
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir.
1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, qızıl döş nişanı ilə təltif edilmişdir. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2004-cü ildə Azərbaycan Respublikasının “qaqbaqcıl təhsil işçisi” döş nişanı, 2007-ci ildə “Qızıl qələm” Media Mükafatı Laureatı, “İlin Alimi” Media Mükafatı Laureatı və s. mükafatlara layiq görülmüşdür.
2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kaferasının müəllimi kimi fəaliyyətə başlamış, 2004-cü ildən baş müəllim, 2015-ci ildən həm Müasir Azərbaycan dili kafedrasının dosenti, həm də həmin ildən həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru adını almışdır. Həmin ilin dekabr ayının 10-dan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.
2021-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə Prorektoru vəzifəsində çalışır.
ADPU-nun müəllim və tələbələrin Orduya dəstək kampaniyasında fəal iştirakını təşkil etdiyinə görə 2020-ci il 4 noyabr Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi tərəfindən Milli Ordu-100 medalı ilə təltif edilmişdir. Eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri Üzvü adına layiq görülmüşdür.
2021 – ci ildə “Səməd Behrəngi” Beynəlxalq mükafatını almış və həmin ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
M.Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuşdur. “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” adlı layihə çərçivəsində Respublika daxilində və xaricdə xeyli məqalələr yazmış və dərc etdirmişdir.
Euroasia Journal of Social Sciences & Humanities jurnalında redaksiya heyətinin üzvüdür.
2020-ci ildən “Linqvistika problemləri” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktorudur.
“Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya heyətinin üzvüdür.
BDU-nun nəşr etdirdiyi “Türk filologiyası” jurnalının redaksiya heyətinin üzvüdür.
“Türkologiya” jurnalının redaksiya heyətinin üzvüdür.
M.Hüseynova 2021-ci ildən Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədridir.
Elmi araşdırmaları ilə diqqəti cəlb edən Mahirə Hüseynova 2001-ci ildən Qərbi Azərbaycanın Dərələyəz mahalı üzrə tədqiqatlar aparmışdır. Həmin mahalın aşıq və el şairlərinin yaradıcılığı, onomastik vahidləri haqqında xeyli material toplamış, 2012-ci ildə başladığı işi uğurla davam etdirərək filologiya üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır. Bu məqamda o, həm görkəmli dilçi-alim Həsən Mirzəyevin filoloji görüşlərini, həm də Dərələyəzə aid olan dil faktlarını, poetik nümunələrini araşdırmışdır. Elə bunların nəticəsidir ki, o, 2017-ci ildə “XIX-XX əsr Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri” adlı dissertasiyasını yazmış və onu uğurla müdafiə edərək filologiya elmləri doktoru adını qazanmışdır.Alimin araşdırmalarının nəticəsi olaraq xeyli sayda kitab işıq üzü görmüşdür.
Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən xanım Mahirə Hüseynova 28 elmi kitabın – monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 16 bədii (şeirlər) kitabın müəllifidir. Alimin Respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi məqaləsi çap olunmuşdur. Eynilə onun haqqında 300-dən yuxarı məqalə Respublika mətbuatında dərc olunmuşdur. Respublika mətbuatında onun kitabları haqqında 300-dən çox məqalə dərc olunmuşdur. Bir çox qrant layihələrin, elmi-publisistik məqalələrin müəllifi, bir sıra genişmiqyaslı tədbirlərin təşkilatçısıdır.
Məlumatı hazırladı: Günnur Ağayeva
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru














