Kateqoriya arxivləri: AZƏRBAYCAN

LEYLA ƏLİYEVA – GEDİM BİR AZ AĞLAYIM

Leyla Əliyeva – şair, ictimai xadim.

GEDİM BİR AZ AĞLAYIM

Gedim bir az ağlayım,
Elə-belə… astaca.
Ürəyimi gizlədim yastığımın altında.
Pəncərəni açaraq
Kövrəlmiş ürəyimi
Bəlkə həyətə atım?!
Həyatın ağuşuna?!
Yox, yaxşısı budur ki,
Gedim bir az ağlayım,
Elə-belə… astaca.
Kimsə duyuq düşməsin
Kədərimdən, qəmimdən,
Durub yol alım bağa
Astaca ağlamağa…
Götürüm ürəyimi
Atım çoşan ümmana –
Dalğaların qoynuna.
Heç dinə də bilməsin –
“Niyə sığmır sinəmə?”
Gah tufan, gah da rüzgar
Apardıqca uzağa…
Yox! Yaxşısı budur ki,
Qoy dirrikdə basdırım,
Dirilib çiçək olsun.
Ya da ki, bala tutum,
Acısın unutdurum.
Özümü aldatsam da,
Qoy ruhu ovundurum,
Acısın unutdurum.
Ya dostları çağırım
Axşam vaxtı mən şama –
Şərab içək doyunca.
Könlümü də versinlər,
Büllur qabda ortaya,
Dostlar ondan dadsınlar,
Dadıb, gəlsinlər cana.
Budur, orda uşaqlar
Atılırlar-düşürlər,
Bəlkə topları yoxdu?
Qoy verim ürəyimi
Qovsunlar yorulunca…
Yox!
Artıq kədərlənmək yox!
Ürəyin dediyiylə
Oturmaq yox, durmaq yox!
Atım onu bazarda,
Ya da sizə verəcəm,
Elə-belə, bədava.
Gecənin sükutunda
Ürəyimlə tənhayam.
Yağış yağır, islanır
Çətir tutmuram ona
Qoy incisin…
Nə qədər
oyun açıb başıma…
Hərdən üsyana qalxıb
Həm Günəşə, həm Aya
Hayqırıram: “Götürün,
Verdim onu Allaha!”
Amma qərar vermədim,
Neyçin qərar vermədim,
Bu geniş ürəyimi
Sənə bağışlamağa?!



Müəllif: Leyla ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR USTAC – KREMLİN MEMARI ƏLİŞ KƏRƏMLİ

Şamaxılı Əliş Kərimli.

KREMLİN MEMARI ƏLİŞ KƏRƏMLİ

(Görkəmli memarın xatirəsinə)

İYİRMİ DOQQUZUNCU YAZI

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha ki, bu görüşü də bizə qismət etdi. Bu dəfə söhbətimizin mövzusu görkəmli Azərbaycan memarı Əliş bəy Kərəmli haqqında olacaq. Öncə qeyd edim ki, oktyabr ayının ilk həftəsinin bazar ertəsi günü Beynəlxalq Memarlar Günü kimi qeyd olunur.

Cari ildə bu gün 5 oktyabra təsadüf edir. Deməli, 5 oktyabr 2020-ci il dünyada Memarlar Günü kimi qeyd olunacaq. Biz də “Yazarlar” jurnalı və “Ustac.az” olaraq bu günə öz töhfəmizi verməyə çalışdıq. Belə ki, hələ 2018-ci ildən davam edən (21 aprel 2022-ci ilə qədər davam edəcək) “Kərəmli-700” layihəsi çərçivəsində tərəfimizdən bir sıra tədbirlər həyata keçirilmişdir. Görülən işlər barədə təfsilata keçməzdən əvvəl Əliş bəy Kərəmli haqqında qısa bir məlumat vermək istəyirəm.

QISA ARAYIŞ:

Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) – Şirvani (onu Avropada və Rusiyada Şamaxılı Alis kimi də tanıyırlar) 21 aprel 1322-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini doğma yurdu Şamaxıda almış və memarlığı özünə məslək edərək, üzünü mədəniyyətin beşiyi sayılan Şərqə tutmuşdur. Onun bu səfəri uğurlu alınır. Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə məşhurlaşır və artıq tanınmış memar kimi vətənə dönür. Az sonra Şimala üz tutur və bu dəfə Krımda Bağçasarayda gördüyü işlərlə diqqət mərkəzinə düşür. Bu işi tamamladıqdan doğma Şamaxıya qayıdan memar az bir müddətdən sonra yenidən Şimala getməli olur və özünün son əsərini – günümüzdə də dünyaca məşhur olan Moskva Kremlini tikib təhvil verir. Elə bu münasibətlə təşkil olunmuş ziyafət zamanı – 22 iyun 1371 – ci ildə Moskvada xaincəsinə öldürülmüşdür.

Qarşıdan gələn 2022-ci ildə böyük memarın anadan olmasının 700 illi tamam olacaq. Qeyd etdiyim kimi, biz bu tarixi nəzərə alaraq artıq 2018-ci ilin yay aylarından “Kərəmli-700” layihəsi başlatmışıq və bu gün də nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Mütəmadi olaraq görülmüş işlər barədə mətbuat, elektron media vasitəsilə məlumatlar verilir. Əsas işlərdən biri kimi görkəmli memarın anadan olmasından həlak olana qədər bütün həyatını qısa və yığcam şəkildə özündə əks etdirən “Əliş və Anna” poemasının yazılmasını və ayrıca kitab şəklində bu günə qədər artıq dörd dəfə (iki dəfə paralel olaraq Az-lat və Az-ərəb qrafikalarında) nəşr olunmasını misal göstərə bilərik. Kitabın Cənubi Azərbaycan da daxil olmaqla bütün Azərbaycan ərazisində yayılması – Təbrizdə, Bakıda, Şamaxıda və ölkəmizin digər şəhər və rayonlarının, ayrı-ayrı təşkilatların kitabxanalarında yerləşməsi təmin olunmuşdur. Bundan əlavə, ilk gündən poemanın elektron variantı hər iki qrafikada əsas elektron kitabxanalara yerləşdirilmiş dünyanın internet olan istənilən nöqtəsindən oxumaq üçün əlçatanlığı təmin olunmuşdur. Eyni zamanda, tanınmış alim, AYB-nin üzvü, Əməkdar müəllim Kamal Camalovun poema haqqında yazdığı geniş təhlil “Əliş və Anna haqqında” adı ilə “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində ayrıca kitab kimi nəşr olunaraq, yayımlanmışdır. Bu layihə tədbirləri çərçivəsində görülən ən önəmli və yadda qalan iş tanınmış şair-rəssam Şehran Allahverdi tərəfindən görkəmli memarın portretinin yaradılması və onun lazımi ünvanlara çatdırılması olmuşdur. Portret hələlik iki orijinal nüsxədə – birincisi (42,5 X 54), ikincisi isə (50 X 74) ölçülərdə olmaqla kətan üzərində yağlı boya ilə çəkilib. “Kərəmli-700” yubiley tədbirləri çərçivəsində qarşıdan gələn Beynəlxalq Memarlar Günü ilə əlaqədar görkəmli Azərbaycan memarı şamaxılı Əliş bəy Kərəmli bir daha anılmış və 42,5 X 54 ölçüdə olan (passport nömrəsi: K700PƏbK1N001) birinci portret Şamaxı rayon Tarix-Diyarçünaslıq Muzeyinə,

50 X 74 ölçülü (passport nömrəsi: K700PƏbK2N002) ikinci portret isə

Azərbaycan Memarlar İttifaqına hədiyyə olunmuşdur. Layihənin ilk günlərindən bu münasibətlə planlaşdırılmış və dəfələrlə təxirə salınmış Şamaxı Dövlət Regional Kollecinin tələbələri ilə görüş məlum məhdudiyyətlər aradan qaldırıldıqdan sonra baş tutacaq.

Bu günə qədər ağızdan-ağıza gəzən şifahi söhbətlərin, rus, Azərbaycan yazarlarının (mənə məlum olan – bəlkə başqa dillərdə, başqa xalqların da ədəbiyyatında və digər yazılı mənbələrində, arxivlərdə bu barədə məlumatlar vardır) yaratmış olduqları yazılı ədəbiyyat nümunələrinin, publisistik yazıların qəhrəmanı kimi bədii portretlərdən tanıdığımız Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvaninin portretinin yaradılmasını xalqımızın görkəmli oğlunun akademik səviyyədə tanınması yolunda atılmış mühüm addım kimi qiymətləndirir və universitetlərimizin tarix fakültələrinin tələbələrini, aspirantları, doktorantları, onların rəhbərlərini referatlara, diplom işlərinə, eləcə də olduqca müxtəlif səviyyəli elmi işlərə mövzu seçərkən dərindən araşdırılmağa, tədqiq olunmağa ehtiacı olan bu vacib şəxsiyyəti, onun həyat-fəaliyyətini diqqət mərkəzində saxlamağa çağırırıq. Onu nəzərinizə çatdırıram ki, məzarının yeri dəqiq məlum olmasa da (bu amil günümüzdə aktual olan mədəniyyətlər fərqi məsələsini bir daha ortaya qoyur – demək olar ki, müasiri, eyni zamanda həmyerlisi olan İmadəddin Nəsiminin həyatı daha faciəli sonluqla Şərqdə – müsəlman torpaqlarında başa çatsa da günümüzədək məzarı Hələbdə qorunub saxlanmışdır), əlimizdə ölkəmizin hüdudları daxilində və xaricində tam şəkildə qorunmuş və ya qalıqları mövcud olan tikililər, xalq arasında geniş şəkildə yayğın olan şifahi məlumatlar, kifayət qədər zəngin yazılı bədii nümunələr, publisistik yazılar, ən əsası hal-hazırda Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan Kərimlilər nəslindən olması kimi araşdırılaraq, dəqiqləşdirilməyə ehtiyacı olan çoxsaylı mənbəələr var.

Sonda maraqlananlar üçün onu qeyd edə bilərəm ki, görkəmli memarın həyatından bəhs edən “Əliş və Anna” kitabını əldə etmək istəyənlər “Mücrü” Nəşriyyatına, eyni zamanda Bakıda və Sumqayıtda əsas kitab mağazalarına müraciət edə bilərlər. Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib, sona qədər həmsöhbət olduğunuz üçün minnətdarlığımı bildirirəm.

29.09.2020. Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ DOQQUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:

1.“Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”, “525-ci qəzet”, 03.10.2020, say: 124 (5505) s.23.
2. “Memar Əliş bəy Kərəmli”, “Ədalət”, 06.10.2020, say: 135 (5795) s.7.
3. “Kremlin memarı Əliş bəy Kərəmli”, “Təzadlar”, 06.10.2020, say:33 (2274) s.12.
4. “Memar Əliş bəy Kərəmli”, “ Kredo”, 08.10.2020, say: 36 (1016) s.15.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – Arzu

Akif ABBASOV – alim, yazar.

                            ARZU

                          (hekayə)

           Səyyarə xanım indi müəyyən yaşa dolub. Xanım-xatın bir qadındır.  Zahirən, batilən də gözəl bir xanımdır. Uşaqlıq illərində hərənin bir sərgüzəşti olur. Səyyarə xanımın da yada salınası xatirəsi var.

           Deməli belə, Səyyarənin 10 yaşı olardı. 3, ya 4-cü sinifdə oxuyurdu. Bir gün dərsdə  “Ana vətən” şeri keçilirdi. Müəllim motivasiya yaratmaq üçün uşaqlara sual verir:

         -Kim deyər, dünyada bizim üçün ən əziz olan varlıq nədir?

         Hamı bir ağızdan:

        -Ana, – deyir.
        Səyyarənin səsi gəlir:

        -Dünyada bizdən ötrü ən əziz olan varlıq Arzudur.
        Müəllim o biri suala keçir:
        -Yaxşı, elə isə deyin: anadan başqa daha  əziz olan nədir?

        Hamı deyir:

        -Vətən.

       Səyyarənin dinmədiyini görən müəllim üzünü ona tutur:

       -Hə, Səyyarə, sənin cavabın nə olacaq?

       Səyyarə yenə də:

       -Arzu, -deyir.

       Müəllim Səyyarəyə yaxınlaşaraq onun saçlarını sığallayır, onu başa salmağa çalışır:

       -Qızım, kimdən soruşsan, belə deyər: dünyada anadan və Vətəndən əziz heç nə ola bilməz. Sən də bunu bilməlisən. İndi de görüm, dünyada bizim üçün ən əziz olan  nədir?

        Səyyarə ayağa qalxaraq:

        -Müəllim, Arzudur, -deyə təkrar edir.

        Müəllim təəccüblə ona baxaraq:

        -Əyləş, – deyir.

       Yerinə qayıdan müəllim, başqa sualla sinfə müraciət edir:     

        -Hansı adlar həmişə bir yerdə çəkilir?
       Uşaqlar:

        -Ana və Vətən sözləri , -deyirlər.
        Səyyarənin səsi gəlir:

        -Arzu.
       Müəllim suallarını davam etdirir:

        -Bizim liderimiz kimdir?
        Uşaqlar xorla bildirirlər: 

        -Lenin.

       Müəllim Səyyarəyə baxır. Səyyarə tez:

       -Arzu, – deyir.

       Müəllim əsəbiləşir, direktoru çağırır, olanları deyir.

      Öyrənməyə başlayırlar ki, bu uşaq niyə özünü belə aparır, hansı sual verilirsə, cavabında Arzu deyir.

       Məlum olur ki, Arzu bunun qardaşıdır, təzə doğulub. Səyyarə  qardaşını o qədər çox istəyir, ona o qədər bağlanıb ki, onun yanından aralanmaq, hətta məktəbə belə getmək istəmir. Bütün günü fikrində, xəyalında Arzudur.

       Səyyarəni başa düşüb, onun xətrinə dəymədlər.

         Olub-keçənləri yadına salan Səyyarə xanım gülümsədi. Daha uşaq deyildi. Bilirdi ki, qardaş da, bacı da çox sevilə bilər. Amma dünyada ən əziz olan ana ilə Vətəndir.

Bakı şəhəri, 10 aprel 2021-ci il.

Müəllif:Akif ABBASOV



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təhsildə innovasiyalar, Yeni Dünya Düzəni, Yeni Tədris Formatı – Zərövşən Babayeva

Dr. Zərövşən Babayeva.

Təhsildə innovasiyalar, Yeni Dünya Düzəni, Yeni Tədris Formatı

         XXI əsr bizi təəccübləndirməyə davam edir. Yaşadığımız son dövrlər öz yeni formatı, fərqli problemləri ilə seçilir. Artıq 2020-ci ilin əvvəl­in­dən başlayaraq həyatın tamamilə yeni is­tiqa­mətdə dəyişilməsi ilə barışmalıyıq. Qəbul etmə­li­yik ki, dünyamız köklü şəkildə dəyişdi və əv­­vəlki münasibətlər yeni keyfiyyət dəyişik­li­yi­nə uğ­ra­mışdır. Artıq yeni dünya insanı cə­miy­yə­tini, dövlətini əvvəlki şərtlərlə idarə etmək, yenilik­lə­rə anın­da cavab verməkdə çətinlik çə­kir. Bu gün hansı cəmiyyət el­mi­nə, təhsilinə, insa­nı­na, torpağına, toxumuna sahib çıxar, yatı­rım edərsə, ye­ni­lik­­lərə açıq olub dünya təcrübəsin­dən faydalanmaqla yaradıcılığa üs­tünlük verərsə o da ya­rış­dan qalib çıxacaqdır. Məqsəd açıq və aydın olmalıdır. Tə­­bi­­ət­də belə bir qa­nun var – güclülər qa­lib gəlir. Yəni müasir dunya­mız­da yaşamaq uğrunda müba­ri­zə­də qalib gəlmək üçün də cəmiy­yətlərdə güclü-gücsüz qarşıdur­ma­sı gedir. İnsan­lı­ğın sınağa səkildiyi son illərdə bütün sahələrdə ol­du­ğu kimi təd­ris-təhsil sahə­sində də problemlər, mübahisəli məqamlar yaranmışdır.      

         Öyrədən-öy­­rə­­nən arasındakı fərqli for­mat­da fəaliyyətlərin gündəmə gəlməsi ilə ali və orta məktəblərdə təd­ri­sin idarə edilməsinin dövrün problemlərinə müvafiq şəkildə təşkili zərurətə çev­ril­miş­dir. Əs­lində dünyanı saran problemlər bu gündən gələcəkdə də yara­na biləcək qarı­şı­q­lıq­­la­ra hazırlıqlı ol­ma­­­ğı­mızı şərtləndirir. Müasir texnolo­gi­ya­lar sayəsində düçar oldu­ğu­muz ka­ran­tin şəraitində fəaliyyətimizi davam etdirsək də – onlayn, virtual format, a-sosial mühit, məsa­fə­lərin uzanması cəmiyyətlərdə bəzi ruhsal, psixoloji problemləri də yaratmış­dır. Ümumiyyətlə, həyatın müxtəlif sahələrində nailiyyət hər bir fərdin fəal iştirakından ası­lı­dır. Belə ki, yaradıcı, fərdi yanaşma, təfəkkürün istiqamətləndirilməsi, şəxsiyyətin problemə yanaşması, həyata baxışı, dünyağörüşünün zənginləşdirilməsi əsas şərtlərdəndir. Təh­sil sahəsi bu işlərdə əsas yerlərdən bi­ri­ni tutur. Cəmiyyət həyatında köklü dəyi­şik­lik etmək əsasən təhsilə qoyulan yatırımdan çox asılıdır. Bunun üçün nəzərə alınmalı məqamlar çoxdur:

  • Müəllimlərdə tədrısə sahiblik prinsipi
  • Öyrədən-öyrənənin maraq, təşəbbüs və istəklərinin ön plana çəkilməsi
  • Təhsildə qloballaşmanın qarşısının alınması
  • Fərqli təhsil formatının yaradılması
  • Tədris prosesində motivasiya, iki tərəfin də maraqlarının təmin edilməsi
  • Müəllim-tələbə sintezi
  • Təhsilin, məktəbin dövrün tələbinə uyğun təşkili
  • Fikir mübadiləsi, birlikdə fəaliyyət və s.

       Təcrübələr göstərir ki, təhsildə istənilən səviyyəyə çat­maq üçün öyrənən­lər­də aşağıdakı ba­ca­rıqların forma­laş­dırıl­ma­sı vacib sayılmalıdır: Yeni bi­lik­lərə məntiqi, tənqidi yanaşmaq, təxəy­yü­lə sahib olmaq, yaradıcı tət­biq­etmə, fərqli tədris for­mat­ı, dinləmə, kommunikasiya, təhlil, ana­l­iz-sintez, düşündürücü sual vermək bacarığı və s. Bütün bunlar təhsildə, dolayısı ilə cəmiyyət hə­yatında innova­siyalardan istifadəni təmin edəcəkdir:

        Təhsildə nələri dəyişək? – öyrənənlərin müstəqilliyinə, sərbəstliyinə imkan yara­dıb həvəs­lən­dirmək, vaxt vermək. Gənc nəslin suallarına ciddi yanaşıb birlikdə tədqiqat aparmaq, gələ­cə­yin məsuliy­yə­tini dərk etdirmək.

        Yeni dövrdə təhsil necə olmalı? – Bacarıqları inkişaf etdirməklə. Gənclər fundamental baca­rıq­larını təkmilləşdir­mək­lə yeni dövrdə yer tuta bilərlər. Artıq dünyada ixtisaslaşmış təhsil geri qalmış təhsi­l­ sayılır. Fərdi yanaşma və müşahidə ilə öyrənənləri dəyərləndirməliyik. Yəni bu əsrdə insanın qəl­bi­nin, ruhunun baca­rıqları da önə çəkilməli, empatiya qurularaq qarşıdakının fikirlərinə önəm ve­rilməlidir.

        Dünyanı dəyişmək üçün müəllimlər nə etməli? – Məlumatların canlı, öyrənənlərin ya­ra­dı­cı olmalarına diqqət yetirilməli, tədris edilən fənlərin önəminə diq­qət edilməli; Dünyagörüşün zən­­­ginliyi, yaradıcı işə xüsusi fikir verilməlidir. Xü­susilə son illər tənhalaşmaq, təcridolunmaq işin keyfiyyətinə mənfi təsir etmiş­dir. Bu baxımdan cə­miy­yətlərin və dövlətlərin müəllimlərin prob­lemləri ilə maraq­lanması, həyat şərait­lərinin yaxşılaşdırması qayğısına qalması işin xeyrinə olardı.

         Yeni dünyada yeni məktəb modeli necə olmalı? – Tələbələrin yaradıcılığı, gördüyü iş qiy­­­mət­ləndirilməli; Biliklərin yaradıcı tətbiqi; Müəllimlər kollektiv şə­kildə fəaliyyət göstər­mə­lidir. Bu həm motivasiya edici təsir edər, həm də yara­dıcılıq, tədqiqatçılığa meyli artırardı.

        Təhsildə hesabatlılq bacarığı nədir? – Tələbələrin ən nümunəvi işlərinin nü­ma­yişinin, süni zə­kanın təhsilə təsiri imkanlarının qiymətləndirilməsinin fərdi in­ki­şa­fa təsiri daha çox ola­caq­dır. Texnologiyaların tətbiqi zərurəti bu sahəyə diqqətin ar­tırılmasını diktə etməkdədir. Ölkə, döv­lət, müəssisələr arasında cəmiyyətin inki­şa­fı qiymətləndirilməlidir. Dünyanın necə də­yiş­di­yi­ni anlamaq; Birlikdə öyrən­mə­ni də­qiq­ləşdirmək, şərait yaratmaq, dəyişməyə hazır ol­maq. Gənc nəslin təkmilləş­mə­si, yeni dünyaya hazırlanması, fərqli formata istiqamət­lən­di­ril­məsi.

       Bu gün dünyada artan işsizlik, maddi problemlər, gərginləşən münasibətlər fo­nun­da sağ­lam düşüncə ilə davranmağa borcluyuq. Hər kəsin stresli zaman ke­çir­mə­sini nəzərə ala­raq qayğını, mərhəməti, məhəbbət hissini bir-birimizdən əsir­gəmə­məliyik. Cəmiyyətin ziya­lı­sı, ali məktəb müəl­lim­­i olaraq məruz qoyul­du­ğu­muz bu problemlərdən az itki ilə çıxa bil­mə­yin yollarını da araşdır­ma­lıyıq. Gənc­lərimiz gə­lə­cəyimizdir və müxtəlif sahələrdə cə­miy­yətin inkişa­fında mü­hüm rol oynayacaq­lar. Bu səbəbdən onlarla apardığımız işlər üçün də məsuliyyət bizim üzərimizdədir.

         Yenicə qazandığımız Qarabağ zəfəri də bizi bundan sonrakı möhtəşəm nai­liy­yətlərə ruhlandırır. Şahidi olduğumuz Vətən müharibəsi göstərdi ki, qan yad­da­şı bələkdə Qarabağı tərk edən körpələri 30 il sonra tanklarla, İnsansız Hava Araç­ları (İHA) və qırıcı təyyarələr, müxtəlif hərbi texnika ilə doğma torpaqlarını mən­fur düş­mənlərdən təmizləmək üçün ayağa qaldırdı. Bu, XXI əsrdə dünyaya səs salan mü­­asir Vətən Muharibə formatı Azərbaycanın yetişdirdiyi tələ­bə­lər, mühən­dis­­lər, həkimlər, müəllimlər,…., Zabit və Generallar sayəsində qələbə çalaraq Bö­yük Qə­lə­bə, Böyük Qayıdış idi. Bütün Azərbaycan cəmiyyəti olaraq Qarabağ Şə­hid, Qazi, Əsgər, yüksək rütbəli hərbiçilərinə, şəxsi heyətinə minnət duyur, şəhid və qazi ailələrinə səbr diləyirik. Ən ali səviyyədə dövlət qayğısı ilə əhatə olunmuş mü­ha­­ri­bə iştirakçıları yetişməkdə olan gənc nəsil üçün də layiqli nüminədir. Cə­miy­­yətlər və dövlətlər eyni amal uğrunda çalışdıqca görülən işlər hər bir fərdi məmnun edə­cək­­dir. Ümid edirik ki, insani sevgi, mərhəmət, elmi na­iliy­yətlər sayəsində Dünya­mız yaşamaq üçün öz əhəmiyyətini artıracaqdır.

     Yaşadığımız günlərdə cəmiyyətlər, dövlətlər arasında açıq şəkildə qüvvə­lə­rin toq­quş­ması baş verdiyinin şahidi oluruq. Tədris sahəsində də bütün baş verən­lə­ri nə­zərə alaraq köklü dəyişiklik­lər etməyin tam zamanıdır. Bu gün bizə müxtəlif el­mi bilikləri əzbərləyən şagird, yaxud tələbə ki­fa­yət eləmir. Öyrənənləri biliklərin sax­landığı “papka” for­ma­tından çıxarmaq zamanı çoxdan çat­mışdır. Öyrən­di­yi bi­li­­yi ya­ra­­dıcı tətbiq edə bilən, təklif olu­nan hazır biliklərə tənqidi yanaşan, kons­truktiv dü­şü­­nən gənc nə­sil sayəsində yaxın gələcəkdə texnologiyaların, robotların üstünlük təşkil etdiyi dünyada yaşa­ma­ğa uy­ğunlaşmalıyıq. Anlamalıyıq ki, artıq ən böyük “silah” Elmdir. Köhnə dünya standartları ilə yeni dünya­da rəqabətə dayan­maq üçün çalışmalıyıq. Biologiya elmi, tibb sahəsi, kimya, fizika, kosmonavtika və digər elm sahələrində əldə edil­miş yeni na­iliy­yətlər insanlığa fərqli yanaşmalara görə cə­miy­yətlərin lehinə və əley­hinə tətbiq edilməkdədir. Elmi insanlığın lehinə işlədən kadrlar, mütəxəssislər yaratmaq müasir dövrün zərurətinə çevril­miş­dir. Məhz yara­dı­cı, yenilikçi, müa­sir texnologiyalara yiyələnmiş gənc­lik, hazırkı kadr po­ten­sialı­nın təkmilləşməsi ilə güclü rəqabətə dayana biləcəyik. Son bir ildə bütün dünyada “pan­de­miya, karantin, virus, məsafə, maska, təmizlik” məfhumları hə­ya­tımızın reallığına çev­ril­mişdir. İna­nırıq ki, cəmiy­yətlərin sağlam düşüncəli ziyalıla­rı­nin birgə səyi ilə XXI əsrdə cəmiyyətlər is­tər Təhsilinə, istərsə də İnsanına sahib çıxaraq qarşıya çıxan çətinlikləri aşacaqdır.

Zərövşən Babayeva

Naxçıvan Dövlət Universitetinin dosenti

pedaqogika üzrə elmlər doktoru


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KAMAL CAMALOV – BƏDİİ-ESTETİK MEYARLAR CARÇISI AŞIQ ƏLƏSGƏR

BƏDİİ-ESTETİK MEYARLAR CARÇISI AŞIQ ƏLƏSGƏR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 fevral 2021-ci il tarixdə ozan-aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun, yenu ruh qazandırmış Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Sərəncam imzalamışdır.

Ozan-aşıq şeirinin zirvəsi Aşıq Ələsgər şeir yaradıcılığından başlanır desək, bizə elə gəlir yanılmarıq. Çünki Aşıq Ələsgər sadəcə şənliklərin təntənə ilə keçməsinə maraq göstərən, mağarlarda sazını köksünə basıb çalıb-oxuyan aşıq olmamışdır. O, həm də əxlaq kodeksi daşıyan şeirlərini xalqa çatdırmış, uzun qış gecələrində yorulmadan məclislər aparmış, yaşadığı dövrə baxarsaq yüzlərlə, minlərlə savadsız, biliksiz kəndliyə əxlaq, mənəviyyat, xeyirxahlıq, gözəllik dərsi deyən ustad müəllim olmuşdur. Deməli, Aşıq Ələsgər ümumən Vətənin, xalqın, bəşəriyyətin firavanlığı, xoşbəxtliyi naminə çalışmışdır.

İrsi silinməz tarixi yaddaş rəmzi kimi yaşayan Aşıq Ələsgərin yaradıcılığını əhatə edən qoşmaları (Qoşayarpaq qoşma, Müstəzad qoşma və s.), təcnisləri (Dodaqdəyməz təcnislər, Cığalı təcnislər, Müstəzad təcnislər və s.), divaniləri, müxəmməsləri, gəraylıları (Dildönməz gəraylı), bağlamaları, həcvlər və hərbə zorbaları, deyişmələri, qəzəlləri, mərsiyə və dastan rəvayətləri heç də gəlişi, yaxud deyilişi gözəl sözlər kimi qəbul etmək əlbəttə ki, düzgün olmaz. Çünki onun yaradıcılığı­nın hər sözündə, hər cümləsində böyük hikmət, məna vardır. Davranış qaydaları, səadətə, xoşbəxtliyə çatmaq yolları, ağsaqqala, qadına, böyüyə hörmət, sevgiyə, nikaha, ailə həyatına, kişilik, məğrurluq etolonlarına ciddi münasibət öz əksini tapmışdır. Görkəmli xalq şairi Məmməd Arazın sözləri ilə desək “Ələsgər sazı, Ələsgər sözü Azərbaycan xalqı üçün bir əsrə yaxın (artıq iki əsr olmuşdur – K.C.) böyük bir ədəbiyyat universiteti rolunu oynamışdır” [Bax: “Ulduz” jurnalı. Aşıq Ələsgər yüksəkliyi. 1972, №5, səh.16].

Şair-aşığın fikrincə sazı sinəsinə basıb şeir deyən, şair olan kəs gərək həm də:

                                      Danışdığı sözün qiymətin bilə,

                                      Kəlməsindən ləlü, gövhər süzülə,

                                      Məcazi danışa, məcazi gülə,

                                      Tamam sözü müəmmalı gərəkdi

– kimi ali keyfiyyətlərə yiyələnsin. Bəli, böyük sənətkar belə bir tələblə əlinə saz almış, həmçinin Azərbaycan aşıq şeirinə yeni ruh, yeni təravət, yeni görüş gətirmişdir.

Qüvvətli bədii məntiq Aşıq Ələsgər şeirinin üslubunu müəyyən edən amillərdəndir. Çox vaxt oxucunun mənəvi dünyasını oxşayan da elə bu amildir. Onda hissiz, duyğusuz deyilmiş bir söz, ifadə tapmaq çətindir. Aşıq şeirində sözü, fikri yüksək bədii səviyyəyə qaldırmaqda xalq ozanı Aşıq Ələsgər əvəzsiz sənətkardır.

                                      Ələsgərəm, yandım eşq ataşında,

                                      Gözüm qaldı kirpiyində, qaşında.

                                      Qazdır məzarımı çeşmə başında,

                                     Sal sinəm üstünnən yol, incimərəm.

Sadə fikirdir. Lakin nə qədər bədii və ifadəli deyilmişdir! Güclü məntiq fikri bir-birinə möhkəm bağlanmışdır: aşığa yar tərəfindən nə qədər naz-qəmzə satılsa da, könül şəhəri talan edilsə də, əzab verilsə də, incidilsə də, qəm ləşkəri üstünə hücum çəksə də, qəmə-ələmə düçar olsa da, ancaq o yardan incimir.

Aşıq Ələsgərin şeirləri rəvan oxunur, onun dili axıcıdır, gözəldir. Bunun bir səbəbi sənətkar aşığın sözləri seçməyi, mənalandırmağı bacarmasındadırsa, digər səbəbi, sözləri yerinə görə işlətməsində, sıralamasında, cümlə qurmasında, məharət sahibi olmasındadır. Cümlələrin rəngarəng qurulması, həyəcanlı vurğu ilə deyilməsi yaradıcılıq görüşlərinin gözəlliyini artırmış, dilinə rəvanlıq, yüksək bədii keyfiyyət gətirmişdir:

                                      A bimürvət, axı səndən ötəri

                                      Ah çəkməkdən bağrım qana dönübdü.

                                      Qədd əyilib, gül irəngim saralıb,

                                      Xəzan dəymiş gülüstana dönübdü.

Atalar sözləri və zərbi-məsəllər Aşıq Ələsgərin şeir dili və üslubuna xüsusi rövnəq verərək, deyilən fikri xalq hikməti ilə bağlamış, onun təsir mahiyyətini artırmışdır. Hikmət sahibi xalq dilindən eşitdiyini özünün şeir dilinə çevirmişdir. Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə də bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Əgər məktəb uşaqları Aşıq Ələsgəri şeirlərindəki doğmalığa, təmizliyə, nəğmə ahənginə görə sevirlərsə, böyüklər də sadaladıqlarımızla yanaşı, onun hikmətinə, onun dərinliyinə görə səcdə edirlər. Aşıq Ələsgər atalar sözü və zərbi-məsəllərdən, bir qayda olaraq onları öz misra və beytlərinə uyğunlaşdıraraq istifadə edir: “Dost uzaq olmaqla könül yad olmaz”; “Qarğı mızraq qıl çuvala sığışmaz”; “Qonşuya kəc baxan özü ac olur”; “Dostun məzəmməti adam öldürür, – Düşmənlə döyüşüb söyüşmək olar”; “İyid odur namusunu atmasın”; “Bir baş ki, ilqara qurban getməsin, onu bir qarpıya dəyişmək olar”; “Görürsən ki, baxtın yatıb, sən də yat”; “Bədəsildən hərgiz olmaz heç əsil”; “Bir gün yaranıbsan, bir gün ölürsən”; “Dost yolunda boran, qar olacaqdır”; “Söyüddən bağ saldım, peyvəst eylədim, Almasın, heyvasın, narın görmədim”; “Qarı düşmən bir də gəlib dost olmaz”… Aşağıdakı bəndlər bütünlüklə atalar sözü və xalq hikməti ilə bağlandığından fikir daha təsirli və qüvvətli çıxmışdır:

                                      Alçaqda dayan ki, çıxasan başa,

                                      Tülküsən, aslanla girmə savaşa.

                                      Gəl yapışma gücün çatmayan daşa,

                                      Götürə bilməzsən, zora düşərsən.

         Yaxud:

                                      Danışdıq, barışdıq mərhəmət ilə,

                                      İnciklik araya qatma, hayıfsan!

                                      Sən tacir olmazsan bir manat ilə,

                                      Namusu, qeyrəti atma hayıfsan!

         Yaxud da:

                                      Arif olan, gəlin sizə söyləyim,

                                      İyid sözü mərd-mərdana yaxşıdı.

                                      Kişi gərək dediyindən dönməsin,

                                      Biilqardan bir zənana yaxşıdı.

Göründüyü kim, Aşıq Ələsgər xalqdan öyrənən və xalqa öyrədən sənətkarlardan­dır. O, el ədəbiyyatından, zəngin xalq yaradıcılığından çox şey götürmüş və ona çox şey də əlavə etmişdir.

Xalq ozanı Aşıq Ələsgər poeziyasında Vətən təbiətinin gözəlliyi, onun misilsiz zənginliyi, poetik sözün bütün əzəməti, onun nəhayətsiz rəngləri və incə çalarlıqları təsvir və tərənnüm edilmişdir. Aşıq Ələsgərin bizə gəlib çatan irsi zəngin bir irsdir. Xalq yazıçısı Mirzə İbrahimov əbəs yerə demir ki, Aşıq Ələsgərin poeziyası əbədi yaşayacaq böyük sənət nümunəsidir, Azərbaycan xalqının bədii təfəkkürünün qabaqcıl, mütərəqqi ənənələrini davam və inkişaf etdirmişdir. Bu böyük poeziyada insan və onuun mənəvi gözəllikləri, xalq həyatı və məişətinin konkret bədii səhnələri, vətənin təbiəti, xalqın adət və ənənələri zəngin boyalarla əks olunmuşdur. Onun yaradıcılığının bədii keyfiyyətləri sənətkarlığı, bədii dili və obrazlı ifadələri bişmiş, bitkin, bütöv və gözəldir. Bu mənada, Aşığın təbiət mövzusundakı şeirlərini oxuyarkən gözlərimiz qarşısında aydın bir səma, parça-parça mavi buludlar, nəhəng xalını xatırladan çəmənlər, çağlayan şəlalələr, durna gözlü bulaqlar və s. qarşı böyük bir sevgi, kövrək bir məhəbbət oyanır. Bu qəbildən olan şeirlərindən, Aşıq Ələsgər hər şeydən əvvəl, bir təbiət vurğunu, gözəllik aşiqi kimi çıxış edir. Xalq dilinin hüdudları xeyli dərəcədə genişlənmişdir. “Şah dağı” şeirində oxuyuruq:

                                      Aləmdə dastan olub

                                      Səddin, sorağın, Şah dağı!

                                      Açılıb nərgiz, bənövşən,

                                      Əcəbdi çağın, Şah dağı!

                                      Abi-kövsər kimi axır

                                      Çeşmən, bulağın, Şah dağı!..

                                      Süsən, sünbül, gül, ərğəvan

                                      Köysündə laləzar verib;

                                      Alan, satan gözəllərdi,

                                      Nə rəvanc bazar verib;

                                      Damənin çəhar fəsildi,

                                      Hər meyvə bitib, bar verib;

                                      Xudam səni çox bəyənib,

                                      Bir belə ixtiyar verib;

                                      Dalın dənizə söykənib,

                                      Kürdü ayağın, Şah dağı!

Təbiət anlayışının şair tərəfindən bu cür izahı məqsədəmüvafiqdir. Çünki bədiili­yin, gözəlliyin doğurduğu təsir öz növbəsində xeyirxahlığın və yüksək əxlaqlılığın rəhni kimi özünü göstərir. Şair sanki hər bir oxucusuna belə demək istəyir: Ulu Tanrı tərəfindən ya­radılan həyatın gözəlliklərini düzgün dərk et, ətraf mühiti öyrənməyi bacar, onları qoru, mühafizə et, həmçinin bədii yaradıcılığa dair vərdişlərə yiyələn.

Nəğməkar şair Aşıq Ələsgər ətraf aləmin harmonik-ahəngdar xüsusiyyətlərini emosional ruhda təsvir edir. Onun yaradıcılığında “dağlar” mövzusu geniş məfhumdur. Ümu­miyyətlə, “Dağlar” Ələsgər yaradıcılığında kişilik, mərdlik, cəsarət, əyilməzlik, vüqar­lılıq, əzəmət simvolu kimi dəyərləndirilir:

                                      Gahdan çiskin tökər, gah duman eylər,

                                      Gah gəlib-gedəni peşiman eylər,

                                      Gahdan qeyzə gələr, nahaq qan eylər,

                                      Dinşəməz haramı, halalı dağlar.

Ağ xalat bürünər, zərnişan geyməz,

Heç kəsi dindirib, xətrinə dəyməz.

Sərdara söz deməz, şaha baş əyməz,

Qüdrətdən səngərli, qalalı dağlar.

“Sərdara, şaha baş əyməyən”, “qüdrətdən səngərli, qalalı” olan dağlar aşığın qəlbini dolduran, riqqətə gətirən poetik obyektdir.

Aşıq Ələsgər xalq şeirinin məziyyətlərindən demək olar ki, daha gözəl istifadə etmişdir. Sinədəfdər Aşıq, onun zəngin mənəvi varlığı xalq həyatı ilə o qədər yaxın olmuşdur ki, doğma və xəlqi olan hər bir şey dərhal onun poeziya dühasına hopmuşdur. Bu da ondakı parlaq istedadla əlaqədardır. Aşıq Ələsgər şeirinin gözəlliyi, dilinin xəlqiliyi bir də ondadır ki, o, həyatda olan hər cür mətləbdən söz açmışdır.

Aşıq Ələsgər dediyimiz kimi, xalqın həyat və məişətinə çox yaxın və dərdlərinə qəlbən şərik olmuşdur. Yaradıcılığında bəzən gizli, çox zaman isə açıq etiraz səsini ucaltmışdır. Xalq şairi Osman Sarıvəllinin işıqlandırdığı fikirdəki kimi, bəzən bilavasitə, bəzən də dolayısı ilə özündən razı bəylərin, xanların zülm və əsarətini; yalançı molla və ruhanilərin riyakarlıqlarını, ailə və məişətdəki nöqsanları, mədəniyyətsizliyi özünəməx­sus bir dillə tənqid atəşinə tutmuş, həmçinin xalqın igid oğullarını, gözəl qızlarını, yurdumuzun zəngin təbiətini hərarətli bir qəlblə sevmiş, tərənnüm etmişdir. Həssas şair zəhmətkeş kütlənin ağır güzəranını görmüş, azğın mülkədarların, çinovniklərin, ağaların, bəylərin qeyri-insani rəftarını; ictimai haqsızlığın, bərabərsizliyin törətdiyi faciələri dərindən dərk edə bilmiş və bütün bunları poetik şeir nümunələri ilə ifadə etmişdir.

                            On səkkiz min aləm, yetmiş iki dil,

                            Ülfət qılır bir bazarın içində.

                            Kimi ətlaz geyir, tirmə qurşayır,

                            Kimi üryan gəzir qarın içində.

                            Demək nə lazımdı, özün bilirsən,

                            Bir gün yaranırsan, bir gün ölürsən.

                            Arsız-qəmsiz nə gününə gülürsən?!

                            Yandırarlar səni narın içində.

Aşıq Ələsgər “Olmaz” rədifli qoşmasında “varlıqda dost, yoxluqda kənar” olan müxənnətlərdən, “nüftədən pak”, “loğmadan halal” olmayan nacins adamlardan uzaq gəzməyi məsləhət bilərək belə deyir:

                            Ələsgər, mətləbin xudadan istə,

                            Kərəm olmaz müxənnəsdə, xəsisdə,

                            Bəylik, göylük, səylik olan məclisdə

                            Qaç ki, orda xeyir-bərəkət olmaz.

Dədə Ələsgərin hikmət dolu şeirlərində stixiyalı mövhumatçı fikir və ideyalar da çoxdur. Görkəmli söz ustadı şeirlərində nəcib əxlaqlı, dərin zəkalı, həqiqi din xadimlərinə yüksək ehtiram göstərməklə yanaşı, yalançı din təbliğatçılarını, ruhaniləri, mollaları, axundları, zahidləri, qazıları kəskin tənqid atəşinə tutmuşdur. Tamahkar, acgöz və xəsis “din xadimlrini” nümayiş etdirən “Çıxıblar”, “Görmədim”, “Mollalar”, “Eyləyək” kimi adlarını sadaladığımız qoşma və müxəmməsləri dediyimiz fikrə əyani sübutdur. “Söyüd ağacı kimi bar verməyən”, “doğru-dürüst etibarı olmayan”, “qananlar məclisində yeri olmayan”, “xain”, “yalançı” və s. soyğunçu mollalar haqqında şair belə deyir:

                            Tanıram əslini, söyüddür zatın,

                            Uca boy verərsiz, barınız olmaz.

                            Dildən dost olarsız, könüldən əyri,

                            Doğru-dürüst etibarınız olmaz.

İslama haramı halal bilərsiz,

                            Şəriətdən kənar mətləb dilərsiz,

                            Əysik danışarsız, artıq gülərsiz,

                            Namus, qeyrətiniz, arınız olmaz.

“Görmədim” qoşmasında şair “qazıların düz bazarın görmədiyindən”, “Mollalar” adlı müxəmməsində isə mollaların pis əməllərindən danışır, onları “fağırın malını çapıb talayan”, “kəndlilərə zülm eyləyən”, qadınların namusuna təcavüz edən “fəndgir əxlaqsız”, “xarabalıq sevən bayquş” adlan­dırır.

“Çıxıbdı” rədifli qoşmasında isə qazıların, mollaların, qoçuların, quldurların, pristavların, naçalniklərin xalqın başına gətirdiyi bəlaları, müsibətləri, oyunları acı-acı belə xatırlayır:

                            Ay həzərat, gəlin sizə söyləyim,

                            Bu dünyanın xəyanatı çıxıbdı.

                            İnsaflar azalıb, mürvət gödəlib,

                            Qazıların mazarratı çıxıbdı.            

Əlimizi aparıbdı sərt ayaz,

                            Ruzumuz olubdu gündən-günə az.

                            Molla şeytan olub, axund seyidbaz,

                            Məşədi, kalvayı lotu çıxıbdı…

Aşıq Ələsgər bu kimi yoldan azmış günahkar sahiblərini haqq yoluna, ədalət yoluna dəvət edir. Deyir ki, bu fani dünyada nə rəzilliklər edirsinizsə, əməkçi xalqın zəhmət dolu əməyini min bir fırıdaq yolu ilə aldadıb əlindən çıxarırsınızsa, yaxud zor göstərərək, şallaq vuraraq, vurduraraq şəxsiyyətlərini alçaldırsınızsa haqq dünyasına, əbədiyyət evinizə gedən zaman olunacaq sorğu-suallardan yayına bilməyəcəksiniz. Şair poetik dillə belə deyir:

                            Günahkardı nə ki yoldan azan var,

                            İki mələk – xeyir-şəri yazan var,

                            Ərəsət var, qıl körpü var, qazan var,

                            Orda qəbul olsun niyazım mənim!

Sonda belə nəticəyə gəlirik ki, Haqq aşığı Aşıq Ələsgər sələfləri Qurbani, Sarı Aşıq, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Əbülqasım Nəbati və digər müdrik dəfinələr kimi öz yaradıcılığında yığcamlığı, siqləti, obrazlılığı, dərin ictimai-pedaqoji məzmunu, ədəbi-tarixi koloriti, əxlaqi-etik tövsiyələri, nəsihətamiz ruhu, xalqın kamal dünyasını öz bənzərsiz yaradıcılığında əbədiləşdirmişdir.

Ulu öndər Heydər Əliyev deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bəli, ulu öndər kimi, hər birimiz Azərbaycan vətəndaşı olmağımızla fəxr edirik. Ona görə ki, milli-mənəvi və bəşəri dəyərlərimizi dünyaya nümayiş etdirən Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Aşıq Ələsgər kimi yüzlərlə inci xəzinəmiz vardır.

Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu

Pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏRGİZ MİRZƏYEVA – KİTABLAR ŞEİRİ

Nərgiz Mirzəyeva – gənc yazar, məktəbli.

        Kitablar

Kitablar mənim dostum

Onlarla ucalıram

Kitablar düzgün yolum

Zirvəyə yol alıram

Mənim üçün kitabsız

Həyatın mənası yox

Düzgün mənalı yol

Kitabla başlanan yol

Həyatın sirrlərini

Bizə deyir kitablar

Ömrümüzün yollarına

Nur çiləyir kitablar

Gizli xəzinə kimi

Kitabları axtaraq!

Qiymətli əşya kimi

Kitabları qoruyaq!

Oxudum bir çox kitab

Gah güldüm, gah ağladım.

Dil açdı sanki kitab

Söhbət etdim, danışdım

Oxunan bir çox kitab

Yaddaşlarda qalandır

Ən çox sevdiyim kitab

Çərpələng uçurandır.

Müəllif: Nərgiz Mirzəyeva (297 nömrəli məktəbin şagirdi)


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏT- ÜŞÜYÜRƏM

Bu gün qar yağır Təbrizə,

üşüyürəm kədərin soyuqluğuna,

Bakının küləkli havası düşür yadıma,

baxıram xəbərlərə,

bir istilik tapacağıma ümüd edərək,

sızlayıram,

qəribçiliyimi fikirləşirəm,

kədərin sonluğuna gedərək,

həsrətlə xəbərləri izləyirəm,

eşidirəm,

bu gün Təbrizə yağan qar,

Bakıya   külək gətirib,

sınıb yenə ağacların budaqları,

qəlbim kimi.

Təbrizdə  yenə də qar yağır,

pəncərədən baxıram,

Bakıya gedən yollara.

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KİTAB NƏSR PROZA YAZAR

ZAUR USTAC – “SÖZÜN XAQANI” HAQQINDA SÖZ

Zaur Ustac – şair, publisist.

“SÖZÜN XAQANI” HAQQINDA SÖZ

İYİRMİ YEDDİNCİ YAZI
Salam olsun, çox dəyərli oxucum! İnanıram ki, bu söhbətimiz də maraqlı alınacaq. Belə əminliyimi şərtləndirən başlıca amil mövzunun əhəmiyyətli və vacib olmasından qaynaqlanır. Özünəqayıdış dönəmini yaşadığımız bir zamanda belə söhbətlərə mümkün qədər çox yer verilməli və vaxt ayrılmalıdır. Bax elə adi bu sadaladığım “yer”, “vaxt” anlayışlarının uzlaşmasında apardığımız söhbət əslində öz-özlüyündə bir “hadisə”-dir. Və artıq bu üç anlayışın bir arada olması isə tarix deməkdir. Tarix isə bizim iradəmizdən asılı olmayaraq artıq yaşanmış an, baş vermişhadisə, gələcəyə özül olacaq keçmişdir. Məhz bu səbəbən vaxtaşırı tarixə müraciət etmək, soy-kökümüzü tanımaq, tanıtmaq vacibdir. Ədəbiyyat tariximizə baxdıqda, A. Bakıxanov, İ. Qutqaşınlı, M. S. Ordubadi, Y. V. Çəmənzəminli, Makulu, S. Vurğun, B. Bayramov, İ. Şıxlı, İ. Əfəndiyev, İ. Muğanna, Ə.Cəfərzadə, F.Kərimzadə ənənələrinin Y.Oğuz, Ə.Nicat kimi tanınmış, müasirlərimiz olan yazarlar tərəfindən bu gün də uğurla davam etdirlməsi sevindirici haldır. Ancaq, olduqca sevindirici hal odur ki, bu sahədə görülən işlər bununla kifayətlənmir. Məsələn, son iki ildə tanış olduğum kitablardan yuxarıda sadaladığım müəlliflər qədər məşhur olmayan müasirimiz şair-publisist Qələndər Xaçınçaylının “Güllə işığında” və yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povestləri tarixilik baxımından misilsiz sənət əsərləridir. Bugünkü söhbətimizin mövzusu isə ən son tanış olduğum “Söz xaqanı” kitabı barədə olacaq. Kitabın müəllifi artıq ədəbi mühitdə öz sözünü demiş, istər şeirləri ilə, istərsə də publisistik yazıları ilə oxucu rəğbətini qazanmış Sona Abbasəliqızıdır.
QISA ARAYIŞ
Sona Abbasəliqızı Göyçə mahalında anadan olub.BDU-nun (keçmiş ADU-nun) Jurnalistika fakültəsini bitirib.Səkkiz kitab müəllifidir.Azərbaycan yazıçılar və Jurnalistlər,İraq-Türkmən Yazıçılar,Özbəkistan Yazıçılar Birliklərinin üzvüdür.Dəfələrlə Dövlət tərəfindən mükafatlandırılıb.Uzun müddət dövrü mətbuatda məsul vəzifələrdə çalışıb.Bu müəllifin doqquzuncu kitabıdır. Nəşr olunan bütün kitablar çalışdığı Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilir. “Ziyadar” Mükafatına layiq görülmüşdür.İki övladı var.
Kitabda adı keçən romandan əlavə “Tale yolu” adlı bir povest və “Ümid”, “Ürək unutmur”, “Səssizliyin səsi” kimi üç hekayə də yer alıb. “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabın naşiri, redaktoru və eyni zamanda ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Nadir Məmmədlidir. Bundan əlavə Ağrı  İbrahim Çeçen Üniversitesi Eğitim fakültəsi dekani və
Atatürk Üniversitesi Kazim Karabekir Eğitim fakültəsi yabanci
dillər Eğitimi bölüm başkanı alman dili eğitimi ABD başkani Professor. Dr. Melik Bülbül kitaba tarixilik baxımından dəyər qazandıran son söz yazmışdır.

Sona Abbasəliqızının kitabı.

“Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır. Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi
düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış ƏfzələddinXaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və
yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır.”
 – Bu fikirlər məhz hörmətli professorumuz Nadir Məmmədlinin kitaba yazdığı ön sözdəndir. Mənim fikirlərimə gəlincə Hüseynbala Mirələmovun “Son səfər” povesti Nəsimi haqqında, Nəsimi dövrü haqqında, həmin dövrün Şamaxısı, Azərbaycanı – yəni bu coğrafiya üçün zəruri məlumatlar baxımından nə qədrər qiymətlidirsə, Sona Abbasəliqızının “Sözün xaqanı” romanı da Xaqani – Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. –haqqında, onun yaşadığı dövr haqqında məlumatlılıq baxımından zəngin mənbə hesab oluna bilər. Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, Sona xanım tarixi roman janrına yanaşması, bu yanaşmada qarşıya qoyduğu məqsəd və nailyyəti alqışa layiqdir. Əsərin sonluğunu nəzərə almasaq demək olar ki, təbiət mənzərələrindən tutmuş, insanların davranışları, müxtəlif hadisələrin təsvirləri, dialoqların tərtibi, müəyyən söz və ifadələrdən yerində, düzgün istifadə etmək kimi bütün zəruri məsələlər uğurla öz həllini tapmışdır. Yuxarıda qeyd etdiyim kimi yalnız sonluq hissədə, artıq roman bitdikdən – hər şey gözəl başlayıb, inkişaf edib, yekunlaşdıqdan – sonra hansısa texniki səbəbdən zamanın itməsi, uyğunsuzluq baş verir. Bu halla biz nəsr əsərlərinin çoxunda məhz sonluqda rastlaşırıq. Belə hallarda müəlliflər ya bilərəkdən bu addımla nəsə əlavə bir məlumat çatdırmaq istəyirlər, ya da sonluqda müxtəlif səbəblərdən, bəlkə də ani diqqətsizlikdən xırda qüsurlar yaranır. Ancaq onu da əlavə etmək istəyirəm ki, bu uyğunsuzluğun həmən ardından “… Təbrizin mərkəzində də Bakıdakı kimi yaraşıqlı, güllü-çiçəkli Xaqani parkı var. Parkın girəcəyində Əfzəlləddin Xaqaninin şərəfinə böyük və əzəmətli bir abidə də ucaldılıb. Xiyabanın yaxınlığında “İslamın Firuzəsi” adlandırılan Göy məscid, məscidin içərisində Həqiqi təxəllüsü ilə tanınan hürufi şair, Qaraqoyunlu dövlətinin Beşinci Sultanı Müzəffərəddin Cahan şahın və onun xanımının dəfn olunduğu məqbərə yerləşir. Cahan şah Həqiqi Azərbaycan türkü idi… Şairlər məqbərəsində isə şamaxılı Azadlıq zəvvarının – əslən oğuz türkü olan Xaqani Şirvaninin başdaşına bu sözlər yazılıb: “Bu qəbir rəhmətlik, bağışlanmış, filosofların və şairlərin böyüyü, həkim Əfzələddin İbrahim Xaqani ibn Əli Şirvaninindir. Hicri beş yüz doxsan beşinci ilin şəvval ayı” . … Burada uyuyan dörd yüzdən çox şairin cərgəsindən sanki söz mülkünün xaqanının – orta əsr Şərq intibahının “Zöhrə ulduzu” sayılan Xaqani Şirvaninin ölməz və əbədi səsi gəlir: “bir əcəm türküyəm… Tanrı istəyən… ” … “belə bir gözəl sonluqla öz fikrini tamamlayır və oxucuda tam fikir formalaşmasına xidmət edən bitkin məlumat ötürməyi bacarır.
“Sözün Xaqanı” romanı haqqında təəssüratlarımı aşağıdakı kimi yekunlaşdırmaq istəyirəm:
– Müəllifin romanı yazmağa ciddi hazırlaşdığı, mütaliəsi və səfərlərinin nəticəsi göz qabağındadır. Bu təqdirəlayiq və bütün gənc yazarlara tövsiyə olunmalı bir örnəkdir,
– Romanın həcmi müasir tələblərə tam cavab verir,
– Dili səlisdir və aid olduğu dövrlə səsləşir,
– Tarixilik baxımından zəruri məlumatlarla zəngindir,
– Ən əsası olduqca vacib bir mövzuya müraciət etməklə əslində cəsarətli bir addım ataraq ədəbiyyatımıza gözəl, bitkin, tam məlumat yüklü bir əsər qazandırmışdır. Nəzərinizə çatdırıram ki, görkəmli şairimiz Məmməd Rahimin “Xaqani” mənzum dramından sonra Xaqani haqqında ikinci iri həcmli əsər, nəsrdə ilsə ilk nümunədir. Bütün bu sadaladıqlarıma görə Sona xanımı təbrik etmək olar.
Qeyd etdiyim kimi kitabda adı çəkilən romandan əlavə bir povest və üç hekayə də var. Kitabın diqqətəlayiq xüsusiyyətlərindən biri də odur ki, bu povest və hekayələrin də ruhu kitabın ümumi ruhu, ab-havası ilə uyğunluq təşkil edir və özünəməxsus xüsusi bir vəhdət yaradaraq birlikdə tarixilik ampulasından çıxış edirlər.
Sonda yənə söhbətimizin əvvəlindəki məsələyə qayıtmaq istəyirəm. İlk öncə Sona xanıma belə bir xeyirli işə imza atdığına görə təşəkkür edir, sonra üzümü gənc yazarlara tutaraq demək istəyirəm ki, araşdırsalar nə qədər haqqında yazılmalı Kərəmlilərimiz, Nəsimilərimiz, Xaqanilərimiz, Hadilərimiz, Qəmküsarlarımız var… Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib sona qədər həmsöhbət olduğunuz üçün qarşınızda baş əyir və sonsuz təşəkkürlərimi çatdırıram.
30.06.2020 – Bakı.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ YEDDİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:

  1. Sözün Xaqanı haqqında söz”, “Ədalət”, 09.07.2020, say: 91 (5751) s.6.
  2. “Sözün Xaqanı haqqında söz”, “Kredo”, 09.07.2020,  s.6.
  3. “Sözün xaqanı haqqında söz”, “Təzadlar”, 14.07.20,      say: 21 (2262) s.15.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızının ad günüdür!

Pərvanə Bayramqızı – yazar.

Bu gün ədəbi aləmdə artıq imzasını kifayət qədər tanıtmış xanım yazarlarımızdan Pərvanə Bayramqızının doğum günüdür! Ad günü münasibəti ilə Pərvanə xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!!  Uğurlarınız bol olsun, Pərvanə xanım!!!

QISA ARAYIŞ

Pərvanə Bayramqızı (Qarayeva Pərvanə Bayramqızı) 1982-ci il aprel ayının 23-də Gədəbəy rayonunun Cəfərli kəndində anadan olmuşdur. Arzu Qasımov adına Əli-İsmayıl kənd (indiki Alnabat) orta məktəbini bitirib. Filologiya və kitabxana-informasiya təminatı ixtisası üzrə təhsil almışdır. Hazırda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında çalışır.

Mətbuat səhifələrində imzası ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabı 2008-ci ildə ADMİU-nun “Qarabağ” mətbəəsində çap olunmuşdur. Müxtəlif illərdə “Savalan”, “Rəy” (Gəncə), “Bütöv Azərbaycan”, “Ədalət” qəzetlərində, “Günəş”, “Yazı”, “Xəzan”, “Ustad”,  “Azərbaycan” və “Ulduz” jurnallarında Pərvanə Bayramqızı imzasıyla şeir, hekayə və köşə yazıları dərc edilmişdir. Oxucu anlayışının istinadlarla izah edildiyi, oxucu-kitabxanaçı ünsiyyətindəki problemlərdən bəhs olunan, kitab verilişi ilə bağlı təklif irəli sürüldüyü “Oxucu anlayışı” məqaləsi ləsə Bakı Dövlət Universitetinin təsis etdiyi “Kitabxanaçılıq və informasiya”  jurnalının səhifələrində tanış olmaq olar.

Yaxın vaxtlarda çap olunan “Yaza bilməyən yazıçı” adlı ikinci kitabı Pərvanə Bayramqızının son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının məcmusudur. Uşaqlarda erkən yaşlardan kitaba maraq aşılamaq məqsədinə xidmət edən köşə yazıları və hekayələrində ədəbiyyatın, mütaliənin təbliğinə yönləndirdiyi fəaliyyəti uğurludur. İstər müharibə, istərsə də digər mövzularda yazdığı hekayələrində mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinə üstünlük verir. Cəmiyyəti təşkil edən fərdlərin davranışlarının qabardılmasını yazıların onurğa sütunu hesab etmək olar. Kitabda feysbuk statuslarının da yer alması müəllifin gündəlik həyatımızda baş verənlərə subyektiv yanaşmasını nümayiş etdirir. Yazıçı fərdi yaşantılarını oxuculara nəsrdən əlavə ilk kitabından seçmə şeirlərlə də çatdırır. Azərbaycan jurnalistikasında və ədəbiyyatında iz qoymuş ziyalıların, yazıçı və şairlərin haqqında yazdığı resenziyalarında (“Fikir bir söz min” –   Əməkdar jurnalist İntiqam Mehdizadə, “Sevgini görənlər” – Azərbaycan Dövlət Radiosu, “Azər Qismətin “Çuğullarının çuğulluğu” “Nəğmələrində göründüyümüz müğənni” – Qədir Qızılsəs, “Sklerozun xatirələrinin skleroz oxucusu” – yazıçı-jurnalist Vasif Sadıqlının “Sklerozun xatirələri” kitabı haqqında,  “Müdrik adam” – Seyran Səxavət, Xalq şairi Məmməd Araza həsr etdiyi “İradə Tuncayla ortaq dərdimiz” və “Bu yerlərdən getməyən Məmməd Araz”, “Ramiz Rövşən haqlıdır”, “Salam Qədirzadə haqqında”) həmin şəxsiyyətlər barəsində subyektiv fikirlərinə oxucuları “qonaq”edir, onların yaradıcılığından ruhən qidalanmalarına yardımçı olur.

Pərvanə Bayramqızının iki hekayəsini (“Sonuncu arzu” və “Qanlı əl”) yazıçı-şair Vaqif Osmanov təhlil etmişdir. Vaqif İsaqoğlu isə “Yaza bilməyən yazıçı” kitabı haqqında geniş yazı yazmışdır. Kitabı oxumayanlar V.İsaqoğlunun: “Pərvanə Bayramqızı növbəti kitabını «Yaza bilməyən yazıçı» adlandırsa da yaza bilən ən istedadlı qadın yazıçılardan biridir, həm də müasir Azərbaycan ədəbiyyatında ən yaxşı yazan xanımlardan biri kimi dəyərləndirilməyə layiqdir. Onun yaza bilmədiyi, toxunmadığı mövzu yoxdur ictimai-sosial həyatın problemlərindən yazan, fikir və düşüncələrini, müşahidələrini, yaşantılarını, bizim həyatda görə bilmədiklərimizi qələmə alan, həyata öz baxışı olan, qadın-kişi, övlad-valideyn münasibətlərindən, ictimai mövzulardan  və s. söhbət açan, eləcə də fərdi yaşantılarını hekayə, esse və şeirlərilə «dilə gətirən» bu istedadlı qələm adamının yaradıcılığı ilə tanış olduqca heyrətlənməyə bilmirdim. Məni heyrətləndirən həm də onun bir yazıçı kimi oxuculara ünvanladığı bir-birindən maraqlı və oxunaqlı hekayələridir. Onun istər yüksək məziyyətli publisistik  məqalələrində, esselərində, eləcə də işıq selinə bürünən şeir və hekayələrində bəxtəvər bir ruh hakim idi. Yazıçının  hər bir əsərində onun ruhunu gördüm, ürəyinin səsini eşitdim, bir qələm adamı olaraq sakit və səssiz yaşaya bilmədiyini gördüm. Həm də gördüm ki, onun  ürəyi günəş kimi alovludur. Bu alovun işığında ziyarətə getməyin mümkünlüyünü hiss elədim. Axı, yaxşı kitab oxumaq, elə ziyarətə getməyə bərabərdir. «Yaza bilməyən yazıçı» kitabını oxuduqca sanki müqəddəs yerləri ziyarət edirdim və ziyarətim qəbul olunurdu” fikirlərinin sayəsində müəllifin ruhunu duyacaq, üslubu ilə tanış olacaq. Oxşar fikri onun haqqında kitabın redaktoru İntiqam Mehdizadə də söyləyir: “Güman edirəm ki, yazılarına təvəzökarlıqla “Yaza bilməyən yazıçı” adı qoymuş Pərvanənin həmin kitabı oxucuların əlinə keçsə yazıçının özünə atdığı o “böhtana” inanmayacaq”.

P.Bayramqızı eyni zamanda yazılarında təhsillə, ana dili ilə bağlı problemlərə də toxunur.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR – NEYLƏYİM

Adilə Nəzər – alim, şair.

NEYLƏYİM
Neyləyim mən özümlə,
necə edim, bilmirəm.
Nə küsürəm biryolluq,
nə danışıb gülmürəm.
***
Hərdən zəhərə dönür,
hərdən də qənd kimidir.
O, mənim yalnış vaxtda
içdiyim and kimidir.
***
Nə cəsarətim çatır,
bu yükümü atmağa.
Nə də ki, gücüm yetir
o andımı tutmağa.
***
Neçə vaxtdı qalmışam
iki daş arasında.
Sabahımı qırmışam
gözlə qaş arasında.
***
Sanki qərarı verən
bir şeytani səs idi.
Ağ günlərə gecikib,
qara günə tələsdim.
***
Necə edim bilmirəm,
sükut məni yaralar.
Yazdığımı pozuram,
üzə durur misralar.
***
Adilə, sığın yenə,
ürəyindəki aha.
Nə varsa yığ ovcuna,
sovur getsin Allaha.
21.04.2021.


Müəllif: Adilə NƏZƏR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru