
Halal təltif, halal təbrik!
26.07.2023 – cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, görkəmli şair Güləmail Murad Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası poeziyasına göstərdiyi böyük xidmətlərə görə akademiyanın “Qızıl ulduz” medalı ilə təltif olunmuşdur. Bu münasibətlə bədii – fəlsəfi düşüncəmizin aparıcı simalarından olan Güləmail Muradı təbrik edir və bir neçə cümlə ilə şairin yaradıcılığına işıq salmaq istəyirəm.
Bu gün ədəbiyyatımızda bir tıxac var və bu tıxac həqiqi yazarların qarşısına sədd çəkir. Həqiqi yazar deyəndə mənim təsəvvürümdə yaradıcılığı ümumbəşəri dəyərlər fonunda inkişaf edən, vətəninə bağlı, mətnində poetik sanbal və milli kolorit aydın seçilən yazarın portreti canlanır. Bu gün bu portreti ədəbiyyatımızda 44 günlük zəfər savaşından sonra bir çox şairlərin yaradıcılığında görmək mümkündür. Tarix ən doğru hakim, yazılarımız isə o hakimin qarşısında müttəhimdir. Bu fikri niyə söylədim? 1992- ci il – 2020 – ci il aralığında yaranan ədəbi nümunələrdə hakim olan pasifizm cəbhədəki uğursuzluğumuzun üstünə sanki bir pərdə çəkmək istəyirdi. Həmin zaman kəsiyində yaranan bədii mətnlərə diqqət edəndə “bizə müharibə lazım deyil”, “biz müharibə istəmirik” fikri ilə çıxış edərək mübarizlik ritorikasını bir kənara qoymuş yazarların ciddi say fərqini görürsən. Bu mənzərə 2020 – ci il sentyabrın 27-dən başlayaraq, noyabrın 10 – a qədər davam edən zəfər savaşı tariximizə qədər çox da uzaq olmayan ədəbiyyat arxivlərinə baxsaq, məlul-məlul üzümüzə baxar. Ali Baş Komandanımızın rəhbərliyi, şücaətli ordumuzun cəsarəti ilə adımızı dünya xalqları içərisində qalib xalqlar cərgəsində yazdırandan sonra ədəbi mənzərə də dəyişdi. Xalqın qəlbindəki qürur, qələbə sevinci mətnlərdə dil açdı. Ədəbiyyatda zəfərimizin tərənnümünə, təsvirinə geniş şəkildə diqqət ayrıldı. Düzdür, ədəbiyyat hələ ki müharibəyə uduzur. Müharibədəki qələbəmizi ədəbiyyatımızda tam şəkildə canlandıra bilməmişik,amma az da olsa, bütün yazarlar bu müqəddəs amal uğrunda zehninlərini məşğul edirlər.
Qəhrəmanlıq tariximizi öz obrazlı düşüncələri ilə ləyaqət və cəsarətlə tərənnüm edən yazarlardan biri də Güləmail Muraddır. Onu bir çox müasirlərindən bir cəhət fərqləndirir : şair istər atəşkəs, istərsə də müharibə dövründə şəhidlərimiz, Azərbaycaının Milli Qəhrəmanları , Sovet İttifaqı Qəhrəmanları, elmimizə və ədəbiyyatımıza qiymətli töhfələr vermiş aydınlarımız haqda bədii dəyərini hər zaman qoruya biləcək gücdə olan mətnlər ortaya qoydu. Heç zaman qələbəyə olan inamından dönmədi. Yeri gəldikcə cəbhə xəttində sözü ilə döyüşdü, arxada milləti milli ruha kökləməkdə maarifləndirici mövzuları fəlsəfi düşüncə çalarları ilə zərifliklə işlədi. Elə zəfər savaşımızın ilk günlərində cəbhədə Azərbaycan xalqının ən yaxın dostlarından olan telejurnalist Fulya Öztürklə bir verilişdə müharibə mövzusunda söhbətləri,əsgərlərimizi döyüşə ruhlayan şeirlər səsləndirməsi , bəlkə də, ayrı mövzudur, amma bunu ona görə qeyd edirəm ki, Güləmail Muradı təkcə AYB-nin binasında iş masasının arxasında görənlər bilsinlər. Bilsinlər ki, Güləmail Murad Tovuz döyüşlərindən sonra “Tovuz döyüşləri” kitabını qələmə almaq üçün məhz həmin hadisə yerinə getmiş, bir neçə gün orada qalmışdır. Bu, şairdən həm də cəsarət tələb edir. Cəsarətli qələm adamı olan müəllif həyatında çox ilklərə imza atıb. Bu ilklərdən biri də Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, “Güləmail Murad Yapon ədəbiyyatı nümunələrindən: Vaka və haykulardan istifadə edən ilk azərbaycanlı qadın yazarımızdır”.
Çağdaş ədəbiyyatımızın istedadlı və cəsarətli qələm adamı, yorulmaq bilmədən bədii fikrin milli ruhda inkişafını təmin etmək üçün gecəsini- gündüzünü xərcləyən müəllif azərbaycançılıqla yanaşı, türkçülük məfkurəsinin də inkişafına xidmətlər göstərmişdir. Onun Türkiyədəki şeir şölənlərində alovlu iştirakı, “Kadirlidə 4 gün”, Nuru paşa dastanı” kitabı bu böyük Türk xanımının türkçülüyə olan sevgisinin bariz nümunəsi, daxili aləminin bədii – psixoloji mənzərəsidir. Əsərləri dəfələrlə Atatürk Mərkəzi tərəfindən nəşr olunan Güləmail Murad əsl və əsil vətən təəssübkeşi, türk aydınıdır. Onun azərbaycançılıq, ümumən, türkçülük məfkurəsinə xidmət edən əsərləri zaman-zaman müxtəlif dairələrin diqqətində olmuş və halal mükafatını almışdır. Bu yaxınlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyində gənc alimlərlə görüşü keçirilən şairin işıqlı düşüncələrinə oxucu sevgisinin kütləviliyi açıq – aydın hiss olunurdu. Millətini sevən, əsərlərində milli ruh aşılayan, yurd təəssübkeşi,sağlam məfkurə yolçusu olan Güləmail Murad elə bunun nəticəsidir ki, Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası poeziyasına göstərdiyi üstün xidmətlərə görə akademiyanın “Qızıl ulduz” medalı ilə təltif olundu. Görkəmli şairimizə diqqət ayıranlara təşəkkür, Güləmail Muradı halalca aldığı bu təltifə görə təbrik edir,uğurlarının sonsuz olmasını diləyir və bu təbrikimi halalca qəbul etməsini xahiş edirəm.

Hörmətlə, Şair-publisist, Prezident təqaüdçüsü,Beynəlxalq Rəsul Rza Mükafatı laureatı, Elnur UĞUR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru