız qəm selində islanır.
* * *
Qoca cavan baxmayaraq vurubdu,
Körbə üzü, saralıbdı solubdu,
Bu matəmə dünya şahid olubdu,
Bu gün nisgil dolu qəlblər talanır-
Xocalımız qəm selində islanır.
* * *
Yağı talan etdi Ana Vətənin
Dağılmaz başından dumanı,çəni,
Çağırır,Xocalı çağırır səni,
Bu gün nisgil dolu qəlblər talanır,
Xocalımız qəm selində islanır.

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nuranə Rafailqızı – Ata haqqında şeirlər

Nuranə RAFAİLQIZI 

Öz yanına apar məni!
Ey xəstə könlüm dərmanı,
Dərdim var, bəs dərman hanı?!
Tərk edəndə bu dünyanı,
Əymə yolum sağa-sola
düz, yanına apar məni!
Ata, burda tənha qoyma,
öz yanına apar məni!
* * *
Yağış yağar, çətirim sən,
Çiçək qoxan ətirim sən,
Hər bir misram, sətirim sən,
Deyəcəyəm şirin-şirin
söz, yanına apar məni!
Ata, burda tənha qoyma,
öz yanına apar məni!
* * *
Gözüm yolda, könlüm səsdə,
Ruhum sıxılır qəfəsdə.
Alovlanıb sinəm üstə,
Dayanmadan yanar-sönər
köz, yanına apar məni!
Ata, burda tənha qoyma,
öz yanına apar məni!
* * *
Gör, nə yazdı Fələk qarı?!
Məlul qoydun dostu-yarı…
Bu cavabsız sualları
Bircə-bircə cavablandır
çöz, yanına apar məni!
Ata, burda tənha qoyma,
öz yanına apar məni!
* * *
Saçlarıma saldın dəni,
Yaşatdın dumanı-çəni.
Boynubükük bənövşəni
Qoyma qala kol dibində
üz, yanına apar məni!
Ata, burda tənha qoyma,
öz yanına apar məni!
* * *
Həyat fani, ömür yalan,
Ey canını candan alan!
İlişib üzümdə qalan
Öz əlimlə qapatdığım
göz, yanına apar məni!
Ata, burda tənha qoyma,
öz yanına apar məni!
* * *
Sən qəbirdə yata-yata,
Mənim üçün ömür xəta!
Hey deyirdim: “Yaşa, Ata,
Oğulların toy günündə
süz, yanına apar məni!
Ata, burda tənha qoyma,
öz yanına apar məni!
* * *
Heç kim gəlmədi dalınca,
Tanrı canını alınca…
Əcəlimə az qalınca
Əzrayılla gəl canıma
döz, yanına apar məni!
Ata, burda tənha qoyma,
öz yanına apar məni!

Atam vay!
Qandı gözü, əl vurmayın, toxunmayın ağrıyır,
Nalə çəkib neçə-neçə könülləri dağlıyır,
Taleyimdə xoş nə varsa, qapısını bağlıyır.
Qaysaqlanmır, təpələnmir içimdəki yaram vay!
Sənsiz haram ağrımayır, can ay Ata, haram vay!
* * *
Gözümüzdən axan qan-yaş ümmanların selidi,
Əllərinə həsrət qalan, qızlarının telidi.
Qorxmuram ki, ad qoyarlar deyərlər ki, dəlidi!
Yoxsa gəlib bir ömürlük başdaşını saram, vay!
Sənsiz haram ağrımayır, can ay Ata, haram vay!
* * *
Düz otuz beş il yaşadım, hər ötən gün rəngarəng,
Həm arxamdın, dayağımdın, həm ömrümə bərbəzək!
Evin uçsun mərdimazar, gələn gündən bizə dəng,
Həyatıma bir rəng qatdı, başımdakı qaram, vay!
Sənsiz haram ağrımayır, can ay Ata, haram vay!
* * *
Sən yoxsansa, mən də yoxam, bır quruca nəfəsəm,
Arzuları ürəyində həbs olunan qəfəsəm,
Susdurmayın, innən belə “Ata!” hayqıran səsəm!
Çıxıb getdin, mənsə hələ bu dünyada varam, vay!
Sənsiz haram ağrımayır, can ay Ata, haram vay!
* * *
Həyat hələ davam edir, gecə düşür, gün batır,
Hamı girir, isitdiyin isti yataqda yatır.
Bir ucuzca ölüm nədir, Tanrım, mənə tez çatdır!
Yaşadığım hər bir anım mənə olsun haram, vay!
Sənsiz haram ağrımayır, can ay Ata, haram vay!
* * *
Nə yerdəyəm, nə göydəyəm, nə evdəyəm, nə çöldə,
Nə dağdayam, dərədəyəm, nə çaydayam, nə göldə!
“Səbr elə! Dözümlü ol!”-demək asandı dildə,
Tabutumda inildəyir şaqqalanmış param, vay!
Sənsiz haram ağrımayır, can ay Ata, haram vay!
* * *
Sakit durma, Ulu Tanrım, dərgahından danış-din!
Can alanda, can verəndə Atama nə çəkdirdin?!
Bir kənarda susmuş idim, necə məni dindirdin,
Dünya mənə dar gəlməyir, mən dünyaya daram, vay!
Sənsiz haram ağrımayır, can ay Ata, haram vay!

Torpaq.
Doğulandan gözəyirmiş,
Soyuq, üzüqara torpaq.
Biz pay verdik uddu səni
Qara torpaq, qara torpaq!
* * *
Boş qalan yatağın-yerin
Gah isinir, gah da sərin
Sinəmizdə açdı dərin
Yara torpaq, yara torpaq!
* * *
Gedən gedir, qalır qalan.
Dünya fani, ömür yalan!
Səni əlimizdən alan
Qalsın, zəhirmara torpaq!
* * *
Daha keçmir günümüz xoş!
Arxamız boş, önümüz boş.
Bir şeir də gəl, ona qoş!
Sığmır misralara torpaq…
* * *
Əcəl çatar, verməz aman
Uşaq, körpə, qoca, cavan.
Baxmaz yetişəndə zaman
Payıza, bahara torpaq!
* * *
Nə dahisi, nə aqili,
Nə alimi, nə cahili.
Udur elə diri-diri
Baxmır dövlət-vara torpaq!
* * *
Harayıma, nəfəsimə
Bir yol səs verə səsimə.
Sıxa məni də köksünə
Tezlikilə sara torpaq!

Qalx oğlunun son zəngidi, ay Ata!
Bağımızdan gül-çiçək dərəcəkdin,
Öz əlinlə toplayıb, hörəcəkdin,
Qohumlara qonaqlıq verəcəkdin…
A bəxtəvər, əcəb çatdın murada!
Qalx oğlunun son zəngidi, ay Ata!
* * *
Min həvəslə gözləmişdin bu günü,
Ay ömrümün bəzəyi, toy-düyünü!
Görəmmədin məzmununu, bəyini,
Bəs nə deyim indi, qohuma yada?
Qalx oğlunun son zəngidi, ay Ata!
* * *
Dağılıbdı dünyam xaraba, uçuq,
Göz yaşlarım düzülüb muncuq-muncuq.
Arzuların ürəyimdə tumurcuq,
Diləklərin keçmədi ki, həyata.
Qalx oğlunun son zəngidi, ay Ata!
* * *
Ata, səndin hər zaman gərəyimiz,
Süfrəmizdə duzumuz, çörəyimiz.
Axı necə açılsın ürəyimiz?
Başımızda var bu boyda qan-qada.
Qalx oğlunun son zəngidi, ay Ata!
* * *
Xoş nağıldın, heyif pis bitdi sonu.
Anlamadıq taleyin bu oynunu.
Qəbrin üstə gəlib büküb boynunu,
Axı, niyə göz yumdun bu fəryada?
Qalx oğlunun son zəngidi, ay Ata!
* * *
Böyütmüşdün onu əziyyət ilə,
Neçə həvəs, xoş arzu, niyyət ilə.
Şərəf ilə, şan ilə, şöhrət ilə,
İndi bir bax, bu qırılan qanada!
Qalx oğlunun son zəngidi, ay Ata!
* * *
Qolu qırıq aşıqların sazıyam,
Tanrı, göndər Əzarayılı razıyam!
Nuranəyəm Rafailin qızıyam!
Qurban olum, üstümdəki bu ada!
Qalx oğlunun son zəngidi,ay Ata!

Ölə bilmirəm!
Gəldim öpəm başdaşını,
Göydən düşən baş daşını.
Gözümdəki göz yaşını,
Silirəm…silə bilmirəm!
* * *
Sən nə çəkdin, necə çəkdin,
Gündüz çəkdin, gecə çəkdin,
Boşmu çəkdin, heçə çəkdin,
Bilirəm…bilə bilmirəm!
* * *
Bu günümdə, dünümdəsən,
Harayımda, ünümdəsən.
Gözlərimin önündəsən
Gülürəm…gülə bilmirəm!
* * *
Gör, nə yazdı Fələk qarı?!
Gəl, məni də apar barı!
Bir yol gəlir sənə sarı
Gəlirəm…gələ bilmirəm!
* * *
Bu nədi, bu nə düyündü?
Deyin mənə, kim öyündü?!
Can verirəm, düz on gündü
Ölürəm… ölə bilmirəm!

Ana, belə olurmuş ayrılıqlar…
Atamdan sonra…
Sübh açılar… işinə tək gedərsən,
Yağış yağar, əsər külək gedərsən,
Yavaş-yavaş bu dərdi çək, gedərsən.
Ana, belə olurmuş ayrılıqlar!
Ayrılıqdan betər dünyada nə var?!
* * *
Sübh açılar… günəş doğar mənə nə?
Körpə olum bas, bağrına-sinənə,
Atam alıb, öpüb-oxşasın yenə…
Ana, belə olurmuş ayrılıqlar!
Ayrılıqdan betər dünyada nə var?!
* * *
Günortalar… hazır olar yeməyin,
Heç kim yeməz, boşa gedər əməyin.
Dur, yığışdır! Daha yoxdu köməyin…
Ana, belə olurmuş ayrılıqlar!
Ayrılıqdan betər dünyada nə var?!
* * *
Günortalar… heç nəyə həvəsim yox,
Can üstəyəm, verməyə nəfəsim yox,
Dünya dolu sanki, heç bir kəsim yox!
Ana, belə olurmuş ayrılıqlar!
Ayrılıqdan betər dünyada nə var?!
* * *
Axşam olar… gün üfüqdə can verər,
Səhər yenə onu bizə dan verər.
Kim deyir ki, dərmanı zaman verər?
Ana, belə olurmuş ayrılıqlar!
Ayrılıqdan betər dünyada nə var?!
* * *
Axşam olar… ürəyim çox darıxar,
Dərdə, sərə doymuşam tox, darıxar.
Dünya uçsun Atam ki yox, darıxar!
Ana, belə olurmuş ayrılıqlar!
Ayrılıqdan betər dünyada nə var?!

Müəllif: Nuranə RAFAİLQIZI 

NURANƏ RAFAİLQIZININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru