
HÜZUR
Varmı görən bir dünya ki,
Yoxuşları bağ-bağatlı
Enişi də bir həyatdır!?
Orda bulaq axsın sakit
Her yetənə şəfa olsun.
İçib ondan bir damlanı
Biz deyək ki, -Artıq doydum,
Yetər mənə, keç qardaşım-.
Görən varmı belə həyat?
Orda yemək, içmək axıb
Dəryalara qarışmışdır
Hər bir kəsin qarşısında
Doyurmağa dayanmışdır.
Kimsə yesə bir tikə də
Qarnı o an tox olmuşdur
Çəkilərək yuvasına hər ailə
Huzuruna qovuşmuşdur.
Kimsə etmir şikayətin,
Kimsə çəkmir acı, fəryad.
Döyüş yoxdur heç bir yerdə
Çünki vardır tək bir ölkə.
Rəhbəri da yoxdur, çünki
Hər kəs burda
Öz evinin ağasıdır.
Bir işləyib, bir qazanıb,
Bölüşürlər bərabərcə
Dərdi yoxdur insanların
Dərdsiz, qəmsız bir həyata
Göz açmışdır.
Görən varmı belə həyat?
Huzur versin bu sakinlik
Qəlbimizə.
Vursun ürək yavaş-yavaş,
Adəm oğlu, Adəm qızı
Bir yumruqtək bu ölkədə
İrq ayrılmır,
Rəng ayrılmır,
Din ayrılmır.
Tək tanrıdır, hər kəs yalnız
İman etsin ona yalnız.
Hər kəs huzur içindədir
Dünya təkdir,tək ürəkdir.
Vətən
Qürbət cənnət olsa belə.
Yenə səndən yoxdur, Vətən!
Başqa yurdda qalsam belə,
Yaşayıram sənlə, Vətən!
Azərbaycan, səni xalqın
Zirvələrdəə ucaldaraq
Keçmişini gələcəkdə
Nəsillərə çatdıracaq.
Xalqın hər an səninlədir.
Səninlə də ucalacaq.
Uzaqda da, yaxında da,
Səni hər an yaşadacaq.
Qürbət eldə olsam da mən
Qəlbim hər an səninlədir.
Qürbətdə xan olam belə,
Ölüm səndə çox gözəldir.
Sən mənim əlçatmaz məhəbbətimsən
Sən mənim içimdə vuran ürəyim,
Sən mənim könlümdə arzum, diləyim.
Sən mənim həyatım, mənim diləyim.
Sən mənim əlçatmaz məhəbbətimsən.
Fikrimdə hər zaman dolaşan sənsən.
Ömürlük qəlbimdə yaşayan sənsən.
ən gözəl xatirəm həyatda sənsən
Sən mənim əlçatmaz məhəbbətimsən.
Könlümdə bir anda doğan günəşim
Qəlbimdə qəflətən vuran atəşim
Adını qəlbimdə yazan mələksən.
Sən mənim əlçatmaz məhəbbətimsən
Cavabsız məhəbbət
İlk dəfə mən səni gördüyüm zaman
Bilmədim sevgimi necə gizlədim?
Gözümü yumaraq xəyallarımda
Sənə öz sevgimi açmaq istədim.
Mən baxmaq istədim o gül üzünə,
Sarılmaq istədim boynuna sənin.
Sənə öz sevgimi açıqlayarkən
Qarşımda dayandı sevgilin sənin.
Niyə sən gizlədin sevgini məndən?
Utancdan üzünə baxa bilmirəm.
Çevrilib mən geri getmək istərkən,
Qarşımda dayanır saf məhəbbətim.
Səninlə gördüyüm o xoş günlərim,
Qəlbimdə qalacaq mənlə hər zaman.
Məcnuntək sevgini qəlbimə sarıb
Yaşarkən qəlbimdə yaşadacağam.
Çinar
Başı uca duran çinar,
Çox yüksəkdə dolanırsan.
Zirvələrə ucalırsan.
Kölgən qalın…
Ətrafına toplayırsan.
Sərinləmək üçün gələn,
Mədət uman insanları.
Toplayırsan ağuşuna
Fərq qoymadan;
Özgələri,
Doğmaları…
Başın uca, qəlbin geniş
Sevgin yetir hər bir kəsə
Pənah edən varlıq üçün.
Gözəlliyin hər tərəfdən
Bəlli olur.
Səni görən hər bir insan
Bəxtəvərlik oxuyur.
Min bir şeir yazan da var
Uca adın minvalına.
Dastanlar da qoşanlar var.
Şux görünən camalına.
Sən ey çinar, bəs qəlbini
Görən varmı?
O ağlayan bar verməyən
Budağını görən varmı?
Kimə desən : “Çinarların
Barı olmur – söyləyirlər.
-O belə də çox gözəldir,
Qamətinə, duruşuna heç nə çatmır,-
Hey deyirlər.
Bəs bu sözü söyləyənlər
Sənin axan gövdəndəki
Qara qandan, söylə,çinar,
Xəbərləri heç varmıdır?
-Yoxdur, çinar.
Heç kəs səni düşünməyir,
Yalnız kölgən bəs eyləyir.
Bu şəxslərin həyatına
Sən kölgəsən, yalnız kölgə
Qəlbindəki acıları
Bildirməyən, uca zirvə.
İstilərdə ürəkləri sərinlətən
Bir kölgəsən
Bu belə də qalacaqdır.
Çünki dünya əzabında
Alovuna qərq eyləyir.
Od düşdüyü yeri ancaq.
Müəllif: Ayşən Məmmədrzayeva
(fillogiya üzrə Fəlsəfə doktoru)
zeyd.mammadov.11@mail.ru
Ayşən Məmmədrzayevanın yazıları
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru