Kateqoriya arxivləri: Fəxri Uğurlu

Fəxri Uğurlu yazır

 İvan Alekseyeviç Buninin San-Fransiskolu cənab” povesti haqqında

Fəxri Uğurlu

Bunin göründüyü qədər sadə yazıçı deyil. Çexovdan sonrakı dönəmdə rus ədəbiyyatının ən böyük hekayə ustası odur. Buninin dünyagörüşü də Turgenevin, Çexovun həyata baxışına yaxındır. Hətta bu üç yazıçı arasında düşüncə bənzərliyindən doğan süjet oxşarlıqları da tapmaq olar: məsələn, Turgenevin “Dvoryan ocağı” romanında, Çexovun “Böyük Volodya, kiçik Volodya”, Buninin “Saf bazar ertəsi” hekayələrində qadın qəhrəmanların monastıra çəkilməsi kimi. Təsadüfi deyil ki, 1933-cü ildə ona Nobel mükafatını da “rus klassik nəsrinin ənənələrini böyük ustalıqla inkişaf etdirdiyinə görə” vermişdilər.

Siyasi ədəbiyyat yaratmasa da, Bunin siyasi baxımdan çox ayıq yazıçıydı. Sosial-siyasi romanlar yazan zavallı Qorkidən fərqli olaraq Stalin rejimi onun başını bişirib sovet Rusiyasına qaytara bilmədi, hərçənd Bunin rus torpağına hədsiz bağlı bir patriot idi; üstəlik əlli yaşında mühacirətə gedib yeni həyata başlamaq zarafat deyil, buna hər adamın təpəri çatmaz. Avropanın Banin imzasıyla tanıdığı fransızdilli mühacir Azərbaycan yazıçısı Ümmülbanunun “İvan Buninin son höcəti” povestində ədəbiyyat üzrə ilk rus nobelçisinin Parisdəki emiqrant həyatıyla bağlı maraqlı məqamlar var. Biri budur ki, sovet ədəbiyyatının marşalı Konstantin Simonov Parisə səfərə gedəndə Bunini dilə tutub vətəninə qaytarmaq üçün onunla görüşəsi olur. Simonov arvadıyla gəldiyindən Bunin görüşə Baninin də qatılmasını ondan xahiş eləyir. Ümmülbanu yazır ki, görüş çox darıxdırıcı, sıxıntılı keçirdi, elə bil qonşu otaqda tabut vardı. Arada Bunin Simonovun Rusiyadan gətirdiyi arağı gözünün önünə tutub şüşənin üstünə yapışdırılmış etiketi uzun-uzadı nəzərdən keçirir. Qadın buna belə yozum verir: elə bil yazıçı o bir parça kağızdan rus xalqının taleyini oxumaq istəyirdi.

Adını çəkdiyim əsərdə Buninin siyasi sayıqlığıyla bağlı bir maraqlı məqam da var. Həmin günlərdə Parisdə sovet Özbəkistanının çiçəklənməsiylə bağlı təbliğati sənədli film nümayiş olunur. Filmin təsiri altında Banin (əslində daha çox qoca aşiqini qıcıqlandırmaq üçün) sovetləri tərifləməyə başlayır, deyir ki, oradakı inkişafı vətənindən küskün yazıçının gözü götürmür. Bunin inciyib gedir, çox keçməmiş ərköyün qıza bu məzmunda məktub göndərir: “Əzizim Tanin, Banin! Özbəkistan əlli, yüz, min il bundan qabaq da gözəl idi. Yer üzündə üzüm Karl Marksa qədər də yetişirdi. Allahın adını kiçik hərflə nə qədər yazsalar da, o, insanların qəlbində əbədi yaşayacaq”. Zənnimcə, bu üç qısa cümlə yetmiş illik sovet təbliğatını darmadağın eləməyə yetər.

İvan Bunin sənətə baxışları, fəlsəfi-estetik dünyagörüşü baxımından da ayıq-sayıq adam idi. Onu realist də, modernist də sayanlar var, hərçənd bu məsələyə yanaşmada birmənalı mövqe tutmaq çətindir. Əslində Bunin realistlər içində modernist, modernistlər içində realist yazıçıdır. Onun Andrey Belı kimi fanatik, ehkamçı modernistlərdən, həyatı estetik kanonların çərçivəsinə dürtən sənət xürafatçılarından, modern mövhumatçılardan xoşu gəlmirdi, bununla belə Buninin, başqa ad çəkmirəm, “Kölgəli xiyabanlar” silsiləsini oxuyan kəs onun necə yenilikçi, necə yetik yazıçı olduğunu görməyə bilməz. Rus nəsri sonrakı mərhələlərə ondan keçməklə adlayıb.

Buninin povest-hekayələrinin mütləq çoxluğunun süjeti sevgi əhvalatları üstündə qurulub. Onun can, nəfəs verdiyi qız-qadın obrazlarından böyük bir qalereya yaratmaq olar, həm də on illər boyunca vücuda gəlmiş bu surətlər eyni gənclik şövqüylə, korşalmamış bir zövqlə yaradılıb. 1916-cı ildə qələmə alınmış “Zərif nəfəs” hekayəsinin müəllifiylə 1924-cü ildə ərsəyə gəlmiş “Mityanın məhəbbəti” povestinin müəllifi, 1925-ci ildə işıq üzü görmüş “Günvurma” hekayəsinin müəllifiylə 1944-cü ildə yazılmış “Saf bazar ertəsi” hekayəsinin (74 yaşlı!) müəllifi arasında yaş fərqi əsla sezilmir. Sonuncu əsərin də içində yer aldığı qırx hekayədən ibarət “Kölgəli xiyabanlar” silsiləsini Bunin öz nəsr yaradıcılığının zirvəsi sayırdı. Qırxı da nakam sevgidən danışan bu hekayələri müəllif iyirminci əsrin ən ağır illərində (1937-1945), öz ömrününsə sonuncu gənclik dönəmində qələmə almışdı. Hamısı da ya kədərli, ya faciəli sonluqla bitir. Göründüyü kimi, dünya savaşının kosmik hay-küyü içində, tarixin qırılma nöqtəsində yazıçı öz qəlbinin səsini dinşəyib öz ruhunun tarixinə dala bilmişdi.

Buninin sevgi hekayələrinin az qala hamısının avtobioqrafik bünövrəsi var. Yazıçı yeni könüllər kəşf eləməyə, yeni-yeni eşq sultanlıqlarına səyahətə çıxmağa təşnə duyğularını heç vaxt umsuq qoymamışdı, hər təzə təəssüratını bir yazıya çevirmişdi. Bu baxımdan Buninin fərdi yaşantılarından, şəxsi təcrübəsindən mayalanmayan əsəri tək-tək olar. “San-Fransiskolu cənab” (1915) povesti həmin sırada bəlkə də birincidir. Bu əsərdə həyatdan alınma yalnız bir fakt var – Kapridə amerikalı turistin qəfil ölməsi. Həmin vaxt özü də adada dincələn yazıçıya bu hadisə bərk təsir göstərmişdi. Daha sonra Tomas Mannın 1912-ci ildə işıq üzü görmüş “Venesiyada ölüm” kitabının üz qabığını görəndə ağlına “Kapridə ölüm” adlı əsər yazmaq ideyası gəlmişdi. İdeya dördcə günə həyata keçirilsə də, başlıq dəyişdirilmişdi. Yeri gəlmişkən, adıyla onu ilhamlandıran əsəri Bunin yalnız bir neçə ay sonra oxumuşdu, ancaq bəyənməmişdi.

Bəlli fakt istisna olunmaqla povestdə hər şey müəllif təxəyyülünün məhsuludur. Bunindən çıxmayan iş – bu əsərdə nə sevgi macərası, nə aşiqanə baxış, nə ehtiraslı görüş var. “San-Fransiskolu cənab” povesti həm fantaziyaya yer qoymayan realist hekayə, həm də gerçəkliyi fəlsəfi ümumiləşdirmə donunda təqdim eləyən bədii pritçadır. Buninin həyatı tragik qavrayışı burada bütün gücüylə əksini tapıb.

58 yaşlı milyonçu (müəllif onun adını bizə demir, bununla da həyatda bir ad, nişanə qoymadığına eyham vurur), nəhayət, bu yaşında dincəlmək haqqı qazandığı qənaətinə gəlib arvadıyla, qızıyla iki illik dünya səyahətinə çıxır. “Atlantida” adlı nəhəng səyahət gəmisi bu əsər qələmə alınandan üç il əvvəl okeana qərq olmuş “Titanik” transatlantik laynerinə bənzəyir. Bu gəmiyə Atlantik okeanının dibinə çökmüş əfsanəvi qitənin adını verməklə yazıçının nəyə eyham vurduğunu söyləməyə, zənnimcə, lüzum yoxdur.

“Atlantida” gəmisi kainat adlı qaranlıq, soyuq okeanda üzən yer adlı mavi gəmiciyin rəmzidir. Bu gəmidə həyat ikiqatlıdır: zirzəmidə fəhlələr üzlərini cəhənnəm alovu qarsa-qarsa ac sobalara daş kömür atır, varlı sərnişinlərin rahat dincəlməsi üçün gecə-gündüz çalışırlar; işıqlı kayutlarda, salonlarda qayğısız, yeknəsəq günlər keçirən ağalar, xanımlar isə gündə bir neçə dəfə ləziz təamlar düzülmüş süfrələrə çağırılır, hər yeməyə bir ayrı libasda gəlirlər.

San-Fransiskolu cənabın səyahət marşrutu uzundur: İtaliya, Fransa, Yunanıstan, İstanbul, Misir… ta Yaponiyaya qədər. Uzun illər boyunca çinli muzdurların istismarı hesabına yığdığı kapital özünə hər cür qulluğu rəva görməsi üçün ona geninə-boluna yetir. Müəllif yazır ki, cənab indiyədək yaşamamışdı, yalnız mövcud olmuşdu. Onun keçmişi haqda dolğun təsəvvür yaratmasa da, yazıçı milyonçunun ömrü boyu məhz bu gün üçün çalışdığını, ömrü boyu haradasa gələcəkdə onu gözləyən mücərrəd xoşbəxtliyə can atdığını anlamağa oxucuya imkan verir. İndi artıq San-Fransiskolu cənab zəhmətinin bəhrələrini rahat-rahat, arxayınca həzm-rabedən keçirə bilər. On illər boyu bu cənab zənginləri özünə örnək seçib, həm xəyalda, həm əməldə onlarla yarışa girib. Budur, artıq xəyallar gerçək olub, indi o da başı başlara (özü də necə başlara!) qoşub.

Burada bir az irəli qaçıb Buninin ustadı Turgenevin “Asya” povestindəki bir məqamı xatırlatmaq istəyirəm: həmin əsərin sonlarında müəllif qəhrəmanın diliylə deyir ki, xoşbəxtliyin dünəni, sabahı olmur, xoşbəxtlik ya indi-burada var, ya da yoxdur…

Cənabla ailəsi dekabr ayında Neapolda yağınlığa düşürlər, palçıq, çirkab onları bezdirir. Dinən deyir ki, indi Kapri adası hər yerdən səfalıdır, orada göyün üzü açıq, hava mülayimdir. San-Fransiskolu cənab ailəsini də götürüb kiçik gəmiylə qədim ada-şəhərə üzür. Burada onlar bahalı otelin ən bahalı nömrəsində yerləşirlər. Yorucu səfərdən sonra təntənəli nahara hazırlaşan cənab oteldə dəri kresloya yayxanıb qəzet oxuya-oxuya arvadıyla qızını gözləyir. Birdən onun gözündə sətirlər bir-birinə qarışır, eynəyi sürüşüb burnunun üstündən yerə düşür, nəfəsi təngiyir, qıvrılan gövdəsi döşəməyə sərilir. Yaxınlıqda oturan bir alman turist qışqırıb otelə hay salır, nahara yığılan qonaqlar bu xəbərdən ürküb pərən düşürlər, otel sahibi qonaqları sakitləşdirməyə çox çalışsa da, gecənin ovqatını geri qaytarmağa, pərtliyi aradan qaldırmağa gücü çatmır.

Nökərlər xırıldayan cənabı yerdən qaldırıb kiçik, nəm otaqdakı dəmir çarpayının üstünə uzadırlar. Arvadıyla qızı can verən milyonçunun ölümlə əlbəyaxa qalmasına çarəsiz-çarəsiz baxırlar. Cənab keçinəndən sonra xanımı otel sahibindən cəsədi onların nömrəsinə köçürməyi xahiş eləyir. Ancaq bu, mümkün deyil! Söz Kapriyə yayılsa, heç kim daha bu bahalı otağı kirayələmək istəməyəcək! Adada hazır tabut da yoxdur, gərək əvvəlcədən sifariş verəsən. Odur ki, San-Fransiskolu cənabın meyidini su şüşələrinin daşındığı yeşiyə yerləşdirəsi olurlar.

Səhəri cənazəni əvvəlcə kiçik gəmiylə adadan çıxarır, sonra həmin “Atlantida” layneriylə üzügeri – yeni qitənin sahillərinə doğru uğurlayırlar. Bu dəfə onu sərnişinlərin gözündən uzaq yerdə, gəminin cəhənnəmtək isti, qaranlıq dibində, qaynar sobaların, mexanizmlərin arasında qaçaq mal kimi aparırlar.

San-Fransiskolu cənab bu dünyada qazandığı hakimiyyəti bir andaca itirir. Ölümün cənginə keçən kimi onun həyatının gerçək mahiyyəti açılır – əlli səkkiz il bəslədiyi qiymətli cəmdəyinə nə kral ədasıyla qədəm basdığı oteldə, nə krallara layiq gəmidə yer tapılır. Mehmanxana sahibi bahalı müştərilərini oteldən qaçıran, bahalı proqramını pozan, ona filan qədər ziyan vuran ölünün əlindən zəncir gəmirir. Ölmək dirilərin əyləncəsini pozan ədəbsiz bir davranışa çevrilir. Ölümün lap yaxında dolaşdığını, gecə-gündüz sağ canlara keşik çəkdiyini yada salan cənab heç vaxt ölməyəcəyini zənn eləyən diri bəxtəvərlərin xoşbəxtlik illüziyasına tərbiyəsizcəsinə haram qatır. Buna görə onu cəzalandırıb gəminin cəhənnəminə atırlar. Yuxarı qatlarda isə ayaqlarının altındakı cəhənnəmdən xəbərsiz qayğısız sərnişinlər çıraqban salonlarda çalıb-çağırmağa, deyib-gülməyə, yeyib-içməyə davam eləyirlər…

İvan Buninin “San-Fransiskolu cənab” povestini kapitalist həyat tərzinin, burjuaziyanın, çağdaş sivilizasiyanın, snobizmin, istismarçılığın ifşası kimi yozanlar da tapılar, ancaq məncə, belə yanaşma bir az üzdən getmək olar. Müəllif öz əsərinə varlı olmayan bir adamı da qəhrəman seçə bilərdi, ancaq onun cəsədinin su şüşələri daşınan yeşiyə uzadılması bunca effekt verməzdi. Söhbət bu fani dünyada söz sahibi, nüfuz, hörmət yiyəsi olmaqdan ötrü bütün ömrü boyu dişiylə-dırnağıyla çalışmış, min-min bəşər övladının əzabları üstündə xaniman qurmuş bir insanın miskin aqibətindən gedir. O, başqalarının bədbəxtliyi hesabına qazandığı xoşbəxtlikdən barınmağa imkan tapmır; ona görə yox ki, qəfil ölüm canına müsəllət olur, ona görə ki, belə bir xoşbəxtlik ümumiyyətlə yoxdur. Əgər səfərini sağ-salamat başa vursaydı belə, xəstəhal qızına varlı adaxlı tapsaydı belə onun ömrü bir dəyər, məna, mahiyyət qazanmayacaqdı.

Onun gedişiylə qayıdışı bu həyatın bir-birindən doğan iki üzüdür – povestin mükəmməl kompozisiyası da bu gediş-gəlişin üstündə qurulub. Yazıçı bununla demək istəyir ki, mənəvi həyatdan məhrum insan fəzada bizi daşıyan gəminin dərin qatlarına quylanacaq, bu dünyada ondan heç bir əsər-əlamət qalmayacaq. Necə ki, San-Fransiskolu cənabın həyat səhnəsindən çəkilməsi kimsənin canından bir ovuc can aparmır, onun adını keçdiyi yollarda, o cümlədən Neapolda, Kapridə bir kimsə xatırlamır. Çünki onun adı, namı, fərdiyyəti, individuallığı yoxdur; o bu kosmik gəmidə üzən milyon-milyon şeytan fəhləsindən biridir. Ölüm onu layiq olduğu yerə göndərir, ona layiq olduğu dəyəri verir.

İşıqları qaranlıqda bərq vuran “Atlantida” gəmisini Cəbəllütariq boğazındakı bir qayanın üstündən, duman-çiskinin arxasından müdrikcəsinə izləyən qoca İblis də yəqin elə bunları düşünürmüş.

“Yeni Azərbaycan” qəzeti

Müəllifin başqa yazıları:

Atalı-analı yetimlər

Dünyaya çıxmaq

Klassik irsin üzünü köçürmək

Zamanın çağırışını dinləmək zamanı

Hansı qadın?

Universal zamanın sahilində

Rüstəm İbrahimbəyovun dönüşü

Hörmüzdün səltənətinə xoş gəldiniz!

Fərrux dağında məşqlər

Varlığımızın evini abadlaşdıraq

Tarixi əfsanəyə çevirən şəhər

Dili yuxudan oyatmaq

Xocalıdan Buçaya çəkilən yol

Janrın yaddaşı, fikrin əcdadı

Təsir, yoxsa oğurluq?

Tuğ kilsəsində ibadət

Fikrin libası

Günəşin qatilliyi

Yaradanı yaradanlar

İnsan işğalı

Şeytan söz meydanında

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

Hekayəmi İstanbulda xatırladım…

“Xosrov və Şirin” yeni libasda

İki dünya arasında…

Yazılanın yozulanı

Dil bayramı

Ruhu bədəndən qovmaq!

Köhnə bazara təzə nırx

İki islamın savaşı

Əylən deyim Qıratın qiymətini…

Obrazların yedəyində

Zamanı cilovlamaq cəhdi

Çiynimizdəki əl

Xanəxərab, İranı viran qoyma!

İblisi utandıran şəxsiyyət

Öymək, ya söymək?

Dünya nəsrinin şah əsəri

Nifrət üçbucağı

İnsan ovu, ölüm xofu, heçlik arzusu

Milyon illik tənhalıq

Yeni dünyanın astanasında

Allahı qoruyan şair

Allahı öldürən filosof

Knyaz Xristos

Divana döşəli Budda

Ştirnerdən Bazarova anarxizm

Oblomovla Bazarovun dialoqu

Onore de Balzakın etiqadı

Təsadüflər cənnətindən zərurət türməsinə

Xoşbəxtliyin ölümcül dozası

Paralel xətlərin kəsişməsində

İblisə səcdə qılan şair

Din kimi poeziya, peyğəmbər kimi şair

Fəxri Uğurlu – Dünya nəsrinin şah əsəri

Dünya nəsrinin şah əsəri

Lev Tolstoyun “Hərb və sülh” roman-epopeyası haqqında

Böyük şairlərin, yazıçıların bir qismi öz şah əsərini yaradıcılığının erkən mərhələsində, bir qismi də ömrünün sonuna yaxın, tam yetkinləşmiş yaşlarında yazıb (Höte kimi bütün ömrü boyu yazan da var). Tolstoyu birincilərə aid eləmək olar. “Hərb və sülh” onun ilk romanıdır. Dörd cildlik bu əsər Rusiya tarixinin olduqca mühüm bir dövründən bəhs eləyir. Əsərdə yüzlərlə personaj var.

Zənnimcə, “Hərb və sülh” tək Tolstoyun yox, bütün rus ədəbiyyatının, bütün dünya nəsrinin şah əsəridir. Yazıçı bu romanı 35-41 yaşlarında yazıb. Mən indi “Hərb və sülh”ü yazıb bitirmiş Tolstoydan yaşca xeyli böyüyəm, ancaq bu gün də əsəri varaqladıqca heyrətlənirəm: bu cavan oğlan o boyda işin öhdəsindən necə gəlib!

Allahın dünyada gördüyü işin, yəni tarixin mənasını anlatmaq, həyatın modelini yaratmaq baxımından roman sənətinin “Hərb və sülh”dən böyük möcüzəsini tanımıram. Üstəlik, məzmunla formanın ideal vəhdəti. Əlbəttə, mən Tolstoyun baxışlarını sözsüz-sovsuz qəbul eləyənlərdən, ehkam sayanlardan deyiləm. Onun dünyagörüşündə təzad çoxdur. Ancaq öz baxışlarını mükəmməl bədii vasitələrlə çatdırmaq sarıdan dünyada tək-tək yazıçı Lev Nikolayeviçə tay tutula bilər.

***

Dediyim kimi, “Hərb və sülh”ə qədər Tolstoy roman yazmamışdı, bir sıra hekayə, povest dərc elətmişdi. 34 yaşına çatanda o, 18 yaşlı həkim qızı Sofya Andreyevna Berslə ailə qurdu. Bundan bir il sonra – 1863-cü ildə romanı yazmağa başladı. Əslində, Tolstoy ömrünün ana kitabını daha əvvəl yazmaq istəyirdi, ancaq bu ağır işin altına girməyə hələ təcrübəsi çatmırdı. Roman üzərində işləməyə yeni başladığı vaxtlarda o, əsəri 5 hissəyə bölməyi nəzərdə tutmuşdu. Yekunda 4 cildlik bir roman-epopeya ortaya çıxdı. Hər cild də özlüyündə hissələrə bölünür.

Mövzu seçimində, öz qəhrəmanlarını hansı tarixi dövrün fonunda canlandırmaq məsələsində Tolstoyun tərəddüdləri olmuşdu. Əvvəlcə o, dekabristlər haqqında roman yazmaq istəyirdi. Bəlli olduğu kimi, 1850-ci illərin ortalarında dekabristlər 30 illik sürgün həyatından sonra Peterburqa qayıtmışdılar. Tolstoy Rusiyaya, tarixə, Allaha onların gözüylə baxmaq istəyirdi. Ancaq sonra nədənsə yazıçı bu fikrindən daşındı. Mövzu, tarixi fon axtarışı Tolstoyu aparıb 1812-ci il müharibəsinə çıxardı.

Əvvəl-əvvəl böyük sənətkar yazmaq istədiyi romana forma tapmaqda çətinlik çəkirdi, çünki onun söyləmək istədiyi mətləb ənənəvi roman qəliblərinə sığmırdı. Bu ərəfədə Fransada Viktor Hüqonun “Səfillər” romanı çap olundu, olunmağıyla da bütün Avropaya səs saldı. Ədəbiyyat tarixinin bu böyük hadisəsi 1862-ci ildə baş vermişdi, onda Hüqonun 60 yaşı vardı. Tolstoya bu roman möhkəm təsir göstərmişdi, bununla bağlı hətta belə bir rəvayət də danışılır: yazıçı Parisdə hansısa kitabxananın yandığı xəbərini eşidəndə deyir qoy bütün Paris, lap bütün Fransa yansın, təkcə “Səfillər” yanmasın…

Bir sözlə, Hüqonun beş hissəlik epopeyasını oxuyandan sonra Tolstoy öz romanını hansı formada yazmalı olduğunu anladı.

***

Roman-epopeyanın sonuncu cildinə təqribən 120 səhifəlik epiloqu da əlavə olunub. Epiloq da iki hissəyə bölünür. Birinci hissədə hadisələrə, qəhrəmanların taleyinə, ikinci hissədə isə bir sıra bölmələri, fəsilləri müşayiət eləyən tarixi-fəlsəfi-dini mülahizələrə, ricətlərə yekun vurulur. Yəni epiloqun təxminən 50 səhifəlik ikinci hissəsi tarix, din, Allah, zərurət, azadlıq məsələlərinin həllinə həsr olunmuş traktatdır.

“Hərb və sülh” öz dövrü üçün həm məzmun, həm də forma baxımından yenilikçi roman idi, di gəl, bu yenilik heç də birmənalı qarşılanmadı, ciddi ədəbi dairələrdə əsəri böyük mədəniyyət hadisəsi sayanlarla yanaşı bəyənməyənlər də tapıldı. Məsələn, böyük rus yazıçısı, “Bir şəhərin tarixi”, “Cənab Qolovlyovlar” kimi məşhur əsərlərin müəllifi Saltıkov-Şedrin deyirdi ki, “Hərb və sülh” ona çərənçi rus dayələrinin uzun qış gecələri boyunca uşaqlara danışdığı bitməz-tükənməz cəfəng nağılları xatırladır…

Ancaq bu sözləri Şedrinin nadanlığı, ya paxıllığı kimi yozmaq olmaz, belə bir fikrin yaranmasına fərqli ədəbi-estetik-fəlsəfi baxışlar təkan verib, başqa sözlə desək, Saltıkov-Şedrinlə Tolstoyun ədəbiyyatın vəzifəsi, missiyası ilə bağlı mövqeləri bir-birindən çox fərqlənirdi. Əgər biz ədəbiyyatı şərti olaraq beşmərtəbə binaya bənzətsək, onda görərik ki, Şedrin bu binanın üçüncü, Tolstoy isə beşinci mərtəbəsində məskunlaşıb; üstəlik də, bu binanın aşağı mərtəbələrindən yuxarı qatları görünmür, ancaq yuxarıdan baxanda aşağıdakılar aydın seçilir.

***

Özünün başlıca əsəri üzərində Tolstoy altı il boyunca dönə-dönə işləyib, romanın üzünü yeddi dəfə köçürüb (bu işdə Sofya Andreyevna ona çox böyük kömək göstərib). Əsərdə 500-dən artıq, bəzi fikirlərə görə, 600-ə yaxın obraz var, bunlardan aşağı-yuxarı 200-ü öz adıyla təqdim olunur. Romanın mərkəzində 1812-ci il hadisələri, yəni Napoleonun Rusiyaya hücumu zamanı baş verənlər dayansa da, obrazların tarixçələri xeyli əvvəldən – 1805-ci ildən ta 1813-cü ilə qədər izlənir. Epiloqun birinci hissəsində isə əsas qəhrəmanların yeddi il sonrakı həyatı təsvir olunur.

Əsərdə mənzərəsi çəkilmiş dövrün fonunda üç ailənin – Rostovlar, Bolkonskilər, bir də Kuraginlər ailəsinin tarixçəsi daha çox qabardılır. Roman boyu bu ailələrin yolları dönə-dönə kəsişir. Bununla belə, “Hərb və sülh”ü nə ailə romanı, nə realist roman, nə də sözün ənənəvi mənasında tarixi roman saymaq olmaz. Yazıçı üçün həyat materialı sadəcə materialdır. O materialdan nə düzələcəyi yazıçının qüdrətindən asılıdır. Sovet ədəbiyyatşünaslığının realist yazıçı kimi təqdim elədiyi Balzak bir novellasında obrazın diliylə deyir ki, sənətkar, sən həyatın üzünü köçürən miskin bir “kopyaçı” deyilsən, sən bu həyatın mənasını ifadə eləməlisən.

Biz hamının olan obyektiv dünyada yaşasaq da, bu dünyada hərənin öz dünyası var. Hər sənətkar, hər mütəfəkkir öz subyektiv dünyasının sərhədini obyektiv dünyanın sərhədinəcən genəltməyə, varlığın tək düsturunu kəşf eləməyə, yəni Tanrı olmağa çalışır. Həyat materialları, həyat hadisələri həyatın mənasına, həyatı yaradan duyğu partlayışına çəkilmiş illüstrasiyalar, bağlı qutuda saxlanan şifrələrdir. Bu şifrələri düzgün oxuyan sənətkar insan övladının ən ali məqsədinə bir az da yaxınlaşır…

Yuxarıda adını çəkdiyim ailələrin tarixçələri real həyatdan götürülüb: Rostovlar ailəsinin prototipi Tolstoyun ata nəsli, Bolkonskilər ailəsinin prototipi isə yazıçının ana tərəfdən nəslidir. Məsələn, Nikolay Rostov Tolstoyun atasının, Borodino döyüşündə aldığı ağır yaradan ölən knyaz Andrey Bolkonskinin bacısı, sonradan Nikolay Rostova ərə gedən knyajna Marya isə yazıçının anasının obrazıdır. Tolstoyun anasının qızlıq soyadı Volkonski idi, bu da, göründüyü kimi, Bolkonski familiyasından bircə hərflə fərqlənir.

Onu da deyim ki, Lev Tolstoy öz valideynlərini çox erkən – anasını iki, atasını doqquz yaşında itirmişdi, buna görə də həmişə isti ailə ocağının həsrətiylə yaşayırdı. Evliliyinin ilk illərində yazıçı özünü çox xoşbəxt sanırdı. Sofya Andreyevnadan onun 13 övladı dünyaya gəlmişdi, bunlardan beşi uşaqkən tələf olsa da, səkkizi böyüyüb boya-başa çatmışdı.

Bütün bu deyilənləri nəzərə alsaq, roman həm də avtobioqrafik xarakterli əsərdir.

***

Materialı həyatdan götürülsə də, çar Aleksandr, komandan Kutuzov, imperator Napoleon, Mürat, Baqration kimi tarixi şəxsiyyətlərin obrazı yaradılsa da, əsəri tarixi roman adlandırmaq olmaz. Konkret bir zaman aralığında konkret məkanda baş verən hadisələrdən bəhs eləsə də, “Hərb və sülh”də tarixi şərait yalnız fon rolunu oynayır, üstəlik, gerçək tarixlə yazıçı təxəyyülünün yaratdığı tarix iç-içədir. Tolstoy rus xalqının Napoleon ordusuna qarşı mübarizəsinin timsalında Tanrının işləkləri mövzusunda dini-fəlsəfi dastan yazıb. Yoxsa onun əsəri bu gün yalnız tarixçilər üçün maraqlı olardı. Məsələn, Austerlits çölündə uzanmış yaralı Andreyə baxa-baxa imperator Napoleonun dedikləri tarixi fakt deyil, ancaq inanırsan ki, elə belə də olub, başqa cür ola bilməzdi. Tarixi faktlar yazıçıya lazım olub, ancaq o, faktların arxasınca sürünməyib, hadisələrin mahiyyətinə varıb, tarixə öz yozumunu verib. Bu baxımdan “Hərb və sülh”dəki tarix Lev Tolstoyun yaratdığı tarixdir, əsərdə təpədən-dırnağa bütöv obrazı yaradılmış xalq Lev Tolstoyun yaratdığı rus xalqıdır, belə bir rus xalqı bəlkə də heç olmayıb…

Bir daha deyirəm, mövzusu o dövrdən götürülsə də,“Hərb və sülh” rus xalqının fransız işğalına qarşı mübarizəsi haqqında yox, Allahın tarix üzərində gəzişməsi haqqındadır. Hegelin fəlsəfi dillə təsvir elədiyi ilahi mənzərəni Tolstoy bizə bədii dillə göstərib (ancaq bunu deməklə bu iki dahinin dünyagörüşlərini tam eyniləşdirmirəm). Yəni Allah, Dünya Ruhu deyilən yaradıcı güc, nəhəng qüvvə Tarix deyilən yol boyunca gəzişir, gəzişdikcə cürbəcür kombinasiyalar qurur, özüylə ziddiyyətə girir, özünə qarşı gedir, özü özüylə savaşır, sonra da bu savaşdan qələbəylə çıxır.

Tolstoy təkcə xeyirin yox, şərin də Allahdan gəldiyinə inanan optimist dialektik idi – elə həmin Hegel kimi. Bu cür mütəfəkkirlər üçün kainatda bir yarpağın, bir tozun da hərəkəti təsadüf deyil – hamısı hesablanıb, hamısı ilahi qanunlarla tənzimlənir. Məsələn, Tolstoydan altı yüz il qabaq yaşamış Mövlana Cəlaləddin Rumi deyir: “Allah insanı hər nəfəsdə yenidən yaradır”. Bu, Yaradanın dünyanın işlərinə fasiləsiz müdaxiləsi deməkdir. Bu işdə Şeytan da ona xidmət göstərir – müxalif cildinə bürünmüş olsa da. Belə düşünən insan necə nikbin olmasın? Əgər hər şeyin Allahın əlində, Tanrının nəzarətində olduğuna inana bilsən, tarixi proseslərə münasibətdə də hökmən optimist olacaqsan. Belə: Allah hər şeyi bilir, nə eləyirsə düz eləyir. Yaxud da belə: Tanrı şərin olmağını ondan ötrü istəyib ki, xeyir şərə qalib gəlsin.

Tolstoyun yanaşmasına görə, insan bu tarixi kombinasiyaların əsl səbəbini dərk eləyə bilməz. Bu baxımdan yazıçı romandakı şər qüvvələri, heç Napoleonun özünü də qınamaq xətti tutmur, eləcə onların ruhi-psixoloji vəziyyətini təhlil eləməklə, şərin anatomiyasını, iç üzünü açmaqla yetinir. Roman boyu böyük yazıçı yüzlərlə personajdan heç birinin üstündən elə-belə keçmir, irili-xırdalı bütün qəhrəmanların qəlbini “rentgen şüasıyla” analiz eləyir.

***

“Hərb və sülh”ün mənasını, ideyasını, mesajlarını konkret bir zaman, ya məkan çərçivəsində dəyərləndirmək olmaz. Doğrudur, əsərdə hadisələr bəlli vaxt aralığında, bəlli bir ölkədə, qitədə baş verir, ancaq bütün bunlar, yenə deyirəm, qəhrəmanların fonu sayılmalıdır. Əgər Tolstoy öz personajlarını başqa bir dövrə, başqa bir tarixi şəraitə, Napoleon yox, tutalım, Çingiz xan imperiyasının işğalı zamanına atsaydı, romanın məzmunu, ideyası yenə dəyişməzdi.

1812-ci il savaşı Rusiya üçün ölüm-dirim məsələsiydi. Bu zaman rus xalqı böyük şər selinin qarşısında çarından kəndlisinə qədər bir vücud kimi birləşdi, hətta pozğun zabitlər də xalq qəhrəmanına, fədakar əsgərə, əzabkeşə çevrildilər.

Vətən təhlükə qarşısında olanda xalqla dövlət, xalqla ordu arasından sərhəd götürülür (ya da götürülməlidir). Məncə, Tolstoy 1812-ci il müharibəsinin təsvirində məhz bunu qabartmağa çalışıb. Dövlətin başçısı, mütləq monarx I Aleksandr sələflərinə, eləcə də öz xələfinə – qardaşı I Nikolaya baxanda çox əzazil deyildi, yeniliklərə, liberal islahatlara meyilli idi. Uzaqdan belə görünür ki, Tolstoy çar Aleksandra simpatiya ilə olmasa da, sayğıyla yanaşır.

Yeri gəlmişkən, 48 illik ömrünün sonlarına yaxın Aleksandr taxt-tacdan üz döndərib tərki-dünya yaşamaq haqda düşünürdü. 1825-ci ilin dekabrında Taqanroqda qəfil ölməsi xalq arasında belə bir şayiənin yayılmasına səbəb olmuşdu ki, guya ölən çar deyil, onun oxşarıdır; bu fürsətdən yararlanan çar isə həmin vaxtdan Uraldakı bir mağarada başqa ad altında guşənişin həyat sürməyə başlayıb, özü də ta 1864-cü ilə qədər yaşayıb.

Əsərdə çar Aleksandr Fransanın müharibəyə başladığını bal-maskaradda eşidir. Tolstoy bununla fani həyatın bizə sevinclə dərdi, nəşəylə ələmi bir qabda verdiyini göstərir.

***

Bir məsələni də diqqətə çatdırmaq istərdim: yazıçı əvvəlcə əsərin adını “Axırı yaxşı qurtaran hər şey yaxşıdır” (“Xoroşo vsyo, çto konçayetsya xoroşo”) qoymaq istəyib. Bu ad müəllifin ideyasını tutarlı ifadə eləyir. Az əvvəl dediyim kimi, Tolstoy yalnız yaxşı işlərə yox, müharibəyə, qırğına, nifaqa da, bir sözlə, olmuş-olacaq bütün hadisələrə Allah işinin tərkib hissəsi kimi baxdığına görə tarixi proseslərə nikbin yanaşırdı, sonunda hər şeyin yaxşı olacağına inanırdı. Tolstoyun yanaşmasına görə, nə baş verirsə, hamısı ilahi qüvvənin planı əsasında baş verir.

Bu baxımdan, onun yaratdığı Kutuzov obrazı da öz əslindən fərqlənir: Tolstoyun Kutuzovu varlığıyla xalq ruhunu mükəmməl ifadə eləyən, ilahi iradəyə, kainatın “ali baş komandanı” Allahın buyruğuna bir əsgər sədaqətiylə sözsüz tabeçilik göstərən, tarixi zərurət qanunlarını idrakıyla yox, qəlbiylə duyan, buna görə də təmkinini itirməyən, yersiz insan itkilərindən yayınmağa çalışan, təkəbbür, nifrət nə olduğunu bilməyən mömin pravoslav, dindar qocadır. Tolstoyun yozumuna görə, Kutuzovun gerçək qəhrəmanlığı döyüş taktikasını yaxşı bilməsində yox, məhz bu mənəvi keyfiyyətlərə yüksək səviyyədə yiyələnməsindədir.

Öz missiyasını başa vurandan sonra Kutuzov tarixi səhnədəki yerini səssizcə boşaldır, yəni ölür.

Napoleona gəlincə, Avropanın proqressiv qüvvələri, parlaq zəkaları gəncliyində onu alqışlayırdılar, onu respublikanın qoruqçusu sayırdılar. Ancaq Napoleon özünü imperator elan eləyəndən sonra çoxları ondan üz döndərdi, hərçənd Hegel kimi dahi bundan sonra da onu Allah adlandırmaqdan çəkinməmişdi. Tolstoyun Napoleonu da romanın əvvəllərində hələ insanlıq simasını itirməyib, istedadının, şəxsiyyətinin parlaqlığı hələ göz qamaşdırır, fransızlara qarşı döyüşən zabitlər də ona pərəstişlə baxırlar. Romanın sonlarında isə Bonapart yaralı vəhşiyə bənzəyir, o boyda sərkərdənin təşəxxüsündən, qürurundan, ləyaqətindən əsər-əlamət qalmır.

Əsərdəki Napoleon bütün dünyanı özünə təslim eləməyə çalışan, azad iradəsini Tanrının da, təbiətin də, xalqın da hökmündən, iradəsindən üstün tutan təkəbbürlü bir tirandır. Buna görə də Kutuzovdan xeyli gənc, enerjili, hətta bir sərkərdə kimi istedadlı olmasına baxmayaraq dünyanı titrədən fateh ona uduzur. Əlbəttə, ona yox, Napoleon onun mütiliklə iradəsinə boyun əydiyi Tanrının, bir də hər fransız əsgərinə buzdan heykəl yapan təbiətin hökmünə təslim olur.

***

Epiloqun fəlsəfi hissəsində böyük mütəfəkkir azadlıq-zərurət qarşıdurması üzərində dayanır, filosoflarla polemikaya girir. Tolstoy azadlıqla zərurətin barışmazlığı haqqında deyilənlərə qarşı çıxır, onun fikrincə, istər tarixin gedişatında, istərsə də ayrı-ayrı adamların fəaliyyətində bu iki anlayış antaqonist mövqedə durmur, əksinə, bir-birini tamamlayır. Tolstoya görə, azadlıq həyatın məzmunu, zərurət isə formasıdır. Fəlsəfi epiloqun yekununda yazıçı bu qənaətə gəlir: Yerin Günəş ətrafında fırlanmasını hiss etmədiyimiz halda bu hərəkətin reallığını təsdiqlədiyimiz kimi, insanın tarixdəki fəaliyyətinin də yalnız azadlıq qanunlarıyla idarə olunduğu fikrindən əl çəkib, ilahi iradədən hiss etmədiyimiz asılılığı qəbul eləməliyik. Tolstoyun düşüncəsinə görə, əgər insanın hərəkətini idarə eləyən tək bircə qanun varsa, iradə azadlığından söhbət gedə bilməz, insan bütünlüklə o qanuna tabe olmalıdır.

***

Fransızların hücumu zamanı xalqın bir orqanizm kimi birləşdiyini göstərmək üçün Tolstoy əvvəlki illərə aid epizodlarda bir sıra ziddiyyətlər, düşmənçiliklər yaradır. Məsələn: Pyer Bezuxov arvadı Elenlə adı hallanan Doloxovu duelə çağırır, üstəlik, ömründə birinci kərə əlinə tapança alan Pyer usta atıcı kimi ad çıxarmış zabiti yaralayır; Pyerin qaynı, pozğun həyat sürən Anatol Kuragin knyaz Andreyin bacısı, dindar, səbirli knyajna Maryaya elçi düşür, rədd cavabı alır; Doloxovla Kuragin knyaz Andreyin nişanlısı, məsum, sadəlövh Nataşa Rostovanı yoldan çıxarıb qaçırmağa cəhd göstərirlər, ancaq işin üstü açılır, bundan sonra Andrey nişanı pozsa da, Anatolu dueldə öldürmək üçün fürsət axtarır…

Xalq müharibəsi başlanandan sonra isə küsülər, düşmənçiliklər aradan qalxır, çarından tutmuş sadə kəndlisinə qədər bütün rus xalqı bir vücud (vəhdəti-vücud!) halına gəlir, hər bir hüceyrə bu vücudu yad təsirlərdən, mikroblardan qorumaq uğrunda mübarizəyə qoşulur, hər kəs başqalarını qurtarmaq üçün özündən keçməyə hazır olur. Tərbiyəsiz Doloxov savaşda böyük fədakarlıq göstərir. Ağır yaralı knyaz Andrey bir ayağını mərmi aparmış Anatolun uşaq kimi ağladığını görəndə ona rəhmi gəlir, gözlərindən yaş süzülür, düşünür ki, İsa peyğəmbərin bəşəriyyətə təlqin eləməyə çalışdığı “düşmənlərini də sev” həqiqəti elə bu imiş. Tolstoya görə, insan yalnız hamı üçün yaşayanda həyatı məna qazanır, bütün başqa hallarda həyat mənasızdır.

Hər bir böyük idealist kimi Tolstoy da bu romanda Allahın şərdən xeyir yaratmaq iksirinin düsturunu verməyə çalışıb.

***

Tolstoyun obrazı daha çox əsərdəki üç personaj – Andrey Bolkonski, Pyer Bezuxov, qismən də Nikolay Rostov arasında paylaşılıb. Rostovların evinə gedən Andreyin özündən xeyli kiçik Nataşanı görüb ona aşiq olması kimi səhnələr avtobioqrafik sayıla bilər. Pyeri naqis əxlaqlı Elenlə evləndirən Tolstoy Andreyin ölümündən sonra Nataşanı ona verməklə saf ürəkli qəhrəmanının başına gətirdiyi mənəvi fəlakətin haqqını ödəyir. Pyerlə Nataşanın evliliyi timsalında yazıçı əsl xristian ailəsinin modelini yaratmağa çalışıb. Onun Elenlə qurduğu ailə isə, necə deyərlər, ruhani birliyə söykənməyən antixristian ailəsi idi. Bu təzad, kontrast müəllifin hədəfini dəqiq göstərmək üçün əsərə salınıb – bir var ehtiras, riya üzərində qurulan haram ailə, bir də var sevgi, səmimiyyət üstündə qurulan halal ailə.

Nataşanın Andreyə ilk vurğunluğu hələ ruhani xarakter daşımır; bu, yetkinlik yaşına çatmış gözəl, duyğulu bir qızın ciddi, ağıllı, ortaboy olsa da yaraşıqlı, xarizmatik bir zabitə heyranlığından başqa bir şey deyil. Ondan da yaraşıqlı pozğun Anatol ortaya çıxandan sonra canında qadınlıq ehtirası tüğyan eləyən Nataşa hayıl-mayıl olub başını itirir. Pyerin sayəsində alınmayan uğursuz qaçış cəhdi Nataşa Rostovanın məhvinə səbəb olmur, tərsinə, onu puça çıxmaqdan qurtarır. Keçmiş nişanlısı, müharibənin ölümcül yara vurduğu knyaz Andreylə od-alov içində baş tutan görüşü Nataşanı biryolluq dəyişir, onun mənəvi dirçəlişinə, İsa peyğəmbərin buyurduğu yolla gedən cəfakeş bir rahibəyə çevrilməsinə təkan verir.

Əlbəttə, rahibə sözünü mən burda rəmzi mənada işlətdim. Yarımcan Andreylə ona qulluq göstərən Nataşanın sevgisi artıq Austerlits döyüşünün qəhrəmanı, Kutuzovun yavəri olmuş təkəbbürlü zabitlə yelbeyin kübar qızın ötəri heyranlığı deyil, misli görünməmiş bir savaşın cəhənnəmindən keçmiş iki yetkin şəxsiyyətin, iki kamil ruhun bir-birinə toxunuşudur. Bu mistik təmas yer üzündəki təyinatını Nataşa Rostovaya biryolluq anladır. Knyaz Andrey aldığı yaradan sağalmasa da, Nataşa bütün sonrakı həyatını onun ruhunun kölgəsində keçirir. Savaş bitəndən sonra Andreyin dostu, ruh ekizi Pyerlə Nataşa gerçək bir xristian ailəsi qurub mömin həyat yaşayırlar.

***

Tolstoyun nəzərində ideal qadın ərini ilahi eşqlə, xristian məhəbbətiylə sevən, ona qeyd-şərtsiz təslim olan, öz varlığını sevdiyinin varlığında əridib itirən, ailəsi, övladları üçün yaşayan qadındır – Nataşa kimi, knyajna Marya kimi, “Anna Karenina”dakı Kiti kimi.

Çexovun “Qadası” adlı hekayəsi var. Hekayənin qadın qəhrəmanı başqa-başqa peşələrin yiyəsi olan üç-dörd ərə gedir, hər dəfə də ərinin problemləriylə yaşayır, onların diliylə danışır, bir sözlə, oxucu hekayə boyu qadının özünü yox, onun kişilərdə (daha doğrusu, kişilərin onda) əks olunan surətini görür. Qəti şübhəm yoxdur ki, Çexov bu hekayəni Tolstoyla polemika zəminində, onun ideal qadınlarının halına gülmək (əslində acımaq) məqsədilə, o qadınların gerçək obrazını ironik-faciəvi planda sərgiləmək üçün yazıb. Çexovdan ötrü həyatda belə bir ideal yox idi, onun dünyagörüşü Tolstoydan çox fərqlənirdi. Tolstoy isə Çexovun istehza hədəfinə çevirdiyi qadını gerçək qadınlıq örnəyi sayırdı, onun fədakarlığına heyran qaldığını gizlətmirdi.

***

Əsərdə baş qəhrəmanı müəyyənləşdirmək çətindir. Ancaq iki baş qəhrəmandan birinin, bəlkə də birincisinin Andrey Bolkonski olduğunu desəm, yəqin yanılmaram. Onun atası adlı-sanlı zadəgan, istefada olan hərbçi, Kutuzovun cavanlıq dostudur; kənddəki mülkündə zahidanə həyat yaşayır, cəmiyyət içinə çıxmır.

Knyaz Andrey müharibəyə çağırış alanda hamilə arvadını kəndə aparıb atasına tapşırır. Liza, çox güman, Andreyin sevdiyi qadın deyil, ancaq onu Andreyin sevmədiyi qadın saymağa da dəlilimiz çatmır. Doğuş zamanı can verən cavan arvadının üzünə baxanda sərt, cod Bolkonskinin ürəyindən keçən şəfqət, mərhəmət duyğusunu Tolstoy misilsiz ustalıqla qələmə alıb (buna bənzər bir səhnə Heminqueyin “Hindu qəsəbəsi” hekayəsində də var). Andrey olsun ki, Lizanı nə vaxtsa sevib, ancaq onların həyatının bu mərhələsi əsərdə təsvir olunmayıb. Knyaz Bolkonski romanın birinci yarısında ümumiyyətlə nikahın, evliliyin əleyhinə çıxır, özündən gənc dostu Pyerə də evlənməməyi məsləhət görür.

Romanın birinci cildi Austerlits döyüşündə knyazın ağır yaralanmasıyla bitir. Döyüşdən əvvəl Andrey müharibəyə bir Napoleon iddiasıyla, şan-şöhrət üçün, üzünü belə görmədiyi, heç vaxt da görməyəcəyi adamlara özünü tanıtmaq üçün qatıldığını daxili monoloqunda etiraf eləyir. Ancaq Austerlits çölündə yaralı-yaralı arxası üstə uzanıb göyə, göyün dərinliyinə, sonsuzluğuna baxanda özünün şöhrət arzusu da, bütün bu qaçhaqaçlar, qovhaqovlar, müharibələr, qırğınlar da ona çox mənasız, puç görünür. Bu məqam qəhrəmanın qəlbindəki təbəddülatın başlanğıcı olur.

Sağalandan sonra evə qayıdan Andrey arvadı Lizanın doğuşu ərəfəsində kəndə çatır. Doğuş çox ağır keçir, Liza onu tanımır. Uşaq qurtulsa da, anası doğuşdan salamat qurtarmır. Qadının üzündəki əzablı ifadəni knyaz Andrey belə oxuyur: “Siz mənim başıma nə oyun açdınız, axı mən sizə nə pislik eləmişdim!..” Bu “oxunuş” döyüşlərdən çıxmış gənc zabitin, Kutuzovun yavərinin ürəyində silinməz iz qoyur, onu sarsıdır (“Hindu qəsəbəsi” hekayəsində ağır doğuş keçirən qadının əri onun əzablarına dözməyib dinməzcə damarını doğrayır). Bununla da Andreyin həyatdan küskün, bədbin günləri başlanır.

***

Bir gün Bolkonskinin gənc dostu Pyer Bezuxov onlara gəlir. Pyer qraf Bezuxovun qanunsuz oğlu olur, atasının ölümü ərəfəsində Avropadan Peterburqa qayıdır, yerli zadəgan balalarına qoşulub tüfeyli həyat sürür, axırda da atasının vəsiyyətinə görə bir günün içində ölkənin ən varlı adamlarından birinə çevrilir. Bunun ardınca Pyer tamahkar Kuraginlərin gözəllikdə ad çıxarmış qızı Elenlə evlənir, ancaq xoşbəxt olmur.

Gənc Bezuxov da dostu kimi daim düşünür, özünü, öz arzularını, istəklərini analiz eləyir, bir sözlə, həyatın mənasını axtarır, çünki beləsi həyatda bir məna tapmadan yaşaya bilməz. Meşədə iki dostun maraqlı söhbəti olur. Andrey deyir mən dünyada iki şər tanıyıram: bunlardan biri vicdan əzabı, o biri xəstəlikdir; insan gərək bu iki şərdən qoruna-qoruna özü üçün yaşaya. Pyeri dostunun mövqeyi təəccübləndirir, deyir insan yalnız özü üçün necə yaşaya bilər, axı biz hamımız bir bütövün zərrəsiyik. Onlar çayın qırağına enib bərəyə minirlər, Bezuxov sözünə davam eləyib deyir mən bu dar zamanda, beş qarış torpağın üstündə yaşayan mən deyiləm, mənə elə gəlir həmişə olmuşam, həmişə də olasıyam. Andrey ona xəfif istehzayla belə cavab verir: hə, Herderin fəlsəfəsində belə bir şey var.

Pyer bütün dünyaya açılmaq, kainatın içinə girmək, dünyanın ruhuna qovuşmaq eşqiylə alışıb yanır, ancaq Andrey özünə qapılıb, zahidlik sevdasına düşüb. Pyerin dediklərinin astar üzü mənə zen-buddist müdriklərindən birinin kəlamını xatırladır: “Bizim ömrümüz əbədi yoxluğumuzun arasında qısa fasilədir”. Niyə astar üzündən dedim? Çünki ənənəvi idealist filosoflar bu kəlamı tərsinə çevirib belə ifadə eləyərdilər (elə Pyer Bezuxov da bunu deyir): “Bizim həyatımız əbədi varlığımızın arasında qısa fasilədir”. Xatırlayırsızsa, Həzrət Əlinin də belə bir kəlamı var: “Mən doğulduğum gün öldüm”. Qədim stoiklər də deyirdilər ki, insan ana bətninə düşdüyü andan ölməyə başlayır. Tolstoyun “İvan İliçin ölümü” povestinin sonunda da belə bir cümlə var: “Ölüm qurtardı, daha ölüm yoxdur”. Bütün bunlar Pyerin dediklərinə qüvvət verir: yəni biz ölümsüz həyatdan ölümlü həyata düşmüşük, bu həyat boyu ölüm bizi müşayiət eləyir, ölməyincə ölümdən can qurtarmaq olmur.

Romanın dördüncü cildində, knyaz Andreyin əcəllə əlləşdiyi səhnədə belə bir məqam var: o, ölümün gəlişini yuxuda görür, qapını bütün qüvvəsiylə arxadan itələyib ölümü içəri buraxmamağa çalışsa da, gücü çatmır, qapı üzünə açılır. Bu zaman knyaz yuxudan ayılıb öz-özünə deyir: “Mən öldüm, ölən kimi də oyandım. Bəli, ölüm ayılmaq, oyanmaq deməkdir”.

***

Pyerin dedikləri knyaz Andreyin könlündə yeni həyat toxumları əkir, ancaq bu toxumlar hələ bir müddət sonra cücərəcək (Bu yerdə Mövlananın Şəms Təbrizi ilə görüşü haqda dediyi yadıma düşür: “Yanan şam yanmayan şama toxunub keçdi”).

İkinci cilddə yaz ağzı Andreyin güzarı Rostovların evinə düşür. Meşədən keçən yolun qırağında bir qoca, nəhəng palıd onun diqqətini çəkir. Cavan ağaclar pöhrələməyə başlasa da, qoca palıd qupquru əzəmətiylə onların sevincinə yuxarıdan aşağı baxır, elə bil deyir: bahar da, yaşıllıq da həyatın aldanışlarıdır, sizin baharınız daha məni aldada bilməz. Knyaz Andrey özüylə o palıd arasında bir bənzərlik tapır. Düşünür ki, heç nə arzulamadan, heç bir həyəcan keçirmədən, pislik eləmədən qalan ömrü hüzur içində birtəhər yola vermək lazımdır.

Rostovların evində qonaq qaldığı gecə knyaz Bolkonski pəncərəni açanda yuxarı mərtəbənin aynasından aylı gecənin seyrinə dalan 16 yaşlı Nataşanın Sonyaya dediklərini eşidir. Qızın saf romantik duyğuları Andreyi də yoluxdurur, Pyerlə görüşdə onun qəlbinə əkilmiş eşq toxumları o gündən yavaş-yavaş cücərməyə başlayır.

Qayıdanbaş Andrey yenə həmin palıdın yanından keçəndə görür ağac əməlli-başlı pöhrələyib, qoca palıd ölümə meydan oxuyur. Öz-özünə deyir, yox, 31 yaşında ömrə xitam vermək olmaz, həyat bizim üçün hələ qurtarmayıb… Daha sonra o, Nataşa ilə nişanlanır.

Ancaq Pyerin o məlum görüşdə dediklərini tam dərinliyilə Andrey yalnız ölüm ayağında duymağa başlayır. O düşünür ki, ölməklə öz əbədi mənbəyinə qayıdacaq.

***

Əsər boyu böyük epoxal hadisələrin fonunda Tolstoy hər iki dostun taleyini diqqətlə izləyir. Pyerin Yelena Kuragina ilə ailə həyatı alınmır, çünki Kuraginlər ailəlikcə pozğun həyat sürürlər. Tolstoy Elenin içiylə çölü arasında təzadı dərinləşdirmək üçün onu olduqca gözəl, yaraşıqlı qadın kimi təsvir eləyir.

Müharibənin qızğın çağında Pyer ümumi işdən qıraqda qalmamaq üçün savaş meydanına getməyi qərara alır. O, belə bir məqamda yalnız özündən ötrü, yalnız öz həyatıyla yaşamaq istəmir. Borodino döyüşü qabağı Pyer frakını geyinib, şlyapasını başına qoyub özünü cəbhənin ön xəttinə vurur. Əsgərlər, zabitlər bu qəribə adama baxıb gülürlər. Savaşdan qabaqkı axşam o, knyaz Andreylə görüşür, onların ikilikdə maraqlı söhbəti olur.

Döyüşdən sonra Pyer əsir düşür. Savaş meydanında, əsirlikdə gördükləri, çəkdikləri, əsir düşmüş günahsız insanların gözü qabağında güllələnməsi onun həyat eşqini öləzidir. Pyeri Platon Karatayev adlı sadə rus kəndlisiylə bir anbarda saxlayırlar. Rus xalqının dini inancının, el müdrikliyinin parlaq ifadəçisi, folklor yaddaşının canlı saxlancı olan mujiklə ünsiyyət Pyerə çox güclü təsir göstərir. Onun qəlbində yenidən ruhani duyğular oyanır. Cismi dustaq ola-ola Pyerin ruhu dünyaya açılır, əsirlikdə ola-ola Pyer yenidən azadlığına qovuşur (paradoks!).

***

Romanın dördüncü cildində belə bir məqam var: Bezuxov düşərgədən azacıq qırağa çıxmaq istəyəndə fransız əsgəri onun qarşısını kəsir. Fikirli-fikirli geri qayıdan Pyer birdən dəli kimi gülməyə başlayır. Yan-yörəsindəkilər ona heyrətlə baxır, bir şey anlamırlar. Pyer gülə-gülə belə deyir: “Əsgər məni buraxmadı. Tutdular məni. Əsir saxlayırlar. Kimi? Məni? Məni! Mənim ölməz ruhumu! Ha-ha-ha!” Daha sonra Pyer aydınlıq gecədə işaran ulduzlara baxıb vəcdə gəlir: “Axı bütün bunlar mənimdir, bütün bunlar məndədir, bütün bunlar mənəm!” Bu vəcd məqamında Pyer özünü həyatın, kainatın təkcə bir parçası, zərrəsi kimi yox, həm də yiyəsi kimi hiss eləyir. Bu məqam mənə məşhur sufi şeyxi Bayəzid Bəstaminin “Sübhanam! Sübhanam!”, başqa bir məşhur sufi şeyxi Həllac Mənsurun “Ənəlhəq” dediyi məqamları xatırladır.

Əsirlikdə Pyer yuxu görür. Yuxuda İsveçrədəki müəllimi büllur damcılardan ibarət bir qlobusu ona göstərib deyir: budur həyat. Qlobusun üzərindəki şəffaf damlalar sayrışa-sayrışa bir-birində əks olunur, damcılar böyüyüb-kiçilir, biri o birini sıxışdırıb sıradan çıxarır, sıradan çıxanın yerini bir başqası tutur, hamısı da qlobusun ortası, özəyi kimi görünən Allahı daha yaxşı güzgüləndirməyə çalışır. Bu məqam da mənə XII əsrdə yaşamış dahi sufi şair Fəridəddin Əttarın “Məntiqüt-teyr” (“Quşların söhbəti”) əsərinin sonluğunu xatırladır: quşların şahı (yəni Allahı) Simurqu görmək eşqiylə Qaf dağına qədər uçub mənzilə yetişən otuz quş anlayır ki, Simurq elə bir-birində əks olunan bu quşların vəhdəti deməkmiş (farsca: se+morğ)…

***

Pyer Nataşa ilə evlənəndən sonra Andreyin atasız qalmış oğlu da onların yanında böyüyür. Beləcə, Pyer Bezuxov təkcə öz həyatını yox, dostu Andrey Bolkonskinin də qırılmış ömrünün davamını yaşayır, yəni iki ruh bir bədəndə qovuşur. Ölmüş dostunun nişanlısıyla ailə quran Pyer öz canında iki ruh gəzdirir, o bəlkə də öz ömründən çox könül dostunun ömrünü yaşadır. Knyaz Andreyin ruhu daim onların arasında dolaşır. İllər öncə “Ehsan” adlı hekayəmdə yazmışdım – bir bədənə iki ruh olduqca faydalıdır.

Orxan Pamukun “Qara kitab”ında da buna bənzər bir sonluq var: Qalib Cəlalın həyatının, yazılarının içində eşələnə-eşələnə yavaş-yavaş cəlallaşır, axırda hətta onun kimi, onun əvəzinə düşünməyə, Cəlalın yerinə yazı yazmağa başlayır.

***

Ənənəvi müsbət-mənfi qəhrəman prizmasından yanaşsaq, Nikolay Rostov, əlbəttə, mənfi obraz deyil. Unutmayaq ki, onun prototipi yazıçının atasıdır. Xırda qüsurlarına baxmayaraq Rostovun savaşın şıdırğı yerində “Eşq olsun bütün dünyaya!” kimi təmtəraqlı şüar səsləndirməyə yetəcək qədər təmiz ürəyi var. O, gerçəkdən həyatsevər, dünyasevər oğlandır. Sonda özünün antipodu olan mömin, dindar knyajna Marya Bolkonskaya ilə evlənməsi sonradan bütün dünyanın Lev Tolstoy adıyla tanıyacağı bir dahinin palçığının yoğrulmasında ana təbiətin istifadə elədiyi iki fərqli məhlula, iki fərqli tərkibə işarədir: Nikolay nə qədər şən, rindanə fiqurdursa, knyajna Marya da bir o qədər zahidanə, rahibanə obrazdır. Andrey Bolkonskinin bacısı monastıra getməliykən Nikolay Rostova ərə gedir.

Əgər Andrey sağ qalıb Nataşa Rostova ilə evlənsəydi, bu izdivac baş tutmayacaqdı. Tolstoy bu əlaqələri çox ustalıqla tənzimləyib, sanki romanda özünün dünyaya gəlişi üçün zəmin hazırlayıb. Əsərin axırlarına yaxınlaşdıqca hiss eləyirsən ki, roman bitəndən sonra möcüzə baş verəcək – dünyaya Lev Tolstoy kimi bir dahi gələcək.

***

Əsərdə obrazların çoxluğuna görə Tolstoyu tənqid eləyənlər haqlı deyillər. “Hərb və sülh” roman-epopeyadır, burada yüzlərlə personajın olması təbiidir. Ona qalsa, “Sakit Don”dakı surətlərin sayı bundan da çoxdur. Əsas budur, Tolstoy irili-xırdalı bütün obrazların ürəyini oxuya bilib.

“Hərb və sülh”ün forması bu əsərin məzmununun boyuna biçilib. Roman öz dövrü üçün yeni formada, yeni üslubda yazılıb. Tolstoy bu kitabda rus xalqının bir neçə illik həyatının timsalında bəşər tarixinin mühüm məsələlərinə aydınlıq gətirməyə çalışıb. Belə olmasaydı, roman Rusiyadan kənarda da böyük maraqla qarşılanmazdı. Əminəm: əsərin uzunçuluğundan gileylənənlər onun ideyasını, məzmununu lazımınca qavramayıblar. Məsələn, epiloqun ikinci – nəzəri-fəlsəfi hissəsini çıxarıb atsan, zahirən heç nə dəyişməz, ancaq bu bölmə əsərin dadına bir ayrı dad qatır, ideyanı, məzmunu daşa-qayaya həkk eləyir, yazıçının ədəbi-fəlsəfi niyyətini bir növ legitimləşdirir, çoxyozumluluğa yer qoymur – bəzi yazıçıların, xüsusən də modernistlərin bədii məziyyət hesab elədiyi bu cəhəti Tolstoy ədəbi əsər üçün məqbul saymırdı.

Tənqidə gəlincə, mən Tolstoyun fəlsəfi baxışlarıyla polemikaya girərdim. Ümidvaram Lev Nikolayeviç mənim bu cəsarətimi öz böyüklüyünə bağışlayar…

***

Qabriel Qarsia Markes ötən əsrin 70-ci illərinin sonunda Moskvada olanda verdiyi məşhur müsahibəsində belə demişdi: “Rus yazıçıları arasında ilk dəfə mən, əlbəttə, Dostoyevskini tanımışam. Ancaq məndən bütün dünya ədəbiyyatından yalnız bircə nəfəri seçməyi istəsəydilər, mən rus yazıçısı Tolstoyu seçərdim. Məncə, “Hərb və sülh” bəşər tarixinin şah əsəridir”.

Mənə gəlincə, Markesin sözlərini bir balaca redaktə eləməklə belə deyərdim: “Mən Dostoyevskinin dünyanın ən böyük yazıçısı olduğunu deyənlərlə razıyam. Ancaq mənə bütün dünya ədəbiyyatından tək bircə roman seçməyi təklif eləsəydilər, düşünmədən “Hərb və sülh”ün adını çəkərdim”. Bu sanbalda əsəri nəinki yazmaq, heç oxumaq da hələ-hələ hər adama qismət olmur.

“Yeni Azərbaycan” qəzeti

Mənbə:Dünya nəsrinin şah əsəri

Müəllif: Fəxri UĞURLU

FƏXRİ UĞURLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru