Mən uşaqlıq, yeniyetməlik, ilk gənclik illərindən ədəbiyyata vurğun idim. Yazıçılarımızı, dünya ədəbiyyatını oxuyurdum. Qələm adamları haqqında metafora ilə düşünürdüm. Məsələn, Seyran Səxavət məndə həmişə dəli-dolu dağ çayı ilə assosiasiya olunub. Elə alimlər, yazıçılar, şairlər var idi ki, torpağın bağrından qopub Göy üzünə ucalan dağa bənzədirdim. Sonra Bakıya gəlib, burda yaşayıb, o insanları həyatda gördükcə, bəziləri kiçilib gözümdə təpə oldu, amma dağ ucalığını saxlayanlar da vardı. Hətta təsəvvür etdiyimdən daha uca olanlar da. Məsələn, Xudu Məmmədov, Aydın Məmmədov, Məmməd Araz…
Heç şübhəsiz, İsmayıl Şıxlı da öz qürurlu əzəməti ilə bu sırada dayanır. Mən İsmayıl müəllimin, demək olar, bütün əsərlərini oxumuşam. Bəli, “Dəli Kür” İsmayıl Şıxlının şah əsəri kimi qəbul olunub. Ancaq bu, çoxumuzun “Ölən dünyam” romanından hələ xəbərsiz qaldığımızdandır. Yaxud hələ alıb oxumamış olmağımızdan. Bu roman heç də “Dəli Kür”dən geri qalmır. Əsər 20-ci əsrin əvvəlində bolşevik-rus işğalının Qazax mahalında və ətraf civarlarda törətdiyi faciəvi hadisələrdən və ən başlıcası Gəncə üsyanından bəhs edir. Biz Gəncənin işğala, yadelli zülmə qarşı dirənişi deyəndə, göz önünə çox hadisələr, çox şəxsiyyətlər gəlir. Əlbəttə, qəhrəman Cavad xanı rəhmətlə, ehtiramla və qürurla xatırlayırıq.
Ancaq başqa tarix də var: 1920-ci il aprelin 28-də Bakıda milli hökumət devrildikdən sonra Gəncə rus-bolşevik işğalçılara təslim olmurdu və az qala bir aya yaxın – mayın 25-dək düşmənə müqavimət göstərdi. Gəncəlilər sözün tam anlamında son damla qanına qədər dəfələrlə üstün rus qoşunlarına və erməni silahlı dəstələrinə qarşı vuruşdu. Bu, Azərbaycan tarixində çox ağır, qanlı hadisələrdən, eyni zamanda Gəncənin və bütün millətimizin qürurvericu qəhrəmanlıq örnəklərindən biri idi. İsmayıl Şıxlı bu faciəli və qürurlu tarixi özünə xas olan ustalıqla elə təsvir edib ki… Bu əsəri oxumağı bütün dostlara tövsiyə edirəm.Başqa romanlarını, povestlərini, hekayələrini də.
Gənclərimiz İsmayıl Şıxlını oxumalıdır. Mütləq oxumalıdır. Elə yazıçılar, elə əsərlər var ki, onları oxumadan özünə intellektual, hətta zəngin dünyagörüşü olan insan deyə bilməzsən. İsmayıl Şıxlı həmin qələm ustalarından biridir. Millətin içindən çıxmış və millətinə həmişə bağlı olmuş, özünə hər zaman sadiq qalmış nəhəng ziyalımızdır. Fiziki olaraq yaşasaydı, 105 yaşı olardı. Ancaq təəssüf ki, bu yubileyini onsuz qeyd edirik. Millətimizi İsmayıl Şıxlı münasibətilə təbrik edirəm.Allah İsmayıl müəllimdən rəhmətini əsirgəməsin. Amin.
Müəllif: BAHƏDDİN HƏZİ
Mənbə: Sultan Əhmədova
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru