Kateqoriya arxivləri: “EV BAZARI” q.

ZAUR USTAC HAQQINDA

Zaur Ustac – şair, publisist. “Yazarlar” jurnalının baş redaktoru.

USTACAM

(…mən kiməm?..)

Müzəffər ordunun şanlı əsgəri,

Ərənlər yurdunun ər övladıyam!

Zalımın zülmünə təhəmmülüm yox,

Babəklər yurdunun hürr övladıyam!

* * *

Ustadım Nəsimi, sözümüz sözdü,

Ədalət, həqiqət bağrımda közdü,

Ziyadar dühası bir deyil, yüzdü,

Mövlalar yurdunun  nur övladıyam!

* * *

Dərvişəm, müqqəddəs sayılır təkkəm,

Hülqumdan yuxarı dayanır öfkəm,

Od, ocaq diyarı tanınır ölkəm,

Alovlar yurdunun nar övladıyam!

* * *

Unutma, şah babam Xətai başdı,

Nadir şah, mətədə tərpənməz daşdı,

İlham, nə keçilməz sədləri aşdı,

İgidlər yurdunun nər övladıyam!

* * *

Tarixdə Nəbisi, Koroğlusu var,

Gen dünya yağıya daim olub dar,

Düşmən qarşımızda yenə oldu xar,

Aslanlar yurdunun şir övladıyam!

* * *

Göydən Yer üzünə ərmağan, payam,

Gündüzlər Günəşəm, gecələr Ayam,

Ən parlaq ulduzdan törəyən boyam,

Ozanlar yurdunun sirr övladıyam!

* * *

Zaur Ustac – baxış istiqaməti Laçın, məsafə təxminən 30 km. 2000 – lər.

Ustacam, vətənim vətən içində,

Axıb duruluruq zaman köçündə,

Min bir anlamı var, adi “heç”in də,

Aqillər yurdunun pir övladıyam!

13.11.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“EV BAZARI” – 2

Zaur Ustac yenə də “EV BAZARI” nda gözünü yumub, ağzını açdı…

Salam olsun dəyərli dostlar! Bu dəfə sizlərə qələm dostmuz Müşfiq Xanın başına gələn hadisəni öz qələmindən necə çıxıb eləcə də çatdıracam. Necə deyərlər, aldı görək nə yazdı:

“Bu gün başıma iş gəldi…
Kimnənsə eşitmişdim, təxminən belə deyirdi, bizim ölkə çox təhlükəlidi, burda istənilən oxucu səhər oyanıb yazıçıya çevrilə bilər. Bunu düşünəndə həqiqətən adamın tükləri biz-biz olur. Qulağımı dartıb, nəşrə hazırladığımız ədəbiyyat dərgisinin yeni sayını son oxunuşçün qabağıma çəkdim. Səhifə yarım oxumuşdum ki, qapı döyüldü. Bir az dilxor oldum, çünki bir həftəyə yaxındı nəşri yubanan dərginin bəxti gətirmirdi ki gətirmirdi.
– Gəl, – qapıya səsləndim.
Başımı vərəqlərdən qaldırmadan, bir neçə sətir də oxuyum, qənimətdi, düşüncəylə qırmızı qələmi kənara qoymadım. İki, ya üç sətir oxumuşdum, qapı təzədən döyüldü. Gələn kim idisə qapıya qarşı nəzakətliydi. Hətta mənə elə gəldi, qapı döyülmür, özüyçün mızıldanır, ya da nə bilim, nəyəsə gileylənir. Elə bu an yadıma düşdü ki, qapının ağzı yoxdu, daha doğrusu var, amma danışa bilmir.
– Gəlin, – səsimi bir az yüksəltdim.
Doğrusu yenə hay verən, gələn olmadı. Düşündüm qulağıma səs gəlir. Səhifəni tamamlayıb üçüncü səhifəyə keçəndə qapı cınqıldadı. Bayaqdan qapının taxta hissəsini döyəcləyən məchul qüvvə bunun işə yaramadığını düşünüb əlindəki naməlum əşya ilə bir az yuxarı, şüşəli gözünü taqqıldatmağa başlamışdı. Qulaq verdim, gələn vardı, o yanı-bu yanı ola bilməzdi. Bir az ürəklə:
– Buyurun, gəlin, – əlimi ağzıma söykəyib həsrətlə otağın qurtaracağına baxdım.
Ahh, şükür, bu dəfə qapı açıldı. Sıra ilə otağa üç nəfər girdi. Üçüncü, axırda gələn iş yoldaşım idi. Özünü qabağa verdi:
– Müəllim, bəylər kitab yazıb…
– Yox, bu yazıb, – otuz yaşlarındakı qarabəniz adam yanına salıb gətirdiyi şişman kişini işarə verib burnunun aşağısına düşən maskanı çəkib yerinə otuzdurdu.
Bir az duruxub irəli yeridi, divana çöküb yanındakı ağsaqqal şişmana təpindi:
– Day otur görək də, məllim. Sonra nə düşündüsə, – Qaynatamdı, – deyib yerini rahatladı.
– Buyurun, – adəti üzrə qeyd dəftərimi əlimin altına çəkib özümə “sizi eşidirəm” görkəmi verdim.
– Buyur! – bu dəfə də ələkçinin qıl verəni üzünü şişman kişiyə tutub məzəmmətedici şəkildə təkrarladı.
Ağır söhbət olacaqdı, buna əmindim. Qara günümü qablaşdırıb hələ də susmaqda israrlı olan kitabyazan əmi ilə ünsiyyətə girməyə çalışdım:
– Şeirlərdi?
– Soruşur ki şeir yazırsan?! – maskasını çənəsinə qədər endirib dişlərini qıcadı.
Kişi kürəkəninin sonuncu hərəkətindən ürkdü:
– Hə, hə, biz kitab yazmışıq.
– Biz yox, sən. Məni qarışdırma! – vəkilciyəz kükrədi.
– Aha, baxa bilərəm?
– Müəllim, kitablar qapının ağzındadı, – iş yoldaşım araya girdi.
Bir şey anlamadım. Bunu hiss etdiyi üçün qıvraq hərəkətlə otaqdan çıxıb tez də əlində iki zənbili sürüyə-sürüyə içəris saldı.
– Bunlardı, – müəllif əmi torbaları görəndə gözləri işıqlandı. Dili açıldı. – Burdakılar kirilcədi, çoxdan yazmışam, – saralmış bazar zənbilini qucağına alıb içindəkiləri divanın üstünə boşaltdı. Təxminən otuz-otuz beş dənə sovetdənqalma doxsan altı vərəqli dəftər idi.
Heyrətimdən donub yerimdə qalmışdım. Bu neçə ildə nəşriyyatda başıma gələnlərdən sonra elə deyirdim, bir də heç nə məni heyrətləndirə bilməz, elə bil sözüm Allaha acıq getdi.
– Burdakılarsa təzə əlifbaynandı, – kişi elə bil birdən-birə qızışmışdı.
Əl atıb o biri torbanı da götürüb bu dəfə birbaşa döşəmənin üstünə boşaltdı.
– Ay kişi, sənə deməkdən yoruldum, burdakılar elə köhnə yazdıqlarındı, latın əlifbasıynan üzünnən köçürmüşəm bu dəftərlərə! – kürəkəni nəhayət işəyarayar nəsə danışdı.
Əyilib dəftərlərdən birini yerdən götürüb oxumağa başladım. Deyəsən poema idi. Ucu-bucağı görünməyən misravari sətirlər dəftərin yarısına qədər uzanıb gedirdi. Qəfil gözümə tanış beyt dəydi:
– Axı bu Nəsiminin qəzəlinnəndi…
Mənim sözümnən sonra ağsaqqal cavab tələb edirmiş kimi kürəkənini narazı-narazı süzdü.
– Onu uşağın məktəb kitabından götürüb ora yazmışam ki, kitab bir az maraqlı alınsın. Nə ziyanı var?
– Bəy, belə olmaz. Adamı topa qoyub atarlar, vallah.
– Sənə demişdim də təkcə Nizamidən sal! – ağsaqqal kürəkəninə çəmkirdi.
– Allah yalan danışanın belin sındırsın! A kişi, özün demədin ki, pensiya kartımı üç aylıq sənə verirəm, köhnə kitablardan əlinə nə keçir yaz doldur bu dəftərlərə?
– Nəsimini deməmişdim! – qocaman şair özünü yuyub yarpız üstünə qoymağa çalışdı.
– Nə fərqi var, müəllim? – bu dəfə hirsimdən özümü saxlaya bilmədim.
– Necə yəni fərqi var?! – ağsaqqalın dil-dil ötməyə başlamışdı. Elə bil bayaqkı mağmın bu deyildi. – Nəsimi zəif yazır! Onun qəzəlinin mənim kitabımda nə işi var?!
– Siz nə danışırsız? Biz nəyi müzakirə edirik? – özümdən çıxdım.
– Mənə sizin kimi nəşriyyat lazım deyil! Dur, ədə, dur getdik!
Kürəkəni büzüşüb yumağa dönmüşdü. Bayaqkınan əsər-əlamət qalmamışdı. Böyük ehtimalla qaynatasının pensiya kartı əvəzinə ovcunu yalamalı olacaqdı. Qanı qaralmışdı.
– Ala, bu dəftəri də sənə verirəm, öz adınla çap edərsən! – ağsaqqal ayağa qalxıb həmin dəftəri masamın üstünə tulladı.
– Təşəkkür edirəm! – başqa nəsə demək istəsəm də, gələnlərin qapıya tərəf getdiyini görüb fikrimdən daşındım. Yarım saat sonra dərginin son oxunuşunu tamamlamalıydım.
Allah saxladı, yaxşı qurtadım…”

DİGƏR BURAXILIŞLAR >>>> “EV BAZARI”

Təqdim etdi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“EV BAZARI” – 1

Zaur Ustac – şair, publisisit.

Salam olsun dəyərli dostlar! Bu gün sizlərə qələm dostmuz Mübariz Məsimoğlunun başına gələn hadisəni öz qələmindən necə çıxıb eləcə də çatdıracam. Necə deyərlər, aldı görək nə yazdı:

“Məndə görünməmiş hadisə. Dünən axşam çayxanada qəflətən burnumdan qan açıldı. Bütün çəhdlərimə baxmayaraq qanı saxlaya bilmədim. Yaxında olduğu üçün Dəmir Yol İdarəsi xəstəxanasına müraciət etdim. Dedilər- biz ancaq dəmiryolçulara xidmət edirik. Dedim- hippokrat andını yadınıza salın ilkin yardım göstərin qan kəsilsin. Dedilər – biz hippokratı tanımırıq. Oradan aralanıb bir tibb məntəqəsinə müraciət etdim. Bəxtimə bir medsestira çıxdı. Çox insan adam idi. Xeyli tibbi yardın göstərdi mənə. Qan əclaf yenə dayanmadı. Həmin xanım taksi sifariş verib məni 3 saylı Sabunçu xəstəxanasına yola saldı. Orada da burnumun deşiklərinə yarım metr perekisli bint yerləşdirdilər. Amma qanı saxlaya bilmədilər. Dedilər – təcili özünü Bakı sağlamlıq mərkəzinə çatdlr. Taksini həmin ünvan istiqamətləndirdim. Qəbul şöbəsində qiymətləri oxumağa başladılar. Həkimin sənə baxmasına 40 manat ödəməlisən, malicəyə başlamaslna 130 manatdan başlayaraq pul tərləməlisən. Dedim – yapmayın ya.. o qədər param yoxdu mənim. Əlqərəz uzun söhbətdən sonra dedim məni həkimlə calaşdırın. Calaşdırdılar. Həkim xanım dedi – bu qaydalar rəhbərlikdəndir, mənlik deyil. Bir təhər yumuşaq damarını tapdım. Dedi – 40 manatı ödə qalz yuxarı, əvvəl baxım, sonra bir şey fikirləşərik. Qalxdım. Baxdl. Dedi – burun damarların partlaylb yandırnalıyam. Quymət 130 manatdı. Amma sən şair və ziyalı olduğundan endirim etdirəcəyəm. Danışıqlar aparıb qiyməti 50 manata endirdi. Dedim buna da şükür. Sonra həkim xanım əlində yandırıcı aparat qan damarlarının başının üstünü aldı. 2 dəqiqəyə yanıq iyi ( elə bir kabab iyi kimi) aləmi bürüdü. Və kapliyarlar quzuya döndü, qan axma dayandı. Sonra dedi:- burnunun çəpəri əyridi düzəltmək lazımdı. Dedim – xanım bu burun bu vəziyyətdə məni 59 il yola verib. Bundan sonra da bir 15 il yola verər yəqin. Gülümsədi.- Haradan bilirsən o qədər yaşayacağını. Şəhadət barmağımı yuxarı qaldırdım. Oradan gəlir mənə informasiyalar. Yenə güldü. Dedi -zarafat eləmə. Müayinələrdən keç. Nə edəcəyimi başa salıb bir xeyli dərman yazdı. Dünən bir adam cibimə 100 manat qoymuşdu. Cibimdə də 50 manat vardı. Kafedə xərcləməyə imkan tapmadım. Taksi, xəstəxana, mərkəz arasında buxarlandı. İndi halım alababatdı… həyat davam edir, ağır şərtlər altında. Mənə yardım edən o iki xanıma şəxsən minnətdarlıq edirəm. Amma səhiyyəy sistemimizin bərbad vəziyyətdə olması danılmazdı. Nə isə… Yaşamaq şirin şeydir, şairim.”

DİGƏR BURAXILIŞLAR >>>> “EV BAZARI”

Təqdim etdi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“EV BAZARI”

Zaur Ustac – şair, publisist.

“EV BAZARI” ZAUR USTACA MƏXSUS BİR LAYİHƏDİR

EV ƏHLİ :

  • PROQRES HƏTƏMXAN
  • TELEQRAF GÜLBAHAR
  • STATUS BƏYBALA
  • KƏRƏVƏNGİ CƏBİ

Qeyd:

Ev əhlinin dilindən cəmiyyətdə baş verən neqativ hadisərə münasibət bildirilir. Müəyyən həcm buraxılışlar toplandıqdan sonra ən azı ildə bir dəfə xüsusi buraxılış şəklində ənənəvi qaydada kitabxanalar üçün nəşr olunur və elekton variantda yayımlanır. Bədii yaradıcılıq müşahidələrə əsaslanır. Təxəyyül məhsuludur. Qəhrəmanların dilindən Zaur Ustac təqdim edir.

=================================================

“EV BAZARI”NIN BURAXILIŞLARI :

=================================================

“EV BAZARI” – 2

“EV BAZARI” – 1

=================================================



Təqdim edir: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru