Kateqoriya arxivləri: BEYNƏLXALQ YAZIÇILAR GÜNÜ

DOĞUM GÜNÜ HƏDİYYƏSİ

DOĞUM GÜNÜ HƏDİYYƏSİ

             (hekayə)

Sübhün ala-qaranlığnda təkəm-seyrək  ötüb  keçən maşınların gur işığı düşdükcə  yastandığı çalğusunun sapı şümşad kimi parlayırdı. Yaşlı qadın küçədə ondan başqa heç kimin omadığını dəqiq bilsə də böyük bir qəbahət iş görəcəkmiş kimi bir sağa-bir sola, bir yuxarı-bir aşağı baxaraq  diqqətlə ətrafı dişnəməyə başladı. Ən uzaq səsyetəndə belə sanki çox mahir bir dirijorun çubuq işarələri ilə ustalıqla idarə olunduğundan  bir-birinə qarışmadan aydın eşidilən  quşların ecaskar səsindən başqa heç nə yox idi. Gözü  şəfaf polietilen torbaya sataşdıqca Ay Günəşdən işıq alırmış kimi parlaqlığı hiss olunacaq dərəcədə artırdı. Başını qaldırıb eyvanlara bir də baxdı. “Yəqin kimsə lap elə indicə atıb”, – düşüncəsi ilə gözlərinin qabağına xumar-xumar buğlanan isti qazan gəldi. Bütün fikrini cəmləyib bir də baxdı. Torbadakı lap elə indicə kəsilmiş, dörd dənə sapsarı toyuq ayağı idi. Son bir dəfə də ətrafı diqqətlə nəzər saldıqdan sonra ani bir hərəkətlə sarı kəhraba kimi parlayan torbanı götürüb uzun narıncı rəngli xalatının cibinə basdı. Çalğunun sol çiyninə getməsi, sağ əlinin möhkəm-möhkəm narıncı iş xalatının böyük yan cibinin üzərində qərar tutması və nurani çöhrəsinə qonan təbəssüm üçü də eyni  anda elə avtomatik baş verdi ki, “Qaravula Al!” komandasını icra edən Çin qvardiya əsgərində belə səlislik görə bilməzdin. Daha heç yana baxmadan, əli bərk-bərk cibinin üstündə, çalğusunu yellədə-yellədə səki ilə evinə doğru addımlamağa başladı. Qıvraq addımlarla elə yeyin gedirdi ki, kənardan baxan heç kimi bu gün onun 75 yaşının tamam olduğuna inandırmaq olmazdı. O isə, üzündə təbəssüm, sağ  əli cibinin üstündə, dilində şükür, gözünün önündə buğlanan qazan yeyin addımlarla evinə tələsirdi… Qəfil quşların səsi xırp kəsildi. Lap uzaqdan bir-iki it hürüşməsi eşidildi. Ardınca yaxınlıqdakı məsciddən azan verilməyə başladı. Yaşlı qadın dayandı. Sağa-sola boylandı.  Çalğusunu bir az da qorxa-qorxa yaxınlıqdakı qoca  zeytun ağacına söykədi. Gözü ağacın sinəsinə  vurulmuş lövhəyə sataşanda yenidən təbəssüm nurani çöhrəsini bəzədi.  Sağ əlini cibinin üzərindən çəkmədən, sol əlini qoynuna saldı. Düz təxmin etmişdi səs onun mobil telefonundan gəlirdi. Zəng edən aman-zaman bir oğlu idi.  Bir az da təşvişlə telefonun  “Qəbul” düyməsinə toxunub: – “Can bala” – dedi.  Kobud kişi səsi küçəni başına götürdü: – “Ma, maaş katını sən götürmüsən?!”  Həmin  anda yaşlı qadının simasına qəribə bir  rahatlıq şökdü.  O təmkinlə:  –  “Yox qadan ürəyimə, mən neynirəm kartı. Oralara yaxış bax…”  – “Yaxşı. Oldu. Elə bildim sən götürmüsən…” – həmin kobud kişi səsi yenidən küçəyə yayıldı.  Yaşlı qadın telefona bir  xeyli sakitcə  baxıdıqdan sonra onu yenidən qoynuna qoydu. Çalğusunu götürmək istəyəndə gözü yenidən zeytun ağacının sinəsindəki lövhəyə sataşdı. Yenə ani olaraq üzünə təbəssüm qondu və tez də yerini hüzn dolu kədərə verdi.  Yaşlı qadın arxasını zeytun ağacına tərəf çevirib onun bayırda qalmış ən azı 2000 yaşı olan qoca köklərinin üzərində oturdu.  Sanki, yüngülcə nəfəsini dərmək istəyirdi. Sıxılır, boğulur, çökürdü… Üzündə çox qəribə kədər məcmusu  toplanmışdı. Qəfil hardansa yadına qarğanın dilindən deyilmiş atalar sözü düşdü. Yenidən nurani çöhrəsi gülümsədi. Qalxıb xüsusi  əda ilə şalğusunu çiyninə aldı, zeytun ağacının sinəsindəki lövhəyə bir də baxdı və evinə doğru yol aldı…

01.05.2023.-Bakı.

Müəllif: Zaur USTAC


ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

>>>> MÜTLƏQ OXU !!!

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI

ZAUR USTAC: – USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZIÇILARI

Hazırda yaradıcılıqla məşğul olan yazıçıların təxmini
S İ Y A H I S I

XAÇMAZ – QUSAR –
QUBA – Qvami Məhəbbətoğlu, Murad Muradov
ŞABRAN – SİYƏZƏN – XIZI –
SUMQAYIT – Varis, Akşin Xəyal, Rəna Təbəssüm
SUMQAYIT, ABŞERON, BAKI, ŞİRVAN – burda yaşayanları öz bölgələ-ri ilə qeyd edirəm.
SALYAN – Naibə Yusif
NEFTÇALA – Eluca Atalı, Səhər Əhməd, Xuraman Zakirqızı
BİLƏSUVAR –
CƏLİLABAD – Meyxoş Abdullah, Əzizağa Elsevər, Camal Zeynaloğlu,
Ziya Alar, Sülhiyyə Musaqızı
MASALLI – Nurəddin Ədiloğlu, Damət Salmanoğlu (daha çox şair
kimi tanınır), Əli Rzazadə (daha çox şair kimi tanınır)
YARDIMLI – Aslan Quliyev
LƏNKƏRAN – Qafar Cəfərli, Hafiz Mirzə, Səyavuş Süleymanlı, Eldar
Tahirov, Salman Məmmədoğlu, Eldar İlqaroğlu, Gülər Eldarqızı
LERİK – Etibar Muradxanlı, Elbrus Kəlbiyev
ASTARA – İlham İlhami, Kamran Nazirli
ŞİRVAN – HACIQABUL –
SABİRABAD – Rəqibə Qəvvas, Azər Qismət
SAATLI –
İMİŞLİ – Səyyad Aran
BEYLƏQAN – Mübariz Örən
FÜZULİ – Elçin Əfəndiyev, Seyran Səxavət (bir vaxtlar şair kimi tanı-nıb), Almaz Ərgünəş
CƏBRAYIL – Elçin Hüseynbəyli, Əlisahib Əroğul, Ataqam, Fazil Gü-ney, Nəriman Mahmud, Qorxmaz Abdulla, Əlibala Zalov
ZƏNGİLAN – İmamverdi İsmayılov (daha çox Millət Vəkili kimi tanı-nır), Azad Qaradərəli, Alı Rəhimoğlu, Ayaz İmranoğlu (daha çox şair kimi
tanınıb), Teyfur Çələbi (daha çox şair kimi tanınıb), Vahid Məhərrəmov
(hərbi jurnalist kimi tanınır), Tarverdi Abbasov, Eynulla Mütəllimov, Əli
bəy Azəri
QUBADLI – Rəşid Bərgüşadlı, Dostəli Nərimanoğlu, Hacı Nərimanoğ-lu, Şəfaqət Cavanşirzadə
LAÇIN – Fəxri Uğurlu, Şərif Ağayar, Təranə Vahid
Bayraq hekayələr toplusu
246
KƏLBƏCƏR – ŞUŞA –
AĞDAM – Aqil Abbas, Mustafa Çəmənli, Eyvaz Zeynalov, Nizami Ko-lanılı, Zaur Ustac, Sultan Mərzili
AĞCABƏDİ – Yaşar Süleymanlı, Eldar Qarqarçay
ZƏRDAB – KÜRDƏMİR –
GÖYÇAY – Anar, Pərviz Yəhyalı, Ülviyyə Tahir, Əfşan Yusifqızı (daha
çox şair kimi tanınır)
AĞSU –
AĞDAŞ – Xeyrəddin Qoca
UCAR – YEVLAX – BƏRDƏ – TƏRTƏR – NAFTALAN –
GORANBOY –
GƏNCƏ – Nüşabə Əsəd Məmmədli, Şəfa Vəli,
GÖYGÖL – Tofiq Əmrahov
SAMUX – DAŞKƏSƏN – ŞƏMKİR –
GƏDƏBƏY – Süleyman Abdulla (daha çox şair kimi tanınır), Qalib
Şəfahət, Pərvanə Bayramqızı, Ramiz İsmayıl (daha çox şair kimi tanınıb),
Xaliq Azadi (daha çox şair kimi tanınıb), Sabir Hüseynov, Hüseyn Məm-mədov, Zəka Vilayətoğlu
QAZAX – Natəvan Dəmirçioğlu
TOVUZ – AĞSTAFA –
ŞAMAXI – Elxan Elatlı, Yaşar Bünyad, Şiringül Musayeva
İSMAYILLI – Məmməd Mirzə, Hacıməmməd Məmmədov, Əvəz Küs-gün, Ülviyyə Niyazqızı, Zarina Əliyeva, Turac Hilal (daha çox şair kimi
tanınıb)
QƏBƏLƏ –
OĞUZ – Cəlil, Cavanşir, Vüsal Oğuz (daha çox şair kimi tanınır), Na-rıngül Nadir
ŞƏKİ – Ələsgər Davudoğlu, Vüqar Əmrah
QAX – ZAQATALA –
BALAKƏN – Vaqif Osmanov, Aygün Sadiq (daha çox şair kimi tanınıb)
MİNGƏÇEVİR – Svetlana Sultan Məcid, Zahid Qasımlı
NAXÇIVAN – Əlabbas Bağırov, Sadıq Qarayev, Aləm Kəngərli, Arif
Ağalar, Akif İmanlı, Hüseyn Əsgərov, Asif Kəngərli, Səfər Alışarlı, Güllü
Məmmədova, Həcər Paşayeva, Arzu Kazımqızı Nehrəmli, Mətanət Duyğu-lu (daha çox şair kimi tanınıb)
BAKI – Çingiz Abdullayev, İlqar Fəhmi, Nəriman Əbdülrəhmanlı, Ma-hir Qabiloğlu, Fərhad Əsgərov, Təranə Məmməd, Nazilə Gültac, Aysel Əli-zadə, Sevinc Nuriqızı, Gülnaz Abdullayeva, Kənan Hacı, Həmid Piriyev,
Ağasəf İmran, Elvin Rizvangil, Nemət Mətin, Nazlı Çələbi, İlahə İmanova.

Mənbə: Bayraq hekayələr toplusu

AZƏRBAYCAN YAZIÇILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səma Muğanna – Göylərin adamı…

SƏMA MUĞANNANIN YAZILARI

Göylərin adamı

                     Maqsud babanın əziz xatirəsinə ithaf edirəm!

Yenə soyuq küçələrə sükut çökmüşdü.Gecə saat 2,3 olardı ki,artıq insanlar evlərinə toplanmışdılar.Bu sərt rüzgarın baxışları simama elə bil şillə vurmuşdu.Qarşımda uzun yol vardı,ancaq hansı küçədən gedəcəyimi bilmirdim.Şimşək də çaxırdı.Ah! Mən nə edəcəkdim? Kimsəsiz bir uşağın fəryadını kim duyacaqdı bu saatda? Kim mənə kömək edəcəkdi?

  Dözə bilmirdim.Qəflətən diz çöküb hönkürtü çəkdim.O qədər dərindən çəkdim ki,sanki bu dəqiqə ürəyim qopub düşəcəkdi.Hamı məni uşaq bilirdi.Elə düşünürdülər ki,mənim ürəyim yoxdu.Bu necə insafsızlıqdır?! Nolsun yaşım azdır? Mənim duyğularım ola bilməz? Sualıma cavab verin,insanlar niyə bu qədər əclafdır,kinlidir? Sualıma cavab verəcəksiniz? Yox..Ya bu sualların cavabını bilmirsiniz,ya da “Kimi kimsəsi yoxdur.Yenə boş-boş danışır” -deyib keçəcəksiniz.

    Hönkür-hönkür ağlayarkən küçənin ortasında diz çöküb qalmışdım.Yaralanan əllərimlə dizlərimin ağrısını ağlamaqdan belə hiss etmirdim.Demək,insan ağrını ürəyində də hiss edərmiş.Mən indi qəlbən hiss edirəm.Bir insan çevrilib heç soruşmurdu ki, “qızım,nəsə istəyirsən?” Bu fikri almaq qalsın bir yana,üzümə baxan yox idi.

  Şimşəyin çaxması yağış yağacağına işarə edirdi.Yenə həmişə olduğu kimi sərt rüzgar mənə əzab verəcək,yağışın damlaları da isladıb üşüdəcəkdi.Kaş..Kaş ki,səsimi duyan olsaydı.Tanrım,ya al yanına,ya da məni bir mərhəmətli insanla qarşılaşdır!

   Qəfildən arxadan kişi səsi eşitdim.

-Qızım,niyə küçədəsən? Atan,anan yoxdur?

   Arxama dönüb baxmağa qorxdum.Məndən daha da dərindən,hətta hayqırış səsi ilə dolu hönkürtü qopdu.

   Yanıma yaxınlaşdığını hiss etdim.Mən qorxub divarın küncünə tərəf qaçdım.

-Məndən qorxma,qızım.Adım Maqsuddur.Bəs sənin adın nədir?Bu saatda niyə küçədəsən?

-Adım Fəridədir.Mən..Mənim kimsəm yoxdur…

   “Kimsəm yoxdur” sözünü söylədikdə ürəyimdən bir parçamın qopub düşdüyünü hiss etdim.Deyirlər ki, “insan uzun müddət ağrılarıyla yalnız yaşadıqda alışır” Deyəsən,mən də alışmışdım…

-Atan,anan səni qoyub gedibmi? Yoxsa?

-Yox,getməyiblər.Qohumlardan eşitdiyimə görə mən doğulduqda anam dünyasını dəyişib.Atam da anamın itgisinə dözə bilməyib ürəyi partlayıb.Atam ilə anamı,hətta “Dəli sevdalılar” adlandırardılar.Bir-birini uzun illər seviblər.Sonra taleləri onları məndən ayırıb…

-Fəridə,qızım,çox üzüldüm.Söz tapa bilmirəm.Gəl belə edək.Sən mənimlə gələcəksən.Səni həyat yoldaşım Səkinəylə tanış edəcəyəm.Bundan sonra bizim yanımızda qalacaqsan.

-Yox,yox! Elə şey olmaz.Mən kimsəyə yük olmaq istəmirəm.

-Aaa! Bir də belə danışdığını eşitməyəcəm.Nə yük? Sən də nəvəm yaşındasan.Maqsud baban səni hamıdan qoruyacaq!

    Maqsud babayla söhbət etməmişdən qabaq çox qorxmuşdum.Bu gözəl insanın simasında qəribə bir ifadə vardı.Kənardan çox zəhmli görünən Maqsud kişi,əslində,bir körpənin ürəyi kimi yumşaq,mərhəmətlidir.Demək,insanları tanımaq üçün ünsiyyətdə olmaq lazımdır.Mən hər şeydən məhrum imişəm…

-Əlini mənə ver,gedək,Fəridə qızım.

   Maqsud babanın əlindən tutdum.Öz evinə aparırdı.Araya dərin sükut çökmüşdü.Deyəsən,mənim simamdakı narahatlığı duyub bu sükutu pozdu:

-Fəridə,sənin neçə yaşın var,qızım?

-Beş yaşım var,Maqsud baba.

-Sən həmişədən burda olmusan,yoxsa kiminləsə gəlmisən?

-Yox,Gülzar adında xalam vardı.Onunla gələrdim həmişə.Ancaq o…

   Bir anlıq duruxdum.Qorxdum ki,xəbər tutar danışdıqlarımdan.Əlindən zorla qaçıb gəlmişdim buraya.Maqsud baba mənim susduğumu görüb başımı sığallayıb dedi:

-Qorxma,qızım.Maqsud babandan da heç nəyi gizlətmə.Artıq bundan sonra sən bizimlə yaşayacaqsan.

-Gülzar xala,əslində,mənim doğma xalam deyildi.Məni himayəsinə almışdı.Sadəcə çox incidirdi.Məni həmişə döyər,söyərdi.

   Donumun qolunu qaldırıb o qadının etdiklərini göstərdim.

-Əclaf qızı! Uşağa da əl qaldırarlar? Bəs sən necə qaçıb gəldin?

-Biz Bakıda yaşayırıq.Bir neçə gün bundan qabaq telefonla danışdığını eşitdim.Məni “uşaq evinə” qoyub Qazaxa gələcəyini duydum.Necə gedəcəkdim?-deyə heç bir fikrim yox idi.Qərara gəldim ki,Gülzar xala yatanda telefonu alıb həmin gün qaçım.

-Bəs necə gəldin?

-Maqsud baba,qorxa-qorxa yolda tanımadığım qadından kömək istədim.O da təsadüfən Qazaxa gedirmiş.Məni avtobusa mindirdi.Sağ olsun,məni yedizdirdi,içizdirdi.Qazaxa gəldikdə yalandan dedim ki,məni qarşılayacaqlar.Buraya qoyub gedin.O da elə etdi.O vaxtdan bu soyuq,tənha küçələrdə mən də kimsəsiz bir uşaq kimi dolaşıram.

-Sənin bu kiçik ürəyində nə böyük dərd varmış,qızım…

    Maqsud babanın kövrəldiyini hiss etdim.Mövzunu tez dəyişdim:

-Maqsud baba,Qazax necə bir yerdir?

-Fəridə,qızım,Qazax cənnətdir cənnət! Yurdu,havası,suyu,torpağı canım-ciyərimdir mənim! Mən uşaqlıqdan ta bu yaşıma kimi Qazaxın havasını içimə çəkib,suyunu içmişəm.Qazax bütün ellərdən doğmadır!

-Mən də gəzib görmək istəyərdim.

-Gəzəcəksən,görəcəksən! Maqsud baban hər səhər saat 6-da işə durub gedir.Bir gün boş olanda səni çoxluca gəzdirərəm! Hə,bax,gəldik çatdıq.

    Darvazanı açdıqda özümü başqa bir dünyada hiss etdim.Maqsud babanın ocağı mənim doğma yurdum,evim idi.Bu ocağın hələ doğma insanları da vardı.

 -Səkinə,mənəm! Aç qapını.

-Ay xoş gəlmisən,Maqsud! Bu balaca qızımız kimdir?

-Səkinə,bir  dayan.Evə girim nəfəs alım,sonra danışaram.Sən de görüm,pürrəngi çayın varmı?

-Hə,əlbəttə! Gəl,gəl!

-Fəridə qızımı götür.Paltarını dəyiş,rahatlat,mən sənə hər şeyi danışacam.

   Səkinə nənə məni o qədər gözəl qarşıladı ki,arada bir gözlərimdən yaş damladığını hiss etdim.Mənə yemək,isti çay verdi.O qədər gözəl qarşıladı ki,özüm belə təəccübləndim,çünki heç vaxt bu sevgini hiss etməmişdim.Məni qucaqlayıb dedi:

-Saat çox gecdir,Fəridə,qızım.Gəl aparım yatırdım səni.

-Səkinə nənə..

-Ay can! De,balam,ürəyin nə istəyir?

-Olarmı ki,əvvəlcə Maqsud babaya təşəkkü edim,sonra siz mən yatana kimi yanımda qalasınız? Bir az qaranlıqdan qorxuram.

    Əslində,qaranlıqdan qorxmurdum.Kimsəsiz bir uşağın istəyi nə ola bilərdi? İsti qucaq,sevgi,qayğı..Tanrım bunu mənə çox görməsin!

-Əlbəttə,gözəl balam.Mən sənə gözüm kimi baxacam,amma əvvəlcə nə etmək lazım? Təbii ki,səni qəşəngcə çimizdirmək lazımdır! Heç narahat olma!

    Səkinə nənə məni hamama salıb yaxşıca yuyundurdu.Hamamdan çıxanda qaça-qaça Maqsud babanın yanına gəldim.Boynuna atlayıb bərk-bərk sarılıb:

-Maqsud baba,hər şey üçün çox təşəkkürlər!

-Qızım,şükürlər olsun ki,Tanrım səni mənim qarşıma çıxartdı! İndi get yat.Hələ qabaqda gözəl günlərimiz olacaq.

  Qaçıb Səkinə nənənin əlindən tutub otağa getdim.Yatağa uzandıqda ürəyimin qopan parçalarının bir-birinə bağlandığını hiss etdim.Deyəsən,qopub düşən parçalar geri dönürdü,ya da məni tərk etməmişdilər.Çox şey istəmirdim ki,az da olsa sevgi…

              **************************

   Hər gün səhər tezdən qalxar Səkinə nənəmin yanında dolaşardım,həm də oynayardıq.Bəzən olardı ki,məni də özü ilə aparıb surpriz hədiyyələrlə sevindirərdi.Hər gün xoşbəxtliklə oyanardım ki,Səkinə nənəmlə gəzintiyə çıxacağıq! Maqsud babanın çox işi olurdu deyə məni tez-tez gəzintiyə çıxara bilmirdi.Demək olar bütün günümü Səkinə nənəmlə keçirər,əylənərdim.Günlərin necə tez keçdiyini bilməzdim.Sanki zaman əllərimdən qaçıb gedirdi.Axşamları Səkinə nənə samovar çayı hazırlayardı.Maqsud babanın tez-tez qonaqları gələrdi.Bu dadlı söhbətin havasında Aşıq Kamadarın səsi gələrdi.Bəzən olardı ki,səhərə kimi Aşıq Kamandar çalar,Maqsud baba qonaqları ilə şənlənərdi.Mən uşaq olduğumdan çox vaxt görə bilmirdim,çünki tez yatırdım.Siz bilirsinizmi huzuru hiss etmək necə böyük xoşbəxtlikdir? Mən ən böyük xoşbəxtliyimi tapa bilmişdim.Artıq yalnız deyildim,çiyinlərimdə özümdən ağır yük daşımırdım.Maqsud baba və Səkinə nənənin şirin,dadlı-duzlu söhbətlərini dinləyib bəzən yuxuya dalardım eləcə.

   Bu böyük xoşbəxtlik bir neçə il davam etdi.Həyatımda ən dərin boşluğu Maqsud baba ilə Səkinə nənə doldurdu.Bu ocağa sığındığım gündən bəri mən ən böyük xoşbəxtliyimi yaşayırdım.Bəzən qorxurdum ki,bu xoşbəxtlik əllərimdən qaçıb gedəcək..Elə qaçıb getdi də…

   Yenə bir yay axşamı idi.Səkinə nənə ilə həyatda gəzişirdik.Maqsud baba bir neçə günlük Bakıya gedəcəkdi.Artıq yola çıxmışdı.Ancaq nədənsə ürəyimdə böyük bir narahatçılıq vardı.Həmişə getməmişdən qabaq alnımdan öpüb,başıma sığal çəkib deyərdi ki, “Özünə yaxşı bax,Fəridə,qızım.Bir gün mən yanında olmaya bilərəm.Məndən sonra çox göz yaşı tökmə.Bax,Səkinəyə də,sənə də bərk-bərk tapşırıram!”  Mən isə üzümü turşudar,hətta küsərdim.Bu gün də bir neçə il bundan qabaq Maqsud babanın məni tapmamışdan öncəki halımda idim.O dərin boşluğu hiss edirdim.Səkinə nənə süfrəni yığışdırırdı.Yanına yaxınlaşıb:

-Səkinə nənə,gəl mən də sənə kömək edim.

-Yox,balam,sən otur.Mən özüm edəcəyəm.

   Deyəsən,Səkinə nənə simamdakı narahatlığı hiss etmişdi.Əlindəkiləri yerə qoyub mənə yaxınlaşdı.

-Qızım,nolub? Nəsə narahatçılığın var?

   Nə qədər gizlətməyə çalışsam da,alınmadı.Göz yaşlarımı gizlədə bilmədim.

-Bir az hə.Maqsud baba çatıbmı görəsən?

-Gözəl qızım,bir neçə saatdan sonra çatacaq Bakıya.Zəng vuracaq.Sən niyə ağlayırsan?

-Bilmirəm.Səkinə nənə,olarmı sizə sarılsam?

-Can! Əlbəttə olar.Gəl!

   Səkinə nənəni bərk-bərk qucaqlayanda bir az rahatladığımı hiss etdim,ancaq o boşluq keçməmişdi.Yenə yağış yağacaqdı,çünki göy üzünü qara buludlar almışdı.

-Gəl,qızım,keçək içəri.Mən də süfrəni yığışdırdım artıq.Əlini ver mənə,Fəridə,keçək içəri.

    Səkinə nənənin əlindən tutub içəri keçdik.Divana keçib uzandım.Sadəcə dincəlim deyə uzanmışdım,ancaq elə də yuxu aparmışdı məni.

    Bir neçə saat sonra qəflətən qışqırıq səsinə oyandım.Səkinə nənənin hayqırtısını eşitdim.Otaqdan çıxıb,qaça-qaça həyətə düşdüm.Səkinə nənə dizlərinə döyə-döyə “Maqsuuud! Maqsud,bizi niyə qoyub getdin!” -deyə hayqırırdı.Qaça-qaça yanına gəlib Səkinə nənənin boynuna atlayıb:

-Səkinə nənə,Maqsud babama nolub?

-Maqsud babanı itirdik,qızım! İtirdik!!!!

    “İtirdik” kəlməsi qulaqlarımdan hələ də getməyib.Gözlərimdəki yaş bir anlıq qurudu.

-Necə yəni itirdik? Səkinə nənə?

    Bu sözü dedikdən sonra huşumu itirdim.Çox yaşanan hadisəni xatırlamıram,ancaq xatırladığım tək şey var.O da Səkinə nənənin “Maqsud babanı itirdik”  sözünü söyləməsi idi.Oyananda başımın üstündə Səkinə nənənin saçlarıma sığal çəkərkən hönkür-hönkür ağladığını.Yataqdan qalxıb Səkinə nənənin göz yaşlarını kiçik barmaqlarımla silməyə çalışıb dedim:

-Səkinə nənə,Maqsud babam cənnətəmi getdi?

-Hə,qızım.Tanrı evinə…

-Bəs biz? Bizi niyə tək qoyub getdi?

-Gözəl qızım,Maqsud baban bizim yanımızdan cismani olaraq ayrılıb.Onun ruhu yenə səninlədir,mənimlədir.

-Bəs mən indi kimə səhər oyanıb “Sağ-salamat,Maqsud baba”  deyəcəm? Kimdən o dadlı-duzları söhbətləri dinləyəcəm?

   Bu sözləri dedikdən dərindən hönkürtü çəkdim.Artıq taqətim qalmamışdım.Başımı Səkinə nənənin çiyinlərinə söykəyib daha da dərindən ağladım.Bu ağır itkinin ağrısını indi çiyinlərimdə deyil,bütün vücudumda hiss edirdim…

   İllər,aylar keçdi.Artıq Maqsud babasız tam 5 il keçirdi.Mənim 15 yaşım vardı.Gənc qız olmuşdum.Artıq kimsəsiz Fəridə böyüyüb boya-başa çatmışdı.Bu 15 il ərzində çiyinlərimdə nə yük daşımışam ki? Mənim ən böyük yüküm Maqsud babanın itgisi oldu.

   Məzarına gəlib yaxınlaşdım. “Məzar daşı” sözünü belə deməyə dilim gəlmir! Axı o ölməyib! Deyəsən,çox danışa bilməyəcəm.Bir az söhbətləşdikdən sonra qayıdıb evə gəldim.Evə gəldikdə Səkinə nənə evdə yox idi.Nədənsə qəlbim səslədi ki,Maqsud babanın otağına keçim.Otağa keçdikdə stolunun yanındakı siyirməni açıb şəkillərə baxaram deyə düşündüm.Şəkillərin altında saralmış köhnə bir məktub parçası gördüm.Məktubun üstündə “qızım Fəridəyə” yazılmışdı.Bu Maqsud babanın məktubu idi.Məktubu açıb oxumağa başladım:

   Fəridə,qızım,sən bu məktubu yəqin ki,mən bu dünyadan köçdükdən sonra oxuyacaqsan.Məni bağışla,ancaq Tanrı artıq vaxtımın çatdığını deyir.Getməliyəm.Mən də getməmişdən öncə düşündüm ki,bu kiçik məktubu yazıb elə gedim.Bir azdan yola çıxacam.Başıma nə gələcək? Nə olacaq? Bilmirəm.İnsan ağır fikirlərlə yaşadıqda daha tez qocalar.Bunu unutma ki,özünü ağır fikirlərlə yükləmə.Bu sənə Maqsud babanın tapşırığıdır!

   Səni heç vaxt kimsənin əlinə qoymayım,qoruyum,boya-başa çatdırım deyə düşünürdüm.İndi isə Səkinə nənənlə birlikdə qalacaqsan.Bəlkə də bu məktubu oxuduqda sən artıq həddi-büluğa çatmış bir qız olacaqsan.Səni nə qədər də qorusam,kədərdən,acıdan qoruya bilmərəm.Qızım,zaman elə qəddardır ki,bizim bütün sevdiklərimizi əlimizdən alıb aparır.Səndən yeganə xahişim var ki,güclü ol! Səkinə nənəni incitməcəyindən tam əminəm,ancaq xahiş edirəm ki,mənim qara xəbərim gəldikdə ağlamayın.Bu ağrını yaşamağa artıq dözə bilmərəm…

    Əziz övladım,Maqsud baban səni həmişədən çox sevib.Həmişə səni göz bəbəyim kimi qoruyacağıma söz vermişdim! Əgər bir gün yanında olmasam nə edəcəksən,necə bu insanlarla başa çıxacaqsan? Deyə düşündükdə dərd məni alıb aparır,amma sonra deyirəm ki,mənim qızım əzmkardır!

   Bir azdan qatar gələcək.Cəfalı Səkinəmlə,özünə yaxşı bax! Yadından çıxartma ki,Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!

    Məktubda son cümləni oxuyub bitirdikdə göz yaşlarımın Maqsud babanın son yazdığı cümləni islatdığını gördüm. “Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!”

    Bir gün göylərdə görüşərik,Maqsud baba!

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                                 

FLORA NACİNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Müəllif: Flora NACİ

Tanınmış alim, şair, tərcüməçi Flora Nacinin “Tərcüməçi dəftəri” (Флора Наджи “Тетрадь переводчика”) adlı yeni kitabı işıq üzü görüb.

Professorun tərcümələrdən ibarət bu kitabında çağdaş qələm adamlarının ana dilimizdən rus dilinə tərcümə olunmuş mətn nümunələri toplanmışdır.

Hörmətli professor Flora xanımı bu münasibətlə təbrik edir, həyat və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq.

FLORA NACİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Könlüm keçir Qarabağdan” şeir müsabiqəsi elan olunur – VİDEO

Azərbaycan  Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, 

Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi,

Azərbaycan Yazıçılar Birliyi

təqdim edir:

Şanlı Zəfər Savaşımıza həsr olunan

“Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi!

Qəhrəmanlarımızdan, işğaldan azad edilən torpaqlarımızdan və tarixi qələbəmizdən bəhs edən şeirlər…

Müsabiqənin şərtləri:

-Müsabiqədə 18-40 yaş arasında müəlliflər  yalnız yeni,

 indiyədək çap olunmamış şeirləri ilə iştirak edə bilərlər;
 

-Şeirlər 14-lük Times New Roman şriftlə və 1,5 intervalla word faylında yığılmalıdır;
 

-İştirakçılar müsabiqəyə şeirlərlə yanaşı  şəxsiyyət vəsiqələrinin hər iki üzünü,

fotolarını, ünvan və əlaqə nömrələrini qeyd etməklə qısa tərcümeyi hallarını
 
müvafiq fayllarda aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:
 

kkgsheir@gmail.com

–  İyulun 10-dan, sentyabr ayının 10-a qədər müraciət edə bilərsiniz;
 

Müsabiqə iki mərhələdə aparılacaq,  ədəbi nümunələr nüfuzlu münsiflər heyəti  tərəfindən dəyərləndiriləcək, ilk mərhələni keçən  şeirlər

efirdə təqdim ediləcək, I,II və III yerin qalibləri Zəfər günümüzdə  pul və xüsusi mükafatlara layiq görüləcək .

İlkin mənbə:Edebiyyatqazeti.az

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Ürəyimə yağan yağış” və yaxud şair Nadir Qədimli haqqında hər şey… – FOTOLAR

Mən təxminən 2004-2005-ci illərdə şair – publisist Nadir Qədimlini tanıyıdım. Şəxsən özünü yox! Hələ özü ilə tanış deyildim. Heç bilmirdim kimdi… Amma şeirlərini oxuyurdum, onun ruhunda, qəlbində hansı fırtınaların qopduğundan xəbərdar idim, vətəni üçün ürək sızıltılarını duyurdum. Agah idim, agah idim ki, bu şeirləri yazandan sonra, çarpayısına uzanıb, gözlərini tavana zilləyir, xəyalları uşağlığı, gəncliyi keçən yerlərə uçur, “əlçatmaz”lar gözü qarşısına canlanır.. tavana dirəkli qalmış gözlərindən qeyri-ixtiyari yaşlar süzülür….

Dedilər yaz gəlir çıxdım eyvana,

Gördüm ki,təbiət gəlhagəl deyir.

Bəzənib min dona min naz eyləyir,

Gələnə-gedənə danış,gül deyir.

Dedim ki,açılar bu qərib könlüm,

Bir az da mən özüm sevinim,gülüm,

Doyunca baxmadım xəcalətimdən,

Dedim bu sevincdən yaxşıdır ölüm!

Hər çiçək gözümdə bir dərd topası,

Oydu bu içimi dərd oyum-oyum.

İstədim boylanam dağlara sarı,

Dağların boyuna, çatmadı boyum.

Hər bahar qəlbimdə ümid göyərir,

Hər bahar qəlbimdə bir ümid solur.

Deyirəm gələn yaz yurda gedərik,

Nə yazım yaz olur,nə yurd, yurd olur.

Dedilər yaz gəlir çıxdım eyvana,

Gördüm ki,çəmən-çöl,gül ləçəkliyir.

Bəxtəvər başına dedim,ay Nadir!

Sənin də qəlbində dərd çiçəkləyir.

Bu şeiri oxuyub ümidlərinin suya düşdüyünü anlayan oxucunun ürəyi parçalanırsa, gör bu şeiri yazan nələr çəkir?Vətən nisgili ilə qovrulanlar bilər bu şeirin ağırlığını, kədərini… Nadir Qədimlinin hansı şeirini oxudum, öz dərdimi gördüm, öz yurd həsrətimi, yuva nisgilimi gördüm. Hərdən yurdumuz üçün burnumuzun ucu göynəyəndə, ürək qübar edəndə şairin misraları hisslərimizə tərcüman olurdu:

Dərd əhliyəm,dərdlər yatır sinəmdə,

Yadlar qurub alaçığın binəmdə,

Mən hansı dərdimə dərman tapmışam?

Bir danışam, bir sevinəm, güləm də,

Kəndimiz yamanca yadıma düşür.

Hə, indi gəl, bu şeiri sonacan oxu, amma başını qarşındakı masaya qoyub asta-asta ağlama…

Şairin mənzum dramları yaxud poeziya tamaşası…

Günlərin bir günü şairin özü ilə tanış oldum. 2007-ci il idi. Eləcə düşündüyüm kimi:Sadə, mehriban, təvözəkar, bir də kökünə qədər dərd dolusu gözlərini tanıdım. Vətən yanıqlısı olmağımız bizim əsas ortaq nöqtəmiz idi. Fürsətdən istifadə edib yaradıcılığı ilə bağlı suallarıma da cavablar aldım. Nadir müəllim ixtisasca iqtisadçı olmasına baxmayaraq, hələ 1998-ci ildə onun “Qarabağım qan ocağım” mənzum dramı rejisor Ədalət Ziyadxanov tərəfindən Əbdürrəhimbəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulur. Tərbiyəvi əhəmiyyət kəsb edən məzmununa, poetik rəngarəngliyinə, aktyorların oyununa, rejissor quruluşuna, dekorasiya tərtibatına görə tamaşa böyük uğur qazanır. Əsərin belə uğurlu alınması Azərbaycan Dövlət Televiziyasının diqqətindən yayınmır. Tamaşa AZTV tərəfindən kadra alınır və hazırda orada qorunub saxlanılır.

Bundan başqa şairin Ağdam Dövlət Dram Teatrında “Özəlim, Gözəlim”, “Təftiş əməliyyatı”, “Günahsızlar” pyesləri tamaşaya qoyulub. Hətta “Özəlim, Gözəlim” komediyası əsasında televiziya tamaşası hazırlanmışdı. Yeri gəlmişkən, Ağdam Dövlət Dram Teatrı ötən ilki mövsümü şair Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanan tamaşa ilə açıb və ilk tamaşa hərbçilər üçün təqdim edilib. 44 günlük müharibədən sonra səhnəyə qoyulan “Günahsızlar” tamaşası festivala təqdim olundu. Üstəlik Mədəniyyət Nazirliyi və Teatr Xadimlər İttifaqının “Fəxri Diplom”una layiq görüldü.

Beşinci nübar: “Ürəyimə yağan yağış”…

İyulun 1-də Atatürk Mərkəzində Nadir Qədimlinin növbəti “Ürəyimə yağan yağış” adlı yeni kitabının təqdimat mərasimi oldu. Xatırladım ki, “Sənsiz dünyam”, “Ürəklərdə göyərən dərd”, “Daş məhəbbət”, “Danışır Azərbaycan “ kitablarından sonra sayca beşinci olan “Ürəyimə yağan yağış” ” Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 328 səhifədən ibarət kitabın redaktorluğu və ön sözü şair Namiq Hacıheydərliyə məxsusdur.

Mərasimə Nadir Qədimlinin poeziyasını ürəkdən sevən dostları, həmkarları, jurnalistlər, elm adamları və digər ictimaiyyət tərəfindən tanınan şəxslər qatıldılar. Tədbiri tanınmış yazar , şairin həmkəndlisi Vasif Qurbanzadə aparır. O şairi elə mənim qədər tanıyanlara bir də öz baxış bucaqı ilə tanıdır. Vasif müəllim qürurla bildirir ki, Nadir kəndimizi təmsil etdiyi üçün , bu qədər insanın qəlbində həm özünə, həm ədəbiyyata, həm də el- obasına hörmət qazandırdığı üçün çox sevinir, çox şaddır: “ Hər dəfə Nadiri görəndə, onun vətən həsrətli şeirlərini oxuyanda ilk yadıma düşən kəndimizdəki Qaraman dağı olur, kəndin hər çığırı, hər köşəsi gözlərim qarşısında canlanır. Nadirin poeziyasında elə bir sehr var ki, onu oxuyan hər kəs onun gözləri ilə Qaramanı da görür, Qalayçılar kəndini də. Bu səbəbdən Nadir hamımıza əzizdir” .

Qiraət ustası, əməkdar artist Ağalar Bayram bax elə o andaca şairlə Ağdamda, bir tədbirdəki tanışlığından, onun şeirləri ilə təmasından danışıb dərhal “Sındırar” adlı şeiri səsləndirdi:

Bu dünyanın gözü qalıb gözümdə

Bir baxışla mənə hər şey andırar

Çəkdiklərim qənim olub özümə

Çölüm özgə, içim məni yandırar…

Bəli, bulaq kimi, şəlalə kimi misraları bir də valehedici səs sahibi Ağalar müəllimin ifasında dinlə.. Əsl poeziya ziyafəti…

Filalogiya üzrə fəlsəfə doktoru dosent Səkinə Bayramova, fəlsəfə doktoru dosent Yeganə Qəhramanova, , şair İlham Qəhrəman, şair Tahir Ələkbərli, əməkdar jurnalist Qafar Əsgərzadə, Fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümova, şair şəhid atası Kamil Vəfadar, şair Zakir Ağdamlı, tərcüməçi Qumru Qasımova, şair Rafael Tağızadə, şair Aygün Hüseyn , poeziya vurğunu, nevroloq –həkim, Mirzə Qaraşov , siyasi fəal Taleh Alıiyev, şair Zaur Ustac .və başqaları tədbirin elə ilk anındaca məclisdəki səmimiyyəti, sadəliyi, hiss etdilər və tədbir sonuna qədər elə bu aurada getdi. Hər kəs öz növbəsində Nadir Qədimli yaradıcılığından oxuduğu, əzbərlədiyi şeirlərdən söylədi , hisslərini, duyğularını ifadə etdi.

Mənim tanıdığım Ağdam QAC sədri

Növbə mənə çatdı. Oxucularımız bilir, 44 günlük savaş müddətində müharibə zonasında olan yeganə qadın jurnalist idim və bir çox tanıdığım insanların tanınmayan bəzi xüsusiyyətlərini məhz o dövrdə gördüm, kəşf elədim. Bir məqamı xatırladım. Ermənistan Silahlı Qüvvələrinin hədəf aldığı təmas xəttindəki insanlar müharibəyə hazırlıqsız yaxalanmışdı. Ərazini tərk edib atəş tutmayan məktəblərdə, idarə və müəsissələrdə sığınacaqlara yerləşmişdilər. Evdən hövlanak çıxanda nə isti geyim, nə də ərzaq götürə bilmişdilər. Həmin vaxt erməni artilleriyasını susdurmaq üçün Quzanlı kəndinin alt hissəsindəki qobuda və sağ tərəfindəki Xaçın çayının su gəlməyən yatağında bizin ağır artilleriya qurğularımız qurulmuşdu. Təsəvvür edin, ağır artilleriyanın atdığı mərmilər Quzanlı kəndinin başı üstündən uçuşurdu. Ermənilər mərmi çıxan yerləri yəni Quzanlını mütəmadi atəş altda saxlayırdı. Həmin vaxtlar nə qədər dinc əhali yaralandı, həlak oldu, yüzlərlə ev göyə sovruldu, darmadağın oldu. Bax belə bir ərazidə, belə bir ölüm saçan mərmilərin altında , ağır şərtlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsinin sədri Nadir Qədimlinin vətənə xidmətini gördüm. Bəli, bir var vəzifə borcunu yerinə yetirmək, bir də var, vəzifə borcundan ötə olan vətənə xidmət missiyasını həyata keçirmək.

Onların işini izləmək, çəkdikləri əziyyəti görmək üçün bir neçə dəfə QAC-ın üzvlərinə qoşuldum, onlara yoldaş oldum. Sığınacaqlara, imkansız və köməksiz insanlara ərzaq, geyim, yorğan (odyal) paylamağa mən də getdim. Payız yağışının altında, başdan ayağa islanmış vəziyyətdə, digər yandan göydən mərmi töküləndə, hərə qaçıb bir təhlükəsiz yerə girəndə Nadir müəllim və onun komandası fəaliyyətlərini dayandırmadı. Həmin vaxt onlara kömək edəndə mən də islanmışdım, üşüyürdüm, saçlarımdan su süzülürdü. Üzümə baxdı, yəqin ki, ürəyi yandı, ruh yüksəkliyi ilə dedi ki, qoy müharibə qurtarsın, qələbə günü sənə qonaqlıq verəcəyəm. (İnşallah dediyi qonaqlığı verər)) Nə deyim vallah, bu komandanın hansısa üzvünün necə deyərlər ”anası namaz üstündə idi” ki, onlar mərmiyə tuş gəlmədilər, onlar ölümə görə fəaliyyətlərini bir anda ləngitmədilər. Bildilər ki, kimsə payızın soyuğunda üşüyür, kimsə açdır, kiminsə kiçik bir təsəlliyə ehtiyacı var… Başda Nadir müəllim olmaqla o uşaqlar, o 44 gündə əsl fədakarlıq nümayiş etdirdilər. Nadir Qədimli istedadlı, eyni zamanda sevilən şairdi. Vətənpərvər və fədakar vətən oğludur. İşinin, adının, dediyi sözün, kəndinin, rayonunun, dövlətinin məsuliyyətini bilən vətəndaşdır. Bununla bərabər həm də iki övlad sahibidir, nümunəvi atadır. Elə nümunəvi balalar da yetişdirib. Hələ nəvəsinin də sevimli babasıdır.

Son olaraq, arzu edirik, Nadir Qədimlinin növbəti kitabı Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızdakı tikinti və yenidənqurma işlərindən, bu prosesdə sevgi və sevinclə iştirak edən soydaşlarımızın maraqlı talelərindən, bir də yurduna köç edən qarabağlıların sevincindən bəhs edən şeirlər toplusu, poemalar və pyeslərlə zəngin olsun!Uğurlar Nadir Qədimli!

Müəllif:Əntiqə RƏŞİD

İlkin mənbə: adalet.az

ƏNTİQƏ RƏŞİDİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“GÜNAHIN KÖLGƏSİ” BU GÜN

Rəmzi Dönməz

“Günahın kölgəsi” kitabının təqdimatından.

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tədqiqatçı-alim Gülhüseyn Kazımlı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyası ədəbiyyatına xidmət” beynəlxalq mükafatı ilə təltif edilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Jurnalistlər Birliyinin üzvü, şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, muğam irsimizin tədqiqatçısı Gülhüseyn Kazımlı beynəlxalq mükafata layiq görülüb.

Tədqiqatçı-alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyası ədəbiyyatına xidmət” beynəlxalq mükafatı ilə təltif edilib. Mükafat bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda professor Elçin İsgəndərzadə və dr. Özkan Hüseyin tərəfindən laureata təqdim olunub.

Qısa arayış: Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. O, “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.

Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlarından Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnib. “Vətən sevgisi”, “Qadın əlləri”, “Məhəbbət”, “Əsgər yuxuları” kimi mahnılar bu qəbildəndir. Onun mahnılarını məşhur müğənnilər Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa ediblər.

Gülhüseyn müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC HAQQINDA

ZAUR USTAC

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru