Bütün titulları adından sonra gəlir
Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost….
Rəşad Məcid… Təqdimata ehtiyacı olmayan adam. Tanıyan da, tanımayan da onu özünə dost bilir. O da tanıdı, tanımadı hər bir azərbaycanlıya dost münasibəti göstərir.
Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü…
Bu yazı Rəşad Məcidin 55 yaşı tamam olanda doğum günü müasiəti ilə hazırlanıb.
Rəşad Məcidin ən qəribəliyi odur ki, adam onun yaşı barədə düşünə bilmir. Elə bilirsən ki, yaşca ondan kiçik və böyük adam yoxdur.
Unikal adam, yararlı adam, ağayana adam… Uşaqla uşaq, yaşlı ilə yaşlı adam…
Jurnalist Rəşad Məcid…
Hidayət Elvüsal: “Öncəliklə təbrik edirəm. Rəşad Məcid çox bacarıqlı insandır. Deyəsən şeir də yazır, amma yazmasa yaxşıdı (gülür). Yazıçı kimi də onun fəaliyyətini yaxşı qiymətləndirirəm. Rəşad yaxşı oğlandı. Düzünü deyim, yazılarını oxumamışam, amma bacarıqlı şəxs kimi tanıyıram. Rəşad olduqca xeyirxah və mehribandı. Hər kəsə, xüsusilə gənclərə kömək edir. O, jurnalistlərin, həmçinin gənc yazarların əlindən tutur. Yazılarını oxumamağıma baxmayaraq, Rəşada böyük hörmətim var, dostumuz-qardaşımızdı. Zarafatları kənara qoyum, Rəşad doğurdan çox yaxşı oğlandı, mən onun xətrini çox istəyirəm. Rəşadın ən çox sevdiyim xüsusiyyəti məhz gənclərə yardım göstərməsidir. O insan ki, gənclərə yardım göstərir, sadəcə oturduğu vəzifəni, özünü düşünmür, deməli o, əsl insandı. Rəşad həmçinin Yazıçılar Birliyinin katibidir və orda da gənclərdən öz yadımlarını əsirgəmir. Harda olursa olsun, Rəşad xeyirxah biri kimi tanınır.
Mənim 70 yaşım var. Ona arzu edirəm ki, mənim yaşıma gəlsin çatsın, sonrasına Allah kərimdir”.
Azadə Balayeva: “Rəşad Məcid “525-ci qəzet”dəki fəaliyyəti ilə jurnalistikada nə qədər böyük işlər gördüyünü ortaya qoyub. 525-ci qəzet neçə-neçə insanlar üçün məktəb olub. “525-ci qəzet”in yetirmələri olan jurnalistlər hazırda Türkiyənin də media orqanlarında uğurlu fəaliyyət göstərirlər. Rəşad Məcidi tək jurnalist kimi deyil, bir rəhbər kimi, dost kimi xarakterizə etmək istərdim. Çünki mən Rəşad Məcidlə eyni redaksiyada çalışmışam. 1990-cı illərdə-universitetdən məzun olduğumuz illərdə ən böyük arzularımızdan biri “525-ci qəzet”də işləmək idi. 4 il Rəşad bəylə eyni redaksiyada çalışdım. Jurnalistika fakültəsində necə mühit var idisə, “525”də də elə mühit var idi. Rəşad Məcid redaksiyada rəhbər-işçi münasibəti deyil, dostluq münasibəti yaratmışdı.
Biz Rəşad Məcidlə sirrimizi bölərdik, o da böyük qardaş kimi hər zaman bizim yanımızda olardı. Burdan təbriklərimi çatdırıram”.
“525-ci qəzet”in əməkdaşı, jurnalist Türkan Turan: “Rəşad Məcidlə bağlı günlərlə, aylarla, hətta bir ömürboyu danışa bilərəm. Yəni onu bir-iki cümləyə sığdırmaq çətin məsələdir. Amma yenə də “iki cümlə ilə söyləyin” desəniz, belə cavab verərdim:
Rəşad Məcid bütün hallarda, hər məqamda sığınıla biləcək qala kimi adamdır. Şükür, təşəkkür, minnətdarlıq səbəbidir. Sağlam və sevgi dolu 55 diləyirəm”.
Şair, yazıçı Rəşad Məcid…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı Musa Urud:
“Rəşad Məcid Azərbaycanın tanınış qələm adamı, söz adamıdır, Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan adamdır. Gənclərin inkişafında, formalaşmasında Rəşad Məcidin böyük rolu var. Olduqca istedadlı şəxsdir, onun gözəl şeirləri, hekayələri, gözəl publisistikası var. Onun yaradıcılğı şaxəli və genişdir. Eyni zamanda Rəşad Məcid ictimai-siyasi xadim kimi də Azərbaycanın ictimai həyatında öz yeri, öz sözü olan bir şəxsdir və daim fəal vətəndaş mövqeyində olan bir ziyalımızdır. Bu mənada Rəşad Məcidin həm yaradıcı fəaliyyəti, həm ictimai-siyasi fəaliyyəti hesab edirəm ki, hər kəs üçün gərəklidir. Rəşad Məcid olduqca səmimi bir insandır, hər kəslə ünsiyyət qura bilən, dostluq edə bilən, hər kəsə qapısı açıq olan bir insandır.
Rəşad Məcidi ürəkdən təbrik edirəm, ona ümum yaradıcılıq uğurları arzulayıram. Şəxsi həyatında da can sağlığı və xoşbəxtlik arzulayıram”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca: “Rəşad Məcid aktiv yaradıcılıqla məşğul olan yazıçılarımızdandır. Hazırda daha çox jurnalist kimi fəaliyyət göstərir, amma orda da yaradıcılıq qabiliyyəti, yazıçılığı onun köməyinə çatır. Daha çox gənclərlə, gənc qurumlarla işləyir, yanına daha çox gəncləri alır və onlar üçün bir məktəb olur. Bu çox böyük işdir. O, gənc yazıçıları gələcəyə hazırlayır, onların yazılarını qəzetdə oxuculara təqdim edir.
Rəşad Məcid həmçinin Yazıçılar Birliyində də çox aktiv çalışır, yaxşı işlər aparır. Bildiyiniz kimi, “525-ci qəzet”in baş redaktoru kimi uğurlu fəaliyyəti ilə də öz sözünü deyib və deyir. Ona uzun ömür, can sağlığı və xoşbəxt gələcək arzulayıram”.
Yazıçılar Birliyinin üzvü, gənc yazıçı Kəramət Böyükçöl: “55 yaşı tamam olmağına baxmayaraq, Rəşad Məcidin fəaliyyəti Yazıçılar Birliyinin gənclər üzrə katibi kimi hələ də gənclərlə münasibətdən ibarətdir. Mənim Rəşad Məcidlə bağlı ədəbi-ictiamai mühitdə kəskin tənqidi yazılarım da olub, amma o, müəyyən zaman keçəndən sonra haqqında tənqidi yazı yazdığım adamlar içində məndə peşmançılıq hissi yaradan bəlkə də yeganə adamdır. Təbii ki, insan gənc, emosional ola bilər, insanı səhv tanıya bilər. Amma tək mən yox, zamanla onun haqqında tənqidi fikir söyləyən istər gənc, istər yaşlı nəslin nümayəndələri vaxt keçdikcə Rəşad Məcidin yaxşı insan olduğu qənaətinə gəliblər. Rəşad Məcid kinsiz insandı, bütün yönləri ilə yaradıcıdır. Mən hesab edirəm ki, zaman, tale Rəşad Məcid kimi insanlara daha çox ömür verməlidir. Anar müəllimi başa düşürdüm ki, həmişə bir yerdə olublar deyə Rəşad Məcid haqqında daim xoş sözlər deyir, amma Ramiz Rövşənin Rəşad Məcidi dərindən çox istəməsini heç vaxt anlamırdım. Müəyyən zaman keçəndən sonra mən Ramiz Rövşənin Rəşad Məcid haqqındakı fikirlərini başa düşə bildim.
Rəşad Məcid yaşından fərqli olmayaraq – 30, 40, 50, 55 yaşında da həmişə qaynar ədəbi mühitin içində olub, fəaliyyəti dayanmayıb. Həmişə fikirləşmişəm ki, niyə görə dünənin uşağı onun haqqında sərt fikir söyləyəndə Rəşad Məcid həmin gəncə də cavab verib. Belə baxanda, yuvarlaq götürsək, mənim 30 yaşım var, amma mən daha eqositəm. Mən hətta deyərdim: “O kimdir ki, mən ona cavab verim?!”. Rəşad bəyin isə içində belə şey yoxdur.
Mən Rəşad Məcidə burdan parlaq ömür arzulayıram. Mənə elə gəlir ki, onu ancaq sevmək olar”.
Dost Rəşad Məcid…
Milli Məclisin deputatı Aqil Abbas: “Rəşad Məcid tək kəlməylə dostluğun rəmzlərindən biridir. Sədaqətli, dostcanlı insandı və həmçinin böyük nəslin nümayəndəsidir. Rəşad Məcid gözəl şair, yazıçı və gözəl redakatordur. Əsas odur ki, atasına layiq oğul, babasına layiq nəvə, dostlarına layiq dostdur.
Əvvəllər Rəşadın bir maşını var idi, onda mənim maşınım yox idi. Lakin onun maşını həmişə məndə olurdu. Ağdama gedəndə həmişə onun maşınını sürürdüm. Maşının markası “Vaz 2106” idi. Tez-tez həmin maşınla gəzməyə, yeyib-içməyə gedərdik. Arzum o olardı ki, indiki “Mersedes”lərimiz olmazdı, eybi yox, amma yenə o “Vaz 2106” ilə bulağa istirahətə gedərdik”.
Jurnalist, teletənqidçi Qulu Məhərrəmli: “Rəşad Məcid müasir mətbuatımızın ən parlaq simalarından biridir, çox gözəl redaktordur. “525-ci qəzet” indiki şəraitdə hadisələrə elə ölçülərlə yanaşır ki, onu mətbuatın önəmli nümunəsi kimi nəzərdə saxlayırıq. Əlbəttə, bu 15-20 il öncəki “525” deyil, amma Rəşad Məcid düşüncə etibarı ilə 15-20 il əvvəlin Rəşad Məcididir. O, hadisələrə yanaşma tərzi, intelektual cəhətləri ilə insanları ünsiyyətə cəlb edən xüsusiyyətlərə sahibdir. Onun həm şəxsi keyfiyyətləri, həm ictimai düşüncəsi bizim dövr üçün çox gərəklidir. Rəşad Məcid həm də Yazıçılar Birliyinin katibidir və o istiqamətdə də çox qiymətli işlər görür. Gənc yazarların müəyyən platformada birləşməsində Rəşad Məcidin çox böyük rolu var.
Mənim üçün Rəşad Məcid həm də dar gün dostudur. İstənilən çətin vəziyyətlərdə adam onu həmişə yanında görür. O, çox səmimi insandır. Hesab edirəm ki, belə adamlar Azərbaycanda barmaqla sayılası qədərdir. Yəni müəyyən dəyərlər var ki, RəşadMəcid həmişə onlara sadiq qalır. Biz onunla çox səfərlərdə olmuşuq, bizim onunla dərin yoldaşlığımız olub. Mən hesab edirəm ki, özü kimi məcid ailədəndir. Rəşad Məcid xalq dəyərlərini həmişə özündə saxlayır. Lakin bəzi müasirlərimiz kimi Rəşad Məcidin də bəxti o mənada gətirməyib ki, bu zamanda və bu cəmiyyətdə yaşayır. Ona görə ki, bu zaman və cəmiyyətdə yaşamağın spesifik çətinliyi var və Rəşad Məcid də bu çətinliklərdən əziyyət çəkən adamlardandır. Amma bütün bunlarla yanaşı o, bizim mətbuatın ən parlaq, istedadlı insanlarından biridir.
Rəşad Məcidin doğum gününü təbrik edirəm. Onun həmişə xoş sədasını eşitmək istəyirəm. Onun daim belə dostluğa və dəyərlərə bağlılığını, sadiqliyini görmək istəyirəm. Hesab edirəm ki, Rəşad Məcid özünün həm şəxsi dəyərləri, şəxsiyyəti ilə gənclərə nümunədir”.
İlkin mənbə: /modern.az/
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
VAQİF POEZİYA GÜNLƏRİ 2023
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru