Kateqoriya arxivləri: Bəhruz Niftəliyev

“Yadın yadı” – yaddaşın işığı

YETMİS ALTINCI YAZI
“Yadın yadı” – yaddaşın işığı
(Bəhruz Niftəliyev sözünün işığında)
Gərçi məndən surətin qaibdir, ey huricamal,
Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!

İmadəddin Nəsimi

Salam olsun, çox dəyərli oxucum! “Xoş gəlmisən…” Gəl, lap yaxın gəl ki, bir-birimizi yaxşı eşidək. İlk işarə, ilk söz “Tanrı” olduğu kimi, şübhəsiz ki, ən gözəl mükalimə də məhz Tanrı ilə olan söhbətdir. Ən doğru mütalib isə bütün sualların cavabınıdan agah olan intəhasız elm,  güc və qüdrət sahibi uca Tanrıdır. Bu dəfəki söhbətimiz tanınmış alim, şair Bəhruz Niftəliyevin “Tanrıya məktublar” kitabında yer alan Tanrı ilə söhbətlərindən seçdiyim fraqmentlər üzərindən olacaq. Bu söhbətimiz üçün yuxarıda adı çəkilən kitabdan  “Yadın yadı”  şeirini seçmişəm. Mətləbə keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm:
QISA ARAYIŞ
Bəhruz Niftəliyev 8 may 1987 – ci ildə – təbiətin ən gözəl çağında, şairlər ilində – Bakı şəhərində anadan olub. Ali təhsillidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Mütalibi Tanrı olan şairdir. Onun özünü özüm, sözünü sözüm kimi tanıyıram. Ümumiyyətlə 1987 (…., 1951, 1963,1975, 1987, 1999, …) -ci ildə anadan olan insanlar bir başqadır –seçilmişlər – Tanrının sevimliləridir. Məhz bu baxımdan Tanrını özünə həmsöhbət seçməkdə qeyri-adi (təsadüf) heç bir şey görmürəm. Şair sadəcə Tanrının cagrışına cavab verib.
Bəhruz Niftəliyevin “Yadın yadı” şeiri insan ruhunun dərin qatlarına toxunan əsərlərdən biridir. Bu şeir təkcə unudulmuş bir xatirənin poetik hekayəsi deyil, həm də yaddaşın insan həyatında oynadığı möhtəşəm rolu göstərən mənəvi bir güzgüdür. Əslində, şairin bu əsəri keçmişlə bu gün, sevgi ilə nisgil, ağrı ilə iradə arasında körpü yaradır. Bu körpüdən keçdikcə oxucu həm öz daxili dünyasına boylanır, həm də insan taleyinin ümumbəşəri həqiqətlərini duyur.
Şeir elə ilk misradan oxucunu dərin bir paradoksal, sirli-sehirli aləmə çəkir:
“Bir yadın yadıyla dərdləşə adam…”
Bu misra unudulmuş bir insanın, bəlkə də çoxdan uzaqlara getmiş bir simanın hələ də kiminsə içində yaşamaqda olduğunu göstərir. “Yad” sözü həm uzaqlığı, həm qəribliyi, həm də keçmişi bildirir. Lakin “yadın yadı” ifadəsi daha dərin məna daşıyır ― yad olanın belə yaddaşdan silinə bilməyən izidir. Deməli, şair üçün yaddaş təkcə xatırlamaq deyil, həm də yaşamaq, nəfəs almaq, bəzən də dərdləşməkdir.
Bu fikrin davamında şair insanın daxili gücünü vurğulayır (yaddaşın dərin qatlarına enir):
“Nur ola, çevrilə günəşə adam…”
Yadın itkisi, iztirabı olsa da, insanın içində bir işıqlanma var. Bu o deməkdir ki, acı keçmiş belə adamın ruhunu oyadan, işıqlandıran bir hikmətə çevrilə bilər. Bu misralar həyat fəlsəfəsi daşıyır. İnsan yalnız əzablardan keçməklə paklana, nurlana, ziyadar ola bilər. Kainatın əfəndisi, yaradılmışların əşrəfi olduğunu bu yolla isbatlamaq mümkündür. Nəsimi hikmətindən qidalanan irfan şairi Bəhruz Niftəliyev hər bir düşüncə adamını  insanın (Tanrı-bəndə çuğlaşmasının) qatmanlı iç dünyasına səyahətə dəvət edir.
Şeirin ikinci bəndində şair emosional yükü daha da artırır:
“Yıxıldım ruhuma dəydi izlərin,
Puç oldu, heç oldu nəydi hisslərin?”

Burada xatirənin adamı necə sarsıtdığı poetik şəkildə göstərilir. Keçmiş hisslər nə qədər böyük olursa-olsun, zaman qarşısında puç ola bilir. Xatirənin izləri isə bəzən həmin hisslərin özündən ağır olur. Şairin ruhuna dəymiş “izlər” təkcə emosional yara deyil, həm də insanın həyat yolunu dəyişən bir hadisə kimi görünür. Düşüncənin alt qatlarına endikcə hisslərin ruha tərcüman olduğunu görürük:
“Vaxt gəldi qüruru əydi dizlərin”
Bu misra insanın ən sərt tərəfi olan qürurun belə sevgi qarşısında diz çökə bildiyini poetik dillə təsvir edir. Münasibət bitər, insan ayrılar, amma qürur zədəsi uzun müddət öz sözünü deyər. Bu yara hey su verər. Heç sağalmaz.
Üçüncü bənd şeirin fəlsəfi yükünü daha da genişləndirir (dərinliyi artır):
“Çəkilər ləpələr qayıtmaq üçün,
Qaydar şübhələr ayıltmaq üçün…”

Ləpələrin çəkilib yenidən sahilə qayıtması kimi, insanın yaddaşında da hadisələr, duyğular, suallar daim geri dönür. Bu geri dönüş bəzən sakitləşdirir, bəzən yandırır, bəzən də insanı ayıldır. Şair burada dərin psixoloji həqiqəti ifadə edir. Mərkəzdən qaçma effektlərinin izlərini görürük. İnsan təbiətin bir parçası olduğu üçün daim Ayın və Günəşin cəzbindədir. Qabarmalar və çəkilmələr labüd və təbiidir. Keçmişdən xilas olmaq mümkün deyil, çünki o daima insanın arxasınca gəlir. Çünki bütün həyatımız (insan ömrü) dairəvi hərəkətlər məcmusudur (Bəhmənyar). Keçdiyimiz yolları təkrar-təkrar mütləq keçirik. İzimiz izimizi çəkir.
Ən maraqlı məqamlardan biri isə “Mən qalxan, mən qaya, sən döşə adam” misrasıdır. Bu, sevgidəki rolların təsviri kimi görünür. Əslində ülvi məhəbbətin hər iki tərəfin qarşılıqlı hisslərinin, duyğularının, fəaliyyətlərinin çuğlaşmış məcmusundan ibarət olmalı olduğu halda, şair özünü fədakarlıq göstərən tərəf kimi təqdim edir, qarşı tərəfi isə duyğularını, hisslərini döşəyə (diktə edə) biləcəyi bir insan kimi göstərir (nə desən, nə etsən qəbulumdur – döşə, gəlsin): Ruhum təbəliyi özü üstənib, qəlbimdə qurduğun taxtın mübarək!* Ümumi məzmundakı paradoksallıq öz pik həddinə, kuliminasiya nöqtəsinə çatır. Şair birinci, birbaşa mənasında sərtlik, dirəniş, müqavimət, müdafiədə olmaq anlamına gələn ifadələr işlətməklə, əslində yumşaqlığın, kövrəkliyin, ürəyi yuxalığın, özünü qurban etməyin ən uğurlu, optimal sayıla biləcək mənzərəsini yaradır. Bu misra ən ülvi hissləri tərənnüm etməklə bərabər, eyni zamanda çox incə ironiya ilə də yüklənmişdir. Burada həm məhəbbətin, həm güvənin, həm də ümidsizliyin paralelliyi var. Bu bir misra fikrin (ifadənin, ifadə tərzinin) sahibini yəni, məlum şeirin müəllifi Bəhruz Niftəliyevi də bir insan, şəxsiyyət olaraq tam xarakterizə edir (tipik …, 1987, … özünü ifadə tərzi, təbii xarekter göstəricisidir). Yəni, heç bir nə 1986, nə də 1988-ci il doğumlu şəxs bu misranı yazmağı, onun ifadə etdiyi özünü fəda etmə, qurban vermə anlamına gələn məqamı ozünə rəva bilməz. Yuxarıda qısa arayış bölümündə qeyd etdiyim kimi hər şeyin ən mükəmməlini etməyə çalışırmaq (bu fədakarlığın ən son mərtəbəsinə də aiddir), ən ali məqsədlərə xidmət, uca könüllülük yalnız Tanrı tərəfindən seçilmişlərə məxsusdur.
Son bənddə şair daha hikmətli, daha irfanlı bir düşüncə ortaya qoyur:
“Eybi yox odun da istisi olar,
Yanarsa, mütləq bir tüstüsü olar…”

Bu misralarda insan həyatının qanunu (tərifi) verilir. Hər sevginin yanğısı, hər yanğının tüstüsü var. Heç bir duyğu tam ağrısız, tam saf olmur.  Həyatın hər istiqamətində bir acı, bir tüstü öz yerini tutur. Bu, həm barışmaq, həm də təslim olmamaq fəlsəfəsidir.
Şair burada insanın qəmli alın yazısının əslində qismətin bir parçası olduğunu deyir. Kim kədərlərdən uzaq düşürsə, deməli, həyatın böyük dərslərindən də uzaqdır. Qəm burada yük yox, təcrübədir, çətinlik yox, yüksəlişdir.
“Yadın yadı” şeiri insana bir həqiqəti xatırladır. Yaddaş zamanla silinmir, əksinə, dərinləşir. İnsan yad olandan belə dərd alır, nur alır, yol alır. Şair bu şeirdə keçmişin ağrısını yumşaq, fəlsəfi dillə təsvir edir. Poetik axıcılıq, misraların bədii ritmi, duyğunun səmimiyyəti şeiri həm oxunaqlı, həm də yaddaqalan edir.
Bəhruz Niftəliyev bu əsərlə göstərir ki, insanın ən böyük dərmanı yenə öz qəlbinin içindədir ― həm yadların izi, həm də özünün nurudur. Bu şeir həm unudulanlara salam, həm xatırlayanlara dərs, həm də ruha verilən bir məktub kimidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, əziz və çox dəyərli oxucum! Bu mövzuda birinci söhbətimizin sonuna gəldik. Hələlik.

04-05.12.2025. Bakı .

*– bu iki misra “Ülyahəzrət” şeirimdəndir.

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

ZAUR USTACIN YAZILARI

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l