HƏZRƏTİ SÜLEYMANIN TƏLİM VƏ TƏRBİYƏNİN FƏZİLƏTLƏRİ HAQQINDA
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru, professor
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Şərqdə Həzrəti Süleyman, Avropada isə Solomon kimi tanınan Süleyman Peyğəmbər haqqında dini, elmi və bədii ədəbiyyatlarda çox geniş bəhs olunmuşdur (Solomon “sülh” mənasını daşıyır). Həzrəti Süleyman “Bibliyanın bir neçə kitabının müəllifi hesab olunur” [1, səh.98]. Ulu Tanrı Həzrəti Davud Peyğəmbərə bənzərsiz səs vermişdirsə, oğlu Həzrəti Süleymana isə elmi biliyi, heyvanların dilini bilməyi, küləyə hakim olmağı və yüz iyirmi dörd min peyğəmbər içərisində varı-dövləti, zənginliyi əta etmişdir. Həzrəti Süleyman hələ balaca yaşlarından öz ağlı, idrak və təfəkkürü ilə atası Davud Peyğəmbəri qürurlandırmış, buna görə də bir çox işlərdə balaca Süleymandan məsləhət almış, onunla məşvərət etmişdir. Müqəddəs kitabımız Quranın Sad (“Şanlı-şərəfli”) surəsinin 30-cu ayəsindən 41-ci ayəsinədək Həzrəti Süleymandan bəhs olunur. 30-cu ayədə oxuyuruq: “Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi” [2, səh.457]. Yenə də, Quranın Ən-nəml (“Qarışqalar”) surəsinin də 15-ci ayəsindən 45-ci ayəsinə qədər yenə Həzrəti Süleymandan bəhs olunur. Ən-Nəml surəsinin 15-ci ayəsində oxuyuruq: “Biz Davud və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxarmaq, quşların dilini bilmək və i.a.) verdik” [2, səh.366].
Qeyd etdik ki, Həzrəti Süleymanın adı dini, elmi və bədii ədəbiyyatlarda çox zikr olunmuş, Onun müdrikliyindən və ədalətli şahlıq obrazından geniş şəkildə bəhs edilmiş, tədqiq və təhlil predmetinə çevrilmişdir. Belə ki, Xaqani Şirvani – 32 dəfə (Seçilmiş əsərləri. Lider, 2004, 672 səh.), Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində – 14, “Xosrov və Şirin” əsərində – 9, “İskəndərnamə” (Şərəfnamə) əsərində – 1 dəfə, Mövlana Cəlaləddin Rumi – 55 dəfə, İmadəddin Nəsimi qəzəl və qəsidələrində – 34 dəfə (Seçilmiş əsərləri. İki cilddə, Bakı: Lider, 2004), Yunis Əmrə, Məhəmməd Hüseyn Şəhriyar, Yan Amos Komenski, Covanni Bokkaçço və digərləri əsərlərində Həzrəti Süleymandan bəhs etmiş və Onun təlim-tərbiyə haqqında görüşlərindən faydalanmışlar.
Vəfadarlığı və səmimiliyi ilə fərqlənən Həzrəti Süleyman insaniyyəti, bəşəriyyəti – vəhdətə, birliyə, əmin-amanlığa, əməyə, elmə, məhəbbətə, bərabərliyə, şən həyat qurub şərafətli yaşamağa, xeyirxah insan olmağa, insanpərvərliyə dəvət edir. Ulu Peyğəmbərin qənaətinə görə həyatdan məqsəd zəhmət çəkmək və elm öyrənməkdir. Odur ki, Yaradanın yaratdığı hər şeydən baş çıxarmaq üçün, öyrənmək üçün yeganə çıxış yolunu elmdə görür. Həzrəti Süleyman elm vasitəsi ilə bütün varlığı, kainatı öyrənməyə və izah etməyə cəsarət edir. İnsanın digər məxluqatdan şərəfli olmasını yalnız elm öyrənib həqiqətləri dərk etməklə, zəhmət çəkib sənətə yiyələnməklə izah edir. Hünər və sənət əhlini yüksək qiymətləndirərək, elmin şərəf və fəzilətlərindən danışır. Ümumilikdə götürdükdə, hər bir oxucuya aydındır ki, Ulu Tanrı tərəfindən bəşər aləminə göndərilən “peyğəmbərlər insanları elmə, əxlaqa, fəzilətə çağıran ilahi rəhbərlərdir” [4, səh.23].
Bütün canlıların hökmranı olan Həzrəti Süleyman elmi abi-həyata bənzədir, ölməz, əbədi hesab edir. Ulu Tanrının Elçisi oğluna elmin yüksək nailiyyətlərindən, onun ictimai həyatdakı mütərəqqi rolundan bəhs edir. Həzrəti Süleyman elmi yanan çırağa bənzədərək bildirir ki, elm həyatın qaranlıq səhnələrini işıqlandırır. Oğlunu inandırır ki, qaranlıq yolları işıqlandıran, hər bir mürəkkəb və çətin məsələni asanlaşdıran elmdir. Elmin hər şeydən – taxt-tacdan, vardan-dövlətdən, qızıldan-gümüşdən üstün olduğunu, hər cür sədəmələrdən (seldən, tufandan) uzaq olduğunu bildirərək deyir: “Oğlum! Allahın verdiyi cəzadan boyun qaçırma və onun məzəmmətindən üzülmə. Zira, Allah sevdiyi bəndələrini məzəmmət edər və atanın öz oğluna göstərdiyi mərhəməti göstərər. Müdrikliyə yetişən, ağıl-dərrakə əldə edən kəs nə xoşbəxtdir! Çünki ona sahib olmaq var-dövlətə sahib olmaqdan yaxşıdır, onun gətirdiyi qazanc qızılın gətirdiyindən artıqdır. O, (ağıl) qiymətli ləl-cavahiratdan da qiymətlidir, arzuladığın heç bir şey onunla müqayisəyə gəlməz. Onun sağ əlində uzun və xoşbəxt həyat, sol əlində isə var-dövlət və şan-şöhrət vardır. Onun yolu gözəl yol, bütün həyat yolu əmin-amanlıqdır. Onu əldə edənlər üçün o həyat ağacı, qoruyub saxlayanlara isə səadət bəxş edəndir! Rəbb Yeri müdrikliklə yaratdı, Göyü zəka ilə bərqərar etdi. Okean onun müdrikliyi ilə yarıldı və bulud yağış çilədi. Oğlum! Onları gözündən qaçırma; sağlam düşüncəni və mühakimə qabiliyyətini qoru ki, onlar canın üçün həyat, boynunda həmail olacaqdır. Onda öz yolunla təhlükəsiz gedəcəksən və ayağın büdrəməyəcək. Yatağına girəndə qorxmayacaqsan; yatanda yuxun şirin olacaq. Qəfil təhlükədən və günahkarların əlində həlak olmaqdan qorxmayacaqsan. Çünki Tanrı sənin ümid yerin olacaq, ayaqlarını kəməndə düşməkdən qoruyacaq” [3, səh.63].
Göründüyü kimi, Həzrəti Süleyman həyatı və bütün kainatı fəth və təsvir etmək yolunu elm öyrənməkdə, zehni əməkdə görmüş, bu işi insan qarşısında duran əsas və təxirəsalınmaz vəzifə hesab etmişdir. “İnsanın bütün həyatı həmişə onun qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr, məsələlər və problemlər qoyur” [5, səh.145]. Bu mənada, Həzrəti Süleyman insanın daxili aləminin inkişafını zahiri məqamda, rütbədə, tutduğu mövqedə, əldə etdiyi sərvətdə yox, qeyd etdiyimiz kimi elmdə, əməkdə, insanlıqda, həyat təcrübəsi əldə etməkdə, yüksək mənəviyyat və əxlaqa yiyələnməkdə görmüşdür.
Əqlin və ürfanın sultanı Həzrəti Süleymanın müdrik dolu sözləri insan mənəviyyatı ilə, insanın daxili aləmi ilə sıx bağlıdır. Bir başqa alilik də ondadır ki, tamamilə həyati, müasir, əbədi bir əsər yaratmaq üçün əxlaqişünaslıqdan son dərəcə yüksək məharət və bacarıqla istifadə etmişdir. Həzrəti Süleyman neçə-neçə yüzillərin və çağdaş dövrün qabaqcıl ideyalarını yüksək bir səviyyəyə qaldırmışdır. İnsanpərvərlik, bəşərə məhəbbət, ictimai ədalət məfkurəsi olaraq, Həzrəti Süleymanın əxlaqi görüşləri həyatı təsdiq edən, həyatın müsbət qüvvələrinin qələbəsinə, gələcəyə, insanın qüvvəsinə və zəkasına möhkəm inanan nikbin bir baxışdır. Səadət və ədalətin nişanəsi Həzrəti Süleyman hikmət və kəlamlarında bir çox zəruri ictimai məsələlərə toxunur. Söz büsatını təzələyən Həzrəti Süleymana görə, insan bütün varlığın hakimidir, həyat və kainat mütləq onun əlində olmalıdır. Məhz buna görə də Həzrəti Süleyman buyurur ki, gəncləri uşaqlıq dövründən elm öyrənməyə, mərifət kəsb etməyə, kamal toplamağa, düzgün, hərtərəfli təlim və tərbiyə görüb inkişaf etdirməyə sövq edin. Həzrəti Süleyman deyir: “Oğlum! Əgər sözlərimi qəbul edib nəsihətlərimi yadında saxlasan, yəni müdrik sözlərə qulaq verib qəlbini düşüncələrə yönəltsən, əgər bilik qazanmağa və ağıla-kamala tapınsan, əgər onu (elmi-biliyi) xəzinə axtardığın kimi axtarsan Tanrı xofunda ağıllanar və Allahı dərk edərsən” [3, səh.61].
Cəsur, möhkəm, məntiq və kamal sahibi Həzrəti Süleyman deyir ki, Ulu Tanrı müdriklik bəxş edəndir və Onun dilindən ancaq və ancaq bilik, zəka çıxar. Ulu Tanrı təmiz adamlar üçün qalxandır, O həqiqət yolunu mühafizə edir, Öz müqəddəs yolunu qoruyur. Deməli, hər kim haqq-ədalət, doğru-düzgünlük əldə edib düzgün həyat yolunda olacaqsa onda Ulu Tanrı onu şər yoldan, yalan danışan adamlardan; düzgün həyat yolunu tərk edib zülmət yolu ilə gedənlərdən; törətdikləri pis əməllərdən sevinib, şər və pozğunluqdan həzz alanlardan; əyri yollara gedib düz yoldan azanlardan; şirin dilini işə salan yad arvaddan; ərinə xəyanət edib Allah qarşısında əhdini unudanlardan xilas etmək üçün dərrakəsi onu qoruyacaq, ağlı onu hifz edəcəkdir.
İlahi eşqin əsiri olan Həzrəti Süleyman tərəfindən qoyulan tələb budur ki, mükəmməl şəxsiyyətlərin yetişdirilməsi üçün ilkin olaraq iki şey haqqında əsaslı düşünmək vacibdir: birincisi – Allahın bəxş etdiyi ruzini, maddi nemətlərin istehsalı və onlardan səmərəli istifadə etmək; ikincisi sağlam, nəslibəlliolan biri ilə nəsl törətmək. Həzrəti Süleymana görə rəsmi surətdə evlənib ailə qurmaq, təmiz məhəbbət və həqiqi sevgi üçün ən yararlı, ən münasib düstur və vəsiqədir. Həzrəti Süleyman öyüdündə olduqca incə, dərin bir şəkildə əxlaqi, etik norma və qaydalar əsasında ailə qurmağın əyyaşlıqdan və eşqbazlıqdan üstün olduğuna xarakterik xüsusiyyətlərlə aydınlıq gətirmişdir. Ulu Peyğəmbər gənclərə həvəs və şəhvət ehtiraslarına qapanmamağı məsləhət görür. Xeyirxah adamların yolu ilə getməyi və əməlisaleh möminlərin yolunu tutmağı daha düzgün iş hesab edir. Çünki yer üzündə təmiz, pak xislətli insanlar yaşayacaq və təmiz adamlar orada məskən salacaqlar. Şər işlər görənlər isə yer üzündən silinəcək, xainlərin kökü kəsiləcəkdir. Həzrəti Süleyman bildirir ki, “ruhi-küll”, “ruhi-mütləq” adlanan Allah kainatda, “kəsrət” (çoxluq) aləmində təcəssüm edir və bütün varlığın məzmununu təşkil edir. Peyğəmbər deyir ki, əyri yollara gedib düz yoldan azan və ərinə xəyanət edən “qadının evi ölümə aparır, həyat yolu ölülərin yanındadır. Onun evinə girənlərin heç biri geri qayıtmır və xoşbəxt həyat yoluna qədəm qoymur” [3, səh.62]. Əxlaqi görüşləri ilə çıxış edən Həzrəti Süleyman Allah, həqiqi müqəddəslik, mənəvi təkamül və Allahı idrak haqqında mütərəqqi didaktik manifest irəli sürür. Süleyman Peyğəmbər yenə buyurur ki, oğlum, “zinakar qadının ağzından bal tökülər, danışığı isə zeytun yağından da yumşaqdır. Fəqət onun sonu yovşan kimi acı və ikiağızlı qılınc kimi itidir. Onun ayaqları ölümə aparır, bir ayağı cəhənnəmdədir. Bil ki, onun getdiyi yollar dolaşıqdır, amma bunu başa düşmək istəmir. Beləliklə, övladlarım, mənə qulaq asın və ağzımdan çıxan sözlərdən kənara çıxmayın. Ondan gen gəz və evinin qapısına yaxın düşmə ki, sağlamlığını başqasına, həyatını zalıma sərf etməyəsən. Başqası səndən güc almasın, əlinin əməyi yad evə qismət olmasın. Sonralar canın və bədənin əldən düşəndə hönkürüb ağlayacaqsan. Və deyəcəksən: “mən nə üçün öyüd-nəsihətə nifrət etdim və qəlbim məzəmmətləri saya salmadı. Müəllimimin sözlərini eşitmədim və ustadıma qulaq asmadım? Xalq və cəmiyyət arasında az qala hər cür şər əmələ qurşanacaqdım”! Öz hovuzundan və öz quyunun suyundan iç. Qoy bulaqların küçəyə, sellərin meydanlara axmasın. Qoy onlar səninlə bərabər özgəsinə yox, yalnız sənin özünə məxsus olsun. Qoy Allah çeşməni bərəkətli etsin və gənclik illərinin qadını ilə təsəlli tap… Oğlum, nə üçün əxlaqsız qadına bənd olub başqasının arvadını qoynuna alasan? Bil ki, insanın bütün həyat yolu Tanrının gözləri qarşısındadır və O, bütün əməlləri tərəziyə qoyur” [3, səh.68]. Deməli, hər bir oxucuya aydın olur ki, səadət, rifah, ancaq səbatda, iffətdə, əxlaqda və ismətdədir. İnsan həyatının əsas halqası, xoşbəxt bir cəmiyyətin sarsılmaz təməli, möhkəm bünövrəsi mənası müqəddəs və səmimi ailə mühitindədir.
Özgələrə tərbiyə verən özü mənən təmiz, yüksək olmalıdır. Mənən təmizlikdə və yüksəklikdə Allah qatına çatan Həzrəti Süleymanın pedaqoji görüşlərini təhlil edərkən belə qənaətə gəlirik ki, müqəddəs peyğəmbərin tərbiyə ilə bağlı fikirlərində məqsəd insanı müdrikləşdirmək, ruhunu paklaşdırmaq, əxlaqını kamilləşdirmək, davranış və əməllərini salehləşdirməkdir. Məsələnin bu cür qoyuluşu ilə verilən izahatdan görünür ki, tərbiyə amili kompleksinin rolu hərtərəfli saf-çürük edilir. Həzrəti Süleyman deyir ki, “Oğlum! Nəsihətlərimi unutma, qoy qəlbin vəsiyyətlərimi qoruyub saxlasın…, onları sırğa edib qulağından as, qəlbinə həkk et” [3, səh.63]. Gözəl nəsihətləri dinləyənin ömrü uzun və günü əminamanlıqla keçər. Mərhəmət və həqiqət ondan heç zaman əskik olmaz. Allahın və insanların gözündə mərhəmət və səadət qazanar. Hürriyyət və ədalət aşiqi Həzrəti Süleyman oğlunu (ümumilikdə gəncliyi) alicənab, xeyirxah, hərtərəfli inkişaf etmiş, dünyagörmüş, bütün fikri və əməli müsbət bir insan kimi formalaşdırmaq istəyir. Oğlunu insanpərvərliyə, xeyirxah olmağa, həqiqi insan olub zülm və cinayətlərin qarşısını almağa, xeyir işlərə səbəb olmağa dəvət edir.
Odlu kəlam sahibi Həzrəti Süleyman bildirir ki “bütün qəlbinlə ümidini Tanrıya bağla. Gördüyün hər işdə Ona sığın, O səni düz yola yönəldəcəkdir. Öz gözündə müdrik olma; Allahdan qorxub şər işlərdən uzaq dursan: Canın sağlamlıq və fərəh tapar. Öz adından və bütün gəlirlərinin ilkinindən Rəbbə pay ayır. Onda anbarın ağzına kimi taxılla, tuluqların təzə şərabla dolar” [3, səh.63].
Həzrəti Süleymanın təməl daşı ədalət ideyası, bəşəriyyətə insanpərvərlik nümunəsidir. Süleyman Peyğəmbər mövcud ictimai quruluş çərçivəsində ədalətli olan bir hökmdardır. Hökmdar Süleyman sahibi olduğu ölkəsinin coğrafi hüdudlarına qədər təbii gözəlliklərdən, maddi nemətlərdən istifadə etməklə bərabər vətəndaşların halı və vəziyyəti ilə də yaxından tanış olur. Şəxsən hamının halına, dərdinə qalır, məhz buna görə də hamıya doğmadır, hamının ürəyində yeri var. Böyük şair Nizami Gəncəvinin əsərlərini oxuyan zaman görürük ki, ədalətli, humanist Həzrəti Süleymanın xeyirxah şahlıq dünyasından Nizami Gəncəvi də xəbərdardır. Ancaq Nizami Gəncəvi Süleyman Peyğəmbərin dünyasının çoxdan arxada qaldığını, zülmkarlıq, qəddarlıq dövrünün baş alıb getdiyinin və buna görə də gerçək insandan, ər insandan əsər-əlamət qalmadığı qənaətindədir. Nizami Gəncəvi poetik dillə yazır:
Hanı ülfət, mərifət? İtib, tələf olubdur,
İnsanlar qalırsa da, insanlıq məhv olubdur.
Dünya uzaq düşübdür Süleyman dünyasından,
Sanki qeybə çəkilmiş gerçək insan, ər insan [6, səh.105].
Ağıl və zəka sahibi Həzrəti Süleyman nə qədər zəngin olmuşsa, yoxsul, imkansız, kasıb adamlara süfrəsi bir o qədər də açıq olmuşdur. Rəvayətə görə Həzrəti Süleymanın var-dövlətinə, cahi-calalına baxmayaraq zənbil toxuyub satmaqla dolanırmış. Ancaq heç zaman dünya nemətlərinə həris olmamışdır. Bununla yanaşı, gücü çatdığı qədər ehtiyacı olanlara köməyini əsirgəməmişdir. Nizami Gəncəvi də həmin rəvayətə işarət edərək qəsidəsində belə deyirdi:
Mərdsən əgər süfrəndən sən qida elə öz qanını,
Çünki əzəl ana qanı bəsləmişdir bu canını.
İstəyirsən əgər balıq, quşla dolsun sənin süfrən,
Yolçu olma, ibrət götür Süleymanın zənbilindən [7, səh.35].
İmadəddin Nəsimi də haqlı olaraq Həzrəti Süleymanın hər iki dünyanın cənnətini qazanmasını, mülkə, vara-dövlətə sahib olmasını Allaha sadiq olmasında görür. Allahın varlığını dərk etməyən, Allahın varlığından qafil olan, ancaq Allahdan Həzrəti Süleyman mülkü kimi mülk istəyən gədaları isə tənqid edərək belə deyir:
Hər iki dünyada arif vəsli-canan istəyər,
Eşqdən qafil gəda mülki-Süleyman istəyər [8, səh.62].
Niyə varın ola-ola dostuna, qonşuna “get, sabah gəl, verərəm” – deyəsən?, Niyə ehtiyat etmədən səninlə yaşayan yaxın adamına qarşı pis əməl törətmək fikrinə düşəsən?, Niyə sənə pislik etməyən adamla səbəbsiz yerə dalaşasan?, Niyə zorakılıq edən adama həsəd aparasan və onun yollarını seçəsən?, Bilmək lazımdır ki Tanrı əyri adamlardan iyrənir. Ulu Peyğəmbər deyir ki, “günahkar adamların evində Rəbbin lənəti, xoş əməl sahiblərinin evində isə Onun xeyir-duası vardır. Əgər O kafirlərin üstünə gülürsə, itaət edənlərə rifah bəxş edir. Müdrikdən şan-şöhrət, axmaqdan isə şərəfsizlik miras qalır”.
Qeyri-adi müdrikliyi ilə şöhrət tapan Həzrəti Süleyman yazır ki, “oğlum, atanın nəsihətlərinə qulaq as və ananın öyüdlərini rədd etmə. Çünki bu, başına qoyulacaq gözəl bir çələng, boynuna salınacaq həmayildir” [3, səh.59]. Valideynlərinizin nəsihətlərini dinləyin və diqqət edin ki, ağıl-kamal əldə edəsiniz. Çünki mən (Həzrəti Süleyman) sizə xeyirli təlim öyrətdim. Nəsihətlərimi qulaq ardına vurmayın. Çünki mən də atamın (Davud Peyğəmbərin) əziz-xələf oğlu, anamın bir dənəsi idim. Atam (Davud Peyğəmbər) məni öyrədir və deyirdi: qoy qəlbin sözlərimi qoruyub saxlasın, nəsihətlərimə əməl et və ömür sür. Müdriklik əldə et, ağıl qazan: bunları unutma və sözlərimdən kənara çıxma. Sözlərimi tərk etmə ki, səni qoruyacaqlar, sözlərimi sev ki, səni hifz edəcəklər. Bunların ən başlıcası müdriklikdir: müdriklik əldə et və bütün varlığınla ağıl-kamal qazan. Onu uca tutsan, o da səni yüksəldər; əgər ondan möhkəm yapışsan, səni şöhrətləndirər. O, başına gözəl tac, boynuna gözəl çələng qazandırar. Həzrəti Süleyman ifadəsində bildirir ki, oğlum, sözlərimi dinlə və qəbul et, qoy ömrün uzun olsun. Mən sənə müdriklik yolunu göstərir və səni düz yola dəvət edirəm. Bu yolla getsən, yolun əzablı olmaz, yüyürsən büdrəməzsən. Nəsihətlərimdən bərk yapışsan, onları tərk etməsən və qoruyub saxlasan onlar sənə həyat bəxş edər. Həzrəti Süleyman oğluna məsləhət görür ki, günahkarların yoluna heç zaman qədəm qoymasın və şər əməl törədənlərin yolu ilə getməsin, onlardan gen gəzsin. Çünki pislik edənlərin gözünə yuxu getməz, kimisə yıxmasalar, yuxuları ərşə çəkilər. Çünki onlar qanunsuz yolla qazanılmış çörək yeyir, quldurluqla əldə edilmiş şərab içirlər. Təbii ki, halal nemət qazananların yolu zülməti gündüzə döndərən nurlu çıraqdır. Qanunsuz əməl sahiblərinin yolu isə zülmət kimidir; onlar qaranlıqda nəyə ilişib yıxılacaqlarını bilmirlər. Yenə də Həzrəti Süleyman oğluna deyir ki, oğlum, sözlərimə diqqət et və qulağın məndə olsun. Deyilən hər bir sözü “qəlbinin dərinliklərində qoruyub saxla. Ən çox qəlbini pis işlərdən qoru, çünki həyat çeşməsi ondadır. Ağzından yalanı qov, dilindən hiyləni kənar et. Qoy gözlərin düz baxsın, kirpiklərin öz qarşına yönəlsin. Həyat yolunu düşünüb-daşın, qoy yolun möhkəm olsun. Nə sağa, nə də sola meyl etmə; ayağını şərdən kənar tut” [3, səh.67].
Həzrəti Süleyman Ulu Tanrının ona bəxş etdiyi qüdrəti ancaq yaradıcılığa sərf etməmişdir. Zəkasının gücünü incə və zərif bir sənətkarlıqla quruculuğa, tikməyə, yaratmağa da sərf etmişdir. Bütün eşq və məhəbbəti ilahi bir bəxşiş hesab edən Ulu Peyğəmbərin sağlığında gördüyü işlərdən biri də bənzəri olmayan Məscidi-Əqsanı inşa etməsi olmuşdur. Həzrəti Süleyman ilk öncə “Tanrının şəhəri” adlanan Qüds şəhərinin “çevrəsini uzun, bəyaz (ağ – K.C.) daşlarla hasara çəkdirdikdən sonra” [8, səh.209] Ulu Tanrının adıyla müsəlman aləmində ikinci məscid sayılan Məscidi-Əqsanı ağ, sarı və yaşıl daşlarla tikdirmiş, dirəkləri təmiz büllur daşlarla zinətləndirmiş, tavanın divarlarını incilərlə, yaqutlarla, növbənöv qiymətli cövhərlərlə süsləmiş, məscidin döşəməsini isə firuzə deyilən qiymətli daşlarla döşətmişdir. “Bu məscid gecənin qaranlığını, dolunay kimi aydınladırmış” [9, səh.210].
Deyə bilərik ki, Həzrəti Süleyman həyata gəldiyi gündən əbədi evinə köç edənə qədər nəcib və xeyirxah xüsusiyyətləri ilə, yüksək ədalət, humanizm və insanpərvərliyi ilə könüllərdə taxt qurmuşdur. Onun həyatı, sevgisi, sevinci, kədəri, fərağı, vüsalı, fikri, düşüncəsi, zahiri, batini və mənəviyyatı, camalı və kamalı mənalarla dolu olmuşdur.
Rəvayətə görə Süleyman Peyğəmbər atası Davud Peyğəmbərin yanında dəfn edilmişdir.
Sonda belə nəticəyə gəlirik:
- Həzrəti Süleyman nəsihətlərində Ulu Tanrının birliyini mədh etmiş, Yaradana sədaqətini ifadə etmiş, bununla yanaşı varlığın sirlərini, nəcib insani sifətləri, doğruluğu, xeyirxahlığı və fədakarlığı təbliğ etmişdir;
- Əzm və mərhəmət sahibi Həzrəti Süleyman nəsihəti boyu gəncliyə elmə yiyələnməyi, çalışıb bir sənət, peşə öyrənməyi, mərifət kəsb etməyi, hərtərəfli təlim və tərbiyə görüb inkişaf etdirməyi çox mühüm amil kimi müəyyənləşdirmişdir;
- Həzrəti Süleyman insanları taleyin qismətinə, qəza-qədərə, alın yazısına inanmağa, Yaradana və onun peyğəmbərlərinə itaətə, hər şeyə qane olmağa, səbr və təvəkkülə, əqlinin tədbirləri ilə öz qüvvəsinə inanmağa səsləmişdir;
- Yer üzündə əlləşən insana onun bütün qurub-yaratdıqlarından nə fayda? Bir nəsil keçib-gedir, başqası gəlir, torpaq isə əbədidir – deyən Həzrəti Süleyman əbədi yaşamaq üçün ancaq və ancaq yaxşılıq, xeyirxahlıq toxumları əkməyi mühüm amil saymışdır;
- Ədalət nümunəsi sayılan Həzrəti Süleyman məcazi mənada oxucusunu inandırır ki, sədəfdə məhbus qalan dəyərsiz su damlası dürr olacaq, torpaqda gizlənmiş toxum mütləq sabah qalxıb bol məhsul verəcək;
- Müdrik adamın danlağını eşitmək axmağın nəğməsinə qulaq asmaqdan yaxşıdır – deyən Həzrəti Süleyman düzgün həyat yolunu tərk edib zülmət yolu ilə gedənlərdən; törətdikləri pis əməllərdən sevinib, şər və pozğunluqdan həzz alanlardan; əyri yollara gedib düz yoldan azanlardan uzaq olmağı kəlamlarında təhlil obyektinə çevirmişdir;
- Dilsiz-ağızsız fağırın və bütün yetimlərin müdafiəsinə qalxmaq üçün səsini yüksəlt! – deyən Həzrəti Süleyman şahlıq dövrü müddətində daim məzlumların yanında olmuş, onların asayişini qorumuşdur.
Yunus Oğuzun bloqu
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru