Hər gün səhər olduğu kimi bu gün də Günəş öncə başını azca çıxardaraq ətrafı oğrun nəzərlərlə süzdükdən sonra bütün möhtəşəmliyi ilə cahanı aydınladıb nura qərq etmək üçün səmanın fövqünə qalxmaqda idi. Yay boyu mütəmadi olaraq hər gün ən uzağı saat altıda oyanır, öncə Günəşin doğmasını seyr edir, sonra elmi işi yazmaq üçün eyvandakı masamın arxasında əyləşirəm. Uzun müddətdir, tək yaşayıram. Səbəbi insanlardan qaçmağımdır. İki il davam edən uğursuz ailə həyatından sonra özümü toplamağım üçün çox uzun zaman lazım olmuşdu. İndi o hissləri yenidən yaşamağa da qorxuram, düzü. Övladım da yoxdur. Buna kədərləndiyimi desəm, yalan olar. Hərdən düşünürəm ki, xoşbəxt uşaqlıq dövrü bəxş edə bilməyəcəyin övladı dünyaya gətirib onu da bu həyatın dərd-sərinə ortaq eləmək hansı xudbinliyin əlamətidi? Tək qalmaq qorxusununmu? Yoxsa “hər kəsdə var, məndə də olsun” düşüncəsininmi? Ya da, bəlkə, Tanrının qadınlara bəxş etdiyi ana olmağa həvəs instinktininmi? Bunun səbəbləri haqqında çox düşünmüşdüm boş vaxtlarımda. Yaxşı ki, indi beynimi elmi işdən başqa nəyəsə məşğul eləməyə vaxtım qalmır. “Təklik zirvədəkilərə məxsusdur” – deyib arada özümə naftalin ətri gələn köhnəlmiş zarafatlar eləməkdən də qalmıram. Tez-tez mənə elə gəlir ki, şəhər bom-boşdur. Burada uzun zamandır heç kim yaşamır. Bəlkə də, mövcuddurlar, amma yaşamırlar. Ola bilsin ki, Diogen də ona görə insanlardan qaçıb təkliyi və bir çəlləkdə yaşamağı üstün tutmuşdu. Çəllək ha! Özümə gülməyim gəlir. Görürsünüz də, adam uzun müddət tək qalanda belə fəlsəfi fikirlər istehsal eləməyə başlayır. Çəllək! Yox bir! Olmaya sən də özünü Diogen sayıb evinin bu tək eyvanını da çəllək hesab edirsən? Bax beləcə, tez-tez özümlə mənasız zarafatlar edib gülürük. Bəlkə də, dəli olmuşuq. Nə isə!
Səhər saat altıdır. Şəhər hələ yatır. Bir azdan Günəşin qalxması ilə bərabər isti adamları təngnəfəs etməsinə baxmayaraq küçədə maşın və adamların izdihamı başlayacaq. İndi isə səhərin erkən çağı olduğu üçün küçədə çox az, demək olar ki, bir neçə adam gözə dəyir. Beş-altı yaşlarında bir qız anasının əlindən tutub onun addımlarını balaca ayaqlarına uyğunlaşdırmaq üçün yeyin hərəkətlərlə getməkdədir. Qəfildən anasının əlini buraxıb Günəşə tərəf baxdı.
-Salam, Günəş, -deyərək üzündə şən gülümsəmə ilə onu salamladı.
Anası hövsələsiz halda:
-Tez gəl, gecikirik, -deyə onu çağırdı.
Qız Günəşə əl edib becid hərəkətlə qabaqda gedən anasına çatıb onun əlindən tutdu.
Uşağın davranışı mənə həm məzəli göründü, bir qədər də düşündürdü. Hərgah yay fəsli başlayandan hər gün lap erkən çağlarda qalxıb binanın eyvanında Günəşin necə çıxmasını izləyirəm. Amma bir dəfə də onunla salamlaşmamışam. Birdən bir qədər uca səslə “Salam, Günəş” deyə gülümsəyirəm. Mənə elə gəldi ki, Günəş də mənə gülümsədi.
Bir aydan çoxdur ki, bu təkliyimin içinə başqa bir təklik də əlavə olunub. Kiminləsə tanış olmağım fikri ağlınıza gəldisə, təbii ki, o deyil. Mən öz təkliyimlə dostam və ona xəyanət eləmək niyyətində deyiləm. Çünki uzun müddət sənə həmdəm olanı sevməsən də ona bağlanırsan. Mən qonşudakı qadını nəzərdə tuturdum. Hər gün onun eyvanına baxıram. Qəribədir, uzun zamandır, o mənzildə heç kim yaşamırdı. İndi isə səhv eləmirəmsə, bir aydan çoxdur ki, orada hər gün orta yaşlı, dolu bədənli, bəstəboy bir qadın görürəm. O, hərdən gözündə eynəklə bir müddət noutbukda nələrisə yazır. Sonra yenidən eynəyi çıxarıb əlini çənəsinin altına dayaq edib uzun müddət səmaya baxır. O, çox nadir hallarda aşağıdakı adamları, maşınları, yəni, qaynayıb-qarışan həyatı seyr edir. Hətta bəzən iki avtomobildəki adam bir-birinə yol vermək üstündə dava edirlər, ya da bir neçə qadın nəyəsə görə qışqıra-qışqıra danışırlar, səsləri aləmə yayılır. Qonşu qadın həmin anlarda belə bir saniyəlik də olsa, başını aşağı salıb küçədə baş verənlərə baxmır. Ola bilsin, o, kardı, səsləri eşitmir. Amma hər halda, bu az ehtimaldır. O daha çox bütün dünyaya laqeyidləşmiş kimi görünür. Səmada hərdənbir görünən təyyarələrin arxasınca onların silueti yoxa çıxıb göy qübbəsi ilə bir bütün təşkil edənə qədər gözlərini zilləyib ümidlə baxır. Sanki kimsə təyyarənin pəncərəsindən baxıb ona güləcəkmiş kimi gözlərində bir neçə anlıq ümid işartıları yanır. Təyyarənin görüntüsü öləziyib yoxa çıxandan sonra qadının üzünə yenə həmin mübhəm kədər yüklənir. Doğrusu, gözlərim qadının bütün üz cizgilərini sezəcək qədər yaxşı görmür, bunları yalnız onun qımıldamalarından hiss edirəm. Eyvanın divarına yapışdırılmış bir heykəl kimi uzun müddət hərəkətsiz qaldıqdan sonra onun ən cüzi tərpənişlərinin, reaksiyalarının nəyə olduğunu anlamaq elə də çətin olmur. Nədənsə qəlbimdən gələn bir hisslə qadını bir az daha yaxından tanımaq arzusu dolur içimə. Bu mənim yazıçı marağımdanmı irəli gəlir, yoxsa insani hisslərdimi qərar verə bilmirəm. Hər halda, əsas məsələ odur ki, bax elə indicə bu dəqiqə eyvandan yataq otağına keçib əynimə qonşuya getmək üçün daha münasib paltar geyinirəm. Bu xasiyyətimi sevimmi, yoxsa tənqid edimmi, heç bilmirəm. Uşaqlıqdan beləyəm. Ağlıma gələn ilk fikri reallaşdırmağa çalışıram. Daha bunun sonrası haqqında düşünmürəm. Etdiyi hərəkətlərin nəticələrini hesab-kitab edib sonra qərar verən adamlara həsəd aparmışam həmişə. Mən isə elə hey ağlımın əksinə hərəkət edib qəlbimin dediyini etməkdə israrçı olmuşam. Bax, indi mənə deyən lazımdır ki, axı təxminən bir aydır ki, müşahidə etdiyin bu qadını yaxından tanımaq sənin nəyinə gərəkdir? Durub da öz eyvanında. Adama deməzlərmi, sən kimsən ki, mənim həyatımla bağlı sual verməyə, məni daha yaxından tanımağa gəlmisən?
Təbii ki, özümə etdiyim bu töhmətlərin heç faydası olmadı. Artıq onların binasının giriş qapısından içəridəyəm. Bəlkə, marketdən nəsə bir şirniyyat filan alardım? Deyim ki, mən sizin qonşunuzam. Yəqin, buralarda heç kimi tanımırsınız. Tanış olmağa gəlmişəm. Qadın da deyə ki, lap yaxşı, şirniyyat sevmirəm, tanış olmaqla da aram yoxdu. Təklik daha gözəldir. Xoş getdiniz…
Heç nə almadım. Artıq qapının zəngini çalmışam. Mən evdən çıxanda qadın eyvanda oturmuşdu. Bəlkə də, oraya səs getmir. Ola bilsin ki, qapını ümumiyyətlə heç kimə açmır. Ya da ola bilsin ki… Düşüncələrim burada yarımçıq qalır.
-Salam, -qadın qapını açıb üzündə mənim təsəvvür elədiyim həmin o anlaşılmaz ifadə ilə gözlərini mənə dikmişdi. Nə deyəcəyimi bilmirəm. Ey Tanrı, yardım elə, marağımın güdazına gedirəm.
-Salam, necəsiz? Mən sizin qonşunuzam. İçəri girmək olar? –deyib qadının məni qapıdan qovmağını gözləyirəm. İlahi, görəsən, dünya yaranandan bəri qarşısındakına ikinci belə mənasız sual verən olub?
-Buyurun, əlbəttə, – qadın mübhəm tənhalığının üzünə çökdürdüyü məhzun ifadə ilə heç uyuşmayan istiqanlılıqla məni içəri dəvət edir.
Birbaşa salona keçdik. Orada divan, önündə balaca jurnal masası və bir də kitablar yığılmış maraqlı dizaynı olan rəfdən başqa demək olar ki, heç nə yoxuydu. İndi künc divanının hərəmiz bir başında oturub sanki belə də olmalı imiş kimi bir-birimizə baxırıq. Yəqin ki, qadın aramızdakı sükutu pozub axır ki, ona nəsə deməyimi, gəlişimin əsas səbəbini bilmək istəyir.
-Bilirsiniz, mən sizinlə üzbəüz binada yaşayıram. –deyə sözə başladım, səmimi olmaq həmişə ən yaxşı seçimdir. Al-əlvan bəzənmiş üstü bəzək altı təzək cümlələrə ehtiyac görmürəm. –bəlkə, səfeh olduğumu düşünə bilərsiniz. Deyə bilərsiniz ki, bu dövrdə kimdi ki, kimisə yaxından tanımaq üçün qapısını döyən? Yenə kənd olsa, başadüşülən olardı. Orada hamı bir-birinə daha çox can yandırır. Ancaq şəhərdə kim kimədir ki? Deyəsən, bura yeni köçmüsünüz, əvvəllər sizi heç görməmişdim bu mənzilin eyvanında. Və mənə birdən maraqlı gəldi. Xahiş edirəm, elə bilməyin ki, dəliyəm, mən sadəcə yazıçıyam. Ancaq biz yazıçılar da bir növ dəli sayıla bilərik. Ona görə də bu mənasız marağımı üzrlü sayın, -deyib yenə şit zarafat etdim.
-Yox, niyə, ola bilər də. –qadının nəzakət xətrinə üzünə qondurduğu süni gülümsəmə müşayiəti ilə verdiyi bu etinasız cavabı məni daha da pərt edir. Qovsa, daha yaxşı idi. – əslində, doğru təxmin etmisiniz, tək yaşayıram. –qadın başını aşağı dikərək yenidən danışmağa başlayanda ürəyim yerinə gəldi. Döşəməyə o qədər diqqətlə baxırdı ki, elə bil, deyəcəkləri orada yazılmışdı və oxumağa çalışırdı. –təxminən, on ildir ki, tək yaşayıram. Əvvəllər işə gedib-gəlirdim. Böyük bir şirkətin mətn redaktoru işləyirdim. Orada da heç kimlə qaynayıb-qarışmazdım. Adamlardan qaçıram çox vaxt. Heç kimlə söhbət eləməyi sevmirdim. İş yoldaşlarımla olan ünsiyyətim ancaq işlə bağlı suallara çox qısa və konkret cavablar verməkdən ibarət olurdu. Sonra daha cavan kadrlar işə gəlməyə başladı. Onların təcrübəsi az olsa da həyat enerjisi, işə həvəsi, özlərini təsdiqləmək üçün hər gün daha yaradıcı ideyalar irəli sürməyi rəhbərliyi daha çox cəlb edirdi. Mən bunu anladığım üçün onların məni ixtisara salmağını gözləmədən üzüsulu özüm ərizə yazıb çıxmaq qərarına gəldim. İndi sərbəst olaraq redaktor kimi işləyirəm. Əvvəldən işlərimə bələd olan adamlar ehtiyac olduqca mənə mətnlər göndərir, onlarla məşğul oluram, geriyə qalan zamanı da yola verirəm gedir, -qadın gözlərini döşəmədən qaldırıb mənə baxaraq yenidən gülümsədi, amma bu gülümsəmənin içində dərin bir təəssüf oxudum. –siz də tək yaşayırsınız? Ailəniz haradadır? –heç gözləmədiyim halda o da mənə şəxsi həyatımla bağlı suallar verdi.
-Bəli, mən də tənhayam. Ailəm yoxdu. İllər öncə evli idim, sonra ayrıldıq. Uşağım da yoxdur. –mən gülümsədim. İndi fikir verdim ki, mən bu cümlələri təəssüf hissi ilə deyil, beləsi daha yaxşı olubmuş kimi öz təkliyindən qürur duyan adam ədası ilə dedim.
-Həə, -deyərək qadın yalançı təsəlli sözləri tapmağa çalışmaq üçün vurnuxub bir müddət bilmədi nə desin.
-Həyatda hər şey yaxşılığa doğrudur. Belə olubsa, deməli, xeyirlisi bu imiş. –mən belə deyərək onu pis vəziyyətdə qalmaqdan xilas elədim.
-Əlbəttə, -deyə qadın məmnun ifadə ilə dediklərimi təsdiqlədi. Sonra yenidən üzünə yenə həmin kədər qondu. –yəqin ki, hər şey yaxşılığa doğru olur. Amma bəzən… –qadın duruxub fikirlərini hansı sözlərlə ifadə edəcəyini düşündü, -bəzən elə hadisələr olur ki, biz onlarda nə qədər yaxşılıq payı axtarsaq da tapa bilmirik. Mənim övladlarım var. Daha doğrusu, biri artıq yoxdur, o biri var. O isə… Həyat yoldaşımla bir-birimizi sevib evlənmişdik. Uzun müddət övladımız olmamışdı. Sonra biz mənim bacımın üçüncü oğlunu övladlığa götürdük. Mən onu lap doğulandan götürdüm ki, ana kimi məni bilsin. Onun üç yaşı olanda bir möcüzə oldu və mən də hamilə qaldım. İkinci oğlumuz dünyaya gəldi. O anadan olduqdan bir müddət sonra həyat yoldaşımı maşın qəzasında itirdik. –qadın bunu deyərkən bir az duruxdu. Bu itkinin təsirindən doğub artıq korşalmış iztirab hissi onu göz yaşı ilə müşaiyət etməsin deyə dodağını dişlədi, sonra yenidən davam etdi, -mən oğlanlarımı çətinliklə böyüdürdüm. Hətta bir neçə dəfə bacım uşaqları böyütməkdə çətinlik çəkdiyimi görüb öz oğlunu geri götürmək istəyirdi. Mənsə bundan inciyib daha da məyus olurdum. Yoldaşımın vəfatı mənə ağır təsir eləmişdi. Sarsıntıdan kimi günahlandıracağımı bilmirdim. Doğma oğlum atasına çox oxşayır. İçimə doğmuş xudbin hisslərin təsiri ilə atasının ölümündə onu günahkar bilməyə başladım. Eləbil, Tanrı mənim uşaq üçün yalvarışlarımı eşidib oğlumu verdi, amma yoldaşımı aldı. Gündən-günə oğluma qarşı daha çox qəzəb yaranırdı içimdə. Bunu böyük qardaşına həmişə yaxşı davranıb onu hər fürsətdə sancmağımla da bəlli edirdim. –bunları deyərkən qadın ağlamırdı, amma balaca bir yaş dənəsinin kipriyindən necə qopub yanağına düşərək orada yoxa çıxdığını görə bildim, – sonra orta məktəbi bitirib hər ikisi universitetə qəbul oldu. Böyük oğlum ali təhsilini yekunlaşdıranda əsgərliyə getdi. Və… –qadın bir neçə dəqiqə səssizcə döşəməyə baxdı. Mən ürəyimdə özümü tənbehləyirdim. Axı başqalarının yaralarını tərpətməyə, onlara keçmişi xatırlatmağa nə ehtiyac var? Necə də pis insanam!
-Əgər sizə çətindirsə, qalanı danışmaya bilərsiniz, -deyə çox quru cümlə ilə guya onu ovutmağa çalışdım.
-Narahat olmayın, adam hərdən bölüşməyə də ehtiyac duyur, -deyə o davam etdi. –müharibə bizim əlimizdən çox sevdiklərimizi aldı. Elə deyil? –deyib mənə baxdı. Mən nə deyəcəyimi bilmədiyim üçün susdum. O isə davam etdi, –Hə, elədi. Doğrudur, adamlar bəzən bədbəxt hadisələr nəticəsində də dünyadan vaxtsız köçə bilir, biz buna “uğursuz tale” deyirik, amma gərək müharibə insanların taleyi olmasın. Ondan sonra mənim kiçik oğlumu görməyə heç gözüm qalmadı. Hər fürsətdə onu acılayır, bütün əsəbimi ondan çıxır, başıma gələn bütün fəlakətləri onun ayağına yazır, ailəyə bədbəxtlik gətirdiyini düşünürdüm. Bəlkə də, dəli olmuşdum. Oğlum Bakıda universiteti bitirdikdən sonra Amerikada təhsilini davam etdirmək üçün vətəni tərk elədi. Sonralar məktubunda yazmışdı ki, orada yaxşı bir işdə çalışır, hətta evlənib. Nömrəmi bilməsə də “facebook” hesabımdan mənə tez-tez yazaraq nəyəsə ehtiyacım olub-olmadığını soruşur. Heç bir mesajını cavablamasam da o daim yazır. Əslində, onun üçün çox darıxmışam. Başıma gələn fəlakətlərdə günahsız uşağı müqəssir bildiyim üçün özümə nifrət eləmək istəyirəm. Amma cavab da yaza bilmirəm. Sanki hansısa gözəgörünməz bir qüvvə mənim artıq onu oğul bilməyə haqqımın olmadığını deyir. Neçə dəfə yazsam da göndərə bilməyib silmişəm. Daha haqqım çatmır özümü ona ana bilim. Mən çox pis insanam. Hələ sağ olsun ki, məni sayıb yazır, axtarır, maraqlanır. Onun da bir oğlu var, yəni mənim nəvəm –qadın bunu deyərkən gülümsədi, -çox şirin uşaqdı, şəkillərini görmək istəyirsiniz? –qadın sanki yüz illin rəfiqəsiyikmiş kimi cəld hərəkətlə noutbukda “facebook” hesabını açıb oğlunun profilinə daxil oldu. Burada uşağın fərqli məzəli fotoları var idi: yemək yeyərkən üzünə makaronlar yapışmış halda, hovuzda çimərkən, çəmənlikdə yıxılmış və başqa fərqli situasiyalarda.
-Çox şirindi, Tanrı qorusun. –mən şəkillərdən gözümü çəkmədən dedim.
-Çox sağ olun. –deyib sonra birdən xatırlayıbmış kimi –ay, üzrlü sayın heç sizə çay təklif etməmişəm bayaqdan. –deyərək cavab gözləmədən mətbəxə yüyürdü. Adını belə bilmədiyim qadının “facebook” hesabı qarşımda açıq qalmışdı. Profilinə baxıb öyrəndim: Səma Əlizadə.
Mesaj bölməsi ekranda açıq qalıb. Oğlundan gəlmiş çoxlu mesajlar var. Bunun yanlış olduğunu bilsəm də əlim dinc durmur və qeyri-iradi oğlunun yazdığı mesajlar bölməsinə girib qadının profilindən ona yazdım: Sizin üçün çox darıxıram…
Mesajı göndərib-göndərməyəcəyimə tərəddüd etməyə vaxt yox idi. Ona görə də birbaşa “göndər” etdim. Və göndərilmiş mesajı sildim. Vəssalam! Bəzən sevdiklərimizə qovuşmaq bu qədər rahatdır. Həyatı qəlizləşdirməyə nə ehtiyac var?
-Heç sizdən çay yoxsa kofe xoşladığınızı soruşmadan birbaşa çay gətirdim. Ümid edirəm, narazı qalmazsınız, mən çayı yaxşı dəmlədiyimi düşünürəm, kofeylə isə aram yoxdu –deyə çayı və şirniyyatı balaca jurnal masasının üstünə qoydu. –bayaqdan danışıb dostlaşırıq, amma heç adlarımızı da bilmirik. Mən Səmayam. Sizinlə ünsiyyətə şad oldum. Bilirsiniz, qəribədir, ünsiyyətsevən olmasam da sizə hər şeyi danışmağım gəldi birdən. Eləbil, sizi mənə Tanrı göndərdi. Bax beləcə Tanrının qəribə işləri olur arada, -deyərək qadın gülümsəyən gözlərini tavana dikdi. Sanki Tanrı orada oturmuşdu.
-Mən də Zərifə. Mənə də xoş oldu tanış olmaq. Artıq gedim, yenə gələrəm, qonşuyuq onsuz, yol yaxındı, -deyərək çaydan bir qurtum alıb durdum.
-Tez-tez gəlin, -qadın gülümsədi və məni yola saldı.
Mən artıq öz binamızın qapısından girirəm və düşünürəm ki, necə tez-tez gedə bilərəm? Mən dostlaşmağı və ünsiyyət qurmağı sevmirəm axı. Bu da sadəcə bir maraq idi, tanımaq ehtiyacımı təmin etdim, bundan sonrakı ünsiyyət mənə zövq verən deyildi, yəqin ki. Mənzilə girib yenidən əzəli məkanım olan eyvana çıxdım və beynimi başqa düşüncələrdən arındırmağa çalışıb yenidən elmi işimlə bağlı kitabı oxumağa başladım.
Bir müddət sonra yenidən qonşu binaya baxıram. Qadın eyvanda yenə həmin yerdə oturmuşdu. İndi o, bir qədər daha doğma görünürdü. Üstəlik, bir az da sevincliymiş kimi gəldi. O, harada yaşadığımı bilmirdi. Çünki mən səkkizinci mərtəbədə, o isə qarşı binadakı dördüncüdə qalır. Yəqin ki, onu izləyənin məhz mən olduğumu anlamış deyildi. Oğlunun ona verdiyi cavabı, yəqin ki, heç vaxt öyrənə bilməyəcəm. Heç olmasa, adımı səhv deməsəm, bəlkə, tapardı məni. Eh, bu da bir gün idi, yaşadım… Günəş isə üfüqdə son qalan şüalarını da yığışdırıb binaların arasında itib-batırdı…
“ÜŞÜYƏN“ OCAQ Qapı açılıb örtüldükcə küləyin özüylə bərabər gətirdiyi buz kimi soyuq hava evi soyutmuşdu. Sobanın içindəki közərən od sönmək üzrə idi. Alovlanmağa can atan köz, yorulur, kömürə dönürdü. – Fevralın qarlı, şaxtalı günündə bu evin sahibləri hara yoxa çıxdı, görəsən?- Bu nədi belə, stolun üstündə mürəbbə, çörək, yağ, pendir, soyulmuş yumurta? Nələr oldu bu evdə?
– Hər səhər yuxudan durub ocağı alışdıran, o əli qabarlı ata, ona kömək edən məktəbli, qaraşın oğlan hardadılar görəsən?
– Anasına kömək edən, o uzun saçlı, nazlı qəmzəli qızcığaz hanı bəs?
– Xəmir yoğurub, üstünü bağlayıb isti sobanın yanına qoyan, hərdən gəlib, xəmirin gəlib-gəlməməsini yoxlayan o xanım haradadı bəs? Bunlar hara getdi birdən-birə? Lap darıxdım.
– Çöldəki nə səsidi elə? Nə qəribə qoxu var havada? Ocaq yavaş – yavaş sönürdü. Közərən ağacın içindən sanki göz yaşları süzülür, onu sönməsini tezləşdirirdi. Üstündən bir neçə gün keçdi . Deyəsən gələn var idi. -Aha deyəsən qayıtdılar . Yanılmışdı . Həsrərlə qapıya boylandı. Burnuna tanış olmayan qoxu gəldi . Budur evə yeni sakinlər gəldi .
– Ay aman, bunlar kimdi belə? Nə səliqəsizdilər. Nə yaman bərkdən danışırlar. Deyəsən bayramlarıdı. İlahi, bu nədi belə? Yaxınlaşıb sobanın içinə deyinə – deyinə baxan saqqallı gedib bir yaş odun gətirdi. Nə qədər etsədə ocağı yandıra bilmədi. Hirslə sobaya bir təpik vurub, öz dilində nəsə deyib, onu yerli dibli götürüb həyətə tulladı. Hikkəsi soyumadığından zirzəmini açıb, onu zibil kimi ora necə atdısa, dəmir soba bir neçə yerdən zədələndi .
– O günlər harda qaldı? Yayda səliqə ilə çıxarılıb zirzəmiyə qoyulan, qışda nadir tapıntı kimi əzizlənib ordan çıxarıldığı günlər? Atayla oğul onu ordan ehtiyyatla götürüb, həyətin ortasında rəngləyərdilər, içinə quru odun yıgıb bir-iki gün oradaca yandırardılar . Sonra ananın köməyilə yerinə səliqə ilə yerləşdirər, ilk ocaqlarını çatardılar. Başına yığışıb istisinə qızınardılar. Çox doğma idilər ona. Harda qaldı o günlər? Zirzəmidə illərlə qalmağa məcbur oldu. Hərdən sevmədiyi zəhirmar yağan sifətlər gəlib zərblə qapını açar, nələrsə yıgıb gedərdilər . Tər-təmiz zirzəmini də zibilliyə çevirmişdi bu yeni sakinlər. Zirzəmidə ona xoş olmayan qoxular bir – birinə qarışmışdı . Həmişə yayda evin xanımı buradan gəlib bankaları çıxardıb, içərisini səliqə ilə doldurub gətirib yerinə yığardı. Qışda onun başına yığışıb, o bankaları açıb elə ləzzətlə yeyərdilər ki… İndi… Bu nədi, qıcqırmış şərab iyi, qapağı atılmış bankalardan az qala yerə töküləcək şorabaların iyi bir- birinə qarışıb zirzəmiyə xüsusi bir “iy” verirdi. İllərdi bu acını “yaşayan” dəmir soba artıq dözə bilmirdi. İçində ocaq çatılmayan soba darıxmağa başlamışdı. Köhnə sakinlərin bir gün dönəcəyi günü həsrətlə gözləyirdi. Zirzəmidə mürgü vura-vura illəri bir-birinə calayırdı. Bir neçə gündü çöldə eşidilən, yeri silkələyən səslər yavaş- yavaş azalırdı. Evin sakinlərinin səsi küyü kəsilmişdi. Yoxa çıxmışdılar deyəsən. Axrıncı dəfə gəlib qıcqırmış şorabalarını, şərablarını elə acıgözlüklə çölə daşıyırdılar ki, zirzəmidə nə vardısa hamısını çölə yığmışdılar. Bir tək ona əl vurmadılar. Nə yaxşı ki, onu götürmədilər. Və bir gün, həmın gün zirzəmin qapısı yavaşca açıldı. İçəri girən iki oğlan onu qucaqlarına götürüb, doğma yerinə aparıb qoydular. Yox bunlar köhnə sakinlər deyildi. Amma danışıq səsləri ona o qədər doğma gəlirdi ki… Evin səliqəsi geri dönmüşdü.
– Aha, bu qaraşın oğlan. Ocağı alışdırmağa çalışan qaragöz oğlan. Həmən məktəbli, nə yaman dəyişib, əynindəki nədi belə? Bunlar hamısı eyni geyinib? Ocağı sevgi ilə qalayıb, əvvəl sobanı, sonra otagı qızdıran əsgərlər yaman sevincli idilər. Hər şeyə sevgiylə, ehtiyyatla toxunurdular. Əsgərlər ocağın ətrafına yığışıb əvvəl əllərini qızdırdılar, sonra qazan asdılar. Yeməyin gözəl ərti evi bürüdü. Evə qayıdan doğmalıq, ev sahiblərindən 30 ildi ayrı düşən “üşüyən” ocağı isitməyə başladı. Beləcə sönən ocaq illər sonra yenidən alovlanıb, bir evi, bir eli isitdi. Alovun rəqs edə-edə yanıb, şölə saçdığı o işıltı evə gözəl nəşə gətirdi.
Zaur Ustacın “Cadulanmış ev” kitabına daxil edilmiş 14 (on dörd) hekayədən biri olan bu HEKAYƏ ilin ən çox oxunan hekayəsi olub. Hekayə “İlin hekayəsi” müsabiqəsində (archive.vn)209 hekayə arasında oxucuların daha çox diqqətini cəlb edib.
Adətim üzrə səhər saat 6:30-da çalarsız-filansız oyanıb yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayaraq bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq var-gəl etdim. Sonra qalxıb ikiotaqlı “küncdəqalmış”, “kitabça”, “Xruşşov layihəli” mənzilimin birinci otaqla dəhliz arasındakı taxta qapının çərçivəsinə bərkitdiyim alətdə həmişəki kimi 14 dəfə dartınıb düşdüm.
Növbə ilə divardan asdığım “Fatihə surəsini”, “Bədnəzər duasını” və “Ayətül-kürsi”ni hərəsini düz 7 dəfə, bəlkə də bir az çox təkrar-təkrar oxuduqdan sonra kitab rəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” kitabını götürdüm. Ötən əsrin 70-ci illərinin nəşri olan kitabın nazik kağız üzlü cildi didik-didik olub saralsa da, üzərindəki simalar necə tanış və canlı idilər. Sanki hamısı blokda növbəyə dayanıb səni gözləyirlər və bir himə bənddilər ki, elə qapını açasan… Kitabın üzünə bir neçə dəqiqə baxıb gülümsəyərək dahi ədibə “Günaydın” deyib, gözlərimi mənzilin giriş qapısının üzərində asılmış lövhəyə zillədim. Yenə düz 7 dəfə, bəlkə bir az artıq Böyük Allahın cahü-cəlalına və peyğəmbərimizin əmvatına zikirlər edəndən sonra istirahət otağına keçdim. Ötən gün ərzində yükləndiyim bütün dərd-azardan müvəqqəti də olsa, qurtulduqdan sonra gurhagurla, şırhaşırla qonşulara “mən hələ sağam” siqnalını verərək, qalxıb güzgünün qabağında bir az ağzımı, gözümü əydim, əsnədim, gərnəşdim… Bir sözlə, bütün vacib ritualları yerinə yetirdikdən sonra əlimi şoğəribin altına bir neçə dəfə uzatsam da, su gəlmədi ki, gəlmədi. Başımı qaldırıb aynada üzümə, daha doğrusu, burnumun ucuna diqqətlə nə qədər baxsam da, zərərli bir əhval gözümə dəymədi. Elə bu vaxt qonşulara verdiyim siqnalın son akordları ilə bərabər, yenə qəfil öymə başladı… Məcburən hər ehtimala qarşı əvvəlcədən su ilə dolu saxladığım “növbətçi abgərdən”i götürüb əl-üzümü yaxaladım. Tələsik istirahət otağından çıxdım. Çıxa-çıxa düşündüm ki, “ay canım, ilin-günün bu vaxtında bu qədər istirahət olar!?” Əl-üzümü qurulaya-qurulaya mətbəxə keçib, axşamdan qalan su ilə dolu caydanın altını yandırdım. Televizoru açdım. Aparıcı qız necə başladısa, elə o andaca televizoru söndürüb, seyvana çıxdım. Küçədə və seyvandan görünən kiçik parkda tam sakitlik hökm sürürdü. Bu gün şanlı Zəfərimizin ildönümü ilə əlaqədar elan olunmuş dörd günlük qeyri-iş gününün sonuncusu idi. Deyirəm, qəribə məxluquq e vallah, evdə qalanda işi, işdə olanda evi axtarırıq. Parkın tən ortasındakı tut ağacının altı sapsarı yarpaqlarla elə döşənmişdi ki, adam istəyirdi gedib üstünə uzansın… Yaxşı ki, dolu çaydanın fiti məni belə sərsəm düşüncələrdən ayırdı…
Mətbəxə keçib, çaydanın altını söndürdüm. “Bazarçay” qutusundan birdəfəlik paketlərdən birini götürb bir stəkan qaynanmış suyu rəngləyib yenidən seyvana – “Nina bağı”na keçdim. Bu məkan ruhumun dinclik tapdığı yeganə guşədir. Əvvəlki ev sahibəsi Nina xanım binanın layihəyə uyğun açıq eyvanını bağlayaraq səliqəli seyvana çevirib. Divarda qatlama masası və iki kətil var. Dibçəkdə həmişəyaşıl otaq bitkiləri də olduğuna görə mənzilə köçən gündən buranın adını “Nina bağı” qoymuşuq. Haqlı olaraq sual yarana bilər ki, mənzilə yeni köçmüsünüz? Sual yaransa da, yaranmasa da, qeyd edim ki, bəli, bu mənzilə təzəlikcə köçmüşük. Səbəbini indi açıq-aydın dilimə gətirə bilmirəm. Çünki o barədə düşünən kimi öymə məni tutur. Özümdən asılı deyil… Çayımı qurtumlaya-qurtumlaya yenə ən yaxın sirdaşım “Redmi”ni dümsükləyib oyatdım. Oyanan kimi bildirişlər pəncərəsindən bir gözəl xanım əl sallayaraq “Zəfər endirimləri” ilə bağlı məni xəbərdar etdi. “MORE” Psixologiya Mərkəzi şanlı Zəfər günləri ilə bağlı sabahdan noyabr ayının sonuna qədər hamıya 50%, qazilərə isə 75% endirimlə xidmət göstərəcək. Düzü, bu məsələ məni çoxdan narahat etdiyinə görə xeyli vaxtdır psixoloq xidmətləri ilə maraqlanırdım. Ona görə qiymətlərdən, şərtlərdən az-çox məlumatım vardı. Həm psixologiya mərkəzlərinin çoxluğu, həm də qiymətlərin baha olması seçim etməyimə əngəl olurdu. İndi bu xanımın təbəssümlü çöhrəsi, bir də artıq demək olar ki, televiziya verilişlərindən adını əzbərlədiyim “MORE”-ni yenə görüncə seçimimi etdim. Elə bildirişin üzərindən keçid edərək sabaha – səhər saat 10:00-a görüş təyin etdim. Qazi olduğuma görə ödənişi yerində nağd olaraq 75% endirimlə edəcəkdim…
Axşama qədər hər televizoru açanda, hər küçəyə baxanda öyə-öyə günü birtəhər başa vurub, yenə yatağıma uzandım. “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, 03:33-dür. Briqadirə ”whatsapp”da yazdım ki, sabah səhər öynə həkimə gedəcəm, işə ondan sonra gələrəm, ya da xəbər edərəm. İş deyəndə ki, sağ olsunlar, qazi olduğuma görə məni icra hakimiyyətində işlə təmin ediblər. Yüngül işdir. Briqadir də həm üç diplomum olduğuna, həm də hər iki müharibənin iştirakçısı olduğum üçün mənə hörmət edir. Yəni, necə deyərlər, nə işim olsa, ötüşdürür. Sağ olsunlar… Hamısından razıyam… Elə bu razılıq içində yenidən nə vaxt yuxulamışam, bilmirəm… Qəfil yenə oyandım. Hə, bu, “6:30” oyanışı idi. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq…. “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxmaq üçün dəmirdən olan giriş qapısını açmışdım ki, blokdan gələn isti hava axını bildiriş kağızlarını üzümə çırpdı. Bəzilərini gözümün qabağında fırladıb yanıq verirmiş kimi başımdan səpələdi. Çiynimə qonan, üzümə yapışan, yerə düşən bütün kağızları topladım. Müxtəlif şirkətlərin reklam bildirişlərini səliqə ilə qatlayıb əlimdəki kağız tullantıları olan zibil paketinə qoyduqdan sonra digər əsas bildiriş kağızlarına baxdım. Su 13 manat, işıq 23 manat, qaz 59 manat gəlmişdi. “Kombi”ni çox işlətmədiyimə görə qaz normal idi. Bildirişləri əziz-xələf bir barat kimi pencəyimin içəridən döş cibinə, lap ürəyimin başına qoydum. Şikayətlənməyə bir əsas olmadığına görə vacib sənədlər olan qovuluğumu qoltuğuma vurub, səliqə ilə ayrı-ayrı yığdığım zibil paketlərini götürüb, başımın üzərində olan lövhəyə baxa-baxa, ağzımda dua mənzildən çıxdım.
Əlimdəki zibil paketlərini yerə qoyub, seyf qapının bütün qıfıllarını bağladım. Düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, əl dəstəyini aşağı-yuxarı edib, yoxladıqdan sonra zibil paketlərinin hərəsini bir əlimə götürüb, getdiyim yerdən asılı olmayaraq, həmişə özümlə götürdüyüm vacib sənədlər qovuluğu da qoltuğumda, bir gözüm qapıda yavaş-yavaş pillələri enməyə başladım… Əlimdəki zibilə baxanda döş cibimdəki bildirişlər yadıma düşdü. Ani olaraq “…zalım uşağı bayram günü də işləyir…” fikri beynimdən gəlib keçdi. Tez də artıq 4 gündür mənzildən çıxmadığımı xatırladıqda əmin olmaq üçün cibimdəki bildirişləri çıxarıb üzərindəki tarixləri gözdən keçirdim, hər üçü 5 noyabr 2021-ci il tarixinə aid idi. Ani olaqraq, – “Əsl bayram hədiyyəsi olub ki…” – fikri eynimdən keçsə də, tezcə bu axmaq düşüncəni başımdan qovaraq, özümü danlaya-danlaya zibil qutularına nə vaxt çatdığımdan xəbərim belə olmadı. Kağızlar olan paketi “radikal” qutuya, plastik qablar olan paketi isə “müxalif” qutuya məxsusi bir əda ilə, səliqəli şəkildə ərməğan edib, məhlədən çıxdım…
“MORE” Psixologiya Mərkəzi elə də uzaqda olmadığına görə gəzə-gəzə saat 9:30-da onun yerləşdiyi möhtəşəmliyi ilə məşhur olan şəhərin 1 nömrəli biznes mərkəzi olan “Yasəmən Plaza”nın qarşısında idim. Deyirdilər Xaliq müəllimin obyektidir. Yasəmən də katibəsinin adı imiş. Yasəmən çox fədakar, işini bilən, məsuliyyətli işçi olduğuna görə obyektlərindən birinə onun adını verib… Yasəmənin fədakarlığı, Xaliq müəllimin səxavəti barədə düşünə-düşünə 9:50-yə qədər plazanın yaxınlığındakı parkda gəzişdim. Vaxta 5 dəqiqə qalanda qara rəngli tibbi maskamı pencəyimin üst döş cibindən çıxardıb “taclı günlərimiz” başlayandan bəri ətir əvəzi həmişə özümlə gəzdirdiyim “püskürtmə spirt”dən üstünə bir az püskürdüb taxdım. Sonra 3 manata özüm üçün hazırlatdığım “kovidpasportu”mu əlimdə hazır tutaraq “Yasamən”ə ya sən, ya da mən deyib girişə doğru yönəldim. Burada təmtəraqlı qarşılama mərasimi gözləsəm də, belə bir hal olmadı. Liftin qarşısındakı basabası görüb, 4-cü mərtəbəyə pilləkənlə qalxdım. Düz vaxtında qəbul şöbəsində “piştaxta”da dayanmış xanımın qarşısında “farağat” vəziyyətində dayanmışdım. “Online” qeydiyyatıma baxıb, bəzi məsələləri dəqiqləşdirdikdən, bütün orden və medalların vəsiqələrini bir-bir yoxladıqdan, əvvəllər müayinə və müalicə olunduğum bütün xəstəxanalardan mənə verilən kağız-kuğuzların hamısını eynilə mənim kimi düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, ələk-vələk etdərək yoxladıqdan sonra birinci tanışlıq görüşü pulsuz olmaq şərtilə qazi olduğuma görə 75% endirimlə 1 seans üçün 150 manat ödəniş etməli olduğumu bildirdi. Düzü, gənc “piştaxtaçı” xanım bu 150 manatı elə işvə-nazla, elə avazla istədi ki, bu haqda artıq söz demək, sadəcə, günah olardı. Kirimişcə, cınqırımı da çıxartmadan sanki, üç dənə 5 qəpikliyi market kassasında xəzinədar xanıma «qəpiklər lazım deyil, qalsın» – deyə qaytarırmış kimi, sonuncu iş günü “bankomat”dan çıxartdığım şax “əllilik”lərdən üçünü “piştaxta”nın üstü ilə xüsusi əda ilə (mənim o vaxtım olmasa da, zabit olmağıma rəğmən bir az da ordudan yeni tərxis olunmuş əsgər havası qarışıq mücərrəd bir ruh halında) xanıma tərəf sürüşdürdüm. Sağ olsun, ab-havanı pozmadan, məxsusi bir nəzakətlə “əllilik”lərin üçünü də sürüşdürüb “piştaxta”nın görünməyən aşağı hissəsinə saldı. Bunu elə etdi ki, düz dörd gün böyük narahatlıqla cüzdanımda saxladığım, dəfələrlə sakitlikdə çıxarıb baxaraq boyunu oxşayıb-əzizlədiyim “əllilik”lərin görünməyən tərəfdə döşməyə düşməsindən narahat olmağa başladım. Fikrim orada qalmışdı ki, xanımın “44-cü otaqda Bənövşə xanım sizi gözləyir, sabahkı görüşün vaxtını özünüz orada təyin edərsiniz…” kal, yoğun, bayaqkı nəvazişdən əsər-əlamət qalmayan quru bir səs məni yenidən “piştaxta”nın qənşərinə qaytardı və anındaca dəhliz boyu addımlamağa vadar etdi… 44-cü otağa çatana qədər “…özünüz orada təyin edərsiniz…”, “…özünüz edərsiniz…”, “…edərsiniz…”, kəlmələri burğu kimi beynimi eşdi…
Boynunda bənövşəyi şalı, əynində üzərində ağlı, sarılı nərgiz çiçəkləri olan bənövşəyi donlu dolu, ortaboylu, ortayaşlı, gülərüzlü, xoş rayihəli bir xanım sanki məni gözləyirmiş kimi, mən qapının üzərindəki 44-ü oxuyub aydınlaşdırana qədər qapı üzümə açıldı. Otaqdan dəhlizə xanımın xoş rahiyəsi qarışıq bənövşə qoxusu da yayıldı. Mən içəri keçdim. Xanım qapını örtərək nazlana-nazlana öz kreslosuna keçdi. Otağın divar kağızları da bənövşəyi rəngdə idi. Pərdənin rəngini təyin edə bilmədim bənövşəyidir, yoxsa çəhrayı… Arada açıq göy və ya yaşıl rəngdə gözümə görünürdü… Çox sirli bir aləmə düşmüşdüm. Xanımın xüsusi ahəng və intonasiya ilə danışığı, arada gözünü süzdürüb dediyi sözləri baxışları ilə mənim qulaq və gözlərimə qədər müşayiət etməsi, gözlərimin düz içinə zillənmiş nəzərlərinin burnumun ucundan sürüşüb ağzıma düşməsi məni lap ovsunlamışdı. Mən içəri girəndən xanım xeyli danışsa da, ya heç nə eştmirdim, ya da eşitsəm də mənə çatmırdı. Tamam başqa dünyada idim. Çox keçmədi ki, xanım bunun fərqinə vardı. Yenə nəsə deyə-deyə kreslosundan qalxıb mənə yaxınlaşdı. Əlimdəki kağızlarla maraqlandı. “Piştaxta”çı qızın mənə verdiyi kağızlarla öz sənəd və həkim kağızlarımı, hətta bu günə qədər heç kimə etibar etmədiyim vacib sənədlər qovluğumu da qeyri-iradi ona verdim. Otaqda ondan başqa xanım olmadığına görə indi mənə yəqinlik hasil oldu ki, bu elə Bənövşə xanımım özüdür. Düzü, onu televizordan çox görmüşdüm. Ancaq televizorda gördüyüm xanıma oxşamırdı. Realda daha istiqanlı və mehriban adam təsiri bağışlayırdı. Bəlkə də yaşıd olardıq. Uzaqbaşı 1-2 yaş fərqimiz olardı. Bu arada onu da deyim ki, mənim 45 yaşım var. Bu dəfə kresloda deyil, pəncərənin önündə qoyulmuş divanda oturdu və mənə yanında yer göstərdi:
– Buyurun, İlqar bəy. Zəhmət olmasa burada əyləşin.
Öz adımı bu gözəl xanımın ağzından belə məlahətli səslə eşitməyim məni lap duyğulandırdı. Kövrəldim. Gözlərim yaşardı. Bənövşə xanım bunun fərqində idi ki, bir daha:
– Buyurun, buyurun… Əyləşin. – deyə təkrarladı.
Mən də keçib onun yanında oturdum. Yaxşı olmuşdu, üzü qapıya tərəf oturduğumuza görə daha pərdə gözümə dəymirdi. İkimiz də divanda üzü qapıya tərəf oturmuşduq. Divanın qarşısında balaca miz, onun üstündə isə şır-şır su axan balaca şəlalə maketi vardı. Bu maket və xüsusi ilə su səsi məni ciddi narahat etsə də, birtəhər dözürdüm. Necə deyərlər, ödüm ağzıma gəlsə də, dişlərimi qıcayıb birtəhər oturmuşdum. Otaqda işıq yanmırdı. Arada hardansa sanki uzaqdan asta bülbül səsi gəlirdi. Otaq hələ də rəngini aydınlaşdıra bilmədiyim açıq rəngli pərdədən süzülüb gələn işıqla işıqlanmışdı. Bənövşə xanım xüsusi bir əda ilə əyilib mizin altından bir qutu çıxartdı. Qutudan bənövşəyi və çəhrayı rənglərin bir-birinə sarıldığı burğulu üç şam götürüb səliqə ilə şamdana qoydu. Şamdanı mizin üstünə elə qoydu ki, istiqaməti qapı, şəlalə, pəncərə olmaqla sanki ikimizin arasından keçən xəyali bir çəpər-divar, arakəsmə yarandı. Dodaqaltı nəsə zümzümə edə-edə şamları qapıdan bizə tərəf olmaq şərti ilə yandırmağa başladı. Şamların üçü də yandıqdan sonra mizin üstündəki qədimi cürdəyə oxşayan vazanın içindəki “yeni il elektrodlarına” oxşayan çubuqları da bir-bir yandırdı. Arada mənə tərəf çevriləndə xoş rayihəli isti nəfəsini üzümdə və sinəmdə hiss etdikcə bihuş olurdum. Bir yandan şamlar, bir yandan da xüsusi qoxulu çubuqların tüstüsü… Lap nağıllar aləminə düşmüşdüm… Bir-iki dəfə qeyri-iradi:
– Təşəkkür edirəm, təşəkkür edirəm, – deyə Bənövşə xanımın eşidə biləcəyi tonda mən də dodaqaltı mızıldadım. Ancaq Bənövşə xanım ya mənim bu canı – dildən, sidqi-ürəkdən gələn təşəkkürnamələrimi qəbul etmədi, ya eşitmədi, ya da hər iki hal baş versə də, o, bunu büruzə vermədi. Düzü, belə gözəl, zövqlü xanımın saymazyanalığı məni bir az mütəəssir etdi… Ancaq mən də bunu büruzə vermədim. Ya elə bu vəziyyətdən çıxmaq, ya da bayaqdan zövq aldığım, indi isə məni sıxmağa başlayan ab-havanı dəyişmək məqsədilə sükutu mən pozdum:
– Xanım, bu “MORE” nə deməkdir?
Bənövşə xanımın bənövşə ətirli sözünü-söhbətini dinləmək üçün xüsusi iştaha ilə verdiyim suala sualla cavab aldım:
– Bəs, sizin öz versiyanız var? – Bənövşə xanım məndən soruşdu.
– Yəni mor rəngi.
–
– Onda qalır “more”, “more” dəniz…
– O da deyil. “MORE”, yəni “Mən” “Onu” “Ram” “Etdim”. Bu qədər bəsit və sadə. “MORE Psixologiya Mərkəzi” artıq uzun illərdir ölkəmizdə fəaliyyət göstərir. Azərbaycanın ilk bu yöndə xidmət göstərən mərkəzlərindən biridir. Ölkəmizin bütün iri şəhər və rayonlarında, hətta bəzi iri kəndlərində filiallarımız var. Kollektivimiz peşəkarlardan ibarətdir. Müntəzəm olaraq əməkdaşlarımız televiziya proqramlarına qatılır, bu sahədə xalqımızın maarifləndirilməsi prosesində fəal iştirak edərək, öz töhfələrini verirlər. Yəqin ki, sizin bütün bunlardan xəbəriniz var.
– Bəli, bəli,
– Mən bu sənədlərə əsasən – əlində və mizin üzərində olan mənim sənədlərimə işarə edərək – sizin hal-hazırkı vəziyyətinizlə demək olar ki, tanış oldum. Ancaq məsələni həll etmək, durumu düzəltmək üçün bunlar kifayət etməz. Həkim rəylərindən belə məlum olur ki, sizi mütəmadi olaraq, müəyyən məqamlarda narahat edən öymə halları sırf psixoloji problemdir. Yəni bunun fizioloji, bədənsəl olaraq heç bir əsası yoxdur. Bu gün vəziyyət belədir. Ancaq biz bu günə, heç olmasa bu problemin başladığı ilə baş verdiyi ilk hala gəlib çatmalıyıq. Bunun üçün siz lap uşaqlıqdan özünüz haqqında bir az, yaddaqalan əlamətdar hadisələrdən, sizi narahat edən problemlərdən danışsanız işimiz daha asan olar. Siz elə dünyanı xatırladığınız ilk gündən, ilk hadisədən başlayın, ardı öz-özünə yumaq çözümü kimi gələcək.
– …Və mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika – biz ona “suçəkən” deyirdik – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı – qeyri-iradi pencəyimin qoluna baxsam da, sonra xatırladım ki, bu, o pencək deyil – texnikanın yanındakı işçilərə, uzun illərdir həyatımızı göy əsgiyə düymüş bu problemə biganə qalan hamıya dişimin dibindən çıxanı ucadan desəm də, tırhatırdan çətin ki, kimsə, nəsə eşitdi. Onlar eşitməsələr də, mən işimdə bir rahatlıq tapmış kimi, bir az gümrahlaşıb, qıvraq addımlarla binamızdan ayrıldım…
– Bu gün bu qədər kifayətdir.
Bənövşə xanımın diktəsi məni o günlərdən ayırdı. İlk olaraq gözümə mizin üstündəki şamlar dəydi. Şamların ikisi – yanındakılar tamam yanıb qurtarmışdı. Ortadakı şamın göyümsov sarı alovunun uzun dilləri isə son hop-gəllərini vuraraqellənə-yellənə tamam öləzimişdi və sönmək üzrə idi… Söhbəti xırp kəssəm də, sonra nə edəcəyimi bilmədiyimdən:
– Və mən…
– Siz indi gedin bir yaxşı dincəlin. Yaxşı olar ki, evə getməmiş bulvara tərəf gedəsiniz. Sonuncu dəfə bulvarda və ya başqa yerdə dənizin sahilində nə vaxt olmusunuz? Su şırıltısını nə vaxt eşitmisiniz? G….?
Bənövşə xanımın “Güşşşşş” və ya “Göşşşş” ilə başlamq istədiyi sonuncu cümləsi ağzında qaldı. Mən isə səhər-səhər içdiyim bir qurtum rəngli suyu fontan kimi ağzımdan mizin üzərinə fışqırda-fışqırda öz-özümə düşünürdüm: “…bura qədər yaxşı gəlmişdik, axır ki, zibili çıxdı…”. Mənim “fontanım”ın suyu ilə mizin üstündəki Bənövşə xanımın şəlaləsinin suları bir-birinə qarışmışdı. Düzü, nə edəcəyimi bilmirdim. Ağzım dolu olduğundan, sadəcə, başımla mizin üstündəki şəlalə maketinə davamlı işarə edə-edə qalmışdım… Bənövşə xanım sanki heç nə olmayıbmış kimi:
– Əla, əla… Narahat olmayın… Məsələnin əslini öz gözümüzlə də gördük…
– Ancaq xahiş edirəm sabah bu – maketə işarə edərək – “şəlaləni” buraya qoymayın. Olarmı?
– Əlbəttə, olar. Olar. Qoymarıq. Deməli belə, siz indi gedin yaxşıca dincəlin. Sabah saat 10:00-da birbaşa bura gələrsiniz. 4-cü mərtəbə, 44-cü otaq, Bənövşə xanım.
– Oldu, – deyib yarı islanmış, yarı quru kağız-kuğuzumu mizin üzərindən yığışdırıb, peşman-peşman otaqdan çıxdım…
Bu əzəmətli binadan gəldiyim kimi də ayrılmağın dilxorluğu ilə baş-başa nə vaxt öz blokumuzda, öz mənzilimin, 3 qıfıllı dəmir seyf qapısının qarşısına çatıb dayandığımdan heç xəbərim olmadı. Yalnız indi xatırladım ki, evə qayıdanda çörək almalıydım. Məcburən həyətdəki mini marketə düşməli oldum. Bir çörək alıb, çıxmaq istəyirdim ki, satıcı xanımın: “Başqa nə?”- sualı məni yenidən rəflərə baxmağa məcbur etdi:
– Bax bir dənə bundan verin.
– Başqa?
– Bir dənə də bundan.
– …
– …
Əlimdə, qolumda yer qalmadığını görən satıcı xanım: – “İstəyirsiniz uşağı çağırım sizə kömək etsin, müəllim? Ya da lap elə özüm indi buranı bağlayıb sizə kömək edərəm. Axı biz qonşuyuq…” – deyə bir az qayğılı, həm də sual dolu baxışlarını üzümə zillədi.
– Yox, canım. Nə danışırsınız? Lazım deyil. Çox sağ olun. Budu, buradı. İndi qalxıram yuxarı.
Mənə satdıqlarının pulunu ödədikdən sonra mən də məcburi təbəssüm edərək, oradan ayrıldım. Yenidən öz alınmaz qalamın giriş qapısına dayanmışdım ki, qapıda yeni bildiriş qoyduqlarını fərq etdim. Qapıdakı açar yerinə səliqə ilə yerləşdirilmiş bükülü kağızı götürüb açdım. Qırmızı rəngli qələm ilə səliqəli xətlə yazılmış “JEK”-in bildirişi idi: “Xəbərdarlıq! Bu ayın sonuna qədər istismar xərclərini və zibil pulunu ödəməsəniz sizi məhkəməyə verəcəyik”. Qeyri-iradi: – “JEK nədi?” – deyə-deyə kağızı əvvəlcədən büküldüyü kimi mən də səliqə ilə büküb blokun açıq pəncərəsindən çırtma atışı ilə bayıra uçurtdum. Qıfılları bir-bir açdıqdan sonra sonunda nəhayət ki, mənzilə daxil ola bildim. Səmimiliyimə inanın. 18 yaşına qədər kənddə böyümüş, sonra isə demək olar ki, ömrünün çox hissəsini dağda-daşda keçirmş bir adam üçün qapı açıb-bağlamaqdan ta bu “JEK” söhbətlərinə qədər hamısı çox yorucu və olduqca ağrılı məsələdir…
Mənzilə daxil olan kimi əlimdəkilər masanın və divanın, əynimdəkilər isə çarpayının üstünə getdi. Yaxşı-yaxşı yuyunub, spirtləndikdən sonra artıq neçə gündən qalma olduğunu unutduğum içərisində su olan çaydanın altını yandırdım. Çaydan fit verənə qədər heç nə düşünmədən mətbəxin pəncərəsindən sakit küçəmizə, balaca parka və bir az aralıda ucalan “Alov Qüllələri”nə nəzər salıb, diqqətimi sonuncunun üzərində cəmlədim. Üzərində artıq iki ildir “Evdə qal!”, “Biz birlikdə güclüyük!”, hərdən dalğalanan üç rəngli bayrağımızı və çox vaxt alov dilləri görməyə adət etdiyimiz bu qüllələr şəhərimizin yeni simvollarından birinə çevrilmişdi. Artıq qüruba doğru yönəlmiş payız günəşinin qırmızıya çalan tünd narıncı rəngi qüllələrin parlaq şüşələrindən əks olunaraq cazibədar mənzərə yaratmışdı. Bu arada Şəhidlər Xiyabanına – Teleqülləyə tərəf olan birinci qüllədə troslarla asılı vəziyyətdə şüşələri silən “alpinistlər” diqqətimi çəkdi. Maraqlıdır, demək olar ki, Gün batmağa başlasa da, iş hələ davam edirdi… “Alpinist” sözü ağlıma gələn kimi, “əcaba, bu zözün Alp dağları ilə bir əlaqəsi varmı?” – deyə yeni bir sual beynimə işlədi. Sonra beqəfil Qalaya yalın əllərlə dımaşan əsgərləri xatırladım… Yəqin elə təcrübəsi olan qazilərimizi də belə xüsusi bacarıq tələb olunan yerlərdə işlə təmin edirlər… Qəfil fit səsi bütün fikirləri başımdan qovdu. Fitli caydanı icad edənin atasına rəhmət oxuya-oxuya qazı söndürüb. Özümə bir fincan rəngli qaynanmış su hazırlayıb “Nina bağı”na yollandım…
Çayımı udumlaya-udumlaya arada briqadirə ”whatsapp”da yazdım ki, gəlmişəm, evdəyəm. Ancaq həm çox yorğunam, həm də artıq axşamdır, sabah yenə gedəcəm, İnşəAllah, birisi gün işə çıxaram.
Sağ olsun, o da yazdı ki, narahat olmayın, öz işinizdə olun…
Günü hər gün təkrar olunan öz işlərimlə başa vurub, yerimə uzananda artıq gecə yarıdan keçmişdi… “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, saat 6:30-dur. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi düz 7 dəfə, bəlkə də bir az artıq… “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxdım. Gəzə-gəzə öz-özümlə söhbət edə-edə nə vaxt 44 nömrəli otağın qapısına çatım, heç özüm də bilmədim. 44-ü görən kimi qeyri-iradi burnuma bənövşənin məxsusi qoxusu gəldi. Yalnız bu anda olub-keçənlərin fərqinə vardım. Dərhal telefonda saata baxdım. Məlum oldu ki, hələ vaxta 5-6 dəqiqə var. Qayıdıb vaxtı gözləmək istəyirdim ki, qapı açıldı… Həmin tanış rayihə, o həlim səs… Bənövşə xanım məni içəri dəvət etdi. Artıq şamdanlı miz bizi dinləməyə hazır idi. Əlavə sual vermədən Bənövşə xanım divanda dünən oturduğu yerdə əyləşərək, mənə də əli ilə yanında yer göstərdi. Yalnız bundan sonra: – “Tam rahat və sərbəst olmaq üçün istəsəniz üst geyimini çıxarda bilərsiniz”- dedi.
– Xeyr, nazik və yüngüldür. Qalsın. – deyə-deyə keçib öz yerimdə əyləşdim…
Şamlar yanır, “elektrodlar” tüstüləyirdi. Çox astadan həzin, yuxugətirici çin melodiyası səslənirdi…
– Hə, harda qalmışdıq? – Sükutu bu dəfə Bənövşə xanım özü pozdu. Sanki vaxtı boşa verməmək istəyi kimi bir ahəng hiss etim səsində.
– Deməli, “mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika – biz ona “suçəkən” deyirdik – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı…” – Bax orada qalmışdıq.
– Bu məsələni bir az da dəqiqləşdirib, elə ordan davam edək. O nə “suçəkən” maşın idi elə, orda işləyirdi?
– Deməli, belə, Bənövşə xanım. Qeyd etdiyim kimi, mənim uşaqlığım kənddə nənəmgildə keçib. Ancaq o vaxtlar da – “sovet dövrü” tez-tez atamgilə, yəni bu evmizə gəlirdim. Elə yaranandan məndə hər şey tərsinə olub. Uşaqlar yayda dərs bağlananda kəndə nənəsigilə gedəndə, mən əksinə, yayda dərs bağlanan kimi Bakıya atamgilə gəlirdim. Bunu niyə qeyd edirəm? Həmin vaxtlar binamızın, yəni bu binanın – atamgil yaşayan binanın zirzəmisi qupquru olardı. Çünki uşaq vaxtı yadımdadır ki, ora girməyi nə qədər qadağan etsələr də, maraq güc gələndə bir neçə dəfə uşaqlarla ora girmişdik. Dəmir seyf qapısı olsa da, heç vaxt bağlı olmazdı. Qupquru, tərtəmiz zirzəmi idi. Ancaq 90-lardan sonra artıq bu təmizliyin izi-tozu qalmadı. Əvvəllər su olmasa da… – burada məni yenə quru öymə tutdu…
– Ara verin, dincəlin… – deyə Bənövşə xanım mənə əli ilə də sərbəst olma işarəsi verdi.
– Narahat olmayın, indi keçib gedəcək… Məşədi İbad demişkən, artıq “bir nöö adətkərdə olmuşam…” – özümü toxdadıb davam etməyə başladım. – Deməli, hə, orda qalmışdım axı… İlk vaxtlar quru olsa da, zibil atmağa başladılar. Külək başqa yerlərin zibillərini də gətirib bizim zirzəmiyə yığmağa başladı. Arada-bərədə ya binanın sakinləri, ya süpürgəçilər təmizləyirdilər. Sonra ölkəmizin müxtəlif bölgələrində xidmətdə olarkən məzuniyyələrə və ya qısa müddətdə valideynlərimə baş çəkməyə gələndə artıq zirzəminin su ilə dolmuş gördüm. Ordudan tərxis olunub həmişəlik valideyinlərimin yanına yerləşəndən sonra bizim zirzəmisi su ilə binamıza “Şır-şırlı bina” deyildiyini öyrəndim. Düzdür, mütamadi olaraq həmin o suçəkən maşın tırhatır işlədiyinə görə ətraf binalarda yaşayanlar “Tır-tırlı bina” desələr də, çox adam, ələlxüsus nabələdlərin neçə dəfə ya telefonla, ya da elə-belə “Şır-şır”ın yanındayam və ya “Şır-şır”ın yanına gəl deyə, buranı belə təqdim etdiklərinin şahidi olmuşdum. Hətta binamızın birinci mərtəbəsində “Şır-şır” adlı kafe də vardı. Ancaq bu yumurta-toyuq məsələsi kimi bir şeydir. Bilmirəm, şır-şırdan ilhamlanıb kafenin adını belə qoyublar, yoxsa kafeyə görə bina belə tanınıb… Nəsə, sözüm onda yox, suçəkən maşını elə tırhatır işləyə-işləyə “Şır-şır”ın başında qoyub getdim bu məlum 44 günlük müharibəyə. 26 sentyabr 2020-ci ildə artıq tam hazır vəziyyətdə Tərtər yaxınlığında olan toplanış məntəqələrindən birində nəsə olacağını gözləyirdik. Deməli, mən bu “Şır-şır”lı binamızdan hardasa bir həftə əvvəl ayrılmışdım. Bəlkə də bu tarix lap dəqiqi 20 sentyabr 2020-ci ildir. Yəni bu tarixdə bizim zirzəmini ağzına qədər çirkab su ilə dolu qoyub getmişdim toplanışa… – Quru öymə məni yenidən tutur.
– İstəyirsinizsə, bir az dincəlin…
– Hər şey öz qaydasındadır.
– Üzr istəyirəm, bəs bu qədər çirkab su haradan toplanır oraya? – Bir az da ehtiyatla Bənövşə xanım məndən soruşur.
– Elə öz binamızın kanalizasiya suları, kafe və digər iaşə obyektlərindən axan çirkab sular. Hətta deyirdilər, qonşu binanın da murdar suları ora axır… – Məni əməlli-başlı öymə tutur, məcbur olub ayağa qalxmalı oluram.
– Siz çıxın 10 dəqiqə dəhlizin sonundakı açıq eyvanda havanızı dəyişin, mən də həm şamları, həm də otağın havasını dəyişim.
– Dəhlizlə sağ tərəfə gedim, eləmi?
– Bəli. Elə gəldiyiniz tərəfə düz, sona qədər.
Deyilən eyvana çıxsam da, siqaret çəkənlərin ucbatından bir udum təmiz hava ala bilmədim. Zalım uşağı bina tikənlər də o boyda binaya 1×1 balaca bir eyvan qoyublar. İki nəfər eyni vaxtda dayansa gərək bir-birinin ağzınının içinə girsin… Nəsə, qayıtdım yenə 44-ə. İçəri girən kimi də Bənövşə xanım heç otrmamış işarə etdi ki, davam edə bilərəm.
– Bəli, buyurun. Davam edin. Sərbəst olun.
– Hə. Deməli, artıq əks-hücum əməliyyatları başlamışdı. Təxminən 5-6 gündən sonra bizim bölməni digər cəbəhəyə – Füzuli istiqamətinə göndərdilər. Müharibədəki qalan günlərimi düz Xankəndinə, yəni Şuşaya qədər o istiqamətdə keçirdim.
– Döyüşlər barədə daha ətraflı danışa bilərsinizmi?
– Düzü, vallah, tam səmimi danışmağa elə bir şey yoxdur. İşdə müharibə. Yanında dostlar-tanışlar ölür, yaralanır… Cürbəcür müxtəlif hadisələr… Bir onu deyə bilərəm ki, sanki heç nə hiss etmirsən. Baş verənlərin sənə heç bir aidiyyəti yoxdur. Ölümdür, o da nə vaxt gələr, gəlsin… Təxmini bax belə bir ab-havanın içərisində olur insan. Yəni daha dəqiqi mən döyüşlər başlayandan 2-3 gün sonradan bitənə qədər, bəlkə elə indi də beləyəm…
– Aydındır. Bəs sonra? – bu sual lap məhlədəki mini marketin qadın satıcısının sualına oxşadığından ani olaraq üzümə təbəssüm qondu. Bənövşə xanım da bunu hiss etmiş olmalı ki:
– Niyə gülürsünüz? Nəyi xatırladınız? Nə yadınıza düşdü? – məni sual atəşinə tutdu.
– Heç…
– Siz necə düşünürsünüz, orda nə baş verib ki, sizə belə təsir edir? Döyüşlər vaxtı heç yaralanmısınız?
– Bir neçə dəfə yüngül yaralanmışam. İndi də bədənimdə, onurğamda qəlpə var. Ancaq bu ötən bir il ərzində həm burada, həm də Türkiyədə yoxlamadan keçmişəm. Bu işin onlarla heç bir əlaqəsi yoxdur. Həkim kağızlarını da sizə verdim, baxdınız.
– Bəli, sənədlərə əsasən bu belədir. Bəs yaxşı, bu öymələr siz döyüşdə olanda da baş verirdi?
–
– Bəs bu hal ilk dəfə nə vaxt baş verdi?
– Müharibədən sonra müalicə aldığım hospitaldan çıxıb evimizə gələn birinci günün axşamı.
– Bu necə baş verdi?
– Hə. Deməli, belə. Mən elə həyətimizə girən kimi gözlərimə inana bilmədim. Şır-şırdan, tır-tırdan əsər əlamət qalmamışdı. Binanın başındakı “Şır-şır kafe” dən əlavə. Həmişə “Tır-tır” maşın dayanan binanın giriş qapısı olan yan tərəfdə də “Şır-şır” yazılmış su damcısı işarəli böyük mavi rəngli plakat və onun altından zirzəmiyə giriş var idi. Mən gələndə axşam olduğuna görə qırmızı yazılı kafe açıq olsa da, mavi yazılı bağlı qapılı yerin nə olduğnu anlaya bilmədim. Yaxınlıqda üstünə su damcısı işarəli mavi rəngli “Şır-şır” yazılmış avtomobillər də diqqətimi çəkdi. Ancaq düzünə qalsa, zirzəminin tam qurudularaq istifadə olunması, həyətimizin belə abadlaşdırılması məni çox sevindirdi. Bu ilk müsbət təəssürtaların təsiri altında 4-cü mərtəbəyə nə vaxt qalxdığımı, evə necə girdiyimi heç indi də xatırlamıram. Evdəkilər gəlişimi gözləsələr də, çox sevindilər. Axşam hospitaldan buraxılacağımı bildiklərinə görə günortadan süfrə açıb məni gözləyirmişlər. Mən də içəri girən kimi əynimi dəyişib, yuyunub otrdum süfrəyə. Televizor da həmişəki kimi açıq idi. Arada oğlumun suallarına cavab verə-verə televizora baxır, süfrədə olanlardan məşğulat edirdim. Qəfil ekranda mavi rəngli su damcısı şəklindəki “Şır-şır” yazılı su daşıyan avtomobili reklam çarxında görən kimi ani olaraq bu mənzərə tanış gəldi və məni ilk dəfə öymə tutdu. Vanna otağına qaçmağa məcbur oldum. Anam da tibb işçisi olduğuna və bir neçə dəfə yaralandığımı, hələ Birinci Qarbağ müharibəsindən kontuziyalı olduğumu bildiyinə görə o saat sorğu-suala tutub, bərk yıxılıb-yıxılmadığımı, başımın əzilib-əzilmədiyini öyrənməyə çalışıdı. Bütün sualların sonunda da bax belə deyirdi: – “ta yekə oğlansan, düzünü de…”
– Bəs siz nə cavab verirdiniz?
– Nə deyəcəm? Olanı. Neçə dəfə yanıma mərmi düşüb partlamışdı. Bir dəfə kabinəsində olduğum “Kamaz” özü də mən oturduğum tərəfdən minaya düşüb. Başım-beynim o qədər silkələnib ki… Səhəri günü yeni halla bağlı, yeni şikayətlə hospitala, sonra da başqa bir özəl klinikaya yoxlanmağa getdik.
– Hospitaldan sonra özələ getməyə nə ehtiyac var idi?
– Düzü, mənə qalsa, ehtiyac yox idi. Ancaq anam dedi ki, bunlar çox soyuq münasibət göstərdilər. Hər şey də başdan getdi… Belə olmaz, dəqiq yoxlanmalısan. Sonucda həkimlər də, aparatlar da anam deyəni təsdiqlədi. Hamı bir fikrə gəldi ki, bu öymə kəllə-beyin silkələnməsinin nəticəsidir. Yazdılar, pozdular. Evə gələndə də bütün yazılan bahalı-bahalı iynə-dərmanların hamısını alıb gəldik. O gündən düz bir ildir müalicə olunsam da, xeyri olmayıb.
– Bayaq bir söz dediniz. Dediniz ki, ilk dəfə ekranda “Şır-şır” yazılı maşını görəndə bu sizə tanış gəldi. İndi xatırlaya bilirsinizmi, ilk dəfə “Şır-şır” yazılan su maşınını harada görmüşdünüz?
– Bəli. İlk dəfə üzərində “Şır-şır” yazılan su maşını biz Xocavənddə olanda su gətirmşdi. Sağ olsunlar, hələ onlar üzərində belə yazılmış səyyar hamamları da var idi. Bir dəfə o hamamda da ləzzətlə çimmişəm. Bilirsiniz, insanlar bəzən çox naşükür olurlar. Heç nəyin qədir-qiymətini bilmirlər. Müharibə başlayandan bir aydan artıq idi çimmirdik. Düzü, heç çox vaxt içməyə, əl-üzümüzü yumağa su tapmırdıq. O ki qaldı çimmək ola. Paltarlarımız da dəfələrlə yağış zamanı əynimizdə islanıb, qurumuşdu. Belə bir vaxtda biz Xocavənddə olanda bu səyyar hamam maşını gəldi. Təsadüfən bizim bölmə bir gün orada dincələcəkdi. Biz də yaxşıca çimib dincəldik. O gün heç vaxt yadımdan çıxmaz…
– Deməli, “Şır-şır” yazılı ilk su maşınını Xocavənddə görmüşdünüz, sonra ekranda görüncə həyətdəki avtomobilləri, eyni yazılı ofisi xatırlayıb öyməyə başlamısınız.
– Bəli. Təxmini, bəlkə də ən dəqiqi vəziyyət belədir.
– İndi yenə həmin binada yaşayırsınız?
– Türkiyədə xəstəxanada müayinə qabağı söhbət etdiyim psixoloqun tövsiyəsi ilə Azərbaycana qayıdan kimi valideynlərim orada qalsalar da, mən ailəmlə birlikdə yeni mənzilə köçmüşəm.
– Bax, bu, yaxşı haldır. Sizə də qazilərə verilən mənzillərdən veriblər?
– Əvvəlcədən belə bir fikrimiz, yəni hazırlığımız var idi. İş belə olunca valideynlərimiz də kömək etdi, tez bir ev alıb köçdük. Ancaq evi yaxın bir qohumun adına almışıq. Adım qazi kimi siyahıda var. Növbəm çatanda mənə də ev verəcəklər.
– Ailədə neçə nəfərsiniz?
– 6 nəfər. Həyat yoldaşım, 2 oğlum, 2 qızım.
– Harda işləyirsiniz, peşəniz nədi?
– Hal-hazırda icra hakimiyyətində işləyirəm.
– Nə işə baxırsınız?
– Vallah, bir ixtisasım hərbçidir. Peşəkar zabitəm. İkinci ixtisasım da tarix müəllimi. Amma, hal-hazırda bağban işləyirəm.
– Çox gözəl. Bəs nə yaxşı belə alınb?
– Hə. Bu da uzun məsələdir. Deməli, ordudan tərxis olunan ili Bakı Təhsil İdarəsinin Bakı məktəblərində boş olan “Hərbi rəhbər” vəzifələrinə keçirdiyi işə qəbul imtahanlarında iştirak etdim. 40 mümkün baldan 39 bal toplamışdım. Bu test-imtahandan əlavə, bir neçə mərhələdən də keçdik. Yadımdadır ki, hələ bu 40-dan 39 məsələsinə görə müsahibə mərhələsində məni əməlli-başlı sıxma-boğmaya salmışdılar ki, birdən nəsə hətərən-pətərən söhbət olar. Gördülər yox, hər şey normaldır. Necə deyərlər, anadangəlmə “oxuyan uşağam”, növbəti -vakansiya seçimi mərhələsinə buraxdılar. Yer seçdim, düşdüm 45 nömrəli məktəbə. Bakı Təhsil İdarəsinin göndərişi ilə getdim ora. Məktəbin direktoru xanım idi. Yazıq bir sevinirdi ki… 5-10 dəqiqə yanında oldum. Bəlkə 10 dəfə soruşdu ki, mənə kömək edəcəksinizmi? Məktəbə kişi müəllim gəlməsinə çox sevinirdi. Prosedur gərəyi bu məsələ rayon səfərbərlik idarəsi ilə də razılaşdırılmalı idi. Məktəbin direktoru rayon səfərbərlik idarəsinə müraciət yazıb verdi, getdim ora. Deməli, mən içəri girəndə kimi ki, məni – sənədi qəbul edəcəkdi, artıq mobil telefonla danışırdı. Eşitdiyimi, onun ağzından çıxan kimi sizə çatdırıram: – “…Ayə, narahat olma. Bakı Təhsil məndən xəbərsiz imtahan keçirdib göndərib onları. Təkcə sənin yerinə deyil, bütün məktəblərə göndəriblər. Boş şeydi. Ürəyini buz kimi saxla. Mən dabro verməsəm, onlar nə karədir… İstəyirlər lap 100 adam göndərsinlər. Sən başını sal aşağı, işinlə məşğul ol…” – nəsə gözlədim danışdı qurtardı. Gəlişimin səbəbini deyəndən sonra məlum oldu ki, mən elə bu adamın yanına gəlmişəm. Sənədlərimə və məktəb direktorunun yazdığı müraciətə baxdı. Dedi ki, müraciət düzgün formada yazılmayıb. Nəsə, düz 3 dəfə mən o müraciəti dəyişmək məcburiyyətində qaldım. Sağ olsun məktəb direktoru, etiraz etmədən 3 dəfə müraciəti yenidən yazdırıb, möhürlədi… Ancaq sonuc olaraq, mən o məktəbdə işləyəsi olmadım.
– Bəs nə yaxşı tarix müəllimi işləmirsiniz?
– Elə bilirsiniz onu yoxlamamışam? Onu da düz 3 dəfə yoxlamışam. MİQ-dəki, rəngli kağız əməliyyatları, vaxt və suallarla manipulyasiyalar… Nəsə, sonuncu dəfə 60-dan 46 bal toplamışdım. Əslində bu ikinci ixtisası almaqda məqsədim ən ucqar dağ kəndlərinin birində müəllim işləmək olub. Elə ona görə də səfərbərlik idarəsinin mənə öz xətti ilə yazıb verdiyi şəxsi mobil nömrəsinə zəng etmədim. Çünki Bakıdansa rayonların birində ucqar kənddə müəllim işləmək mənə daha maraqlı, cazibədar və eyni zamnda faydalı görünürdü. İki tur başa çatdıqdan sonra yenə vakant yerlərdən heç birinə düşə bilmədim. Maraqlıdır ki, artıq adını əzbər bildiyim dağ kəndləri var idi ki, hər dəfə seçimlərdən sonra oranı seçsəm də, nə mən o məktəbə düşürdüm, nə də o yer dolurdu. Yer vakant, mən isə işsiz qalırdım. Belə günlərin birində elan gördüm ki, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Kamalzadə namizədləri qəbul edir. Mən də elektron qaydada qəbula yazıldım. Sağ olsun, qeyd olunan vaxtda qəbuluna düşə bildim. Bu sualı eynilə ona verdim ki, necə olur, hər seçimdən sonra belə yerlər boş qalır, biz də işsiz? O, sadəcə, çiynini çəkib, masanın üzərindəki kompüterə işarə etdi və dedi: – “Bizlik bir şey yoxdur”. Mən bir az da irəli gedib bildirdim ki, bəlkə istisna hallar kimi mənim üçün nəsə etmək olar, Bakı istəmirəm ki, hər il, hər dəfə boş qalan və ya gənc qızların bir illik tutub getmədikləri ucqar bir dağ kəndində ömrümün sonuna qədər müəllim işləmək istəyirəm. Cavab isə qəti olaraq belə oldu: – “Biz siz deyən kimi eksklüziv heç nə edə bilmərik…”. Və mən bu görüşdən sonra MİQ imtahanlarında iştirak etmədim. Sonra da müharibə başladı. Yenidən ordu. Yenidən hospital. Və görürsünüz ki, indii də sizin qəbulunuzdayam.
– Bəs, bu bağbanlıq nə məsələdir?
– Hospitaldan çıxandan sonra bir neçə dəfə çağırıb yoxladılar. Və son qərar belə oldu ki, heç bir əlillik dərəcəsindən söhbət gedə bilməz. Bu yaralar hamısı yüngül yaradır. Onurğada və bədənimin digər yerlərində qalan qəlpələr də elə-belə, ziyansız müharibə yadigarlarıdır. Zamanla onları da çıxartmaq olar. Kənardan baxanda, bir də bu şoğərib televizorda həyat tamam başqa cür görünür. Ona görə də real həyatda olanlarla heç kim barışmaq istəmir. Məsələn, bax mənim artıq bir ildir əziyyət çəkdiyim bu öymənin heç bir adı yoxdur. İstər kəllə-beyin travması kimi, istərsə də indi siz, sizdən əvvəl də türk həkim-psixoloqların araşdırdığı hal kimi. Halbuki gecəm-gündüzüm yoxdur. Bir də ki, indi nəinki hər adama əlillik təyin etmirlər, hətta Birinci Qarabağ müharibəsi iştirakçılarından çoxunun təqaüdlərini kəsiblər. Məsələn, nə qəzetdən oxumursunuz, nə kitabdan. Real mənim iki sinif yoldaşım olan şəxsən tanıdığım Birinci Qarabağ müharibəsi iştirakçısının 25 ildən artıq zaman ərzində aldıqları təqaüdləri kəsiblər. Halbuki onlar hələ o zaman ağır yaralar aldığına görə müharibə getdiyi zaman ordudan tərxis olunmuşdular. Və elə o vaxtdan da onlara təqaüd təyin olunmuşdu. Bunları dəqiq bildiyim üçün sizə dedim. Yeni mənzil almaq, davamlı müayinə və müalicələr, bunların hamısı pul tələb edir. Əldə-ovucda nə var idi hamısı getdi. Əslində mənim heç işləmək fikrim yox idi. Mən DOST mərkəzinə sosial müavinət almaq üçün məsləhət almağa getmişdim. Oradakı dostlardan biri hərtərfli məni sorğu-sual edəndən, səndədlərimlə tanış olandan sonra başa saldı ki, əmi, mütləq yarımştat da olsa, işləmək lazımdır. Dedim ki, ta işim olandan sonra yardımı neynirəm ki, elə maaşımla başımı aşağı salıb birtəhər dolanaram. Mənə nə desə yaxşıdı? Dedi ki, əmi, uşaqlar çox balaca olsa idi, həyat yoldaşınız işlədiyinə görə siz işsiz olsanız da, sosial müavinət ala bilərdiniz, ancaq indi uşaqlar böyükdür. Siz sosial müavinət almaq üçün gərək adınıza bir iş olsun. Mənim də matım-mutum qurudu, qaldım belə. Sağ olsun, uşaq elə şirin-şirin danışdı ki, heç nə deyə bilmədim. Elə onun məsləhəti – göndərişi ilə getdim icra hakimiyyətinə. Orda da, sağ olsunlar, elə həmin gün qazi olduğuma görə məni işlə təmin etdilər. İndi 270 manat oradan maaş alıram, təxminən bir o qədər də sosial müavinət, üstəgəl, müharibə veteranı olduğuma görə 80 manat da Prezident Təqaüdü alıram. Hayat yoldaşım da elə bunların cəmi qədər maaş alır. Min şükür, dolanırıq. Bax belə. Başqa nəyin aidiyyəti ola bilər, sizcə, bu “ÖYMƏ” məsələsinə?
– …
– Hə. Bənövşə xanım nə düşünürsünüz?
– Məncə, bütün məsələnin kökü indi o sizin valideynlərin yaşadığı binanın zirzəmisindəki “Şır-şır”dadır. Ancaq biz bu məsələni belə bir-iki görüşdə həll edə bilməyəcəyik. Və onu da əlavə edim ki, sizin də yeni ödənişlər etmənizi heç istəmirəm. Əksinə, bax sizin ödənişinizdən mənə çatan bu 75 manatı da sizə qaytarıram. Artıq heç bir söz və təklif qəbul etmək istəmirəm. Və bu da mənim ”whatsapp” nömrəm – deyə əlindəki kağız parçasını mənə uzadaraq davam elədi – hər gün 20:00-23:00 arası istədiyiniz vaxt görüntülü yığıb mənimlə söhbət edə, məsləhətləşə bilərsiniz. Əgər bunların heç birini etməsəniz də, nəticə barədə məni mütləq xəbərdar edərsiniz. Ancaq bir məsələni özüm üçün dəqiqləşdirmək istəyirəm. Siz heç olmasa bir dəfə o ofisə daxil olub, maraqlanmısınızmı görüm bunlar burada nə işlə məşğuldurlar? Nə edirlər? Bəlkə onların heç bu məsələyə aidiyyəti yoxdur?
– Oldu! – Bənövşə xanımın bu səmimiyyəti və comərdliyi qarşısında əlavə heç nə deyə bilmədim. Pulu və kağızı alıb ürəyimin başına – içəridən döş cibimə qoydum. Yalnız indi şamların artıq çoxdan söndüyünü fərq etdim. Çevrilib pəncərəyə baxdım. Hava qaralmaq üzrə idi… Bənövşə xanım da bunun fərqinə varmış olmalı ki, mizin üstündəki “basma qələm”lərdən birini götürüb düyməsini basan kimi divarlardakı lampalar yandı. Şamlar yanmasa da, otaqda olan ab-hava demək olar ki, dəyişməmişdi. Söhbətdə yaranmış bu qısa fasilədən sonra mən davam etməyə başladım:
– Bilirsiniz, Bənövşə xanım, əlbəttə, mən orada olmuşam. Bir yox, bir neçə dəfə olmuşam. Onlar binanın altında yerləşən bütöv zirzəmini ortadan bölüblər. Orada özlərinə ofis və ambar yaradıblar. Ofis və ambar olan hissəni yaxşı təmir ediblər. İçəri girəndə zirzəminin əvvəlki halından xəbərsiz olan adamın heç ağlına da gəlməz ki, bu divarın arxasında necə çirkab su ola bilər. Ambarın çirkabla arakəsmə divarında çoxlu sayda su krantları var. Düşünə bilirsiniz? O krantlardan gələn su ilə üzərinə “Şır-şır, kəhriz suyu yazılmış 25 L” plasmas su qabların doldurub, təmiz su adı ilə müxtəlif təşkilatlara, ofislərə, mənzillərə xidmət göstərirlər. Mən neçə dəfə ciddi maraqlanmışam. Deyirlər ki, bütün sənədlərimiz var, məhsulumuz laboratoriyalardan keçib, bu krantlar olan divarın arxasında xüsusi su təmizləyici, suyu insan orqanizmi üçün vacib mikroelementlərlə zənginləşdirən, ionlaşdıran, yodlaşdıran, nə bilim nə edən çoxfunksiyalı filtirlərimiz var. Hər axşam maşınlarla boş su qabları gəlir. 24 saat fasiləsiz içəridə qablar doldurulur. Gün ərzində də səhər saat 9:00-dan axşam saat 18:00-a kimi istirahət günü də daxil olmaqla, hər gün müştərilərə çatdırılır. İnternetdə, televizorda, hər yerdə də reklamları gedir. Yazıq camaat nə bilsin ki, bu kəhriz hansı binanın zirzəmisində qaynayır? İnanın, tam səmimi deyirəm, həyəti elə gözəl təmir ediblər. Ofisləri elə təmiz, elə səliqəlidir ki, məhləyə birinci dəfə gələn adama mən indi sizə danışdıqlarımı heç cür inandırmaq olmaz. İlk əvvəl mən köçüb bu bəladan canımı qurtarmaq istədim. Fikirləşdim ki, görməsəm, yadıma düşməz, rahat olaram. Ancaq belə olmadı. Hər Xocavənd yadıma düşəndə, hər onların reklamını, ya maşınlarını şəhərdə görəndə özümü saxlaya bilmirəm. 85 kiloluq adam əriyib qalmışam 53 kilo. Tez-tez xəbərlərdə görürük ki, nəzarətçilər qanunsuz su xətlərinə qoşulmuş kafelərin, “moyka”ların su xətlərini kəsirlər, sahibkarları cərimələyirlər. Bina sakinləri neçə dəfə şikayət ediblər. Nəzarətçilər gəlib yoxlayıb gedirlər. Qeyri-qanuni qoşulma yoxdur deyirlər. Şirkətin də bütün sənədləri qaydasıda. İşçilərin maaşını, dövlətin vergisin vaxtında verir. Hələ üstəlik, xeyriyyəçilklə də məşğuldur. Müharibə vaxtı cəbhəyə nə qədər təmənnasız yardım edib. Hərbi hissə komandirlərindən, hətta bu yaxınlarada şanlı Zəfərimizin ildönümü ilə əlaqədar şəxsən Müdafiə Nazirindən fəxri fərman alıb. Adamın üstündə Allah var, həyəti yaxşı abadlaşdırıblar. 30 ilə yaxın qurumayan zirzəmini çirkab sudan, zir-zibildən təmizləyib qurudublar. Ən azı 50-60 adama çörək veriblər. Xub. Çox sağ olsunlar. Ancaq bir bunlara deyən, onlardan soruşan yoxdur ki, a balam, bu boş su qabları hər gecə maşın-maşın gəlir bura, bütün gün boyu da dolu-dolu daşınır, bəs, bu kəhriz şəhərin mərkəzində hardan qaynayır? Bir sözlə, çox müşkül işə düşmüşük. Bilirsiniz, mənim bu məsələmdən xəbərdar olandan sonra nə şayiə buraxıblar?
– Çox maraqlıdır.
– Deyirlər ki, İlqar qarnıqurdludu, öymə ondandır. Hətta mənim qurddan təmizlənməm üçün müalicə xərclərini də öz üzərlərinə götürüblər… Bax, son vəziyyət belədir, Bənövşə xanım. Bizimki qalıb Allaha… O Böyük Allah özü bizə kömək oslun…
QIRMIZI YARPAQLI AĞAC (hekayət) 2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayıla biləcək əsas xiyabanlarından birinin başlanğıcında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa yazdığım şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım. Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Generalın ölümü” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər: “Qazi qardaş, səndələmə, mətin ol, Bu torpağın altı, üstü sənindir! Addımını ürəklə at, şax yeri, Bu torpağın altı, üstü sənindir! * * * Altda qalan, “üzü bərkdir” deyilən, Yerli-yersiz harda gəldi söyülən, Dağı, daşı “əppək” kimi yeyilən, Bu torpağın altı, üstü sənindir!” Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et.”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum. – Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi. – Buyurun. – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o an belə saxlaya bilməyəcəyimi anlayıb eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq bu işgəncənin nə vaxt bitəcəyini gözləməyə başladım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu. – Deyiləsi dərd deyil, müəllim. Boş ver. – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq. – Yenə də. – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı. – Nə bilim, Vallah. – Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun. – Nədən bildiniz ki, hərbçiyəm? – Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız. – Bəli, zabitəm. – Rütbəniz? – Kapitan. – Məlum hadisələrdə hansı tərəfdə idiniz? – Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm. – Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz. – Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından? – Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. – Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir. – Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu. – Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var? – Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir. – Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm. – Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi: – Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil. – Bəs nədir sizi belə narahat edən? – Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin. – Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək: – Dostum deyəsən rusdur? – deyə soruşdum. – Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur. – Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım. – Adım Çingizdir. Çingiz. – Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur? – Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində necə əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir. – Hansı idə anadan olmusunuz, Çingiz müəllim? – 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada? – Harada? – Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq. – Mənim adım Vahiddir. Vahid Dilsiz. – Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun. – Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir. – Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var. – Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan bir az kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik. – deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi.
Məqalədə xüsusilə son iki onillikdə mətbuatda, eləcə də KİV-də əsassız olaraq özünə çox qəribə tərzdə yer tapmış, ancaq müəyyən məqamlarda heç də yerində işlədilməyən “hekayə” anlayışından bəhs olunur.
Diqqətə çatdırılır ki, hekayə – bədii ədəbiyyatın janrlarından biri, yazıçı fantaziyasının ərsəyə gətirdiyi ədəbi-bədii əsərdir. Başqa sözlə, bədii təxəyyülün məhsulu olub yazıçının həyati müşahidələri nəticəsində ümumiləşdirdiyi obraz və onun ətrafında baş verənlərin qələmə alındığı yaradıcılıq məhsuludur.
Fikrin təsdiqi üçün “APB-24” TV-də və İnstaqramda yayımlanmış video-lentlərdə səslənən (və yazılan) cümlələr diqqətə çatdırılır. Qeyd olunur ki, hər hansı məhsulun reklamında, eləcə də canlı insanın əmək fəaliyyətindən bəhs olunduğu halda, fikrin “bu bizim hekayəmizdir” tərzində ifadəsi yolverilməzdir.
Tövsiyə olunur ki, belə olan halda “hekayət” anlayışından bəhrələnmək məqsədəuyğundur. O üzdən ki, hekayət hər hansı bədii əsər, ədəbi janr deyil, “hər hansı əhvalatı danışmaq”, “sərgüzəşti söyləmək”, “hekayəçi”, “hekayəçilik (peşə)” anlamlarında işlədilən istilahdır. Hər hansı hadisənin, kimə isə məxsus ömür yolunun bədii təfəkkürün süzgəcindən keçirilərək təqdim olunmuş şəkli, insan həyatının real faktlara əsaslanan anlarının bədii yaradıcılıqda ifadəsi, olanların-olmuşların bədii formada (istər yazılı olsun, istər şifahi) nəqlidir.
ARAŞDIRMA
2015-ci ilin yaz ayları idi. Sidq ürəklə özümə doğmalaşdırdığım uşaq ədəbiyyatı bilicisi Füzuli Əsgərli yeni kitabının siqnal nüsxəsini nəzərdən keçirirdi. Kitab belə adlanırdı: “Bir alim ömrünün hekayəsi”. Soruşdum: “Uşaqlar üçün hekayələr toplundu?”.
“Yox, öz yaradıcılığımla əlaqəli kitabdı”.
Nə sənə-nə mənə, qələm götürüb kitabın üz qabığında redəktə işi apardım (hərdən məndə belə qəfil gedişlər olur): “Bir alim ömrünün hekayəti”.
Fikrimi əsaslandırmağa çalışsam da, əvvəl-əvvəl razılaşmadı, hətta mübahisəyə də girişdi. Sonda barışdırıcı mövqeni mən tutdum: “Eybi yoxdu, kim irad tutsa, töhməti yönəldərsən mənim üstümə”.
Və kitab bu adla da nəşr olundu.
Bu gün mənim kitab rəfimdə Füzuli müəllimin “Bir alim ömrünün hekayəti” adlı bu yadigarı da qorunur. Həm də öz imzası ilə, “xoş arzularla” ürək sözü ilə. Kitabın titul səhifəsində yazılıb: “Bu kitabda tanınmış ədəbiyyatşünas-tənqidçi, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərlinn elmi-nəzəri monoqrafiyaları, bədii tərcümə yaradıcılığı haqqında yazılan məqalələr və 70 illik yubileyi ilə bağlı səmimi ürək sözləri toplanmışdır”.
Sizcə bu məzmunda kitab “hekayə” adlandırıla bilərdimi?..
***
…Bəzən belə də olur ki. söz sahibi fikrini ifadə etmək üçün lazımi istilahı tapa bilmir və necə deyərlər, “çulunu sudan çıxartmaq üçün” “hekayə” istilahından bəhrələnir. Məsələn, ARB dedi: “Hər birimizin öz hekayəsi və [nəyi isə (deyilən ifadəni unutmuşam)] var” [ARB TV. 17.09.2021]
Fikrinizcə, burada “hekayəsi” istilahı hansı mənanı ifadə edir?
Sizi bilmirəm, şəxsən mən hər hansı mənanı yaraşdıra bilmədim.
…Hətta iş o yerə çatıb ki, poeziyadan təsəvvürü olmayan…
Senzuranın götürülməsi – “azad sözə meydan verilməsi” deməkdir, daha “ağzına, ağlına gələni yazıb tamaşaçıya, dinləyiciyə, oxucuya zorən həzm etdir” demək deyil.
Təəssüf ki adi söz düzümlüyünə layiqliyi yetməyən kəlmələri yanaşı düzüb, ona “şeir” adı qoyanlar var, Yazan yazmışdı, cəhənnəm, hətta bəstəçi də özünə hörmət qoymayıb bu kəlmələrə musiqi yazıb (etiraf edim ki, musiqi həqiqətən gözəldir). Bu da cəhənnəm. Bu cütlüyün bu eybindən onların özündən və bir-iki tanıdıqlarından savayı kimsə xəbardar olmayacaqdı. Nəğməni axı müstəviyə çıxaran, kobud desəm, bu kəlmələri aləmə faş edən var, hansı ki, adına “müğənni” deyirlər. Mənə ağır gələn o oldu ki, 10 yaşından tanıdığım, “Ahu kimi” xalq mahnısı ilə Dövlət Radiosunun “Nəğməli-sözlü gənclik” verilişində səhnə həyatına debüt edən, sonrakı addım-addım uğurlarından qürurlandığım Gülay Zeynallı (Qədirova) bu sözləri nəğmə mətni olaraq qəbul edib xalqa niyə təqdim edirdi?! Cəhd göstərsəm də, adını öyrənə bilmədiyim video-lenti 2021-ci ilin 18 sentyabrında instaqramdan dinləmişəm.
Həmin nəğmənin instaqramda səslənən hissəsinin mətni mühakimənizdə. Diqqəti “hekayə” istilahına yönəltmənizi xahiş edirəm:
Çıx gəl, qovuşacaq hamı,
Bu gündən barışacaq hamı,
Bizdən danışacaq hamı.
Dil-dişə düşə şayiələr.
Gör bir nə zəmanədir,
Aşiq dəli-divanədir,
Səndən mənə nişanədir,
Belə yaranır hekayələr.
Vurulub ürəyim bu gözəlliyə.
Hara baxıramsa, ordan səni görürəm.
Xəyalın gözümün önünə keçib dayanır (b)
Sənə toxunum deyə,
Yadına yaxınam deyə.
Sizcə, burada “hekayə” nə deməkdir?
… “2021-ci ilin avqustunda elə bir ünvanda oldum ki, orada ARB kanallarından savayı heç bir TV göstərmirdi. 10 günüm “ARB-24”-ü izləməkdə və DVD-nin köməyi ilə filmlərə baxmaqda keçdi.
“ARB-24” dedi: “Bu, bizim hekayəmizdi. Bizim böyük hekayəmiz kiçik kəşflərdən başladı. Təbii məhsullarımızla Azərbaycanımız üçün 23 ildir fəaliyyətdəyik…”. Və s. (24.08.2021-ci il, saat 07:54).
Qəribədir, “ARB-24” hansı isə məhsulun reklamını edir və özünün təqdimat tərzini “hekayə” adlandırır.
“Hekayə” ifadəsi, təəssüf ki, şifahi və ədəbi dilimiz üçün daim nümunə olan AzTV-də və digər TV aparıcılarının da dilində (“Rezonans” verilişində də, hörmətli Zaur Baxşəliyevin nitqində də bu ifadə ilə qarşılaşmışıq), həmçinin instaqramda da işlənməkdədir.
İnstaqramda qadının restoranda stol arxasında əyləşən saçları ağarmış kişinin görüşünə gəldiyi görüntülənir. Kövrək baxışlarla baxışırlar. Video-lentin üzərində bu kəlmələr yazılıb: “50 yıllık aşk hikayesi”.
…Başqa bir instaqram lentində jurnalistlə müsahibinin dialoqu görüntülənir:
Müsahib: – Her kesin bir hikayesi var.
Jurnalistin müdaxiləsi: – Kimse kimsenin şurasını bilmiyor.
Müsahib: – Üzümüz gülüyor. Amma içeridə nə oldu, bir yuxarıda ki, bir kendimiz biliyor. [İnstaqram. 28.08.2021-ci il, saat 22:35].
Yaxud, “500 manata evini satıb əlil arabası ilə küçələrdə gecələyən qadının hekayəsi – qadını gecəyarısı küçəyə atıblar” [İnstaqram.04.09.2021-ci il];
Və yaxud, “Express.xeberler” yazdı: “Bir xoşbəxt ailənin acı hekayəsi…”. Məqalədə Peyman Sadıqovun ailəsində baş verənlərdən bəhs olunur [İnstaqram. 04.09.2021-ci il];
“11 yaşında narkotikin qurbanına çevrilən qızın dəhşətli həyat hekayəsi” (“Express.xeberler” 22h. İnstaqram, 21.09.2021).
Sizcə, bu kimi məqamlar üçün əslində hansı istilahın işlədilməsi məqsədəuyğun olardı: “hekayə”, yoxsa “hekayət”?
Ədəbiyyatşünas Rafiq Yusifoğlu yazır ki, “hekayə – epik əsərin ən çevik, geniş yayılan janrlarındandır. Mir Cəlalın sözləri ilə desək: “Şifahi xalq ədəbiyyatında nağıl nədirsə, yazılı ədəbiyyatda da hekayə odur” [3. s.193]. “Rus ədəbiyyatında “рассказ”, italyanlarda “novella” deyilən bu janr əsasən realist bir əsərdir. Hekayə xırda şəkilli epik əsərlərin əsas janrıdır. Hekayədə səciyyəvi, ibrətli, ictimai mənası olan həyati bir əhvalat, bir, ya iki qəhrəman götürülür, məhdud bir zaman, məkan daxilində yığcam, bitkin, realist bədii təsvir verilir”, – yazırlar Mir Cəlal ilə Pənah Xəlilov [2. s.143].
“Hekayədə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur, obrazların sayı elə də çox olmur, yazıçı, əsasən, bir surətin həyat və taleyindən, konkret bir hadisədən danışır” [4] və [5].
“Hekayət” termininə isə, internet resurslarında hər hansı bədii əsər növü deyil, “əhvalat”, “sərgüzəşt”, “qəziyyə”, yaxud “danışmaq”, “nəql etmək”, “söyləmək” anlamlarında işlədilən istilah kimi izahat verilir [6], [7] və [8]. Ağamusa Axundova isə, “hekayət” – “əhvalat”, “sərgüzəşt”, “hekayəçi”, “hekayəçilik (peşə)” mənalarını daşıyır [1. s.124].
Məsələn,
Mən çəlik ürəkli bir yeni gəncəm,
Dildən-dilə düşmüş hekayətim var
(Mikayıl Müşfiq).
“Qüdrət Şirmayının hekayətini dinləyəndə gülməkdən özünü güclə saxlayırdı” (Mehdi Hüseyn).
Fikrimizcə (ədəbiyyat bilicilərinin mülahizələrindən də bu, belə görünür), hekayə – bədii təxəyyülün məhsulu olub yazıçı fantaziyasının həyati müşahidələr nəticəsində ümumiləşdirdiyi obraz və onun ətrafında baş verənlərin qələmə alındığı yaradıcılıq məhsuludur.
Hekayədən fərqli olaraq isə hekayət – yazıçının yaradıcı təxəyyülünün məhsulu olan bədii əsər, ədəbi janr deyil, hər hansı hadisənin, kimə isə məxsus ömür yolunun bədii təfəkkürün süzgəcindən keçirilərək təqdim olunmuş şəkli, insan həyatının real faktlara əsaslanan anlarının bədii yaradıcılıqda ifadəsi, olanların-olmuşların bədii formada (istər yazılı olsun, istər şifahi) nəqlidir.
TƏKLİF
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsinin 1975-ci il məzunlarındanam (1969-1975). Bizim zamanımızda jurnalistikanın janrları sırasında “hekayət” adında janr yox idi. İndi də belədirsə… Mənə elə gəlir ki, “hekayət”i jurnalistikanın janrları sırasında görmək yanlış mövqe olmazdı.
NƏTİCƏ`dən sonra
nəticə
“Ədəbiyyat qəzeti”ndən (25 sentyabr 2021-ci il) ruhuma hopdurduğum misralar və “Həftə içi” qəzetində (09-15 sentyabr 2021-ci il) qarşılaşdığım “Səma Muqanna – yeni günəş” məqaləsindəki bir məqam mənə fərəh dolu duyğular yaşatdı…
Bu an üçün “nəhayət” istilahını işlətməyə bilmirəm. Nəhayət ki, axına qarşı çıxıb mənim arzuladığım anlayışı öz yerində-məzmununda işlədən tapılmışşdı, Həm də kim? Yaradıcılığına və şəxsiyyətinə xüsusi rəğbət bəslədiyim söz sahibi yazıçı-publisist Zaur Ustac.
Nəzərdə tutulan şeir belə adlanır: “O gün…”. Şəhid İlqar Mirzəyevin xatirəsinə həsr olunub:
Belə şanlı hekayət
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki.
“Uğurlu yol” qismində qələmə alınan məqalədən həmin məqam oxucu üçün: “Səmanın qələmindən çıxmış bir az mistik, sevgi dolu hekayətlər oxucunu ovsunlayır”.
Açar sözlər: hekayə, bədii əsər, hekayət, nəql etmək.
***
“HİKAYE” VEYA “HİKAYET”?
ÖZET
Makale, özellikle son yirmi yılda basında olduğu kadar Kitle İletişim Araçlarında da asılsız yer edinen, ancak açıklığa kavuşturulması gereken “hikaye” ve “hikayet” kavramları tartışılır. “Hikaye”nin kurgu türlerinden biri olduğu, yazarın hayal gücü ve fantezisinin ürünü olan edebi ve sanatsal bir eser olduğu inandırıcı bir şekilde doğrulanmaktadır. Bu nedenle, bir ürünün reklamını yaparken ve ayrıca yaşayan bir kişinin hayatı veya çalışmasından bahsederken, “bu bizim hikayemiz” ifadesi doğru degildir, bu durumda “hikayet” kavramının kullanılması tavsiye edilir.
“Hikaye” kavramından yerel-yersiz kullanıldığı üzüntüyle belirtilmektedir. Örnek olarak yazarın “APB-24” TV ve Instagram ile ilgili açıklamaları bir örnek verilir. Ve bu tür durumların genel olarak radyo ve televizyona, basına, Instagram’a ve sosyal ağlara erişim bulmaması tavsiye edilir.
İsrar ediliyor ki, “Hikaye” kavramı, sanatsal hayal gücünün bir ürünüdür, yazarın hayal gücünün, yaşam gözlemleri sonucunda görüntüyü genelleştirdiği ve çevresinde olup bitenler hakkında yazdığı yaratıcı bir üründür.
Hikâyet terimi ise yazarın yaratıcı hayal gücünün ürünü olan bir sanat eseri değil, “olay”, “macera”, “kaza”, veya “konuşmak”, “anlatmak”, “söylemek” anlamında kullanılan bir terim, Sanatsal düşüncenin süzgecinden geçirilmiş bir yaşam biçimi, insan yaşamının gerçek gerçeklere dayanan anlarının sanatsal yaratımda bir ifadesidir.
Anahtar kelimeler: hikaye, sanat eseri, hakkında konuşmak.
***
“STORY” OR “STORY” (“talk about”)?
ABSTRACT
The article discusses the concepts of “story” and “story”, which have been unfounded in the mass media as well as in the press in the last two decades, but need to be clarified. It is convincingly affirmed that the “story” is one of the genres of fiction, a literary and artistic work that is the product of the author’s imagination and fantasy. Therefore, when advertising a product, as well as talking about the life or work of a living person, the phrase “this is our story” is not correct, in which case it is recommended to use the concept of “story”.
It is sadly stated that the concept of “story” is used locally and inappropriately. As an example, the author’s comments on “APB-24” TV and Instagram are given as an example. And it is advisable that such situations do not find access to radio and television, the press, Instagram and social networks in general.
It is insisted that the concept of “Story” is a product of artistic imagination, a creative product of the author’s imagination, in which he generalizes the image as a result of life observations and writes about what is happening around him.
The term story, on the other hand, is not a work of art that is the product of the author’s creative imagination, but a term used in the sense of “event”, “adventure”, “accident”, or “talking”, “telling”, “telling”, a way of life filtered by artistic thought. is an expression in artistic creation of real factual moments of human life.
Keywords: story, work of art, talk about.
***
İstifadə olunan ədəbiyyat
1. Axundov Ağamusa. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik. Bakı-“Elm”-2005, 452 səh. İSBN 5-8066-1728-9.
2. Mir Cəlal, Xəlilov P. “Ədəbiyyatşünaslığın əsasları”. Bakı-“Maarif”- 1972, 296 səh.
1993-cü ilin yazı idi. İlıq nəfəsli, bənövşə qoxulu bahar ürkək-ürkək özünü göstərirdi. Əl-ayaq dəyməyən yerlərdə, kolların dibində, cığırların kənarında körpə, yaşıl otlar cücərirdi. Arabir günəş tənbəl-tənbəl buludların arasından görünür, tez də yoxa çıxırdı. Elə bil müharibənin soyuq nəfəsi yazı qorxudur, gəlişinə mane olurdu.Kəndimiz döyüş zolağının 10-15 km-də yerləşirdi. Odur ki, kəndin mərkəzində yerləşən ikimərtəbəli məktəb binası hərbi hissənin ixtiyarına verilmişdi. Kənd camaatı hardansa maşın-maşın gələn əsgərlərə xilaskar kimi baxır, onları əziz adamları kimi qarşılayırdı. Tez bir zamanda əhali ilə hərbçilər bir ailənin övladları kimi qaynayıb-qarışırdı. Əsgərlər döyüşə gedəndə bizim kəndin oğulları, qardaşları, ərləri döyüşlərdə, səngərlərdə olan qadınlar, qızlar onların da sağ-salamat qayıtması üçün Allaha dualar edir, həyəcanla onların geri dönməsini gözləyirdilər.
Döyüşdən geri dönən əsgərlər hələ kəndə çatmamış camaat bilirdi ki, itki var, ya yox! Çünki itki olmayanda əsgərlərin şən hay-küyü, səsi oldu-olmadı oxuması, xülasə, xüsusi coşğunluqları uzaqdan bəlli olurdu. Onda camaat dərindən nəfəs alır, azacıq da olsa rahatlanırdılar. Hələ döyüşün uğurlu olduğunu bilən kəndin yeniyetmələri də gedib onlara qoşulur, sevinclərinə şərik olurdular.
Vay o gündən ki, döyüşdən qayıdıb gələn əsgərləri səs-küy əvəzinə lal sükut içində görəydilər. Maşınlar kəndə çatmamış, kənd ağsaqqalları, ağbirçəkləri özlərini məktəbə yetirər, onların dərdlərinə elliklə şərik olduqlarını bildirərdilər. Kənddə hər evdə o şəhid əsgərin yası tutulardı. Artıq bu, bir növ adət halını almışdı. Evlərdə həm də hər kəsin əsgərlərə hörməti, sevgisi yavaş-yavaş qızlarımıza da sirayət etmişdi. İndi kəhrizə “su gətirməyə” lap tez-tez gedirdilər. Elə o, müharibənin qızğın şağlarında kəndimizə “kürəkən” olan əsgərlər də tapılmışdı. Bir neçə qıza nişan gəldi, bir neçəsi əsgərlərə qoşulub qaçdı. Neçə-neçə əsgər ailəsi yarandı. Xülasə, bəzən kədərlə, bəzən sevinclə müharibə günlərini yaşayan kəndimlz öz qayğıları ilə, əkin-səpinlə də məşğul olurdu. Təbii ki, qəlbində qələbə inamını bərkidərək!
Qəflətən iş yoldaşım Rəsmiyyənin: “Az gejikdik, ey, tez gəl!” cingiltisi məni xəyaldan ayırdı. Ay aman, işə getməyi lap unutmuşam!”
İşlədiyim Mədəniyyət evi məktəbdən yalan olmasın 1-2 km o tərəfdə yerləşirdi. Yavaş-yavaş işə yol aldıq. Rəsmiyyə nəsə danışırdı. Fikrim dağınıq olduğundan, onun nə danışdığının fərqinə varmasam da “hə”, “hı” deyib, başımdan edirdim. Yolu yarı eləmişdik ki, qarşı döngədən üç əsgər çıxdı. Səkinin üstündə üz-üzə gəldik. İki əsgər bizə yol vermək üçün kənara çəkildi. (Səki ensiz olduğu üçün). Ortada dayanmış, həm onlardan ucaboy, həm də yaraşıqlı oğlan barmaqlarının arasında tutduğu papirosu yandırmaq üçün o biri əli ilə ciblərini ələk-vələk edərək kibrit axtarırdı. Başı axtarışa qarışdığından yoldan çəkilməyi ağlına da gətirmirdi. Deyəsən kibrit tapdı! Papirosu damağına qoymaq üçün başını qaldırdı. Qəflətən bizi gördü. Bilmirəm onun “mədəniyyətsizliyinə” qarşı hikkəmizimi, ya gözlənilmədən qarşısında iki gözəl qızmı gördü, hər nəsə bərk çaşdı. Çaşdığından papiros qoymaq üçün ayırdığı ağzı da elə aralı qaldı. Yolun ortasında key-key ağzını ayıraraq, yol göstərmədən baxması Rəsmiyyəni cin atına mindirdi. Mən və o biri iki əsgər isə gülməkdən özümüzü saxlaya bilmədik. Bütün bunlar bir neçə saniyənin içərisində baş verdi. Onun yanından ötüb keçsək də, nə mənim pıqqıltım, nə də Rəsmiyyənin hirsi soyumuşdu.
– Ələm ağacı kimi kəsdirib yolu, huşu da kəsmir ki, adam gəlir, qız keçir, elə bil heykəldi! – Birdən sözünə ara verib, təəccüb qarışıq hirslə: “Az, bəs sən niyə gülürsən? Xoşuna gəlir, kəndin içində biri də görə adımız bata? Dədəm də işi maa haram eliyə!?”
Tez gülməyimi kəsib, ciddiləşdim. Döngəni burulub Mədəniyyət evinə sarı dönəndə qeyri-ixtiyari arxaya dönüb baxdım. Deyəsən “heykəl” durduğu yerdən tərpənməmişdi. Rəsmiyyənin yenə də deyinəcəyindən ehtiyatlanaraq, gülüşümü birtəhər gizlətdim.
Mədəniyyət evində Novruz bayramına həsr olunacaq tədbirə hazırlaşırdıq. Məktəblərdən bacarıqlı uşaqları gətirib, onlara oxumağı, rəqs etməyi, səhnəcik göstərməyi öyrədirdik. Saat 5-də işdən çıxanda o qədər yorulmuşdum ki, heç səhərki hadisə yadıma da düşmürdü. Döngəni dönüb asfalt yola çatanda səhərki yaraşıqlı oğlan, yanında isə bir hərbçi tində durub, kimi isə gözləyirdilər. Rəsmiyyə yəqin ki, səhər diqqətlə fikir verməmişdi – deyə tanımadı, heç o tərəfə baxmadı da. (Doğrusu, kənddə o qədər hərbçi vardı ki…). Mən isə oğrunca, ötəri bir nəzər saldım. (Rəsmiyyənin gözündən uzaq). Ürəyimdə isə fikirləşdim: “Nə göyçək oğlandı, Allah bilir hansı ölmüşü gözləyir!”
Rəsmiyyənin səhərki ciddi tənqidini yadıma salıb arxama dönmədən, elə ciddi-ciddi yoluma davam etdim. Həmin səhərdən bir həftə keçmişdi. “Yaraşıqlı” əsgər hər səhər bizdən çox aralı gəlsə də, bizim üçün gəldiyini hiss edirdim. Hər səhər bizi işə, işdən çıxanda isə evə ötürürdü. Kəndin adət-ənənəsini deyəsən yaxşı götürmüşdü. Yol gələndə bizdən aralı gələr, bizə salam verməz, bir kəlmə də söz deməzdi. Ona görə də onun kimi izləməsi hələ heç birimizə agah deyildi. Əvvəl günlər onun bizi izləməsinə Rəsmiyyə əsəbiləşsə də, oğlanın ölçülü-biçili hərəkətlərini görəndən sonra sakitləşdi. Hələ bir arada onun “əməliyyata” gecikdiyini görəndə: “Əsmər, telexronitelsiz mən bu boyda yolu nətəhər gedim, öyrənmişəm ey, telexronitelə” – deyirdi.
Elə bil sözə bənd idi. Qəflətən görünürdü. Mən də: Gözün aydın, ödey, gəlir “telexronitel”in – cavab verirdim. Beləcə, günlər bir-birini əvəz edirdi. Biz də hər gün bir az da olsa bu “yaraşıqlı” əsgərə isinişirdik. Onu özümüzə doğma hesab edirdik. Arada 2-3 gün olmayanda (hissənin döyüşdə olduğunu bilirdik) əməlli-başlı darıxırdıq. Bəzən fikirləşirdim ki, “yaraşıqlı”nı adi vətəndaş paltarında görsəydim, bəlkə də ona qarşı məndə bu qədər rəğbət, fəxr duyğusu olmazdı. O geyim, o paltar onu mənim gözümdə, əsgərə yox, mələyə çevirirdi. Hərdən fikrimdən keçənlər üçün utanırdım. Birdən Rəsmiyyəlik olar? Ona görə də çalışırdım “yaraşıqlı” haqqında az danışam, az fikirləşəm!
Günlərin bir günü Rəsmiyyə xəstələndi. İşə mən tək gedəsi oldum. Səhər yenə həmişəki kimi mədəniyyət evinin döngəsinə qədər gəldi. Döngəyə az qalmış, onun addımlarını yeyinlətdiyini hiss etdim. Yəqin Rəsmiyyəni soruşacaq!” fikrimdən keçirdim. Həm tək olmağımın həyəcanı, həm də kəndin içində, qohum- əqrəbanın gözü qarşısında kiminləsə görünməyi istəmədiyimə görə mən də addımlarımı tələsitməyə çalışdım. Gecikdim. O, mənə çatdı:
– Sabahınız xeyir!
– …
– Mənim adım Samirdi. Özüm Bakıdanam! Bəs sizin adınız nədir?
– …
– Bilmək olar?
Tələsik, bir az da ucadan:
– Yox! – dedim. O da eyni templə:
– Niyə?? – soruşdu.
Bilmədim onun sualına cavab verim, verməyim, gülüm, yoxsa ciddi durum? “Hamısından yaxşı elə cavab verməməkdi. Çıxıb gedər”.
– Həə… demək adını demirsən, demirsən ki?.. Onda belə çıxır ki, istəyirsən, mən hər gün sənə yaxınlaşım, salam-əleykim edim, adıvu soruşum sənin? Bunu istəyirsən? Demək adını buna görə demirsən? – dedi və ciddi nəzərlə üzümə baxdı. Həyəcandan heç nə fikirləşə bilmirdim, gözüm dörd olmuşdu. Tələsə-tələsə:
– Yox, yox! Adım Əsmərdi! Di get! – deyib məlul-məlul, imdadlı baxışlarla onun üzünə baxdım ki, bəlkə insafa gələ, çıxıb gedə. Bu anda onun üzündə elə bir təbəssüm gördüm ki… neçə illər keçsə də, Samiri o təbəssümlə xatırlayıram. Həmin ecazkar təbəssümlə düz gözlərimin içinə baxaraq, astaca: “Sən bilirsən səni nə qədər çox sevirəm?” – dedi.
Daha mənim qulaq asacaq halım qalmamışdı. İşə çatanda, ürəyim az qalırd yerindən qopub düşsün. Bilmirdim həyəcandan idi, yoxsa az qala yüyürə-yüyürə gəlməkdən idi, yoxsa indiyə qədər eşitmədiyim sözün təsirindən idi. Özümə güclə gəldim. “Canın yansın Rəsmiyyə, xəstələnməyə ayrı vaxt tapa bilmirdin?” İş yoldaşlarım halımın qarışıq olduğunu görən kimi səbəbini bilməyə çalışdılar. Ürəyim dolu olsa da, heç birinə bir kəlmə də demədim. İşdən çıxanda da gözüm dörd olmuşdu. Amma yolda, irizdə heç kəs yox idi. Heç kim deyəndə ki, yol dolu idi. Samir görünmürdü. Arxayınlaşıb adi günlərdəki kimi yoluma davam etdim. Asfaltı keçib döngəmizə dönmək istəyirdim ki, elə bil yer ayrıldı, Samir yerdən çıxıb qarşımda peyda oldu. Məni od götürdü; “Bu oğlanın deyəsən ağlı şəhərə gedib, eybi yox abrını bükərəm ətəyinə, ağlı başına gələr” fikirləşsəm də, titrətmə məni tutmuşdu. Özümü birtəhər ələ alıb, başladım nə başladım:
– Bura bax, nə düşmüsən arxamca! Zırrama! Bizimkilərdən biri görsə, mən cəhənnəm, səni şikəst edəcəklər. Başı xarab! Bir də dalımca gəlmə! Səhərki sözünə cavab verim! Səndən mənim heç xoşum gəlmir. Bildin! Buna bax, nəyə oxşuyur. Bunları deyə-deyə fikirləşirdim ki, doğrudan da çox göyçəkdi. Qara çatma qaşları, iri, ala gözləri, ağappaq sifətinə elə bil qələmlə çəkilmişdi. Kaş sözlərim xətrinə dəyməyəydi. Arxamca hər gün, hər gün gələydi. Amma axırıncı sözlərim onu deyəsən bərk tutdu.
– Əsmər, doğrudan məndən xoşun gəlmir?
Mən istəməzdim ki, onu mənə görə təhqir etsinlər, döysünlər qardaşım və ya onun dostları bizi heç nə yox, elə söhbət etdiyimizi görsəydilər, dəqiq bilirdim ki, nə onun üçün, nə də mənim üçün yaxşı olmayacaqdı. Odur ki:
– Yox heç bir qırıq da!! – dedim.
Susdu. Üzümə xeyli mat-mat baxdı, sanki pıçıldayırmış kimi:
– Mən elə bilirdim ki, sən də məni istəyirsən? – dedi. Özümdən asılı olmayaraq məndən təəccüb qarışıq qəribə bir səs də çıxdı:
Evə çatana qədər heç nə fikirləşə bilmədim. Pilləkənləri qalxdım, qapıya söykəndim. Bayaqkı epizod dəfələrlə gözümün qarşısında canlandı. Elə peşman olmuşdum ki, epizod yadıma düşəndə qulağımın dibinə qədər qıpqırmızı qızarırdım və anlayırdım ki, Samir hər şeyə nöqtə qoyub getdi. Məhz bu gün, bu dəqiqə, bu an hiss etdim ki, dansam da, gizlətsəm də mən Samirə qarşı etinasız deyiləm. Özümdə təzə kəşf etdiyim bu hissləri anlamadan məhv etdiyimə peşman olmuşdum. Ağlaya-ağlaya özümə söyürdüm – ağılsız, elə zırrama – sənin özünsən, “nəyə oxşuyur”, özün nəyə oxşuyursan! “Bir qırıq da istəmirəm”. Bəs onda niyə hər gün işə gedəndə-gələndə 1-2 saat güzgünün qabağında qalırsan! Yola çıxanda gözün dörd olur, yaxşı olur saa! Di öl ağla, görüm Samir qayıdacaq. Ay qayıtdı hay! Elə iz qoydun ki, qayıda!” Deyirdim, deyə-deyə kövrəlib ağlayırdım.
Sabahı başıma gələnləri Rəsmiyyəyə danışdım. Məni düz hərəkət etdiyimə inandırdı. Hələ bir təsəlli də verdi, “qayıdacaq!”
Təəssüf ki, aradan 10 gün keçsə də, Samir görünmürdü. Hələ də yollarda gözüm onu axtarırdı. Tapmayanda isə pəjmürdə, dilxor vəziyyətdə peşmançılığımı yaşayırdım. Bir gün işə getməmişdim. Rəsmiyyə işdən gələndə yolüstü bizə döndü.
Sevinə-sevinə:
– Muştuluğumu ver, sənə bir söz deyim!
Elə bil ürəyimə nəsə damdı. Taqətsiz-taqətsiz, güclə:
– De, sən Allah, tez de! – dedim.
– Bu gün Samir mənə yaxınlaşdı. Əlində bir zərf. Əvvəl səni soruşdu, sonra da xahiş etdi ki, məktubu sənə çatdırım. İndi nə verirsən, məktubu verim?
Rəsmiyyənin daha nə deyəcəyini gözləmədim. Özümü çantanın üstünə atdım. Əllərim əsə-əsə zərfi açdım. Zərfin içində bir vərəq və bir ovuc bənövşə vardı: “Salam, Əsmər! Hiss edirdim ki, mənə biganə deyilsən. Ona görə sənin fikrini dilindən eşitmək istədim. Sözlərin qol-qanadımı sındırdısa da fikrimdən dönə bilmədim. Bir neçə gün səni gizlicə izlədim. Əgər səni əvvəlki kimi şən, qayğısız görsəydim, səni unudacağımı özümə söz vermişdim. Əksinə, sənin kədərli olmağın, işə gedəndə də, gələndə də gözlərinin kimisə axtarması, tapmayanda üzündəki o məyusluq, hisslərimin məni aldatmadığını yəqin etdim. Əsmər mən səni sevirəm. Kişi kimi sözümü sənə dedim. Sən də etiraf et. İmza: Sənin “Zırraman”. İndi sevindiyimdən ağlayırdım, gülə-gülə. Rəsmiyyə də mütəəssir oldu. “Az di yaxşı, məni də kövrəltdin, get onnansa cavab yaz”. Rəsmiyyəni qapıya qədər ötürüb, dəftər-qələmi əlimə aldım. “Salam, Samir! Əgər mən elə etməsəydim, mənə də, sənə də zərər gələrdi. Qıymaram ki, mənə görə kimsə sənə əl qaldırsın. Mən sənə inanıram. Sən də öz hisslərinə inan. Sağ ol! Allah səni qorusun!”
Kağızı qatlayıb elə Samirin göndərdiyi zərfə qoydum. Çantamda gizlətdim: “Əgər sabah yolda qarşılaşsaq, özünə verəcəyəm!”
Səhər biz asfalta çatanda məktəbin qarşısı qələbəlik idi. Əsgərlər yük maşınlarında əli silahlı oturub, yola düşmək əmrini gözləyirdilər. Zabitlər ora-bura qaçır, nəsə ucadan danışır, əmrlər verirdilər. Qəflətən ürəyim məngənəyə salınmış quş kimi çırpındı. Dərk etmədiyim bir hissin təsiri ilə utanmağı, qorxunu bir kənara atıb, bir-bir maşınların kuzovlarına diqqətlə baxmağa başladım.
Ürəyimə dammışdı ki, Samir burdadır. Birdən pıçıltımı, yalvarışmı, sevincmi (izah edə bilmirəm), bir titrək səs eşitdim:
– Əsmər!!
Elə bil zabitlər Samirin bu kəlməsinə bənd imişlər. Tərpənmək əmri verildi. Mən tələsik səs gələn tərəfə döndüm. Bir an içində əlimi çantaya saldım. Məktubu çıxartdım. Üzümü o səmtə tutanda, yerimdən tərpənməyə halım olmadı. Gördüyüm o bir neçə anlıq o gülümsər sifət, gülümsər gözlər, o gülümsər gözlərdən selə dönüb çağlayan yaşlar məni durduğum yerə sanki mıxladı. Maşınlar bizdən uzaqlaşdı, gözdən itdi. Məktub əlimdə qaldı.
Həmin gün 26 mart kəndimiz erməni artilleriyası tərəfindən güclü atəşə tutuldu. Qadınları, qocaları, uşaqları kənddən çıxarıb müvəqqəti qonşu rayonlarda yerləşdirdilər. Anamla mən də qohumlarımızın evində qonaq qalası olduq. Təbii ki, atam, qardaşım kəndin başqa başıpapaqlıları kimi kənddə qalmışdılar. Kəndi ermənilərdən müdafiə etmək üçün!
Bir neçə aydan sonra isə bizim kənd də işğal olundu. El-obamız xarabaza çevrildi. Camaatımız pərən-pərən düşdü. Samirlə əlaqəm tamam kəsildi.
Əvvəllər küsürdüm, inciyirdim, məni axtarmadığına görə onu qınayırdım. Sonralar narahat olmağa başladım. Bir müddət onu unuda bilmədim. Sonra özümü inandırdım ki, istəsəydi tapardı məni. Nisbi sakitlikdi, evlərinə qayıdıb, ailə qurub, məni heç fikirləşmir də. Odur ki, Samirsizliyə yavaş-yavaş öyrənməyə başlayırdım! O hadisələrdən iki il ötmüşdü. Yenə də yaz ayları idi. Günlərin bir günü Bakıya yaxın qohumlarımgilə qonaq getdim. Qohumumdan məni şəhərin görməli yerləri ilə tanış etməyi xahiş etdim. Xahişimi yerinə yetirdi. Məni bulvara, Qız qalasına, Fəvvarələr meydanına – hər yerə gəzməyə apardı. Dağüstü parka qalxdıq. Şəhidlər Xiyabanını görmək istədiyimi bildirdim. 20 Yanvar şəhidlərinin qəbirlərini ziyarət edə-edə gəlib Qarabağ müharibəsində şəhid olanların məzarına yaxınlaşdıq. Cavan, yaraşıqlı oğlanların məğrur çöhrələrinin bir başdaşından görünməsi məni için-için ağladırdı. Adları oxuya-oxuya sıraların arasında gəzinirdim. Birdən —–ov Samir —– oğlu 1970-1993.03.26. oxuduğum ad-familiyanın doğmalığı məni qəfil sillə kimi tutdu. Aman Allah! Həmin sifət, həmin gözlər, həmin təbəssüm! Mən indi anladım, Samirin o vaxtkı göz yaşlarını!! Deməyə fürsət tapmadığı, bəlkə də bir kitablıq sözləri baxışları ilə mənə başa salmışdı. Mən anlamamışdım ki, bu, onun son gedişi imiş!
Dönüb qohumumdan bu gün ayın neçəsi olduğunu soruşdum.
– Martın 26-dır……… Sənə nə oldu?…..
İki illik bəndini, bərəsini zorla basıb-bağladığım çeşmənin qarşısı açıldı. Hayqırtı qarışıq ağı mənim Samir üçün son hədiyyəm oldu. Ayrılanda qəbrin üstünə bir parça kağız da qoydum. Bu neçə vaxtdır ki, çantamda gəzdirdiyim, atmağa, cırmağa əlim gəlməyən həmin məktub idi. Ünvanına yetişməyən məktub!