Təmənnasız adamdır, imkanı, gücü daxilində başqalarına kömək etməyə hazırdır. Çalışqan, işgüzar və əzmkardır. Səiqə-səhmanı xoşlayır, çoxuna nisbətən daha sağlam həyat tərzi keçirir, çox səbirlidir. Necə deyərlər, iti gözləri var- ən xırda təfərrüatları görür. Dərin zəka və ağlı sayəsində gözəl müşahidəçidir. Ətrafa nüfuz etmək qabiliyyəti fitrətindən gəlir. Əşyaların quruluşuna, insanların rəftarına çox diqqətlidir. Öz üzərində işləməyi bacarır- bir işi ən yaxşı tərzdə görmək üçün zəruri olan vərdişlərə yiyələnməyə can atır. Bunun üçün kifayət qədər səbri və dözümü var…
Deyir ki,- “Vəzifə yüksəlişinə can atmaq heç vaxt ağlımdan keçməyib. Çünki hər bir tərəqqinin nə vaxtsa tənəzzülə uğrayacağına əminəm. “Ədəbiyyat qəzeti”ndəki baş redaktorluq görəvim məndən heç nə almadı. Əksinə, ədəbi ideallarımı gerçəkləşdirmək baxımından geniş imkanlar açdı. Müasir Avropa ədəbiyyatına doğru yola çıxdıq. Ədəbiyyatımızı dünya ədəbiyyatı ilə paralel təqdim etdik. Burda həm Apoliner var, həm də Çingiz Əlioğlu, həm Musa Yaqub, həm də Bodler var. Həm Rembo var, həm də Məmməd İsmayıl. Həm Sabir Rüstəmxanlı, həm də Adonis. Həm Nəriman Həsənzadə, həm də Andre Morua. Həm Anar, Elçin, Kamal Abdulla, həm də Rolan Bart var. Həm Nizami Cəfərov, həm də İvan Qoll. Həm Vaqif Səmədoğlu var, həm də Van Qoq. Həm Mircavad var, həm də Pirosmani. Həm Vaqif Mustafazadə var, həm də Bayron. Həm klassika, həm sürrealizm, həm də postmodernizm. Ən əsası, bütün yersiz qarşıdurmaları, mənasız qovğaları görməzdən gəlib ədəbiyyatı önə çəkirik…”
Bir işi öyrənməmişdən əvvəl onu yaxşı başa düşməyə çalışır. Səmimiyyətinə söhbət ola bilməz. Məntiqi hər zaman hisslərindən yüksək tutur. Bəzən dostları arasında və şəxsi həyatında ciddi çətinlikləri olur. Hərdəmxəyal adamlardan uzaq olmağa çalışır…
1963-cü ildə Neftçalada anadan olub. Orta təhsilini doğma yurdda alıb. Sonra Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. “Yeni Azərbaycan” qəzetində humanitar şöbənin müdiri, “Ədəbiyyat” əlavəsinin məsul redaktoru olub. “Ədəbiyyat qəzeti”ndə baş redaktorun müavini, baş redaktor əvəzi vəzifələrində çalışıb. Hazırda “Ədəbiyyat qəzeti”nin baş redaktorudur. “Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları” mövzusunda dissertasiya müdafiə edib. Filologiya üzrə fəlsəfə doktorudur…
Əlbəttə ki, söhbət Azər Turandan gedir. Bir sıra mükafatların laureatıdır. Prezident Təqaüdünə layiq görülüb. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və TÜRKSOY tərəfindən “Vamberi” medalı ilə təltif olunub..
O, həm də yüksək təşkilatçılıq bacarığı ilə tanınır. Nizam-intizamı sevir və hər şeyi müəyyən bir qayda ilə etməyi xoşlayır. Onu əhatə edən kiçik detalların belə fərqinə varır və onları diqqətlə nəzərdən keçirir, bu da ona həm işdə, həm də şəxsi həyatda çox vaxt uğur gətirir…
Bəli, mən Azər Turanı belə tanıyıram. Sentyabrın 16-sı onun həyatında əlamətdar günlərdən biridir. Çünki 61 il bundan öncə həmin gün dünyaya gəlib. Gəlin, Azərbaycanın bu dəyərli oğlunun sevincinə sevinc qatıb, onu ad günü münasibətilə ürəkdən təbrik edək. Çox yaşasın!
Bu gün (21.09.2023) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda Ədəbiyyatşünas-alim, yazıçı-publisist Hacı Azər Turanın 60 illik yubileyi ilə bağlı olaraq, tədbir keçirilib. İştirakçılar yubilyarın həyat yoluna bir daha nəzər salaraq, təbrik və xoş arzularını izhar ediblər.
“YAZARLAR” JURNALI olaraq, biz də Azər müəllimi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Azər Turanın 60 yaşı tamam olur; rəsmən Azər İmamverdi oğlu Əbilov. Və yada salanda ki, ədəbiyyatda(n) keçən şüurlu ömrünün əksər hissəsi (məhz Azər Turan dövrü!) müstəqilliyimizə yaşıddır, elə belə də deyə bilərik: Azər Turan müstəqilliyimizin yetirdiyi parlaq ədəbi simalardan biri, ədib-publisist, ədəbiyyatşünas-tarixçi, tənqidçi və esseist, ümdəsi əqidə və fikir adamıdır.
Şöhrətinin bu çağında (60-ında!), ölkənin yeganə ədəbiyyat qəzeti olan “Ədəbiyyat qəzeti”nin baş yazarı, üstəlik, mənimcə, bugün ölkədə başlıca fikir hərəkatlarından olan “azərturançılığ”ın təmsilçilərindən birisi üçün bütün bu ad-ünvanları yada gətirib sadalamaq bəlkə də ziyadə bir şey. Neçə ay öncə Azər Turan “Atam, anam, qardaşım, mən və Stalin. Cavidlərin ailə dramı” tamaşasına, görünməmiş bir iş, az qala ölkənin bütün ədəbiyyat ictimaiyyətini yığa bilmişdi, – bu incəlik barədə o an düşündüm; həm yenə də simvolik olaraq – Cavid (azərturançılıq!) işığına.
O ədəbiyyat işini, ideya-fikir xəttini ki, Azər Turan müstəqilliyimiz boyu çalışmalarında durmadan yeridir, sovet dönəmində şəksiz ki mümkünsüz bir şeydi. Və hətta bəzən heyrət edirsən, bu qədər aşırı türkçülük həvəsi-ehtirası-enerjisini, turançılıq (öz sözləri ilə: “panturanizm”) bazası-potensialı və başlıcası manifestasiyasını cavanlığından, hələ ilk debüt yazılarından başlayaraq az bir zamanda Azər necə qazana bilmişdir?! Axı ol zamanlar türkçülüyə tam qapalı bir Azərbaycanda yaşayırdıq. Doğrudur, bilirik ki, Azər Əbilov məşhur ədəbiyyat adamı, ədəbiyyatşünas İmamverdi Əbilovun oğludur; necə deyərlər, ortada məşhur İmamverdi Əbilov evi/kitabxanası faktoru var. O da doğru ki, Azərin ədəbi şəxsiyyət kimi yetişməsində məşhur 60-cılar ədəbiyyatının da öz rolu; bizim nəsil ədəbiyyat sevdalılarının cəmisinin bir kumiri olmuş – Anar!, bir az o yana, bir az bu yana. (Bioqrafisi barədə daha təfsilatlı tədqiqatçıları söz deyə bilər; məsələn, bax: Elnarə Akimova, “Uzun, incə bir yolda”. Bakı, “Elm və təhsil”, 2021. 496 səh.) Amma yenə də, yenə də… Azər Turan olmaq axı başqa bir sevda!
O ad-ünvanları ki, bugün Azər Turanın şöhrətinə yaraşdırırıq, sadəcə yubiley qutlaması olmasın gərək; hər birisində Azərin öz payı-xidməti, halalca zəhmətləri vardır. Mənimcə, Azər Turan başlıcası missiya-əqidə daşıyıcısı, fikir adamıdır; türkçü və Turançıdır, bütünlükdə fəaliyyəti və yaradıcılığının nüvəsi, generatoru da bu. Seçdiyi təxəllüsə və bu səmtdə əməliyyəyə görə hər yerdə mən bunu Azər-turançılıq adlandırıram. Türklüyün tarixi minillərlə ölçülür, azərbaycançılığın yaşı yüzillərlə. Azər Turanın öz tədqiqatlarına görə, bir fikir cərəyanı olaraq Turan ideyası (panturanizm) cəmisi yüz əlli- yüz il öncə panslavizmə qarşılıq irəli gəlmiş və “türkçülüyün babası” da, bildiyimiz kimi, Əli bəy Hüseynzadə. Sovetin qürubunda Əli bəy Hüseynzadə ismi və irsi birdən-birə həyatımıza, ədəbiyyatımıza və əməl meydanına girəndə, etiraf olunmalıdır ki, yetmiş il ayrı (yad) qaldığımız bu fikir nəhənginə əvvəlcə şaşırmış, vaqeən həm valeh olmuşduq; Əli bəy Hüseynzadə bizə nəinki yaşadığımız günü (1990-lar və s.-ini) ifadə və izah edirdi, hakəza gedəcəyimiz, gələcək yönü-səmti-konteksti də nişan verir, diktə edirdi. Olsun ki (tədqiqatçılarına borc), Azərin qəlbinə bu sevda (Azər-turançılıq) ruhca da, torpağı-sanı qədər də ona daha yaxın Əli bəy Hüseynzadə sevgisindən düşmüş, sonrakı hadisələrdə, yaşadıqca və yaşandıqca böyümüş, böyümüş, nəhayətdə bugün olmuşdur…
Şəksiz olanı budur ki, Azər Turan bugün bizdə Əli bəy Hüseynzadə irsinin ən sanballı, dərin, şəriksiz araşdırıcısıdır və bunu ardıcıl, təkrar-təkrar təsbit etməkdən yorulmur da. Ol zamanlarda (1990-larda) Əli bəy Hüseynzadə adı çox populyarlaşdı; günün əzbəri oldu, bayrağımızı daşıyan üçlü simvolun müəllifi kimi sitatlardan sitatlara çox qanadlandı. Yaradıcılığı tədqiqata cəlb olundu, dissertasiyalar yazıldı; tədqiqatçı Ofelya Bayramlının zəhmətləri sayəsində əsərləri kitab şəklində çap olundu, “Füyuzat”ın bütün sayları toplu halında işıq üzü gördü. Hələ “Füyuzat” adına imitasion bir dərgi də çıxmağa başladı (unutmayaq ki, 1920-ci illərdə sovetlər də yeni əyyamlara alternativ-imitasion “Yeni füyuzat”dan başlamışdı)… Vəssalam. Sanki bəs elədi, sanki həzm olundu getdi. Yenidən tarixə çəkildi; Əli bəy Hüseynzadə adı getdikcə az yada düşdü, zamandan zamana, lüzum olanda. Amma “Sanki” deyirəm. Çün Azər Turan dəfələrlə yazılarında üzə çıxarır, göstərir, əyan edir: o böyük türkçüdən özləyəsi-öyrənəsi-öyrəşəsi hələ çox nəsnəmiz var.
O da heç təsadüf deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin latın qrafikalı nəşrlərin həyata keçirilməsi ilə bağlı sərəncamına əsasən Əli bəy Hüseynzadənin “Seçilmiş əsərləri” (2007) məhz Azər Turanın ön sözü və elmi redaktorluğu ilə nəşr olunmuş; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 21 yanvar 2014-cü il tarixli sərəncamının işığına Azər Turanın “Əli bəy Hüseynzadə. Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi” (2014) monoqrafiyası işıq üzü görmüşdür.
Bu ki, Azər Turan Əlibəy Hüseynzadə barəsində sanballı monoqrafiya müəllifidir (Azər Turan, “Əli bəy Hüseynzadə. Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi”. Bakı, “Letterpress”, 2014.- 544 s.), həyat və yaradıçılığını hərtərəfli araşdırdığı doktorluq dissertasiyası yazmışdır. “Sistemli bir Turan, siyasi türk birliyi” düşüncəsi (s. 39), “İttihad və Tərəqqi” Cəmiyyətinin qurucularından biri (s. 44), “Yunanıstan müharibəsi” və “Məcidiyyə” ordenləri ilə təltif (s. 56), “Azərbaycanda ilk siyasi proqramın müəllifi” (s. 62), “Bütün Rusiya islamlarının ilk yövmi qəzetəsi olmaq üzrə “Həyat” namilə bir qəzetin imtiyazı” (s. 76), “Azərbaycan türkoloji elminin qurucusu” (s. 80), “Həyatın mənayi-həqiqisi meyli-füyuzatdır” (s. 102), “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli – Avropa qiyafətli fədai!” – Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq (s. 107), “Əli bəyin təlqinləriylə, irşadları ilə az zamanda gənclik pək bir istiqamət aldı” (s. 122), “Şeyxülturan” (s. 126), “Panislamist” Vətən Məcnunu (s. 134), “Erməni terror təşkilatının başçısı Şaan Natali Əli bəy Hüseynzadə barədə, yaxud Əli bəyə görə erməni məsələsi” (s. 141), 1908-1910-cu illər. “Səadət” məktəbinin müdiri Əli bəy Hüseynzadə (s. 144), “Siyasəti-fürusət” (s. 147)… – Əli bəy Hüseynzadənin doğuşundan (həm də bir hadisə olaraq) ölümünə və əbədiyyətinəcən əhatəli bir kontekstdə, maraqlı bir roman tərzində, zəngin arxiv materialları, bioqrafik faktlar, tarixi personajlar, müasirlərinin şahidliyi, bədxahların böhtanları, opponentləri ilə, o cümlədən 70 illik saxta ittihamlarla açıq polemikada tarixi həqiqətləri bircə-bircə dənələyib üzə çıxaran irihəcmli, çəkinmirəm deməkdən, təkrarsız monoqrafiyanı, əlbəttə, axıracan da vərəqləmək olar; doymadan. Amma xatırlatmaq üçün bu da kifayətdir məncə.
Azər Turanın bu və bu kontekstdə daha neçə kitabları: “Ölüm süvarisi” (1999), “Hüsni-Xuda şairi. Hüseyn Cavid” (1999), “Əbədi Turan” (2001), “İrfan çobanı” (2003), “Cavid əfəndi” (2004), “Tahir Rasizadə” (2005), “Turan Cavidin son söhbəti… Son yaşantıları… Son günü…” (2005), “Əzəl-axır dünya türkün dünyası” (Bakı, 2007, Ankara, 2009), “Yorğun şəhərin işığı” (türk, ingilis, rus dillərində. İstanbul, 2007), “Hüseyn Cavid” (2007), “Əli bəy Hüseynzadə” (Moskva, 2008), “1918-ci ilin 31 günü” (2008), “Şəhid türkoloq Xalid Səid Xocayev” (2009), “Əli bəy Hüseynzadə Turan” (Q.Paşayeva ilə birgə, 2009), “Cavidnamə” (2010), “Darülmöminin” (2012) və b.-ları – bir sözdə deyildiyi kimi, “müəllifin yaradıcılığında müstəsna rol oynamaqla bərabər milli ədəbiyyatşünaslığın dəyərli tədqiqatlarından hesab olunur” (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, Nəşriyyat sözü).
Amma bütün bu mononoqrafik işlərin tarixi və tarixən dəyərini qəti azaltmadan, öz payıma, Azər Turanın ədəbiyyatşünaslıq sahəsində və ümumən humanitaridə daha böyük xidmətini başqa bir ali niyyətində görürəm: Azər Turanın təsbitinə görə, Əli bəy Hüseynzadə türkolojidə və Vətən tarixində yalnız başlanğıc, mənbə, məxəz, “dünən” deyildir, bütün yaradıcı ideyaları və proyektləri ilə bugündür; ideya və fikirləri potensialını tam tükətməmiş, kinetikasını içində saxlamış, bugün də gerçəkdır. Məqsəd onu gəlişdirməkdən, günün istifadəsinə verməkdən ibarətdir. Həm də yalnız ideolojidə (Turan dünyası!) deyil, fəlsəfədə, sənətdə, ədəbiyyatda, estetikada, milli varlığın hər bir sahəsində…
Azər Turanın tənqidçi və bir ədib olaraq günün ədəbiyyat hərəkatında yeri və rolu barəsində dəfələrlə, yazılarımda söz açmışam; hələ 22 il öncə “Yeni Azərbaycan” qəzetində, qəzetin “Ədəbiyyat” əlavəsinin redaktoru olaraq başlatdığı Ədəbi Turançılıq forpostundan… Məsələn, bu: “…yaxşıdır ki, Hacı Azər Ədəbiyyatın məqsədini onun qarşısında duran fəlsəfi məsələlərdən hesablayır və bu məqamda, sanki qırıldığımız tarixi sınırlara – turançılıq-türkçülük zamanlarına (həmən Cavid dövrünə) üz tutur; Qarabağda qalib olası Ədəbiyyatdan Turan hərbinin romantiki Ənvər Paşa hünəri istəyir… Hacı Azər bu fikirdədir ki, milli ədəbiyyatımız məhz həmin dönəmdən – “Şərqdən, öz ruhumuzdan uzaqlaşıb Qərbə üz tut”duğundan və “Qərbə doğru səfərində rastına çıxan bütün təriqətləri-izmləri qanına hopdur”duğundandır ki, biz hərbi uduzuruq…” (Sadiq Vəli, Manifest, “Bizim əsr” qəzeti, 14 noyabr 2001);
Son illərdə “Ədəbiyyat qəzeti”ndə gerçəkləşdirdiyi geniş tənqid platformalarına: “Azər Turan günün ədəbiyyatında missiya daşıyıcılığını öhdəsinə götürmüş şəxsdir… Azər Turan tənqidinin “məxrəc”i hələ 110 il öncədən, Əlibəy Hüseynzadənin mədəni turançılıq hərəkatından gəlir… Eyni zamanda, təqribən iyirmi il əvvəl “Yeni Azərbaycan” qəzetində başlatdığı həmin istiqaməti baş mühərriri olduğu “Ədəbiyyat qəzeti”ndə hərəkata çevirməyə cəhd edir… Bütünlükdə Qərb parametrləri ilə, Azərbaycan miqyasında, bu bir modernizm hərəkatıdır… (T.Əlişanoğlu, 2018-ci il: ədəbi tənqid refleksləri. “Ədəbiyyat qəzeti”, 29 iyun 2019);
Ta ki, Vətən müharibəsi, Qarabağ savaşında qalibiyyətimizəcən: “Turan qapısı” anısını Əlibəy Hüseynzadənin 1915-ci ildə Çanakkala döyüşünə ithafən yazdığı şeirdən günümüzə Azər Turan iqtibas edir və ardıcıl Qarabağ esselərində (“Burası Turan qapısı” – ƏQ, 3 oktyabr 2020; “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi” – ƏQ, 24 oktyabr 2020; “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020…) Ali Baş Komandanın Zəfər dastanı səhifələrinə Türkün ulu tarixindən dürüst, hər dəfə hədəfi vuran sərrast analogiyalar gətirir (T.Əlişanoğlu, Ədəbiyyatda Ali Baş Komandan. “Ədəbiyyat qəzeti”, 6 noyabr 2021)
Azər Turanın yeni və əsaslı “milli modernizm” konsepsiyası vardır; maraqlıdır ki, Qərbin inkarından başlanıb, Qərb “izm”lərini də həzm etmiş alternativinəcən (modern Şərq, özümlü Şərq!) yol gəlir. İndiyəcən bizim ədəbiyyatşünaslar lokal Azərbaycandan (“Rusiya Azərbaycanı”ndan) çıxış edərək, Əli bəy Hüseynzadədə “Həyat” və “Füyuzat” ilə başlanan böyük romantizm hərəkatının banisini görmüş və tədqiq etmişlər. Azər Turan bir az da irəli gedir; bütünlükdə türk dünyası və Şərqdən baxaraq, konteksti böyüdür, üstəgəl “Siyasəti-fürusət”də həm başqa bir güc, özgə bir başlanğıc da görür – modernizm!; və sistemli tədqiqinə girişir.
Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət”inin (1908) Ceyms Coysun “Uliss”i ilə (1914-1920) birgə təhlil-təfsirə cəlb edilməsi (“Ceyms Coys və Əli bəy Hüseynzadə” // Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, s. 17-24) az qala Azərbaycan modernizmini daha qabağa salır (Deyək, professor Qorxmaz Quliyevin “C.Məmmədquluzadə və çağdaş teatr” məqaləsində C.Məmmədquluzadənin “Dəli yığıncağı”nı Öjen İoneskonun “Kərgədanlar” pyesi ilə müqayisəsində olduğu kimi // bax: Qorxmaz Quliyev, Cəlil Məmmədquluzadə və dünya dramaturgiyası. Bakı, 2012); bu ki, Azərin təsbitinə görə: heç də “XX yüzilin əvvəllərində Azərbaycan ədəbiyyatı Avropa ədəbiyyatından geri qalmırdı…” (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, s. 24).
Əslində, modernizm konsepsiyasını Azər əvvəlcə elmi hipotez olaraq (Əli bəyin fikir dünyasında Şopenhauer, İppolit Ten, Nitsşe kimi filosofların yeri və rolundan təkanlanaraq) irəli sürür. Həməncə Şopenhaueri, Gyöteni, Nitsşeni, Hartmanı, Bodleri, Merimeni, Verleni, Emil Zolyanı…, dekadansı, simvolizmi, Qərbin qürubunu eyni qədər Əli bəy Hüseynzadə də görür, qeydə alır (Azər Turanın tədqiqlərində faktlar konkret, sitatlı-sübutludur), amma təkcə çağdaş, bugünlü Avropanı bizə xəbər verməsi ilə bitmir ki; bu öz yerində. Əli bəy çağdaş Şərqin özündə dekadans və “yeni tarix”i “görür”, ifadəsi və realizəsinə rəvac verir. Araşdırmalarında perspektivlərini “görüb”, Azər Turan konsepsiyasını bütün əsr boyu gəlişdirir: bir Əli bəydə yox, Məhəmməd Hadidə, Hüseyn Caviddə… və bugündə; modern türk (Türkiyə) şeiri və bütünlükdə türk dünyası paralellərində…
Etiraf olunmalıdır: bu cəsarətli baxış tərzi bütünlükdə XX yüzil ədəbiyyatını (və ümumən milli varlığımızı) yenidən görməyə və çözələməyə təklif və şanslar verir. Tədqiqatçısı Elnarə Akimovanın təqdir etdiyi kimi: “Məncə, uzun müddət özü ilə arasına sədd çəkilmiş universal baxış sistemlərinin düşüncə strukturumuza gətirilməsi və bunun sağlam müstəvidən realizəsini tapması XX əsr tarixinin və mədəniyyətinin özünüdərk proseslərini anlamağa, onu bütün məzmun-mahiyyəti ilə meydana qoymağa imkan verir. Azər Turan haqlı olaraq, XX əsri fəryadın metafizikası kimi simvolizə edir, ümumi əhval və üslub konkretliyi ilə şərh etsək, bu, bütün parametrləri ilə əsrin məzmununa, onun psixoloji hal və vəziyyətinə tam adekvat anlayışdır” (Elnarə Akimova, Azər Turanın modern dünya savaşı. // Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, s.3-11; s.4)
Deyim ki, Azər Turanın XX əsr gəzişmələrində tətbiq etdiyi effektiv tədqiq üsulu, geniş tipoloji müqayisələr və paralellər metodolojisi mənə də çox doğmadır. Əyani olsun deyə, daha bir sitatdan çəkinməyəcəm: “Belə ki, XX yüzilin astanasında milli-ictimai fikrin simasında Şərq Qərblə bir sırada əsr həqiqətlərini çözələməyə, problemlər qoyub-həll etməyə hazırdır. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin yaradıcılığı bütünlükdə bu ehtirasın təcəssümü kimi təzahür edir… Bu zaman Əlibəy Hüseynzadənin ümum-Şərq, ümum-Türk, ümumbəşər dəyərləri sorağında fikir yönəmləri Mirzə Cəlilin realiya axtarışları ilə yanaşıdır… Qərb və Şərq, Qərblə yanaşı, bir sırada duran Şərq – indi məsələ bu şəkildə qoyulur. Qərb ölçüləri, Qərb dəyərlərinə müqabil müstəqil Şərq! – ictimai fikirdə, ədəbiyyatda, sənətdə istər romantik, istərsə də satirik-ironik planda problem indi bu tərzdə aktuallanır…” (T.Əlişanoğlu, Əsrdən doğan nəsr. Bakı, “Elm”, 1999, s. 32-33) Amma bir var, T.Mustafayi sayaq, analoji və tipolojini “quru nəzəriyyə” olaraq yürüdəsən (bax: “Daha bir morfologiya”, “Analoji və tipoloji”, “Tipolojiyə qeydlər”, “…və başqaları, həm T.Mustafayi” və s. // T.Mustafayi, Ədəbiyyat söhbəti. “press-Fakt” qəzeti, 1995-1997); bir də var zəhmətinə qatlaşıb, Azər Turan sayağı, çiynini nəhəng filoloji yükün altına verməkdən qətiyyən çəkinməyəsən, “XX əsr – Fəryadın metafizikası”nda olduğu kimi.
Azər Turanın 2017-ci ildə işıq üzü görmüş “XX əsr – Fəryadın metafizikası” kitabı (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, 424 səh.) konsepsiyasını hərtərəfli açıqlayan və ümumən ədəbiyyatda modernizm estetikası üzərinə bizdə ilk sistemli işdir. O da maraqlıdır ki, Azərbaycan ədəbiyyatında və ümumən türk dünyasında modernizm epoxasını Əli bəy Hüseynzadə ilə başladan və dəfələrlə bu məqamın üzərinə qayıdan Azər Turan, amma kitabda “Modernizm dalğa”sını başlıca olaraq modern türk (Türkiyə) şeiri və şairlərinin nümunəsində izləməyi lazım bilir (bax: Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, s. 13-90). Güman ona görə ki: türk şeiri hadisəni (“modernizm dalğası”nı) müdaxilələrdən (ideolojidən) kənar, sırf poeziya, “sənət sənət üçündür” gəlişməsi üzərinə, bütöv bir axarda görməyə daha çox şans verir; və bəlkə bir də: Azərbaycan poeziyası üçün də mühüm olan həmin (modern) konteksti daha da görükdürmək, aktuallandırmaq üçün. Axı Azər Turanın fikrincə: “Əfsus ki, Azərbaycan poeziyası özünün əlahiddə bir “Sərvəti-Fünun” dövrünü yaşamadı. Yeniləşən ədəbiyyat dünyasında Azərbaycan poeziyası Avropadan 40-50 il geri qaldı. Sonra da modernizmə qarşı acıq və qıcıq dolu savaşını fasiləsiz və amansızcasına sürdürən yetmiş illik sovet dönəmi…” (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, s. 68)
Modern türk şeirini bizə yaxından, sistemli, XX yüzil boyu bütün estetik təmayülləri, poetik axtarışları və kəşfləri, şeirdə inqilabları ilə, başlıcası şair fərdləri, bioqrafiləri, portretlərində tanıdan “Modernizm dalğası” silsiləsini bu sahədə Azərbaycan oxucusu üçün mükəmməl bir bələdçi, müfəssəl yol xəritəsi kimi qiymətləndirmək olar (bu baxımdan bizdə bu, bəlkə bir Anarın “Türkün sözü” silsiləsi ilə müqayisəyə gəlir – bax: Anar, Söz dünyası, I cild, Bakı, “Şərq-Qərb”, 2018). Silsilədə Azər Turan XX yüzil klassiklərinin hər birinin (Cənab Şəhabəddin, Əhməd Haşim, Yahya Kamal Bayatlı, Nazim Hikmət, Nəcib Fazil Qısakürək, Orxan Vəli, Cahit Sıtkı Tarançı, Edip Cansever, Cemal Süreya, Sürəyya Berfe…) çağdaş türk şeirinə, Vətən düşüncəsinə, dünya poeziya tarixinə nələr verdiyini ayrıca, əsl poeziya bilicisi kimi üzə çıxarır, incələyir, təqdim edir.
Və bir də, silsiləni izlədikcə, arzu edirsən: kaş Azərbaycan poeziyasını da bir növ vərdiş olunmuş, qəlibləşmiş formatda, yalnız adlar-siyahılar, onilliklər, ədəbi nəsillər, “döyülüb-döyülməmiş qapılar” şəklində deyil, beləcə ardıcıl: lirik rübab sahiblərinin, “əsrin yükü”nü çiyinlərinə götürmüş poeziya nəhənglərinin simasında, sırf sənət-şeir-həzziyyat müstəvisində “oxumaq”, tarixi poetikasına varmaq olaydı. Yalnız hardasa 1930-larda qıırılmış, 1980-lərdə yenidən dirçəlməyə başlamış hadisə kimi yox, eləcə də sovet əyyamlarının içində(n) və fövqündə, özünə çəkilmiş, küncdə-hücrədə, şeirlər sırası və misralar arasında, incəlmiş-süzülmüş-üzülmüş, “həqiqət incələr, lakin qırılmaz” tərzində. Son bir sıra yazıları, əslində, Azər Turanın bu məqama da hazır olduğunu xəbər verir…
Azər Turanın yazı üslubu – esseist tərzdədir. Esseizm yalnız onun tənqid yazılarına xas deyil, monoqrafiyalarına da sirayət edibdir. Bir qayda: dominantı fikir-düşüncə çırpınışı üzərinə emosional-milliyyətçi mövqe diktə edir; amma heç də boşca bəlağət olmayıb, bu, konseptual yüklənmiş, tədqiqatla, arqument və fakt həqiqəti ilə möhkəmləndirilmiş, təhlil və analitikaya bələnmiş bir üslubdur. Azər Turanın monoqrafiyaları essevari gəlişdiyi kimi, esseləri də əksərən monoqrafik oriyentirlidir. Bu ki, Azər tənqid esselərini çox vaxt silsilələr şəklində qələmə alır; tematik, aktual və bir qayda, Turan dünyasına ünvanlayır. Azər Turanın esseləri problemlər üzərə kitablaşmağa meyllidir.
Məxsusi qabartmasa da, Azər Turan hər yerdə həm də geniş məlumatlı türkoloq kimi əvəzsiz; fərqli və təkrarsızdır. Canlı, ayaqda olan, qədimləri bugünlə, tarixi keçmişi aktual gündəmlə bir nəfəsdə birikdirən türkologiya onu daha çox cəzb və məşğul edir. Azər Turan müasir Azərbaycan varlığının, mədəniyyətinin, ədəbiyyat və sənətinin gəlişməsini çağdaş dünya və Turan kontekstində görür, tərcih edir. Turan tarixini min illər qədimə və yüz sənə öncəyə müfəssəl bilən Azər tarixin və ideologiyanın cızdığı mənəvi coğrafiyanı təkrar-təkrar gündəmə gətirməklə əməli olaraq addımlar atır. Zəngin türkoloji bilgiləri Azəri hər gün, hər həftə, hər dəm dindirməyə, yeni sıralar-silsilələr çizməyə, vaxt var ikən tarixi dəyərləri günə çevirməyə ilhamlandırır, vadar edir. Belə:
Mifoloji qədimlərdən (“Turanın Troyaya dəxli varmı”, “Alp Ər Tonqa”, “Alp Ər Tonqa – Turanın qurucusu”, “Oğul atanın sirridir”…), Ortaçağlara (“Hz. Yusifə bənzədilən kitab”, “Sultanın süd qardaşı şair. Nəvai və Sultan Hüseyn Bayqara”, “İstanbulun fəthi, Amerikanın kəşfi, qızıldərililərin soyqırımı…”, “Tarix yazanlar: Professor Fuad Körpülü barədə düçüncələr”, “Ruh dəyişmə, birin ikiləşməsi. İskəndər Palanın “Şah və Sultan” romanı barədə”…);
Türk dünyasında dekadans, modernizm çabaları (“Görmədim”dən başlayan estetik qürub”, “Panislamizmin qurucusu, türk milliyyətçi şeirinin mürşidi, Renanın İbn-Rüşdlə qiyaslandırdığı Azərbaycan kökənli Şeyx Cəmaləddin Əfqani”, “Qaspıralı dalğası”, “İsmayıl bəy Qaspıralı – “məfkurələr fabriki”, “Ulusu sevmək fənni. Əhməd Ağaoğlu”, “Qafqazın birinci adamı. Yaxud bir ailədə iki Şeyxülislam”, “Hüseyn Cavid və modernizm dalğası”, “Türkçülüyün qurucularından Yusuf Akçura”, “Zəki Vəlidinin təlqinləri”, “Birinci Türkoloji Qurultay”…); və repressiya dalğası (“Bəkir Çobanzadə – milli kədərdən doğulan, 44 yaşında güllələnən böyük alim”, “Müşfiq – Azərbaycan ədəbiyyatının cavabsız sualı”, “Sirli” seyfin tilsimini kim qıracaq, yaxud “Divanü Lüğat-it-Türk”ün Azərbaycanda ilk tərcüməçisi niyə üzə çıxarılmır? Xalid Səid Xocayev”…);
Və bu ki, əzəl-axır dünya türkün dünyası: “Turan Heyəti”, “Azərbaycanın gücü”, “Çingiz Aytmatovun ağ buludu”, “Abidə insan. Anar”, “Ədəbiyyatdan Vətən yaradanlar. Özbəkistan qeydləri”, “Sən dəniz qoxuyursan, Çingiz Dağçı”, “Burası Turan qapısı”, “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi”, “Erməni məkrinə qarşı yüz il diri qalan düşüncə – Əli bəy Hüseynzadə örnəyi”, “Fatehin Avnidəki gizli ruhu və Selcuk Bayraktarın Kızılelma PUA-ları”, “Gelib sana çarpan gücü, yavaştan Anlamazsa, haritadan sil gitsin!”, “Zəfər paradı və Nihal Atsız”…
Müasir Turan ideyasının həm türk xalqlarının mədəni birliyi və vahid müstəvidə çağdaş dünyaya inteqrasiyası, həm də ictimai-siyasi gerçəklər, geopolitika baxımından zirvədə olduğu günümüzdə Azər Turanın bu yöndə durmadan, usanmadan publisist fəaliyyəti necə də vacib və önəmli görünür!
Ulu Öndər Heydər Əliyevin Çağdaş Azərbaycançılıq ideologiyası və çağdaş Azərbaycanın lideri, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Türk dünyası konseptləri daxilində gəlişən, ilhamlanan azərturançılıq bugün bütünlükdə dövlətçilik, milliyyətçilik, azərbaycançılıq məqsədlərinə səfərbər olunmuş. Məxsusən, II Qarabağ savaşı, 44 günlük Vətən müharibəsi günlərində və sonrası Azər Turanın bir an belə susmayan publisist qələmi, habelə redaktoru olduğu “Ədəbiyyat qəzeti”ndə gedən yazılar həm bunu təsdiq edir.
Qəzetin materialları əsasında qələmə aldığım “Ədəbiyyatda Ali Baş Komandan” adlı yazıda (“Ədəbiyyat qəzeti”, 6 noyabr 2021) həmin faktları təsbit etməyə çalışmış, qeydə almışam: “Üçrəngli bayrağımız nə 1918-ci ildə, nə də 1992-ci ilə qədər Qarabağda dalğalanmayıb. Buna tarixi fürsətimiz olmayıb. İndi o ilk dəfədir ki, Qarabağ səmasında dalğalanır. Bəlkə də yüz ildən çoxdur ki, Şuşa məscidinin minarəsində azan verilmirdi. İlk dəfədir ki, Gövhər Ağa məscidinin minarəsindən azan səsi eşidilir…” (Azər Turan, “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020) “Bu mənada İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür. Sakarya müharibəsi zamanı “Səddi-müdafiə yoxdur, səddi-vətən vardır” deyən Atatürk kimi, İlham Əliyev də “status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik” deyir” (Azər Turan, “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi” – ƏQ, 24 oktyabr 2020)
Vətən müharibəsi və Zəfər dönəmində Azər Turanı bir ədib olaraq daha bir fikir dərindən məşğul etməyə başlayır. Azərbaycan Ordusu və Siyasi liderimizin möhtəşəm qələbələri fonunda ədəbiyyatımızın uğurları necə görünür: “…Ədəbiyyatımız millətimizi dünyada tanıda bilməsə də, qırx dörd gündə ordumuz onu dünyaya təqdim etdi. Kaş ki, müzəffər Ali Baş Komandanımızın yanında da Atatürkün çevrəsində olduğu kimi, azərbaycanlı bir Mehmet Akif Ərsoy olaydı…” (Azər Turan, “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020)
Son illərdə bizim yubilyarı Azərbaycan ədəbiyyatının son durumu, çağdaşlıq problemləri, ali ideallar naminə estetik qayğıları daha da çox düşündürür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin ədəbi tənqid kürsülərindən etdiyi yüksək tələbkarlıqlı məruzələri (“Çağdaş Azərbaycan şeirində modernist estetikalar”, “Publisistika. Janrın sərhədlərinə sığan və sığmayan mətnlər”, “Berqsonun zamanı, yaxud çağdaş poeziyamız”), milli modernizm məcrasında “təzə imza” ehtirasları (“Sonuncu Yeni – Şəhriyar del Gerani”, “Ayrılıqların sürreal mənzərəsi. Ümid Nəccari”…), bu yöndə “Ədəbiyyat qəzeti”nin səhifələrini gənc yazarların qələminə geninə-boluna açması və s. bu kimi işləri zatən belə deməyə əsas verir. Bu yazılarda, həm geniş fəaliyyət platformasında mən bəzən aşkar bir nostalji, az qala yanımızdan ötüb-keçmiş bir əsrin, “modern epoxa”nın kədər və həsrətini də duyuram. Və doğrusu, Azər Turanın ədəbi-tənqidi fədakarlığına böyük önəm verməklə, həmin nisgil və qayğıları çox da bölüşmürəm. Qlobal çulğaşmaların eninə-geninə üstümüzə yeridiyi yeni dünya düzənində bəlkə bir az da təbəssüm, qəzavü-qədərin üzünə gülümsünmək (necə deyərlər, “postmodern ironiya”) pis olmazdı… – demək istəyirəm, qardaşım!
Hərçənd hələ yeniSi ilə “Yeni Azərbaycan” zamanından Azərlə aramızda “açıq-gizli” bir polemika da var; yaradıcı-qurucu polemika isə həmişə gərəkdir, ələlxüsus ortada Ədəbiyyat söhbəti varsa. Cürət edib, Mirzə Cəlil demiş, “dağarcığımızı çuvalların yanına çəksək”, özlüyümdə bunu belə yozuram ki: Ədəbiyyat düşüncələrimdə mən başlıcası M.F.Axundzadə-C.Məmmədquluzadə xəttinə amadəyəm, Azər Turan – C.Əfqani-Ə.Hüseynzadə paradiqmasına… Ədəbiyyat-əbədiyyət kontekstində ayrılıqları çox da prinsipial olmasa belə. Olsa-olsa, mən daim “analitik Azərbaycan” modelinin yanlısı olmuşam, Azər Turan – “ideal Azərbaycan” xəyalının. Bütün xəyallar zor-xoş, ən nəhayət gerçəkləşir, gerçək olur…
Bu yubiley dəmində, son dərəcə dəyər verdiyim “opponentim”in nəfinə, qeydlərimi son yazılarımdan birindən sitatla tamamlayıram: “Belə. Əli bəydən yüz on, “Yeni Azərbaycan”dan on il sonra axar suya ayağı təkrar salmaq Sevdası. Azər-turançılıq… “Sevdalar” yaxşı, artıq vaxtıdır ki, söhbət “yeni konsepsiya”nın ədəbi-tənqidi prosesə nə qədər yansıması, yeriməsi ətrafında getsin. Məsələ burasındadır ki, XX yüzil boyu “axar sular”dan biz ayağımızı heç cəkmədik ki. Nə qədər (ideoloji) yanıltmağa çalışsaq da (ax bu Sos-realizm!), məgər bütün əsr uzunu ədəbiyyatımız (estetik) “mollanəsrəddinçiliy”in üstünlüyü, dominantlığı üzərində gəlib-gəlişməmişmi?! Elə hey Günün qarşımıza çıxardığı (ağır) gerçəklərə aludə-pərçim olub, İdeallar peşində olmağı az qala yadırğamışıq da… Məgər aşkar görünmürmü ki, bütünlükdə XX yüzili vahid tipoloji hadisə (və Realiya!) kimi, parçalara bölmədən götürüb, Azərbaycan həyatında əsri bütöv əhatə edən böyük Dekadansdan danışmağın zamanı çatmışdır?!; o ictimai-siyasi, tarixi-mədəni, milli-mənəvi, qlobal-fəlsəfi – dərin Azərbaycandan ki, müstəqil (modern) Azərbaycanı içindən doğmuşdur…” (T.Əlişanoğlu, “Şuşa ili”ndə ədəbi tənqid. “Ədəbiyyat qəzeti”, 22 iyul 2023)
Bu işıqlı yolun uğuruna ömür xərcləmək, uzun-uzun yaşamağa dəyər. Müdrik yaşın mübarək, Azər Turan!
Azərbaycan Yazıçılar Birliyində birliyin sədri, Xalq yazıçısı Anarın Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Günay Həsənova və İnformasiya və media ilə iş şöbəsinin müdiri Səadət Şəfiyeva ilə görüşü təşkil olunub. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədrinin baş müşaviri Rauf Aslanov, sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs iştirak ediblər.
Görüşdə müasir dövrdə kitabxanaların qarşısında duran vəzifələr, kitab və mütaliə mövzusuna innovativ yanaşma, kitabxanalarda elektron xidmətlərin göstərilməsi, elektron kataloq və kitabxana sistemlərinin təkmilləşdirilməsi, elektron dövrü mətbuat nəşrlərinin bazalarının yaradılmasının əhəmiyyəti müzakirə edilib.
Görüşdə Respublika Gənclər Kitabxanasının əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, hazırladığı elektron məlumat bazaları haqqında məlumat verilib. Kitabxana əməkdaşlarının Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə elektron məlumat bazası yaratdıqları diqqətə çatdırılıb.
Görüşdə “Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edə biləcəkləri vurğulanıb.
Azər Turan “Səməd Behrəngi” adına mükafata layid görülüb. Mükafat bu gün AYB sədri, Xalq yazıcısı Anar tərəfindən tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi. “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana təqdim olunub.
YAZARLAR olaraq, AZƏR müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Azər müəllim!
Azərbaycan ədəbi mühitində bir canlanma müşahidə olunmaqdadır. Bu canlanma heç də ədəbi proseslərin sürətləndiyindən təsirlənən qələm əhlinin fəallığının göstəricisi deyil. Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayöncəsi bir növ hesabat xarakterli məruzələr ətrafında baş verən müzakirələr buna rəvac verir.
Mülahizələrim subyektiv görünsə belə, mənə görə, məruzələr arasında hələ ki ən diqqətçəkəni Azər Turanın “Janrın sərhədlərinə sığan və sığmayan mətnlər”idir. Göz önündə publisistikanın yaratdığı ədəbi həyatın al-əlvan çalarlarından ibarət gözəl mənzərə canlanır. Təkcə son yeddi ilin deyil, bəlkə də müstəqillik dövründən üzübəri publisistikanın həyatımıza necə daxil olmasını şərh etməyə ehtiyac yoxdur. Publisistika heç vaxt indiki kimi insan həyatında vacib rola malik olmamışdır. Müasir insanı bir an belə informasiyadan kənarda saxlamağın mümkünsüzlüyü həddinə gəlib çatmışıq.
Müəllifin böyük coşqu və həvəslə işləyib-hazırladığı məqalə-məruzədə diqqəti yönəltmək istədiyi heç də bu deyil. Azər Turan bu səpkidə ən başda duran Əli bəy Hüseynzadənin “Fürusəti-siyasət”indən danışır, qiymətli sənət əsərini Anarın “Yaşamaq haqqı” ilə müqayisələndirir. Qeyd edir ki, “Yaşamaq haqqı” nəinki haqqında danışmağa, eləcə də böyük bir dövrü və əsərləri onun ətrafında və işığında, onunla bağlantılı şəkildə təhlil etməyə imkan verən əsərdir. (Sitatın sonu).
Ədəbi mühitdə hamıya aydındır ki, Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin olunandan sonra qəzetin çapında nail olduğu inqilabi dəyişikliklə paralel, böyük bir işin də bünövrəsini qoydu. Rüstəm Kamal, Elnarə Akimova, Nizami Cəfərov, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, İradə Musayeva və başqa bu kimi ədəbi həyatımıza biganə qala bilməyən söz adamlarını ətrafına toplayaraq ciddi müzakirələrin aparılmasına start verdi, hansı ki, bu müzakirələr sayəsində bir çox mətləblərə aydınlıq gətirildi. Böyük auditoriyalar həmin müzakirələr nəticəsində üzə çıxmış materiallardan mənbə kimi bəhrələndi. Müzakirələr təkcə ədəbi sahəni deyil, bütövlükdə ölkə həyatını əhatə etməyə yönəldi. Müəllif özü bunu belə qeyd edir: “…”Ədəbiyyat qəzeti”ndə keçirilən müzakirə saatlarında təkcə ədəbiyyatımızın deyil, ümumən, fikir həyatımızın müxtəlif problemləri hər zaman diqqət mərkəzində olub. Ədəbiyyatın ən müxtəlif məsələlərini müzakirə etmişik. Amma biz bəzən bilərəkdən ədəbiyyat sferasından kənara adlamışıq, məsələn…”. Burada Azərbaycan Cümhuriyyəti tarixi, Repressiya dövrü, Kərkük və Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı barədə fikirlər söylənmiş, paralel və təhlillər aparılmış, həmin dövrlərin ədəbiyyatda öz əksini necə tapması barədə müzakirələr keçirilmişdir. Desələr də ki, ədəbiyyat siyasi həyata müdaxilə etmir, burda bir şirin yalan hiss etmək mümkündür. Çünki ədəbiyyatdan kənarda heç bir siyasət yoxdur, ədəbiyyat özü həyatdır, həyat isə həm də siyasətdən ibarətdir. Sözsüz ki, həyatımızın bütün dövrləri ədəbiyyatın vacib bölməsi olan publisistikada öz əksini çılpaqlığı ilə tapmalıdır.
Müəllif bugünkü baxımdan çox dəyərli hesab olunan məqaləsində bir çox mətləblərə toxunmuşdur. Publisistikanın genişliyindən və bu genişliyin imkan dairələrindən bəhs etmişdir. Bədii publisistika növündən söhbət açmış, esse ilə aradakı sərhədin mövcudluğundan, bəzən bu sərhədin elə asanlıqla “pozulduğu” məqamları incələmişdir. Əlbəttə ki, bu məsələ daha çox müəllifin əhatə etmək istədiyi mövzudan, onu necə qavramasından və ictimaiyyətə çatdıra biləcəyi peşəkarlıq səviyyəsindən asılıdır.
Azər Turan məruzə-məqaləsində hələ sovet dövründə baş tutmuş bəzi ədəbi hadisələrlə müstəqillik dövründə olanlar arasında paralellər qurmağa çalışır və ürək yanğısı ilə qeyd edir: “Müstəqillik dövrünün publisistikasında sovet dövründə yaranmış – Anarın “Dünya bir pəncərədir”, Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində”, Sabir Rüstəmxanlının “Ömür kitabı” səviyyəsində əsərlər yazılmadı. İndi tarixə 30 illik bir uzaqlıqdan baxanda böyük bir nəslin, daha doğrusu, Azərbaycanın müstəqilliyinə doğru axın edən nəslin, əsasən, bu üç kitabın şinelindən çıxdığını kim etiraf etməz?”. Olduqca doğru və obyektiv yanaşmadır. Hər hansı bir nəsil aparıcı missiyanı öz üzərinə götürmüş müdrik kitablardan bəhrələnməlidir, o əsərlərdən ki, müəyyən inkişaf yolundan nəticələr çıxarmış və gələcəyə istiqaməti müəyyənləşdirmək yolunda mayak rolunu oynayır.
Azər Turan daha bir məsələyə toxunur. Bunu, ədəbi proseslərin inkişafına “planlı təkan” da adlandırmaq olar. Madam ki, sovet dövrü ilə müstəqillik dövrünün bəzi müqayisəli təhlili məqalədə yer alıb, bunu da analiz etmək mümkündür. Sovet dövründə qələm əhli qarşısında müəyyən mənzərələr canlandırılırdı; kolxozçunun firavan həyat tərzi, işıqlı sabahlara addımlayan zəhmətkeş sovet ailəsi, əmək cəbhəsində yarışan mexanizatorlar, ölkəni ağ günə aparacaq “ağ qızıl” ustaları və s. Qələm əhli həmin məhdud çərçivədə manevr etmək imkanına malikdi. Əks halda onun əsərləri işıq üzünə həsrət qalacaqdı. İndi, müstəqillik dövrünün prizmasından yanaşsaq, həmin “planlı inkişaf”ı əvəzləyəcək ədəbi layihələr həyata keçirilir. Publisistikanın missiyası layihələr çərçivəsində həyatı canlandırmağa məhkumdu. Azad yazıçı çox zaman həmin layihələrdən kənarda qalır. Çünki layihə irəli sürən təşkilat, yaxud adam əvvəlcədən çəkəcəyi məbləği müəyyənləşdirdiyi kimi “öz qəhrəmanını” da planlayır. Nəticədə, göz önündə canlandırılan mənzərə qənaətbəxş olmur. Real nümunələr kifayət qədərdir. Hətta QHT-lər hesabına indiyə kimi “zəfərnamələr” silsiləsindən neçə-neçə kitab çap olunsa da, 44 günlük Vətən müharibəsini üzdə tutacaq əsl Zəfərnamə hələ yazılmayıb. Deməli, belə layihələrin xeyrindən çox, ziyanını görürük. Elə Azər Turanın da diqqət çəkmək istədiyi məqam budur.
Mayın 18-də AYB-nin Natəvan klubunda ədəbiyyatşünas alim, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın publisistika mövzusunda qurultayqabağı məruzəsi dinlənildi.
Tədbiri Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli açdı. Bildirdi ki, son yeddi ilin publisitika təsnifatı ilə bağlı məruzə Azərbaycan yazıçılarının növbəti qurultayı qarşısında ayrı-ayrı ədəbi janrlar üzrə edilən məruzələrin onuncusu və sonuncusudur. “Deyim ki, edilən məruzələr ümumilikdə ötən illərin ədəbi-bədii mənzərəsini yetərli şəkildə əhatə edib, faydalı müzakirələrə səbəb olub. Hesab edirəm Azər Turanın publisistika ilə bağlı məruzəsi də maraqla qarşılanacaq, bu janrda yazılmış əsərlərin obyektiv təsnifatı veriləcək”.
Sonra ədəbiyyatşünas alim Azər Turanın əhatəli məruzəsi dinlənildi.
Məruzə ətrafında ilk sözü də Elçin Hüseynbəyli dedi: “Olduqca məntiqli, səriştəli bir məruzədir. Lüzumsuz sadalanmalara yol verilməyib. Publisistika sahəsində diqqət çəkən hər bir əsərə fundamental şəkildə nəzər yetirilib. Azər Turanın bu sahəyə yaxından, peşəkarcaçına bələdliyi məruzənin uğurunu təmin edib. Bu mövzu barədə maraqlı bir söz var ki, publisistika faktlı ədəbiyyat, ədəbiyyat faktsız publisistikadır. Həmin aforizm bu məruzədə də öz təsdiqini tapdı”.
AYB sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də E.Hüseynbəyli ilə həmrəy olduğunu bildirdi: Məruzəçi haqlı olaraq ədəbi-bədii düşüncəyə və milli məfkurəyə istiqamət verə bilən bədii publisistika nümunələri üzərində dayanıb. Bu, onun əsl sənətə, sözə olan münasibətindən, obyektiv dəyərləndirmə mövqeyindən irəli gəlir… Deyə bilərik ki, unudulan ad ümumiyyətlə olmadı. İradə Tuncay, Niyazi Mehdi, Ramilə Qurbanlı kimi adların da çəkilməsini təqdirəlayiq hesab edirəm. Məruzə ilə bağlı iki iradım var: birincisi, Azər Turanın özünə yer verməməsinin düzgün olduğunu düşünmürəm. Çünki Azər Turan adları çəkilənlərdən heç də geri qalmır və publisistikada gördüyü işlər də hər kəsə məlumdur. Əlbəttə, bu da onun təvazökarlığından irəli gələn bir haldır. İkincisi, fikrimcə, publisistika nümunələri adı altında yazılan bir çox uğursuz yazını tənqid etmək olardı. Hər bir halda çox uğurlu məruzədir, Azər Turana təşəkkür edirəm”.
Görkəmli yazıçı Xeyrəddin Qoca bildirdi ki, ədəbi həyatımızda yolu gözlənilən, istedadla qələmə alınmış əsərlər az olduğu kimi, Azər Turanın etdiyi məruzə kimi dəyərli araşdırmalara da az halda rast gəlirik: “Namuslu, əsl ədəbiyyatşünas araşdırmasıdır… Çox vaxt deyirlər kitab oxunmur. Deyirəm ki, yaxşı yazın, oxunsun. Bu mənada Azər müəllimin məruzəsi o yaxşıların sırasındadı”.
AYB-nin katibi, yazıçı-publisist İlqar Fəhmi bildirdi ki, məruzəçinin milli düşüncəyə, vətəndaş mövqeyinə stimul verən əsərlər üzərində dayanması daha çox cəlbedicidir: “Bu əhatəli məruzəyə görə mən də Azər Turana təşəkkür edirəm. Məruzədə milli düşüncə, milli təfəkkür aparıcı xətt idi və bu, onu daha çox dəyərli etmiş oldu. İndi istənilən mövzuda yazılmış yazını esse kimi qələmə vermək olar. Amma bu məruzədə toxunulan publisistika nümayəndələrinin və nümunələrin hamısı vahid xətt üzrə qruplaşdırıla bilir. Söhbət milli təfəkkür xəttindən gedi…”
Professor Qəzənfər Paşayev qeyd etdi ki, məruzədə bütün nəsillər təmsil olunub: “Məruzə olduqca məntiqli, bitkin və yanaşma tərzinə görə obyektivdir. AYB rəhbərliyinin publisistikamıza bu yöndən yer verməsi çox əlamətdardır. Deyim ki, publisistika Azər Turanın gündəlik fəaliyyətinin önəmli bir sahəsidir. Bu prosesin içindədir. Məruzəçinin peşəkarlığı diqqətə çatdırdığı bütün arqumentlərdə özünü aydın şəkildə büruzə verir. Publisistika oxucular tərəfindən ən çox sevilən janrdır. Mənəvi məzmunlu gözəl bir məruzə dinlədik. Məruzədə bütün nəsillər təmsil edilib. İlk dəfə görürəm ki, publisistika ilə bağlı məruzədə gənclərə də yer verilir. Bu məruzənin Azər Turana həvalə edilməsi də çox yerində verilmiş qərardır. Çünki o, hər gün bu işlə məşğuldur və işinin peşəkarı olan biridir”.
Tanınmış yazıçı, AYB-nin nəsr sektorunun rəhbəri Səyyad Aran bildirdi ki, adətən mükəmməl, əhəmiyyətli və bitkin iş barəsində yekdil rəy, münasibət olur. “Azər Turanın məruzəsinə də münasibət belədir və bu, haqlı münasibətdir. O, məruzəyə mükəmməl bir girişlə başlayıb və bu mükəmməllik bütün məruzə boyu davam etdirilib. Elmi-intellektual təhlil, real dəyərləndirmələr göz qabağındadır və dərin razılıq doğurur…”
Professor Tofiq Məlikli dedi: “Maraqla dinlədim. Publisistikamızın inkişaf mərhələləri gözlərim önünə gəldi. Belə bir məruzə ilə çıxış etmək sözügedən sahəyə yaxından bələdliyin və ciddi hazırlığın nəticəsidir. Ona görə ki, məruzəçi bütün hallarda faktlara əsaslanıb. Olduqca obyektiv baxışdı…”
Yazıçı-publisist Fazil Güney bildirdi ki, məruzəçi son illər publisistikamızın ümumi mənzərəsini dolğun şəkildə ifadə edə bilib. Ancaq yaxşı olardı ki, bu sahədə diqqətə çarpan, arzuolunmaz məsələlərdən də konkret misallar fonunda bəhs olunaydı.
Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında məşhur bir fikri xatırlatdı ki, “doğrudan da üslub insandır”. Azər Turan fəaliyyətində hansı üslubla çıxış edirsə, bu məruzədəki çıxışda da biz onu görürük. Mən düşünürəm ki, məruzə çox yaxşı sistemləşdirilib. Məruzədə son illərin publisistikası dərin notlarla öz əksini tapıb. Azər Turanın məruzəsi onun sənətə baxışını, mövqeyini və özünəməxsus üslubunu bütünlüklə ehtiva edir. Məruzədə zamana tarixi-tipoloji vahid kimi deyil, daha çox milli məzmun ifadə edən düşüncə müstəvisindən nəzər salınıb. Bu da Azər Turanın özünün ədəbiyyatşünas səriştəsindən irəli gəlir. Məruzə yaxşı bir sistemləşdirmə nümunəsidir. Son yeddi ilin publisistik mənzərəsi yığcam şəkildə ümumiləşdirilib”.
Tənqidçi Bəsti Əlibəyli məruzənin əhatəli, konseptual, orijinal cəhətlərini dəyərləndirdi.
Yazıçı-publisist Zemfira Məhərrəmli bildirdi ki, publisistika həmişə inkişafda olub, düşüncə həyatımızın müəyyən sahəsini əhatə edib. A.Turan bu reallıqları yetərincə dəyərləndirib.
İmamverdi Əbilov əyalətdə bir ədəbiyyat müəllimi idi ki, akademik Nizami Cəfərovun “Patriarx” məqaləsində dediyi kimi, onun “tarix (və millət) qarşısındakı çoxlu xidmətləri içərisində ikisi, tamamilə doğru olaraq, xüsusi qeyd edilir ki, onlardan birincisi bütün türk dünyasının romantik mütəfəkkiri (və bilavasitə yerlisi) Əli bəy Hüseynzadənin sovet dövründə ideoloji təzyiqlər altında unutdurulmasına qarşı cəsarətlə mübarizə aparması olmuşdu… İkincisi isə o idi ki, müasir Azərbaycan poeziyasının yaradıcılarından Rəsul Rzaya müxtəlif məqsədli (və motivli) hücumların şiddətləndiyi dövrdə İmamverdi Əbilov onun yaradıcılığının araşdırıcısı (və müdafiəçisi) kimi tanınmışdı…”.
Onun ünsiyyət miqyası, təsir dairəsi elə geniş idi ki, evinə Səməd Vurğundan başlayaraq, Azərbaycan ədəbiyyatının bütün işıqlı simaları, Yusif Məmmədəliyevdən başlayaraq, Elmlər Akademiyası Rəyasət Heyətinin bütün üzvləri hamılıqla gəlib-gedib…
İmamverdi müəllim gənc yaşlarında görkəmli dövlət xadimi, o zaman Neftçala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışan Kamran Hüseynovun təqdimatı ilə Partiya Komitəsinin ikinci katibi seçilmişdi. Neftçalanın bir rayon mərkəzi kimi qurulması da, rayondakı həlledici vəzifələrdən erməni şovinistlərinin qismən uzaqlaşdırılması da həmin illərə, Neftçalanın “Kamran əsrinə” aiddir. Kamran Hüseynov “Bir ömrün salnaməsi” kitabında yazır: “Çox təvazökar, savadlı, yaşından asılı olmayaraq, geniş dünyagörüşünə malik olanlardan biri İmamverdi Əbilov idi. Belə fikirləşdik ki, müəyyən vaxtda ictimai işdə işləsə, geniş sahələrdə məşğul olsa, onun dünyagörüşü daha da artar. Elə ona görə də o, Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə məsləhət görüldü”. O zaman İmamverdi Əbilovun 24 yaşı vardı. Həmin kitabında Kamran Hüseynov ilginc bir məqama toxunur. Mircəfər Bağırovla görüşüb yeni təyinatları müzakirə edirlər və s… Kamran Hüseynov yazır ki, “əfsuslar olsun, bu işlər mən gedəndən sonra çox davam etmədi. İ.Əbilov vəzifəsindən kənarlaşdırıldı. Lakin Əbilov ruhdan düşmədi, mənliyini itirmədi. Hərtərəfli öz üzərində çalışdı… S.Vurğun yaxşı demişdir: “Qızılı udsa da qara torpaqlar, // Yenə qiymətini özündə saxlar”. Kamran Hüseynov fikirlərini belə davam etdirir: “Tarixdə belə hadisələr çox olub. Görkəmli şəxsiyyətlər öz elinin içində işləyə-işləyə çox yüksək dərəcələrə çatıblar. Məsələn, dünya mədəniyyəti tarixində görkəmli yer tutan tarixçi, filosof Plutarx nə qədər dəvət olunub ki, Afinada, Romada işləsin, lakin imtina edib, heç birinə getməyib. Adını da qoyub ki, mən kəndimdən getsəm, kəndim mənəvi cəhətdən yoxsullaşar. İmamverdi Əbilov özünün bütün nailiyyətlərini elə öz yerində, Neftçalada, Muğan elində əldə edib. Hamının da böyük hörmətini qazanıb. Mən inanıram ki, Neftçala, Muğan camaatı da, Azərbaycan xalqı da onun uğurları ilə fəxr edirlər”.
Nizami Cəfərovun yuxarıda xatırlatdığım qeydləri yadıma Söhrab Tahirin “Mən sənə Təbrizdən baxıram” məqaləsindəki bir frazanı saldı: “1971-ci il idi. Salyanda Yazıçılar İttifaqının səyyar plenumu keçirilirdi. Özü də bu, elə-belə plenum deyildi, dövlət işçiləri, ətraf rayonların birinci katibləri də dəvət olunmuşdular. O vaxta qədər və həmin illərdə Əli bəy Hüseynzadə cəmiyyətə bir turançı kimi, Türkiyəyə mühacirət etmiş bir ideoloq kimi tanıtdırılmışdı, tanıtdırılırdı. Akademiyada elmi işçilər vaxtaşırı onun əleyhinə yazırdılar. Lenini tərifləyib Hüseynzadəyə zərbə vurmaq bir vəzifə kimi başa düşülürdü. Plenumda o vaxt nisbətən gənc olan İmamverdi Əbilova söz verildi. İlk cümləsini indiki kimi xatırlayıram: “Mənim əzizlərim, – dedi – siz Əli bəy Hüseynzadənin vətəninə xoş gəlmisiniz”. Onun bu ilk cümləsinə hamı məəttəl qaldı. Mən də heyrətlənmişdim. Düşündüm, əgər Əli bəy Hüseynzadə bu qədər əzizdirsə, bəs onda niyə onu ədəbiyyatda, mətbuatda bu qədər vururlar, yamanlayırlar. Elə bu fikirdəydim, bir də gördüm, hamı altdan-altdan bir-birinə baxır ki, görək kim bu natiqin cavabını verəcək. Salona qəribə bir sükut çökmüşdü və qəfil, elə bil ki, partlayış oldu. Uzun sürən alqış başlandı. Salyanlılar neçə illərdən sonra ilk dəfəydi ki, Əli bəyin adının belə ehtiramla çəkilməsini alqışlayırdılar. Mən həmin gündən İmamverdi müəllimin böyük cəsarətinə, ayıq milli şüuruna hörmət etməyə başladım”.
Elə həmin konfransda iştirak edən yaxın dostu, rəhmətlik akademik Bəkir Nəbiyev 1971-ci ildə onun haqqında “Tənqidçi” adlı məqalə yazıb “Azərbaycan müəllimi” qəzetində dərc etdirmişdi. Bəkir müəllim sonralar “El ağsaqqalı, elm fədaisi İmamverdi Əbilov” adlı bir kitab yazdı və o kitabda bütün bu məsələlərə də toxundu. Mən isə indi bu sitatları gətirdikcə həm də həyəcan keçirirəm. Əli bəy Hüseynzadə və Rəsul Rza onun həyatından yaşıl işıq zolağı kimi keçib. O həm də Rəsul Rza barədə ilk kitabın müəllifi idi və 1960-cı ildə nəşr olunmuş həmin kitabında Rəsul Rzanı Verxarnla, Uitmen, Mayakovski, Araqon, Nazim Hikmətlə müqayisə etməyə cəsarət göstərən 33 yaşlı İmamverdi Əbilovu Rəsul Rza “Azərbaycan ədəbiyyatının yeni yollarını hərarətlə təbliğ edən” alim kimi dəyərləndirir, onu “yeni şeirin qəhməri” adlandırırdı. Neftçala şəhər 1 saylı orta məktəbin ədəbiyyat müəllimi İmamverdi Əbilov, doğrudan da, yeni şeirin qəhməriydi. İncə şeir zövqü vardı… Həm də qəribəydi ki, 1960-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan” jurnalında müasir ədəbiyyat barədə ən çox onun məqalələri dərc olunurdu. Və bu məqalələr, əsasən, o dövrün Əli Kərim, Məmməd Araz, Sabir Əhmədli, Nəriman Həsənzadə kimi gənc müəlliflərinin yaradıcılığını ehtiva edirdi. Təəssüf ki, sonralar ədəbi tənqid tarixinə həsr olunmuş araşdırmalarda yada salınmayan, yaxud nadir hallarda xatırlanan bu yazılar, ümumiyyətlə, həmin müəlliflərin yaradıcılığına həsr olunmuş ilk məqalələr olaraq diqqətdən kənarda qaldı.
İndi heç xatırlayan yoxdur, onun məqalələri bəzən müzakirə təriqi ilə çap olunurdu. Həmin müzakirələrə də Nigar Rəfibəyli, Mehdi Məmmədov, Həsən Seyidbəyli, Bəxtiyar Vahabzadə kimi görkəmli yazıçılar, sənət adamları qatılırdı.
…Onda da elə indiki kimi, kimlərsə “bizdə ədəbi tənqid yoxdur” deyə ədəbi tənqidi qaralamaqla məşğul idi. Və bu qaralama kampaniyasına ilk təpki görkəmli dövlət xadimi və sənətşünas Cəfər Cəfərovdan gəlmişdi. 1965-ci ildə Yazıçıların IV Qurultayında ədəbi tənqidlə bağlı məruzəsində Cəfər Cəfərov: “”Bizdə tənqid yoxdur” deyən səslərə, əlbəttə, haqq qazandırmaq çətindir. Mən inanmıram ki, bu cür düşünənlər M.Arifin, M.C.Cəfərovun, Əziz Şərifin, Əkbər Ağayevin, Kamal Talıbzadənin, H.Orucəlinin, İslam İbrahimovun, Əziz Mirəhmədovun, Yəhya Seyidovun, Məsud Vəliyevin, Pənah Xəlilovun, Gülrux Əlibəyovanın, Qulu Xəlilovun, Yaşar Qarayevin, İmamverdi Əbilovun və başqalarının üzərinə qələm çəkməyi özlərinə rəva bilsinlər” – deyirdi.
Yaxud Azərbaycan tənqidinin patriarxı Kamal Talıbzadə 1967-ci ildə “Tənqidimiz haqqında qeydlər” kitabında yazırdı: “Tənqid sahəsinə istedadlı, nəzəri cəhətdən hazırlıqlı gənclər gəlmişdir ki, onlarsız bugünkü tənqidi təsəvvür etmək çətindir. Yaşar Qarayevin, Gülrux Əlibəyovanın, Şamil Salmanovun, Arif Səfiyevin, İmamverdi Əbilovun son məqalələri bu fikri təsdiq etmək üçün kifayətdir. Ədəbi hadisələri nəzəri məsələlərlə əlaqələndirməyə meyil onların müsbət keyfiyyətlərindəndir”. Bu fikirlər səslənəndə əyalətdə qəsəbə orta məktəbinin 30 yaşlarında bir ədəbiyyat müəllimi olan İmamverdi Əbilov həm də Azərbaycan ədəbi tənqidinin tanınmış, öndə olan nümayəndələrindən biriydi.
Əlbəttə, statusuna görə o, orta məktəbdə ədəbiyyatı tədris edən adi bir müəllim idi, amma həm də hamıdan fərqliydi. Görkəmli pedaqoq alim, professor Rəfiqə Mustafayeva ona ünvanladığı məktubda qeyd edirdi ki, “İmamverdi müəllim, səmimiyyətlə etiraf edirəm ki, pedaqoji yaradıcılığa məni ruhlandıran ən güclü amil Sizin “Orta məktəbdə siyasi lirikanın tədrisi” kitabınız olub. Siz hamımızın müəllimisiniz, hamımız üçün ideal şəxsiyyətsiniz”.
“Hamıdan fərqliydi” yazdım, fikrimi əsaslandırmaq istəyirəm. Tutaq ki, Mirzə İbrahimovun 1971-ci il dekabrın 3-də Akademik Dram Teatrında keçirilən yubiley iclasında Mirzo Tursunzadə, Rəsul Həmzətov, Şöhrət, Məmməd Arif, Mustafa Topçubaşov, Mehdi Mehdizadə, Məmməd Rahim, Süleyman Rüstəm, Əfrasiyab Bədəlbəyli, Tahir Salahov, İsmayıl Şıxlı ilə yanaşı, o da rəyasət heyətində əyləşir və bu mötəbər ədəbiyyat məclisində ona da söz verilir. Hədsiz təvazökar adam idi və mən “Ədəbiyyat qəzeti”nin baş redaktoru olandan sonra, yəni hadisələri daha yaxından və daha aydın nəzərlərlə müşahidə etmək imkanı qazanandan sonra bütün bunların necə baş verdiyinin fərqinə varmağa başladım. Ədəbi tənqidlə məşğul olsa da, hər halda, məhdudiyyətlərin bol, sosial şəbəkələrin olmadığı çağlarda, rayonda yaşayan, orta məktəbdə ədəbiyyat müəllimi işləyən birinə yüksək ədəbi elitanın bu həssasiyyətinin kökü nə ilə bağlıydı? Bu necə olurdu? Bilmirəm. Bəlkə heç özü də bu suala cavab tapa bilməzdi. Hətta bir dəfə soruşmuşdum ondan. “Bilmirəm”, demişdi. Rəyasət heyətində oturmalı olduğumu və çıxış edəcəyimi İmran Qasımov dedi, rəsmi tədbirdən sonra “İnturist” mehmanxanasında keçiriləcək ziyafətdə iştirak etməli olduğumu isə Cabir Novruz söylədi. “Hətta ziyafətə də dəvət olunmuşdun?”. “Hə. Məmməd Rahim tamada idi” – demişdi…
Şəxsi kitabxanasında qorunan mindən çoxu avtoqraflı iyirmi minə yaxın kitabın, yüzlərlə məktubun, onlarca səs yazısının, fikir həyatımızın böyük simalarının bu torpaqda çəkilmiş yüzlərlə fotoşəklinin, əlyazmalarının arasında Mirzə İbrahimovun yazdığı məktublar da qorunur və ədəbiyyat tariximizin araşdırılması baxımından maraqlı olan bu məktublar özü ilə bağlı yuxarıdakı sualları cavablandırmağa, ədəbiyyatımızın cavabsız suallarına cavab tapmağa da vəsilə ola bilər. Məsələn, Mirzə İbrahimovun belə bir məktubu: “Əziz qələm yoldaşım və dostum İmamverdi müəllim. Mən diqqətlə Sizin yazılarınızı oxuyuram və onlarda həqiqət üçün, xalqın səadəti və idrakı inkişafı üçün çırpınan əsl vətəndaş ziyalının ürəyinin səsini eşidib sevinirəm… Mən ədəbiyyat və sənətə insanların həyatını, fikrini, əxlaqını yaxşılaşdıran qüdrətli və çox lazımlı, faydalı bir mübarizə silahı kimi baxanlardanam. Bədii sözü əyləncə, oyunbazlıq vasitəsinə çevirən cərəyanları və onların gözqamaşdırıcı “tapıntılarını”, forma oyunlarını, ədəbazlığını daxilən qəbul edə bilmərəm… Bu il “Mayak” romanını oxuculara vermək fikrindəyəm… “Mayak”ı qurtaran kimi “Pərvanə”nin ikinci kitabını yazacağam… Əlinizi sıxıram. Hörmətlə: Mirzə İbrahimov. 20.11.74”.
Yuxarıda “cavabsız suallar” dedim. Mirzə İbrahimovun “Mayak” adlı əsər yazmasından onun tədqiqatçıları da xəbərsiz idi. Mən rəhmətlik professor Teymur Əhmədovla da bu barədə danışmışdım. Tale elə gətirdi ki, əski əlifba ilə yazılmış bu romanı dəyərli alim Kənan Aslan tapdı və əsərdən bir parça ilk dəfə Teymur Əhmədovun təqdimatında və Kənan Aslanın transliterasiyası ilə 2017-ci ilin 30 dekabrında bizim “Ədəbiyyat qəzeti”ndə dərc olundu.
Onun ədəbi tənqidçiliyinin rakursu fərqli olub. Tutaq ki, müasir ədəbi proses, uşaq ədəbiyyatı ilə bağlı məqalələr qələmə alıb, eyni zamanda cənub ədəbiyyatımızı araşdırıb, Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Billuri, Əli Tudə, İsmayıl Cəfərpur, Söhrab Tahir barədə yazıb. Bununla yanaşı, orta məktəblərimizdə Cənub ədəbiyyatının tədrisinin zəruri olduğunu konseptual şəkildə irəli sürən “Ədəbiyyatımızı vəhdətdə öyrənək, öyrədək” məqaləsini də qələmə alıb. Yaşar Qarayev 1983-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş “Ədəbi tənqidin vəziyyəti və vəzifələri” məqaləsində İmamverdi Əbilovun həmin məqaləsinə istinadən deyirdi: “İndi bizim auditoriyamız yalnız Azərbaycan deyil, həm də bütün yaxın Şərqdir. Bilavasitə Cənubda ədəbi proses də müasir tənqidin diqqətindən kənarda qalmamalıdır. “Ədəbiyyatımızı vəhdətdə öyrənək, öyrədək” – İmamverdi Əbilovun bu məqaləsindəki çağırış vaxtında irəli sürülən və ucadan səslənən bir müraciətdir: Şəhriyar, Səhənd, Sahir, Səməd Behrəngi kimi şairlər, anadilli “Dədə Qorqud”, “Varlıq”, “Koroğlu”, “Çənlibel”, “Araz”, “Azərbaycan”, “Odlar Yurdu”, “Birlik”, “Xalq sözü” kimi qəzet və jurnallar indi tənqidi fikirdən də, tədris və təlim proqramından da hər məktəbliyə məlum olmalıdır”.
Bu sətirləri yazıram, yaddaşımda xatirələr sayrışır. Süleyman Rəhimov, həyat yoldaşı Zərqələm, oğulları Arif və Aqillə bizə gəlib. İndi 1970-ci ilin həmin 17 may gecəsində evimizdə Süleyman Rəhimovun səsi yazılmış lent yazısını dinləmək imkanım var: “İmamverdi müəllim! Mən böyük məmnuniyyət hissilə sizin evdə nəinki bir-iki kəlmə, bir neçə kəlmə danışmaq, demək istərdim. Mən birinci dəfə 1955-ci ilin noyabr ayında sizin evdə olmuşam. Elə o vaxt da, Mirzə Cəlil demiş, bizim uşaqların anası Zərqələm xanım mənimlə idi. Sizin evdə çox böyük hörmət görmüşəm, çox dadlı, təamlı xörəklərdən yemişəm və bu gün də ikinci dəfə böyük bir fasilədən sonra yenə də sizin gözəl evinizdə, ailənizin içindəyəm, yenə də Qələm xanım – Zərqələm xanım mənimlədir, bu da təsadüfi deyildir. Çünki mən bir yana gedəndə Zərqələm xanım, çox çətin ki, mənimlə gedir… İndi axşamdır. Gecəyə işləyir. Sizin evdə qonaq qalmışıq. Yenə də böyük hörmət görürük… Mən sizin məqalələrinizi əksərən oxumuşam, oxuyuram. Gözəl, istedadlı, nəzəriyyəçi bir alim olan sizi – İmamverdi müəllimi həmişə qiymətləndirirəm və nəzəriyyə sahəsində çalışan yüksək dərəcəli alimlərimizdən biri hesab edirəm. Əgər siz bu gün Bakıda deyil, burada, Azərbaycan torpağının bu gözəl, basəfa Neftçala şəhərində yaşayırsınızsa, bu o demək deyil ki, siz mərkəzdən, Bakıdan təcrid olunmusunuz, xeyr. Siz mənən mərkəzdəsiniz, Bakıdasınız, öz qələminizlə siz bizim coşqun və qaynar ədəbi həyatımızda iştirak edirsiniz… Təkrar-təkrar sizə xoşbəxtlik arzu edirəm. Sizə yaxın bir il, ya il yarım içərisində doktorluq dərəcəsini almağı arzu edirəm və qoy bu xəyal uçuşunda olsa da, sizə bizim Elmlər Akademiyasının üzvü olmağı da arzu edim. Sağ olun…”.
