
G Ö Y Ə R Ç İ N
(Hekayə)
Çıxdığı yol yormuşdu onu. Onsuz da, bu həyat yolları öz enişi və yoxuşu ilə Arazı dərindən yaralamışdı. Bu yol yorğunluğu onun yanında nə idi ki? İllərlə bir yastığa baş qoyduğu ömür-gün yoldaşı iki uşağını da götürüb düz məhkəməyə üz tutmuş, bununla da yolları ayırmışdı. Evində son dörd il idi ki, tək yaşayırdı. Çox mübarizə aparırdı bu yolların birləşməyi üçün. Təkcə uşaqlarına görə deyil, onun sakit təbiətinin sanki yalnız o qadının çılğın xarakteri ilə bütövləşdiyini düşündüyü üçün mübarizə aparırdı. Amma heç bir nəticə alınmırdı. Araz çox sakit, qapalı insan idi. Hisslərini üzə vurmazdı. Onun təbiəti belə idi. Həyata olduğu kimi yanaşardı. Bir qadın səliqəsi var idi Arazda. Evinin də, özünün də təmizliyinə qarşı çox diqqətcil idi.
İşdən yorğun çıxıb dayanacağa qədər getdiyi yol tozlu idi. Amma yenə də çox ehtiyatla addımlayırdı ki, şalvarı bu toz-torpaqdan çirklənməsin. Elə ehtiyatla addımlar attıqca düşünürdü: “Bəlkə də taleyin hökmü belədir. Tale ilə mübarizə aparmaqdansa, bəlkə dayanmaq, hər şeyi öz axarına buraxıb nəticəni izləmək lazımdır?.. Mən taleyimdə olan problemlərlə əlbəyaxa döyüşə çıxıram elə bil. O da mənə qarşı müqavimət göstərir. Dayanmalıyam. Vəssalam. Barışmalıyam taleyimlə. Bəlkə uşaqlar bir az böyüyə, analarını yola gətirə. Bilmirəm”. O, ilk dəfə idi ki, belə qərara gəlirdi. Yolda iri bir pişiyin göyərçini tutduğunun və onu parçalamaq üçün çabaladığının şahidi olan Araz cəld tərpənib göyərçini xilas etmək üçün bacardığı hər şeyə əl atdı. Əvvəlcə pişiyə – “pişt, pişt” , – deyə qışqırdı. Ardınca qovmağa başladı. Pişiyin ovunu buraxmaq istəmədiyini görüb sonunda yol kənarında üst-üstə yığılmış taxtalardan birinə əl atdı. Yalnız bundan sonra pişik ovunu ağzından buraxıb qaçdı. Heyvanları çox sevən Araz əyilib tərpənməyən göyərçinə baxdı. Gördü ki, göyərçin sağ-salamatdır. Çox sevindi. Ehtiyatla onu götürüb yoluna davam etdi. Yorğunluq bir tərəfdən, göyərçinə görə keçirdiyi narahatlıq da bir tərəfdən onu əldən salmışdı. Evə çatıb göyərçini bir qutuya yerləşdirməzdən əvvəl quşun hər tərəfinə diqqətlə baxdı ki, birdən quş yaralanmış olar. Ürəyi quş ürəyi kimi titrəyirdi Arazın. Göyərçinin heç bir yerində qan izi görmədi. Amma bir narahatlıq vardı; göyərçin qanadını qaldıra bilmirdi. “Yaxşı qulluq etsəm, qanadlanar”, – düşündü. O, göyərçinin qabağına bir az çörək qırıntısı tökdü. Banka qapağının içini su ilə doldurub qoydu göyərçinin dimdiyinin altına. Göyərçin başını əyib sudan dimdiyinə aldı, sonra başını göyə qaldırdı. Arazın ürəyinə rahatlıq gəldi. Göyərçinə sığal çəkdi. Əlinin altında quşun titrədiyini hiss etdi. Qutunu evin içində saxlamaq qərarına gəldi. Evinin kiçik həyəti də vardı. Amma həyətdə saxlamağa ürək eləmədi. Sonra əynini dəyişib özünə şam süfrəsi hazırladı. O nə qədər yorğun olmağından asılı olmayaraq, süfrənin hazırlanmasına da, qidalanmasına da xüsusi diqqət yetirərdi. Bu ona anasından keçmişdi. Yeməyini yedi, süfrəni yığdı. Saata baxdı; 10-a yaxınlaşırdı. Evdən çıxdı. Yaşadığı küçənin başında ərzaq mağazası vardı. Mağazadan bir az buğda aldı. Cəld özünü evə salıb buğdadan kiçik bir qaba töküb göyərçinin qabağına qoydu. Göyərçin buğdanı dimdiklədikcə Araz özünü xoşbəxt hiss etməyə başladı. Gecə yuxuya gedənə qədər diqqəti göyərçinin üzərində oldu. Səhər yuxudan oyanar-oyanmaz yenə göyərçinə diqqət yetirdi. Sığalladı, suyunu təzələdi. Əlinə götürüb həyətə çıxardı ki, təmiz hava alsın. Yerə qoydu. Göyərçin tərpənirdi. Qanadını qaldırmağa cəhd də etdi, amma alınmadı. Araz göyərçinə təkan vermək üçün qanadını əli ilə qaldırdı, yenə də heç bir nəticə olmadı. On dəqiqəyə yaxın həyətdə saxladıqdan sonra evə gətirib yenidən qutuya yerləşdirdi. Yenə sığalladı, hələ arada gözəl sözlərlə əzizlədi də. Səhər çayını içib işə yollandı. Bu gün həftənin şənbə günü olduğundan iş saatı günün yarısına qədər idi. Günorta işdən çıxıb həvəslə evinə yollandı. Evə daxil olan kimi ayaqqabısını çıxarıb göyərçinin qutusuna doğru yönəldi. Onunla söhbət etməyə başladı. Halını soruşdu. Əzizlədi, suyunu dəyişdi və dedi:
-Səni qanadlandıracam. Uçacaqsan. Bərabər mübarizə aparaq. Qanadlanıb digər göyərçinlərə qoşulacaqsan. Sən də digər göyərçinlər kimi xoşbəxt olacaqsan. Mən xoşbəxt olmadım, sənin xoşbəxtliyin üçün isə mübarizə aparacağam.
Nahar üçün süfrə hazırladı. Yeməyini yedi. Süfrəni yığışdırdı. Yenidən göyərçinə baxmağa başladı. Əlinə götürdü, sığalladı, kiçik həyətinə çıxardı və yerə qoydu. Göyərçin, sanki ona minnətdarlıq hissi ilə başını qaldırıb ani baxdı. Göyərçinlərin baş hərəkəti çox sürətli olur. Sonra yenə ətrafa boylanmağa başladı. Araz özünə kiçik həmdəm tapmışdı elə bil:
-Mən də qanadlana bilmirəm. Qanadımı qırıb həyat. Mənim səndən nə fərqim var? Məni həyat incidib, səni isə pişik. Mənim bəxtimin qanadı qırılıb, sənin də cisminin. Mən də uça bilmirəm. Özüm üçün mübarizə aparmağı dayandırmışam. Taleyin hökmünə buraxmışam. Amma sənin üçün mübarizəyə davam…- deyib gözlərini göyərçinə dikərək sükuta daldı. Uşaqlarının həyətdə oynadığını xəyalına gətirdi. “Kaş burda olub göyərçini görəydilər. Necə sevinərdilər”,- deyərək köks ötürdü. Ailəsi ilə birlikdə keçirdiyi xoş günləri xatırladı. Araz sanki yuxuda idi. Xəyallar onu uzaqlara, lap uzaqlara aparmışdı. Birdən göyərçinin tükürpədici səsinə ayıldı. Göyərçin qonşu məhlədən gələn qara pişiyin ağzında idi. Pişik göyərçini ağzında aparırdı. Araz cəld yerindən qaldı, pişik götürüldü. Elə sürətlə götürüldü ki, qaçıb məhlənin başındakı yarımçıq tikilinin bayır tərəfindəki əl boyda oyuğa girdi. Araz da qaçıb tikiliyə çatdı. Göyərçini o oyuqdan çıxarmaq üçün yollar düşünərkən bir neçə saniyə içində oyuqda əks-səda verən tükürpədici səs kəsildi.
17.08.2024.
Müəllif: Cəvahir TANRIVERDİ
CƏVAHİR TANRIVERDİNİN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru