İSMAYIL İMANZADƏNİN UŞAQ ŞEİRLƏRİNDƏN İBARƏT “HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK” KİTABINA ÖN SÖZ
Sivilizasiyalar arasındakı əsas fərqlərdən biri də uşağa baxışdır. Uşaqlar bizim dünyamızda həmişə məsumluğun təcəssümü kimi qəbul ediliblər. Onlar böyüklərdən fərqli (bəzi aspektlərdə daha zəngin) bir varlıq olduqlarına görə, həmişə onlara müraciət etməyin yeni yolları axtarılmışdır. Belə ki, dövr dəyişdikcə uşaqlar üçün yeni nəşrlərə də ehtiyac yaranır.
Uşaq şeirləri yazmaq üçün uşaqların dünyasını araşdırmaq, onların saf, zəngin və rəngarəng aləmini tanımaq, xəyallarındakı “arzularını” bilmək lazımdır. Bu, təmiz və ya ən azı kin, ehtiras və ya dünyəviliklə çirklənməmiş bir dünyanın qapılarını açmaqdır ki, şair İsmayıl İmanzadənin şeirlərindən onun bu aləmə yaxın olduğu görünür.
Şairin təqdim etdiyi “Hər çəməndən bir çiçək”kitabında toplanan şeirlərin əksətiyyəti vətən, bayraq, ana, təbiət mövzusundadır. Elə buradan da görünür ki, şairin bu sahədə yazması uşaqlarda vətənə, bayrağa, təbiətə, yaxşılığa meyl oyatmaq, əxlaqi təkliflər vermək, həmçinin onların bilikli və zəngin dünyagörüşə malik bir vətəndaş kimi yetişməsinə kömək etmək məqsədi daşıyır.
İ.İmanzadənin şeirlərində maraq hissi, yaşamaq sevinci, vətən sevgisi, xeyirxahlığın, sevginin zəruriliyi kimi mövzular uşaqların tam anlayacağı sadə dillə işlənmişdir. Şairin “Adım Azərbaycandır”, “Gеrbim, Himnim, Bаyrаğım”, “Ana dilim”, “Azərbаycаn bаyrаğı”, “Babamın atı”, “Yurd sevgisi”, “Ana laylası”, “Əlifba” kitabım”, “Payızda açan çiçək”, “Yurd daşı, vətən daşı”, “Tumurcuq, “Qarışqalar”, “Günəbахаn”, “Sərçə”, “Kəpənək” və s. şeirləri canlı və təsirli hadisələr danışır. “Daş” şeirinin bir bəndinə nəzər salaq:
Nərdivаndı, sütundu –
Qаlаdı, səngərdi dаş.
Düşmənin qаrşısındа
Qаyа şəklinə düşən
Yenilməz əsgərdi dаş.
Bəlkə də, təqdim edilən şeirlərin bəziləri on-on beş il öncə uşaqlara aid edilməzdi, amma dövrümüz kompüter əsridir və bugünün uşaqları daha erkən yaşlarda daha dərin bilgilərə sahibdirlər. Bir dəyərli atalar sözü var: “Ağac yaş ikən əyilər.” Bu baxımdanşairin vətənpərvər ruhda yazdığı şeirlər, o cümlədən “Xarıbülbül” şeiri uşaqların altşüurunda vətən sevgisini formalaşdırır.
Xarıbülbül
Yurdumuzun
Naxışıdır,
Xarıbülbül
Şəhid ruhu,
Göz yaşıdır.
Və ya “Adım Azərbaycandır” şeirində deyir:
“Qavaldaş”da dil açan
Sirli alın yazımdı.
Gerbim, himnim, bayrağım
Varlığımdı, arzumdu.
Göründüyü kimi, İ.İmanzadə şeirlərində tam və yarım qafiyələrdən istifadə edib, heca vəzninə üstünlük verib. Hətta hər misrası 4 hecadan ibarət şeirləri də var ki, bu, uşaqların əzbərləməsi üçün çox asan və məqsədəuyğundur.
Şair “Balaca bağban”, “Xalça”, “Çoban” və s. kimi şeirlərində ifadənin təsirli olması üçün sərbəst şeirin imkanlarından da istifadə etmişdir.
“Balıqlar” şeiri dialoq şəklində yazıldığı və mətndə balıqların adları çəkildiyi üçün uşaqlara daha maraqlı gəlir. Onlar şeirlə birgə balıqların növlərini də öyrənmiş olurlar. Bu, bir növ uşaqların həyatı öyrənmək kəşfidir.
Şairin “Qаrаtikаn” və “Novruzgülü” şeirləri uşaqların düşüncə aləminə ikiqütblü dünyanın mənzərəsini çəkir, onlara yaxşı və pisi, xeyiri və şəri göstərir. Uşaqlar öyrənirlər ki, “yaxşı” həmişə qalib gəlir, “pis” isə layiq olduğu cəzanı alır. Beləliklə, uşaq identifikasiya yolu ilə öz üstünlüklərindən yaxşılığa istifadə etməyə yönəldilir.
İ.İmanzadənin şeirləri uşaqlara həm keçmişimizi – ənənələrimizi öyrədir, həm də yeni dünyanın rəngarəngliyini təqdim edir. “Köşək” şeirində uşaqlar dəvə balası ilə tanış olurlar.
Əlim boyuna çatmaz,
Yenilməyən gücü var.
Belində mütəkkəyə
Bənzəyən hürgücü var.
… Çox mehriban, əzizdir,
Nə savaş bilir, nə cəng.
Bilirəm böyüyəndə
Nər olacaq bu köşək!
“Təbiət lövhələri” şeirində şair təbiətə xas olan motivləri simvollaşdırır. Küləyin səsinin quzu mələməsinə bənzədilməsi, şaxtanın yaratdığı ecazkar naxışların təsviri, şimşəyin odlu olmasına rəğmən heç kimin o oddan istifadə edə bilməməsi, buludun köynəyini qurutma məqsədilə dağ başına qalxması fikri bədii təsvir, peyzaj yaratmaqla, uşaqların ədəbiyyatla ilkin tanışlığını təmin edir.
Küləyə bах, küləyə –
Аz qаlır ki, bаyırdа
Quzu kimi mələyə.
Şахtаyа bах, şахtаyа –
Bu gеcə gizli-gizli
Nахış vurub tахtаyа.
Şimşəyə bах, şimşəyə –
Pаy vеrməyib оdundаn
İndiyəcən kimsəyə.
Buludа bах, buludа –
Qаçır ki, dаğ bаşındа
Köynəyini qurudа.
“Tuncayın tikdiyi ev” şeirində şair xeyirxah münasibətin üstünlük təşkil etdiyi altı-yeddi yaşlı uşaqların həssaslığını əks etdirir. Tuncay çəkdiyi şəkilə fərqli məna verir və onu həqiqi evə çevirir.
Tuncay öz albomunda
Rəngli ev şəkli çəkdi.
Yamyaşıl “həyət”də də
Həm ağac, həm gül “əkdi”.
Sonuncu bənddə “…Tuncay dedi: -Aysuya Verəcəyəm şəkli mən.” – deyən uşaq ətraf aləmin predmetinə və hadisələrinə, insanların həyatına təsir edəcəyinə inanır. Bu animizmdir, “Kirayədə qalırlar, Öyrənmişəm özündən.” isə uşağın eqosentrik münasibətinin əksi sayıla bilər.
Nümunələri çox artıqmaq olar, amma bir neçə nümunədən də görünür ki,
İ.İmanzadənin sayca 29-cu, o cümlədən, uşaq şeirləri olaraq 4-cü olan bu kitabı uşaqların marağına səbəb olduğu qədər, ibtidai sinif və baxça müəllimlərinin də diqqətini çəkəcəkdir.
Qeyd: Ölkəmizdə uşaq ədəbiyyatı müəyyən səbəbdən həmişə müzakirə obyekti olub, amma nəzərə almaq lazımdır ki, bu mövzu yüksək inkişaf etmiş ölkələrdə ixtisasa çevrildikdən sonra, uşaq ədəbiyyatı yaratma prosesini sürətləndirmişdir.
Çağdaş Azərbaycan ədəbiyyatında imzalar içində imzası ilə seçilən şair dostum, eloğlum Valeh Heydəri ötən əsrin səksəninci illərindən tanıyıram. O vaxtlar Valeh rayonumuzda rəhbərlik etdiyim “Ümid” Ədəbi Klubanda mənim diqqətimi çəkən istedadlı gənclərin sırasında özünəməxsus yazı üslubu ilə fərqlənməkdə idi. Valehin o vaxtlar mənim xeyir-dualarımla yerli və mərkəzi mətbuatda, rayonun işğalı ərəfəsində isə “Gənclik” nəşriyyatında çap etdirdiyimiz “Xudafərin nəğmələri” almanaxında şeirləri dərc edilmişdi. Cəbrayıl rayonu,-dünyaya göz açdığı Karxulu kəndi işğala məruz qalanda əvvəlcə Sabirabad rayonunda, dörd ildən sonra isə Bakının Bülbülə kəndinə üz tutub orada müvəqqəti olaraq məskunlaşmışdı.
O, keçmiş Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət Universitetinin) məzunudur. Ən başlıcası isə paytaxta yaxın bir ərazidə məskunlaşmağı onun qarşısında geniş yaradıcılıq üfüqləri açdı və ədəbi aləmə tezliklə uyğunlaşmağı bacardı. Səsi-sorağı çeşidli ədəbi məclislərdən eşidilməyə, şeirləri mərkəzi qəzet-jurnallarda, müxtəlif adlar altında nəşr olunan almanaxlarda,-o cümlədən rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin xəttiylə bu yaxınlarda çap olunan “Ruhumuzun yaz havası” almanaxında dərc olundu. 2009-cu ildə işıq üzü görən “Sonsuz təsəlli-sonlu ömür” adlı ilk şeirlər kitabının sevincini yaşadı. Ötən il isə, nəşr etdirdiyi “Hamı bunu bilməli” adlı təmsillər toplusu ilə ədəbi aləmə ötəri bir həvəsin təhriki ilə gəlmədiyini bir daha sərgilədi. Sözügedən bu kitabda yer alan təmsillər (Mənim şəxsi fikrimə görə bu əsərləri həm təmsil, həm də mənzum nağıllar adlandırmaq olar.) böyüklərdə dərin maraq doğurmaqla yanaşı, uşaqlara, yeniyetmə və gənclərə nəcib hisslər, yüksək əxlaqi keyfiyyətlər aşılamağa qadirdir.
Ömrünün altmışıncı baharına doğru addımlayan, bir ay qabaq Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan şair dostum-istəkli eloğlumun bundan sonrakı vaxtlarda da yeni əsərləri ilə hamını məmnun edəcəyinə ürəkdən inanıram. Uğur olsun!
May ayının ilk günündəcə səksən ilin dizlərini qatlayıb, qamətini gənclik çağlarında olduğu kimi şux salamağı bacaran tanınmış şair Məhyəddin Məhərrəmoğlu, istedadlı olduğu qədər də sadə-səmimi, nikbin əhval-ruhiyyəli söz adamıdır. Həftə sonu AYB Mingəçevir bölməsinin xəttiylə keçirilən 80 illik yubileyində də şair öz mənəvi dəyərlərinə sadiq qaldığını bir daha nümayiş etdirdi.
Səksən il qabaq Kəlbəcər rayonunun Bağlıpəyə kəndində dünyaya göz açan şairin ömür yolu enişli-yoxuşlu olsa da, bir çox “cizgiləri” ilə əlamətdardır. Hələ erkən yaşlarında Kəlbəcər ellərini gəzib dolaşan sazın-sözün sehrinə düşüb. Orta məktəbdə oxuduğu illərdə söz aləmində ilk addımlarını atıb. Ağdabanlı şair Qurbanı, Dədə Şəmşiri, Qəmkeş Allahverdini, Ənvər Rzanı, Məmməd Aslanı, Adil Cəmili… oba-oba, oymaq-oymaq tanıdan sənət sevgisi onun da könlünü əfsunlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun (İndiki ADPU) filologiya fakültəsində oxuduğu illərdə yazdığı şeirlərlə həm müəllimlərin, həm də tələbə dostlarının diqqətini cəlb edib. Ali təhsilini başa vurduqdan sonra əvvəlcə Kəlbəcərin Ağdaban kəndində dil-ədəbiyyat müəllimi, 1968-1978-ci illər aralığında Şorbulaq kənd orta məktəbin direktoru vəzifəsində çalışıb. İlk gənclik illərindən etibarən Kəlbəcərdə çap olunan qəzetin nəzdindəki ədəbi məclisin ən fəal üzvlərindən biri, sonra da bir müddət onun rəhbəri olub…
1993-cü ilin aprel ayında tarixi düşmənlərimiz Kəlbəcəri işğal edəndə, məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşıb və burada yenicə fəaliyyətə başlayan –saylı Kəlbəcər rayon köçkün orta məktəbinə uzun illər boyu rəhbərlik edib. İstər həmin dövrlərdə yerli və mərkəzi qəzetlərdə, istərsə də müstəqillik illərində “Azərbaycan”, “Ulduz”, Mingəçevir leysanı”, “Bənövşə” jurnallarında, “Azərbaycan müəllimi”, “Mədəniyyət”, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “525-ci qəzet”, “Zaman”, “Yeni avaz”, “Səhifələr”… qəzetlərində və AYB-nin Mingəçevir bölməsinin xəttiylə nəşr ediən ədəbi almanaxlarda işıq üzü görən şeirləri oxucular tərəfindən maraqla qarşılanıb.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzv olan şairin indiyə qədər “Ağlı-qaralı dünya”, “Dünya həmin dünyadır”, “Mürgülüyən qönçələr”, “Bir gecənin yuxusu” adlı şeir kitabları nəşr olunub. Ulu ata yurdu Kəlbəcərin düşmən tapdağı altında qaldığı illərdə şeirlərinin bir qismi düşmənə yönəlik nifrət hissiylə yoğrulsa da, əzəli torpaqlarımızın gec-tez azad ediləcəyinə ümidini heç vaxt itirməyib. Elə onun yubiley məclisində də bu əlamətlər ayrı-ayrı şəxslərin dilində dönə-dönə vurğulandı.
Qələm dostlarının, şəhər ictimaiyyəti nümayəndələri və həmyerlilərinin qatıldığı tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açaraq, yubiliyarın yaradıcılıq yollarını bir daha göz önündə canlandırdı. Bölmə tərəfindən səmərəli ədəbi fəaliyyəti və 80 illik yubileyi münasibətiylə təltif edidiyi diplomu ona təqdim etdi. Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Rizvan Mikayıllı, “Ziyalı” jurnalının əməkdaşı Ənvər Durucalı, Mingəçevir Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Mehman Rəsulov, gənc şairə Ayşən Rəsul, şairin qələm dostlarından Eyyub Cabbaroğlu, Bəhman Gülövşəli, Namiq Zaman, Rəşid Rəsulov, Ağabala Salahlı və başqaları çıxışlarında yubiliyarın yurd sevgisini, şəhid ucalığını, II Qarabağ Müharibəsinin xalqımıza bəxş etdiyi Zəfər sevincini, ülvi məhəbbət duyğuların və ana təbiətin gözəlliklərini əks etdirən ədəbi yaradıcılığına istinad edərək, ayrı-ayrı məqamlarda onun şeirlərindən nümunələr də söylədilər. Kəlbəcərli Aşıq Hikmət Həsənov yubiliyar şairin bir neçə şeirini saz havaları üstə ifası da hamını məmnun etdi. Məhyəddin müəllimin yaxın qohumu,-Mingəçevirin tanınmış ziyalılarından olan Vəli Quliyev şairə yönəlik diqqət və ehtiramı yüksək qiymətləndirərək, ürək sözlərini səmimi kəlmələrlə lfadə etdi.
Yubiliyar şair Məhyəddin Məhərrəmoğlu isə yaradıcılığına yüksək dəyər verən məclis iştirakçılarına təşəkkürünü bildirdi və bir neçə yeni şeirini oxudu.
Əzəli-əbədi yurd yerlərimiz düşmən tapdağından azad ediləndə:
Ağacdan çox düşüb vədəsiz yarpaq,
Şərəfdi Vətənin şəhidi olmaq.
İgidin al qanı tökülən torpaq,
Al-əlvan çiçəklər bitirəcəkdir.
-deyibən ürəkdən sevinən şair, Kəlbəcərdə yolunu gözləyən ata ocağına qayıdıb, ömrünün qalan hissəsini və ədəbi yaradıcılığını bu ulu məkanda davam etdirmək arzusunu çıxışının sonunda bir daha vurğuladı. Ayrı-ayrı məqamlarda çəkilən xatirə şəkilləri ilə və könülləri vəcdə gətirən ilıq kəlmələrlə sonuclanan yubiley məclisi ən şirin xatirələrdən biri kimi yaddaşlara həkk olundu.
Elə əvvəlcədən qeyd edim ki, qısa zaman kəsimində nəinki öz imzasıyla, həm də ədəbi proseslərə fəal qoşulmağı ilə çoxlarını, (o cümlədən mənim özümü də) sözün yaxşı mənasında təəccübləndirməyi bacaran Nəcibə İlkinin əldə etdiyi uğurlara ürəkdən sevinirəm.
Nəcibə xanım ədəbi aləmə gəlişi Mingəçevirdən, daha dəqiq desəm Azərbaycan Yazıçılar Birliyinin yerli bölməsindən başlayıb.Yaxşı xatırlayıram, AYB-nin Mingəçevir bölməsi fəaliyyətə başlayandan bir il sonra şöbə redaktoru işlədiyim şəhər qəzetinin baş redaktoru mənimlə görüşüb söhbət edəndə: “Dünən axşamüstü uzaqdan-uzağa tanıdığım bir qadın redaksiyamıza gəlib, şeir yazdğını və kiminsə məsləhətinə ehtiyacı olduğunu bildirəndə, ona səninlə görüşüb, söhbət etməyini məsləhət gördüm. Düzünə qalsa, şeirdən elə də anlayışım olmasa belə, şəxsi fikrimcə o, istedadlı qadındır. Görüşəndə özün də buna əmin olacaqsan!..”
Ertəsi gün nahar fasiləsinə yaxın, həmin qadın bölmənin fəaliyyəti üçün ayrılmış otağın qapısını döyüb içəri girdi. İlk tanışlıqdan sonra çantasını açıb, əllə yazılmış iki şeirini qarşıma qoydu. Şeirlərdə müəyyən qüsurlar olduğunu görsəm də, onu ruhdan salmadım və elə o andaca hiss etdim ki, bu qadın istedadlı olduğu qədər də, fərqli fikirlərə, daha doğrusunu desəm, tənqidə normal şəkildə dözüm göstərməyi bacarır. Hər iki şeiri ilə bağlı fikrimi bildirəndən sonra: “Qoyun şeirləriniz məndə qalsın, bəlkə bəzi yerlərinə əl gəzdirməli oldum!-deyəndə təəccüblə üzümə baxdı. Əlüstü dilləndim: Narahat olmayın, bu ədəbi aləmdə normal hal hesab olunur. Tələbəlik illərimdə mənim də ilk şeirimə Minayə Piriyeva adlı bir qız düzəliş edib ortaya çıxarmışdı! Ancaq yadınızda saxlayın ki, zəhmət çəkmədən, yalnız istedada güvənməklə çox da uzağa getmək mümkün deyil!..”
Növbəti dəfə yanıma gələndə bir neçə misrasında düzəlişlər etdiyim hər iki şeirini özünə qaytarıb, bəzi məsləhətlər də verdim. Və əlavə etdim ki, inanıram ki, çeşidli mövzularda daha gözəl və mənalı şeirlər yazmağa qadirsiniz, ancaq zəhmətə qatlaşmaqla bərabər, ədəbi prosesləri müntəzəm olaraq izləməyi də unutmayın!..”
Günlər, aylar ötüb keçdikcə Nəcibə xanımla ilgili zənnimdə yanılmadığımı görüb, onun ilk şeirlərinin dərc edilməsinə də yardmıçı olmağı qərara aldım. O vaxtlar Mingəçevirdə fəaliyyət göstərən özəl bir ali məktəbin “Ümman” adlı mətbuat orqanında redaktor olduğumdan, ayda bir dəfə nəşr olunan qəzetin bir səhifəsində müxtəlif imzalar altında şeir və hekayələr də dərc olunurdu. Nəcibə xanımın ilk şeirinin qəzetdə dərc olunmasını vacib hesab etdiyimdən, növbəti görüşümüzdə imzani də dəqiqləşdirməli olduq. Və dedim ki, adınızın sonluğu üçün ya qızınız Günelin, ya da oğlunuz İlkinin adlarından birini seçməyiniz daha münasib olardı. Oğlunun adının üstündə dayandı və ilk şeirləri Nəcibə İlkin imzasıyla oxuculara təqdim edildi…
Şeirdən-şeirə püxtələşdiyini hiss etdikcə, oxuyub-öyrənməyin, halal zəhmətə qatlaşmağın bəhrəsini görən həmkarıma davamlı olaraq dəstək verməyin savabının sevincini dönə-dönə yaşadım. Yeri gəlmişkən, təvazökarlıqdan bir az uzaq olsa da deyim ki, kimliyindən asılı olmayaraq istedadlı adamlara, illah da gənclərə qarşı çox həssasam və onların sonrakı uğurları ilə bağlı həmişə qürur hissi keçirən bir qələm əhliyəm…
Yuxarıda qeyd etdiyim kimi, Nəcibə xanım yaradıcılığının elə ilk mərhələsindəcə etimadımı yetərincə doğrulda bildi. Və İllər öncəsi Bakıya köçüb gedəndən sonra Mingəçevirdə sahib olduğu ədəbi təcrübəyə arxalanıb, cəmisi iki-üç ilin ərzində paytaxt Bakıda ədəbi proseslərə qatılmaqla, boy göstərməyə, qazandığı uğurları sıralamağa nail oldu…
O, paytaxtda yaşadığı ilk illərdə o vaxtlar nəşr olunan qəzetlərin birində işləyib, publisistlik bacarığını da ortaya qoydu və sıradan bir yazar olmadığını çoxlarına qəbul etdirdi. Sonrakı illərdə təsisçisi və baş redaktoru olduğu “Azad qələm” qəzetini istedadlı qələm sahiblərinin söz tribunası kimi tanıtmağa nail oldu. Nəcibə xanım bir neçə ildir ki, eyni adlı (“Azad qələm”) dərgisi ilə ədəbi aləmdə özünəməxsus olan yolu davam etdirməkdədir. Sevindirici haldır ki, o artıq qardaş Türkiyədə də xeyli dərəcədə tanınmağa və həmin məkanda düzənlənən çeşidli ədəbi tədbirlərdə bir sıra tanınmış yazarlarımızla birlikdə ölkəmizi təmsil etməkdədir…
Yazımın bundan sonrakı məqamlarında Nəcibə İlkinin şeirlərinin mövzusundan və təsir gücündən bəhs etmək istəyindəyəm. Yuxarıda dediyim kimi Nəcibə xanım əyalətdən paytaxt Bakıya üz tutandan sonra öz zərməti və istedadı sayəsində çox keçmədən ədəbi proseslərə uğurla qatıla bildi. Bəs, bu xanım yazarın yaradıcılığına oxucu diqqəti nədən və nələrdən qaynaqlanır. Əminlik hissiylə deyərdim ki, ilk növbədə qələmə aldığı şeirlərinin təsir gücündən, özünün həssas qəlbə sahib olmağından və bir də xeyirxahlığından!
Nəcibə İlkinin hər şeydən öncə gələn Vətən-yurd sevgisi onun “Bütöv Azərbaycan” adlı yeddi bəndlik bir şeirində də özünü biruzə verməkdədir. Şeirdən seçim etdiyim aşağıdakı nümunələrdə bu istək açıq-aşkar hiss olunmaqdadır:
Dünya boyda harayam, dünya boyda qoram mən, Xırda-xırda doğranıb, sanmışam ki, varam mən. İçimdəki ağrıdan parçalanmış hər daşım, + Gəl məni yaxşı dinlə, mənim əziz qardaşım. Başı min cür bəlalı, gözü qan yaşlı canam, Parça-parça olunmuş bütöv Azərbaycanam!
Min dəfə qəsd etdilər, min cürə bəsh etdilər, Gözlərimi gözümdən çıxarıb həbs etdilər. Ayaqlarım bir yanda, qollarım da bir yanda, Məndən didərgin oldu, oğlum, qızım hayanda. Mən Göyçəyəm, Dərbəndəm, o qanlı İrəvanam, Zəngəzuram, Təbrizəm, bütöv Azərbaycanam!
…Oğuz boylu Qorqudam, fəqət Turan elliyəm, Əslim, nəslim türk olub, şahənşah türk dilliyəm. Bayrağımın enməyən qürur, igid rəmziyəm, Haqq-ədalət yolçusu, haqqın görən gözüyəm. Millətimçün, xalqımçün, dilə düşən ad-sanam, Hər yanda səsim, ünüm, bütöv Azərbaycanam!..
Şair bir ölkə vətəndaşı kimi onilliklər boyu yadellilərin başımıza açdıqları müsibətlər nəticəsində torpaqlarımızın işğala məruz qaldığını dilə gətirdiyi kimi, tarixi düşmənlərimizlə ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların analarının dərdinə-ələminə söz məlhəmi yaxmağı və onların müsibətinə ortaq olmağı da özünə borc bilir. Aşağıdakı “Ey şəhid anası” adlı şeirinin kövrək misralarında olduğu kimi:
Ey şəhid anası!
Geymə qara libası…
Bu libas həqiqətin qaranlıq səmasıdır,
Bu libas ürəyimin odlanan parçasıdır,
Bu libas həsrətimin son damla göz yaşıdı. +
Kipriyimdən asılan dərdlərimin daşıdı.
Çıxart qaranı geymə,
Başını uca tut, əymə.
Adından boy atıbdı igidliyin qeyrəti,
Adınla yaşanıbdı tarixin həqiqəti!
Şairin özü də hər şeydən qabaq həssas qəlbli ana olduğundan şəhid anasına xitabən yazdığı şeiri aşağıdakı misralarla yekulaşdırır və qeyrətli oğul anasının yenilməzliyini önə çəkir:
Mərmi-mərmi ucaldı o haqqın dərgahına
O şəhid ki, tarixin yaddaş səhifəsidi
O şəhid parçalanan ömrümüzün səsidi.
Vətən oğul deməksə, oğul da vətəndi bil,
Vətənin dar günündə oğul ona təndi bil,
Qarabağ tarixini yazan şəhid oğulun,
Anası qara geyməz, o analar anası,
Azadlığın sədası!!!
Mənim qənaətimcə, bu şeirin təsir gücü və qayəsi də elə müəllifin dərdli bir insanının müsibətinə şərik olmaq istəyindədir!
Nəcibə İlkinin poetik “palitrası” al-əlvan olduğu kimi, lirik “məni” də çeşidli xarakter çalarlarına sahibdir. Aşağıda nümunə olaraq çatdırrdığım bir neçə şeirində seçim etdiyim misralarda bu əlamətlər ilk olaraq gözə çarpmaqdadır:
Şeirimin bahar gözü,
Yaşla dolub, kövrəlibdi.
Yaz nəfəsli ürəyimdə
Qış yenidən dirçəlibdi.
Hər sözümün bənövşəsi,
Qara xallı laləsi var.
Vətən deyən dillərimin
Göyə qalxan naləsi var.
Şairin iç dünyasının təlatümlərindən soraq verən “Şeirimin bahar gözü” adlı
bu şeiri də maraqlı bir deyimlə sonuclanır:
Misra-misra qocalıram,
Kəlmə-kəlmə can verirəm.
Şeir-şeir ucalıram,
Vətən boyda qan verirəm.
Sözlərimin soyqrımı,
Dillərimdən asılıbdı.
Qələm tutan əllərimi,
Gör kimlər daşa basıbdı.
Müıllifin “Ciliklənən xatirələr” adlı şeri isə günümüzün reallıqlarını əks etdirməsi ilə diqqəti çəkir. Aşağıdakı misralarda da bu özünü biruzə verir:
Soyunub qəm köynəyini
Üzü dağlara gedəsən.
Gəzib dağları doyunca
Sonra da gözdən itəsən.
Acını çəkə ev-eşik,
Yol gözləyə dost-tanışın.
Çiliklənən xatirələr
Ola sənin məzar daşın…
“Qaçmaq istəyirəm” adlı şeirindən nümunə olaraq sərgilədiyim misralar isə şairənin acılı-şirinli günlərin görünməyən üzünə işıq salmaq istəyindən qaynaqlanır:
Yad fikirli, özgə baxışlı doğmalardan,
İçini qurd kimi gəmirən iblis niyyətli kabuslardan.
Səni dərk etməkdən, anlamaq dərəcəsindən uzaq,
könül evimə kül üfürənlərdən.
Qaçmaq istəyirəm, qaçmaq…
Arxamca gəlməyin ey ürəyi üzülmüş ümidlərim +
Arxamca gəlməyin ey yolda, irizdə
düşüb itən dərdi-sərim.
Qoyun, bir az dincəlim…
“Şuşam” adlı bir şeirində o, milli kimliyimizin iftixar-qürur rəmzi olan bu qədim mədəniyyət beşiyinə yönəlik sevgisini aşağıdakı misralarla dilə gətirir:
Şuşam, əllərini ver əllərimə,
Gəlib bircə gecə qonağın olum.
Söykəyib üzümü ağ tellərinə,
Həsrətdən qırışan yanağın olum.
… Daha yad qucaqda olmasın yerin,
Çəkdiyin acılar dərindən dərin,
Deyə bilmədiyin xatirələrin,
Yaza bilmədiyin varağın olum.
Həzin-kövrək notlar üstə köklənən “Ana” adlı bir şeirində isə Nəcibə xanım daha həyatda olmasa da, yuxularında üzləşdiyi bu ülvi varlıdla ilgili həsrətini belə ümumiləşdirir:
Məni çox incidir küsüb getməyin,
Kimi bağışlayım, nə haqla ana!
Dediyin son kəlmə, son vəsiyyəti,
Gəl könül evimdə varaqla, Ana!
Və şeirin sonunda belə deyir:
Daha ümidlərim yolunu azıb,
Bilmədim bu bəxti kim belə yazıb,
Esitsən ölmüşəm, qəbrimi qazıb,
Əlinlə üstümü torpaqla, ana!
Təbiətən həssas və kövrək qəlb sahibi kimi tanınan şairə sevgi-məhəbbət mövzusunda yazdığı şeirlərdə də ürəyinin bulud harayı ilə oxucunu riqqətə gətirməyi bacarır. Aşağıda bir neçə şeirindən seçim etdiyim misralarda olduğu kimi:
Ruhum şeir havasıyla, Dolanlr sevda bağımda. Bulud kölgəsinə dönüb,
Kipriklərim yanağımda.
Bu həsrətin qəm yuxusun Gözümdə bükən olaydı. Qana dönmüş ürəyimin, Şəklini çəkən olaydı….
(“Olaydı” adlı şeirindən)
Və ya:
Şirin ümidiylə, aldanışıyla, Bir sevgi qapımı döyür yenə də. İndidən görürəm saçda ağ dəni, Qərib harayı var yenə sinədə.
Hicran oyanmasın, ümid sönməsin, Qəm xəbər tutmasın, kədər dönməsin, Dözərəm, mənim də anam ölməsin, Qorxmaram bu yolda olan tənədən.
Və yaxud:
Nimdaş təsəllidir şirin sözlərin,
Tavanı sökülmüş uçuq bir damam. Elə qalayıb ki, oda gözlərin, Qorxuram əriyib ovcuna damam.
Üzümə bağlanıb xatirə qapım, Öləm-ürəyimdən keçməz bu sitəm. Keç get, atam oğlu, mən gül deyiləm, Hər bahar bir çəmən qoynunda bitəm.
(“Nimdaş təsəlli”)
Bu da müəllifin ülvi məhəbbət mövzusaunda qələmə aldığı şeirlərdən seçdiyim sonuncu nümunə:
Mənə küsməyi öyrət
Darıxım səndən bir az.
Baş qoyum həsərətinə,
Oyanım, gələndə yaz.
Mənə küsməyi öyrət
Bir az çıxım yadından.
Sənə məktub göndərim
“Küsəyən qız” adından.
(“ Mənə küsməyi öyrət”)
Ötüb keçən illər ərzində Nəcibə xanım kitablarını da nəşr etdirməyə macal tapıb, ədəbi uğularına görə Prezident təqaüdçüsü adına layiq görülüb, istedadlı gənc ədəbi qüvvələrin üzə çıxarılmasında önəmli pay sahibi olub. Qardaş Türkiyənin tanınmış yazarları ilə əməkdaşlıq edib və ən başlıcası isə, ölkəmizin ən tanınmış yazıçı-şairləri arasında özünə xas olan yazı üslubu ilə tanınmağa müvəffəq olub…
Zəngin və çoxşaxəli ədəbi yaradıcılığa sahib olan Nəcibə İlkinin keçdiyi yolun elə bu məqamındaca yazdıqlarımı sonuclamağı münasib hesab edir və əziz həmkarımın qarşıdakı illərdə də növbəti uğurlarını sıralayacağını əminlik hissiylə vurğulayıram. Uğurlar diləyi ilə:
Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədridir. Otuza yaxın kitabı nəşr olunub. Uşaqlar üçün yazdığı şeirlərinin bir qismi orta məktəb dərsliklərində və məktəbəqədər tərbiyə müəssisələri üçün nəşr olunan dərsliklərdə yer alıb. Əlliyə yaxın şeirinə görkəmli bəstəkarlar tərəfindən musiqi bəstələnib.
TÜRKİYƏ-AZƏRBAYCAN Bir-birinə bənzəyir Əkiz qardaşlar kimi. Tanınıblar ən əziz Dostlar-sirdaşlar kimi. Ləhcələri şipşirin, Harda var belə sərvət? Müdriklər yaxşı demiş – “Bir millət, iki dövlət”! Sən bir möcüzəyə bax, Biri ürək, biri can- Türkiyə-Azərbaycan! * * * Ay-ulduz nişanlıdır Möhtəşəm bayraqları. Şimşək kimi çaxıblar Tapdananda haqları. Ləkəsiz bir aynadır Dənizləri, gölləri. “Can” deyib, “can” eşidir Obaları, elləri. Dağları şah vüqarlı, Həm sultandır, həm də xan – Türkiyə-Azərbaycan! * * * Yenilməz dar ayaqda Ərənləri, ərləri. Şəhid ucalığından Güc alıb zəfərləri. Cavad xan, Məmməd Əmin, Atatürk, Heydər adlı Qibləgahları canlı. Ulu tarixlərinin Hər sətri, sözü şanlı. Böyük türk dünyasının Cismində dövr edən qan – Türkiyə-Azərbaycan! * * * Düşmənə göz dağıdır Şəhərləri, kəndləri. Bir qala timsallıdır Bərələri-bəndləri. Əzəl gündən hər biri Dosta-dostdur, yada-yad. Keçmişləri şərəfli, Çağdaş günləri abad. Dar ayaqda yan-yana Dayanıbdılar hər an – Türkiyə-Azərbaycan.
ANA VƏTƏN SƏNİNDİR
Şəhidim, əhsən sənə, Vətənə bəxş etdiyin Zəfərin nə gözəlmiş! Yurd amalınla birgə Şəhid ucalığından Tanrının dərgahına Səfərin nə gözəlmiş! Könlümüzü oxşadı Yenilməz hünərindən Soraq verən hər anın. Gəzdi dildə-ağızda Torpağın sinəsinə Al qanınla yazdığın Qəhrəmanlıq dastanın… * * * Bu müqəddəs savaşda Düşmən bağrı çatladan Cəsarətinə alqış! Nəsillərə nümunə – Ülvi Vətən eşqinə, Saf niyyətinə alqış! Şəhidim, ölümünlə Dönüb ölümsüz oldun, Qazandığın bu halal Şöhrət, ad-san sənindir! * * * Haqqın var zaman-zaman Əbədi yaşamağa, İndi hamıdan qabaq Uğrunda can verdiyin Qarabağ, Ana Vətən – Azərbaycan sənindir!
SALAM, VİRAN QALMIŞ EVİM-EŞİYİM
(Bir vaxtlar Böyük Mərcanlıda ən azından görünüşü ilə çoxlarını məftun edən evimin xarabalıqları önündə düşüncələrim)
Salam, mənim viran qalmış evim-eşiyim, Köksündəki “əl izləri” söylə yadınmı? Yağmalanan künc-bucağın yuvam-beşiyim, Ta yanına qayıtmışam, tanımadınmı? * * * Kim sökübdür tavanını, çarhovuzunu, Susuzluqdan çat-çat olub dilin-dodağın. Gizli-gizli sızlamısan illər uzunu, Güllələrə tuş gəlibdir pöhrən, budağın. * * * Heç çatdımı qulağına səsim-harayım, Səksəkəli gözlərindən yuxun qaçdımı? Söylə hanı xartut, innab, ağ şanı… payım, Məndən sonra çiçəklərin bir də açdımı? * * * Görən hanı aynabəndin, qapın, pəncərən, Nə divarın yerindədir, nə də çardağın. Heç oldumu əncirini, narını dərən, Kol-kos basmış bağım-bağçam sənin gözdağın… * * * Yağıyamı qismət oldu dəmir darvazan, Bu qapıdan adlamışdı neçə dost-tanış. Oyaqdırsa qoy, eşitsin bəxtini yazan, Ta susmağın yeri deyil, bir az din, danış. * * * De, budursa o zamankı yazı otağım, Yandırılmış kitabların külü hanı bəs? Nə qələmim yerindədir, nə də varağım, Əlyazmamı soraqlayıb, gəzməyim əbəs! * * * Hər daşında qəlpə izi, barıt qoxusu, Yağış kimi yağa biləm keşkə bir anlıq. Qərib eldə hədər getdi ömrün çoxusu, Bir də geri qayıdarmı görən, cavanlıq?.. * * * Yolun-izin ürəyimin şah damarıydı, Hardan gəldi bu ayrılıq, bu ölüm-itim? Bir zamanlar burda keçən ömrüm yarıydı, Ta bilmirəm yaşamağa varmı möhlətim… * * * Keçən-keçdi, olan oldu… nə deyim daha, Nəfəsimlə isindinsə, təzədən sevin. Gəl, birlikdə yönümüzü tutaq sabaha, Düşmən bilsin öz sahibi varmış bu evin…
DAŞA SÖYKƏNƏN GƏLİN
(YURD SAVAŞINDA QEYRƏTLİ-CƏSUR ƏR İTİRƏN BİR ŞƏHİD XANIMINA)
Bağrına basdığın daş Yer-göy dilə gəlsə də, Lap dərdindən ölsə də, Dinib danışan deyil. Ha yalvar, ha dilə tut Sönmüş ocaq kimidir, Bir də alışan deyil. Onun daş yuxusunu Poza bilən tapılmaz. Əzəl gündən belədir, Ölümün mənasını Yoza bilən tapılmaz… Ağlama, göz yaşıyla Göyərən deyil bu daş. Getsən dalınca düşüb, Yüyürən deyil bu daş. Bir məzar sükutunda “Közərən” kədərdi o. Nə danışıb-dinəndi, Nə “gəldi-gedərdi” o. Bu daş, nakam eşqinin Möhlət-aman bilməyən Ölümə qarğışıdır. Bu daş ağlar qəlbinin Qarlı-buzlu qışıdır… Söykən səbrinə, qoyma Nə qəlbinin atəşi, Nə külü olsun bu daş. Haqdan üzmə əlini, Qoy, sənin ismətinin Heykəli olsun bu daş!..
YANILMADIM
Hər gizli sirrimi açıb-ağartsam, Yəqin ki, qınayar məni çoxları. Təzədən közərməz axı, sönən şam, Təkcə Tanrı bilir “olacaqları”. * * * Aldandım dilinə hərdən birinin, Mənim avamlığım sağalmaz mərəz. Alovu sönübsə ocaq yerinin, Külü ha eşələ, kösövü ha gəz… * * * İçim də, çölüm də çoxuna bəlli, Nə şöhrət cəzb edib, nə də var məni. Biclik mənlik deyil, bir “şirin dilli” İstəsə yüz dəfə aldadar məni. * * * Tapdanan görəndə əsib ürəyim, Bənzəyə bilmədim üzü bozlara. Hər vaxt daş altından çıxıb çörəyim, Niyə “yem” olum ki, dələduzlara?.. “Zəmanə adamı” ola bilmədim, Paxır üzə çıxır ya tez, ya da gec. “Hər dərdin məlhəmi eldədir” – dedim, Nə yaxşı, bu dəfə yanılmadım heç…
KÖLƏ ADAMLAR
Boyu çərçivədən uzun deyil ha, Bəs, niyə qapıdan əyilib keçir? Adamdır, leşsökən quzğun deyil ha, Nədənsə hər yandan söyülüb keçir. * * * Çox şeyi dərk edib anlamasa da, Məddahlıq “elmindən” yaxşı halıdır. Bilir ki, kimisə verməkçün bada, Gizlicə pusquda dayanmalıdır… * * * Aşiqdir əzəldən böhtana-şərə, Yalanı min cürə bəzəyə bilir. Tərif “köhlənini” çapır hər yerə, Mənliyi heç gəlmir lərzəyə,- bilir… * * * Qorxudan qarnına dolanda sancı, Qarışıq fikirlər ağlın çaşdırır. Qarğışa, lənətə dönən qazancı, Hərdən süfrəsində göz qamaşdırır. * * * Hər vaxt “məharəti” çatıb dadına, Gah qəddin düzəldir, gah boynuu bükür. Heyrandır yalanın “şirin” dadına, Şərin qarşısında hər vaxt diz çökür… * * * Elə bil üzündə şeytan tükü var, Bacarır “ağasın” güldürməyi də. Əzəldən nəfsi ac zatı-kökü var, Ənamdır onunçün şor dürməyi də… * * * Anbaan çoxalır, günbəgün artır, Yurdun çiynindəki şələ adamlar. Haqqı sürükləyib zülmətə dartır, Bu nökər xislətli kölə adamlar.
DƏLİ DEYİLƏM Kİ DƏYƏM XƏTRİNƏ
Həyatım, varlığım, canım-gözümsən, Ən gözəl şeirimsən, şirin sözümsən. Nisgilim, kədərim, gülər üzümsən, Dəli deyiləm ki, dəyəm xətrinə! * * * Daha güvənc yerim, gümanım da sən, Məndən ülvi sevgi umanım da sən. Məsləkim, möhlətim-amanım da sən, Dəli deyiləm ki, dəyəm xətrinə! * * * Hələ yol getsəm də sərt bir yoxuşla, Qarşına çıxmadım qarla-yağışla, Bağışla, bağışla, məni bağışla, Dəli deyiləm ki, dəyəm xətrinə!
ЕLЕGİYА (Gənclık illərimdə vüsalına çata bilmədiyim bir xanımın vaxtsız ölümünə)
Аy sеvgisi nаkаm, lаl səsi diri, Bir məzаr dоlusu nəfəsi diri. Yаşаmаq istəyi-həvəsi diri, Hеyrаndаr аğıllı-dəli, şəklinə. * * * Sızlаyаn nisgilə dönmüşəm sаnki, Sənin yoxluğuna dözmək аsаn ki?! Ehh… indi о qədər uzаqdаsаn ki, Çаtmаz bir kimsənin əli, şəklinə. * * * Qаyıtmаz nə yаzın, nə qışın mənə, Dağ çəkdi gilеyin-qаrğışın mənə. Dеsə “хоşbəхtsənmi” bахışın mənə, Yаlаndаn dеyimmi “bəli”, şəklinə? * * * Sənsiz dərdim-qəmim dаğdаn iridir, Göz yаşım tоrpаğı-dаşı əridir. Ürəyim qаrаlаn оcаq yеridir, Dinsəm səpiləcək külü, şəklinə… * * * Gözümü zülmətə zillədikcə mən, Həsrətim dil аçır sаçımdа dən-dən. Qоy, nаkаm еşqimin tutub əlindən, Üzümü söykəyim ölü şəklinə…
HÖKMÜ VERƏN HAKİMDİR
Gördüyümüz hər şeyin Yaxşısı, ya pisi var. Haqqın da öz seçimi, Mizan-tərəzisi var. * * * Günah üzə çıxanda, Yalanlar işə keçmir. Nə şan-şöhrət, nə mal-mülk Hoppanıb başa keçmir. * * * Heydən düşür bir anda Vəzifə hərisləri. Ağır cəza gözləyir Sonda nadürüstləri… * * * O vaxt soruşan olmur Bu nəçidir, bu kimdir. Deyilənlər düz imiş, Zaman ən doğru-dürüst Hökmü verən hakimdir.
ZƏMANƏ ADAMI
Görürəm, çox çeviksən, Tanıyır səni hamı. Damağında iz salıb Hər şeyin dadı-tamı. * * * Qoxusundan halısan Qazancın da, nəfin də. Düyün düşmüş yerini Tapırsan “kələfin” də… * * * Çoxlarını yanıldır, “Parıltılı” görkəmin. Dünya vecinə deyil, Axı, nə dərdin-qəmin… * * * Sir-sifətin ütülü, Yalan başının “tacı”. Haqqı tapdanan kəsə Baxımağın var qıyqacı… * * * Əzəl gündən bəxtinin “Yalmanından” tutmusan. Əzəlki varlığını Lap çoxdan unutmusan. * * * De, indi səni qoyub Bel bağlayaq yadamı? “Əhsən” məharətinə, Ay zəmanə adamı!..
GET …
Niyə eynin açılmır, Niyə qaş-qabaqlısan? Səhv etdimsə bağışla, Bəlkə də sən haqlısan. * * * Ta olan-oldu keçdi, Geriyə dönməz anlar. Qəlbinə yol tapdımı Şirin dilli yalanlar? * * * Tapdaladın əhdini, Nə tez andını dandın? “İşıq kölgəsiz olur” – Deyənlərə inandın… * * * Demirəm kipyiyimdən Gilə-gilə axıb get. Ürəyimin qapısın Aça bilsən, çıxıb get.