1 saylı orta məktəbin ədəbiyyat müəllimi İmamverdi Əbilov fərqli adam idi. Bir də görürdün axşam evimizin qapısını Ali Məhkəmənin sədri Abdulla İbrahimov açdı. Dost idilər. Gecədən keçmişə qədər Abdulla İbrahimovla “Qurani-Kərim”dən, Tolstoydan etdikləri söhbətin şahidiyəm. Yalnız Abdulla İbrahimov gedəndən sonra raykomun birinci katibi xəbər tuturdu ki, gecə Ali Məhkəmənin sədri rayonda – İmamverdi müəllimin qonağı olub…
Ona çoxlu şeirlər həsr olunmuşdu. Ən çox şeir həsr edən isə Bəxtiyar Vahabzadə idi. Bəxtiyar Vahabzadə ilə dostluğu bir kitablıq mövzudur. Evimizə ən çox gəlib-gedən də Bəxtiyar müəllim olmuşdu. Bakıya yolumuz düşəndə gedəcəyimiz ev Vahabzadənin evi olardı. İndi atamın arxivində Bəxtiyar Vahabzadədən aldığı 135 məktub qorunur. Məktublar da nə məktublar… Bəxtiyar müəllim heç kəslə bölüşmədiklərini onunla bölüşür: “…Çoxdandır görüşmürük. Sənin üçün təşnəyəm. Sənə, yalnız sənə demək üçün ürəyimdə o qədər sözüm var ki… Deyirəm, bəlkə də, dünya sənin kimi yaxşı adamların, duyan və duyğusu öz başına bəla olan adamların üzünə görə bu qədər salamat qalıb. Bu günlər Bakıya gəlməyəcəksən ki? Səni yaman görmək istəyirəm… Hörmətlə, Bəxtiyar. 08 may 1974”.
“”Muğam” poemasının elə yerləri var ki, yazanda sənin doluxsunmuş gözlərin, kövrək ürəyin göz önümə gəlib. Duyanlar olmasaydı, heç kəs öz duyduğunu kağıza köçürməzdi. Beləliklə də, ədəbiyyat yaranmazdı. Bununla da dünya nə qədər vecsiz və boş olardı. Təkcə elmlə dünya necə də yarımçıq olardı… Əziz dost, səninlə söhbət eləməyə, bölüşməyə nə qədər ehtiyacım var. Hörmətlə, Bəxtiyar. 11 fevral 1975″.
Vahabzadə müxtəlif kitablarında çap olunmuş “Əbədi gənclik”, “Göygöl”, “Din” şeirlərini ona həsr etmişdi. Haqqında üç məqalə yazmışdı. Hər şeirin, hər məqalənin öz tarixçəsi vardı. İndi mən o şeirlər, məqalələr barədə yazmayacağam. Amma “Ay Allah” şeirini ona həsr etməsə də, bu yazıda o şeiri mütləq xatırlatmaq istəyirəm. Çünki müstəqillik dövrünün rakursundan baxanda sovet dövrü ədəbiyyatımızın ilk metafizik şeiri kimi “Ay Allah”ın yeri əlahiddədir və müasir tədqiqatların predmetinə çevrilməlidir.
Bəxtiyar Vahabzadənin 1969-cu ilin mart tarixli belə bir məktubu var: “Əzizim İmamverdi! Bu şeiri başladığım gün sən bizə gəldin. Müqəddəs duyğu ilə alışdığım gün, müqəddəs bir insan, pak bir vücud bizə gəldi. Bu da təsadüfi deyildi. Buna görə də həmin şeiri sənə göndərməyi özümə borc bildim”, – deyə hələ mürəkkəbi qurumamış “Ay Allah”ı atama göndərmiş və 28 iyul 1969-cu il tarixli növbəti məktubunda şeirin meydana gəlməsinin səbəblərini bir-bir izah etmişdi…
İmamverdi müəllimin arxivində həm də Xudu Məmmədovun çoxlu məktubları qorunur. 1964-cü ilin 31 dekabrında yazılmış bu məktubu hansı oğul iftixar hissi ilə oxumaz: “Əziz İmamverdi müəllim! Bilmirəm, Sizə öz minnətdarlığımı hansı sözlərlə yazım. Keçən il Sizə olan səfərimiz mənim xatirimdən heç vaxt silinməyəcəkdir… Bu yay üç min kilometrlik bir səfərə çıxdıq. Mənim üçün böyük mənası olan bir nəticə ilə qayıtdıq: Azərbaycan mənzərələrini mənim qəlbimdən heç bir mənzərə çıxara bilməz! Qafqaz dağı böyükdür, lakin gözəl deyildir. Gözəlliklə böyüklük arasında fərq çox böyükdür. Biz özümüzlə Bəxtiyarın mənə bağışladığınız kitabını aparmışdıq. Elə bil, o bizim üçün yazılmışdı. Lakin rast gəldiyimiz adamlar da onu sevib, bizi çox sevindirdilər. Onun elmi fəaliyyətindəki müvəffəqiyyəti də məni çox şad etdi. Ünvanını bilmədiyim üçün təbrik edə bilmədim. Görəndə deyin ki, oxucular yeni səfərlər üçün yeni kitablar gözləyir. Biz o zaman danışdıq ki, Bakıya gələndə bizim də xəbərimiz olsun… Mehriban ailənizə mənim salamımı deyin! Hörmətlə, dostunuz Xudu”. Buradan belə anlaşılır ki, Bəxtiyarın kitabını Xudu Məmmədova İmamverdi Əbilov bağışlayır. Xudu Məmmədov Bəxtiyarın ünvanını bilmədiyi üçün onu təbrik edə bilmir. Həm də yazır ki, görəndə Bəxtiyara deyin, oxucular yeni səfərlər üçün yeni kitablar gözləyir. Söhbət sonralar dostluqları Azərbaycanın sədaqət və mənəviyyat simvoluna çevrilmiş iki insanın ilk tanışlığından gedir. Xudu Məmmədovun yazdığı məktub da, evimizdə olarkən maqnitofon lentinə dedikləri də bu söhbətin sənədləşmiş təsdiqidir… Həmin səs yazısı 1969-cu ilin 10 sentyabrında evimizdə lentə alınıb. Dost məclisidir. Yola düşməzdən əvvəl atam onların səsini lentə köçürüb. Bir-bir danışırlar:
“Bəxtiyar Vahabzadə: Məsud, Xudu müəllim, İmamverdi bu məclisdə oturmuşuq… Bu qapıya, bu ocağa bizim böyük sənət bahadırlarımız gəlib. Bu qapını Səməd Vurğun açıb, bu qapını Süleyman Rəhimov açıb, bu qapını Rəsul Rza açıb. Bu qapıya gəlməyən bir ədəbiyyatçı, bir şair, bir ədib mən təsəvvür eləmirəm. Hamı bu qapını açıb. İmamverdinin evi ədəbiyyat evidir, ona görə də müqəddəsdir, ona görə də pakdır. Bu evdə gör kimlər var. Bu evdə Füzulidən tutmuş, bugünkü ədiblərimizə qədər… Şekspirdən tutmuş, Sartra qədər, ondan sonra… bütün klassiklər bu evə yığılıb. Bu otaqda musiqi var, burda şeir var. Bəs İmamverdi kimdir? Nə ücün İmamverdinin başına toplaşıb bu gözəl adamlar, bu gözəl şəxsiyyətlər, bu gözəl ruhlar? Ona görə ki, İmamverdinin özü təmizdir, özü müqəddəsdir, özü pakdır. Hər adam bir xüsusiyyəti ilə tanınır… Məndən soruşsalar ki, İmamverdi nəyin simvoludur? – deyərdim ki, İmamverdi təmizliyin simvoludur, paklığın simvoludur.
Məsud Əlioğlu: İcazə versəydiniz, Bəxtiyar müəllim, mən bir əlavə edərdim. Bizim cox gözəl dostlarımız var. Hərəsinin öz ətri var, öz mənası var, öz qəlbi var. Amma İmamverdi bizim elə bir dostumuzdur ki, o, bütün dostlarımızın hamısından cox gözəl bir xüsusiyyəti ilə secilir, fərqlənir. O da budur ki, İmamverdi xiridardır, mənəviyyat xiridarıdır, insanlıq xiridarıdır. Onun insan mənəviyyatına o qədər eşqi, şövqü, bağlılığı var ki, bununla məşğul olaraq az qala özünü unudub.
Xudu Məmmədov: Cox qəribədir ki, Bəxtiyar müəllim, mənim məsələn, sənnən tanış olmağımın, yəni böyük müasirimlə tanış olmağımın iki səbəbkarı, ikisi də buradadır… Biri İmamverdi, biri də Məsud. Mənim ücün bu iki nəfər, və sonradan üçü olan mənim dostlarım müqəddəs günün qardaşları sayılır. Demək, nə isə elə bil ki, ziyarətgahı adam özü yaradır.
Məsud Əlioğlu: Bu ziyarətgahı İmamverdi özü yaradıb. Bu ziyarətgah olmaya da bilərdi. İnsan ziyarətgah yaradan olsa, Salyanda da yaradar, Qarabağda da yaradar…
Bəxtiyar Vahabzadə: İnsan özü insan olsa…
Xudu Məmmədov: Məsələn, İmamverdidən qabaq da burda ziyarətgah yaradan olardı. Amma öz aləmində İmamverdi bu evi ziyarətgah yaradıb. Bunların hamısının bir mahiyyəti var. Ziyarətgah yaratmaq arzusunu Allah bizi yox eləməmək məqsədi ilə qoyub bizim qəlbimizə ki, onu da ayrı-ayrı adamlar saxlayır. Başa da düşə bilmirik, bu nə sirdir belə? Nə təhər ola bilər ki, adam şeirnən də yaşaya bilər, onun evini şeir dövlətləndirə bilər? …Odur ki, mən hər ikinizə, indi Bəxtiyar müəllimə görə hər üçünüzə ziyarətgahınıza görə çox minnətdaram…
Məsud Əlioğlu: Mən istəyirəm bu ziyarətgahın ən böyük şəxsiyyəti Əli bəy Hüseynzadənin şeirinən ayrılaq burdan. Bəxtiyarın ürəyindən olar”.
Məsud Əlioğlu “Ucundadır dilimin həqiqətin böyüyü” misrasıyla başlayan “Hali-Vətən” şeirini söyləyir… 1969-cu ildir. Əli bəy Hüseynzadənin adı yasaqdır. Mənim isə 6 yaşım var. Qapının arxasında dayanıb bu qəribə şeiri dinləyirəm. Yəqin ki, Əli bəy Hüseynzadənin adı şüuruma ilk dəfə onda daxil olur…
Xalq yazıçısı Elçinin təbirincə “Azərbaycan maarifçiliyi, ziyalılığı ənənələrini davam etdirən, ədəbi (və əxlaqi!) estafeti o rəhmətliklərdən qəbul edib, həmin ənənələri qoruyaraq XXI əsrə gətirən görkəmli ədəbiyyatşünas” İmamverdi Əbilovun səksən illik yubileyində Prezident ona fərdi təqaüd verilməsi ilə bağlı Sərəncam imzaladı. Yubileyində iştirak etmək üçün 180 kilometrlik Bakı-Neftçala yolunu qət edib, bir deyil, bir neçə akademik, bir neçə millət vəkili, bir neçə nazir, bir neçə universitet rektoru, bir neçə səfir gəldi. Bütün Xalq şairləri, əksər Xalq yazıçıları gəldi. Təkcə Bakıdan deyil, Türkiyə, Yaponiya, Almaniyadan qonaqlar gəldi. İctimai Televiziya bu yubiley mərasimini iki saatdan artıq yayınladı. İndi bu sətirləri yazdıqca həmin verilişin videosuna baxıram. Vaqif Səmədoğlu danışır: “…İlk dəfə mən İmamverdi müəllimi görmüşəm 12-13 yaşım olanda – Neftçalada. Əllinci illərin əvvəli idi. İmamverdi müəllimlə Səməd Vurğunun qucaqlaşıb öpüşmələrinin, indi öpüşməsinlər, o gün şahidi oldum… Səməd Vurğun dünyasını dəyişəndən sonra mən növbəti dəfə İmamverdi müəllimin evində olanda onun evinin divarında bir şəkil gördüm: İmamverdi müəllim – gənc İmamverdi Əbilov çıxış edir və Səməd Vurğun rəyasət heyətində oturub. Hələ bir dəfə də olmayıbdır ki, mən bu mahala gəlim, maşını Neftçalaya sürdürməyim. İmamverdi müəllimin evində çörək yeməyim, yatmayım. Dəfələrlə İmamverdi müəllimin evində olmuşam, onun kitabxanasını paxıllıqla və dərin hörmətlə seyr eləmişəm. Özünün müdrik, son dərəcədə ağsaqqal söhbətlərinə qulaq asmışam və doğrudan da, heyran qalmışam”. O tədbirdə Xalq yazıçısı Anar da iştirak edirdi və ilk çıxışı da o etdi. Amma buna qədər Anar müəllim “Ədəbiyyat qəzeti”nin həmin günkü sayında İmamverdi müəllimə açıq məktub yazmış, ürək sözlərini bölüşmüşdü. Anar müəllimin ona həssasiyyətinin ən ilginc dəlili isə yazıçının “Xalqıma vəsiyyətim” adlandırdığı çox-çox dəyərli əsərinin – “Yaşamaq haqqı”nın ilk səhifəsinin İmamverdi müəllimlə başlaması idi: “Bakıdan çox da uzaq olmayan Neftçala şəhərində dəyərli alim-ədəbiyyatşünas, əsl ziyalı İmamverdi Əbilov yaşayır. İmamverdi müəllimin evi – bu balaca əyalət şəhərində işıq saçan bir ocaqdır. Bu evi bir çox müəlliflərin avtoqraflı kitabları ilə zəngin nadir kitabxana adlandırmaq olar. Muzey də demək olar – ev yiyəsinin ömrü boyu topladığı “eksponatlarla”- əlyazmalar, fotoşəkillər, məktublarla zəngin muzey. Ünlü şəxsiyyətlərin – yazıçı, alim, dövlət xadimlərinin imzaladığı, Bakıdan, Azərbaycanın başqa yerlərindən, Türkiyədən, İrandan, Rusiyadan gələn yüzlərlə, bəlkə, minlərlə məktub. İmamverdi müəllim valideynlərimlə mehriban dost münasibətlərində olub və onun arxivində Rəsul Rza, Nigar Rəfibəyli ilə məktublaşmaları da özəl yer tutur. Filologiya elmləri doktoru İmamverdi Əbilovun namizədlik dissertasiyası Rəsul Rzanın yaradıcılığına həsr edilmişdi. Mən də İmamverdi müəllimlə məktublaşıram, dəfələrlə evində olmuşam”.
Anar müəllimin xatırlatdığı eksponatların arasında elə əlyazmalar var ki, onların nəinki oxşarı, bənzəri, heç surətləri də başqa heç yerdə yoxdur. Vaqif Səmədoğlunun əlyazısı ilə “Məzarıma nə başdaşı qoyun, nə heykəl”, Məmməd Arazın “Qaraçı çal”, Xəlil Rzanın “Bir gün vətən desə vüsal günüdür”, Söhrab Tahirin “Anam Nəsibə, qızım Nəsibə”, Rüfət Zəbioğlunun “Habil”, Cabir Novruzun “Həyat, sən nə qəribəsən?”, Rəfiq Zəkanın “Ötən günlərimi qaytaraydılar” şeirləri və s… Müxtəlif şairlərin onlarca şeiri… Hətta Bəxtiyar Vahabzadənin indiyə qədər heç yerdə çap olunmamış “Qan udub dövran əlindən” şeirinin əlyazma nüsxəsi… Və bu şeirlərin bir çoxu ya İmamverdi müəllimin evində yazılıb, ya da ilk dəfə burada yazıya köçürülüb. Başqa əlyazmalar da var. Məsələn, çoxları bilmir ki, Şəhriyarın “Heydərbabaya salam” poemasının Bakıda ilk redaktəsini Məsud Əlioğlu edib və həmin redaktə olunmuş yeganə nüsxəni Məsud Əlioğlu İmamverdi müəllimə bağışlayıb. Yaxud əlyazmalar içərisində biri və ən vacibi Rəsul Rzanın anası Məryəm xanımın şeirləridir və bizim evdə qorunanlar da o şeirlərin yeganə nüsxəsidir. Atamın yas çadırında Anar müəllimə bunu xatırladanda “Məryəm xanım şeirlərini əzbər söyləyərmiş, onları kağıza köçürən babam İbrahim olub” – dedi. Deməli, Rəsul Rzanın anasının şeirləri Rəsul Rzanın atası İbrahimin əl yazısı ilə bizim evdədir…
Anar müəllimin dediyi eksponatlar, əslində, ata ocağımızın relikviyasıdır. Hz. Əlinin rəngli şəkli 1959-cu ildən evimizin divarındadır. Onu Rəsul Rza İraq səfərindən gətirib atama bağışlayıb.
Yaxud qara rəngli “Belarus” pianosu… Səksəninci illərin əvvəlində Emin Sabitoğlu bizə qonaq gəlmişdi. Atamın qəribə şakəri vardı. Evimizə qonaq gələndə “Vodka”nı büllur kuzələrə doldurub qoyardı süfrəyə. Üstünə də nar suyu sıxardı… Yeyib-içdilər. Sonra Emin Sabitoğlu Nazim Hikmətin “Gəlsənə dedi bana” şeirini türkcə və öz gözəl xətti ilə atamın ağ üzlü xatirə dəftərinə yazdı… Pəncərə açıq idi. Sabitoğlu pəncərəni bağlamağımızı istədi. Bağladıq. Pianonun arxasına keçdi və ilk dəfə eşitdiyimiz bir musiqini ifa etdi. Son akkordları vuranda isə “Azərbaycan Cümhuriyyətinin himnidir”, – dedi. Bu hesabla, himnimiz Muğan torpağında ilk dəfə 1980-ci illərin əvvəllərində İmamverdi Əbilovun evində səsləndi…
Yuxarıda qeyd etdim ki, İmamverdi müəllimin ünsiyyət miqyası, təsir dairəsi çox geniş idi. Özbəkistanın Xalq şairi Zülfiyyə yeni çıxan kitablarını, qazax alimi Marat Xamrayev türkoloji tədqiqlərini ona göndərir, fikir mübadiləsi edir, məktublaşırdılar. Gürcü yazıçısı Dumbadze atasının Azərbaycan Sənaye İnstitutunda Beriya ilə bir yerdə təhsil aldığını, sonra Beriyanın zavalına gəldiyini, adının türkcə Nadir adından götürüldüyünü və b. xatirələrini onunla bölüşmüşdü. Müəlliflər yeni əsərləri barədə fikrini öyrənmək üçün kitablarını ona göndərirdilər. Məsələn, belə: “Kitabı göndərirəm. Şeirlər xoşuna getsə bir şey yazarsan. Çap etdirməyə bir yer tapılar. Hörmətlə, məhəbbətlə Süleyman Rüstəm. 18 sentyabr 1972-ci il”. SSRİ himninin müəllifi Qarold Reqistan, rus şairi və alimi, yeseninşünas Sergey Koşeçkin Moskvadan Bakıya – Süleyman Rüstəmə qonaq gələndə şair öz dostları ilə birgə Neftçalaya – İmamverdi müəllimə də baş çəkərdi.
Hətta SSRİ rəhbərlərindən Andrey Qromıko ilə səmimi münasibətləri vardı…
Sovet dövründə dünyada kifayət qədər nüfuzlu Krupskaya mükafatı ilə təltif olunmuşdu… Din duyğusu da fərqliydi. Sovet illərində bölgədə qatı dindar kimi tanınan Məşədi Əlabbas Qazinski də, keşiş Zaxar da onu tez-tez ziyarət edərdilər. Belədə evimiz işıqla dolardı… Həmin illərdə evində mövludlar təşkil edərdi. Bakıdan Lənkəranacan qonaqlar dəvət edərdi. Onun bu tərəfini yaxın dostu, professor İmamverdi Həmidov indi hamıdan yaxşı bilir. Yenə də sovet dövründə 1975-ci ildə Pirətəvan ziyarətgahının dövlət tərəfindən qorunmasına çağırış etmiş və “Kommunist” qəzetində “Daş şahidin ehtiyacı” adlı məqalə yazmışdı. Doğulduğu kənddəki məscidin tikilməsi də onun adıyla bağlıdır və s…
Haqqında çəkilmiş televiziya filmlərinin birində, “Mən nə iş görmüşəm ki… Ev tikməmişəm, yol çəkməmişəm”, – söyləyir. Amma bu torpaqda, Xalq şairi Qabilin məşhur dördlüyündə yazdığı kimi, “bülbül yuvasında təvazö heykəli” kimi var oldu. Yurdu Vətən qıldı. Doğulduğu torpaqdan ayrılmadı. Xalq şairi Nəriman Həsənzadə demişkən, biz dedik, İmamverdi əməl etdi.
İmamverdi Əbilovun sağlığında nəşr olunan sonuncu kitabına – “Ömrün və elmin romantikası”na yazdığı ön sözdə filologiya elmləri doktoru Elnarə Akimova onu Azərbaycan ədəbiyyatının Ay düşən yeri adlandırır. “Ay qədər təmiz, işıqlı və uzaq… Bu uzaqlıq onun görünməyən tərəflərinin həmişə pünhan qalmasına imkan verib, bir az əlçatmaz, bir az da arzulanan edib. Mühit içrə bulaşmayıb, sadəliyinə, təmizliyinə xələl gəlməsinə izn verməyib, mənəvi dəyərlərin fövqündə (keşiyində!) dayanmaqla ədəbiyyatın fəza elementinə çevrilib”.
2016-cı ilin 9 aprelində dünyasını dəyişdi. Hüznlü xəbər bütün sevənlərini sarsıtdı və təbii ki, həmin gün telefonuma çoxlu zənglər oldu. İlk zəng isə yaxın dostu, professor Qəzənfər Paşayevdən gəldi. Nə vaxt dəfn olunacağını soruşurdu. “İki saatdan sonra” dedim. Və Qəzənfər Paşayevlə Şirindil Alışanlı İmamverdi müəllimlə vidaşlamağa hamıdan əvvəl gəldilər. Elə sonuncu dəfə də gəlib rəhmətliyə baş çəkən onlar olmuşdu. Sonra Azərbaycan ədəbi cameəsi hamılıqla onun yas mərasimində iştirak etmək üçün Neftçalaya gəldi. Yasın sonuncu – yeddinci günü isə təkcə mənim deyil, İmamverdi müəllimin yurddaşlarının yaddaşında əbədi həkk olundu. Məclisin sonuncu günü akademik Vasim Məmmədəliyev Quran tapşırdı. Akademikin Quran və irfan işıqlarıyla süslənmiş söhbəti bitəndən sonra İmamverdi müəllimin yerlilərinin istəyinə görə Ramiz Rövşən “Sevgi məktubu” şeirini oxudu. “Haçan aşar bu sümükdən, // ətdən olan hasarı?! // Ruhum uçar göyə sarı, // sevgi məktubu kimi…”.
Bir də Musa Yaqub… Adamların arasında məni səslədi. “Bayaqdan düşünürəm ki, bu itkinin əvəzini nəylə qaytarmaq olar? Bu hüzr yerində mən bu itkinin təsəllisini tapdım; əsl səmimiyyət, mənəvi bağlılıq, qədirbilənlik mənasında. Sevinirəm, sən də sevin ki, o duyğular ölməyib, öləziməyib, bizi sabaha aparır… Sapsağlam, dipdiridir”.
87 illik ömrün dünyayla irtibatı belə sona çatdı.
…2006-cı ilin 9 dekabrında Xalq şairi Zəlimxan Yaqubla Salyana, Aşıq Pənahın yubileyinə getmişdik. Tədbirdən sonra Zəlimxan: “Gedib İmamverdi müəllimə baş çəkək, Bakıya sonra qayıdarıq”, – dedi. Gecədən keçmiş Salyan-Neftçala yolunda Zəlimxan Yaqub hər zaman dediyi sözləri bir daha təkrar etdi: “Bu düzəngahın sonunda İmamverdi müəllim olmasa, bizi bu yerlərə hansı duyğu çəkib apara bilər”.
İndi nə gedib ziyarət edəcəyim adam var, nə də sən varsan, Zəlimxan. İmamverdi müəllimdən sonra o yerlərin cazibəsi çox azaldı…
Bu yazını Şəhriyarın sözləri ilə bitirmək istəyirəm: “Mənim atam, süfrəli bir kişiydi… El əlindən tutmaq onun işiydi. Gözəllərin axıra qalmışıydı. Ondan sonra donərgələr döndülər. Məhəbbətin çıraqları söndülər…”.