
SALAM
Gəl, Sən Allah üzürlü say
Buralar tör-töküntüdür
Gözlə açım pəncərəni
Hə Otaq biraz bürküdür.
Bu nəhəng təkliyim səni
Deyəsən yaman hürküdür.
* * *
Əsl qadın faciəsi
Tozlu pəncərə şüşəsi
Dəhlizin ortasındadır
Dağılmış bir zibil qabı
Cırılmış iki-üç şəkil
Çərçivənin sınıqları
Parçalanmış qırmızı don
Və dikdaban ayaqqabı..
* * *
Sükut, vahimə , kölgələr
Dualar çarmığa çəkir
Ümidləri , intiharı ..
Qürur geyinir əzabı
Yalnızlığın taleyimdə
Yaratdığı iltihabı..
* * *
Xatirələr guruldayır
Yağış yağır damır tavan
Zamanın çatlarında qan..
Biraz asta gəz nə olar
Xatirələr oyanacaq
Və qarşında utanmadan
Ağrıları soyunacaq…
* * *
Ayağını qanadacaq
Son arzunun çilikləri
Və anamı ağladacaq..
* * *
Bilirsənmi? sükut səsi
Adamı lap dəli edir
İntəhasız tənhalığın
Darıxmağın iniltisi .
* * *
Bir də gecə olan kimi
Bu itlərin ulaması
Xatirənin tikan kimi
Bədənimi dalaması …
* * *
Hərdən , vahiməli olur
Ayrılıq da udur məni
Bir söz deyim amma gülmə
Düz başımın üstündəki
Bu eybəcər Mona Liza
Hə o da qorxudur məni ..
* * *
Ay yad adam , getmə dayan
Bir çay qoyum , təzə dəmlə
Elə adamsızlaşmışam ..
İstəmirəm itirməyi.
Axşamacan dərdləşirik
Bir mən bir də qara pişik ..
yox onun günahı deyil
Talemin tərs gətirməyi ..
SALAM ƏZİZİZM
Salam əzizim… burda yenə gecədir
Yazıram ki , soruşum Görən halın necədir?
Bircə nigaran qoyma ..bir kəlmə də olsa yaz
Özünə yaxşı bax ha eşitdim ki, soyuqdur
Qalın geyin əynini..
Tamam yadımdan çıxıb,ağlım çaşıb bağışla
Axı sən xoşlamırdın anan kimi danışıb
Qayğını çəkməyimi..
* * *
Nə yeyib nə içirsən?
Yoxsan getmisən bil ki ,gündə ən azı min yol gözlərimdən keçirsən..
İstəmirəm korlayım əhvalını amma ki
Heç özümdə deyiləm..
Yediyim dərddir ancaq, içdiyimsə zəhərdir
Sənsiz məni yaşadan bir quru xatirənsə həsrətində gecələr öldürən bu qəhərdir.
* * *
Ax üşüdür səsinin buz kimi soyuqluğu
Titrəyirəm..tənhalıq iliyimə işləyir
İsti hərarətinlə hansı heykəl baxışa
Ruh üfürdün görəsən?
Yenə hava küləklidir ,üşüməli küləkdir
Gözəl günlər səninlə getdi xatirə olub
Bilirəm ki heç zaman geri gəlməyəcəkdir
Deyirəm ki ,biləsən..
* * *
Payladım ən sonuncu əlvidamı hardasa
Məni yalnız buraxma vidaları sevmirəm
Gəl yenə əvvəlkitək köksünə sıx , qucaqla
Allahhaqqı saçlarım çiynin üçün darıxır
Kəsmirəm heç dəymirəm uzadıram acıqla.
* * *
Bu sərsəri duyğular..yox heç tanış deyildi
Səndən əvvəl o adamın gözü də yaş deyildi
Saçı da payız idi , o balaca qız idi
Sərçətək kövrək idi ürəyi daş deyildi..
Hələ ömrün yazıydı , hələ də qış deyildi..
* * *
İndi bu boz şəhərin bütün küçələrində
Sənin ayaq izlərini baxışlarım yalayır
Hamıya sevgi düşdü, payımasa tənhalıq
“Xalqa it hürüyəndə, mənə çaqqal ulayır”
XATİRƏLƏR
Keçmişin rəflərində itib-batmış xatirələr
Unutmaq zəncirini qırıb
Yapışır darıxmağın yaxasından..
Və vəhşi vüsalın əlləri
ayrılığın ayaqlarını qapır..
Tale xətləri ovucumun qırışlarına hopur
Və qopur ömrümün əqrəbləri saatdan
Əskilir təqvimlər.
Dəhlizin divarlarında son ümid rəqsilə
Tənhalaşır kölgələr.
İndi bu qurumuş cümlələr
Vergüllərə dönən nöqtələrlərlə
Epiloqda bitəcək
Sonuncu səhifədə son sətrinlə..
Neçə güzgüdə ayaqlarını sındırıb arxanca qaçdı baxışlar.
Neçə ip utandı
zaman asarkən
Arzuları boğazından..
Kitabarası qurudulan kəpənəklərin ölü gözəlliyi kimi
Gözəldir təkliyim.
Ehtişam,
İki şam,
Dörd divar ,
Boş otaq fəlsəfəsi
və köhnə grammafonda retro..
Təbəssüm gizlənən dolu qədəh
və Freda kahlo:
“İçimdə qırx qadın
Qırxı da özgə
Qırxı da digəri”.
Müəllif: Ayşən RƏHİM
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru