Şair Dayandur Sevgin (Tağıyev Dayandur Mikayıl oğlu) 65 yaşını yola salır… Dayandur Sevgin bu yaşa əliboş gəlməyib, o, “Boyuma biçildi dərd” (2000), “Mən bilmirəm ayrılmağın yolunu” (2003), “Əllidən o yana yollar yoxuşdur” (2009), “Xoş gəldin 55 yaşım” (şeirləri, məqalələri, onunla müsahibələr və haqqında yazılanlar, 2014), “İkinci addım” (2019) adlı kitabların müəllifidir…
Dayandur Sevgin adı gələndə gözümün qabağında bu çağımızın ziyalılar mühitində cümləqayğı obrazı canlanır… Özü də, möhtəşəm, boya-boy bir obraz!! Onu Azərbaycan Yazıçılar Birliyinin (AYB) “qaraşuxası” da, “haqqa dayanan, haqqa söykənən, könlünü şeirə verən şair” də, adlandırırlar və elə də var…
Bütün bunlar onun torpaq – Vətən oğlu olmağından irəli gəlir… 1959-cu il fevralın 5-də İmişlidə dünyaya gəlib, uşaqlığı, ilk gəncliyi İmişlinin Ağamallar kəndinin bol-bəhrəli, yovşan ətirli çöllərində keçib, aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb, çiling-ağac oynayıb, tərəkəmə həyatı yaşayıb… Elə onun səmimiliyi, istiqanlılığı, şeirin vətəndaşlıq ətri bu kənddən-kəsəkdən gəlir, illər boyu şəhərdə yaşasa da, evi-eşiyi şəhərdə olsa da, çoxumuz kimi şəhər onu şəhərli edə bilməyib…
Bu xaotik şəhər mühitində bir kəndçi balası qədərincə səmimiyyətini qoruyub saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət kimi 1980-ci illərdən bu günə onun poetik yaradıcılığına yansıyıb, hopub, yaxşı-pis, az-çox nəyi var, özüdür, özününküdür…
“Dayandur Sevginə təşəkkür düşür” – misrası onun tale misralarından biridir. Əslində düz deyilib, bizim hamımızın müxtəlif məqamlarda ona təşəkkürümüz düşüb və düşür… Dayandur Sevgin təpədən-dırnağa azərbaycanlıdır, azərbaycançıdır. Buna sübut onun poeziyasıdır, həyat tərzidir, elə təkcə “Azərbaycan bayrağı” şeiridir:
Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
…Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
Azərbaycan bayrağına bir-birindən dəyərli, gözəl, vüqar hissi doğuran şeirlər yazılıb… Bu silsilə arasında Dayandur Sevginin “Azərbaycan bayrağı” şeirinin öz məkanı, öz məqamı var… Onun şeiri də, bir gözəl dilək kimi oxunur, hər misrasında müəllifin doyumsuz duyğusu, doğmadan-doğma ruhu, səmimiyyəti, sevinci, göynəyi, vüqarı duyulur. Bu şeir dərsliklərə düşməyə layiq şeirdir. Ümumiyyətlə, Vətən, Millət və bu kimi keçmişə söykənən mənəvi dəyərlər Dayandur Sevginin sevgi dolu poetik yaradıcılığının, mənəviyyatının, lirik “mən”inin əsas qayəsini, ana xəttini təşkil edir. Onun poetik dünyasının dolanbaclarını gəzdikcə görürük ki, bu axar-baxar boyunca bizim özümüzün fikir və düşüncələrimiz, gündəlik qayğılarımız, sevgilərimiz, istək və arzularımız, bugünümüzüm özü sərgilənir.
Filologiya elmlər doktoru, professor Vaqif Yusifli onun yaradıcılığını belə səciyyələndirir: “Dünəni, keçmişi və bu günü şeirlərində yaşadan şair… Səmimi şair… Şeir dili axıcı, rəvan, poetik olan, ənənəyə bağlı şair… Dayandur Sevgin öz ədəbi nəsli içərisində seçilən, fərqlənən bir şairdir. Onun özünəməxsus deyim tərzi, poetik manerası var. Dayandur istənilən mövzuda yazır və yaza bilər, amma hansı mövzuya əl atsa, o mövzuda yazdığı şeirdə indiyədək rastlaşmadığın ifadələrə, tapıntı misralara tuş gələcəksən”.
Sona Vəliyevanın, Qəşəm Nəcəfzadənin, İsa Kayacanın, Fariz Çobanoğlunun və başqa qələm dostlarımızın da Dayandur Sevgin haqqında, onun poeziyası barədə maraqlı fikirləri var.
Və bu fikirləri birləşdirən ən vacib xətt budur ki, o, vətənpərvər şairdir, xalqını, yurdunu, el-obasını sevir və şeirlərində də bunun inikasını görürük. Məsələ bundadır ki, onun şeirlərindəki ilıq, isti, həlim səmimiyyət dolu duyğular elə bil bizim öz içimizdən axıb gələnlərdir, şeirin ovqatı elə təbii, sözün ruhu elə doğma, əzizdir ki, oxucunu özünə ahənrüba kimi cəzb edir… Və “Keçir” qoşmasında olduğu kimi və bu bəndlərdəki sevgi dolu duyğular onun qəlbinin misralara çevirilən kardioqramıdır:
Yolun gözlədiyim baharın, yazın,
Dolanıb yüz ilin qışından keçir.
Dərdindən Məcnuna döndüyüm qızın,
Eşqi bir üzüyün qaşından keçir.
Asılıb sinəmdən qara daş kimi,
Mənə doğmalaşıb dərd qardaş kimi,
Başımın üstündən sevinc quş kimi,
Kədər gözlərimin yaşından keçir.
İlahi, tək sənsən, tək sən, əlacım,
Səndən qeyri kimim var ki, əl açım,
Bir tikə çörəyim, nəfim, qazancım,
Dağların çınqıllı daşından keçir.
Dayandurun bu şeirindən bir şah misra keçir və bu misra onun şair şəxsiyyətinin kredosudur: “Bütün bu dünyanın qəmi, kədəri, Dayandur Sevginin başından keçir…” Bu misranın şöləsində şairin “qəmi, kədəri” major nota köklənir, qürura çevrilir.
Məlum həqiqətdir ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər bizi dünyaya bir daha torpağına, Vətəninə bağlı, qəhrəman millət kimi tanıtdı. Hər bir soydaşımız qürur hissi keçirir ki, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Dayandur Sevgin “Ali Baş Komandanım” şeirində Vətən savaşı günlərində yaşadığı həyəcanları, qəlbindən keçən arzuları, Zəfər diləyini poetik dillə ifadə edib:
Mənim doğma yurdumda bu hayların nə işi,
İçimdəki bu dərdlə haçanacan utanım?
Dönüm sənin başına, dayandırma atəşi,
Şərəfi olmayanla sülh olmaz, Komandanım!
Ürəklərdə nalədi, qulaqlarda top səsi,
Qaramat zindan idi azad olan ruhumuz.
İndi-indi düzəlir belimizin əyrisi,
İçimizdə boy verib dikəlir qürurumuz.
Dayandur Sevgin şairliyin çəkisini, mahiyyətini dərk edən qələm sahibidir və bütün yaradıcılığı boyu, ən azı, bu çağa qədər buna əməl edib. Nizami Gəncəviyə həsr etdiyi şeirindəki bu misaralara – “Minbir sınaq eylə, yüz çək şairi, Əyməz hər imtahan, hər yük şairi…” olduğu qədərincə şeirin, sənətin yükünün ağırlığını bilən şairdir o. Mənə elə gəlir ki, Dayandur Sevgin bir şair kimi taleynin onun çiyninə qoyduğu yükü ləyaqətlə daşımağı bacarır və bunu Tanrının istəyinə, qüdrətinə bağlayır:
Vaxt öldürmə, qədrini bil hər anın,
Olmayacaq nə şöhrətin, nə şanın.
Halal yolla uğur tapan insanın
Tanrı adda çiynində bir əl olur.
Dayandur bir şeirində elani-ərz edir ki, “Mən dərd padişahıyam!”, amma “Gündə çəkilirəm dara, görmürsən?” Qeyri-adi obrazdır. Klassik kəlamlar və müasir deyim tərzi var burada. Dayandurun poeziyasında aforizm səviyyəsində bu cür yeniliklər, klassik kəlamlara təzə həyat vermək bacarığı yetərincədir…
Müdiriklik, əqidəyə, haqqa, ədalətə bağlılıq onun şeirinin ümdə atributlarındandır. Tanrıya xitab etdiyi bu şeirindəki kimi:
Tanrım hara gedim, hara dalınca,
Düşürəm getdikcə dara dalınca,
Qara göndərirsən, qara dalınca,
Bircə yol demirsən: “Baxt verim sənə”.
Dayandur öz yaradıcılıq nəslinin taleyini belə xarakterizə edir və burada haqlı məqamlar var: “Bilirsiniz, bizim nəsli – 80-ci illərin ədəbi nəslini bir az bəxti gətirməyən nəsil hesab etmək olar. Bu nəsil bir sıra problemlərlə üzləşdi. Yaradıclığımızın əsas dövrü müharibə illərinə, ölkəmizin problemlərinin artdığı bir dövrə təsadüf etdi və bütün bunların nəticəsində bizim nəsil çox şey itirdi. Bir də baxıb gördük ki, artıq 50 yaşımız var. Eyni zamanda onu da deyim ki, bizim nəsildən olan tənqidçilər də bizdən yazmadılar. Onlar da bizdən əvvəlki və sonrakı nəsillərdən yazdılar. Bu da 80-ci illər nəslinin digər nəsillərlə müqayisədə daha az uğur əldə etməsinin bir səbəbi sayıla bilər”. Haqlı gileydir və anlaşılan məsələdir.
Bütün bunlar bir yana, gerçək budur ki, şair kimi də, insan kimi də Dayandur Sevgin hamıya doğmadır. Onun bir şeirindəki bu misra xəyalımın səmasında qəfil şimşək təkin çaxır: “Dayandur, şeir də dövlətdi, vardı!” Bəli, Dayandur Sevgin şeirinə belə yanaşıb, şeiri belə qəbul edib. Onun varı, dövləti, varlığı, məsləki, eşqi, məhəbbəti şeirdir, poeziyadır. O, sevgi şairidir, sevgi dolu ürək daşıyan şairdir, belədir ki, deyir: “Əllərin üzündə qalar, İlahi, Adam gözlərilə baxsan rəngimə”. Və arxasınca İlahidən bu təmənnada bulunur:
Sən bizi sevgidən yaratdın axı,
Ən ülvi sevgilər adından çıxıb.
Tanrın bu gözələ hər şey vermisən,
Bircə ürək vermək yadından çıxıb.
Dayandur Sevginlə ünsiyyət Vətən, xalq, millət və cəmiyyət, eyni zamanda bütün doğmaların, ailənin qarşısında məsuliyyət hissini bütün qapsamıyla dərk etmək, paklaşmaq üçün dəyərli məqamdır. Onun xarakteri, düşüncəsi, rəftarı buna münbit zəmin yaradır. Söhbətlərində də, yazdıqlarında da Dayandurun yalnız özü var. Canıyananlıq, sadəlik, səmimiyyət, nəciblik onun gündəlik həyat tərzidir. Onu tanıyanların hamısı Dayandurdan “torpaq ətirli, dağ vüqarlı, çay kimi coşqun, dost-tanışa sədaqətli, bütöv xarakterli, əqidəli, dar günün həmdəmi olan” bir insan kimi söz açır. Çünki Dayandur həm sözə, poeziyaya, həm də əmələ, kişiliyə, mərdliyə könül vermiş insandır. Təsadüfi deyil ki, o, irfani şeirlər yazır, irfan düşüncəsinin onda oyatdığı intibaları şeirlərində əks etdirir. Nədən söz açırsa, insaniyyətlə, saflıqla, sevgi ilə süsləyir. Bir vaxt “Söz sorağında” adlı ədəbi birlik yaratmış Dayandur, bu gün də, üz-üzə dayandığı 65 yaşında da xas sözün, xoş sözün axtarışında, sorağındadır. Bu axtarışda Dayandur Sevginə yeni uğurlar, parlaq tapıntılar diləyir, “65 yaşın mübarək olsun və yeni yubileylərində görüşək!” deyirəm.
Mahirə NAĞIQIZI 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir
1984-cü ildən təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlayan Mahirəxanım bu gün də şərəfli peşəsini ən yüksək səviyyədə layiqincə davam etdirir.
Mahirə NAĞIQIZI2017-ci ildən filologiya üzrə elmlər doktorudur. 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub
YAZARLAR cameəsi adından Mahirəxanımı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Azər Turanın 60 yaşı tamam olur; rəsmən Azər İmamverdi oğlu Əbilov. Və yada salanda ki, ədəbiyyatda(n) keçən şüurlu ömrünün əksər hissəsi (məhz Azər Turan dövrü!) müstəqilliyimizə yaşıddır, elə belə də deyə bilərik: Azər Turan müstəqilliyimizin yetirdiyi parlaq ədəbi simalardan biri, ədib-publisist, ədəbiyyatşünas-tarixçi, tənqidçi və esseist, ümdəsi əqidə və fikir adamıdır.
Şöhrətinin bu çağında (60-ında!), ölkənin yeganə ədəbiyyat qəzeti olan “Ədəbiyyat qəzeti”nin baş yazarı, üstəlik, mənimcə, bugün ölkədə başlıca fikir hərəkatlarından olan “azərturançılığ”ın təmsilçilərindən birisi üçün bütün bu ad-ünvanları yada gətirib sadalamaq bəlkə də ziyadə bir şey. Neçə ay öncə Azər Turan “Atam, anam, qardaşım, mən və Stalin. Cavidlərin ailə dramı” tamaşasına, görünməmiş bir iş, az qala ölkənin bütün ədəbiyyat ictimaiyyətini yığa bilmişdi, – bu incəlik barədə o an düşündüm; həm yenə də simvolik olaraq – Cavid (azərturançılıq!) işığına.
O ədəbiyyat işini, ideya-fikir xəttini ki, Azər Turan müstəqilliyimiz boyu çalışmalarında durmadan yeridir, sovet dönəmində şəksiz ki mümkünsüz bir şeydi. Və hətta bəzən heyrət edirsən, bu qədər aşırı türkçülük həvəsi-ehtirası-enerjisini, turançılıq (öz sözləri ilə: “panturanizm”) bazası-potensialı və başlıcası manifestasiyasını cavanlığından, hələ ilk debüt yazılarından başlayaraq az bir zamanda Azər necə qazana bilmişdir?! Axı ol zamanlar türkçülüyə tam qapalı bir Azərbaycanda yaşayırdıq. Doğrudur, bilirik ki, Azər Əbilov məşhur ədəbiyyat adamı, ədəbiyyatşünas İmamverdi Əbilovun oğludur; necə deyərlər, ortada məşhur İmamverdi Əbilov evi/kitabxanası faktoru var. O da doğru ki, Azərin ədəbi şəxsiyyət kimi yetişməsində məşhur 60-cılar ədəbiyyatının da öz rolu; bizim nəsil ədəbiyyat sevdalılarının cəmisinin bir kumiri olmuş – Anar!, bir az o yana, bir az bu yana. (Bioqrafisi barədə daha təfsilatlı tədqiqatçıları söz deyə bilər; məsələn, bax: Elnarə Akimova, “Uzun, incə bir yolda”. Bakı, “Elm və təhsil”, 2021. 496 səh.) Amma yenə də, yenə də… Azər Turan olmaq axı başqa bir sevda!
O ad-ünvanları ki, bugün Azər Turanın şöhrətinə yaraşdırırıq, sadəcə yubiley qutlaması olmasın gərək; hər birisində Azərin öz payı-xidməti, halalca zəhmətləri vardır. Mənimcə, Azər Turan başlıcası missiya-əqidə daşıyıcısı, fikir adamıdır; türkçü və Turançıdır, bütünlükdə fəaliyyəti və yaradıcılığının nüvəsi, generatoru da bu. Seçdiyi təxəllüsə və bu səmtdə əməliyyəyə görə hər yerdə mən bunu Azər-turançılıq adlandırıram. Türklüyün tarixi minillərlə ölçülür, azərbaycançılığın yaşı yüzillərlə. Azər Turanın öz tədqiqatlarına görə, bir fikir cərəyanı olaraq Turan ideyası (panturanizm) cəmisi yüz əlli- yüz il öncə panslavizmə qarşılıq irəli gəlmiş və “türkçülüyün babası” da, bildiyimiz kimi, Əli bəy Hüseynzadə. Sovetin qürubunda Əli bəy Hüseynzadə ismi və irsi birdən-birə həyatımıza, ədəbiyyatımıza və əməl meydanına girəndə, etiraf olunmalıdır ki, yetmiş il ayrı (yad) qaldığımız bu fikir nəhənginə əvvəlcə şaşırmış, vaqeən həm valeh olmuşduq; Əli bəy Hüseynzadə bizə nəinki yaşadığımız günü (1990-lar və s.-ini) ifadə və izah edirdi, hakəza gedəcəyimiz, gələcək yönü-səmti-konteksti də nişan verir, diktə edirdi. Olsun ki (tədqiqatçılarına borc), Azərin qəlbinə bu sevda (Azər-turançılıq) ruhca da, torpağı-sanı qədər də ona daha yaxın Əli bəy Hüseynzadə sevgisindən düşmüş, sonrakı hadisələrdə, yaşadıqca və yaşandıqca böyümüş, böyümüş, nəhayətdə bugün olmuşdur…
Şəksiz olanı budur ki, Azər Turan bugün bizdə Əli bəy Hüseynzadə irsinin ən sanballı, dərin, şəriksiz araşdırıcısıdır və bunu ardıcıl, təkrar-təkrar təsbit etməkdən yorulmur da. Ol zamanlarda (1990-larda) Əli bəy Hüseynzadə adı çox populyarlaşdı; günün əzbəri oldu, bayrağımızı daşıyan üçlü simvolun müəllifi kimi sitatlardan sitatlara çox qanadlandı. Yaradıcılığı tədqiqata cəlb olundu, dissertasiyalar yazıldı; tədqiqatçı Ofelya Bayramlının zəhmətləri sayəsində əsərləri kitab şəklində çap olundu, “Füyuzat”ın bütün sayları toplu halında işıq üzü gördü. Hələ “Füyuzat” adına imitasion bir dərgi də çıxmağa başladı (unutmayaq ki, 1920-ci illərdə sovetlər də yeni əyyamlara alternativ-imitasion “Yeni füyuzat”dan başlamışdı)… Vəssalam. Sanki bəs elədi, sanki həzm olundu getdi. Yenidən tarixə çəkildi; Əli bəy Hüseynzadə adı getdikcə az yada düşdü, zamandan zamana, lüzum olanda. Amma “Sanki” deyirəm. Çün Azər Turan dəfələrlə yazılarında üzə çıxarır, göstərir, əyan edir: o böyük türkçüdən özləyəsi-öyrənəsi-öyrəşəsi hələ çox nəsnəmiz var.
O da heç təsadüf deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin latın qrafikalı nəşrlərin həyata keçirilməsi ilə bağlı sərəncamına əsasən Əli bəy Hüseynzadənin “Seçilmiş əsərləri” (2007) məhz Azər Turanın ön sözü və elmi redaktorluğu ilə nəşr olunmuş; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 21 yanvar 2014-cü il tarixli sərəncamının işığına Azər Turanın “Əli bəy Hüseynzadə. Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi” (2014) monoqrafiyası işıq üzü görmüşdür.
Bu ki, Azər Turan Əlibəy Hüseynzadə barəsində sanballı monoqrafiya müəllifidir (Azər Turan, “Əli bəy Hüseynzadə. Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi”. Bakı, “Letterpress”, 2014.- 544 s.), həyat və yaradıçılığını hərtərəfli araşdırdığı doktorluq dissertasiyası yazmışdır. “Sistemli bir Turan, siyasi türk birliyi” düşüncəsi (s. 39), “İttihad və Tərəqqi” Cəmiyyətinin qurucularından biri (s. 44), “Yunanıstan müharibəsi” və “Məcidiyyə” ordenləri ilə təltif (s. 56), “Azərbaycanda ilk siyasi proqramın müəllifi” (s. 62), “Bütün Rusiya islamlarının ilk yövmi qəzetəsi olmaq üzrə “Həyat” namilə bir qəzetin imtiyazı” (s. 76), “Azərbaycan türkoloji elminin qurucusu” (s. 80), “Həyatın mənayi-həqiqisi meyli-füyuzatdır” (s. 102), “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli – Avropa qiyafətli fədai!” – Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq (s. 107), “Əli bəyin təlqinləriylə, irşadları ilə az zamanda gənclik pək bir istiqamət aldı” (s. 122), “Şeyxülturan” (s. 126), “Panislamist” Vətən Məcnunu (s. 134), “Erməni terror təşkilatının başçısı Şaan Natali Əli bəy Hüseynzadə barədə, yaxud Əli bəyə görə erməni məsələsi” (s. 141), 1908-1910-cu illər. “Səadət” məktəbinin müdiri Əli bəy Hüseynzadə (s. 144), “Siyasəti-fürusət” (s. 147)… – Əli bəy Hüseynzadənin doğuşundan (həm də bir hadisə olaraq) ölümünə və əbədiyyətinəcən əhatəli bir kontekstdə, maraqlı bir roman tərzində, zəngin arxiv materialları, bioqrafik faktlar, tarixi personajlar, müasirlərinin şahidliyi, bədxahların böhtanları, opponentləri ilə, o cümlədən 70 illik saxta ittihamlarla açıq polemikada tarixi həqiqətləri bircə-bircə dənələyib üzə çıxaran irihəcmli, çəkinmirəm deməkdən, təkrarsız monoqrafiyanı, əlbəttə, axıracan da vərəqləmək olar; doymadan. Amma xatırlatmaq üçün bu da kifayətdir məncə.
Azər Turanın bu və bu kontekstdə daha neçə kitabları: “Ölüm süvarisi” (1999), “Hüsni-Xuda şairi. Hüseyn Cavid” (1999), “Əbədi Turan” (2001), “İrfan çobanı” (2003), “Cavid əfəndi” (2004), “Tahir Rasizadə” (2005), “Turan Cavidin son söhbəti… Son yaşantıları… Son günü…” (2005), “Əzəl-axır dünya türkün dünyası” (Bakı, 2007, Ankara, 2009), “Yorğun şəhərin işığı” (türk, ingilis, rus dillərində. İstanbul, 2007), “Hüseyn Cavid” (2007), “Əli bəy Hüseynzadə” (Moskva, 2008), “1918-ci ilin 31 günü” (2008), “Şəhid türkoloq Xalid Səid Xocayev” (2009), “Əli bəy Hüseynzadə Turan” (Q.Paşayeva ilə birgə, 2009), “Cavidnamə” (2010), “Darülmöminin” (2012) və b.-ları – bir sözdə deyildiyi kimi, “müəllifin yaradıcılığında müstəsna rol oynamaqla bərabər milli ədəbiyyatşünaslığın dəyərli tədqiqatlarından hesab olunur” (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, Nəşriyyat sözü).
Amma bütün bu mononoqrafik işlərin tarixi və tarixən dəyərini qəti azaltmadan, öz payıma, Azər Turanın ədəbiyyatşünaslıq sahəsində və ümumən humanitaridə daha böyük xidmətini başqa bir ali niyyətində görürəm: Azər Turanın təsbitinə görə, Əli bəy Hüseynzadə türkolojidə və Vətən tarixində yalnız başlanğıc, mənbə, məxəz, “dünən” deyildir, bütün yaradıcı ideyaları və proyektləri ilə bugündür; ideya və fikirləri potensialını tam tükətməmiş, kinetikasını içində saxlamış, bugün də gerçəkdır. Məqsəd onu gəlişdirməkdən, günün istifadəsinə verməkdən ibarətdir. Həm də yalnız ideolojidə (Turan dünyası!) deyil, fəlsəfədə, sənətdə, ədəbiyyatda, estetikada, milli varlığın hər bir sahəsində…
Azər Turanın tənqidçi və bir ədib olaraq günün ədəbiyyat hərəkatında yeri və rolu barəsində dəfələrlə, yazılarımda söz açmışam; hələ 22 il öncə “Yeni Azərbaycan” qəzetində, qəzetin “Ədəbiyyat” əlavəsinin redaktoru olaraq başlatdığı Ədəbi Turançılıq forpostundan… Məsələn, bu: “…yaxşıdır ki, Hacı Azər Ədəbiyyatın məqsədini onun qarşısında duran fəlsəfi məsələlərdən hesablayır və bu məqamda, sanki qırıldığımız tarixi sınırlara – turançılıq-türkçülük zamanlarına (həmən Cavid dövrünə) üz tutur; Qarabağda qalib olası Ədəbiyyatdan Turan hərbinin romantiki Ənvər Paşa hünəri istəyir… Hacı Azər bu fikirdədir ki, milli ədəbiyyatımız məhz həmin dönəmdən – “Şərqdən, öz ruhumuzdan uzaqlaşıb Qərbə üz tut”duğundan və “Qərbə doğru səfərində rastına çıxan bütün təriqətləri-izmləri qanına hopdur”duğundandır ki, biz hərbi uduzuruq…” (Sadiq Vəli, Manifest, “Bizim əsr” qəzeti, 14 noyabr 2001);
Son illərdə “Ədəbiyyat qəzeti”ndə gerçəkləşdirdiyi geniş tənqid platformalarına: “Azər Turan günün ədəbiyyatında missiya daşıyıcılığını öhdəsinə götürmüş şəxsdir… Azər Turan tənqidinin “məxrəc”i hələ 110 il öncədən, Əlibəy Hüseynzadənin mədəni turançılıq hərəkatından gəlir… Eyni zamanda, təqribən iyirmi il əvvəl “Yeni Azərbaycan” qəzetində başlatdığı həmin istiqaməti baş mühərriri olduğu “Ədəbiyyat qəzeti”ndə hərəkata çevirməyə cəhd edir… Bütünlükdə Qərb parametrləri ilə, Azərbaycan miqyasında, bu bir modernizm hərəkatıdır… (T.Əlişanoğlu, 2018-ci il: ədəbi tənqid refleksləri. “Ədəbiyyat qəzeti”, 29 iyun 2019);
Ta ki, Vətən müharibəsi, Qarabağ savaşında qalibiyyətimizəcən: “Turan qapısı” anısını Əlibəy Hüseynzadənin 1915-ci ildə Çanakkala döyüşünə ithafən yazdığı şeirdən günümüzə Azər Turan iqtibas edir və ardıcıl Qarabağ esselərində (“Burası Turan qapısı” – ƏQ, 3 oktyabr 2020; “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi” – ƏQ, 24 oktyabr 2020; “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020…) Ali Baş Komandanın Zəfər dastanı səhifələrinə Türkün ulu tarixindən dürüst, hər dəfə hədəfi vuran sərrast analogiyalar gətirir (T.Əlişanoğlu, Ədəbiyyatda Ali Baş Komandan. “Ədəbiyyat qəzeti”, 6 noyabr 2021)
Azər Turanın yeni və əsaslı “milli modernizm” konsepsiyası vardır; maraqlıdır ki, Qərbin inkarından başlanıb, Qərb “izm”lərini də həzm etmiş alternativinəcən (modern Şərq, özümlü Şərq!) yol gəlir. İndiyəcən bizim ədəbiyyatşünaslar lokal Azərbaycandan (“Rusiya Azərbaycanı”ndan) çıxış edərək, Əli bəy Hüseynzadədə “Həyat” və “Füyuzat” ilə başlanan böyük romantizm hərəkatının banisini görmüş və tədqiq etmişlər. Azər Turan bir az da irəli gedir; bütünlükdə türk dünyası və Şərqdən baxaraq, konteksti böyüdür, üstəgəl “Siyasəti-fürusət”də həm başqa bir güc, özgə bir başlanğıc da görür – modernizm!; və sistemli tədqiqinə girişir.
Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət”inin (1908) Ceyms Coysun “Uliss”i ilə (1914-1920) birgə təhlil-təfsirə cəlb edilməsi (“Ceyms Coys və Əli bəy Hüseynzadə” // Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, s. 17-24) az qala Azərbaycan modernizmini daha qabağa salır (Deyək, professor Qorxmaz Quliyevin “C.Məmmədquluzadə və çağdaş teatr” məqaləsində C.Məmmədquluzadənin “Dəli yığıncağı”nı Öjen İoneskonun “Kərgədanlar” pyesi ilə müqayisəsində olduğu kimi // bax: Qorxmaz Quliyev, Cəlil Məmmədquluzadə və dünya dramaturgiyası. Bakı, 2012); bu ki, Azərin təsbitinə görə: heç də “XX yüzilin əvvəllərində Azərbaycan ədəbiyyatı Avropa ədəbiyyatından geri qalmırdı…” (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, s. 24).
Əslində, modernizm konsepsiyasını Azər əvvəlcə elmi hipotez olaraq (Əli bəyin fikir dünyasında Şopenhauer, İppolit Ten, Nitsşe kimi filosofların yeri və rolundan təkanlanaraq) irəli sürür. Həməncə Şopenhaueri, Gyöteni, Nitsşeni, Hartmanı, Bodleri, Merimeni, Verleni, Emil Zolyanı…, dekadansı, simvolizmi, Qərbin qürubunu eyni qədər Əli bəy Hüseynzadə də görür, qeydə alır (Azər Turanın tədqiqlərində faktlar konkret, sitatlı-sübutludur), amma təkcə çağdaş, bugünlü Avropanı bizə xəbər verməsi ilə bitmir ki; bu öz yerində. Əli bəy çağdaş Şərqin özündə dekadans və “yeni tarix”i “görür”, ifadəsi və realizəsinə rəvac verir. Araşdırmalarında perspektivlərini “görüb”, Azər Turan konsepsiyasını bütün əsr boyu gəlişdirir: bir Əli bəydə yox, Məhəmməd Hadidə, Hüseyn Caviddə… və bugündə; modern türk (Türkiyə) şeiri və bütünlükdə türk dünyası paralellərində…
Etiraf olunmalıdır: bu cəsarətli baxış tərzi bütünlükdə XX yüzil ədəbiyyatını (və ümumən milli varlığımızı) yenidən görməyə və çözələməyə təklif və şanslar verir. Tədqiqatçısı Elnarə Akimovanın təqdir etdiyi kimi: “Məncə, uzun müddət özü ilə arasına sədd çəkilmiş universal baxış sistemlərinin düşüncə strukturumuza gətirilməsi və bunun sağlam müstəvidən realizəsini tapması XX əsr tarixinin və mədəniyyətinin özünüdərk proseslərini anlamağa, onu bütün məzmun-mahiyyəti ilə meydana qoymağa imkan verir. Azər Turan haqlı olaraq, XX əsri fəryadın metafizikası kimi simvolizə edir, ümumi əhval və üslub konkretliyi ilə şərh etsək, bu, bütün parametrləri ilə əsrin məzmununa, onun psixoloji hal və vəziyyətinə tam adekvat anlayışdır” (Elnarə Akimova, Azər Turanın modern dünya savaşı. // Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, s.3-11; s.4)
Deyim ki, Azər Turanın XX əsr gəzişmələrində tətbiq etdiyi effektiv tədqiq üsulu, geniş tipoloji müqayisələr və paralellər metodolojisi mənə də çox doğmadır. Əyani olsun deyə, daha bir sitatdan çəkinməyəcəm: “Belə ki, XX yüzilin astanasında milli-ictimai fikrin simasında Şərq Qərblə bir sırada əsr həqiqətlərini çözələməyə, problemlər qoyub-həll etməyə hazırdır. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin yaradıcılığı bütünlükdə bu ehtirasın təcəssümü kimi təzahür edir… Bu zaman Əlibəy Hüseynzadənin ümum-Şərq, ümum-Türk, ümumbəşər dəyərləri sorağında fikir yönəmləri Mirzə Cəlilin realiya axtarışları ilə yanaşıdır… Qərb və Şərq, Qərblə yanaşı, bir sırada duran Şərq – indi məsələ bu şəkildə qoyulur. Qərb ölçüləri, Qərb dəyərlərinə müqabil müstəqil Şərq! – ictimai fikirdə, ədəbiyyatda, sənətdə istər romantik, istərsə də satirik-ironik planda problem indi bu tərzdə aktuallanır…” (T.Əlişanoğlu, Əsrdən doğan nəsr. Bakı, “Elm”, 1999, s. 32-33) Amma bir var, T.Mustafayi sayaq, analoji və tipolojini “quru nəzəriyyə” olaraq yürüdəsən (bax: “Daha bir morfologiya”, “Analoji və tipoloji”, “Tipolojiyə qeydlər”, “…və başqaları, həm T.Mustafayi” və s. // T.Mustafayi, Ədəbiyyat söhbəti. “press-Fakt” qəzeti, 1995-1997); bir də var zəhmətinə qatlaşıb, Azər Turan sayağı, çiynini nəhəng filoloji yükün altına verməkdən qətiyyən çəkinməyəsən, “XX əsr – Fəryadın metafizikası”nda olduğu kimi.
Azər Turanın 2017-ci ildə işıq üzü görmüş “XX əsr – Fəryadın metafizikası” kitabı (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, 424 səh.) konsepsiyasını hərtərəfli açıqlayan və ümumən ədəbiyyatda modernizm estetikası üzərinə bizdə ilk sistemli işdir. O da maraqlıdır ki, Azərbaycan ədəbiyyatında və ümumən türk dünyasında modernizm epoxasını Əli bəy Hüseynzadə ilə başladan və dəfələrlə bu məqamın üzərinə qayıdan Azər Turan, amma kitabda “Modernizm dalğa”sını başlıca olaraq modern türk (Türkiyə) şeiri və şairlərinin nümunəsində izləməyi lazım bilir (bax: Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, s. 13-90). Güman ona görə ki: türk şeiri hadisəni (“modernizm dalğası”nı) müdaxilələrdən (ideolojidən) kənar, sırf poeziya, “sənət sənət üçündür” gəlişməsi üzərinə, bütöv bir axarda görməyə daha çox şans verir; və bəlkə bir də: Azərbaycan poeziyası üçün də mühüm olan həmin (modern) konteksti daha da görükdürmək, aktuallandırmaq üçün. Axı Azər Turanın fikrincə: “Əfsus ki, Azərbaycan poeziyası özünün əlahiddə bir “Sərvəti-Fünun” dövrünü yaşamadı. Yeniləşən ədəbiyyat dünyasında Azərbaycan poeziyası Avropadan 40-50 il geri qaldı. Sonra da modernizmə qarşı acıq və qıcıq dolu savaşını fasiləsiz və amansızcasına sürdürən yetmiş illik sovet dönəmi…” (Azər Turan, “XX əsr – Fəryadın metafizikası”, Bakı, “Elm və təhsil”, 2017, s. 68)
Modern türk şeirini bizə yaxından, sistemli, XX yüzil boyu bütün estetik təmayülləri, poetik axtarışları və kəşfləri, şeirdə inqilabları ilə, başlıcası şair fərdləri, bioqrafiləri, portretlərində tanıdan “Modernizm dalğası” silsiləsini bu sahədə Azərbaycan oxucusu üçün mükəmməl bir bələdçi, müfəssəl yol xəritəsi kimi qiymətləndirmək olar (bu baxımdan bizdə bu, bəlkə bir Anarın “Türkün sözü” silsiləsi ilə müqayisəyə gəlir – bax: Anar, Söz dünyası, I cild, Bakı, “Şərq-Qərb”, 2018). Silsilədə Azər Turan XX yüzil klassiklərinin hər birinin (Cənab Şəhabəddin, Əhməd Haşim, Yahya Kamal Bayatlı, Nazim Hikmət, Nəcib Fazil Qısakürək, Orxan Vəli, Cahit Sıtkı Tarançı, Edip Cansever, Cemal Süreya, Sürəyya Berfe…) çağdaş türk şeirinə, Vətən düşüncəsinə, dünya poeziya tarixinə nələr verdiyini ayrıca, əsl poeziya bilicisi kimi üzə çıxarır, incələyir, təqdim edir.
Və bir də, silsiləni izlədikcə, arzu edirsən: kaş Azərbaycan poeziyasını da bir növ vərdiş olunmuş, qəlibləşmiş formatda, yalnız adlar-siyahılar, onilliklər, ədəbi nəsillər, “döyülüb-döyülməmiş qapılar” şəklində deyil, beləcə ardıcıl: lirik rübab sahiblərinin, “əsrin yükü”nü çiyinlərinə götürmüş poeziya nəhənglərinin simasında, sırf sənət-şeir-həzziyyat müstəvisində “oxumaq”, tarixi poetikasına varmaq olaydı. Yalnız hardasa 1930-larda qıırılmış, 1980-lərdə yenidən dirçəlməyə başlamış hadisə kimi yox, eləcə də sovet əyyamlarının içində(n) və fövqündə, özünə çəkilmiş, küncdə-hücrədə, şeirlər sırası və misralar arasında, incəlmiş-süzülmüş-üzülmüş, “həqiqət incələr, lakin qırılmaz” tərzində. Son bir sıra yazıları, əslində, Azər Turanın bu məqama da hazır olduğunu xəbər verir…
Azər Turanın yazı üslubu – esseist tərzdədir. Esseizm yalnız onun tənqid yazılarına xas deyil, monoqrafiyalarına da sirayət edibdir. Bir qayda: dominantı fikir-düşüncə çırpınışı üzərinə emosional-milliyyətçi mövqe diktə edir; amma heç də boşca bəlağət olmayıb, bu, konseptual yüklənmiş, tədqiqatla, arqument və fakt həqiqəti ilə möhkəmləndirilmiş, təhlil və analitikaya bələnmiş bir üslubdur. Azər Turanın monoqrafiyaları essevari gəlişdiyi kimi, esseləri də əksərən monoqrafik oriyentirlidir. Bu ki, Azər tənqid esselərini çox vaxt silsilələr şəklində qələmə alır; tematik, aktual və bir qayda, Turan dünyasına ünvanlayır. Azər Turanın esseləri problemlər üzərə kitablaşmağa meyllidir.
Məxsusi qabartmasa da, Azər Turan hər yerdə həm də geniş məlumatlı türkoloq kimi əvəzsiz; fərqli və təkrarsızdır. Canlı, ayaqda olan, qədimləri bugünlə, tarixi keçmişi aktual gündəmlə bir nəfəsdə birikdirən türkologiya onu daha çox cəzb və məşğul edir. Azər Turan müasir Azərbaycan varlığının, mədəniyyətinin, ədəbiyyat və sənətinin gəlişməsini çağdaş dünya və Turan kontekstində görür, tərcih edir. Turan tarixini min illər qədimə və yüz sənə öncəyə müfəssəl bilən Azər tarixin və ideologiyanın cızdığı mənəvi coğrafiyanı təkrar-təkrar gündəmə gətirməklə əməli olaraq addımlar atır. Zəngin türkoloji bilgiləri Azəri hər gün, hər həftə, hər dəm dindirməyə, yeni sıralar-silsilələr çizməyə, vaxt var ikən tarixi dəyərləri günə çevirməyə ilhamlandırır, vadar edir. Belə:
Mifoloji qədimlərdən (“Turanın Troyaya dəxli varmı”, “Alp Ər Tonqa”, “Alp Ər Tonqa – Turanın qurucusu”, “Oğul atanın sirridir”…), Ortaçağlara (“Hz. Yusifə bənzədilən kitab”, “Sultanın süd qardaşı şair. Nəvai və Sultan Hüseyn Bayqara”, “İstanbulun fəthi, Amerikanın kəşfi, qızıldərililərin soyqırımı…”, “Tarix yazanlar: Professor Fuad Körpülü barədə düçüncələr”, “Ruh dəyişmə, birin ikiləşməsi. İskəndər Palanın “Şah və Sultan” romanı barədə”…);
Türk dünyasında dekadans, modernizm çabaları (“Görmədim”dən başlayan estetik qürub”, “Panislamizmin qurucusu, türk milliyyətçi şeirinin mürşidi, Renanın İbn-Rüşdlə qiyaslandırdığı Azərbaycan kökənli Şeyx Cəmaləddin Əfqani”, “Qaspıralı dalğası”, “İsmayıl bəy Qaspıralı – “məfkurələr fabriki”, “Ulusu sevmək fənni. Əhməd Ağaoğlu”, “Qafqazın birinci adamı. Yaxud bir ailədə iki Şeyxülislam”, “Hüseyn Cavid və modernizm dalğası”, “Türkçülüyün qurucularından Yusuf Akçura”, “Zəki Vəlidinin təlqinləri”, “Birinci Türkoloji Qurultay”…); və repressiya dalğası (“Bəkir Çobanzadə – milli kədərdən doğulan, 44 yaşında güllələnən böyük alim”, “Müşfiq – Azərbaycan ədəbiyyatının cavabsız sualı”, “Sirli” seyfin tilsimini kim qıracaq, yaxud “Divanü Lüğat-it-Türk”ün Azərbaycanda ilk tərcüməçisi niyə üzə çıxarılmır? Xalid Səid Xocayev”…);
Və bu ki, əzəl-axır dünya türkün dünyası: “Turan Heyəti”, “Azərbaycanın gücü”, “Çingiz Aytmatovun ağ buludu”, “Abidə insan. Anar”, “Ədəbiyyatdan Vətən yaradanlar. Özbəkistan qeydləri”, “Sən dəniz qoxuyursan, Çingiz Dağçı”, “Burası Turan qapısı”, “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi”, “Erməni məkrinə qarşı yüz il diri qalan düşüncə – Əli bəy Hüseynzadə örnəyi”, “Fatehin Avnidəki gizli ruhu və Selcuk Bayraktarın Kızılelma PUA-ları”, “Gelib sana çarpan gücü, yavaştan Anlamazsa, haritadan sil gitsin!”, “Zəfər paradı və Nihal Atsız”…
Müasir Turan ideyasının həm türk xalqlarının mədəni birliyi və vahid müstəvidə çağdaş dünyaya inteqrasiyası, həm də ictimai-siyasi gerçəklər, geopolitika baxımından zirvədə olduğu günümüzdə Azər Turanın bu yöndə durmadan, usanmadan publisist fəaliyyəti necə də vacib və önəmli görünür!
Ulu Öndər Heydər Əliyevin Çağdaş Azərbaycançılıq ideologiyası və çağdaş Azərbaycanın lideri, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Türk dünyası konseptləri daxilində gəlişən, ilhamlanan azərturançılıq bugün bütünlükdə dövlətçilik, milliyyətçilik, azərbaycançılıq məqsədlərinə səfərbər olunmuş. Məxsusən, II Qarabağ savaşı, 44 günlük Vətən müharibəsi günlərində və sonrası Azər Turanın bir an belə susmayan publisist qələmi, habelə redaktoru olduğu “Ədəbiyyat qəzeti”ndə gedən yazılar həm bunu təsdiq edir.
Qəzetin materialları əsasında qələmə aldığım “Ədəbiyyatda Ali Baş Komandan” adlı yazıda (“Ədəbiyyat qəzeti”, 6 noyabr 2021) həmin faktları təsbit etməyə çalışmış, qeydə almışam: “Üçrəngli bayrağımız nə 1918-ci ildə, nə də 1992-ci ilə qədər Qarabağda dalğalanmayıb. Buna tarixi fürsətimiz olmayıb. İndi o ilk dəfədir ki, Qarabağ səmasında dalğalanır. Bəlkə də yüz ildən çoxdur ki, Şuşa məscidinin minarəsində azan verilmirdi. İlk dəfədir ki, Gövhər Ağa məscidinin minarəsindən azan səsi eşidilir…” (Azər Turan, “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020) “Bu mənada İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür. Sakarya müharibəsi zamanı “Səddi-müdafiə yoxdur, səddi-vətən vardır” deyən Atatürk kimi, İlham Əliyev də “status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik” deyir” (Azər Turan, “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi” – ƏQ, 24 oktyabr 2020)
Vətən müharibəsi və Zəfər dönəmində Azər Turanı bir ədib olaraq daha bir fikir dərindən məşğul etməyə başlayır. Azərbaycan Ordusu və Siyasi liderimizin möhtəşəm qələbələri fonunda ədəbiyyatımızın uğurları necə görünür: “…Ədəbiyyatımız millətimizi dünyada tanıda bilməsə də, qırx dörd gündə ordumuz onu dünyaya təqdim etdi. Kaş ki, müzəffər Ali Baş Komandanımızın yanında da Atatürkün çevrəsində olduğu kimi, azərbaycanlı bir Mehmet Akif Ərsoy olaydı…” (Azər Turan, “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020)
Son illərdə bizim yubilyarı Azərbaycan ədəbiyyatının son durumu, çağdaşlıq problemləri, ali ideallar naminə estetik qayğıları daha da çox düşündürür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin ədəbi tənqid kürsülərindən etdiyi yüksək tələbkarlıqlı məruzələri (“Çağdaş Azərbaycan şeirində modernist estetikalar”, “Publisistika. Janrın sərhədlərinə sığan və sığmayan mətnlər”, “Berqsonun zamanı, yaxud çağdaş poeziyamız”), milli modernizm məcrasında “təzə imza” ehtirasları (“Sonuncu Yeni – Şəhriyar del Gerani”, “Ayrılıqların sürreal mənzərəsi. Ümid Nəccari”…), bu yöndə “Ədəbiyyat qəzeti”nin səhifələrini gənc yazarların qələminə geninə-boluna açması və s. bu kimi işləri zatən belə deməyə əsas verir. Bu yazılarda, həm geniş fəaliyyət platformasında mən bəzən aşkar bir nostalji, az qala yanımızdan ötüb-keçmiş bir əsrin, “modern epoxa”nın kədər və həsrətini də duyuram. Və doğrusu, Azər Turanın ədəbi-tənqidi fədakarlığına böyük önəm verməklə, həmin nisgil və qayğıları çox da bölüşmürəm. Qlobal çulğaşmaların eninə-geninə üstümüzə yeridiyi yeni dünya düzənində bəlkə bir az da təbəssüm, qəzavü-qədərin üzünə gülümsünmək (necə deyərlər, “postmodern ironiya”) pis olmazdı… – demək istəyirəm, qardaşım!
Hərçənd hələ yeniSi ilə “Yeni Azərbaycan” zamanından Azərlə aramızda “açıq-gizli” bir polemika da var; yaradıcı-qurucu polemika isə həmişə gərəkdir, ələlxüsus ortada Ədəbiyyat söhbəti varsa. Cürət edib, Mirzə Cəlil demiş, “dağarcığımızı çuvalların yanına çəksək”, özlüyümdə bunu belə yozuram ki: Ədəbiyyat düşüncələrimdə mən başlıcası M.F.Axundzadə-C.Məmmədquluzadə xəttinə amadəyəm, Azər Turan – C.Əfqani-Ə.Hüseynzadə paradiqmasına… Ədəbiyyat-əbədiyyət kontekstində ayrılıqları çox da prinsipial olmasa belə. Olsa-olsa, mən daim “analitik Azərbaycan” modelinin yanlısı olmuşam, Azər Turan – “ideal Azərbaycan” xəyalının. Bütün xəyallar zor-xoş, ən nəhayət gerçəkləşir, gerçək olur…
Bu yubiley dəmində, son dərəcə dəyər verdiyim “opponentim”in nəfinə, qeydlərimi son yazılarımdan birindən sitatla tamamlayıram: “Belə. Əli bəydən yüz on, “Yeni Azərbaycan”dan on il sonra axar suya ayağı təkrar salmaq Sevdası. Azər-turançılıq… “Sevdalar” yaxşı, artıq vaxtıdır ki, söhbət “yeni konsepsiya”nın ədəbi-tənqidi prosesə nə qədər yansıması, yeriməsi ətrafında getsin. Məsələ burasındadır ki, XX yüzil boyu “axar sular”dan biz ayağımızı heç cəkmədik ki. Nə qədər (ideoloji) yanıltmağa çalışsaq da (ax bu Sos-realizm!), məgər bütün əsr uzunu ədəbiyyatımız (estetik) “mollanəsrəddinçiliy”in üstünlüyü, dominantlığı üzərində gəlib-gəlişməmişmi?! Elə hey Günün qarşımıza çıxardığı (ağır) gerçəklərə aludə-pərçim olub, İdeallar peşində olmağı az qala yadırğamışıq da… Məgər aşkar görünmürmü ki, bütünlükdə XX yüzili vahid tipoloji hadisə (və Realiya!) kimi, parçalara bölmədən götürüb, Azərbaycan həyatında əsri bütöv əhatə edən böyük Dekadansdan danışmağın zamanı çatmışdır?!; o ictimai-siyasi, tarixi-mədəni, milli-mənəvi, qlobal-fəlsəfi – dərin Azərbaycandan ki, müstəqil (modern) Azərbaycanı içindən doğmuşdur…” (T.Əlişanoğlu, “Şuşa ili”ndə ədəbi tənqid. “Ədəbiyyat qəzeti”, 22 iyul 2023)
Bu işıqlı yolun uğuruna ömür xərcləmək, uzun-uzun yaşamağa dəyər. Müdrik yaşın mübarək, Azər Turan!
Anam məni dünyaya gətirəndə, Böyük Vətən Müharibəsi yenicə başa çatmışdı…Bütün ölkə sevinc içərisində idi…İnsanların simasında təbəssüm, faşizm üzərində qələbə münasibətilə bir-birlərini ürəkdən təbrik edirdilər…Uşaqdan, böyüyə hər kəs qalib əsgəri alqışlarla salamlayırdı…Amma buna baxmayaraq hələ də evlərə “qara kağız” gəlməkdə davam edirdi…Səbirsizliklə övladlarının yolunu gözləyən analar, ayağıyalın, başı açıq səhər-axşam vağzala gedib qatarları qarşılayırdılar…Onlardan biri də Malaket nənəm idi…Çünki mən anadan olanda Ağası dayım hələ cəbhədən qayıtmamışdı…Nənəm gecədən sübhə qədər yatmırdı, oğlunun yolunu gözləyirdi…Mən belə qarışıq bir zamanda anadan olmuşam…Bu gün mənim ad günümdür…1945-ci ilin avqustun 25-də, Nüsrət Fətullayevlə Hökumə Qurbanovanın ailəsində körpə qız uşağı dünyaya göz açır…Həyatın acısından-şirinindən, sevincindən-kədərindən, enişindən-yoxuşundan xəbərsiz məsum bir körpə…Həmin uşaq mən idim, illər sonra sizin aktrisa kimi tanıyacağınız Vəfa Nüsrət qızı Fətullayeva…Avqustun 25-i mənim 42 illik həyat yolumun başlanğıcıdır…Ancaq heç bilmədim allah niyə mənə belə qısa ömür verdi…O gün ən çox sevinən atam olmuşdu…Əlbəttə, mənim dünyaya gəlişim anamla yanaşı bütün doğmalarımı, qohumlarımı sevindirmişdi…Amma mən atamın ilki olduğum üçün, onun sevincinin həddi-hüdudu yox idi…Doğum evindən birinci Adil İsgəndərova zəng edərək uşaq kimi ağlaya-ağlaya “qızım oldu” xəbərini vermişdi…Mən doğulanda atamın 32 yaşı vardı…Küçədə qarşısına çıxan hər kəsə şirinlik paylamışdı…Allah atama ikinci dəfə övlad bəxş etmədi, buna görə də məni ovucunun içərisində saxlayırdı…Yeganə qızını itirmək qorxusu, ona həyatı boyu rahatlıq vermədi…Bir gün mənimlə söhbət etməsəydi, ürəyi partlardı…Onun kölgəsini hər an başımın üzərində hiss edirdim…Bir kədərli hadisə danışım…Günlərin birində 3 yaşım olardı, günorta masa ətrafında ailəliklə nahar edirdik…Bacım hələ dərsdən qayıtmamışdı…Yemək istəmirdim deyə anamın acığı tutdu və üzümdən möhkəm şillə vurdu…Doluxsunmuşam ancaq qorxudan ağlaya bilmirəm…Başımı saldım aşağı…Anam heç nə olmamış kimi mətbəxə keçdi çay gətirsin, atama səsləndi sən də içirsən?!..Atam qəhərli səslə “yoox” dedi…O səs heç vaxt qulağımdan getmədi…Onun “yox” deməsində sanki yetim qalmış bir körpənin iniltisi vardı…Başımı qaldırdım baxdım ki, atamın gözlərindən yaş axır…Mənim üzümə dəyən şillə sanki onun ürəyini yerindən qoparmışdı…Anam ilk dəfə idi atamın yanında mənə əl qaldırırdı…Əlbəttə ki, o nə qədər mülayim insan olsa da, bu davranışa susa bilməzdi…Anama acizanə halda “Hökumə, əgər bir də Vəfaya əl qaldırsan, səni ömrümün sonuna qədər heç vaxt bağışlamaram” söylədi…Anam peşiman halda gəldi üzümdən öpdü və bununla da məsələ bitdi…O, münaqişədən qaçırdı…Həm də anam əsəbi olanda gözünə heç nə görünmürdü, belə olan halda ona nəsə demək faydasız idi…Xasiyyətdir də, nə etmək olardı?!..Bacım dərsdən gələndə görüb ki, atam paradnıda piləkandan oturub ağlayır…Onun çox incə qəlbi vardı…Həm də həddən artıq kövrək insan idi…Məni dünyalar qədər sevirdi…Sakit təbiətli olmağımda atama oxşamışam…Ailəmiz haqqında bir sirr də açım…Bunu ilk dəfə deyirəm, bəlkə də çoxları inanmayacaq, atamla anam ər-arvad olsalar da onların arasında qalın pərdə vardı…Bəzən bir-birinə “siz” deyərək müraciət edirdilər…Kənardan baxanlar məəttəl qalırdı…Ər-arvad arasında belə aşırı rəsmiyyətin olması mütləqdir ki, onların yaxınlaşmasına mane törədirdi…Heç vaxt evdə yüksək səslə danışmayıblar…Belə hal nadir ailələrdə olur…Bir-birləri ilə təssəvvür edə bilməyəcəyiniz dərəcədə nəzakətlə davranırdılar…Nənəm həmişə deyirdi ki, Nüsrət gözəl insandı, yaxşı xasiyyəti var, amma kişidə gərək zabitə olsun, o evə gələndə arvad özünü yığışdırmalıdır…Düzdür, hərdən mübahisə edirdilər, amma qışqırıqsız, sakit şəkildə…Atam dava-dalaşı heç sevməzdi…Bütün bunlar sonda ailənin dağılmasına səbəb oldu…Maraqlıdır ki, onlar ayrılandan sonra da bu ənənəni davam etdirdilər…Mən belə hörmətli ailədə doğulmuşam…Yaşadığım dövrdə hər ilin bu günü ad günümü qeyd edərdim…Ən yadda qalan ad günlərim uşaqlıq illərimdə, məhs atamla birlikdə yaşadığım dövrə düşdü…Baxmayaraq ki, 1950-ci illərdə ölkədə aclıq hökm sürürdü, insanlar yeməyə ərzaq tapmırdı, çörəyi qramla satırdılar…Əhali yoxsulluq içərisində yaşayırdı…Amma atam çalışırdı, əlindən gələni edirdi ki, ad günümü qeyd etsin…Hər il avqustun 25-də bizim evdə bayram olurdu…Nənəm, dayım, xalam, əmilərim, atamın dostları bizə yığışardı…Yeyib-içib şənlənərdik…Gecə yarısına qədər ad günüm davam edirdi…Otağım hədiyyələrlə dolardı…İllər keçdikcə hər şey adiləşməyə başladı, artıq ad günümdə əvvəlki kimi xoşbəxt ola bilmirdim…Atamın bizdən ayrı düşməsi məni bərk sarsıtmışdı, həmin gün gözüm hər yerdə onu axtarırdı…Amma o, bir də heç vaxt bu evə ayaq basmadı…Ayın 25-də səhər tezdən telefon zənginə oyanırdım, hamıdan qabaq atam məni təbrik edirdi, sonra isə böyük bir hədiyyə və gül buketi göndərirdi…Onun göndərdiyi açıqçaları həyatımın sonuna kimi saxladım…Xəstəxanada yatanda Nailədən xahiş etdim ki, mücrümü gətirsin…Artıq həyatımın son günlərini yaşayırdım…Bir dəfə atam yanıma gələndə ona göstərdim ki, “Bax sənin hər il mənə ad günümdə göndərdiyin açıqçalardı indiyədək səndən yadigar saxlamışam”…27 ədəd idi, 1959-cu ildən, 1986-cı ilədək olan müddətdə göndərdiyi açıqçalar…Anam o biri çarpayıda uzanıb ağlayırdı…Məni də ağlamaq tutdu…Atam özünü güclə saxlamışdı, gözləri bulud kimi dolmuşdu…Artıq tab gətirə bilmədi…Palatadan çıxdı, bacım gəldi dedi ki, Nüsrət əmi dəhlizdə ağlayır…O, mənim yanımda heç vaxt ağlamırdı…Həkimim Susanna xanım da palatada idi, pəncərəyə söykənib mat-məəttəl mənə baxırdı…Deyirlər həkimlər soyuqqanlı olur, amma hiss edirdim ki, Susanna xanım mənim halıma yanırdı…Bəlkə də özünü qınayırdı ki, axı niyə mən bu qızı xəstəliyin ağuşundan xilas edə bilmirəm?!..Həkim yazıq nə edə bilərdi ki, mənim xəstəliyimin qarşısında tibb elmi belə aciz idi…Bu gücsüz bədənimlə dözülməz ağrıların, işgəncələrin, əzabların içərisində məhv oldum…Bir zaman mən dünyaya gələndə, doğum evinin həyətində məni əlləri ilə havaya qaldıraraq sevincindən özünə yer tapa bilməyən atam, illər sonra 1987-ci ildə hönkür-hönkür ağlayaraq çiyinlərində tabutumu apardı…Atamı 74 yaşında yetim qoydum…Sən demə həyat hətta mənim düşündüyümdən də amansız imiş…
Bu gün mənim ad günümdür…Neçə yaşımın olmasının artıq heç bir əhəmiyyəti yoxdur…Ömrüm qızıl gül kimi idi, qönçəikən soldu, saraldı…İndi nə səsim eşidilir, nə nəfəsim duyulur, nə də ayaq izlərim görünür…Məndən qalan isə yalnız bu şəkillər, bir də kədərli xatirələr oldu…
Ətrafımızda yaxından və uzaqdan tanıdığımız, o cümlədən sevdiklərimiz insanların sayı yüzlərlədir. Əlbəttə, mən bu sayı təxmini olaraq qeyd etdim. Bəlkə də yaddaşımızı işə salsaq bu say qat-qat çox da ola bilər. Bu isə sadəcə və sadəcə say artımı deməkdir. Bu çoxsaylı insanların arasında seçilən, hər zaman yad olunan, aranan, görüşünə, söhbətinə, dəstəyinə ehtiyac duyulan, təkcə maddi maraqları üçün deyil, xüsusən də el üçün, xalq üçün, vətən üçün çarpışan insanların sayı isə bəzən barmaqla sayılacaq qədər az olur. Hər bir insan öz-özlüyündə bir mükəmməl varlıqdır. Və hər kəs də özünü bir varlıq olaraq dəyərli, gərəkli zənn edə bilər. Belə bir məsəl də var: “Heç kəs öz ayranına turş deməz”. Ancaq bir şəxsə böyük auditoruyanın diqqəti, dəyəri, sevgisi artıq o şəxsin seçilmişlərdən biri olduğunu təsdiq edir. Bir çox insanlar arasında məhz bu diqqəti, bu dəyəri, bu sevgini qazanmaq insanın özünün gözəl xüsusiyyəti ilə öz xoşbəxtliyini qazanması deməkdir. Nə xoşbəxt o kəslərə ki, bax bu sadalanan müsbət xüsusiyyətlərin, bu diqqətin, bu sevginin sahibləridir.
Bu timsalda insanlardan biri olaraq mən sizə qısa da olsa söhbət açacağım insan, hətta mənim ideal saydığım və yuxarıda qeyd etdiyim o diqqət, o hörmət, o sevgi sahibi, təbiətcə həlim, əxlaqı, mədəniyyəti çox yüksək olan birisidir. O ixtisasca mühəndis olsa da, artıq 30 ilə yaxın bir müddətdə Azərbaycan xalq yaradıcılığının dərinliklərinə qədər baş vurmuş, onlarla kitabın redaktoru, xüsusilə şəhidlərdən və yaradıcı insanlardan bəhs edən doqquz kitabın müəllifi, bu yaxın günlərdə istedadı, dəyərli yaradıcılığı, geniş fəaliyyəti nəzərə alınaraq həm Azərbaycan Jurnalistlər Birliyinə, həm də Azərbaycan Aşıqlar Birliyinə üzv seçilmiş, təkcə mənim yox, artıq çoxsaylı oxucuların, dostların sevimlisi olan çox hörmətli tədqiqatşı, şair, publisist, vikipediyaçı Araz Yaquboğludur. Mən hər dəfə Araz Yaquboğlu imzası ilə rastlaşanda istər-istəməz onun təxəllüsü ilə yaşatdığı unudulmaz, mərhum atası Yaqub Hacıyevi xatırlamalı oluram. Qeyd edim ki, mərhum Yaqub Hacıyev mənim əmim idi. Ancaq tam səmimi olaraq deyim ki, Araza olan bu yüksək fikirlərim əmim oğlu olaraq deyil, onun yuxarıda qeyd etdiyim bütün müsbət cəhətlərə tam malik olmasından irəli gəlir. Fikrimi tamamlamaq üçün əmim Yaqub Hacıyevlə bağlı məqama qayıdıram. Yaqub Hacıyev ixtisasca mühəndis olub. Və mühəndis olaraq da ötən əsrin 70–90-cı illərində Qarabağ bölgəsində — Bərdə, Yevlax, Ağdam, Tərtər rayonlarında bilik və bacarığına görə, tikinti işlərində xüsusi dəqiqliyinə görə öndə gedən mühəndis olmuş, “İnjiner Hacıyev” kimi tanınmışdır. Onun ömür-gün yoldaşı Əsmətel xanım ali təhsil almasa da (orta məktəbi əlaçı kimi bitirsə də ailə qurduğu üçün ali təhsil almamışdır) bir çox müəllimlərə, xüsusilə də riyaziyyat elmindən dərs deyə biləcək savada malikdir. Bu ailədə beş övlad böyümüşdür ki, bu beş övladdan dördü yüksək bilik ilə müxtəlif universitetlərin məzunu olmuş, hər biri həyatda öz istəkləri ilə uğurlu yol tutmuşlar. Araz Yaquboğlu da o cümlədən ali təhsil alaraq müxtəlif sahələrdə işləsə də, öz ixtisasına mükəmməl sahib olsa da, ailənin bütün üzvlərindən fəqli olaraq elmi bilikləri ilə bərabər yaradıcılığa da xüsusi meyil etmişdir. Əslində Araz Yaquboğlunun soy-şəcərəsinə diqqət etsək bu şəcərədə onlarla yaradıcı insanların — alimlərin və şairlərin olduğunu görərik. Bu isə o deməkdir ki, Araz Yaquboğlu bu seçimi ilə “əslində olan dırnağında göstərər” deyimini təsdiq etmiş olmuşdur.
Bəli, bu belə olması heç də təəccüblü deyildir. Çünki, əvvəla Araz əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Sonra isə, bu o Daşkənd kəndidir ki, hələ XIX əsrdə yaşayıb-yaratmış Şair Məmmədhüseyn kimi tanınmış bir klassiki, qüdrətli sənətkar Aşıq Ələsgərin şəyirdi olmuş Aşıq Nəcəf kimi bir aşığı, Həsən Xəyallı kimi sinəsi söz xəzinəsi olan şairi, Aşıq Hacı, Aşıq Nuriddin kimi xoş nəfəsli aşıqları, Alqayıt, Sərraf Şiruyə və Aqil İman kimi şairləri olub. Bu mənada Daşkənd kəndi yaradıcı insanları ilə Göyçə mahalında fərqlənən kəndlərdən biri olmuşdur. Onu da qeyd edim ki, Araz Yaquboğlu şair Həsən Xəyallı şəcərəsinin bir üzvü, daha doğrusu isə layiqli davamçısıdır. Demək ki, Araz Yaquboğlu bu sahəyə, yəni yaradıcılığa nəinki heç də təsadüf gəlməmişdir, hətta deyərdim ki, Allahın bu şəcərəyə bəxş etmiş olduğu yaradıcılıq missiyasını məhz elə Allahın qismətiylə layiqlə davam etdirməyə gəlmişdir. Mən təəssüf edirəm ki, tədqiqatçı, araşdırmaçı deyiləm. Əgər Araz Yaquboğlunun yaradıcılığı, çoxşaxəli, dəyərli fəaliyyəti peşəkar araşdırmaçılar, tədqiqatçılar tərəfindən öyrənilərsə, inanıram ki, onun haqqında iri həcmli bir kitab ərsəyə gətirmək olar. Mənim isə onunla bağlı yazdıqlarım onun yaradıcılığına sadəcə kənardan, ötəri bir baxışa bənzəyir.
Araz Yaquboğlunun yaradıcılığında el-obaya, yaradıcı insanlara, vətənə, torpaq uğrunda canını, qanını fəda edən insanlara, böyük qəhrəmanlara olan münasibət yalnız və yalnız onun ürəyinin bu xalqa, bu vətənə olan sonsuz sevgisinin təzahürüdür. O, vətənə, xalqa, yurda olan bu sevgisi ilə əslində ətrafında olan hər kəsə, bəlkə də bütün dünyaya öz saf sevgisini aşılayır. Bu sevginin qarşılığı olaraq da onu sevənlərin say çoxluğu minlərlədir. Mən bu say çoxluğunu son günlərdə bir neçə önəmli səbəblərdən ona ünvanlanan saysız təbrik və alqışlardan da duydum. O təbriklər, o alqışlar ki, yuxarıda qeyd etdiyim kimi, son günlərdə onun iki böyük ədəbi bilrliyə üzv seçilməsi, daha sonra isə həm bugünkü oxucular, həm də gələcək nəsillər üçün gərəkli olacaq, çox dəyərli “Sazın-sözün sorağında” adlı kitabının nəşr olunması ilə bağlı ona ünvanlamışdı. Bütün bunlar isə Araz Yaquboğlunun 50 illik yubileyinə sayılı günlər qalmış baş tutmuşdur. Əslində son on beş gündə ard-arda yaşanan bu sevinci, bu uğuru mən bir daha Allahın Araza sevgisi olaraq dəyərləndirirəm. Demək ki, Araz uca Allahın xoş nəzərindədir. Allahdan Araz Yaquboğluna can sağlığı, uzun ömür, sonsuz yaradıcılıq uğurları diləyir və onu dəyərli ömrünün 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Mən yazımın sonunda Araz Yaquboğludan onun yaradıcılığı haqda çox da məlumat verə bilmədiyim, xüsusən də onun Vikipediya sahəsində fəaliyyətindən heç söz aça bilmədiyim üçün ondan üzr istəyir, ona ithaf etdiyim təbrik şeirimlə sözlərimi bitirirəm.
Uğurla ötüşdü bu əlli yaşın,
İnşallah, ötüşər yüzün beləcə.
Təmkinlə, həyayla dosta, sirdaşa,
Sevdirdin özünü özün beləcə.
Düz getsin, çox getsin, yolun dönməsin,
Bəxtinin xoş üzü tərsə çönməsin.
Od alsın, alışsın, çalış sönməsin,
Söz adlı ocağın, közün beləcə.
Saxla ruhu, saxla təbi belə saz,
Altmışda yaz, yetmişdə yaz, hər an yaz.
“Sazın-sözün sorağında” ay Araz, *
Yayılsın dünyaya sözün beləcə.
Var bu yolda sənin imzan, öz adın,
Çəksin səni zirvələrə söz atın.
Son bir ayda neçə sevinc yaşadın,
Sevinsin hər zaman üzün beləcə.
Aqşinəm baharın, qışın əllidi,
Bu günə gəlincə yaşın əllidi.
Açdığın yol bəlli, izin bəllidi,
Qalacaq çox illər izin beləcə.
* Araz Yaquboğlunun son günlər nəşr olunmuş “Sazın-sözün sorağında” kitabına işarədir.
Son illərdə yaxından tanıdığım, daim əyani və müasir texniki vasitələrlə ünsiyyətdə olduğum, ixtisasca mühəndis, eyni zamanda ədəbi-bədii ictimaiyyətə peşəkar jurnalist, publisist, şair, tədqiqatçı kimi yaxşı tanış olan Araz Yaquboğlunun 50 illik yubileyi ərəfəsində onun zəngin, çoxşaxəli yaradıcılıq məziyyətləri və insani keyfiyyətləri haqqında bir neçə söz demək istədim.
Türk dünyasına Miskin Abdal, Ağ Aşıq Allahverdi, Aşıq Alı, Dədə Ələsgər, Şair Məmmədhüseyn, Növrəs İman və b. kimi poetik dühalar bəxş etmiş, əsrlərlə qədim, zəngin tarixi olan Göyçə ədəbi məktəbinin bir çox tanınmış poeziya ocaqları mövcuddur ki, onların içərisində Daşkənd kəndində Həsən Xəyallı ocağı xüsusi yer tutur. Poetik gücünü sələflərindən götürən bu ocaq XX əsr Göyçə ədəbi mühitinin göstəricisi olaraq ədəbiyyatımıza onlarca istedadlı yazarlar yetişdirmişdir. Bu ocağın bünövrəsini qoymuş şair Həsən Xəyallı, onun istedadlı yazar övladları – Molla Əmirxan, Nəbi Həsənoğlu, Eldar Həsənli, xüsusilə ixtisasca riyaziyyatçı olan, ilhamlı qələmə, dərin poetik və publisistik yaradıcılığa malik, şifahi və yazılı ədəbiyyatımızı gözəl bilən görkəmli şair Sərraf Şiruyə, cavan yaşlarında dünyasını dəyişmiş, fitri istedad sahibi, şair Aqil İman Göyçə ədəbi irsinin, müasir milli ədəbiyyatımızın layiqli nümayəndələridir. Onların övladları, ədəbi varisləri bu gün uğurla yazıb-yaradan istedadlı şairlər – Aqşin Hacızadə, Qılman İman, Əli Məhərrəmov, haqqında bu yazını qələmə aldığım Araz Yaquboğlu və digər yazarlar bu nurlu ocağın qüdrətli davamçılarıdır.
Hər kəs həyatında müxtəlif xarakterli insanlarla rastlaşır, ünsiyyət qurur, yoldaşlıq edir. Onların arasında öz etibarı, vəfası, ali xüsusiyyətləri ilə seçilən üç, dörd, çox zaman ancaq bir nəfərlə dostluq əsl etalona çevrilər. Belə insanlar müqəddəsliyi, sədaqəti, fədakarlığı, qüdrəti, xoş rəftarı, təvazökarlığı, yüksək mədəniyyəti və s. ali keyfiyyətləri özündə cəm edər və əhatəsinə də təlqin etməyə müvəffəq olar. Araz Yaquboğlu kimi!
Araz Yaquboğlu yüksək mənəviyyatı, intellekti və mədəniyyəti olan əsl azərbaycanlıdır. O yorulmaq bilməyən çox zəhmətkeş, çalışqan, yaradıcı bir tədqiqatçıdır. Onun yaradıcılığı çoxşaxəlidir, həm folklorumuzu, klassik poeziyamızı, ədəbiyyatımızın tarixi şəxsiyyətlərinin yaradıcılığını tədqiq və təhlil edən, eyni zamanda innovativ sahədə uğurlar qazanan gözəl bir elm adamıdır, ziyalıdır. Daim öz işindən zövq alan, ancaq heç vaxt öyünməyən, həmişə öyrənməyə can atan təvazökar araşdırmaçıdır. Onun qələminin məhsulu oxunaqlı, mükəmməl, mövzu və məna baxımından geniş, dərin və zəngindir. Söylədiklərimi bir neçə misalla oxucuların nəzərinə çatdırmağa çalışacam.
Onun “Bütöv Azərbaycan” qəzetində dərc olunmuş “Analar anasını xatırlayarkən” yazısını insan ürəyinin dərin qatlarına təsir edən səmimi, nisgilli, nurlu, kədərli hisslərsiz oxumaq mümkün deyil. Bu yazını mən Göyçədə və Yeni Daşkənddə həyatın bütün gözəlliklərini və məşəqqətlərini görmüş, Vətən uğrunda şəhid və qəhrəman oğullar bəxş etmiş bir analar Anasının vəfatıyla bağlı Araz bəyin özünəməxsus istedadlı qələmiylə yazdığı tarixçəni “Qəriş xalanın hekayəti” adlandırardım. Onun Qəriş xala haqqında kədərli notlara köklənmiş bu fikirləri – “Daha mənim doğulduğum kənddə anamdan başqa kimim qaldı ki? Heç kimim. Heyif sizdən, ağsaqqallar, ağbirçəklər. Mən sizlə nəfəs alır, sizlə qürur duyur, sizə görə kəndə can atırdım” – insan qəlbini təlatümə salır, riqqətə gətirir. Araz Yaquboğlunun bu yazısı Göyçənin Daşkənd, Bərdənin Yeni Daşkənd əhalisinin, bütün insanlarının məhəbbətini və hörmətini qazanmış, hamının onu Qəriş ana, nənə, xala kimi çağırdığı Gülavatın Şükür qızı Məhərrəmova haqqında yazılmış bir essedir, vəfatının ağır təsirindən yaranmış, sevgi ilə xatirələrə bürünmüş rekviemdir. Araz bəy bu çox təsirli yazısında Molla Əmirxan–Qəriş ailəsinə mənsub olan “Qəriş xalanın çolpalı xəngəli”, “Əmirxan əminin qoç payı”ndan bəhs edən, onlara bənzər çoxsaylı mütəəssir olunacaq epizodlarda bu ailənin bütöv göyçəlilərə məxsus olan səxavətini və xeyirxah xasiyyətlərini açıb göstərə bilmişdir.
Araz Yaquboğlu Qəriş xalanın vəfatına həsr etdiyi yazısını bu sətirlərlə bitirir: “Dəfndən qayıdıb qapıya gələndən sonra gözlərim qarşısında sanki beş Qəriş xala gördüm. Onda dedim ki, bir daha Allah sənə rəhmət eləsin, Analar anası! Sən fani dünyanı tərk etsən də, yerində özün kimi beş ana qoyub getdin. Yerin cənnət olsun, Qəriş xala!” İstedadlı yazıçı-publisist qələmindən çıxmış bu hekayəti oxuyarkən mən Araz bəyin bu sözlərinə qoşularaq ona, mərhumun doğma və yaxınlarına, Yeni Daşkənd camaatına dərin hüznlə başsağlığı verir, Gülavatın Anaya – Qəriş xalaya Allahdan rəhmət diləyirəm!
Bu yaxınlarda Azərbaycanda olarkən Araz Yaquboğlunun bədii ifadə baxımından və tarix nöqteyi-nəzərdən maraqlı olan “Ömrün şəhidlik zirvəsi” adlı kitabını diqqətlə oxudum. Araz bəy əvəzolunmaz bir iş görüb. Kitab Göyçə mahalının Daşkəndli şəhidlərinə, ilk növbədə bu gün Bərdə rayonunda Yeni Daşkənd məktəbinin onun adını daşıyan qəhrəman şəhid Yasif Kərimova və məşhur el sərkərdəsi Daşkəndli Məşədi Qasımın xatirəsinə həsr olunub. Daşkəndin kitabda göstərilən qədər çoxsaylı şəhid verməsini təsəvvür etmirdim. Başqa müəlliflərin şəhidlərə həsr olunmuş səmimi, həqiqi ürək ağrısıyla qələmə aldıqları şeir və özgə səpkili yazılarının da kitaba salınması, real faktlara əsaslanan məlumat və hekayətlər onun əhəmiyyətini bir qədər də artırıb. Kitabın müəllifi tək adi bir kənd tarixinə yox, Göyçə mahalı, Qərbi Azərbaycan salnaməsinə dəyərli, minnətdarlıq hissi doğuran töhfə verib.
Yeri gəlmişkən, Azərbaycan radiosu kitaba xüsusi maraq göstərərək, onun əsasında uğurlu veriliş hazırlayıb və efirə buraxıb.
Bu il Göyçənin Daşkənd kəndinin insanlarının mənfur qonşular tərəfindən deportasiyasından 70 il ötür. Bildiyiniz kimi, illər boyu havadarlarının himayəsi altında “dənizdən-dənizə” siyasəti ilə sayıqlayan mənfur qonşularımız tərəfindən Qərbi Azərbaycanın başqa bölgələrində olduğu kimi bir neçə dəfə Göyçə camaatı da deportasiyaya məruz qalmışdır. 70 il əvvəl Göyçəsindən didərgin salınmış Daşkəndin 130 ailəsi Qarabağın Bərdəsində çöl-biyabanda 7 çinar ağacı ətrafında məskunlaşaraq, öz ağır zəhməti, səyi, fədakarlığı, əzm və iradəsi ilə öz orta məktəbinə, dövlət və sosial strukturlarına malik olan bu gün şahidi olduğumuz öz Göyçəsoylu adını daşıyan artıq 750 ailədən ibarət, 2768 nəfər əhalini birləşdirən gözəl məkan, kənd qura, yarada bilmişlər. Qərbi Azərbaycan torpaqlarının, o cümlədən Göyçənin zəngin tarixi-mədəni irsinin öyrənilməsi, təbliğ olunması, onların təbiətini, adət-ənənələrini, milli-mədəni dəyərlərini, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını tədqiq etmək, gələcək nəsillərə çatdırmaq xüsusi əhəmiyyət kəsb edir və bu sahədə alimlərimiz, yaradıcı insanlarımız qarşısında mühüm vəzifələr qoyur. Bu zəmində Araz Yaquboğlunun Daşkəndin tarixi salnaməsini yaratmaq əzmində gördüyü böyük məna daşıyan çoxsaylı işləri, ilk növbədə bu mövzudan – 2023-cü ildə əsasının qoyulmasının, deportasiya olunmasının 70 ili tamam olan Yeni Daşkənd kəndinin tarixindən, əhalisindən, o cümlədən tanınmış ziyalılarından, qəhrəman övladlarından, qələm sahiblərindən bəhs edən irihəcmli (480 səh.) “Daşkənddən Yeni Daşkəndə” kitabı bir örnək kimi xüsusi minnətdarlıqla qeyd olunmalıdır.
Araz Yaquboğlu daim televiziya və radio verilişlərinin qonağı olmaqla, öz dəyərli araşdırmalarını tamaşaçılar və dinləyicilər ilə bölüşür. Onun Dünya TV-də “Ozan dünyası” verilişində Şair Məmmədhüseyn, İctimai TV-də “Ozan məclisi” verilişində Aşıq Nuriddin, 105 FM Radioda “El havası” verilişində məşhur zurnaçı Zamaxan Qəhrəmanov, “Vətən yaşasın” verilişində Yeni Daşkəndli şəhid Ziyafət Balıyev, “Yurd yeri” verilişində Göyçə aşıqları haqqında, “O kənd bizim kəndimizdi” verilişinin Daşkəndə həsr olunmuş üç sayında söylədiyi fikirlər, etdiyi dəyərli təkliflər və tövsiyələr olduqca önəmlidir. Onun uzun illər boyu apardığı araşdırmalar, tədqiqatlar əsasında tariximizi özümüzə qaytaran maraqlı faktların, məlumatların, toponimlərin, verilişlərdə müzakirə olunan insanların həyatından bəhs edən naməlum faktların üzə çıxarılması, yer-yurd yerlərinin coğrafiyasının, təbiətinin, ayrı-ayrı hadisələrin xatirələrinin geniş oxucu, seyrçi və dinləyici kütləsinin nəzərinə çatdırılması böyük əhəmiyyət kəsb edir.
Burada adı çəkilən “Yurd yeri” verilişinə mən böyük maraq hissilə qulaq asdım. Veriliş Göyçə ədəbi mühitinə, İnternetin, xüsusilə Vikipediyanın Qərbi Azərbaycanın toponimlərini, yer, yurd adlarının tarixi faktlarla araşdırması işində əhəmiyyətinə həsr olunmuşdu. Verilişə dəvət olunmuş Araz Yaquboğlu söhbətin mövzusunu dərindən bilmək bacarığı və yüksək professionallığı ilə Göyçə ədəbi tarixinin müəyyən örtülü məqamlarını faktlarla, ustalıqla açıqlamağa nail oldu. O Miskin Abdal, Şair Məmmədhüseyn, Aşıq Hacı Bayramov yaradıcılığından maraqlı, cəlbedici söhbətlər apardı. Bu verilişdə mən sanki yenə Göyçəyə gedib qayıtdım. Hətta aşıq musiqisinin pərəstişkarı olmağıma baxmayaraq, mən “Heydəri” aşıq havasının nə cür səsləndiyinə bu verilişdə qulaq asdım.
Araz Yaquboğlu eyni zamanda çoxsaylı şeirlər müəllifidir. O, öz şeirlərini “Ədəbi İrəvan” almanaxında, “Ekspress”, “Bütöv Azərbaycan” və digər qəzetlərdə, dərgilərdə dərc etdirmişdir. Bu şeirlərdə səmimilik, lirika, poetik fikirlər diqqəti cəlb edir.
Göyçə həsrəti Araz bəyin misralarında kədərli, nisgilli notlarla səslənir:
Ayrı düşüb saz mağardan,
Zurna səsi gələr hardan?
O, tər güllü yaylaqlardan,
Çiçək üzə bilmirəm mən.
Araz çəkər möhnətini,
Dilə salar söhbətini.
Yozum sənin həsrətini,
Hansı sözə, bilmirəm mən.
Şair, qəlbinə çox yaxın olan Molla Əmirxanı bu cür təsvir edir:
Hazır bir kitabdı, aç varaq-varaq,
Neçə qərinədən verəcək soraq.
Uzaqdan vüqarlı görünən bir dağ,
Alınmaz qalaydı Molla Əmirxan.
Əmisi şair Sərraf Şiruyəyə zəmanədən belə şikayətlənir:
Gözüm, könlüm olsa da tox,
Sevincim az, kədərim çox.
Nə adətdi, kef-damaq yox –
Yadda qalan pis gün olur.
Çox gənc ikən dünyasını dəyişmiş istedadlı şair Aqil İmanla bağlı kədərini bu sətirlərlə ifadə edir:
Sənsiz ürəklər üzgündü,
Neçə baхışlar süzgündü.
Qəlblər fələkdən küskündü,
İncə qananım, hardasan?
Rəqiyə nənəsini şair aşağıdakı səmimi misralarla yada salır:
Qəlbimin aynasıydı,
Anamın anasıydı.
Babamın parasıydı
Mənim Rəqiyə nənəm.
Sevindirici haldır ki, Araz bəy şeirlərində ona dogma, yaxın, yaxşı tanış olan mövzuların poetik təsvirini verməyə çalışır.
Araz Yaquboğlunun böyük məna kəsb edən elmi axtarışları xüsusi qeyd olunmalıdır. Onun “Filologiya məsələləri”, “Yeni nəsil Azərbaycan aşıqları–II” toplularında, “Elmi axtarışlar”, “Ozan dünyası”, “Xəzan” jurnallarında “Aşıq Abbasəli Nəzərov”, “Aşıq Əli Şairov”, “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”, “Aşıq Orucun sazlı-sözlü dünyası”, “Dərdli Cavada cavab”, “El şairi Muxayıl Göyçəli”, “Hər sözü dillərdə bal olan şair”, “El şairi Qəmgin Fəzi” və s. adlı məqalələrdə haqlarında heç bir araşdırma, tədqiqat aparılmamış aşıqların, şairlərin həyat və yaradıcılığı tədqiq edilmiş, onlar haqqında olan səthi və yanlış məlumatlara əsaslı şəkildə, ciddi mənbələrlə aydınlıq gətirilmişdir. Zənnimcə, bu elmi məqalələr aşıq poeziyasının, el şairlərinin yaradıcılığının tədqiqi baxımından ədəbiyyatşünaslıqda özünəməxsus yer tutur.
Araz bəyin İkinci Dünya müharibəsində iştirak etmiş Göyçə aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş məqalələri də təqdirəlayiqdir. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Araz Yaquboğlu Göyçənin 5 kəndinin – Daşkənd, Qoşabulaq, Nərimanlı, Kəsəmən, Bala Məzrə kəndlərinin Böyük Vətən müharibəsində həlak olan və itkin düşən sakinlərinin taleyini diqqət və həssaslıqla araşdırmış, onların nəticələrini “Azərbaycan Respublikası Xatirə Kitabı”nın müxtəlif cildlərində nəşr etdirmişdir. Onun uzun illər boyu nəsil şəcərələri ilə bağlı apardığı araşdırma işləri nəticəsində “Daşkənddən Yeni Daşkəndə” kitabında 52 nəsil şəcərəsi işıq üzü görmüşdür.
Araz Yaquboğlunun Azərbaycan dilində olan Vikipediyanın, Vikikitabın, Vikisitatın və Vikimənbənin idarəçisi qismində ölkəmizin tarixinin, milli-mədəni dəyərlərinin, coğrafiyasının, təbii gözəlliklərinin, görkəmli şəxsiyyətlərinin, yaddan çıxmış, naməlum həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gördüyü bənzərsiz işləri minnətdarlığa layiq olmaqla xüsusi qeyd edilməlidir. 2023-cü ilə olan məlumata görə, Araz müəllim Azərbaycanca Vikipediyada 7000-dən çox səhifənin yaradıcısı, ümumi Vikimedia layihələrində isə 440 000-dən çox redaktəyə sahibdir. Hal-hazırda, o Azərbaycanca Vikipediyada 270 000 redaktə ilə birinci sıradadır.
Araz müəllim 2021-ci ildən Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar 2020-ci ildə yaradılmış 150 nəfərdən çox poeziya, saz-söz sənəti sevdalılarını birləşdirən “Dədə Ələsgər 200”, yubiley ilindən sonra isə “Dədə Ələsgər Ədəbi Məclisi”nə çevrilmiş vatsap qruplarının moderatoru, admini kimi hər gün yorulmadan uğurla fəaliyyət göstərir. Bu qruplarda Aşıq Ələsgər yaradıcılığının və bütövlükdə Dədə Qorquddan başlayaraq bu günə qədər folklorumuzun, aşıq poeziyasının məşhur və az tanınan simalarının həyat və yaradıcılığının öyrənilməsi, təhlil və tədqiqi, müzakirəsi işinin təşkilatçısı kimi onun aparıcı rolunu xüsusi qeyd etmək istərdim.
Yaşadığımız əsrin iti sürəti, informasiya və texnologiya axınının gücü Araz Yaquboğlunun yaradıcılıq və fəaliyyətində öz əksini göstərir. Bir Vikipediya idarəçisi kimi onun verdiyi töhfələr bir örnəkdir. Gördüyü təmənnasız işlər, onun necə bir şərəfli insan, qeyrətli vətəndaş olmağından xəbər verir. Həyatda hər kəs doğulub boya-başa çatdığı yurd-yuvasını, şəhərini-kəndini, onun təbiətini, havasını-suyunu, insanlarını çox sevir, onun bir qarışını belə qürbətin zənginliyinə dəyişməyə təhəmmül etmir. Əslən Göyçə mahalının, zəngin ədəbi mühiti, ədəbi şəxsiyyətləri ilə seçilən Daşkənd kəndindən olan Araz müəllim Bərdə rayonunun Yeni Daşkəndində tanınmış mühəndis Yaqub Hacıyevin ailəsində dünyaya göz açmışdır. Hələ uşaqkən Göyçəyə iki-üç dəfə qonaq kimi gedib gəlmişdir. Lakin bu qısa səfərlərdə o, bu doğma diyarın hər cığırını-yolunu, çayını-bulaqlarını, dağını-qayasını, saz-söz adamlarını xüsusi istedadla yaddaşına həkk etmişdir. Gələcək araşdırma – tədqiqatçılığın təməli də məhz bu dövrlərdən başlamışdır. Sonralar, o, qürbətdə qalan Göyçəmizin görünən tərəfi kimi, çox təəssübkeşliklə, təbii olaraq, bu mahalın tarixi şəxsiyyətləri, saz-söz adamları haqqında məqalələr yazmış, çıxışlar etmiş, kitablar çap etdirmişdir.
Araz Yaquboğlu bir çox istedada malik olan ziyalılarımızdandır. 10-cu sinifdə oxuyarkən Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuş, respublika olimpiadasında iştirak etmək hüququ qazanmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, onun “Sənaye və mülki tikinti” ixtisasını əla qiymətlərlə bitirmişdir.
O, hələ tələbə ikən universitet üzrə keçirilən “Materiallar müqaviməti” fənni üzrə olimpiadada I yeri tutmuş, haqqında “İnşaatçı kadrlar uğrunda” qəzetində “Nümunəvi tələbə” başlıqlı məqalə dərc olunmuşdur. Qeyd etmək yerinə düşərdi ki, Texniki Universitetlərdə “Materiallar müqaviməti” fənni ən çətin fənlərdən biri hesab olunur. Buna görə Araz bəyin bu fənn üzrə l yer qazanması nailiyyəti yüksək dəyərə malikdir!
Araz Yaquboğlu çox məhsuldar yazardır. “Elin yaddaşında yaşayan ömür” (2006), “Bir kökün budaqları” (2006), “Daşkənd aşıqları və şairləri” (2008), “Tələbə dünyası” (2011), “Ömrün şəhidlik zirvəsi” (2012), “Bitməyən ömür” (2013), “Elin Şiruyəsi, sözün sərrafı” (2016), “Daşkənddən Yeni Daşkəndə” (2023) və “Sazın-sözün sorağında” (2023) adlı kitabların müəllifi, onlarla kitabın redaktorudur.
Qəzet və jurnal səhifələrində, internet resurslarında mütəmadi olaraq maraqlı elmi, publisistik, araşdırma, xatirə yazılarına, o cümlədən tədqiqatı aparılmamış çoxsaylı aşıq və el şairlərinin həyat və yaradıcılığı haqqında xüsusi əhəmiyyət kəsb edən məqalələrinə görə Araz Yaquboğlu Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü seçilmişdir. O, “Laçın yurdu” jurnalında baş redaktorun müavini, “Dədə Ələsgər ocağı” İctimai Birliyi idarə heyətinin üzvü, “Dədə Ələsgər Ədəbi Məclisi”nin adminidir. Aşıq Ələsgər veb-saytının fəal yaradıcılarındandır.
Zəngin və maraqlı yaradıcılığına, faydalı ictimai fəaliyyətinə görə Araz Yaquboğlu “Qızıl qələm” media mükafatı, “Laçın” döş nişanı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Fəxri fərmanı və “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuşdur.
Araz müəllim eyni zamanda nümunəvi, qayğıkeş ailə başçısıdır. Bir oğlu, bir qızı var. Oğlu Təhmasib Azərbaycan Dövlət İqtisad Universitetini və onun magistraturasını, qızı Firuzə isə Bakı Dövlət Universitetini və onun magistraturasını fərqlənmə diplomları ilə bitirmişlər. Maraqlı bir haşiyə. Bir neçə il qabaq Vikipediyada cəlbedici bir hal baş vermişdi.
Belə ki, Vikipediyada keçirilən “Mövzulu ay”da (“Olimpiya oyunları ayı”) ilk üçlüyü bir ailənin üzvləri tutmuşdular. Diqqət çəkən hal isə bu olmuşdur ki, Azərbaycanca Vikipediyanın 13 idarəçisindən biri olan Araz Yaquboğlunu Vikipediya istifadəçiləri olan oğlu və qızı qabaqlayaraq 1-ci və 2-ci yerləri bölüşmüşdülər (Vikipediyada idarəçi statusu, istifadəçi statusundan yuxarı pillədir). Ataya isə 3-cü yer nəsib olmuşdu. Əminliklə deyərdim, Araz Yaquboğlunun ailəsi “Vikipediyaçılar ailəsi” hesab edilə bilər. Araz bəyin övladlarından əlavə kiçik qardaşı Elməddin Hacıyev də fəal Vikipediya istifadəçilərindən biridir.
Araz Yaquboğlu yaradıcı şəxsdir, onu bu gördüyü yaradıcı işlərə nə məcbur edən var, nə də sifarişlə yazandır. O sərbəst düşüncəli jurnalist, əvəzsiz tədqiqatları və araşdırmaları ilə mənəvi dəyərlərimizə çoxsaylı töhfələr verən, milli Vikipediyamızın zənginləşməsində xüsusi xidmətləri olan, geniş dünyagörüşlü, prinsipial, ətrafda baş verən proseslərə özünəməxsus fikri olan ziyalılarımızdandır. Araz müəllim qayğıkeş ailə başçısı, yüksək daxili mədəniyyətə, dəyərli insani keyfiyyətlərə, kövrək, olduqca xeyirxah ürəyə malik, mənəvi dünyası ruhuma çox yaxın olan gözəl, bənzərsiz insandır! Onun içindəki “MƏN”, vicdanının səsinin, düşüncələrinin, ruhunun təsiri, diktəsiylə qələmə sarılaraq gerçəkləşir. Bu şərəfli, yaradıcı yolda bizlər – dostları və həmkarları, çox yaradıb, az danışan, səmimi, təvazökar və alicənab, sözündə, amalında və əməlində məsuliyyətli, dürüst, daim axtarışda olan, nəcib, yaradıcı insan Araz Yaquboğlunu 50 illik yubileyi münasibətilə təbrik edir, doğma və yaxınlarının, onu sevən dostlarının əhatəsində ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirik!
Bu gün gözəl insan, əsl ziyalı, el-obasına bağlı, Yurdunu sevən, təəssübkeş araşdırmaçı – yazar Araz Yaquboğlunun doğum günüdür! Şad günü münasibətilə onu təbrik, edir yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!
“Yazarlar” doğum günü münasibətilə tanınmış şair, pedaqoq Kamalə Abiyevanı təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!! Bir daha təbriklər!!!
“Yazarlar” doğum günü münasibətilə tanınmış şair, bəstəkar, yazıçı, həkim Şahin Musaoğlunu təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!! Bir daha təbriklər!!!
Bu gün Səadət Qəribin doğum günüdür! “Yazarlar” doğum günü münasibətilə tanınmış şair, yazar Səadət xanım haqqında məlumat və məşhur şeirlərindən bir neçəsini təqdim edir:
Səadət Qərib (Səadət Arif qızı Rzayeva) – 10 iyun 1970-ci ildə Goranboy rayonunun Dəlməmmədli qəsəbəsində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş, 1986-cı ildə Qəmbər Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Məktəbinin (indiki Musiqi Kollecinin ) fortopiano şöbəsinə daxil olmuş, 1991-ci ildə təhsilini tamamlamış, musiqi müəlliməsi, konsertmeyster ixtısasına yiyələnmişdir. O, 1987-ci ildən Moskvada yaşayır. Ailəlidir, 3 övladı var.
Səadət xanım həm də gözəl şairə kimi tanınır. Onda şeirə, ədəbiyyata həvəs 12-13 yaşlardan başlamişdır. 2016-cı ildə Türkiyədə Hatay ESA (Ədəbiyyat və Sənət Akademiyası) Dörtyol Bələdiyyəsinin keçirdiyi Türk Dünyası Şeir yarışmasında dərəcəyə girmiş 300 şairin qatıldığı müsabiqədə “Şəhidlər” şeiriylə 5-ci yeri qazanmış, yüksək mükafata layiq görülmüşdür. Səadət Qərib Türkiyədə təşkil olunan bir çox şeir festivallarinda iştirak etmiş, uğurlar qazanmışdır. Onun şeirləri 2016-cı ildən etibarən Azərbaycan və Türkiyə qəzetlərində, dərgilərində, almanaxlarda, internet saytlarında və sosial mediada dərc olunur. Bir çox şeirlərinə mahnilar bəstələnib.
GƏNCLİYİM UZAQDAN BAXIB KÖVRƏLİR Əllinin əlindən tutub gedirəm, Gəncliyim uzaqdan baxıb kövrəlir. Ömür kirpik-kirpik qəmli gözünü Saçımın ağında sıxıb kövrəlir. * * * Götür könül – könül oxşa əllimi, Qəlbimin səsində, ürək səsimdə. Gəncliyin istisi gülür üzümə, Bu hicran duyğulu ürkək səsimdə. * * * Arzular ümüdlə səsləyir məni Sevginin dilində, eşqin dilində Ara ətir-ətir baxışlarımı, Sevdanın gülündə, sevgi gülündə. * * * Bir həzin nəğmədi kədər avazlı, Üzümnən boylanan ömür yoxuşu. Baxıb qırış – qırış gələn qismətə, Alnımda kövrəlir ömür naxışı. * * * Ayların illərin qözündə qaldı, O şıltaq çağımın, sığallı günü. Əridi zamanın ac dodağında, Sürməli taleyin o ballı günü.
İSTƏDİM Həsrətin bıçaqtək səbrim kəsəndə, Zamanın dərisin soymaq istədim. Mənə bic-bic baxan fələyin hərdən, O bic gözlərini oymaq istədim. * * * Qəlbimin içində bərq vurub sancım, Sürünüb ardımca kölgətək acım, Bəzən də, bir başqa yananda canım, Biryolluq dünyadan qaçmaq istədim. * * * Qaşların hey çatıb ağlama könlüm, Bu zalım dünyada mən nələr gördüm. Bəzən üsyan etdim, bəzən də küsdüm, Ürək danışanda, susmaq istədim. * * * Hər kəs yazısıyla dünyaya gəlib, Bir gözüm ağlayıb, bir gözüm gülüb, Dəliqanlı qəlbim onu çox sevib, Sevgim sevinəndə uçmaq istədim. * * * Haçansa bitəcək bu iztirablar, Yenidən ruhumda olacaq bahar. Yaxşı ki həsrətin ümid yolu var. Ayaq səslərini duymaq istədim.
İNSAN ÖMÜR BOYU YIXILIB QALXAR Bir gündə yaşarsan bəzən dörd fəsli, Bir anda ömründə şimşəklər çaxar. Bitməz ki həyatın fırtınaları, İnsan neçə dəfə yıxılıb qalxar? * * * Susasa ürəyin zəmzəm suyuna, Dumanlı bir hava çöksə ruhuna, Hay verməzsə ümid, əğər hayına İnsan neçə dəfə yıxılıb qalxar? * * * Fərq etməz ömrünün hansı yaşında, Səbr bardağın hey ,dolub daşanda, Çarəsiz olmağa məruz qalanda, İnsan neçə dəfə yıxılıb qalxar? * * * Çiynindəki yükün ağır olduqda, Haqsızlıq içində duyduqlarında, Məcbur susduğunda, susduqlarında, İnsan neçə dəfə yıxılıb qalxar? * * * Dünya boyda dərdi daşıyır insan, Yıxılsa da qalxıb yaşayır insan, Bəzən də yenidən başlayır insan, İnsan ömür boyu yıxılıb-qalxar.
MƏN BİR HƏYAT HEKAYƏSİ Mən bir həyat hekayəsi, yazılmamış bir əsərəm, oxunmamış bir ürəyəm, Açılmadan solan çiçək.. * * * Mən bir həyat hekayəsi… bu həyatla nə dostlaşa, nə düşmən ola bilirəm. Nə sevgiylə, nə sevgisiz Nə sənsiz qala bilirəm… * * * Acılara alışmışam, sarsılmışam, Od-alova sarılmışam çox yanmışam… * * * Mən bir həyat hekayəsi… Neçə-neçə kədər yatır, ürəyimin ilğım-ilğım görünməyən tərəfində. Həsrətimin parçalanmış baş daşını gizlətmişəm gözlərimin açılmayan duman dolu səhərində. * * * Mən bir həyat hekayəsi… gecə gündüz çeynədiyim, nə uda, nə də unuda bildiyim vüsalının əsiriyəm. Nə Leyliyəm nə Əsliyəm, Mən yeni sevgi nəsliyəm. * * * Mən bir həyat hekayəsi… Öz içində dustaq olan heç vaxt yaza bilmədiyim eşqin bulanıq tamıyam. Bu qaranlıq zil gecənin İlıq baxışlarındakı soyuq sevgi dastanıyam. * * * Mən bir həyat hekayəsi… Yıpranmamış həsrətimin qəhərini uda-uda, Taleyimin tellərinə sığal çəkib oxşamışam, İçimdəki duyğulara ürəyimdə məzar qazıb sevgi dolu şeirləri , bircə-bircə basdırmışam. * * * Mən bir həyat hekayəsi… Odu sönmüş tənha ocaq… Bu gün məni duymayanlar, bir gün məni oxuyacaq. Oxuyacaq, anlayacaq… Amma onda gec olacaq… Amma onda gec olacaq… Mən bir həyat hekayəsi…
“Yazarlar” kollektivi adından bir daha Səadətxanımı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Səadətxanım! Jurnalımızın İyun 2023 N: 06 (30) nömrəsinin üzqabığında Səadt Qəribin fotoları yer alıb.